Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم

15.Sələf-i salehinin namaz anındakı vəziyyətinə diqqət yetirmək


      Sələf-i Salehinin namaz qılmasına diqqət yetirmək xuşunun artmasına səbəb olacaqdır. Və onların bu şəkildə namaz qılması hər bir insanı cəlb edəcək.
      Mücahid radıyallahu anh belə nəql edir: «Sələfdən biri namaz qılmağa başladığı zaman Allah qorxusu hiss etdiyi üçün başqa heç bir şeylə maraqlanmır, ətrafa baxmırdı. Namaz qılarkən üzünü sağa və sola çevirmir, səcdə yerində olan xırda daşlarla məşğul olmurdu, hətta dünyaya aid işləri ağlından belə keçirmirdi».
      Abdullah İbniz-Zubeyr radıyallahu anh namaz qılarkən xuşuya elə dalırdı ki, görənlər onu yerə basdırılmış bir ağac zənn edirdilər. Bir gün sələfdən olan Sələmə ibn Bəşər radıyallahu anh məsciddə namaz qılırdı. Qəflətən məscidin bir hissəsi dağıldı və insanların çoxu qaçmağa başladı. O isə hələ də namaz qılmağa davam edirdi. Heç xəbər də tutmamışdı. Həmçinin sələfdən bəziləri namaz qılarkən atılmış geyimə çevrilir, bəzilərinin isə Allahın qarşısında dayanma dəhşətindən üzlərinin rəngi dəyişirdi. Bəzi sələflər isə namaz qılarkən sağ-sollarında kimlərin dayandığını unudurdular.
      Sələfdən olanlar namaz üçün dəstəmaz almağa başladıqları zaman rəngləri dəyişirdi. Ətrafdakılardan biri ona: «Sənə nə oldu, dəstəmaz almağa başladığın zaman rəngin dəyişdi» deyə sual etdikdə o, belə cavab verdi: « Namaz qılarkən mən kimin qarşısında dayandığımı çox yaxşı bilirəm».
      Əli ibn Əbu Talib radıyallahu anh namaz üçün hazırlaşdığı zaman üzünün rəngi dəyişər və ayağı büdrəyərdi. Ona: «Sənə nə oldu» deyə soruşduqları zaman Əli ibn Əbu Talib radıyallahu anh belə cavab vermişdir: « Allaha and olsun ki, həmin ağır əmanəti yerinə yetirmək vaxtı gəlmişdir. Bunu Allah göylərə, yerə və dağlara təklif etdiyi zaman onlar qəbul etmədilər. Mən isə bu əmanəti qəbul etdim».
      Səid ət-Tənuhi radıyallahu anh namaz qıldığı vaxt gözlərindən axan yaş bütün saqqalını isladırdı. Tabiindən (Peyğəmbər salləllahu əleyhi və səlləmin ardıcılları) olan bir insan haqqında bizə belə bir hadisə məlumdur. O, namaz qılmağa başladığı zaman üzünün rəngi dəyişir və belə deyirdi: « Mənim kiminlə danışacağımı bilirsinizmi?»
      Amir ibn Abdulqeys radıyallahu anha belə bir sual verdilər: «Sən namaz qılarkən öz-özünə ürəyində danışırsan?» O, belə cavab verdi: «Namazı tərk edib ondan başqa məşğul olacağım qiymətli bir şey var?» Sual verən insanlar yenə də: « Biz namaz qılarkən öz-özümuzə ürəyimizdə danışırıq» dedikləri zaman bu dəfə belə buyurdu: «Cənnət və hurilər haqqında danışırsınız?» Onlar da « Xeyr, o barədə deyil… Ailəmiz, malımız və mülkümüz haqqında danışırıq» deyə cavab verdilər. Bundan sonra o, belə dedi: «Bədənimizə nizə batsaydı, mənim üçün bundan daha yaxşı olardı. Əlbəttə ki, mən belə halla rastlaşmıram».
      Səd ibn Muaz radıyallahu anh belə demişdir: «Üç yerdə mənə elə üç gözəl hal gəlir ki, əgər hər zaman məndə bu gözəl hallar olsaydı, mən ən yüksək dərəcələrə ucalardım.
      Birincisi, mən namaz qılmağa başladığım zaman fikrimdən yalnız namazla bağlı şeylər keçir. İkincisi, Rəsulullah salləllahu əleyhi və səlləmdən nə vaxt bir söz eşitdimsə, bu sözün doğruluğuna şübhə etmədim. Üçüncüsü, hər dəfə cənazə mərasimində iştirak etdiyim zaman «görəsən indi buna o biri dünyada nə suallar veriləcək» deyə düşünürəm».
      Hatəm radıyallahu anh belə deyir: «Mən həyatımı əmr edildiyi kimi yaşayıram. Qorxa-qorxa yürüyürəm. Hər hansı bir işə əcr və savab ümidilə başlayıram. Böyük olan Allahı düşünərək «Allahu Əkbər» deyirəm. Qurana onu dərk edərək və çox diqqət və əhəmiyyət verərək oxuyuram. Rükünü xuşu ilə, səcdəni isə tam yerinə yetirirəm. Sükutla təşəhhüd oxuyuram və savab qazanmaq ümidilə salam verirəm. Sırf Allahin razı qalması niyyətilə namaz qılıram. Allah qorxusu ilə nəfsimi sınağa çəkirəm. Bununla yanaşı ibadətimin qəbul edilib- edilməyəcəyindən də narahatam».
      Əbu Bəkr əs-Səbuği belə nəql edir: « Mən bu iki imamın dövrünə çatdım, lakin onlar dan heç bir hədis dinləmədim. Bu imamlardan biri Əbu Hatim ər-Razi, digəri isə Məhəmməd ibn Nəsr əl-Mərvəzidir. İmam Məhəmməd ibn Nəsr əl-Mərvəzidən daha yaxşı namaz qılan başqa birisini görmədim. Namaz qılarkən bir eşşək arısı onu alnından sancmışdı. Alnından aşağıya doğru qanın axmasına baxmayaraq o, yenə də öz namazını davam etdirirdi.
      Şeyxülislam ibn Teymiyyə rəhmətullahi aleyh namaz qılarkən bədən üzvləri kağız kimi olurdu».
      Bir tərəfdə salehlərin namazı, digər tərəfdə isə bizim qıldığımız namazlar; bəziləri vaxtı izləyir, bəziləri paltarı ilə oynayır, bəziləri burnunu təmizləyir, bəziləri beynində alış-verişlə məşğul olur, bəziləri divarların və sütunların naxışları ilə məşğul olur, bəziləri də ətrafında namaz qılanların hərəkətlərini izləyir. Bir az düşünün, bu insanlar dünyadakı yüksək vəzifə sahiblərindən birinin qarşısında olsaydılar, heç bu hərəkətləri edərdilərmi? Əsla yox! Bəs Uca Rəbbimizin qarşısında niyə belə davranırlar?
     

16.Namaz qılarkən xuşunun fəzilətini bilmək


      Namazda xuşu ilə hərəkət etməyin bir çox faydaları var. Bunların bəzilərini qeyd edək. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Hər hansı bir müsəlman fərz namazına yetişərsə, doğru dəstəmaz alarsa, rüküsünə də tam əməl edərək namazı yerinə yetirərsə, bir daha böyük günahlar etməmək şərti ilə onun bütün keçmiş günahları bağışlanacaq. Və bu belə də davam edir».
      Namazın əcr və savabı xuşu ilə mütənasibdir. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurub:
      «Şübhəsiz ki, qul namaz qıldığı zaman yalnız onda bir, doqquzda bir, səkkizə bir, yeddidə bir, altıda bir, beşdə bir, dörddə bir, üçdə bir və ya yarım savab qazanır».
      Kim nə qədər xuşuludursa, bunun müqabilində də əcr və savab alacaq. Abdullah ibn Abbas raduyallahu anh belə demişdir:
      «Sən namazdan yalnız bildiklərinin və dərk etdiklərinin savabını qazanırsan».
      Namaz yalnız xuşu ilə və tam yerinə yetirildiyi zaman günahlarından qoruyur. Rəsulullah səlləllahu əleyhi və səlləm belə buyurur:
      «Qul namaza başladığı zaman günahları gətirilərək başı və çiyinləri üzərinə qoyulur, daha sonra o, rükü və səcdəni yerinə yetirdiyində isə bu günahlar tökülməyə başlayır».
      İmam Minəvi rahmətullahi aleyh haqqında danışdığımız hədisi izah edərkən belə deyir: «Namazın hər hansı bir rükünü yerinə yetirildiyi zaman günahların bir hissəsi bağışlanır. Beləliklə, namazı tamamlayana qədər bütün günahlar sanki tökülür. Belə bir hal yalnız şərtlərini tam yerinə yetirərək, rükülərinə, vaciblərinə riayət edilərək və xuşu ilə qılınan namazlara aiddir. Bu, bütün hədislərin məzmunundan məlum olur».
      Xuşu ilə namaz qılan bir insan namazı bitirdiyi zaman ruhu yüngülləşir. Çox böyük yüklərin altından qalxmış biri kimi azad olur. Hətta onda yenidən namazı davam etdirmək arzusu yaranır. Çünki namaz onun vücudunun rahatlığıdır.Ruhuna rahatlıq, qəlbinə isə sakitlik verir. Namaz dünyanın sıxıntı və problemlərinin həlli üçün ən rahat yoldur. Mömin insan həyatda hər hansı bir darlığa düşdüyü zaman və ya onu sıxıntılar əhatə etdikdə namaza başlayaraq sakitliyə və rahatlığa qovuşur. Namazı sevənlərin sözü budur: «Namazı rahat olmaq üçün qılırıq». Bu sözü iman edənlərin öndəri Peyğəmbər salləllahu əleyhi və səlləm də buyurmuşdur: «Ey Bilal! Namazla bizi yüngülləşdir». Yenə də belə buyurmuşdur:
      «Vücudumun rahatlığı namazda yerləşdirildi».
      Əgər bir qulun bütün vücudunun rahatlığı namazdadırsa, o, namazsız necə rahatlıq və sakitlik əldə edə bilər və namazı tərk etsə, buna necə dözüb səbr edər?
     

17.Namaz qılarkən dua etməyə üstünlük vermək


      Şübhəsiz ki, Allah qarşısında ehtiyacını bildirmək, Onun hüzurunda acizlik və gücsüz olaraq yalvarmaq və istədiyi vaxt inadlı olmaq qulla Rəbb arasında müəyyən bir münasibət meydana gətirir. Dua isə ibadətin əsasıdır. Buna görə də qula dua etmək əmr edilmişdir. Allah subhanəhu və təala belə buyurur:
      «Rəbbinizə yalvara-yalvara, həm də gizlicə dua edin» («Əraf» surəsi, 55).
      Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Hər kim Allahdan diləməzsə, Allah ona qəzəb edər».
      Namaz qılarkən dua etmək Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnəsinə daxildir. Peyğəmbər salləllahu əleyhi və səlləm bu üç yerdə dua edirdi: səcdədə, iki səcdə arasındakı oturuşda və təşəhhüd oturuşunda (salam verməzdən əvvəl). Bu yerlərdən ən əhəmiyyətlisi və ən böyüyü səcdə vaxtıdır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurur:
      «Qulun (sahibinə) Rəbbinə ən yaxın olduğu hal səcdə halıdır. Elə isə səcdədə çox dua edin». Yenə də belə buyurmuşdur:
      «Səcdələrdə dua etməyə çalışın. Çünki bura duanın qəbul olunacağı yerdir».
      Rəsulullah salləllahu əleyhi və səlləmdən səcdədə oxunaraq bir çox dualar məlumdur: «Ey Allahım! Mənim bütün günahlarımı; kiçiyini və ya böyüyünü, əvvəlkini və ya da gələcəkdə olanı, gizlini və ya açıq olanı bağışla».
      «Ey Allahım! Açıq və ya gizli etdiyim bütün günahları bağışla».
      Başqa oxunan dualar da əvvəlki səhifələrdə qeyd edilmişdi. Təşəhhüddən sonra salam vermədən əvvəlki oxuna biləcək dualara gəldikdə isə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Sizlərdən birisi təşəhhüdü oxuyub bitirdikdən sonra bu dörd təhlükədən Allaha sığınsın. (Ey Allahım), cəhənnəm əzabından, qəbir əzabından, həyat və ölüm imtahanlarından, dəccalın fitnəsindən sənə sığınıram».
      Rəsulullah salləllahu əleyhi və səlləm bu duanı da oxuyurdu:
      «Ey Allahım! Etdiyim və etmədiyim işlərin şərrindən sənə sığınıram».
      Peyğəmbər salləllahu əleyhi və səlləm Əbu Bəkr əs-Siddiqə bu duanı öyrətmişdi: «Ey Allahım! Mən öz-özümə çox zülm etmişəm. Bütün bu günahları da Səndən başqa bağışlayacaq biri yoxdur. Elə isə məni dərgahında olan bir məğfirətlə bağışla və mənə rəhm et. Şübhəsiz ki, bağışlayıcı və rəhmət edici də yenə də Sənsən».
      Bir dəfə Rəsulullah salləllahu əleyhi və səlləm bir müsəlmanın təşəhhüddən sonra aşağıdakı duanı oxuduğunu eşitdiyi zaman üç dəfə belə buyurdu: «Bağışlandı, bağışlandı, bağışlandı».
      «Ey Allahım! Yalnız Səndən diləyirəm, ey Əhəd (vahid) və Saməd (heç kimə möhtac olmayan), insanları o doğmamış, özü də bir kimsə tərəfindən doğulmamış və heç bir bənzəri olmayan Allah! Bütün günahlarımı bağışla. Şübhəsiz ki, bağışlayan və rəhmli Sənsən».
      Rəsulullah salləllahu əleyhi və səlləm başqa bir möminin təşəhhüddə ikən aşağıdakı bu duanı oxuduğunu eşitdi:
      «Ey Allahım! Yalnız Səndən diləyirəm. Şübhəsiz ki, bütün şükür və təriflər sənin Uca Zatın üçündür. Səndən başqa heç bir ibadət ediləcək varlıq yoxdur. Sən vahidsən, Sənin şərikin yoxdur. Bütün nemətləri verən də Sənsən. Ey yeri və göyləri Yaradan Allahım! Ey böyük və kəramət sahibi! Ey Hayy (canlı, diri) və Qəyyum (əbədi)! Səndən cənnəti diləyir, cəhənnəm atəşindən sənə sığınıram».
      Bu duanı dinləyən Peyğəmbər salləllahu əleyhi və səlləm ətrafındakıllara belə bir sual verdi: «Bu insanın nə ilə dua etdiyini bilirsininzmi?» Səhabə: «Allah və Rəsulu bunu daha yaxşı bilir» deyə cavab verdilər. Peyğəmbər salləllahu əleyhi və səlləm: «Həyatım ixtiyarında olan Allaha and içirəm ki, bu insan Allahın ismi-əzəmi (Allahın Uca, Böyük adı) ilə dua etdi ki, bu dua ilə də kim dua etsə, Allah onun bütün dualarını qəbul edər, nə diləsə, Allah ona verər». Yenə də təşəhhüddən sonra və salamdan əvvəl Peyğəmbər salləllahu əleyhi və səlləm bu duanı oxuyurdu:
      «Ey Allahım! Bütün günahlarımı, əvvəl etdiklərimi, gələcəkdəkiləri, gizli və ya açıq etdiklərimi, iradəmin xaricində olan günahlarımın hamısını bağışla. Sən günahlarımı məndən daha yaxşı bilirsən. Sənsən muqaddim (əvvəli olmayan) və sənsən muaxxir (sonu olmayan, əbədi). Səndən başqa heç bir tanrı yoxdur».
      Bu duaları əzbərləməyin başqa bir faydası da budur ki, imamın arxa tərəfində namaz qılan müsəlmanların əksəriyyəti təşəhhüdü oxuyub bitirdikdən sonra susaraq imamın salam verməsini gözləyir və nə oxuyacağını bilmir. Əgər bu dualar əzbərlənib oxunsa, onlar bu dünya və axirət üçün xeyir əldə edə bilərlər.
     

18.Namazdan sonra sünnə zikrlərə üstünlük vermək


      Zikrlər namaz qılmaqdan əldə olunan fayda və bərəkət, qəlbdə yaranan xuşunun saf olması üçün əmr edilmişdir. Şübhəsiz ki, insan ilk dəfə etdiyi yaxşılığın bəhrəsini görsə, ikinci yaxşılığı etmək üçün də həvəslənir. Namazdan sonrakı sünnə zikrlərə diqqət edərək onlar haqqında bir qədər düşünək. Əsasən də üç dəfə «əstəğfurullah» deməklə başlayır. Yəni bütün namaz boyunca olan qüsur və səhvlərə, xuşunun yetərsizliyinə və qüsursuzluğuna görə Allahdan istiğfar (Allahdan günahların bağışlanmasını istəmək) diləyirlər. Sünnə və nafilə namazlara da əhəmiyyət verilməlidir. Çünki bunlarla fərzlərdə olan nöqsanlar tamamlanır.
      Bundan sonrakı fəsildə xuşunu azaldan və ya tamamilə pozan səbəblərdən bəhs ediləcək.

[1] [2] [3] [4] [5] [6] [7] [8]

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111