... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

680. AbdurRehim (Azerbaycan)

SUAL: Gece Namazina dura bilmemishem, seher bir ruket vitri nece qila bilerem?

CAVAB: Əs-sələmu aleykum.
Əgər gecə vitr namazını qılmaq üçün dura bilməmisinizsə, onda onu səhər qıla bilərsiniz. Lakin bu zaman vitr namazını bir deyil, iki rükət qılmalısınız.


679. Perviz (Memmedli)

SUAL: avtobusla gebirstanligin yanindan kecerken hansi dualari etmek lazimdir? Tesekkurler.

CAVAB: Əs-sələmu aleykum.
Ümumiyyətlə qəbirstanlığın yanından keçən zaman bu duanı demək lazımdır. “Əs-sələmu aleykum Əhlud-diyari minəl-mu'miniynə vəl-muslimin. Və innə inşəAllahu bikum ləhiqun. Nəsəlullahə lənə və ləkumul-afiyətə”
Duanın tərcüməsi: “Sizə salam (əminamanlıq) olsun ey möminlərdən və müsəlmanlardan olan diyar (qəbirstanlıq) əhli. Allahın izni ilə biz də sizə qovuşacağıq. Həm özümüz üçün həm də sizin üçün Allahdan salamatlıq diləyirik!”

678. Togrul Guliyev (Baki)

SUAL: Assalamaleykuma Va Rahmatullahi Va Barakatuhu..
Əziz Azerislam kollektivi...
Xahiş edirəm ALLAH rizası üçün Vitr namazının düzgün qılınma qaydalarını mənə bildirəsiniz.
ALLAH razı olsun!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
“Vitr” tək deməkdir. Bu, gecə qılınan tək saylı namazdır. Gecə namazlarından (təhəccüddən) sonra da qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”

Vitr namazını aşağıda qeyq etdiyimiz tərzlərdə qılmaq olar. Əl-Mühamili (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:

a) Bir rükət;
b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
c) Beş rükət (ardıcıl);
d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvənin üzərində Vitr namazını qıldı.” (Bu hədisi Muslim rəvayət etmişdir).

Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
Sübh namazınadək Vitri qılmayan şəxs ondan sonra onun qəzasını tək sayda yox, cüt sayda qıla bilər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) xəstəlikdən və ya başqa səbəbdən gecə qılmadığı namazı gündüz on iki rükət qılardı”. (Bu hədisi Muslim rəvayət etmişdir).

677. Memmedov Zaur (Baki)

SUAL: Meni bir sual maraqlandirir Allahin dediyi qaydalara emel eliyen insanlarin yeri cennetdir,Allaha qarshi cixan hamiya pistik eliyen en cirkin ishlerle meshgul olan insanlarin yeri ise cehennemdir,bes namaz qilmayan oruc tutmayan ancaq hamiya yaxshiliq eliyen hamiya el tutan hec zaman hec kimin xetrine deymeyen insanlarin yeri haradir?

CAVAB: Əs-sələmu aleykum.
Namaz qılmayan şəxslər iki qismə bölünür.

1. Kafirlər: Uca Allah kafirlə etdikləri yaxşı əməllərinin əvəzi olaraq bu dünyada sağlamlıq, övlad, ruzi və s. verir. Lakin onların axirətdə heç bir payları yoxdur və onlar əbədi olaraq Cəhənnəmdə qalacaqlar.

2. Müsəlmanlar: Müsəlmanlar da özü özlüyündə iki qismə bölünürlər:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxslər. Bu şəxslər də artıq müsəlmanlıqdan xaric olunur və kafir sayılırlar. Onların hökmü də yuxarıda qeyd etdiyimiz kafirlərin hökmü ilə eynidir. Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”

- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxslər. Bu cür şəxslər kafir sayılmırlar. Buna baxmayaraq onlar namaz qılmadıqlarına görə Cəhənnəmə girəcəklər. Lakin kafirlərdən fərqli olaraq onlar Cəhənnəmdə əbədi qalmayacaqlar. Etdikləri yaxşı əməllərin mükafatını da uca Allah onlar Cəhənnəmdən çıxdıqdan sonra verəcəkdir. Namaz qılmayanların Cəhənnəmə girəcəkləri barəsində uca Allah əl-Muddəssir surəsində belə buyurur:
38. Hər kəs öz əməlinin girovudur! (Hərə öz əməlinin əvəzini alacaqdır!)
39. Sağ tərəf sahibləri (əməl dəftərləri sağ əllərinə verilənlər) istisna olmaqla!
40. Onlar cənnətlərdədirlər; bir-birindən soruşacaqlar;
41. Günahkarlar barəsində (və sonra həmin günahkarlara müraciət edib belə deyəcəklər):
42. "Sizi Səqərə (Cəhənnəmə) salan nədir?"
43. Onlar deyəcəklər: "Biz namaz qılanlardan deyildik;

676. ()

SUAL: salam. Etibar Axundovun elifba ve tecvid kitabini haradan almaq olar?

CAVAB: Və aleykumus-sələm.
Bu kitabı Nərimanov rayonunda yerləşən Cümə məscidinin həyətindəki kitab köşklərindən birində tapa bilərsiniz.

675. oxucu (Baki)

SUAL: salam aleykum. Quranda hokmu legv edilmis ayeler varmi?

CAVAB: Və aleykumus-sələm.
Bəli, Quranda hökmü ləğv edilmiş ayələr vardır. Məsələn uca Allah buyurur: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın...” (ən-Nisa surəsi 43-cü ayə).

Bu ayənin hökmünü uca Allahın sonradan nazil etdiyi əl-Maidə surəsinin 90, 91-ci ayələri ləğv edir. Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici [içgi və s.] də, qumar da, dikili daşlar da [bütlər və s.], fal oxları da şeytanın əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Doğrusu, şeytan istər ki, sərxoşedici [içgi və s.] və qumarla sizin aranıza ədavət və kin salsın, sizi Allahı yad etməkdən və namazdan ayırsın. Siz [bu murdar əməllərə] son qoyacaqsınızmı?” (əl-Maidə surəsi 90, 91-ci ayələr).

674. Ebulfez (Shamaxi)

SUAL: Salam. Bezen namaz zamani etrafda ses -kuy olur. Bu menim tesir hududlarimdan kenar olur. Bele hallarda namazin sozlerin deyerken sozlerimi eshidmek mecburiyyeti zamani diger seslerde fikrime daxil olur. Amma bu zaman sozleri ureyimde deyirem ve etrafi eshidmirem. Bu halda ves-veselerde maksimum azalir. Bilmek isterdim ki, bele namaz ne derecede doqrudur. Cavablara gore evvelceden teshekkur edirem . ALLAH RAZI OLSUN

CAVAB: Və aleykumus-sələm.
Namazın sözlərini yalnız qəlbdə demək düzgün deyildir, bu zaman həmin şəxs ağzı ilə də bunu tələffüz etməlıidir. Həmin şəxs bu tələffüzü alçaq səslə də deyə bilər. Əgər siz bu cür etmisinizsə sizin namazınız düzgündür. Lakin bu səsli namazlara aid deyildir. Çünki səsli namazların (yəni, Sübh, Məğrib və İşa namazlarının) birinci və ikinci rükətlərdə “əl-Fatihə” və ondan sonra oxunan surələri səslə oxumaq lazımdır.
Allah sizdən də razı olsun!

673. Ebulfez (shamaxi)

SUAL: Salam.QURAN-da bele bir aye varmi ki, "Serxosh olarken ne dediyinizi anlamayana qeder namaza yaxinlashmayin". Eger varsa bunun menasini bilmek isterdim. Meger namaz qilan serxosh ola biler !...

CAVAB: Və aleykumus-sələm.
Bəli, Qurani Kərimdə belə bir ayə vardır. Uca Allah buyurur: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın...” (ən-Nisa surəsi 43-cü ayə).

Lakin bu ayə heç də sərxoşedici içkilərin halal olmasını göstərmir. Bu ayə nazil olduqda hələ içki haram olmamışdır. Ümumiyyətlə uca Allah içkini müsəlmanlara mərhələ-mərhələ haram etmişdir. Ona görə də uca Allah öncə müsəlmanlara bildirmişdir ki, içkinin zərəri faydasından daha çoxdur.
Bu barədə uca Allah ayə nazil edərək belə buyurmuşdur: “(Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür!...” (əl-Bəqərə surəsi 219-cu ayə).

Bu ayə nazil olduqdan sonra bir çox müsəlmanlar artıq içkini tərk edirlər. Lakin buna baxmayaraq içki içən müsəlmanlar da var idi. Ona görə də uca Allah bir daha ayə nazil edərək müsəlmanlara içkili halda namaza durmalarını əmr etdi. Bu barədə uca Allah buyurur: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın...” (ən-Nisa surəsi 43-cü ayə).

Bu ayə nazil olduqdan sonra müsəlmanların əksəriyyəti içkini tərk etdi. Lakin buna baxmayaraq bəzi içki içən müsəlmanlar da var idi. Onlar içkini yalnız İşa (gecə) namazından sonra içmək məcburiyyətində qaldılar. Çünki onlar düşündülər ki, o biri namazlar arasında içki içsələr namazın vaxtı gələnə qədər ayıla bilməyəcəklər. Yalnız İşa namazından sonra içdikdə Sübh namazına qədər ayıla biləcəklər. Bu ayədən sonra müsəlmanlar içkini daha da azltdılar. Nəhayət uca Allah içki barəsində sonuncu ayə nazil edərək onu birdəfəlik haram etdi.

Uca Allah buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici [içgi və s.] də, qumar da, dikili daşlar da [bütlər və s.], fal oxları da şeytanın əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Doğrusu, şeytan istər ki, sərxoşedici [içgi və s.] və qumarla sizin aranıza ədavət və kin salsın, sizi Allahı yad etməkdən və namazdan ayırsın. Siz [bu murdar əməllərə] son qoyacaqsınızmı?” (əl-Maidə surəsi 90, 91-ci ayələr).

Bu ayə nazil olduqdan sonra bütün müsəlmanlar başa düşdülər ki, artıq sərxoşedici içki birdəfəlik haram oldu. Ona görə də onlar bu ayə nazil olan günü bütün içklərini çıxarıb küçələrə tökdülər. Odur ki, sərxoşedici içki barəsində nazil olan sonuncu bu ayə öncə nazil olan ayələrin hökmünü ləğv edir. Ona görə də həmin ayələri əsas tutub içki içmək haramdır.
Allah bizim hamımızı haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!

672. T (S)

SUAL: Salam aleykum. Menim sualim evladin valideyinin sozune qulaq asmayib oz istediyi heqiqeten sevdiyi qizla aile qurmasi dogru olarmi? Olarsa niye olmazsa niye?

CAVAB: Və aleykumus-sələm.
Uca Allah (Allaha asi olmayan) dünyavi işlərdə valideynlərə tabe olmağı əmr etmişdir. Uca Allah buyurur: “Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bətnində) çox zəif bir halda daşımışdı. (Uşağın süddən) kəsilməsi isə iki il ərzində olur. (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir! Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də (dünyada) nə etdiklərinizi (bir-bir) sizə xəbər verəcəyəm!” (Loğman surəsi 14, 15-ci ayələr).

Evlənmək də dünyavi iş sayıldığı üçün bu işdə valideynlərə tabe olmaq lazımdır. Bu işdə valideynə tabe olmayıb öz istədiyini edən şəxs günah etmiş sayılır. Lakin həmin şəxsin istədiyi qadınla olan nikahı səhih sayılır. Çünki, kişinin evlənməsi üçün onun vəlisinin olması şərt deyildir. Kişi özü öz vəlisi ola bilər.

671. dunya zakir (birlesmis ereb emirliyi)

SUAL: salamun eleykum ...... men size yene bir sual vermek isdeyirem
ramazan ayindan sonraki ayda 6 gun oruc tutmaqin ne qeder savabi var. ve basqa bir sual .men bilirem ki islam dini qadinlara icaze vermir ki qaslarini alsinlar amm bir seyde var ki bezi qadinlar hece gedir amm qaslarini alir bu ne qeder dogru ve ne qeder yalnisdi .xaish edirem ki daha etrafli yazasiniz men namaz qilan bir insanam ...menim atam gili siye amma yoldasim ise sunidi men ise suni namazi qiliram amma men bilmirem ki men suniyem ve ya sie hansi namazi qilmaq daha yaxsidi sie ve ya suni ? indiden size oz minedarliqimi bildirirem etrafli cavab verdiyiniz ucun allah sizden razi olsun.....

CAVAB: Və aleykumus-sələm.
1. Ramazan ayından sonra gələn şəvval ayında tutulan 6 gün orucun fəziləti: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Ramazan ayını oruc tutarsa və onun ardınca şəvval ayından 6 gün də oruc tutarsa bütün ili oruc tutmuş kimidir.” (Bu hədisi Muslim və başqaları rəvayət etmişdir).

2. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qaş alan və aldıran qadınlara lənət etmişdir. Bu hədis bütün qadınlara şamil edilir. Odur ki, həccə gedən (sizin qeyd etdiyiniz) həmin qadın qaşlarını aldırarsa həmin lənətə düçar olmuş olur.

3. Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.

Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).

Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.

Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).

Odur ki, namaz qılmaqda da Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) oxşamalıyıq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək:

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).

Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari rəvayət etmişdir). Ümumiyyətlə bu cür hədislər çoxdur.

Namazların vaxtına gəlincə bunları deyə bilərik: Namazları gündə üç dəfə qılmaq olmaz. Çünki uca Allah müsəlmanlara beş namaz əmr etmişdir. Hər bir namazın da özünə məxsus qılınma vaxtı vardır. Əgər biz ərəb dilində namazların adlarına nəzər salsaq bunu lap aydın görərik. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazların bu adları onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:

1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.

Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər. Bu da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Onu da qeyd etmək lazımdır ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) yalnız səfərdə olarkən namazlarını üç vaxtda qılmışdır. Digər vaxtlarda isə hər namazı öz vaxtında qılmışdır.

Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə imam Əli (Allah ondan razı olsun), nə də digər səhabələr möhürlə namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”

Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Odur ki, hər bir şəxs Allahın kitabına və Peyğəmbərimizin sünnəsinə (yəni hədislərinə) tabe olmalıdır.

Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah sizdən də razı olsun.

670. zamiq abdullayev (baki)

SUAL: evvela salam bagislayin meni maraqlandiran sual hamini maraqlandirdigi sual oldugu ucun ola bilsin ki bu suali coxu verib amma meni maraqladirir ki vehabi namaziyla esl muselman namazini nece ayirmaq olar?

CAVAB: Əs-sələmu aleykum.
Biz öncə də qeyd etdik ki, vahabi adlanan məzhəb yoxdur. Həmçinin vahabi namazı adlanan namaz da yoxdur. Bu bəzi İslam düşmənlərinin müsəlmanları parçalamaq üçün uydurduğu addan başqa bir şey deyildir. Odur ki, kim özünü vahabi adlandırırsa o bununla səhv etmiş olur. Çünki, uca Allah insanları vahabi deyil, məhz müsəlman adlandırmışdır.

Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).

Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) SƏHİH hədislərinə tabe olmalıdır.

Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).

Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).

Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Əgər siz Qurani Kərimə və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olsanız onda düzgün namaz qılmayan firqələrin hamısını tanıyacaqsınız.

Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.

Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!

669. nicat ()

SUAL: men oxumusham ki cennetin yeddi gushesi var.
dar us selem; darul qerar; cenneti xuld; cenneti meva; cenneti edn; cenneti neim; firdovsi ela.
ancaq cennet ve cehhennem bollmesin de bashqa cur yazilib hansi duzdu?

CAVAB: Əs-sələmu aleykum.
Cənnətin 100-dən çox dərəcəsi (təbəqəsi) vardır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Həqiqətən Cənnətdə 100 təbəqə vardır ki, Allah onları Onun yolunda Cihad edənlər üçün hazırlamışdır. Hər təbəqə arasındakı məsafə də göylə yer arasındakı məsafə qədərdir.” (Bu hədisi Buxari, Muslim və başqaları rəvayət etmişdir). Odur ki, sizin qeyd etdiyiniz bu adlar həmin dərəcələrin bəzilərinin adlarıdır.


668. nicat ()

SUAL: dostum mene sual verdi indi mende heminki suali size verirem
sperma ifraz etmek gunah deyil (subayken)
bu suala gore beri bashdan uzr isteyirem ancaq cavabin bilmeliyem

CAVAB: Əs-sələmu aleykum.
İstər subay vaxtı, istər də evli olarkən onanizmlə (sperma ifraz etməklə) məşğul olmaq haramdır. Bu əməlin haram olması barəsində dəlillər aşağıdakılardır:

- Qurani Kərimdən dəlillər: Uca Allah Qiyamət günü nicat tapan möminlərin sifətlərini xatırlayaraq “əl-Muminun surəsində belə buyurur:
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).

Uca Allah qeyd etdi ki, bundan (yəni zövcə və cariyələrdən) artığını istəyənlər həddi aşanlardır. Məlumdur ki, onanizm də bunların (zövcə və cariyələrin) heç birindən deyil. Deməli bununla məşğul olan şəxs haram iş görməklə həddini aşmış olur. Uca Allah da həddini aşanları sevmir. Uca Allah buyurur: “Allah həddi aşanları sevməz!” (əl-Bəqərə surəsi 190-cı ayə).

Onanizmin haram olmasını göstərən başqa bir ayədə də uca Allah belə deyir: “Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar...” (ən-Nur surəsi 33-cü ayə). Bu ayədə uca Allah evlənməyə gücü çatmayanlara özlərini qoruyub saxlamalarını və səbr etmələrini əmr etmişdir. Əgər istimna (onanizm) caiz olsa idi uca Allah evlənə bilməyənlər üçün onu caiz edərdi.

Başqa bir ayədə də uca Allah belə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (ən-Nur surəsi 30-cu ayə). Bu ayədə uca Allah möminlərə əmr edir ki, öz ayıb yerlərini haramdan qorusunlar. Bu ayə də onanizmin haram olmasına dəlalət edir.

- Hədislərdən dəlillər: Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur. Əgər onanizm caiz olsa idi onda Peyğəmbərimiz evlənə bilməyənlərə onu caiz buyurardı. Peyğəmbərimizin evlənə bilməyənlərə yalnız oruc tutmalarını nəsihət etməsi onu göstərir ki, onanizm haramdır.
Həmçinin onanizmlə məşğul olan şəxslər onu da düşünsünlər ki, Allah onları harada olurlarsa-olsunlar görür. Bu etdikləri əmələ görə Allahdan utansınlar. Axı Allah onların etdikləri əməllərdən xəbərdardır.


667. elnur qafarov (baki)

SUAL: mohurle namaz qilmaq olar?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, möhürlə namaz qılmaq olmaz. Çünki nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə imam Əli (Allah ondan razı olsun), nə də digər səhabələr möhürlə namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Odur ki, hər bir şəxs Allahın kitabına və Peyğəmbərimizin sünnəsinə (yəni hədislərinə) tabe olmalıdır. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!

666. nicat ()

SUAL: mende heddi bluga catmag qaydasinin 1 ci 2 ci qanunu olub ancaq mektebe getdiyim ucun namaz qila bilmirem. bu gunah deyilki? ancaq gelen il qilacam

CAVAB: Əs-sələmu aleykum.
Bu günahdır, çünki Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Bu o deməkdir ki, həddi buluğa çatan şəxsə artıq günah yazılır. Ona görə də həddi buluğa çatan şəxs namazları mütləq qılmalıdır. Əgər məktəbdə namaz qıla bilmirsənsə, onda evə qayıdan kimi həmin namazları evdə qıla bilərsən.

665. nicat ()

SUAL: yeni demeyim odu ki aye ler yadinda qalmirsa sureni oxuyub nagil etmek olar ?
men quran oxumaga bashlayacam ona gore her sheyi bilmek isterdim

CAVAB: Əs-sələmu aleykum.
Bəli, surəni oxuyub mənasını kiməsə qısa şəkildə nəql etmək (danışmaq) olar.

664. dr_eldaniz (baki)

SUAL: salam! Ilk once sizin saytinizda olan maragli melumatlara gore teshekkurumu bildirirem.ALLAH bu ushinizde hemishe yardimchiniz olsun.AMIN!men ozum texminen 2 aydir ki namaz giliram.Gurban olum ALLAHA...mene ele bir hidayet verdi ki,indi heyatimi namazsiz tessevvur etmirem.Yaxshi olardi ki saytinizda Guran ayelerinin tesvirleri hagginda genish melumatlariniz olardi.Muxtelif menbelerde namaz zamani ikinci oturushda oxunan dualar muxtelif curdur.yeni bezi edebiyyatlarda Istiaze duasi,bezilerinde ise Rabbina atina duasi gosteilir.bunlarin fergi varmi.Umumiyyetle namazda istenilen duani oxumag olarmi?Chox sag olun!

CAVAB: Və aleykumus-sələm.
İnşəAllah bu yaxınlarda bizim Quran.az saytımız açılacaq. Quran barəsində istədiyiniz məlumatları orada tapa biləcəksiniz.
Namaz zamanı ikinci oturuşda “İstiazə” duası deyilir, sonra isə istənilən duanı deyə bilərsən. Odur cümlədən “Rabbənə atinə fid-dunyə həsənətən və fil-axirəti həsənətən və qınə azəbən-nər” duasını da deyə bilərsiniz.

663. salahov vugar (baki)

SUAL: shiyeler ne ucun mohurle namaz gilirlar? ve mohur nedi?shiye ne demekdir?

CAVAB: Əs-sələmu aleykum.
Onların namazı möhürlə qılmaları barəsində heç bir səhih hədisləri yoxdur. Onlar yalnız öz ağıllarına uyaraq namazı möhürlə qılırlar. Onların fikrincə möhür pak torpaqdan olduğu üçün namaz qılarkən həmin pak torpağa səcdə edirlər. Lakin onlara belə bir sual vermək olar: Səcdə zamanı insanın 7 əzası yerə toxunmalıdır. (İki əlləri, alını, iki dizi və iki ayaqları). Nə üçün yalnız alını pak torpağa qoyursunuz? Axı insan namaz qılarkən gərək bütün əzaları pak yerdə olsun. Onda onların fikrinə görə belə çıxır ki, gərək biz həm əllərimizin, həm dizlərimizin, həm də ayaqlarımızın altına möhür qoymalıyıq ki, pak yerdə namaz qılmış sayılaq. Bütün bunlar onu göstərir ki, dini ağılla ölçmək olmaz. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz olaraq necə namaz qılmışdırsa elə də namaz qılmalıyıq. Şiyə sözünün mənası isə tərəftar deməkdir.
Allah bizi doğru yolda sabit etsin! Amin!!!

662. Elnur (Bakı)

SUAL: Əssalamualeykum. Qardaş müsəlman öz valideynlərinə yaxşılıq edərkən,necə niyyət etməlidir: Allah xatirinə,yoxsa valideyndir deye? Allah sizdən razı olsun!

CAVAB: Və aleykumus-sələm.
Hər bir müsələman valideynləri ilə Allah ondan razı olsun deyə yaxşı davranmalıdır. Ümumiyytələ hər hansı bir yaxşı əməl edərkən onu Alllah xatirinə etmək lazımdır ki, savab qazanasan.
Allah bizim hamımızı valideynlərimizlə yaxşı rəftar edənlərdən etsin! Amin!!!

662. oxucu (baki)

SUAL: assalamu aleykum.dost saytlar icinde www.abubakr-mescidi.com-un adi niye yoxdur.bu suali vermekde basqa niyetim yoxdur.yalniz bilmek isteyirem.

CAVAB: Aleykumussalam.
Dost saytlar bölməsinə diqqət etsəniz görəcəksiniz ki, orada olan banerləri həmin saytların administratorları tərəfindən təyin olunmuş xüsusi banerlərdir.
Yəni bu banerləri biz özümüz hazırlamırıq.
Eyni zamanda nəzərinizə çatdıraq ki, bizim dost saytlar bölməsi baner mübadiləsi üçün nəzərdə tutulan hissədir.
Həmin saytın administratorluğu məktubla bizə müraciət edib öz baner kodunu yollasa və bizim baner kodumuzu öz səhifələrində yerləşdirsə onda siz dediyiniz bölmədə həmin saytın baneri də olacaq inşallah.
Bir sözlə kimin bu yönümdə təklifləri varsa mail@azerislam.com ünvanına məktubla müraciət etsin.

Yollanılan təklifə Azerislam.com idarə heyyəti tərəfindən baxıldıqdan və razılıq verildikdən sonra dost saytlar bölməsində onun da baneri olacaq inşallah.

Allahdan istəyimiz budur ki, haqqı deyən ünvanların sayı artsın. Həm də onlar Azerislam-dan nümunə götürərək hər gün oxucularla ünsiyyətdə olsunlar və yeni, eyni zamanda maraqlı yazıları ilə oxucuları sevindirsinlər.
Azerislam.com qapılarını daim açıq elan edir.

Allah yolunda çalışmaq istəyən hər kəs bizə müraciət edə bilər.

660. tagiyev tural (sumqayit)

SUAL: qeza nedir. egerbir namaz qilan bir sexsin qolu sinib-
sa hemin sexs ne etmelidir.

CAVAB: Əs-sələmu aleykum.
Qəza namazı dedikdə vaxtı qurtardıqdan sonra qılınan namazlar nəzərdə tutulur. Bu namazlar öz-özlüyündə iki qismə bölünür:
1. Üzrlü səbəbə görə buraxılan namazlar; (Məsələn: Unutmaq, bilmədən yatıb qalmaq, döyüş zamanı və s.) Bu zaman üzr aradan qalxan kimi dərhal həmin namazı qılmaq lazımdır. İmam Əli (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) Xəndək döyüşü günü əsr namazını gün batdıqdan sonra qıldı” (Bu hədisi Buxari, Əbu Davud, Nəsai və başqaları rəvayət etmişlər).
2. Üzrsüz səbəbə görə buraxılan namazlar; Bu zaman həmin şəxs bu əməlinə görə Allaha tövbə etməli və həmin namazın qəzasını dərhal qılmalıdır. Çünki, uca Allah namazlarında səhlənkar olanları Cəhənnəmlə hədələmişdir. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər”. (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Qəza namazı eyni ilə həmin namaz kimi qılınır.
Qulu sınan şəxs dəstəmaz alarkən sınıq qolunun üzərinə məsh edir. Namazı isə bacardığı şəkildə qılır.

659. Samir (bakı)

SUAL: Namaz qımayana qız vermək olarmı? Hər iki halda
zəhmət olmasa dəlil gətirin.

CAVAB: Əs-sələmu aleykum.
Əgər namaz qılmayan həmin şəxs müsəlmandırsa onda ona qız vermək olar. Əks halda isə qız vermək haramdır. Çünki uca Allah müsəlman qadınlara müçriklərlə və kafirlərlə evlənməyi qadağan etmişdir. Uca Allah buyurur: “...Müşrik kişilər iman gətirməyincə, [mömin qadınları] onlara ərə verməyin. Əlbəttə, iman gətirmiş bir kölə, sizi heyran edən [azad] müşrik bir kişidən daha xeyirlidir. Onlar Oda çağırırlar. Allah isə Öz izni ilə Cənnətə və bağışlanmağa çağırır. O, Öz ayələrini insanlara belə bəyan edir ki, bəlkə xatırlayalar.” (əl-Bəqərə surəsi 221-ci ayə).
Başqa bir ayədə də uca Allah beləı buyurur: “Ey iman gətirənlər! Mömin qadınlar sizin yanınıza mühacir kimi gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını çox gözəl bilir (onları yoxlayıb bilmək sizə lazımdır). Əgər bunların (bu qadınların həqiqi) mömin olduqlarını bilsəniz, artıq onları kafirlərin yanına qaytarmayın. Nə bunlar (bu qadınlar) onlara (kafirlərə), nə də onlar bunlara halaldır...” (əl-Mumtəhinə surəsi 10-cu ayə).

658. pervane huseynli (baki)

SUAL: assalamu aleykum.men telebeyem.esr namazi vaxti universitetde oluram. megrib bashlayanda eve gelirem.odur ki, zohr namazi vaxti esr namazini da qilib evden cixiram.bu duzdurmu?yoxsa men nece edim?xahish edirem tez cavab yazasiz.

CAVAB: Və aleykumus-sələm.
Xeyr, bu düzgün deyildir. Namazın qəbul olma şərtlərindən biri də onun vaxtının girməsidir. Odur ki, səhvən və ya bilərəkdən vaxtından tez qılınan namaz batildir. Yalnız müsafir olan şəxs Əsr namazını Zöhrün vaxtında və İşa namazını da Məğribin vaxtında qıla bilər.
İndi əksər universitetlərdə namaz qılmaq üçün otaqlar vardır. Odur ki, siz Əsr namazını oxuduğunuz universitetdə qılmalısınız.

657. Samir. (Bakı)

SUAL: Zahiri məhzəbi ilə sələf arasında yaxınlıq coxdur.
Onları bir-birindən ayələri basha düshməkdə nə ayırır?
Zəhmət olmasa bir necə misal gətirin.
Allah razı olsun əxi.

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, zahirilərlə sələf arasında yaxınlıq azdır. Zahirilər ayələrin Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr tərəfindən necə təfsir olunmasına məhəl vermədən yalnız zahiri mənasını götürürlər. Səlf isə ayələrin Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr tərəfindən necə təfsir olunmasına böyük əhəmiyyət verir. Buna bir neçə misal gətirmək olar, lakin cavab uzun olmasın deyə bir ayəni misal gətirməklə kifayətlənəcəyik:
- Uca Allah buyurur: “…Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]…” (əl-Bəqərə surəsi 184-cü ayə).
Zahirilər bu ayəni izah edərək deyirlər ki, səfərdə olan şəxs mütləq oruc tutmalı və sonra həmin günlərin qəzalarını da tutmalıdır. Çünki uca Allah bu deyir ki, “səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]”. Zahirdən bu ayədə musafirə yeməyin caiz olduğu göstərilmir. Lakin bu ayəni hədislər izah edir.

656. ayten (baki)

SUAL: salamaleykum menim bir sualim var islam birici kimin salam vermesini meslehet bilir: boyuyun yoxsa kiciyin cavaba gore cox sagolun

CAVAB: Və aleykumus-sələm.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kiçik böyüyə, keçib gedən oturana və az çoxa salam verir.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Bu hədis onu göstərir ki, birinci kiçik salam verməlidir.

655. ORXAN (BAki)

SUAL: AZERBAYCANDA PEYGEMBER NESLINDEN OLAN SEYIDLER VARMI. SEYID SOZUNUN MENASI NEDIR.TEZ CAVAB GONDERIN XAHIS EDIREM.

CAVAB: Əs-sələmu aleykum.
“Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sora gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq görərik ki, əksər insanlar iddia edirlər ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) nəslindəndirlər.
Biz 6 il Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki, Azərbaycanda belə insanlar doludur. Bir az düşünsək bunu daha yaxşı başa düşərik.
Bir şeyi də qeyd edək: Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər. Əlbəttə ki, ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.
Odur ki, Azərbaycanda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olan heç bir şəxs yoxdur.

654. Muslim (Baki)

SUAL: salam aleykum. men nezir orucu ve onun qaydalari barede bilmek isteyirem. Allah razi olsun. Salam aleykum

CAVAB: Və aleykumus-sələm.
Hər hansı bir müsəlman yaxşı bir işin yerinə yetirilməsi üçün Allah yolunda bir neçə gün oruc tutacağını nəzir edə bilər. Nəzi edilən oruc günlərinin sayı üçün müəyyən bir hədd yoxdur. Odur ki, həmin şəxs istənilən sayda oruc nəzir edə bilər. Hər hansı xeyir bir əməl üçün nəzir deyən şəxs həmin əməlin yerinə yetirilməyini gözləməməlidir. O dedyi nəziri öncə yerinə yetirməli, sonra isə həmin əməlin yerinə yetirilib-yetirilməməyini gözləməlidir.
Nəzir orucunu tutan zaman onu cümə və şənbə günlərinə salmaq olmaz. Çünki (xüsiləşdirib) bu günlərdə oruc tutmaq qadaxandır. Həmçinin nəzir orucunu həmin şəxsin deməyindən asılı olaraq dalbadal və ya müxtəlif günlərdə tutmaq olar.
Və aleykumus-sələm.

653. Aziz (Sumqayit)

SUAL: Wa salam alekm wa rahmatullahi wa barakatuhu.
Разделится вера на 72 (73) ветвей, все кроме последователей одной из них обитатели ада. Men bunu hardansa oxumushdum. eger dogrudursa sualim budur: 72 yoxsa 73 terefe bolunecek deyilende ne nezerde tutulur, Islam dini ve yaxud ...? Belke bunlar mesheblerdir?
Bir sualimda var.
Arada adamlardan eshitmek olur ki, "MEN BIR YUXU GORDUM FILAN KESE NESE OLDU..." ve bu ara eshidirsen ki, hemen o adama ve yaxud onun yaxinina nese olur.
Bu saytda oxudum ki, yuxu danishmaq olmaz ve ele basha dushdum ki, ona inanmaqda olmaz. Bes bu cur ifadeler eshidenden sonra ve hardasa heqiqete uygun olanda hemin adama ne demek neyi basha salmaq lazimdir? Vallah chalishdi qisa yazim yeqinki sualim aydin oldu.
bir denede xaishim var. Rusdilli hansi saytlari meslehet gorerdiniz? islam.ru saytin duzgun olduguna men inanmiram, Chunki orda rusiya dovletini destekleyen fikirlere rast geldim. Menim fikirimce her-hansi indi movcud olan dovletin terefini tutan esl islam haqqinda bize xeyirli melumat vermezler.
Hahish edirem oz fikirinizi bildiresiniz.
Duzunu ise Allah biler.
Wa salam alekum wa rahmatullahi wa barakatuhu.

CAVAB: Cavab: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Qeyd etdiyiniz hədis belədir: Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Yəhudilər 71 firqəyə bölündülər, nəsranilər 72 firqəyə bölündülər, mənim ümmətim isə 73 firqəyə bölünəcək. Birindən başqa bunların hamısı Cəhənnəmə düşəcəkdir”. Səhabələr soruşdular: “Ey Allahın elçisi! Onlar (Cəhənnəmə düşməyənlər) kimlərdir?” O dedi: “Mənim və səhabələrimin yolu ilə gedənlər”. Başqa bir rəvayətdə də deyilir ki, “Onlar camaatdır”. (Bu hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai, İbn Macə, Darimi, Əbu Asim, Hakim və başqaları rəvayət etmişlər).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu hədisdə “ mənim ümmətim” deməsi onu göstərir ki, İslam ümməti 73 firqəyə bölünəcək. Bəli, bunlar müxtəlif əqidəli məzhəblərdir.
2. Yuxu hərdən düz çıxa bilər. Lakin bu hər gördüyümüz yuxunun düz çıxacağına inanacağımıza heç bir əsas vermir. Odur ki, insan, gördüyü yuxunun düz çıxacağına inanmamalıdır. Belə ki, yuxunu dəqiqliyi ilə yozma elmini uca Allah yalnız Yusif peyğəmbərə vermişdir. Ona görə də hal-hazırda yuxunu dəqiqliyi ilə heç kəs yoza bilməz. Çünki, yuxu yozma barəsində nə Qurani Kərimdə, nə də Peyğəmbərimizin hədislərində heç bir şey varid olmamışdır.
3. Rus dilində olan İslam saytlarından bunları məsləhət görürük:
- waytoquran.net
- muslim.kz
- Islam.kz

652. Babayev Arzu (Sumqayit)

SUAL: sizce vampir var?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, yoxdur. Çünki, vampirlərin mövcudluğu haqqında heç bir dəlil yoxdur. Odur ki, bunların hamısı əfsanədir.

651. Rufet Mehdiyev (Sumgayit)

SUAL: Salam alekum! Gusul pozulanda teyemmum almag olar insallah?

CAVAB: Və aleykumus-sələm.
Təyəmmümün şərtləri aşağıdakılardır (yəni nə zaman təyəmmüm etmək olar):
1. Su tapılmadıqda və ya (istər qüsl, istərsə də dəstəmaz alaraq) paklaşmağa kifayət qədər su olmadıqda;
2. Dəstəmaz almalı, yaxud qüsl etməli adam yaralı və ya xəstə olduqda halının pisləşməsindən, yaxud xəstəliyinin uzanmasından qorxduğu zaman;
3. Hava çox soyuq olduqda, dəstəmaz alan, yaxud qüsl edən adam soyuq sudan istifadə etdiyi təqdirdə ona zərər toxunacağından qorxduqda, yaxud sudan istifadə etmək (qızdırmaq və s.) imkanı olmadıqda. Uca Allah buyurur: “…özünüz özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir!”
4. İçməli su sarıdan korluq çəkdikdə, xörək bişirmək üçün su çatmadıqda və digər zəruri məqsədlərdən ötrü suya ehtiyac olduqda;
5. Yaxınlıqda olan suya çatmaq mümkün olmadıqda, məsələn: düşmənin və ya yırtıcı heyvanın onun suya yaxınlaşmasına mane olduğu, yaxud canı, namusu və malından qorxduğu halda, həbsdə olduqda, yaxud suyu quyudan çıxarmağa gücü çatmadıqda və s.

 1  2  3  4  5  6  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111