|
||||||||||||
Bütün bu təriflərə layiq olan Allah heç bir şəkk-şübhə olmayan kitabında belə buyurur: «O kəslər ki, namazlarında müti olub boyun əyərlər!» Yenə namaz haqqında belə buyurur: «Şübhəsiz bu, xuşu ilə namaz qılanlardan başqalarına çox çətin gəlir». Müttəqilərin başçısı, ruhən və cismən inananların alicənabı və Allahın Rəsulu Məhəmməd salləllahu əleyhi va səlləmə, ailəsinə və səhabələrinə dua və salam olsun. Beləliklə, dinin əməli rükülərindən ən əsası namazdır və namazda xüşulu olmaq dinin əmridir. Şeytanın ilk gündən insan övladını yolundan azdırmağı əhd etməsi Quranda belə izah edilir: «Sonra onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!» («Əraf» surəsi, 17). Şeytanın müxtəlif vasitə və səbəblərdən istifadə edərək törətdiyi ən böyük hiylə insanları xuşu ilə namaz qılmaqdan uzaqlaşdırmaqdır. O, bütün qüvvəsi ilə çalışır ki, bir tərəfdən, insanlar bu ibadətdən zövq almaqdan məhrum olsun, digər tərəfdən isə əcr və savabdan heç bir şey qazanmasınlar. Bugünkü insanların bir çoxu şeytanın bu toruna düşmüşdür. Həmçinin İslama görə bilirik ki, yer üzündə hər şeydən əvvəl ruhən və cismən Allaha inanmaq hissi aradan qalxacaq. Bu səbəbdən də demək olar ki, axirətə yaxınıq. Hüzeyfə radiyallahu anhın sözü sanki haqqımızda deyilmişdir. O, belə deyir: «Dindən ən əvvəl Allaha qəlbən və cismən boyun əymək hissi, daha sonra isə namaz aradan qaldırılacaqdır. Hətta elə namaz qılanlar da olacaq ki, onlar heç bir xeyir əldə etməyəcəklər. Bu vaxt çox da uzaqda deyil, sizlərdən biriniz məscidə gəldiyiniz zaman Allaha qəlbən və cismən boyun əyib namaz qılan bir insan belə görməyəcəksiniz». Bir çox insan namaz qılarkən vəsvəsənin (namaz qılarkən insanın diqqətini yayındıran kənar maneələr) tez-tez baş verməsindən, qəlbən bağlanaraq namaz qıla bilməməkdən şikayət edir. Hətta şəxsən özümüz də belə halla qarşılaşırıq. Elə buna görə də qələmi ələ alma ehtiyacı meydana gəldi. Bu kitabı yazmaqda ilk məqsədim hər şeydən əvvəl özümü bu hallardan müdafiə etmək və tez-tez öz-özümə xatırlatmaqdır. Bundan sonra isə müsəlman qardaşlarımın qəlbən və cismən Allaha bağlanmasının həqiqətini onlara başa salmaq istədim. Uca Allahdan mənim bu fəaliyyətimi faydalı etməsini arzulayıram. 1. « Xuşu» sözünün terminoloji mənasıUca Allah belə buyurur: «Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (xuşu-hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» («Miminin» surəsi,1-2). «Xuşu-qorxub çəkinməkdən ötrü meydana gələn qəlbən və əmin olaraq təmkin və təvazökarlıqla namazı yerinə yetirməyin adıdır». «Xuşu yalvararaq və səmimi qəlbilə aləmlərin Rəbbinin önündə dayanmağa verilən addır» «Allaha itaət üçün ayağa qalxın (namaza durun)» (« Bəqərə» surəsi, 238). Ayə haqqında Mücahid rəhmətullahi əleyh belə deyir: «(Allaha hörmətlə boyun əymək kimi tərcümə edilən xuşu sözü) Allaha itaət, Allah qorxusu nəticəsində bədəndə yaranan sükunət, qəlbdə olan qorxu, namaz qılarkən gözlərin aşağı baxması, çiyinlərin də aşağı vəziyyətdə olmasıdır». Xuşu əsasən qəlbdə olmaqla yanaşı onun əlamətləri bədənin üzvlərindən görünür. Çünki bədənin bütün üzvləri ürəyə tabedir. Diqqətsizlik və ya vəsvəsə (insanı namazdan yayındıran xüsusiyyətlər) səbəbilə qəlbdəki xuşu yox olduğu zaman bədən üzvlərindəki ibadətin keyfiyyəti də yox olur. Çünki ürək padşah, onun başqa üzvləri isə sanki bir əsgərdir. Onlar ürəyin əmrlərinə tabe olur və bu əmrlərə uyğun hərəkət edirlər. Əlbəttə ki, yalnız görüntü olaraq yerinə yetirilən xuşu arzuolunmaz bir haldır. Çünki belə ibadət münafiqliyin (ikiüzlülük) əlamətlərindən sayılır. Hüzeyfə radiyallahu anh belə buyurur: «Münafiqcəsinə yerinə yetirilən xuşudan uzaq olun». Bir insan «Münafiqcəsinə xuşu nədir» sualını verdiyi zaman: «Bədəndə xuşu əlamətləri olduğu halda qəlbdə bu əlamətlərin olmamasıdır» buyurdu. Fudayl İbn İyad rəhmətullahi əleyh də belə buyurur: «Bir insanın qəlbində olan xuşudan daha artıq xuşulu görünməsi mənfi haldır». Elmli bir insanın çiyinləri aşağıda olanı gördüyü zaman sinəsinə işarə edib: «Ey filankəs ! Xuşu buradadır, xuşu çiyinləri yerə əyməkdə deyil» demişdir. İmam İbn Qeyyim əl-Cəvziyyə rəhmətullahi əleyh imanla əlaqədar olan xuşu arasındakı fərqi belə izah edir: «Həqiqi imanla əlaqədar olan xuşu Allahın hüzurunda olmaq üçün qorxu, Onun əzəmətinə və böyüklüyünə qarşı ciddilik, qorxu və həyanın olmasıdır. Ürəkdə qorxu, utanmaq, məhəbbət olursa və qəlb Allahın nemətləri qarşısında öz səhv və qüsurlarını xatırlayarsa, bu zaman xuşu meydana gəlir. Qəlbdəki xuşu isə bədən üzvlərindən bəlli olur. Münafiqcəsinə yerinə yetirilən xuşu isə bədən üzvlərində xuşu olduğu halda qəlbdə xuşunun olmamasıdır. Bəzi səhabələrin belə dedikləri təsbit edilmişdir: «Münafiqcəsinə edilən xuşudan Allaha sığınıram». «Münafiqcəsinə edilən xuşudan məqsəd nədir» deyə sual verildiyi zaman: «Bədəndə xuşu olduğu halda qəlbin xuşu sarıdan boş olmasıdır kimi cavab verilmişdir. Sözün əsl mənasında xuşu sahibinin atəşli arzuları artıq sönmüş, hətta bunun dumanı qəlbdən çıxmış olur. Allah qorxusu onun qəlbini fəth edir. Onun nəfsanı istək və arzuları da məhv olur… Namaz qılarkən olan xuşu isə namaz üçün qəlbini təmizləmiş, bütün başqa işləri bir kənara ataraq namaza üz tutan bir insana nəsib olur. Yalnız bu şəkildə qılınan namaz onun üçün rahatlıq və göz açıqlığı olur. Həmçinin bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Gözümün sərinliyi namazda yerləşdirildi». Uca Allah «Əhzab» surəsinin 35-ci ayəsində belə buyurur: «Həqiqətən Allah məhz müti kişilər və qadınlar, və Allahı çox zikr edən kişilər və qadınlar üçün məğfirət və böyük bir mükafat hazırlamışdır!» Xuşunun ən böyük faydalarından biri də namazı yerinə yetirməyin qul üçün asan və rahat olması, onun çətin gəlməməsidir. Allah subhanəhu və təala belə buyurur: «Səbr edin və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da Allaha itaət edənlər üçün ağır deyildir» (Bəqərə» surəsi, 45). Beləliklə, bütün bunlardan aydın oldu ki, xuşu çox böyük əhəmiyyətə malikdir. Çunki xuşu çox az insana nəsib olan və erkən də yox ola bilən bir haldır. Xüsusilə də zəmanəmizdə heç rast gəlinməyən bir haldır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Bu ümmətdə ən əvvəl xuşu ortadan qaidırılacaq. Elə bir dövr gələcək ki, heç bir xuşu sahibinə rast gəlməyəcəksən». 2. Xuşunun dini hökmüƏn çox qəbul olunan baxışlara görə, xuşu vacibdir. Şeyxülislam İmam İbn Teymiyyə rəhmətullahi əleyhin dediyinə görə: «Hər şeyə qadir və uca Allah belə buyurur: «Səbr edin və namaz qılmaqla (Allahdan) kömək diləyin! Bu, ağır iş olsa da Allaha itaət edənlər üçün ağır deyildir» (Bəqərə» surəsi,45). Xuşu sahibi olmayanlar bu ayə ilə məzəmmətlənmişdir. Məzəmmət isə yalnız fərz və vacib olanları tərk etməkdən və ya haram olanları aradan qaldırmaqdan ötrü edilir. Bu da xuşunun vacib olduğunu bir daha sübut edir. Xuşunun vacib olmasının ikinci bir dəlili isə budur: «Həqiqətən möminlər nicat tapmışlar! O kəslər ki, namazlarında (xuşu-hər şeyi unudaraq ruhən və cismən yalnız Allaha) müti olub (Ona) boyun əyərlər! (Allahın qarşısında kiçilərlər!)» (Muminin» surəsi, 1-2). Ayənin ardında isə belə buyurulur: «Onlardır (bilin) varis olanlar- Firdovs cənnətinə varis olanlar, orada əbədi qalanlar!» («Muminun» surəsi, 10-11). Uca Allah bu ayələrdə yalnız belə xüsusiyyətlərə malik olanların cənnətə girəcəyini bildirmişdir. Bu xüsusiyyətlərin xaricində olanlar isə cənnətə layiq görülməyəcək. Beləliklə, xuşunun vacibliyi məlum olduğu zaman həmçinin bilinməlidir ki, xuşu qəlbən və səmimi bir şəkildə ibadəti yerinə yetirməyə deyilir. Hər hansı bir insan toyuq dimdikləməsi kimi səcdə edirsə, o insan xuşunun vacibini yerinə yetirməmişdir. Həmçinin bir insan rüküdən başını tam düzəldərək gözləmirsə, o insanın da namazı qəlbən və əmin olaraq yerinə yetməmiş olur. Hər kim ki, rüki və səcdəsində qəlbən və əminliklə hərəkət etmirsə, deməli, o insan xuşuya riayət etməmişdir. Xuşuya riayət etməyən insan isə günahkar insan hesab olunur. Namaz qılarkən xuşunun vacib olmasına Rəsulullah salləllahu əleyhi va səlləmin bizə gəlib çatan məsləhətləri və qoyduğu məhdudiyyətləri də dəlildir. Xuşunun faydalarına və mövcud olmadığına dair xəbərdarlıq aşağıdakı hədisdə toplu şəkildə belə bəyan edilmişdir: «Qadir Allah gündə beş dəfə namaz qılmağı fərz olaraq insanlara göndərmişdir. Hər kim gözəl şəkildə dəstəmaz alsa və onları vaxtında yerinə yetirsə, rüküsünə və xuşuna diqqət yetirsə, Allah həmin insanı bağışlayacağına söz vermişdir. Hər kim də bunlara riayət etməsə, Allah onlara heç bir vəd verməmişdir. Allah belələrini istəsə bağışlayar, istəsə də əzab verər». Xuşunun faydası haqqında Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Hər kim gözəl şəkildə dəstəmaz alıb daha sonra qəlbən və üzü ilə (xuşu ilə) yönələrək iki rükət namaz qılsa, onun keçmiş günahları bağışlanır». 3. Xuşunun səbəbləriNamaz qılarkən xuşunun səbəblərinə nəzər yetirdiyimiz zaman bunların iki növ olduğunu görürük: 1. Xuşunu yaradan və onu möhkəmləndirən səbəbləri öyrənmək. 2. Xuşunu aradan qaldıran və zəiflədən səbəblərdən uzaqlaşmaq. Xuşunun yaranmasına kömək edən səbəbləri bəyan edərkən Şeyxülislam rəhmətullahi əleyh belə deyir: «Bu iki səbəb xuşunun yaranmasına kömək edir: 1. Xuşunu yaradan səbəblərin güclü olması. 2. Xuşudan uzaqlaşdıran səbəblərin zəif olması. 1. Xuşunu yaradan səbəblərin güclü olması. Buradakı məqsəd qulun namaz qılarkən nə dediyini bilməsi, dərk etməyə çalışması, qiraət, zikr, dualar haqqında düşünməsi və fikrində daim «Mən Allahla danışıram» sözünün olmasıdır. Çünki bir insan nə vaxt namaz qılmaq məqsədilə ayağa qalxırsa, o, Rəbbi ilə danışır. Peyğəmbər salləllahu əleyhi və səlləm ihsanın keyfiyyətini aşağıdakı kimi açıqlayır: «Allaha gözlərinlə görürmüş kimi ibadət et. Əgər bunu edə bilmirsənsə, ən azı bunu bil ki, O, səni görür». Bir insan namazdan zövq aldığı zaman ona hədsiz bağlı olur. Bu isə həmin insanın qüvvəsindən asılıdır. İmanı artıran bir çox səbəblər var. Peyğəmbər salləlləhu əleyhi və səlləm belə buyurmuşdur: «Yer üzərindəki həyatda mənə qadınlar və gözəl ətir sevdirildi. Vücudumun rahatlığı namazda yerləşdirildi». O, yenə belə buyurdu: «Ey Bilal! (Haydı, azan ver) bizi namazla rahat et». 2. Xuşunu pozan səbəbləri aradan qaldırmaq. Qəlb insanın fikrini yayındıran düşüncələrdən təmizlənməlidir. Hər bir insan onu namazın məqsədindən uzaqlaşdıran səbəbləri düşünüb onları aradan qaldırmağa çalışmalıdır. Bu baxımdan hər bir insanın vəziyyəti fərqlidir. Vəsvəsə əsasən nəfsi arzuları (mənfi əməl və arzuları) çox olan insanda əmələ gəlir. Həmin insan nəfsi arzularının quluna çevrilir. Arzu etdikləri həyata keçmədiyi zamanda qəlbi rahat olmur, həmin arzulara bağlı qalır. İndi isə bir az əvvəl aparılmış bölgüyə görə, ilkin xuşunu yaradan və möhkəmləndirən səbəbləri nəzərdən keçirək |