... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

350. fuad ()

SUAL: Ehya geceleride ibadet nece olmalidir?Men Guran oxuya bilmirem ne etsem daha savab olar

CAVAB: Əs-sələmu aleykum.
Əhya gecələri dedikdə Qədr gecəsi nəzərdə tutulur. Bu gecə Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb gecə namzlarını qılmaqla, Quran və dini kitablar oxumaqla, Allaha dua etməklə və s. məşğul ola bilərsiniz.


349. fuad ()

SUAL: namazda edilen tekbirler eynidirmi(rukudan evvel.sonra ve s.)? ve eller hara geder galxmalidir? bezi adamlar elini sinesine geder galdirir.

CAVAB: Əs-sələmu aleykum.
Namazda edilət təkbirlər iki qismə bölünür:
1. Ehram təkbiri; Yəni təkbirlə (Allahu əkbər deməklə) namaza başlamaq; Bu təkbir namazın rüknlərindəndir. Bu təkbiri etməyən şəxs namazını yenidən tam olaraq qılmalıdır.
2. Ehram təkbirindən (namaza başladıqda edilən təkbirdən) başqa olan təkbirlər; Bu təkbirlər namazın vaciblərindəndir. Yəni bunlardan hər hansı birini bilərəkdən tərk edənin namazı batil olur. Səhvən və ya unudaraq tərk edən isə yalnız iki dəfə səhv səcdəsi etməlidir.
“Allahu Əkbər” dedikdə əllər çiyin səviyyəsinə qədər qalxmalıdır.

348. rubail aliyev (baki)

SUAL: xahish ediram sunni-shiya probleminin koku haradan bashlayir buna aydinlig gatirasiniz va bunun hasinin duzgun olmasini bildirasiniz.

CAVAB: Əs-sələmu aleykum. Allah sizə haqq yolunu tapmaqda kömək olsun.
Sünni-şiyə sözünün kökü Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vəfatından bir müddət sonra yaranmışdır. O vaxta qədər nə sünni, nə də şiyə firqələri yaranmamışdır. Həmçinin heç kəs özünü nə sünni, nə də şiyə adlandırmırdı. Hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırırdı. Habelə uca Allah da bizə başqa bir ad deyil, əksinə müsəlman adı vermişdir.
Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini (dinində olduğu) kimi. (Ey Muhəmməd ümməti!) Allah bundan (Quran nazil olmamışdan) əvvəl də, bunda (Quranda) da sizə müsəlman adını verdi ki, (qiyamət günü) Peyğəmbər (dinin təbliği, sizin ona iman gətirməyiniz, itaət etməyiniz barədə) sizə, siz də (əvvəlki peyğəmbərlərin Allahın hökmlərini öz ümmətlərinə çatdırdıqları halda) insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə).
Elə isə biz özümüzə nə üçün müsəlman adından qeyri adlar verməliyik. Həmçinin hərə özünə bir ad götürsə onda müsəlmanlar arasında parçalanmalar meydana gələr.
Müsəlmanları parçalamaq üçün onların arasına ilk dəfə şiyə sözünü salan yəhudu Abdullah İbn Səba olmuşdur. Bunu etməkdə onun məqsədi müsəlmanları parçalamaq olmuşdur.
Hər bir müsəlman haqq yolunu bilmək istəyirsə yalnız Allaha və Onun Peyğəmbərinin SƏHİH hədislərinə tabe olmalıdır.
Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) yalnız səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
Sizə də məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin.

347. Farid S (USA,Olney)

SUAL: SAlam.MEnim sualimbeladi.Men ozum indi USA-da oxuyuram,namaz giliram,amma gunde 5 defe namaz gilmaga vaxtim catmir,neca deyirler,birleshdirib giliram namazi,gunde 3 defe,cunki,collegdensaat 4 gunorta gayidiram,gelen kimi giliram,axshamkini ise,hemsihe bir yana zada gedib elayirem,onu da birleshdirmeli oluram.Indi men sorushmag istayardimsiz mene ne meslehet verardiniz,men neca edim,3 defe gilmag duzgundurmu yoxsa yox,eger yox,men ne etmaliyem.COx sag olun

CAVAB: Və aleykumus-sələm.
Siz Amerikada müvəqqəti oxuduğunuz üçün müsafir sayılırsınız. Odur ki, vamazlarınızı üç vaxtda qıla bilərsiniz. Yəni, sübh namazını öz vaxtında, zöhr namazı ilə əsr namazını ixtiyari birinin vaxtında, məğrib namazı ilə işa namazını da ixtiyari birinin vaxtında qıla bilərsiniz.

346. Anver Huseynov (Baki)

SUAL: Ad gunu,Toy,

CAVAB: Əs-sələmu aleykum.
1. İslam dinində ad günü keçirmək yoxdur. Ad günü keçirilmiş olsaydı Peyğəmbər (səllallahu aleyhi və səlləm) özü 23 il ərzində bir dəfə də olsun ya özünün ya da yaxın adamlarının ad gününü keçirərdir. Ümumiyyətlə ad günü keçirmək xristianlardan gəlmişdir. Kim ad günü keçirərsə özünü xristianlara bənzətmiş olar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə bənzədərsə, o şəxs həmin qövmdən sayılar.” Bu hədis onu göstərir ki, kim ad günü keçirərsə xristian sayılar.
2. Ailə həyatını (toyu) musiqi, içki və bu kimi haram şeylərlə qurmaq olmaz. Həmçinin toy mərasimində kişilərlə qadınların da bir yerdə olmaları düzgün deyildir. Odur ki, qeyd etdiyimiz bu şeylər istisna olmaqla toyu istənilən tərzdə keçirmək olar.

345. shirin (sumqayit)

SUAL: SALAM! Cavablariniza gore size derin tesekkurumu bildirirem. Novbeti sualim ise beledir.ureyi xeste olan adam oruc tutarken susuz derman ata bilermi? Cox sag olun!

CAVAB: Və aleykumus-sələm.
Oruc vaxtı qərman qəbul etmək orucu pozur. Odur ki, siz dərmanı axşamlar qəbul etməlisiniz. Əgər dərmanı səhər qəbul etməsəniz sizin xəstəliyiniz artarsa, və ya həmin xəstəlik sizə əziyyət verərsə onda siz orucu sağalana qədər tərk edib dərmanlarınızı qəbul etməlisiniz. Lakin sağaldıqdan sonra tutmadığıniz günlərin qəzasını tutmalısınız. Allah bütün xəstələrə şəfa versin! Amin!!!

344. Mirqadir Furqani (Baki)

SUAL: Salam Aleykum. Men etriyyatlardan (adikolon ve diger spirtli etriyyatlar) istifade edirem. Bu etriyyatlar necis sayila bilermi?

CAVAB: Və aleykumus-sələm.
Spirt nəcis deyildir. Odur ki, tərkibində spirt olan ətriyyatdan istifadə etmək olar.

343. S.Ülviyyə (Bkı)

SUAL: Salam.
Uzun müddət Namaza gecikəndə hər dəfə qəza etmək olarmı?

CAVAB: Və aleykumus-sələm. Namazları bilərəkdən qəzaya saxlamaq günahdır. Uca Allah buyurur: “Vay halına o namaz qılanların ki; Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər,” (əl-Məun surəsi 4, 5 və 6-cı ayələr).
Lakin vaxtı çıxdıqdan sonra da olsa həmin namazı qılmaq vacibdir. Heç bir namazı tərk etmək olmaz.

342. ALLhverdiyev Kamil (baki)

SUAL: essalamun aleykun menim 17 yashim var men namaza bir ay var bashladim men 15 yashindan beri qilmadigim namazlari qilmaliyam yoxsa yox. Allah razi olsun

CAVAB: Və aleykumus-sələm.
Öncə qılınmayan namazla görə tövbə etmək kifayətdir. Həmin namazları sonradan qılmağa ehtiyac yoxdur. Çünki hər hansı bir şəxs öz günahlarını başa düşüb tövbə edərsə Allah onu bağışlayır.
Uca Allah bu barədə buyurur: “(Ya Rəsulum!) Kafir olanlara de: "Əgər onlar (öz küfrlərindən, Peyğəmbərə və möminlərə qarşı müharibədən) əl çəksələr, keçmişdəki günahları bağışlanar...” (əl-Ənfal surəsi 38-ci ayə).
Digər ayədə isə belə buyurur: “Ancaq tövbə edib iman gətirən və yaxşı işlər görənlərdən başqa! Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, rəhm edəndir!” (əl-Furqan surəsi 70-ci ayə).
Bu ayələr onu göstərir ki, tövbədən sonra Allah günahları bağışlayır. Odur ki, tövbə etdikdən sonra həmin namazları yenidən qılmağa ehtiyac yoxdur.
Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) vaxtında İslamı yeni qəbul edən müsəlmanlar öncə qılmadıqları namzların qəzalarını qılmırdılar.
Allah sizdən də razı olsun!

341. G. Kazımova (Bakı)

SUAL: Bismillah.
Allah bütün müsəlman qardaş və bacılarımızın orucunu qebul elesin ve günahlarını bağışlasın (Amin). Mən hər il Allah rizası üçün oruc tuturam ancaq hec vaxt bele yuxu görmemişem, indi Ramazan ayı başlayandan beri meni bir yuxu narahat edir: Her defe yuxuda orucu pozmağımı görürəm. əksər halda bilmədən, bəzi hallarda bilərəkdən pozuram, bu nəyə işarə ola bilər? Xahiş edirəm mənə cavab yazasınız bu yuxu məni çox narahat edir, çünki mən hec vaxt bilmədən və ya bilərəkdən orucu pozmamışam, və yuxuda bilə bele hal meni çox narahat edir, durandan sonra özümə gələ bilmirəm. Allah sizdən razı olsun. Əssalamu Əleykum

CAVAB: Əs-sələmu aleykum.
Bu yuxu şeytan tərəfindəndir. Çünki şeytan hər bir vasitə ilə çalışır ki, insanları Allahın yolundan döndərsin. Odur ki, kimisini fala baxmaq vasitəsilə, kimisini Allahın əmrlərindən yayındırmaq vasitəsilə, kimisini haram işlər vasitəsilə və nəhayət kimisini də yuxu vasitəsi ilə yolundan azdırır. Şeytan bu yuxular vasitəsilə çalışır ki, sizə Allah üçün tutduğunuz oruclarınızı tərk etdirsin. Odur ki, bu yuxulara heç bir məhəl vermək olmaz.
Sizə məsləhətimiz budur ki, yatağa girdiyiniz zaman əllərinizi bitişdirərək ovuclarınızın içinə üfürüb “əl-İxlas”, “əl-Fələq” və “ən-Nəs” surələrini oxuyun. Oxuduqdan sonra ovuclarınızı başınızdan başlayaraq bədəninizinbütün yrlərinə sürtün. Sonra bu prosesi daha iki dəfə də təkrarlayın. Egər belə etsəniz inşaallah rahat yatarsınız.
Peyğmbərimiz yatarkən belə etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Allah sizdən də razı olsun! Və aleykumus-sələm.

340. Seymur (baki)

SUAL: qardaslar meni bir sual yaman narahat edir.artiq nece illerdiki namaz qiliram amma evveller yasim az olduguna gore islami duzgun derk elemirdim indi allah ve sonra sizin sayenizde imanim guclenib amma helede namazi xushu ile qila bilmirmirem.sozlerin menasinida oyrenmisem yene de fikrim yayilir.33 amili oxuduqdan sonra yaman qorxuram.orda yazilib ki xushusuz namaz qebul olmayada biler MEN NEYLEYIM XAHIS EDIREM CAVAB YAZASINIZ ALLAH SIZDEN RAZI OLSUN

CAVAB: Əs-sələmu aleykum.
Siz bacardığınız qədər həmin amilləri yerinə yetirn və bu işdə Allahdan kömək istəyin. Peyğəmbərimiz Muaz İbn Cəbələ belə demişdir: “Ey Muaz! Hər namazın sonunda bu duanı deməyi heç vaxt unutma: Allahım! Sənə şükr etməkdə, Səni zikr etməkdə və Sənə gözəl tərzdə ibadət etməkdə mənə kömək et!”
Bu hədis onu göstərir ki, hər bir müsəlman Allaha gözəl bir tərzdə ibadət etməkdə Allahın Özündən yardım diləməlidir.
Allah bizim hamımızı Ona gözəl şəkildə ibadət edənlərdən etsin! Amin!!!

339. Ferhad Aliyev (BakI)

SUAL: Essalamaleykum!!! Qardashlar xahish edirem 7 en boyuk gunahi sirasi ile yazasiniz. ALLAH razi olsun!!! ALLAH butun muselmanlan qardash ve bacilarimizin gunahlarini bagishlasin!!! AMIN!!! Essalamaleykum ve Rahmetullahi ve Berakatuh!!!

CAVAB: Və aleykumus-sələm.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “(İnsanı) həlak edici yeddi ən böyük günahlardan çəkinin!” Səhabələr soruşdular: “Ey Allahın elçisi onlar hansılardır.” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Allaha şərik qoşmaq, sehr, haqsız yerə Allahın (öldürməsini) haram buyurduğu şəxsi öldürmək, yetimin malını yemək, sələm (faiz) yemək, (döyüş vaxtı düşmənlə qarşılaşdıqda) döyüşdən qaçmaq və heç nədən xəbəri olayan namuslu mömin qadınlara (zina isnad edərək) böhtan atmaq.” (Bu hədisi Buxari, Muslim və başqaları rəvayət etmişdir).
Allah hamımızı bu günahlardan qorusun! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

338. ilqar (safiyev)

SUAL: salam eziz qardaslarim size bele bir sualim var. men size yazmisdim ki banka pul qoymaq olar. yeni depozit sekilinde. siz deyirsiz haramdir.bes onda islam banklari nece isleyir. bankin esas vezifesi kredit vermekdir eger buda haramdirsa onda banklar nece inkisaf ede biler.Bir de ya pul qoyub faiz goturdun yada mal seklinde verib pul goturdun. ferqi var.xayis ederdim genis cavab yazardiz. minnetdaram. sagolun

CAVAB: Və aleykumus-sələm.
İslam banklarının yalnız adları islamdır. Bu bankların hamısında faiz vardır. Ona görə də banklara pul qoyub faizini almaq və ya bankdan pul götürüb onu faizlə qaytarmaq haramdır. Bu əməllərin hamısı sələm adlanır. Sələmi də uca Allah haram etmişdir.
Uca Allah buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar!..” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Ümumiyyətlə hər hansı bir haram şeyin adını dəyişdirib ona xoşa gələn və cəlb edici adlar qoyduqda onun mahiyyəti dəyişmir. Yəni bir sözlə sələmin adını dəyişdirib “İnkişaf bankı” və ya bu kimi adlar qoysaq da o haramlığında qalır. Həmçinin bəzi insanlar İslam dininin adından istifadə edərək haram işlərə əl atırlar.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Elə bir vaxt gələcəkdir ki, həmin vaxtda dinində səbr edən yanar köcü əlində tutan kimi olacaqdır.” Bu hədis onu göstərir ki, həmin vaxtda dində səbr edib haramların hamısından çəkinmək insanlar üçün bir az çətin olacaqdır. Hal-hazırda Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) dediyi vaxt gəlib çatıb. Halal harama, haram da halala qarışıb. Ona görə də kim dinini və namusunu qorumaq istəyirsə bütün şübhəli şeylərdən çəkinsin.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Haram da bəllidir, halal da bəllidir. Lakin onlar arasında şübhəli şeylər də vardır. Kim şübhəlilərdən çəkinərsə dinini və namusunu qorumuş olar. Kim də şübhəlilərə dalarsa harama dalmış olar....” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Allah hamımızı haramdan və şübhəli şeylərdən uzaq etsin! Amin!!!

337. fuad (baki)

SUAL: salam aleykum. quranda yazilib ki allah malaklara adamla havanin yaradacagi haqqinda deyanda malaklar ona biz sana ibadat eda-eda san na ucun yer uzunda qan tokan insanlari yaradirsan dedilar
Onda o malak hardan bilirdilar ki insanlar qan tokacaklar axi onda adamla hava cannatda idi va iblis onlari yoldan cixartmamishdi

CAVAB: Və aleykumus-sələm.
Uca Allah insanların yer üzündə fitnə-fəsad törədəcəkləri barədə əvvəlcədən mələklərə xəbər vermişdi. Odur ki, mələklər bundan xəbərdar idilər.

336. Rəşad Rəsullu (Bakı)

SUAL: Assalamu aleykum. Suallarımı ətraflı cavablandırdığınız üçün sizə öz təşəkkürümü bildirirəm. Məqalə bağlı mənim suallarımı elə verdiyiniz cavabla əhatə etmisiniz. Çox sağ olun.
Lakin, Quran oxumaq kursları ilə bağlı sualım cavabsız qalıb.
1. Növbəti bir sualıma da aydınlıq gətirməyinizi xahiş edərdim. Sizin sələmçiliklə bağlı verilən suallara cavablarınızı diqqətlə oxudum. Belə başa düşdüm ki, kredit verməklə yanaşı, banka əmanət qoyub onun faizini götürmək də haramdır. Onda belə bir sual ortaya çıxır. Yəqin ki, belə bir təşkilatın olduğunu eşitməmiş olmazsınız - İslam İnkişaf Bankı. Bu bank 1974-cü ildə üzv-ölkələrin və qeyri üzv-ölkələrdə müsəlman icmalarının iqtisadi və sosial inkişafına yardım məqsədilə yaradılıb. Bankın 47 üzvü var (hamısı islam dininin üstünlük təşkil etdiyi ölkələrdir), o cümlədən Azərbaycan da. Deməli, bu bankın 1980-ci ildən etibarən fəaliyyət göstərən belə bir proqramı var - investisiya-depozit planı. Bu plana əsasən, Bank həm hüquqi təşkilatlardan, həm də fərdi əmanətçilərdən qısamüddətli depozitlər qəbul edir. Həmin vəsaitləri isə idxalın maliyyələşdirməsinə yönəldir. Nə isə fakt budur ki, bu bank (diqqət edin İslam İnkişaf Bankı) əmanət qəbul edir və faiz ödəyir. Bunu necə izah edərdiniz? (Bank haqqında məlumatların mənbəyi - Mejdunarodniye ekonomiceskiye orqanozaciyi kitabi.2000-ci ildə Moskvada nəşr edilib. Müəllif - İ.Qerçikova)

Çox sağ olun.

CAVAB: Və aleykumus-sələm.
1. Quran oxumaq kursları metronun “Bakı soveti” stansiyası yaxınlığında yerləşən “Gənclərə yardım fondunda” keçirilir.
2. Əgər bu Bank əmanət qəbul edir və sonra onun faizini ödəyirsə və ya faizlə pul verirsə bura pul qoymaq və buradan pul almaq haramdır. Çünki bu əməllərin hamısı sələmçilikdir.
Ümumiyyətlə hər hansı bir haram şeyin adını dəyişdirib ona xoşa gələn və cəlb edici adlar qoyduqda onun mahiyyəti dəyişmir. Yəni bir sözlə sələmin adını dəyişdirib “İnkişaf” və ya bu kimi adlar qoysaq da o haramlığında qalır.

335. (BAKI)

SUAL: ESSALAMU ALEYKUM. MEN BILMEK ISTERD9IM ORUCLU ADAM BIR-BIRILE OPUSUB GORUSE BILERMI? BU NE DERECEDE DOGRUDUR?

CAVAB: Və aleykumus-sələm.
Oruclu ola-ola öz həyat yoldaşı ilə öpüşmək və mazaqlaşmaq orucu pozmur. Aişə rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) oruclu ola-ola zövcələrini öpərdi.” (Bu hədisi Əhməd rəvayət etmişdir).


334. OXUCU (baki)

SUAL: ESSALMU ALEYKUM. MENIM MUSELMAN BACI VE QARDASLARIM. MENIM SIZE BIR SUALIM VAR. MEN BU SUALI VERMEKDE CETINLIK CEKIREM AMMA
MECBURAM. MEN 10 GUN BUNDAN EVVEL HEYZ HALI GORMUSEM. QURTARANDAN SORA NAMAZ VE ORUCUMU DAVAM ETDIRMISEM. INDI 2 GUNDUR KI AZ HALDA HEYZ GORUREM. AMMA BUNA BAXMAYARAQ NAMAZ VE ORUCUMU DAVAM EDIREM . MENIM NAMZ VE ORUCUM BATILDIR ?
EVVELCEDEN SIZE OZ TESEKKURUMU BILDIRIREM.

CAVAB: Və aleykumus-sələm.
Əgər sizdən gələn qan doğrudan da heyz qanıdırsa onda sizin tutduğunuz oruc və qıldığınız namaz batil olur və siz həmin orucların qəzasını sonradan tutmalısınız.
Əgər sizdən gələn dan deyil, sarı və ya çəhrayı ləkədirsə onda bu ləkə heyz qanından sayılmır və sizin tutduğunuz oruc və qıldığınız namaz səhih sayılır. Ummu Atiyyə (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz (heyzdən) təmizləndikdən sonra bulanıq və ya sarı ləkəni bir şey saymazdıq.” (Yəni heyzdən saymazdıq).
Allah sizin ibadətlərinizi qəbul etsin! Amin!!!

333. Mirzeyeva Elnara (Baki)

SUAL: As salamu aleykum va raxmatullaxi va barakatuxu. Menim bir az uzun sualim olacaq.Evvelceden uzr isteyirem ve bir de bu saytin teshkilatcilarina oz minnetdarligimi bildirirem. Menim ehatemde insanlarin coxu tez-tez mene dini suallarla muraciet edirler. Bildiyimi onlara deyirem. amma bezen ele situasiyalar olur ki,cixilmaz veziyyetde qaliram.Xahish edirem bunlarin bir necesinde mene komek edesiniz. 1.Ilk vaxtlarda gunde 5 defe namaz qilmaq evezine 1-2 defe qilmaq olarmi? 2.Oruc zamani dozulmez mede agrilari neticesinde orucu pozmaq olarmi ve keffaresi nedir? 3. Ortunmek agir gelen, buna gore namaz qilmayan qadina, "helelik ortunme" demek olarmi? Xahish edirem bu suallara bizim cemiyyetin dini inkishafi noqteyi nezerinden yanashib cavab veresiniz. Allah cumlenizden razi olsun!

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə öz dərin minnətdarlığımızı bildiririk.
1. Xeyr, bu cür namaz qılmaq olmaz. Namazları vaxtlı-vaxtında qılmaq lazımdır. Namazlarını öz vaxtlarında qılmayanlar barəsində uca Allah belə buyurur: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar).” (əl-Məun surəsi 4-cü və 5-ci ayələr).
2. Oruc zamanı dözülməz mədə ağrıları nəticəsində orucu pozmaq olar. Lakin həmin şəxs sağaldıqdan sonra oruc tutmadığı həmin günlərin qəzasını tutmalıdır. Uca Allah buyurur: “(Oruc tutmaq) sayı müəyyən olan (bir ay) günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar...” (əl-Bəqərə surəsi 184-cü ayə).
3. Örtünmək ağır gələn və buna görə namaz qılmayan qadına “Hələlik örtünmə” demək günahdır. Bu cür qadınlara yalnız belə deyə bilərsiniz: “Allah yanında, namaz qılıb örtünməyən qadın namaz qılmayan qadından daha üstündür. Hətta bu namaz qılmayan qadın örtünsə də belə.”
Allah Bizim xalqımızı doğru yola yönəltsin! Amin!!!

332. Mirzeyeva Elnara (Baki)

SUAL: As salamu aleykum va raxmatullaxi va barakatuxu. Yuxuda Peygember (s.a.v)i gormek neye isharetdir?Yuxuda coxlu sayda goyde melek gormek neye isharedir? Qabaqcadan minnetdaram.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) yuxuda görən şəxs mütləq əvvəlcədən onun sifətləri (zahiri görünüşü) haqqında məlumatı olmalıdır. Yalnız onun sifətlərini bilən şəxs yəqinliklə deyə bilər ki, yuxuda gördüyü Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi. Onun sifətlərindən xəbəri olmayan şəxs isə heş vaxt yəqinliklə deyə bilməz ki, yuxusunda gördüyü Peyğəmbərdir. Çünki, şeytan nürani bir insan cildində həmin şəxsin yuxusuna girib ona Peyğəmbər (səllallahu aleyhi və səlləm) olduğunu deyə bilər.
Odur ki, əgər hər hansı bir şəxs Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sifətlərini bildikdən sonra yuxusunda eynilə həmin sifətlərə malik olan bir şəxsi görərsə bilsin ki, o Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) idi.
Əgər insan yəqinliklə bilsə ki, yuxusunda gördüyü Peyğəmbərimizdir (səllallahu aleyhi və səlləm) onda bilsin ki, bu yuxu onun üçün bir müjdədir. Daha doğrusunu isə Allah bilir.
O ki, qaldı mələkləri görməyə, heç kəs yəqinliklə deyə bilməz ki, yuxusunda gördüyü mələk idi.
Allah bizim hamımızı Cənnət əhlindən etsin! Amin!!!

331. konul (Baki)

SUAL: Salam . Allah orucunuzu qabul etsin. Men cox isterdim ki, oruc tutum lakin menim sehhetimde ele bir problemim var ki, bu mumkun deyil, sizce men gunaha batiram. Evvelceden minnatdaram.

CAVAB: Və aleykumus-sələm. Öncə Allahdan sizin üçün şəfa diləyirik. Allah bütün müsəlman xəstələrinə şəfa versin!
Əgər sizin xəstəliyiz xroniki (sağalmayan) xəstəlikdirsə və oruc tutmaq sizə zərər verirsə, onda orucu tərk etməli və tutmadığınız hər günün əvəzinə bir kasıb yedizdirməlisiniz. Əgər sizin xəstəliyiniz xroniki deyilsə, onda xəstə olduğunuz müddətdə oruc tutmağı tərk etməli və sağaldıqdan sonra həmin günlərin qəzasını tutmalısınız. Uca Allah buyurur: “Sizlərdən xəstə və ya səfərdə olanı varsa, başqa günlərdə eyni sayda [oruc tutmalıdır]. Buna taqəti olmayanlar isə [buraxdığı hər gününün əvəzinə] bir yoxsulu yedirtməklə fidyə verməlidirlər.” (əl-Bəqərə surəsi 184-cü ayə).
Əgər siz bu deyilənlərə əməl etsəniz onda günaha batmırsınız.
Yenə də hər şeyə qadir olan Allahdan istəyirik ki, O bütün xəstə qardaş və bacılarımıza şəfa versin! Amin!!!


330. Arif (Isvech,Langsyyttan)

SUAL: Salam aleykum.Fitreni ve gurban etini geyri muselmana (miskin olmag shertiyle) vermek olarmi?

CAVAB: Və aleykumus-sələm. Xeyr, olmaz. Çünki fitrə zəkatı Allahın verdiyi nemətlərə şükür etmək, bayram günü müsəlman kasıbları sevindirmək və oruc vaxtı yol verilmiş kiçik günahlardan təmizlənmək üçündür. Həmçinin qurban da müsəlmanlara verilir.

329. Elnara Rustamova (Baki)

SUAL: Salamaleykum.Menim 24 yashim var ve ozumde 3 aylig hamileyem. Yoldashimla munasibetimiz birden bire sebebsiz pozulub. Men hiss edirdim ki o ozun idare elemir.Dunen bir kofe ile baxan qadinin yanina getmishem. Qaynanamla munasibetimiz cox pistir. O dedei ki mene emel edibler. Men 2 gun dualar, guran oxuyuram ve xeyli ozume gelmishem. Dua caduya inanmag olar mi? Yox men agisiz deyilem, sadece olarag meni dunyalar geder seven isanin 2 gun erzinde tamam donduyunu sheytan emelinden bashga bir izah tapa bilmirem. Eger dogurdan eyleyibse men neyiniyim?

CAVAB: Və aleykumus-sələm.
Bəli sehr və cadu mövcuddur. Lakin uca Allah yalnız Onun əmrini yerinə yetirənləri bu cür şeylərdən qoruyur. (Yəni namaz qılıb səhər axşam Allahı zikr edənləri, oruc tutanları və s.) Uca Allah buyurur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə surəsi 102-ci ayə).
Əgər kiməsə sehr və ya cadu olunubsa bunu açmaq üçün cadugarın, fala baxanın və bu kimi adamların yanına getmək küfrdür. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu cür adamların yanına getməyi qadağan etmişdir. Cadunu və sehri açmaq üçün insan öncə Allahın əmrlərini yerinə yetirməli sora isə bəzi şeylərə əməl etməlidir. Əgər o Allahın əmrlərini yerinə yetirməsə cadu və sehr daima ona təsir göstərəcəkdir. Əgər yerinə yetirsə onda cadu və sehr ona təsir etməyəcəkdir.
Siz cadu və sehr açmalarını bilmək üçün Abdus-Sələm Balinin “Cadu açmaları...” kitabını alıb oxuya bilərsiniz. Həmin kitabı “Muslim shop” dükanından əldə edə bilərsiniz. Bu dükan bir çox yerlərdə fəaliyyət göstərir. Nərimanov rayonundakı “Cümə” məscidinin həyətində, beş mərtəbələr tərəfdə (Xarici İşlər Nazirliyi ilə üzbəüz) və s.
Allahdan istəyirik ki, həm sizin ailənizi, həm də bütün müsəlman ailələrini onlara qarşı edilən şərr əməllərdən qorusun! Amin!!!

328. Arif (Isvech,Langsyyttan)

SUAL: Salam aleykum.Menim sualim beledir:Xristian ve ya diger kilselerde muselmana namaz gilmag olarmi? Olarsa hansi hallarda.Eger olmazsa neye gore?

CAVAB: Və aleykumus-sələm. Allahdan diləyirik ki, vətənimizdən uzaqda olan müsəlman qardaş və bacılarımıza İslam dinini layiqincə yerinə yetirməyə kömək olsun.
1. Əgər həmin kilsə artıq fəaliyyət göstərmirsə və burada yalnız müsəlmanlar namaz qılırsa onda siz orada namaz qıla bilərsiniz. Çünki səhabələrin zamanında müsəlmanlar xristian ölkələrini tutarkən orada olan kilsələri məscidlərə çevirir və sonra orada yalnız müsəlmanlar namaz qılırdılar.
2. Əgər həmin yer hal-hazırda kilsə kimi fəaliyyət göstərirsə, onda orada namaz qılmaq olmaz, hətta orada bəzi müsəlmanlar namaz qılsalar da belə.
Uca Allah buyurur: “(Quba məscidinə və müsəlmanlara) zərər vurmar, küfr etmək, möminlər arasına təfriqə salmaq məqsədilə, əvvəllər Allaha və Onun Peyğəmbərinə qarşı müharibə edən kimsədən (gəlib onlara rəhbərlik edəcəyi təqdirdə) göz-qulaq olmaq üçün məscid düzəldən və: "Biz (bununla) yaxşılıqdan başqa bir şey istəmədik",- deyə and içənlərin (münafiqlərin) , həqiqətən, yalançı olmaları barədə Allah Özü şahidlik edəcəkdir! (Ya Rəsulum!) Orada heç vaxt namaz qılma. İlk gündən binası təqva (Allahdan qorxub pis əməllərdən çəkinmək) üzərində qurulmuş məscid namaz qılmağına daha layiqdir. Orada paklanmağı sevən insanlar vardır. Allah pak olanları (özlərini cismən təmizləyənləri, mənəvi qüsurlardan, çirkinliklərdən qorumağa çalışanları) sevər!” Öncə bu ayəni izah edək:
Başda Əbu Amir olmaqla bir qrup münafiqlər müsəlmanlara zərər vurmaq, küfr etmək və möminlər arasına təfriqə (parçalanma) salmaq məqsədilə Quba məscidinə yaxın bir yerdə məscid tikirlər. Onlar məscidi tikdikdən sonra Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldilər və ondan xahiş etdilər ki, gəlib orada bir dəfə namaz qılsın.
Həmçinin Peyğəmbərə (səllallahu aleyhi və səlləm) dedilər ki, onlar bu məscidi zəiflər və xəstələr üçün tikiblər. Peyğəmbər (səllallahu aleyhi və səlləm) Tabuk döyüşü üçün səfərə hazırlaşdığından onlara söz verdi ki, döyüşdən qayıtdıqdan sonra (inşəAllah) gəlib orada namaz qılacaq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) döyüşdən qayıdarkən Mədinəyə bir gün qalmış uca Allah ona bu ayələri nazil edərək münafiqlərin məqsədlərini ona bəyan etdi və orada namaz qılmağı ona qadağan etdi. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir qrup adam göndərdi ki, o Mədinəyə çatana qədər gedib həmin məscidi uçursunlar. Onlar da Peyğəmbərin (səllallahu aleyhi və səlləm) əmrini yerinə yetirdilər. Bütün bunlar onu göstərir ki, həmin məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilmişdir.
Odur ki, əgər hər hansı bir məscid Allaha ibadət etmək üçün deyil, əksinə, müsəlmanları parçalamaq, onlar arasına nifaq salmaq, orada küfr və şirk etmək və bu kimi Allaha asi olan əməllər üçün tikilibsə onda həmin bu məscidlə o zaman münafiqlərin tikdikləri məscid arasında heç bir fərq yoxdur və burada namaz qılmaq olmaz.
Əgər məscid sırf Allaha ibadət etmək üçün tikilərsə, lakin sonradan münafiqlər orada müsəlmanları parçalamağa çalışarlarsa, onlar arasına nifaq salarlarsa, orada küfr, şirk və bu kimi Allaha asi olan əməllər edərlərsə, onda bu məscidi o zaman münafiqlərin tikdikləri məscidlə eyni tutmaq olmaz. Çünki, bu məscid sırf Allaha ibadət etmək üçün tikilib və münafiqlər orada sonradan meydana gəlib. Necə ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) məscidi sırf təqva üzərində Allaha ibadət etmək üçün tikilməyinə baxmayaraq orada müsəlmanlar arasında fitnə fəsad törədən münafiqlər də var idi.
Əgər bütün bunları məscidlərə şamil etmək olursa, onda kilsələrin halı da o zaman tikilən həmin məscidin halına bənzəyir.
Bizə etimad edib sual verdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk. Sizdən xahişimiz budur ki, İsveçrədə olan tanıdığınız bütün müsəlmanlara bizim salamımızı çatdırasınız.


327. haciyeva aygun (baki)

SUAL: Salamaleykum! Agar insan ramazan ayi oruc tutanda hardan ela hiss etsa ki orucu pozub,ancaq pozub-pozmadigini daqiq bilmasa,masalan,tutaq ki dastamaz alanda suyun madasina gedib-getmadiyini daqiq bilmir,onda tasadufan gunah etmis olmasin deya ramazandan sonra 3 gun alava oruc tuta bilarmi?

CAVAB: Və aleykumus-sələm. Hər bir insan şübhəli olduğu şeyləri tərk edib yəqin bildiklərinə dönməlidir. O ki qaldı oruc vaxtı dəstəmaz alarkən ağıza gedən suya, bunu belə izah etmək olar:
Qəsdən bunu etmək orucu pozur. Odur ki, ağız və burunu yaxaladıqda ehtiyatlı olmaq gərəkdir. Qaldı ki istəmədən suyun boğaza getməsinə, bu nəinki orucu pozmur, heç savabına belə xələl gətirmir.
Odur ki, əgər dəstəmaz alarkən sizin istəmədən sizin boğazınıza su gedərsə həmin oruc səhihdir və onun üçün Ramazandan sonra əlavə oruc tutmaq olmaz.

326. MAMED (MAMEDOV)

SUAL: MEHEMMED PEYGEMBERIMIZ NECENCI ILDE ANADAN OLUB

CAVAB: Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) (miladi tarixi ilə 571-ci ildə) Rabiul-əvvəl ayının 12-sində həftənin 2-ci günündə anadan olmuşdur.

325. Elmir ELIYEV (XIZI RAYONU)

SUAL: Salam seher-seher oruc tutduqda seher-seher gecikdikde yemek yememek orucu pozurmu qabaqcadan tesekkurumu bildirirem sag olun.

CAVAB: Və aleykumus-sələm. Səhər yeməyini yemək şərt deyildir. Ona görə səhər yemək yeməmək orucu pozmur. Ümumiyyətlə oruc vaxtı səhər yeyilən yeməyə “Səhur” deyilir. Səhur etmək müstəhəbdir və oruc onsuz da səhih sayılır. Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Dan yeri ağarana yaxın səhur edin! Həqiqətən, səhurda bərəkət var.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Aişə və Ummu Sələmə (Allah onlardan razı olsun) rəvayət edirlər ki, “Peyğəmbər səllallahu aleyhi və səlləm dan yeri ağardıqdan sonra cənabət halında oyanar və sonra qüsl edib oruc tutardı.” (Bu hədisi də Buxari və Muslim rəvayət etmişdir.) Bu hədis onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) səhur etməmiş orucuna davam edərdi. Allah bütün müsəlmanların oruclarını qəbul etsin! Amin!!!

324. eliyev ELMIR (XIZI RAYONU)

SUAL: Salam orucluqla elaqedar 3-gun geceni sabaha qeder yuxusuz qalmaq(ehiyye gecesi)ne vaxta veayin necesine dusur xahis edirik sualmiza cavab veresiz sag olun

CAVAB: Və aleykumus-sələm. Yəqin ki sizin nəzərdə tutduğunuz gecə Qədr gecəsidir. Bu gecə Ramazan ayının son on gününün tək günlərindən birinə təsadüf edir. (Yəni 21, 23, 25, 27 və ya 29-cu gecələrindən birinə). Odur ki, siz Ramazan ayının 20-sindən 21-nə keçən gecədən başlayaraq bu tərzdə həmin gecələrdə oyaq qalıb gecə namzlarını qılmaqla, Quran və dini kitablar oxumaqla məşğul ola bilərsiniz. (Bu Noyabr ayının 3-ündən 4-ünə; 5-indən 6-sina; 7-sindən 8-inə; 9-undan 10-una və 11-indən 13-ünə keçən gecələrdir).

323. sevda (baku)

SUAL: Salam. Men ishleyirem. Ishde calishan ishcilerimizden 1 nefer her ay maash alanda bize (otaqda 2 neferik) pul verir. Biz onu mecbur etmirik, o da konullu verir. Men bilmek isterdim. Bu haramdir? Sag olun.

CAVAB: Və aleykumus-sələm. Öncə həmin şəxsin bu əməli etməkdə məqsədini bilmək lazımdır. Çünki, həmin şəxs bunu müxtəlif səbəblərdən edə bilər. Əgər bu şəxs həmin pulu hədiyyə olaraq verirsə onda bu haram deyildir. Lakin siz bu sualınızı açıqlması ilə versəniz daha dəqiq cavab cavab ala bilərsiniz. (Məsələn: Vəzifənizi, həmin şəxsin vəzifəsini, və s. bildirə bilərsiniz).

322. ()

SUAL: Assalamaleykum!!! Ononizim (el ile meni ifraz etmek) zinadirmi? Eks halda onun hokmu nedir? Teshekkurler.

CAVAB: Və aleykumus-sələm. Onanizmlə məşğul olmaq bir növ zinadır. Bunu edən şəxs Allaha tövbə etməlidir.

321. Aleskerli Rashad (Baki)

SUAL: بسم الله الرحمن الرحيم . Bizim yashadiqimiz mekan Cehennemdir?



CAVAB: Xeyr, bizim yaşadığımız məkan Cəhənnəm deyildir.

 1  2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17 18   19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111