SUAL: Assalemu-aleykum.
Orucluqda ve meherremlikde kosmetikadan (dodaq boyasi ve etir) istifade etmek olarmi?
CAVAB: Və aleykumus-sələm.
Bəli, olar.
559. Habil (Baki)
SUAL: Assalemu-aleykum.
Menin size 2 sualim var.
1. Qusulsuz veziyyetde dua etmek ve kalmeyi-sehadeti demek olarmi?
2. Qusulsuz veziyyetde geyinilmis paltari qusulu tokdukden sonra, amma paltari yumamis geyinmek olar? Evvelceden tesekkur edirik.
CAVAB: Və aleykumus-sələm.
1. Bəli, qüsulsuz vəziyyətdə dua etmək və kəlmeyi-şəhadəti demək olar. Çünki, bunlar Quran ayələri deyildir.
2. Bəli, qüsulsuz vəziyyətdə geyindiyiniz paltarı qüsul aldıqdan sonra da geyinə bilərsiniz.
558. Mus'ab (baki)
SUAL: esselamu aleykum ve rahmetullah menim bele bir sualim var men bir neche muddet bundan evvel sol xayamdan zede almishdim. mualicesinin ustune dushmedim diye o tedricen xirdalashdi indi ise mualice olunuram . hekim de diyir ki , sagalmasi uchun sen en azi 2 hefteden bir el yolu ile sperma getirmelisen. ne deyirsiz bunun hokmu nedir ? hekim deyeni edimmi goresen? yoxsa etmeyim gunah olar?
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi bərakətuhu.
Əgər bu cür xəstəliyin başqa bir müalicəsi yoxdursa, onda həkimin dediyinə riayət edin. Çünki, bu zəruri səbəbdir. Lakin qeyd edək ki, həmin həkim etibarlı və öz sənətində mahir olmalıdır. Əks halda isə ona tabe olmaq olmaz.
557. vuqar (baki)
SUAL: namaz esnasinda 2 ve 3 cu ruketde olub olmadiqini sekk etse ne etmelidir
CAVAB: Əs-sələmu aleykum.
Bu zaman insan yəqin bildiyi 2-ni qəbul edib onun üzərinə qalan rükətləri tamamlamalıdır.
556. S.R. (Sumqayit)
SUAL: Esselamu Aleykum!
1)Bildiyime gore Islamda elle resm(ruhu olan)cekmek haramdir,amma mencun maraqlidir,goresen hamimizin cox istifade etdiyimiz fotoaparatla,videokamera ve s. ile insani ve qeyrilerini cekmek de haramdir?
2)Sizin cavablardan oxuduguma gore olu ucun Quran oxutdurmaq olmaz.Bilmek isterdim ki,olu ucun yasin nece,oxutdurmaq olar ya yox?
3)Men oruc tutur,namaz qiliram(1 ile yaxin),lakin Qurani(tercumeni)heleki oxumamisam,sizce bu boyuk bir gunah deyil ki?
Evvelceden size oz tesekkurumu bildirirem!
CAVAB: Və aleykumus-sələm.
1. Fotoaparatla və videokamera ilə də ruhu olan canlıların şəkillərini çəkməyin hökmü əllə çəkməyin hökmü ilə eynidir. Yəni, bu cür də şəkil çəkmək olmaz.
2. Yasin surəsi də Qurani Kərimdən sayıldıqı üçün ölü üçün onu oxumaq da düzgün deyildir.
3. Bu böyük günah deyildir. Lakin sizə bir sual vermək istərdim: Əgər sizə Amerikada yaşayan vəzifəli bir şəxsdən (məsələn bir nazirdən) ingilis dilində məktub gələrsə siz onu tez tərcümə etdirib oxumağa tələsərsinizmi? Xahiş edirik bu sualı özünüzə verin və bu barədə dərin düşünün.
Əgər bu cür adi bir insanın məktubunu oxumaq üçün insan özünü ora-bura çalarsa, onda nə üçün aləmlərin rəbbi olan Allahın məktubu Qurani Kərimi oxumaq üçün insan belə can atmamalıdır. Həqiqətən insan öz Rəbbinə qarşı çox nankordur. Onun göndərdiyi kitabı layiqincə qiymətləndirmir.
555. Namiq (Sumqayit)
SUAL: Va salam alekum va rahmatullahi va barakatuhu.
Mene Bankda ish teklif edibler, men bilmek isteyirem, eger orda pul faize verilirse (ozum verib-goturmesemde) men orda ishleye bilerem yoxsa yox.
Va salam alekum va rahmatullahi va barakatuhu.
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
Xeyr, bu cür banklarda işləmək haramdır. Çünki, sizin maaşınız faizdən verilir. Həmçinin sizin özünüz də həmin bankda işləməklə onların etdikləri haram əmələ kömək etmiş olursunuz.
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
554. ()
SUAL: Esselamu eleykum bagishlayin movzudan kenara cixiram ancaq sualim budu
Olar bezi materiallardan istifade edim
CAVAB: Və aleykumus-sələm.
Bəli, olar!
553. NICAT (BAKI)
SUAL: ASSELAMU ELEYKUM kiminse suabina oruc tutanda ve yaxud namaz qilanda ne demek lazimdir?
CAVAB: Və aleykumus-sələm.
Heç bir şəxsin əvəzinə oruc tutmaq olmaz. Yalnız boynunda qəza orucları qalaraq vəfat etmiş şəxsin əvəzinə həmin orucları tutmaq olar. Bu zaman heç bir şey demək lazım deyil. Həmin orucu tutan şəxs bunu yalnız qəlbindən keçirməlidir. Çünki niyyətin yeri qəlbdir.
Namaz qılmağa gəlincə qeyd etmək lazımdır ki, heç bir şəxsin əvəzindən namaz qılmaq olmaz.
552. Leyli (Baki)
SUAL: Bismillahir-Rahmani-Rahim.
Assalamu aleykum.
Sualim beledir. Namazi eli bagli (yani sinede burleshdirmek) gilmag Mustehebdir? Men bildiyime gore Peygamberimizin s.a.s vaxtinda Namaz eli acig gilinib, Xalife Omerin vaxtindan elleri namazda bagli saxlamag musteheb buyrulub.Onceden teshekkur edirem.Tebii ki, SubhanALLAH neyin duz,neyin sef oldugun bilir.Allah hamimizi inshallah hidayet etsin.Amin,ya Rabbal alemin.
CAVAB: Və aleykumus-sələm.
Əksinə Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir). Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari rəvayət etmişdir). Ümumiyyətlə bu cür hədislər çoxdur.
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) əksinə olaraq, heç zaman əli açıq namaz qılmamışdır. Əgər belə bir səhih rəvayət varsa xahiş edirik həmin hədisi mənbəyinə isnad edərək bizə yazıb göndərəsiniz.
Sizə bir sualımız var: Əgər əli bağlı qılmağı Ömər (Allah ondan razı olsun) əmr etmişdirsə, nə üçün imam Əli (Allah ondan razı olsun) buna razılıq vermiş (etiraz etməmiş) və hətta öz xilafəti dövründə əli açıq qılmaq hökmünü bərpa etməmişdir?
Həmçinin sizdən xahiş edirik ki, heç olmasa imam Əlinin (Allah ondan razı olsun) əli açıq namaz qılması barəsində bir səhih hədisin mənbəyini bizə yazıb göndərəsiniz. Əlbəttə ki, bu barədə səhih hədis yoxdur.
Allah hamını haqqı eşidib dərhal ona əməl edənlərdən etsin! Amin!!!
551. Sənan Şahbazov (Siyezen)
SUAL: necə min peyğəmbər var ?
CAVAB: Əs-sələmu aleykum.
Bəzi rəvayətlərdə gəlmişdir ki, 124 min peyğəmbər olmuşdur. Lakin bu rəvayətin səhih olması barəsində qəti bir fikir söyləyə bilmərik.
550. ()
SUAL: Salam bu suali man sizin verdiyiniz cavabdan sanra vermayi qarara aldim
Peygambarin hadisi vardir ki kifr etmaya talasmak lazim deyil ona gora da har kasa kafir demak duzgun deyil 2.harda yazilib ki namaz qilmaq istamayanin orucu qabul olmaz har bir shey Allahin amri iladir magar har bir oruc tutub namaz qilan cannata daxil olmaga nail olacaq? bu amallar kifayat deyil (fikrimca)
CAVAB: Və aleykumus-sələm.
Biz heç bir yerdə deməmişik ki, namaz qılmayanın orucu olunmur. Xahiş edirik ki, bizim cavabları bir daha diqqətli oxuyasınız. Bizim cavab belə olmuşdur:
Namaz qılmayan şəxsin oruc tutub-tutmamasına gəlincə bu məsələni iki hissəyə bölmək gərəkdir:
- Namazın gərəksiz olduğunu etiqad edən şəxs kafirdir və oruc tutmağının heç bir faydası yoxdur; Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşduqda o demişdir: “Bizimlə onların (kafirlərin) arasında olan əhd namazdır. Hər kim onu tərk etsə, küfr etmiş olar.”
- Səhlənkarlıq ucbatından namazı tərk edən şəxsin orucunun qəbul olub-olunmaması isə Allaha aiddir.
Cavaba bir daha diqqətlə nəzər salın! Namazı boş şey hesab edən, yəni onu gərəksiz hesab edən şəxs kafirdir. Çünki həmin şəxs Allahı əmrini heç nə sayır və onu boş şey hesab edir. Odur ki, bu cür şəxslərin orucunun heç bir faydası yoxdur. Lakin namazı vacib sayan, onu gərəkli hesab edən, amma səhlənkarlığı üzündən namaz qılmayan şəxsin orucunun qəbul olunub-olunmaması barəsində biz qəti bir hökm verməmişik. Biz bu hökmü Allaha həvalə etmişik. Yəni bu cür orucun qəbul olub-olunmaması Allaha aiddir. Xahiş edirik cavabları diqqətli oxuyasınız.
Qeyd etdiyiniz hədis barəsində isə bizim məlumatımız yoxdur. Əgər həmin hədisin mənbəyini (yəni hansı hədis kitabında yazılmasını) bizə göndərə bilsəydiniz çox məmnun olardıq.
549. sexavet huseynov (tovuz)
SUAL: Salam Aleykum ,kecen il RAMAZAN ayinda qalan oruc lari nece tutmaq olar. Yeni 2003 ilde olan qezalari.
CAVAB: Və aleykumus-sələm.
Keçən ilin Ramazan ayından qalan orucları bu il mütləq tutmalısınız. Əgər həmin orucları bu Ramazan ayına qədər üzürsüz səbəbdən tutmamısınızsa bununla bərabər əlavə olaraq həmin günlərin sayı qədər kasıb da yedizdirməlisiniz.
548. Nicat (Baki)
SUAL: Esselamu Eleykum! nece yashdan namaz ve oruc tutmaq olar (oglanlar ucun)
CAVAB: Və aleykumus-sələm.
Hər bir insana həddi buluğa çatdıqdan sonra namaz qılmaq və oruc tutmaq vacib olur. Həddi buluğa çatana qədər isə bunları etməyən şəxsə günah yazılmır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Üç şəxsin üzərindən qələm qaldırılıb (onlara günah yazılmır): Həddi buluğa çatmamış uşaq, ruhi xəstə və yuxuda olan şəxs...” (Bu hədisi Əbu Davud rəvayət etmişdir). Bu hədis onu göstərir ki, insan həddi buluğa çatdıqdan sonra Allahın əmrlərini yerinə yetirməsə ona günah yazılır.
İnsanın həddi buluğa çatması isə aşağıdakı əlamətlərlə bilinir:
1. Pollyusiya halına düşməsi (yuxuda olarkən sperma ifraz etməsi);
2. Övrət yerinin ətrafında tüklərin çıxması;
3. On beş yaşa çatması;
Qadınlar üçün isə dördüncü əlamət də əlavə olunur.
4. Heyz qanının gəlməsi.
Əgər bu əlamətlərdən hər hansı biri baş verərsə həmin şəxs artıq həddi buluğa çatmış sayılır və o Allahın əmrlərini yerinə yetirməlidir.
547. Ayxan (Baki)
SUAL: Salam aleykum. Qardaş müayinə ücün məni ifraz etmək olarmı? Allah sizlərdən razı olsun!
CAVAB: Və aleykumus-sələm.
Bəli, müayinə (analiz) üçün məni ifraz etmək olar. Çünki, bu zəruri səbəbdir.
Allah sizdən də razı olsun!
546. ayten ismayilova (baki)
SUAL: Bismillahi Rehmani Rehim
basi aciq ''QURANI KERIM'i ele goturmek ve opmek olar. Evvelceden cox sagolun.
CAVAB: Əs-sələmu aleykum.
Başı açıq Qurani Kərimi ələ götürmək olar. O ki qaldı Qurani Kərimi öpməyə, bunun qadağan olunması barədə heç bir dəlil yoxdur. Odur ki, onu adət halına salmamaq şərtilə hərdən öpmək olar. Lakin onu da qeyd edək ki, bu əməli heç bir səhabə etməmişdir. Ona görə də yaxşı olar ki, bu cür əməldə səhabələrin etdiyi kimi edək.
545. Abdullah (Baki)
SUAL: Essalamu aleykum!
Gardashlar, menim size sualim beladir. Yalan danishmaq olmaz, men bunu bilirem. lakin ela anlar olur ki, menden menin aldigim maash barede sorushurlar, amma men bunu achiqlamaq istemirem, yeni bezi insanlarin niyyetine ve semimiyyetine emin deyilem. Men her vakht Allah (SwT) -ya siginiram insan nefsinden.
Bes kime ise aldigim gazanc barede heqiqeti dememeyim duzgundurmu?
Allah sizden razi olsun
Essalamu aleykum ve rahmatullahu ve barakatuh.
CAVAB: Və aleykumus-sələm.
Bu cür halda yalan danışmaq olmaz. Əgər siz hər hansı bir şəxs soruşduqda aldığınız maaşı açıqlamaq istəmirsinizsə, onda ona başqa səbəblər gətirin. Məsələn deyə bilərsiniz ki, “Allaha şükür verilən maaş indiki vaxtda yaşamaq üçün bəs edir… və s.” Lakin bu vaxt yalan danışmaq olmaz.
Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
544. teymur (baki)
SUAL: salam neye gore peygemberlerin choxu erebistan yarimadasinda dunyaya gelmishler
CAVAB: Və aleykumus-sələm.
Uca Allah hər bir ümmətə peyğəmbər göndərmişdir. Uca Allah buyurur: “Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan çəkinin! - deyə peyğəmbər göndərmişdik...” (ən-Nəhl surəsi 36-cı ayə).
Bu ayə onu göstərir ki, dünyanın hər bir yerində peyğəmbərlər olmuşdur. Lakin bunların əksəriyyətinin adları bizə məlum deyildir. Adları bizə məlum olan peyğəmbərlərin əksəriyyəti isə ərəbistan yarımadasında olmuşlar. Bunun hikmətini isə Allah bilir.
543. Mirqadir Furqani (Baki)
SUAL: Momin shexs tovbe etse lakin sonra tovbesine sadiq olmasa ve yenede tovbe etse yenede tovbesine sadiq qalmasa ve bu hadise bir nece defe tekrar olunsa, bu hadiselerden sonra yene tovbe etse qebul olunurmu?
Allah razi olsun.
CAVAB: Əs-sələmu aleykum.
Tövbənin qəbul olunması üçün bir çox şərtlər vardır. Bu şərtlərdən biri də odur ki, tövbəni qəbul olunan vaxtda etmək lazımdır. Tövbənin qəbul olunmayan vaxtları bunlardır:
1) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda;
2) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).
Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).
Odur ki, insanın tövbəsi ölüm anı yetişənə qədər qəbul oluna bilər. Lakim kim zamin ola bilər ki, Allah onun tövbəsini qəbul edəcək. Və ya kim zamin ola bilər ki, sabaha sağ çıxacaq. Odur ki, nə qədər ki, gec deyil tövbə etmək lazımdır.
Həmçinin tövbənin başqa şərtləri də vardır ki, bu şərtlərdən biri olmasa tövbə qəbul olunmur. Hətta həmin insan sağlığında ikən tövbə etsə də belə. Həmin şərtlər aşağıdakılardır:
1. Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
2. Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
3. Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
4. Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Məsələn: Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).
Allah bizi tövbə edənlərdən etsin və bizim tövbələrimizi qəbul etsin! Amin!!!
542. Zaur Şükürov (İstanbul)
SUAL: Selamun Aleykum! Saytinizda fitreyle bagli bir sual ve sizin cavabiniz diqqetimi celb etdi. Cavabinizda fitrenin pulla verilmesinin duzgun olmadigini ifade edirsiniz. Bu fikrinizi beyan ederken Hz. Peygember (s)'in bu shekilde fitre odemedigini ve bizim de bele movzularda Resul-i Ekreme'e tabe olmagimizin vacibliyini vurgulayirsiniz. Dogrudur, Resulullah'dan fitrenin pulla verilmesinin mumkunluyune dair hedis yoxdur. Axi ne cur ola bilerdi! Melum oldugu kimi o dovrde tedavulde pul adli bir shey yox idi. Eger olmush olsaydi o zaman bu movzuda bir hedisin Hz. Peygember (s)'in dilinden sadir olmasi ehtimal daxilinde olardi. İndi ise gelek metlebe! Demek isteyirem ki, Hz. Peygember (s)'in yashadigi dovrun ehtiyaclarina gore verilmish fetvalara oldugu kimi sarilmaq ve onu bu gunumuze shekli yonuyle dashimaq bizim ehtiyaclarimizi odeye bilmez. Yeni, derdimize deva ola bilmez. Hz. Peygember(s)'in her ifadesi butun dovrlerin ehtiyacina gore yorumlanmasi, basha dushulmesi, analiz edilmesi mumkun ozelliye sahibdir. Yeni esas mesele tebirin shekli yonu deyil, onun analizidir. Baxin, o dovurde fitre bugda, arpa, xurma ve.s. mehsullarla verilirdi. Ne ucun? Cunku cemiyyetin ehtiyaci bu kimi mehsullar idi. İnsallar bu kimi mehsullarla mubadile edirdi. Meqsed? Meqsed ise insanlarin ehtiyacinin odenmesi. Yeni o dovrde fitre insanlarin ehtiyacini odeyen, onlarin mohtac olduqlari sheylerle odenirdi. Bunlar da yuxarida zikr etdiyimiz nemetler idi. Muasir dovrde ise tedavulde pul adli bir shey var. Artiq insanlar ehtiyaclarini pulla odeyirler. Ele basha dushulmesin ki, pul meqseddir deyirik. Xeyir, pul vasitedir. Yeni pul vasitesile mohtac olduqlari sheyleri elde edirdiler. Bayram gunu, bir feqire men de, sen de, o da xurma versek axi bu bicarenin xurmaya ne qeder ehtiyaci var ki, bizim ona gosterdiyimiz yardim mentiqli olsun! Eger o gun feqirin bir coreye, bir suya, bir de xurmaya ehtiyaci varsa, ozunun ve ailesinin ayagina ayaqqabi da lazim ola biler. Ushaqlarina mekteb levazimati da lazim ola biler. Eger heyat yoldashi hamiledirse onu xestexanaya qoyma mecburiyyetinde qala biler. Ve sair ve ilaxir... Butun bu ehtiyaclari ise ne bugda, ne arpa, ne de xurma ile odemek mumkundur. Bu gun bu ehtiyaclar pul vasitesile odenilir. Umid edirem ki, menim fikirlerimle razilashacaqsiniz. Siz de saytinizda bu movzu ile bagli oz fikrinizi bildirseniz cox shad olaram. Evvelceden teshekkurler. Selamun Aleykum.
CAVAB: Və aleykumus-sələm.
Pula gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zamanında da dinar, dirhəm adlı pul var idi. Lakin onlar fitrəni puldan verməmişdilər. Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) fitrənin miqdarını pulla deyil, ölçü vahidi ilə yemək məhsulladından təyin etmişdir. Odur ki, xüsusən fitrə zəkatı yalnız yemək məhsullarından verilir. Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, “Biz Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zamanında fitrə zəkatını yemək məhsulladından verərdik…” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis də açıq aydın onu göstərir ki, xüsusən fitrə zəkatı yemək məhsullarından verilir.
Həmçinin fitrə zəkatının məqsədlərindən biri də odur ki, kasıblar da bu günü bayram edib yeyib-içsinlər. Əgər biz fitrə zəkatını pul ilə versək kasıb həmin pula özü üçün paltar alsa və ya borcunu versə həmin günü bayram kimi qeyd etmiş olmur. Bu da qeyd etdiyimiz həmin məqsədə ziddir.
Kasıbların ehtiyacına gəlincə onu deyə bilərik ki, bizim ildə bir dəfə verdiyimiz fitrə zəkatı heç də onların ehtiyacıarını ödəmir. Fitrə zəkatı kasıbların ehtiyaclarını ödəmək üçün verilmir. Bu zəkat verilir ki, həmin gün onlar da yeyib-içsinlər və bayramı qeyd etsinlər. Bir az düşünsək bunu yaxşı anlayarıq. Kasıbları düşünən şəxs isə, daima onlara yardım etməlidir, onları yalnız fitrə zəkatı zamanı düşünməməlidir.
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) fitrə zəkatının miqdarını ölçü ilə (yəni təxminən 2,5 kiloqram) təyin etmişdir. Bu da onu göstərir ki, onu pulla verən şəxs heç vaxt (100%) deyə bilməz ki, “Mən Allahın əmrini yerinə yetirib 2,5 kiloqram fitrə zəkatı verdim”. Çünki, pul verən şəxs əgər 2,5 kiloqram düyünün pulunu hesablayıb onu kasıba verərsə, həmin kasıb bu pula – yağ düyüyə nisbətən baha olduğundan - məsələn 1,5 kiloqram yağ alarsa onda sizin verdiyiniz fitrə zəkatı naqis sayılır. Bu zaman siz fitrə zəkatını tam şəkildə vermiş sayılmırsınız və siz Allah qarşısında naqis verdiyiniz fitrə zəkatına görə sorğu-sual olunacaqsınız. Lakin siz onu yemək məhsullarından alıb versəniz həmin ölçünü layiqincə vermiş sayılırsınız. Həmçinin vacib deyil ki, insan yalnız düyü alsın və ya yalnız un alsın. O, müxtəlif miqdarda yemək məhsulları almaqla həmin ölçünü ödəyə bilər.
Bir şeyi də qeyd edək ki, biz dini öz ağlımızla ölçməməliyik. Yəni dini ağlımıza deyil, ağlımızı dinimizə tabe etməliyik. Həmçinin bu məsələdə də biz ağlı dinə tabe etməliyik. Sizə bir sualımız var: Allahın və Onun Peyğəmbərinin (səllallahu aleyhi və səlləm) hökmlərindən hansının indiki dövrdə gərəkli, hansının da gərəksiz olduğunu söyləyən şəxslər bunu hansı dəlilə (ayə və ya hədisə) əsasən söyləyirlər? Yoxsa onlar hər şeyi öz ağılları ilə ölçürlər və ya öz nəfslərinə uyurlar?! Uca Allah öz nəfsinə uyan, dini öz ağlı ilə ölçən şəxslər barəsində belə demişdir: “(Ya Peyğəmbər!) Nəfsini özünə tanrı edən və Allahın bilərəkdən (onu hələ yaratmamışdan gələcəkdə kafir olacağını bildiyi üçün) yoldan çıxartdığı, qulağını və qəlbini möhürlədiyi, gözünə də pərdə çəkdiyi kimsəni gördünmü? Allahdan başqa kim onu doğru yola sala bilər?! Məgər düşünüb ibrət almırsınız?” (əl-Casiyə surəsi 23-cü ayə).
Digər ayədə isə belə buyurur: “(Ya Rəsulum!) Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili (zamini) sənmi olacaqsan? Yoxsa elə güman edirsən ki, onların əksəriyyəti (sən deyən sözü) eşidəcək və ya (ağıllı-başlı) fikirləşəcək? Onlar heyvan kimidirlər, bəlkə, ondan daha çox zəlalət yolundadırlar.” (əl-Furqan surəsi 43-cü və 44-cü ayələr).
Uca Allah həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) də əmrlərinə və qadağalarına riayət etməyi bizə əmr etmişdir. Uca Allah buyurur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin!” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Digər bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Uca Allah Peyğəmbərimizin əmrlərinə qarşı çıxanrarı hədələyərək belə demişdir: “...Onun (Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Həmçinin uca Allah hər bir mübahisədə Allaha (Onun kitabına) və Peyğəmbərə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) qayıtmağı bizə əmr etmişdir. Uca Allah buyurur: “...Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.” (ən-Nisa surəsi 59-cu ayə). Biz də zahirdən mübahisə sayılan bu məsələdə Allahın kitabına və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) hədislərinə qayıtsaq görərik ki, fitrə zakatı yemək məhsulu ilə verilir. Çünki, hədislərdə varid olan yalnız yemək məhsullarıdır.
Ümid edirik ki, bütün bu deyilənləri qəbul edəcəksiniz. Allah bizi haqqı eşidib dərhal ona tabe olanlardan etsin! Amin!!!
541. nurlan (BAKU)
SUAL: kebe nerede yerlesir
CAVAB: Əs-sələmu aleykum.
“Kəbə” Səudiyyə Ərəbistanının Məkkə şəhərində yerləşir. Bu isə Azərbaycanın cənubi-qərb hissəsində yerləşir.
540. yehyayev isa ()
SUAL: biz hansi mansabi secek
CAVAB: Əs-sələmu aleykum.
Əziz qardaşım, İslam dinində məzhəbçiliyə yol vermək düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq. Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə). Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!!
Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin!
539. abdul Samad (Mingecevir)
SUAL: Assalamu aleykum va rahmatullahir va barakatuhu. 1. Eziz qardashlar, Men Shavval ayinda mustahab olan 6 gun orucunu Ramazanda shubheli hesab etdiyim gunlerin evezi (qezasi) kimi niyyet ede bileremmi?
2. "Mashaallah" sozunun herfi menasi necedir?
Allah sizden razi olsun!
CAVAB: Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
1. Xeyr, bu cür niyyət etmək olmaz. Çünki, Ramazan orucunun qəzasını tutmaq vacibdir, Şəvval ayının 6 gününü oruc tutmaq isə müstəhəbdir.
2. “MaşaAllah” sözünün hərfi tərcüməsi “Allahın istədiyi”, “Allah istəyən” kimi mənaları ifadə edir.
538. Zeyve Abdullayeva (Sumqayit)
SUAL: Evvela salam gec de olsa Ramazan bayraminizi tebrik edirem bele bir sualim var Islam dini qadinlara (bele desek esasen namaz qilan qadinlara) neyi qadagan edir? Cavabiniza gore minnetdaram.
CAVAB: Və aleykumus-sələm.
Allahın qadağan (haram) etdiyi əməllərin əksəriyyəti həm kişilərə, həm də qadınlara şamil edilir. Lakin qadınlar üçün xüsusi qadağan edilmiş əməllər də vardır. Bunların bəzilərini qeyd edək:
1. Qadın məhrəmsiz (təkbaşına) çölə çıxa bilməz.
2. Qadın əl və üzdən başqa bütün bədən üzvlərini Naməhrəm kişilərin yanında örtməlidir.
3. Qadına bədən üzvlərini bildirən dar paltarlar geyinmək qadağandır.
...........................................
537. alay (baki)
SUAL: essalamu aleykum. bilerekden yalan danisanin keffaresi nedir? Allah razi olsun....
CAVAB: Və aleykumus-sələm.
Bilərəkdən yalan danışan şəxs bu əməlinə görə Allaha yalnız tövbə etməlidir. Bunun heç bir kəffarəsi isə yoxdur.
536. S.R. (Sumqayit)
SUAL: Esselamu aleykum!
Menim uzrlu sebeblere gore bir nece gunluk oruc qezam var.men bunlarin qezasini 1-ci ve 5-ci gunler tuta bileremmi?umumiyyetle hansi gunde tutmaq olar ve bunun bir ferqi varmi?
Cox sag olun!
CAVAB: Və aleykumus-sələm.
Cümə və şənbə günlərindən başqa istənilən günlərdə qəza və ya nafilə orucları tuta bilərsiniz. Peyğəmbər (səllallahu aleyhi və səlləm) cümə və şənbə günlərində oruc tutmağı qadağan etmişdir.
Qeyd: Bayram günləri, “Təşriq” günləri (yəni zil-Hiccə ayının 11-i, 12-i və 13-ü), şəkk günü (yəni Şaban ayının 30-u Ramazan ayının 1-i olduğunu güman edən və şəkk içində olan kəs həmin günü) oruc tutmaq qadağandır.
535. S.R.(Qiz) (Sumqayit)
SUAL: Esselamu aleykum!
1)Qeyd edim ki, men 1 ile yaxindir namaza baslamisam ve bu 1 il erzinde hele de,deqiq bilmirem ki,namazda hereketlerde qadinla kiside ferq qoyulur ya yox(tekbirde,rukuda,secdede,oturusda ve s.).men bir kitabda hec bir ferq qoyulmadigini oxumusdum,buna gore evvelce ferq qoymurdum,lakin sonra sekillerle olan ve ferq qoyulan bir kitabi oxudum,hal-hazirda men ferq qoyuram,lakin yene de tereddud edirem.mene komek edin!
2)Isha namazi gece 12den sonra qilina bilermi?bu qeza sayilmaz ki?
Evvelceden size oz tesekkurumu bildirirem!
CAVAB: Və aleykumus-sələm.
1. Qadınla kişinin namazları arasında heç bir fərq yoxdur. Malik İbn əl-Huveyris (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Mənim necə namaz qıldığımı görürsünüz, siz də elə namaz qılın!...” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Bu hədis həm kişilərə, həm də qadınlara şamil edilir. Odur ki, istər qadın, istər də kişi olsun hamı Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) tabe olaraq onun qıldığı kimi namaz qılmalıyıq.
Qadınların namazlarında fərq qoyanların bu barədə heç bir dəlilləri yoxdur.
2. İşa namazını gecə yarısına kimi qıla bilərsiniz. Bu zaman həmin namaz qəza sayılmır.
534. nagiyev arzu (baki)
SUAL: assalam aleykum.menim gardashim,meni 2 sual en chox maraglandirir.1-pirlere getmek ,mir movsum aga ve saire ne derecede duzgundur?
2-bashga gadinla olmag islamda haramdi yoxsa yox
CAVAB: Və aleykumus-sələm.
1. Pirlərə gedib onlardan xəstəyə şəfa verməsini istəmək, övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəmək, onlar üçün qurban kəsmək, nəzir vermək və s. bu kimi əməllər onları Allaha şərik qoşmaq deməkdir. Uca Allah əş-Şüəra surəsində belə buyurur:
78. “(İbrahim Peyğəmbər öz qövmünə belə dedi): Məni yaradan və məni doğru yola yönəldən Odur! (Allahdır!)
79. Məni yedirdən də, içirdən də Odur!
80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir.
81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur.
82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!”
Bu ayələr onu göstərir ki, bu kimi sifətlər yalnız Allaha məxsusdur. Odur ki, Allahdan qeyrisindən bunları istəmək şirkdir. Şirk də ən böyük günahdır. Uca Allah Ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah “Fatihə” surəsinin 5-ci ayəsində belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bi ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli (yalnız Ona ibadət etməyi və yalnız Ondan yardım diləməyi) əmr edir.
Başqa bir ayədə isə belə buyurur: “Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi 107-ci ayə).
Bu ayədən öncəki ayədə isə uca Allah belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!...” (Yunus surəsi 106-cı ayə). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbrlərdə olanlara eşitdirə bilmir. Şübhəsiz ki, pirlərdə olanlar da ölüdürlər.
Bəzi insanlara deyildikdə ki, “qəbrlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməllərinə bənzəyir. Allaha ölülər və ya bütlər vasitəsi ilə yaxınlaşmalarını iddia edən müşriklərə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı. Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir. Allah bizi şirkdən qorusun! Amin!!!
2. Başqa qadınla olmaq İslamda haramdır. Uca Allah möminlərin sifətləri barəsində Qurani Kərimdə əl-Muminun surəsində belə deyir:
1. Həqiqətən, möminlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)
2. O kəslər ki, namazlarında (hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)
3. O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər;
4. O kəslər ki, zakat verərlər;
5. O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar;
6. Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar.
7. Bundan artığını isyəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır).
8. O möminlər ki, əmanətlərini və əhdlərini qoruyub saxlayarlar (onlara tapşırılmış əmanətə xəyanət etməz, verdikləri sözü yerinə yetirərlər);
9. Namazlarına riayət edərlər (həmişə vaxtlı-vaxtında namaz qılarlar);
10. Onlardır (bilin) varis olanlar -
11. Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!
Uca Allah 6-cı ayədə göstərir ki, mömin yalnız öz zövcəsi və cariyələri (qul qadınları) ilə əlaqədə ola bilər.
533. AMIN (KURGADA)
SUAL: SALAM ALEYKUM.XAISH EDIRAM KECA NAMAZINI MANA TACILI YAZIN VA YAZIN ONUN FAZILATINI
CAVAB: Və aleykumus-sələm.
Gecə vaxtı qılınana namazlar müxtəlifdir:
1. Təhəccüd namazı: Bu namaz iki-iki olmaqla istənilən sayda qılına bilər.
2. Qiyamul-leyl və Vitr namazı: Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu namazı 11 və ya 13 rükət qılardı. Əbu Sələmə ibn Abdurrəhman (Allah ondan razı olsun) Aişədən (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Ramazan ayında qıldığı (gecə) namazı barəsində soruşduqda o belə cavab verdi: “Peyğəmbər (səllallahu aleyhi və səlləm) nə Ramazanda, nə də Ramazandan qeyri aylarda 11 rükətdən artıq (gecə) namazı qılmazdı...” (Bu hədisi Buxari (2/25; 4/205); Muslim (2/166); Əbu Davud (1/210); Tirmizi (2/302-303); Nəsai (1/248); Əhməd (6/36), Malik (1/134) və başqaları rəvayət etmişdir). Bəzi rəvayətlərdə qeyd edilir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecə namazını 13 rükət qıldı. (Bu hədisi də Muslim Zeyd ibn Xaliddən - (Allah ondan razı olsun) - rəvayət etmişdir). Bu hədislər onu göstərir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecə namazını 11 rükət qılardı və bəzən də 13 qılardı. Həmçinin heç vaxt bunlardan artıq sayda qılmayıb.
Vitr namazına gəlincə onu demək olar ki, “Vitr” tək deməkdir və bu, gecə qılınan tək saylı namazdır. Yəni, gecə namazlarından (təhəccüddən) sonra qılınır. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) gecənin hər vaxtında - əvvəlində, ortasında və axırında Vitr namazını qılardı. (Əfzəl olduğu üçün) Vitri sübh namazına yaxın (gecənin sonunda) qılardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Vitr gecənin axırında qılınan bir rükətdir.”
Əl-Mühamili Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazının növlərini aşağıdakı kimi qeyd etmişdir:
a) Bir rükət;
b) Üç rükət (iki, sonra da bir ayrı, və ya üç rükət ardıcıl);
c) Beş rükət (ardıcıl);
d) Yeddi rükət (altı rükət ardıcıl qılıb təşəhhüdü oxumaq, sonra qalxıb yeddinci rükəti tamamlamaq);
e) Doqquz rükət (səkkiz rükət ardıcıl qılıb təşəhhüd oxumaq, sonra qalxıb doqquzu tamamlamaq);
f) On bir rükət (on rükəti cüt-cüt qılıb salam verməklə tamamlamaq, sonra da bir rükət qılmaq);
Qeyd: Burada, ardıcıl dedikdə, rükətlərin arasında təşəhhüdü oxumamaq nəzərdə tutulur.
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) on üç rükət gecə namazı qıldı”. (Bu hədisi Buxari rəvayət etmişdir).
Vitr namazı Peyğəmbərin (səllallahu aleyhi və səlləm) daima qıldığı, müəkkəd (təkid olunmuş) sünnət namazıdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) Vitr namazını minik üzərində qılması bu namazın fərz olmamasına dəlildir. İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dəvənin üzərində Vitr namazını qıldı.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Vitr namazının vaxtı: İşa namazının sünnəsindən sonra sübh namazınadək.
Sübh namazınadək Vitri qılmayan şəxs ondan sonra onun qəzasını tək sayda yox, cüt sayda qıla bilər. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) xəstəlikdən və ya başqa səbəbdən gecə qılmadığı namazı gündüz on iki rükət qılardı”. (Bu hədisi Muslim rəvayət etmişdir).
532. Birqiz (Baki)
SUAL: Salam! Xahiş edirem mene şiye ile sünnünün ferqini ve hansının düzgün oldugunu tutarlı sebeblerle Başa salın. Men namaz qılıram.Bir qayda olaraq namazı qiyamda sag əl sol əlin üstündə olmqla qılıram ve sonda saga ve sola salamlarla bitirirem. Amma bu yaxınlarda bir qohumumuz (o da namaz qılır) mene teccüble dedi ki, sen sünnü namazı qilirsan. Sen gerek şiye namazı qilasan, çunki biz siyeyik. Amma men ne qeder onunla mübahisə etdimse ona heç ne sübut ede bilmedim. Ona kitablar gösterdim dedi ki, bu kitabları sünnüler yazib. O da mene kitablar gostermeye söz verdi ki, orada dogru yol namazi şiyeler kimi qılmaqdır ve guya peygember (s.a.s) da ele qılırmış. Men onun dediyi sözlerin nöqtesini qoymaq ve ona sübut etmek isteyirem ki, men düzgün edirem neinki o! Men dogru yol gösterin. Allah sizlerden razı olsun.
CAVAB: Və aleykumus-sələm.
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.
Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.
Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Odur ki, namaz qılmaqda da Peyğəmbərimizə (səllallahu aleyhi və səlləm) oxşamalıyıq. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).
Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari rəvayət etmişdir). Ümumiyyətlə bu cür hədislər çoxdur.
Namazların vaxtına gəlincə bunları deyə bilərik: Namazları gündə üç dəfə qılmaq olmaz. Çünki uca Allah müsəlmanlara beş namaz əmr etmişdir. Hər bir namazın da özünə məxsus qılınma vaxtı vardır. Əgər biz ərəb dilində namazların adlarına nəzər salsaq bunu lap aydın görərik. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazların bu adları onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:
1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər. Bu da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Onu da qeyd etmək lazımdır ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) yalnız səfərdə olarkən namazlarını üç vaxtda qılmışdır. Digər vaxtlarda isə hər namazı öz vaxtında qılmışdır.
Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə imam Əli (Allah ondan razı olsun), nə də digər səhabələr möhürlə namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Odur ki, hər bir şəxs Allahın kitabına və Peyğəmbərimizin sünnəsinə (yəni hədislərinə) tabe olmalıdır. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Və aleykumus-ələmu və rahmətullahi və bərakətuhu.
531. Birqız (Bakı)
SUAL: Bir daha salam! Xahiş edirem bir sualıma da cavab veresiniz : Evli bir qadin üçün mümkün olan qüsülləri bilmək istərdim. Mümkünsə bir az ətraflı.Neden sonra hansı qüslü tökmek lazımdır? Allah razı olsun !
CAVAB: Və aleykumus-sələm.
Qüslu vacib edən hallar aşağıdakılardır:
1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa. Uca Allah buyurur: “Əgər cənabətli halda olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin).” (əl-Maidə surəsi 6-cı ayə).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Əbu Təlhənin (Allah ondan razı olsun) zövcəsi Ummu Suleym (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Həqiqətən, Allah haqqı soruşana utanmağı əmr etmir. Məgər qadın pollyusiya halında qüsl etməlidir?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli, əgər məninin əsər-əlamətini (paltarında və ya bədənində) görübsə qüsl etməlidir” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizləndikdən sonra;
Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Əbu Hübeyşin qızı Fatimə (Allah ondan razı olsun): “Mən davamlı istihazə oluram. Buna görə namazımı tərk edimmi?” - deyə Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdu. O dedi: “Xeyr, o bir damardır (yəni, qan həmin damardan qəlir) heyz deyil, lakin adətin üzrə heyz olduğun günlər namazları tərk et, sonra isə qüsl edib namazını qıl!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Səhabələrin və islam alimlərinin rəyinə görə nifasla (doğuşdan sonra təqribən 40 gün müddətində gələn qanla) heyzin hökmü eynidir.
Qeyd etmək lazımdır ki, qadın heyz və ya nifas müddətdə buraxdığı namazların qəzasını qılmamalı, orucların isə əksinə qəzasını tutmalıdır.
Muazə bint Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, mən Aişədən (Allah ondan razı olsun): “Nə üçün heyzli qadın orucun qəzasını tutur, namazın qəzasını isə qılmır?” - deyə soruşdum. O məndən: “Sən Hərurisən?” - deyə soruşduqda, mən “Xeyr, Həruri deyiləm, lakin öyrənmək üçün soruşuram” - cavabını verdim. Aişə (Allah ondan razı olsun) dedi: “Biz heyzli olarkən oruc və namazı tərk edir, sonra isə yalnız orucun qəzasını tutmağa əmr olunardıq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
3. Cümə gününün qüslü;
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Cümə namazına gələn qüsl etməlidir.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacibdir.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
4. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);
Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Bir kişi Ərafada mindiyi heyvanın üzərindən yerə düşdü və boynu sındı. (Vəfat etdikdən sonra) Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Onu sidr qatılmış su ilə yuyub iki sarğı (kəfən) ilə sarıyın. Onu ətirləməyin və başını da örtməyin həqiqətən, o, Qiyamət günü təlbiyə edərək həşr ediləcək.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Onları (Uhud döyüşündə şəhid olanları) qanlı-qanlı (qüsl etmədən) dəfn edin!..” (Bu hədisi Buxari rəvayət etmişdir).
5. İslam dininə daxil olmaq.
Qeys ibn Asim (Allah ondan razı olsun) rəvayət edir ki, “İslam dinini qəbul etmək istədikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona qüsl etməyi əmr etdi.” (Bu hədisi Əhməd və Əbu Davud rəvayət etmişdir).
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com. ICQ #99931111