... Bu gün dininizi sizin üçün kamil etdim,
    sizə olan nemətimi tamamladım və sizin üçün
    din olaraq islamı bəyənib seçdim ... [ Əl-Maidə, 3 ]

Əsas menü
ANA SƏHİFƏ

Xidmətlər
Azərislam barəsində dostuna xəbər ver
 
Son xəbərlərə yazıl
 

Statistika


Dost saytlar

Put k Koranu. Sayt Kuliyeva Elmira

Iravan.com


Yeniliklər
Sual-cavab arxivindən cavablanmış 312 sual.

  daha ətraflı

بسم الله الرحمن الرحيم

860. alim nuriyev (imishli)

SUAL: assalamu aleykum va rahmatullahu va barakaatu!musalman qadini yad kishi ile her hansi bir sohbet ede bilermi? hansi sohbetleri ede biler hansilari ede bilmez?

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Müsəlman qadın ona naməhrəm olan kişilərlə danışa bilməz. Yalnız zəruri səbəblər üzündən qadın ona naməhrəm olan kişi ilə danışa bilər.


859. zeki esgerov (baki)

SUAL: assalamu aleykum.gizli shirk haqqinda ne deye bilersiz? xais edirik

CAVAB: Və aleykumus-sələm.
Gizli şirk riyadır. (Yəni, hər hansı bir ibadəti (və ya əməli) etdikdə onu Allah üçün deyil, əksinə özünü kiməsə göstərmək üçün edəsən.)

858. ABDURREHIM (BAKU)

SUAL: SALAMUN ALEYKUM EZIZ GARDASHLAR. MUSELMANA 8 MART BAYRAMI KEKIRMEK OLARMI

CAVAB: Və aleykumus-sələm.
Xeyr, olmaz. Çünki bu kafirlər tərəfindən yaranmış bir bayramdır. Bu bayramı keçirən şəxs özünü kafirlərə bənzətmiş olur. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə bənzədərsə, o şəxs həmin qövmdən sayılar.”

857. ABDURREHIM (BAKI)

SUAL: SALAMUN ALEYKUM EZIZ CARDASHLAR.SIZE BIR SUALIM VAR.GEBIR USTUNDE MESCID TIKMEK OLARMI. ALLAH RAZI OLSUN .

CAVAB: Və aleykumus-sələm.
Xeyr, qəbir üzərində məscid tikmək olmaz. Bu əməl İslam dininə görə haramdır. Bu barədə saysız-hesabsız hədislər mövcuddur. Həmin hədislərin bəzisini qeyd edək:

1. Bir gün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Həbəşistanda olarkən kilsələrdə gördüyü şəkilləri xatırladıqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona dedi: “Onlar (nəsranilər) elə bir qövmdür ki, onlardan bir nəfər saleh bir şəxs vəfat edən zaman onun qəbrinin üzərində məscid tikərlər və orada həmin şəkilləri də çəkərlər. Onlar Allah dərgahında ən şərr (pis) məxluqdurlar.” (Bu hədisi Buxari 1/155; və Muslim 1/375 rəvayət etmişdir). Bu hədis onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları ən şər məxluq adlandırır.

2. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ölüm anında belə deyirdi: “Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar öz peyğəmbərlərinin qəbrlərini məscidə çevirdilər.” (Bu hədisi də Buxari 1/408; və Muslim 1/376 rəvayət etmişdir). Bu hədis də onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onlara lənət oxumuşdur. Kim də bu cür əməl edərsə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) lənəti həmin şəxslərə də gedir.

3. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ən şərr (pis) insanlar o şəxslərdir ki, Qiyamət onların üzərində qopacaq və həmçinin (ən şərr insanlar) o şəxslərdir ki, qəbrləri məscidlərə çevirirlər.” (Bu hədisi Əhməd “Müsnəd” əsərində 1/435; İbn Əbi Şeybə “Musannaf” əsərində 3/345; İbn Xuzeymə; Əbu Hətim və başqaları rəvayət etmişlər).
Bütün bu hədislər onu göstərir ki, qəbrlərin üzərində məscidlər tikmək haramdır.
Allah sizdən də razı olsun!


856. Samire ()

SUAL: salam aleyke,evvela bu sayti acanlardan Allah razi olsun.
Men bir sheyi basha dushmurem,bizim muselman baci ve qardashlarimiz niye basha dishmek istemirlerki bu sunni,shiye sohbetlerini etmek lazim deyil.Mohursuz namaz qilan goren kimi ,sen namazi mohursuz qilirsan deyib arani qizishdirirlar.Men bele hallarla cox rastlashmisham ve onlarin bu aqilsiz herekelerine tap getirmek menim ucun dozulmez hal olub.Amma cox shukler olsunki her defe men onlarin bu suallarina yerinde cavab vere bilirem ve cox uzun ceksede mubahiselerimiz men onlarin fikirlerinin bu mubahizelerinin sehf olduqunu basha sala bilirem.Her defe mubahize mohurle baqli olur,deyirlerki secde torpaqa olunmalidi ve mubahize bashlanir.Sizden isteyim budurki bu mubahizeye qisa bir sozle nece onlari basha salmaq olar.men onlara cox deliller getirdikden sonra haqsiz olduqlari bilib menden el cekirler.Qisa bir sozle men onlara ne deyim,birdaha bele bir halla rastlashsam.Allah rizasi ucun menim sualima tez bir zamanda cavablandirmaqinizi xaish edirem.

CAVAB: Və aleykumus-sələm.
Bu cür şəxslərə qısa olaraq belə cavab verin:
Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Bu ayələr onu göstərir ki, biz hər bir əməli Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi etməliyik. Çünki, uca Allah Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Ona görə də namazları da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qıldığı kimi qılmalıyıq. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) isə heç vaxt möhürlə namaz qılmamışdır. Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) ardıcılları olan səhabələrin də heç biri möhürlə namaz qılmamışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra isə bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”

Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.

855. Tarverdi (Baki)

SUAL: Salamaleykum,
Qurban bayrami ayin nechesidir?

CAVAB: Və aleykumus-sələm.
Qurban bayramı yanvar ayının 21-idir.

854. sevda (baku)

SUAL: Salam Aleykum! Bir insana edilen qargishin, ovsunun, pis bir emelin qarshisini almaq ucun Batilname duasinin movcudlugunu bilmek isterdim. Eger bu dua varsa, onda onu men bilmek isterdim. SAG olun.

CAVAB: Və aleykumus-sələm.
Xüsusi olaraq bu cür dua yoxdur. Lakin qeyd etdiyiniz həmin əməllərin qarşısını almaq üçün başqa səbəblər vardır. Həmin səbəblər bunlardır:
1. Bu cür pis əməllərin qarşısını almaq üçün ilk növbədə Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirib, qadağalarından çəkinmək lazımdır. Namaz qılmaq, oruc tutmaq və s. ibadətləri yerinə yetirmək lazımdır.
2. Səhər (sübh namazından sonra) və axşam (məğrib namazından öncə) zikrlərini vaxtlı-vaxtında oxumaq;
3. Ərəbcə əl-İxlas; əl-Fələq; ən-Nas surələrini oxumaq;
4. Ərəbcə “Kürsü” ayəsini (əl-Bəqərə surəsinin 255-ci ayəsini) oxumaq;
5. Boş vaxtlarda ərəbcə Quran oxumaq, xüsusən də əl-Bəqərə surəsini oxumaq;
..............................................................................................................................

853. turalbakuvi (baki)

SUAL: salamaleykum. ALLAH rizasi ucun sayt yaranan gundan orada na kitablar, xutbalar, maqalalar va s. olubsa hamisini manim e-mailima gondarin. ALLAH razi olsun.salamleykum.

CAVAB: Və aleykumus-sələm.
Bu barədə azerislam@hotmail.com ünvanına məlumat göndərmənizi məsləhət görürük.
Allah sizdən də razı olsun! Və aleykumus-sələm.

852. Rsa Samedov (Nuernberg (Germany))

SUAL: Asalamu Aleykum vah Rahmatullahi
Men duenen bir uyhu goermueshem ki, men namaz gilmah isteyirem (daha degig) men insanlara namazi goestermek istiyirem. Ve mene bu insanlar bu imkani vermirler, ve men onlarin uestuene gishgiriram, niye mene bele imkan verilmir. (Bele juer yuhu men birinji defe goermueshtim).
Ikinji sualda ( Hansi vergler Schiye ve Suenue namazinda var).
Choh minataram
Asalamu Aleykum vah Rahmatullahi

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Yuxu yozma elmi yalnız Yusif peyğəmbərə verilmişdir. Hal-hazırda bu elm barəsində heç kəs bir söz söyləyə bilməz. Odur ki, biz də sizin gördüyünüz yuxu barəsində dəqiq olaraq heç bir söz söyləyə bilmərik.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

851. Rsa Samedov (Nuernberg (Germany))

SUAL: Asalamu Aleykum vah Rahmatullahi vah Barakatuhu
Yeziz Gardashlar sigaret chekmek haramdir ve yahud bu guenah sayilir.
Javabiniza goere choh minataram
Asalamu Aleykum vah Rahmatullahi

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Bəli, siqaret çəkmək haramdır. Bu barədə açıq aydın dəlillər olmasa da belə, buna işarə edən bir çox dəlillər mövcuddur. Onların bəzilərini qeyd edək:
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zamanında siqaret mövcud olmamışdır. Lakin İslam dini bədənə zərər verən, ətrafdakılara əziyyət verən və malı tələf edən hər bir şeyin haramlığını göstərən ümumi dəlillər gətirmişlər.

1 – Uca Allah buyurur: “(O Peyğəmbər) onlara təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər”. (əl-Əraf surəsi 157-ci ayə). Siqaret də pis iyli, zərər verən murdar şeylərdəndir.

2 – Uca Allah buyurur: “Öz əlinizlə özünüzü təhlükəyə atmayın”. (əl-Bəqərə surəsi 195-ci ayə). Siqaret vərəm və xərçəng kimi təhlükəli xəstəliklərə düçar edir.

3 – Uca Allah buyurur: “Özünüz özünüzü öldürməyin”. (ən-Nisa surəsi 29-cu ayə). Siqaret də tədricən özünü öldürməkdir.

4 – Uca Allah şərabın və qumarın zərəri haqqında buyurur: “Onların günahları mənfəətlərindən daha böyükdür”. (əl-Bəqərə surəsi 219-cu ayə). Siqaretin zərəri mənfəətindən nəinki böyükdür, hətta onun hamısı zərərdir.

5 – Uca Allah buyurur: “(Mal-dövlətini əbəs yerə) sağa-sola da səpələmə. Həqiqətən, (malın əbəs yerə) sağa-sola səpələyənlər şeytanın qardaşlarıdır”. (əl-İsra surəsi 26, 27-ci ayələr). Siqaret mal və onun sahibi üçün israfdır.

6 – Uca Allah Cəhənnəm əhlinin yeməyi haqqında buyurur: “Onların yeməyi (zəhərdən və acı tikanlı otdan hazırlanmış) zəridən başqa bir şey olmayacaqdır. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar”. (əl-Ğaşiyə surəsi 6, 7-ci ayələr). Siqaret Cəhənnəm əhlinin yeməyi kimi nə qüvvət verər, nə də aclıqdan qurtarar.

7 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Zərər vermək olmaz, zərərə qarşı zərər də vermək olmaz”. (İmam Əhmədin rəvayət etdiyi səhih hədisdir). Siqaret onu çəkənə zərər verir, əziyyət verir və malı tələf edir.

8 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Allah sizə üç şeyi haram etmişdir: “Dedi-qodunu, malı tələf etməyi və çoxlu sual verməyi”. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Siqaret onu çəkənin malını tələf edir.

9 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ümmətimin hamısı bağışlanacaq, yalnız aşkarcasına günah edənlərdən başqa”. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Yəni Allah istəsə bütün müsəlmanların günahlarını bağışlayacaqdır, lakin siqaret çəkənlər kimi aşkarcasına günah edənləri bağışlamayacaq. Çünki onlar Allahdan qorxmadan onu açıq-aşkar çəkirlər və başqalarını da bu murdar əmələ həvəsləndirirlər.

10 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim Allaha və qiyamət gününə inanırsa qonşusuna əziyyət verməsin”. (Bu hədisi Buxari rəvayət etmişdir). Siqaret öz iyisi ilə həyat yoldaşına, övladlara, qonşulara xüsusən də mələklərə və namaz qılanlara əziyyət verir.

11 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qul (qiyamət günü) dörd şey barəsində soruşulmayınca ayaqlarını heç yerə tərpətməyəcəkdir: “Ömrü barəsində – onu nəyə həsr etdi, əməli barəsində – nə əməl etdi, malı barəsində – haradan qazandı və haraya xərclədi, bədəni barəsində – onu nəyə istifadə etdi”. (Bu hədisi Tirmizi rəvayət etmiş, Albani onu səhih hesab etmişdir). Siqaret çəkən malını özünə zərər verən və başqasına əziyyət verən haram siqaretə xərcləyir.

12 – Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Çoxu sərxoş edən hər bir şeyin azı da haramdır”. (İmam Əhəmd rəvayət etdiyi səhih hədisdir). Siqaret çəkməyən kəs çoxlu siqaret çəkərsə sərxoş olar. Yaxud elə siqaret çəkənin özü də dalbadal bir neçə qullab çəkərsə azacıq da olsa sərxoş olar. Bunları Almaniyalı bir həkim və həmçinin siqaret çəkənlərdən bəziləri təsdiqləmişdir.

13 – Yuxarıda qeyd olunan siqaretin haram olması ilə bağlı bir çox dəlillərə baxmayaraq, bəzi insanlar siqaretin haram olması ilə razılaşmırlar. Xüsusən də özlərini müdafiə edən siqaret çəkənlər. Odur ki, onlara deyirik: Əgər siqaret haram deyildirsə, onda nə üçün onu məscidlərdə və möhtərəm yerlərdə çəkmirlər? Əksinə, onu ayaqyolunda və qeyri ictimai yerlərdə çəkirlər.

14 – Bəziləri də onun məkruh olduğunu deyir. Onlara da belə deyirik: Əgər o məkruhdursa, onda nə üçün onu çəkirsiniz, axı məkruh harama halaldan daha yaxındır. Odur ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) bu hədisinə diqqət edin: “Şübhəsiz ki, halal da məlumdur, haram da məlumdur! Bunların arasında şübhəli şeylər vardır ki, bir çox insanlar onlardan xəbərsizdirlər. Kim şübhəli şeylərdən çəkinərsə dinini və namusunu qorumuş olar, kim də şübhəli şeylərə dalarsa harama girmiş olar. Necə ki, çoban (sürünü) qoruğun ətrafında otarır və az qalır ki, (heyvanlar qoruğa girib) orada otlasınlar...” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

15 – Artıq İslam insanları beş şeyi qorumağa çağırmışdır. Bu da nəfs, ağıl, mal, din və namusdur. Qeyd etmək lazımdır ki, həkimlər və alimlər siqaretin bu şeylərdən dördündə (namusdan başqa) xələl gətirməyində həmrəydirlər. O ki qaldı fəqihlərə, onlar siqaretin haram olmasına dair varid olan ayə və hədislərə etimad edir və başqa rəylər axtarmağa ehtiyac duymurlar.
Bütün bu dəlillər siqaretin haram olmasını göstərir. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.


850. Ruslan Yolcuyev (Baki)

SUAL: Cinsi əlaqədə olmadan məni ifraz etdirmək günahdırmı ?

CAVAB: Əs-sələmu aleykum.
Bu sualınızla ONANİZMİ (yəni, əl vasitəsi ilə məni ifraz etməyi) nəzərdə tutursunuzsa o haramdır. Onanizmin (istimnanın) haram olması barəsində dəlillər:

- Qurani Kərimdən dəlillər: Uca Allah Qiyamət günü nicat tapan möminlərin sifətlərini xatırlayaraq “əl-Muminun surəsində belə buyurur:
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
Uca Allah qeyd etdi ki, bundan (yəni zövcə və cariyələrdən) artığını istəyənlər həddi aşanlardır. Məlumdur ki, onanizm də bunların (zövcə və cariyələrin) heç birindən deyil. Deməli bununla məşğul olan şəxs haram iş görməklə həddini aşmış olur. Uca Allah da həddini aşanları sevmir. Uca Allah buyurur: “Allah həddi aşanları sevməz!” (əl-Bəqərə surəsi 190-cı ayə).

Onanizmin haram olmasını göstərən başqa bir ayədə uca Allah belə deyir: “Evlənməyə qüvvəsi çatmayanlar (maddi imkanı olmayanlar) Allah öz lütfü ilə onlara dövlət verənə qədər iffətlərini qoruyub saxlasınlar...” (ən-Nur surəsi 33-cü ayə). Bu ayədə uca Allah evlənməyə gücü çatmayanlara özlərini qoruyub saxlamalarını və səbr etmələrini əmr etmişdir. Əgər istimna (onanizm) caiz olsa idi uca Allah evlənə bilməyənlər üçün onu caiz edərdi.

Başqa bir ayədə də uca Allah belə buyurur: “(Ya Rəsulum!) Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini qorusunlar. Bu onlar üçün (ədəb-ərkan, təmizlik baxımından) daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır!” (ən-Nur surəsi 30-cu ayə). Bu ayədə uca Allah möminlərə əmr edir ki, öz ayıb yerlərini haramdan qorusunlar. Bu ayə də onanizmin haram olmasına dəlalət edir.

- Hədislərdən dəlillər: Subay olanlar şəhvətlərini boğa bilmirlərsə dərhal evlənməlidirlər. Əgər evlənməyə imkanları yoxdursa onda oruc tutsunlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Ey cavanlar! Sizlərdən kimin evlənməyə gücü varsa evlənsin! Həqiqətən evlənmək gözü və övrət yerini (zinadan) qoruyur. Kim də evlənməyi bacarmırsa qoy oruc tutsun! Çünki oruc onun üçün qoruyucudur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Bu hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmalarını nəsihət etmişdir. Çünki, insan oruc vasitəsi ilə haram şeylərdən, o cümlədən də zinadan və onanizmdən uzaq olur. Əgər onanizm caiz olsa idi onda Peyğəmbərimiz evlənə bilməyənlərə onu caiz buyurardı. Peyğəmbərimizin evlənə bilməyənlərə yalnız oruc tutmalarını nəsihət etməsi onu göstərir ki, onanizm haramdır.
Həmçinin onanizmlə məşğul olan şəxslər onu da düşünsünlər ki, Allah onları harada olurlarsa-olsunlar görür. Bu etdikləri əmələ görə Allahdan utansınlar. Axı Allah onların etdikləri əməllərdən xəbərdardır.

849. gulnara (baki)

SUAL: SALAM, GARSİDA GELEN YENİ İLİNİZİ TEBRİK EDİREM. DEYİRLER BU İL XORUZ USTUNDE TAHVİL OLUR VE BUNAGORE DE SUFREMİZDE TOYUG ETİ OLMAMALİDİR, BU NE GEDER DUZGUNDUR?

CAVAB: Və aleykumus-sələm.
Müsəlmanların yalnız iki bayramı, orucluq və qurban bayramları vardır. Bundan qeyri bayramları keçirmək İslam dininə müxalifdir. Həmçinin bu bayram günü bir-birini təbrik etmək də dinimizə müxalifdir. Kim bu cür əməllərlə məşğul olarsa özünü kafirlərə bənzətmiş olar. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə bənzədərsə, o şəxs həmin qövmdən sayılar.”

Kafirlərin bu cür bayramlarını keçirənlərə bir neçə sualım var.
1 – Görəsən həmin kafirlər müsəlmanların bayramı olan oruc və qurban bayramlarını biz onların bayramlarını keçirdiyimiz kimi keçirirlərmi? Əlbəttə ki, yox! Bəs nə üçün biz onların bayramlarını keçirməliyik?

2 – Bizim düşmənimiz olan ermənilər, bizim torpaqlarımızda bayram keçirirlər biz də onlarla bərabər həmin bayramı keçiririk. Ermənilərin Xocalıda, Ağdamda və s. yerlərdə etdikləri vəhşiliklər nə tez yaddan çıxdı? Hələ üstəlik onların bayramlarını da keçiririk.

Kafirlər bu cür əməllər vasitəsi ilə bizi öz dinimizdən uzaqlaşdırıb öz dinlərinə tərəf çəkirlər. Hələ mən, valeytin, paska və sairə bu kimi bayramları demirəm. Allah xalqımıza hidayət versin! Amin!!!

O ki, qaldı bu ilin xoruz, hinduşqa, ördək, ilan, qurbağa və sairə bu kimi heyvanlar üzərində girməsinə, bunların hamısı cəfəngiyatdır. Bu cür əməllər Allahın qəzəbinə gələn əməllərdəndir. Bu hətta şirk deməkdir. Yəni, bunu etiqad edən şəxslər elə düşünürlər ki, insanın başına gələn hadisələr həmin ilin nə üzərində girməsi ilə əlaqədardır. Hətta bəziləri proqnızlar da söyləyirlər ki, bu ildə nələr baş verəcəkdir. Axı qeybi (gələcəkdə olanları) Allahdan başqa heç kəs bilmir!!! Allah bu cür əməllərlə məşğul olanları əsla bağışlamayacaqdır.
Allahdan bir daha da ümmətimiz üçün hidayət diləyirik! Amin!!!

848. ilkin huseyn (Baki)

SUAL: Niya siz manim 6 ay onca gondardiyim hindistan chin va ermanistan ahalisinin dinindan asili olaraq cahannama geda bilacaklarina aid sualima cavab vermadiniz? manca bu hec da mantiqsiz sual deyil idi va burada verilan suallarin bir coxundan daha mantiqli idi. sag olun.

CAVAB: Əs-sələmu aleykum.
Bu barədə bizə heç bir sual gəlməmişdir. Güman edirik ki, sualı göndərən zaman bəzi texniki səbəblər üzündən sual çatmamışdır. Bəzən bu cür hallarla rastlaşmaq olur. Lakin biz sizin həmin sualınızı çox səbirsizliklə gözləyirik.

847. fuad (baki)

SUAL: assalamu aleykum ve rehmetullah!hormetli azerislam, ad gunu munasibati ila bishirilmish yemayi yemak olar? xahish edirem subutlara asalanib mana cevab yazasiniz! teshekkurler! assalamu aleykum!

CAVAB: Və aleykumus-sələm.
İslam dininə görə ad günü keçirmək qadağandır. Çünki, bu kafirlərin (nəsranilərin) əməlidir. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) özünü kafirlərə bənzətməyi qadağan etmişdir. Kim ad günü keçirərsə özünü xristianlara bənzətmiş olar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə bənzədərsə, o şəxs həmin qövmdən sayılar.”

Bu hədis onu göstərir ki, kim ad günü keçirərsə özünü xristianlara bənzətmiş olar.
Həmçinin ad günü keçirmək caiz olsa idı Peyğəmbər (səllallahu aleyhi və səlləm) özü 23 il ərzində bir dəfə də olsun ya özünün ya da yaxın adamlarının ad gününü keçirərdir. Lakin o bu cür əməl etməmişdir.
Ad günündə bişirilən yeməklərdən istifadə etməyə (yeməyə) gəlincə bunu iki qismə bölmək olar:

Birinci: Ad günündə iştirak edib orada bişirilən yeməklərdən yemək qadağandır. Çünki, bu zaman onların etdikləri əməlləri təsdiq etmiş və bu əməllərə siz də müvafiq olmuş olursunuz. Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ömər ibn Xattab (Allah ondan razı olsun) demişdir: “Allahın düşmənlərinin bayramlarında iştirak etməkdən çəkinin.” (Bu hədisi Beyhəqi “Sünənul-kubra” əsərində 9/234 rəvayət etmişdir).

İkinci: Ad günündə bişirilən yeməkləri həmin gündə deyil, başqa günlərdə yemək isə məkruhdur (bəyənilmir). Yəni, hamin gündə bişirilən yeməklərdən sizə verərlərsə, onda onu yemək məkruhdur. Lakin bir şərtlə ki, xüsusən həmin gün üçün kəsilən heyvan əti olmasın. Əgər yeməyin içində həmin gün üçün kəsilən heyvan əti olarsa onda onu yemək qadağandır. Bir nəfər qadın Aişədən (Allah ondan razı olsun) soruşur: “Bizim məcusi (oda sitayiş edən) qohumlarımız var. Onlar bəzi bayramlar keçirirlər və (həmin bayramlarda bişirdiklərindən) bizə hədiyyə verirlər. (Biz onlardan yeyə bilərikmi?)” Aişə (Allah ondan razı olsun) dedi: “Həmin gün üçün kəsilən heyvanların ətindən yeməyin, lakin (onların gətirdikləri) başqa bitkilərdən yeyin!” (Bu hədisi İbn Əbi Şeybə “Musannaf” əsərində (8/87; 4423-cü hədis) rəvayət etmişdir).
Qeyd etdiyimiz hər iki hədisə bənəz hədislər çoxdur. Bu hədislərin hamısı da yuxarıda izah edilənlərə dəlildir.
Və aleykumus-sələm.

846. Ceyhun (Baki)

SUAL: salam eleykum Azerislamlilar. Menim birce sualim var .
indi televizorlarda yeni verlisler cixib meselen sir qapisi, ve ya boyuk bulusma. burada kim pislik edirse allah onu cezalandirir. bes indi men ele adamlar taniyiramki milyadersi , amma yaxsi adam deyil bes allah niye elelerini cezalandirmir. amma onlara pul,var-dovlet verir. bezilerini is ac qoyur. ve birdeki here cenete ketmek imtahanini bir cur danisir biz onlara inanaq. diqqetinize gore minnetdaram.

CAVAB: Və aleykumus-sələm.
Televiziyada gedən bu cür verilişlərin hamısı yalandır.
Uca Allah insanları pislik etdiklərinə görə dərhal cəzalandırmır. Əgər belə olsa idi yer üzərində bir nəfərdə qalmazdı. Çünki, xətasız insan yoxdur. Uca Allah buyurur: “Əgər Allah insanları zülmləri üzündən cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ buraxmazdı. Lakin (Allah) onlara müəyyən müddət (ömürlərinin sonunadək) möhlət verər. Əcəlləri gəlib çatdıqda isə (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçə bilərlər.” (ən-Nəhl surəsi 61-ci ayə).

Allah kimə nə qədər ruzi verəcəyini Öz əzəli elmi, ilahi hikməti ilə çox gözəl bilir. Bəndələr içərisində eləsi vardır ki, var-dövləti artıq olsa, xalqa əziyyət verər, hər şeyi, Allahı belə danar; eləsi də vardır ki, güzəranı bir qədər pisləşsə, yer üzündə fitnə-fəsad törədər, özgə malına əl uzadar. Ona görə də Allah istədiyinə az, istədiyinə də çox ruzi, mal-dövlət verir. Uca Allah buyurur: “(Ya Peyğəmbər!) De: "Rəbbim istədiyinin ruzisini artırar və (istədiyininkini də) azaldar. Lakin insanların əksəriyyəti (bunu) bilməz!” (Səbə surəsi 36-cı ayə).

Başqa bir ayədə də belə buyurur: “Məgər onlar hələ də bilmirlərmi ki, Allah istədiyinin ruzisini artırar, (istədiyininkini də) azaldar. Həqiqətən, bunda iman gətirən bir qövm üçün ibrətlər vardır! (əz-Zumər surəsi 52-ci ayə).
Əgər uca Allah bütün insanlara bol ruzi versə idi onlar günah etməklə hədlərini aşardılar. Bu barədə də uca Allah belə buyurur: “Əgər Allah (bütün) bəndələrinə bol ruzi versəydi, onlar (günah etməkdə) yer üzündə həddi aşardılar. Lakin O (Öz bəndələrinə) istədiyi qədər (birinə az, birinə çox) ruzi göndərir. Allah öz bəndələrindən xəbərdardır, (onları) görəndir!” (əş-Şura surəsi 27-ci ayə).

Odur ki, uca Allahın kafirlərə də bol ruzi verməsi sizi təəccübləndirməsin. Uca Allah buyurur: “(Ya Peyğəmbərim! Münafiqlərin) nə malları, nə də oğul-uşağı səni təəccübləndirməsin. Allah onlarla ancaq münafiqlərə dünyada əzab vermək, kafir olduqları halda, canlarını almaq istər.” (ət-Tövbə surəsi 55-ci ayə).
Digər bir ayədə də belə buyurur: “Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara (münafiqlərə) ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının (çətinliklə) çıxmasını istər.” (ət-Tövbə surəsi 85-ci ayə).
Bütün bunlar Allahın Öz bəndələrinə ruzi verməkdə ədalətli olduğunu göstərir.

845. Solmaz (Bakı)

SUAL: Bu il Qurban Bayramı hansı tarixdæ bayram edilæcæk

CAVAB: Əs-sələmu aleykum.
Qurban bayramı bu il yanvar ayının 21-nə təsadüf edir.

844. Tural (Baki)

SUAL: Salamu aleykum. Size qisaca bir az oz yasham terzimin bir pacasi olan qizlara munasibetim haqda, yeni semimi bir munasibetim haqda demek isteyirem.
Ve bilmek isteyirem ki buna "Islam"da nece baxilir?.
Ushaqliqdan beri mende bir nece qiza qarshi semimi bir sevgi hisleri oyanib. Sozsuz sevgimde axra qeder olub. Nedense ayrilmishiq. Daha duzgun desek qismet olmayiblar. Indide bir qiza, mende yuksek sevgi hisleri oyanib. Yene fikrim ciddi ve semimidi. Birdeki men payetik yashayiram. She`rin ve gozel yazilarin vurgunuyam. Herden ozumde yaziram she`r ve sair. He bilmek islerdim bu nedi mende, men belemi yaradilmisham yoxsa "aglimi hislerime qurbanmi verirem"?

CAVAB: Və aleykumus-sələm.
İslam dini naməhrəm qadınlarla danışmağı, onlara baxmağı qadağan edir. Evlənmək məqsəri ilə qadına yalnız bir dəfə, öz evlərində ata-anasının qarşısında necə geyinirsə o vəziyyətdə baxmaq olar. Əgər qadın kişinin xoşuna gələrsə onda həmin qadınla evlənməsini qərar verir. Kişi qadının qalan xasiyyətlərini isə özünə məhrəm olan anası, bacısı və s. qadınlar vasitəsi ilə öyrənə bilər. Əgər İslam dininin bu qaydalarına riayət etsəniz yuxarıda qeyd etdiyiniz hallarla rastlaşmazsınız. Əks halda isə insan nə qədər axtarsa da belə, ideal bir qadın tapa bilməyəcəkdir. Çünki, hər bir qadının çatışmayan cəhətləri vardır.
Sizə, ailə həyatı qurmaqda Allahdan müvəffəqiyyətlər istəyirik!

843. Nicat ()

SUAL: SALAM dostum bu ishle meshgul olub (perma ifraz etmek ).o bilmirdi bu haram dir ve indi bildi .bu gunahdirmi .Birde bu ishle meshgul olmayacaq

CAVAB: Və aleykumus-sələm.
Əgər həmin şəxs bunu bilməyərəkdən (yəni, həmin əməlin haram olduğunu bilmədən) edibsə, onda uca Allah bu günaha görə onu bağışlayar.

842. Shamxal (Baki)

SUAL: Salam elekum siza sualim var safarda biliramki 4 rukatli namazlarin iki rukati qisalir man Balka bir vaxt safara cixsam yani har bir naqliyat vastasila va namazin vaxti catsa har bir naqliyat vastasila demakla yani tayyara qatar aftobus va gami va bularin harakat zamani icinda oturaq vazyatda namaz qilmaq olarmi olarsa qiblaya natar diyanaq Qiblaya durmasaq namaz batil olarmi

CAVAB: Və aleykumus-sələm.
Minik vasitələrində fərqli olaraq səfər namazları müxtəlif formalarda qılınır.
Əgər avtobusla gedirsinizsə, onda namazlarınızı avtobus ara-bir fasilə verən zaman qılırsınız. Çünki, əksər avtobuslar bir neçə saat getdikdən sonra fasilə verirlər. Bu zaman da namazları ayaq üstə qılmaq lazımdır.
Əgər qatarla, təyyarə ilə və ya gəmi ilə gedirsinizsə və səfərin müddəti uzundursa, belə ki, namazların vaxtı çıxa bilər, onda həmin namazları həmin minik vasitələrində qılırsınız. Bu zaman qibləni təyin etmək mümkündürsə, onda namazı üzü qibləyə tərəf qılırsınız. Əgər qibləni təyin etmək mümkün deyilsə, onda üzünüzü minik gedən istiqamətə tutub namaz qılırsınız. Səfərin müddəti qısa olarsa, belə ki, namazların vaxtı çıxmayacaqsa, onda həmin namazları getdiyin yerdə qılmalısınız.

841. cavid (baki)

SUAL: assalamualaikum,
evvelki cavablara gore chox teshekkur edirem ,allah sizden razi olsun!
indi sualim beledir : dogrudur ki ,namaz gilan kishiler prstatit ,ya adenoma xesteliyine tutulmurlar ?
evvelceden teshekkur edirem

CAVAB: Və aleykumus-sələm.
Bu doğru deyildir.

840. Cemil Aliyev (Baki)

SUAL: Peygemberimiz (s.a.v) sefer vaxti hansi dualari edib?

CAVAB: Əs-sələmu aleykum.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) səfərə çixan zaman bu duanı edərdi: “Allahummə! İnnə nəsəlukə fi səfərinə həzə əl-birra vət-təqva və minəl-aməli mə tərda! Allahummə! Həvvin aleynə səfəranə həzə və-tvi annə bu'dəhu! Allahummə! Əntəs-sahibu fis-səfəri vəl-xaliyfətu fil-əhli! Allahummə! İnniy əuzu bikə min vuasəəs-səfəri və kəəbətil-mənzari və suil-munqaləbi fil-məli vəl-əhli.” (Bu hədisi Muslim 2/998 rəvayət etmişdir).

Duanın tərcüməsi: “Allahım! Biz bu səfərimizdə Səndən yaxşılıq, təqva (Allah qorxusu) və razı qaldığın əməl (etməyi) istəyirik! Allahım! Bu səfərimizi bizim üçün asanlaşdır, onun uzaqlığını bizə bildirmə! Allahım! Səfərdə bizə yoldaş, ailəmizə də hami Sənsən! Allahım! Yol yorğunluğundan, kədərli mənzərədən, mal və ailədə pis hadisədən sənə sığınıram!”

839. Cemil Aliyev (Baki)

SUAL: Salam Aleykum. Sefer namazlari haqqinda melumat isteyirem. Namazlari birlesdirmek vacibdirmi?
Cox sagolun.

CAVAB: Və aleykumus-sələm.
Uca Allah buyurur: “Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah hesab edilməz.” (ən-Nisa surəsi 101-ci ayə).
Səfərdə namazları qısaltmaq və cəm şəkildə qılmaq uca Allah tərəfindən verilmiş rüxsətdir. Bilərəkdən səfərdə namazları tam qılmaq məkruhdur (bəyənilmir), cəm şəkildə qılmaq isə sünnədir. Yalnız yerli sakinlərdən olan imamın arxasında namaz qılan müsafir imama tabe olaraq namazını tam qılmalıdır.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi.” (Bu hədisi Buxari rəvayət etmişdir, 1107-ci hədis).
Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vaxtından İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Mən Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Əbu Bəkrə (Allah ondan razı olsun), Ömərə (Allah ondan razı olsun) və Osmana (Allah ondan razı olsun) yol yoldaşı oldum. Onlar səfərdə olduqları müddətdə namazları iki rükətdən artıq qılmazdılar.” (Bu hədisi Buxari 1102; və Muslim 1577 rəvayət etmişlər).

Yalnız dörd rükətli namazlar iki rükət qısaldılmış şəkildə qılınır. Məğrib namazı isə tam üç rükət olaraq qılınır.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Mən Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səfərdə Məğrib namazını üç rükət qıldığını və təxirə saldığını gördüm…” (Bu hədisi Buxari rəvayət etmişdir, 1092-ci hədis).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsini araşdırıb, onun (səllallahu aleyhi və səlləm), müsafirə iki rükət namaz qılmağı buyurduğunu, səfər üçün nə məkan nə də üç, ya dörd, ya on iki, ya da on beş gün məhdudlaşdırmadığını görən hər bir şəxs səfərdə namazı qəsr etməlidir (qısaltmalıdır). Necə ki sələfdən (keçmiş nəsildən) bunu edənlər olub. Müsəlmanlar “Nəhavənd” – də altı ay namazlarını qəsr ediblər. El arasında səfər hesab olunan məsafədə səfər namazı qılmaq caizdir.

838. elnur ()

SUAL: Mubahise etmek haramdirmi?

CAVAB: Əs-sələmu aleykum.
Mübahisə iki qismdir:
1) Haqqı üzərə çıxarmaq üçün edilən mübahisə. Bu cür mübahisə caizdir.
2) Kimisə susdurmaq (bağlamaq) üçün edilən mübahisə. Bu cür mübahisə isə caiz deyildir.

837. nergiz ()

SUAL: ruhu kameraya chekmek mumkundur?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, bu mümkün deyildir!

836. Bəxtiyar Abdulla (Sumqayit)

SUAL: Assalamaleykum Sünne eqidesine göre sige haramdir. Quranda da 4 arvad almaga icaze vardir. Peygemberin 9 ve ya 11 arvadi olub. 4 arvaddan sonrakilar onun neyi sayilibdir. Allah haminizdan razi olsun. Assalamaleykum

CAVAB: Və aleykumus-sələm.
Bəzi əməllər vardır ki, onlar yalnız Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) aiddir. Məsələn: Gecə namazı qılmaq Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) üçün vacib idi. Lakin bu əməl başqa müsəlmanlara vacib deyildir. Uca Allah Peyğəmbərə (səllallahu aleyhi və səlləm) əmr edərək buyurur: “Ey (libasına) örtünüb bürünən (əbasına bürünüb yatan Peyğəmbər)! Gecəni - az bir hissəsi istisna olmaqla - qalxıb namaz qıl!” (əl-Muzzəmmil surəsi 1-ci və 2-ci ayələr).

Həmçinin 4-dən çox qadınla evlənmək yalnız Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) aid idi. Yəni Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) evləndiyi həmin qadınların hamısı onun zövcələri idi. Digər müsəlmanlara isə eyni zamanda 4 qadınla evlənməyə icazə verilmişdir. Uca Allah bu barədə buyurur: “...Xoşunuza gələn [halal] qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər [alacağınız qadınlarla] ədalətlə dolanmayacağınızdan qorxsanız, onda [həmin qadınlardan] biri ilə yaxud öz əllərinizin mənimsədiyi [cariyə] ilə [kifayətlənin]. Bu, haqsızdıq etməməyə daha yaxındır.” (ən-Nisa surəsi 3-cü ayə).
Siğə məsələsinə gəlincə onu deyə bilərik ki, bunu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qadağan etmişdir. Əli (Allah ondan razı olsun) demişdir: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) Xeybər günü siğəni və ev eşşəyinin ətini yeməyi haram etdi!”

Əhli sünnə mənbələrində (“Səhihul Buxari” 5115; “Səhih Muslim” 3417)
Şiyə mənbələrində (Tusinin “əl-İstibsar” əsəri 3-cü cild, səh. 142; Amilinin “Vəsailuş-Şiə”, 21-ci cild, səh. 12)
Cəfər əs-Sadiqdən siğə barədə soruşduqda demişdir: (عندنا إلا الفواجر ما تفعله) “Bizim aramızda bunu ancaq günahkarlar edər!” (Məclisinin “Biharul Ənvar” əsəri 100-cü cild, səh. 318 )
Bizə elə gəlir ki, sizin bu rəvayətlərdən məlumatınız yoxdur.
Ümumiyyətlə siğə barəsində ətraflı məlumat almaq üçün saytımızın “Forum” bölümündəki “Qaynar mövzular” qisminin “Müzakirəsi başa çatmış mövzular” hissəsinə nəzər sala bilərsiniz. Siz bu hissədə “Müvəqqəti nikah və ya siğə nədir” mövzusuna nəzər salmaqla siğə haqqında geniş məlumat ala bilərsiniz.

Qeyd: Bu mövzu 5 səhifədən ibarətdir. Siz bütün səhifələrə nəzər salsanız siğə barəsində geniş məlumat ala bilərsiniz. Həmçinin birbaşa aşağıda qeyd olunan səhifəyə də nəzər sala bilərsiniz.
https://www.azerislam.com/forum/viewtopic.php?t=64&postdays;=0&postorder;=asc&start;=30
Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

835. rasad (baku)

SUAL: qirmizi koynak geyimak olarmi?

CAVAB: Əs-sələmu aleykum.
Xeyr, kişilərə qırmızı köynək geyinmək olmaz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bir dəfə səhabələrdən birinin əynində qırmızı paltar gördü və dedi: “Bu kafirlərin paltarıdır. Onu geyinmə!” (Bu hədisi Muslim, Nəsai və başqaları rəvayət etmişdir).

834. Khayal Azizov (Baki)

SUAL: As-salam aleykum.Qardashlar men bilmek isterdim ki, mezheb ile gedenlere
(yeni teqlid edenlere) ehli sune demek olarmi.Mence olar.
Allahin rehmeti ve bereketi uzerinize olsun.

CAVAB: Və aleykumus-sələm.
İslam dinində müəyyən bir məzhəbə tabe olub, diğərlərini rədd etmək düzgün deyildir. Ümumiyyətlə məzhəbçiliyə yol vermək şəriətə müxalifdir. Həmçinin Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) başqa istənilən müəyyən bir şəxsə təqlid etmək də düzgün deyildir. Çünki, məzhəbçiliyə və ya təqlidə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bunlar olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).

Axı uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).

Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).

Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin. (Amin). Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Elmsiz olaraq təqlid edənlərə isə əhli-sünnə (yəni, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) sünnəsini, hədislərini yerinə yetirən şəxs) demək olar. Çünki, onlar bu cür əməlin qadağan olunmasını bilmirlər.
Allah bütün müsəlmanları doğru yola yönəltsin.

833. RAQIL TAQIYEV (BAKI)

SUAL: SELAM BEN BILMEK ISTERDIM KI , QURAN NE UCUN FARSCA EREBCE OKUNUR OLMAZ KI, AZERICE OKUNSUN . BIRDA ZEHMET OLMAZSA SIZLER CENUB ZONASINA BIR BAS CEKI CUNKI IRANLILAR ONLARIN BASINA ISLAMI MOVUMATLA YERIDIB.
COX SAQ OLUN

CAVAB: Və aleykumus-sələm.
Qurani Kərim ərəbcə nazil olub və yalnız ərəbcə oxunmalıdır. Çünki onu başqa bir dildə oxuduqda həmin mənanı vermir. Ona görə də bəzi tərcümələrdə bir-birinə zidd olan ayələrə rast gəlirsən. Lakin mənasını dərk etmək üçün Qurani Kərimin Azərbaycan dilində olan tərcüməsini oxumaq yaxşı olardı. Biz Quranı yalnız ərəbcə oxumaq dedikdə, onu namazda, zikrlərdə və bu kimi məqamlarda oxumağı nəzərdə tuturuq.

832. adsiz (baki)

SUAL: Es salamu aleykum va rehmetullahi ve berekatuhu. Sizi narahat etdiyime gore cox uzr isteyirem. Sizin cavabiniza cox ehtiyacim var. Men namaza teze baslamisam,hele 1 ayi tamam olmayib,momin olmaga cox calisiram, hemise namazda da dua edirem ki, eger olmesem,aile heyati qursam, yalniz ve yalniz Allaha ibadet eden 1 ile qurum,
Bu yaxinlarda ise 1 turk vetendasi mene oz sevdiyini bildirib, namaz qilmagimi esidince sevinib, amma ozu namaz qilmir. meni buraxmaq fikri yoxdur, men ise ona yox cavabi vermisem, terbiyelidir, Allaha inanir, Men ise cas-bas qalmisam,bilirem ki, Allah meni sinaga cekir, gorum men oz fikrimde tutdugum fikre sadiq qalacam, yoxsa ailesi melum olmayan ve ya niyyeti de bilinmeyen 1 yoldan kecenin seni sevirem deyib birisine aldanacam? Onun niyyetini bilmirem. belke o da 1 gun Allahin komeyile hidayet yoluna geler? Elbete Allah bilen meslehetdir. Sadece olaraq 1 sey de var ki, burda bu vetendaslarinin azerbaycan qizlarinin baslarina getirdiyi oyunlari esitimisik, gormusuk,hamisina samil etmirem. Sizin cavabiniza heqiqeten ehtiyacim var. Axi o,ibadet etmir?

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Sizə məsləhətimiz budur ki, Allaha ibadət edən və çox yaxşı tanıdığınız mömin bir şəxslə ailə həyatı qurasınız. Çünki, mömin şəxs başqalarından daha xeyirlidir. Uca Allah buyurur: “Allaha şərik qərar verən (Onu inkar edən) qadınlar imana gəlməyincə onlarla evlənməyin! Əlbəttə, Allaha iman gətirmiş bir cariyə, gözəlliyinə heyran olduğunuz bir müşrik bir qadından daha yaxşıdır. Həmçinin müşrik kişilər Allaha iman gətirməyənə qədər mömin qadınları (onlara) arvadlığa verməyin! Əlbəttə, Allaha iman gətirən bir kölə camalına məftun olduğunuz müşrik bir kişidən daha xeyirlidir. Onlar (müşrik qadınlar və kişilər) sizi Cəhənnəmə çağırdıqları halda, Allah sizi Öz izni ilə Cənnətə, məğfirətə (bağışlanmağa) çağırır və yaxşı düşünüb ibrət almaları üçün insanlara hökmlərini aydınlaşdırır.” (əl-Bəqərə surəsi 221-ci ayə).

831. Abdurrehim (baku)

SUAL: assalamu aleykum ve rehmetullah. Bir sualimda var Bilmek isterdim ki, 8 mart qadinlar bayramini qeyd etmek olarmi? Sag olun.

CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Xeyr, bu bayramı qeyd etmək olmaz. İslam dinində yalnız iki bayram vardır. Orucluq və qurban bayramları.

 2  3  4  5  6  7  8  9  10  11  12  13  14  15  16  17  18  19  20  21  22  23  24  25  26  27  28  29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111