Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم


5. Hər ayəni oxuyandan sonra fasilə etmək


      Bu tərzdə oxumaq mənanı dərk etmək və onun haqqında düşünə bilmək baxımından olduqca faydalıdır. Və bu Peyğəmbər salləllahu əleyhi və səlləmin sabit (təsdiq olunmuş, heç bir şübhə olmayan) sünnəsidir. Ümmü Sələmə radıyallahu anha belə nəql edir: «Peyğəmbər salləllahu əleyhi və səlləm «Bismilləhirrahmənirrahim» deyər və fasilə edərdi. Sonra « Ərrahmənirrahim» deyər və fasilə edərdi. Daha sonra «Məlikiyaumiddin» deyər və fasilə edərdi. Beləliklə, hər ayəni oxuduqdan sonra fasilə edərdi». Hər ayəni oxuduqdan sonra fasilə etmək Peyğəmbər salləllahu əleyhi və səlləmin sünnəsidir. Hətta ayələr mənaca bir-birinə yaxın olsa da O bu fasiləni edərdi.
     

6. Quranı qaydalara riayət edərək ağır-ağır oxumaq və oxuyarkən avazı gözəlləşdirmək


      Allah subhanəhu və təala belə əmr edir: «Həm də ( gecə ibadət etdiyin zaman) aramla, ağır-ağır Quran oxu!» (« Muzəmmil» surəsi, 4).
      Rəsulullah salləllahu əleyhi və səlləm oxuduğu ayələrin hər bir hərfini aydın tələffüz edirdi. Hər hansı bir surəni tam qaydalarına uyğun oxuduğu zaman bu, hətta ən uzun surələrdən də uzun olurdu. Ayə ağır-ağır və qaydalara uyğun oxunduğu zaman ondan sürətli oxunandan daha çox nəticə çıxarmaq olur. Bu, həmçinin düşünüb ibrət almaq və xuşu üçün çox faydalıdır. Quranı gözəl səslə oxumaq da xuşuya səbəb olan amillərdəndir. Rəsulullah salləllahu əleyhi və səlləm də buna diqqət yetirərək belə buyurmuşdur:
      «Quranı avazınızla bəzəyin. Çünki gözəl avazla Quranın gözəlliyi daha da artır».
      Quranı gözəl avazla oxumaq Quranı uzadılması lazım olmayan yerdə uzadaraq oxumaq demək deyil. Və ya müğənnilərin oxumasına bənzər oxumaq deyil. Bunun əksinə olaraq Quranı gözəl avazla oxumaq Allah qorxusu ilə birlikdə avazı gözəlləşdirərək oxumaqdır. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Quranı gözəl oxuyan kəs dinlədiyiniz zaman avazından Allahdan qorxduğunu hiss etdiyiniz insandır».
     

7. Namaz qılan insan bilməlidir ki, Allah qıldığı namazında ona cavab verir


      Rəsulullah salləllahu əleyhi və səlləm belə bildirir:
      «Uca Allah və Qadir Allah belə buyurdu: «Mən namazı özümlə qulum arasında iki bərabər hissəyə böldüm. Və quluma istədiyi veriləcək. Qul: «Əlhamdulilləhi Rabbil aləmin» dediyi zaman Uca Allah: «Qulum məni mədh etdi» buyurur. Qul: «Ərrahmənirrəhim» dediyi zaman Uca Allah: « Qulum məni uca qəbul etdi» buyurur. Qul: «Məlikiyaumiddin» dediyi zaman Qadir Allah: «Qulum mənim böyüklüyümü bəyan etdi» buyurur. Qul «İyyəkə nəbudu va iyyəkənəstəin» dediyi zaman Qadir Allah: « Bu, mənimlə qulum arasındadır və quluma istədiyi veriləcəkdir» buyurur. Qul: «İhdinəssıratal mustaqim. Sıratəlləzinə ənamtə aleyhim. Ğeyril mağdubi aleyhim valəddllin» dediyi zaman Uca Allah: «Bu, qulumun haqqıdır və ona istədiyi verilmişdir».
      Bu, çox böyük bir hədisdir. Əgər namaz qılan bu həqiqətlə hərəkət etsə, xuşu öz-özünə meydana gələcək, «Fatihə» surəsinin güclü və böyük təsiri görüləcəkdir. Beləliklə, o, Rəbbinin onunla danışdığını hiss edəcək və öz arzusuna çatdırılacağını biləcəkdir. Bunun üçün də gərək namaz qılan insan bu danışığın şərtlərini yerinə yetirsin və bunlara əhəmiyyət versin. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Sizlərdən hər hansı biriniz namaz qıldığı zaman həqiqətən Rəbbi ilə danışır. Belə olduğu halda danışığınıza diqqət edin».
     

8.Namaz qılarkən sütrəyə yaxın dayanmaq


      Namaz qılarkən sütrəyə yaxın dayanmağa diqqət yetirmək xuşu yaradan mühüm şərtlərdən biridir. Bunun nəticəsində namaz qılanın görmə dairəsi məhdudlaşır. Beləliklə, şeytandan qorunmuş olur və insanlar da onun qarşısından keçmirlər. Çünki namaz qılanın qarşısından keçmək onun fikrini yayındırır və əsrini azaldır. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurub:
      «Sizlərdən biriniz namaz qıldığı zaman qarşısında bir sütrə yaratsın və ona yaxın dayanaraq namaz qılsın». Sütrəyə yaxın dayanaraq namaz qılmağın bir çox faydaları var. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
      «Sizlərdən biriniz namaz qılarkən şeytanın bu namaza mane olmaması üçün sütrə yaratsın». Sütrə ilə namaz qılan insanın dayandığı yer arasında üç zira (təqribən 180sm) məsafə olmalıdır. Səcdə edilən yerlə sütrə arasında isə bir qoyunun keçə biləcəyi qədər məsafə olmalıdır. Bütün bu deyilənlər səhih hədislərlə təsdiq olunmuşdur. Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılan insana sütrə arasındakı məsafədən heç bir insanın keçməsinə izn verilməməsini təkidlə belə bildirmişdir:
      «Sizlərdən biriniz namaz qülarkən qarşınızdan bir insanın keçməsinə izn verməyin. Bacardığınız qədər bunun qarşısını almağa çalışın. Əgər həmin insan təkidlə yenə də keçmək istəsə, onunla mübarizə aparın. Çünki o insanla birlikdə şeytan da vardır».
      İmam Nəvəvi belə deyir: «Sütrənin hikməti gözün öz sahəsindən kənara baxmasının qarşısını almaq və namaz qılanın qarşısından keçən insanlara mane olmaqdır». Bundan əlavə, sütrə namaz qılanın qarşısından keçib namazını pozaraq şeytana da imkan vermir.

[1] [2] [3] [4] [5] [6] [7] [8]
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111