بسم
الله الرحمن
الرحيم
1.FƏSİL
Xuşunu meydana gətirən və onu gücləndirən səbəblər
1.Namaza hazırlıq
Namaza hazılaşmaq dedikdə bura bir cox əməl daxildir. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
-Müəzzinlə (azan verən) birlikdə azanın sözlərini təkrarlamaq.
-Azandan sonra sünnə olan bu duanı oxumaq:
«Ey Allahım! Ey bu böyük (doğru yola) dəvətin və qılınan namazın Rəbbi! Məhəmmədə (s.ə.s) doğru yolu ve fəziləti (xeyirxahlığı) ehsan et. Onu vəd etdiyin Məqamı Mahmuda yetir»
- Azanla qamət arasında dua etmək»
- Tam şəkildə dəstəmaz almaq. Başlayarkən «Bismillah», sonda isə sünnə olan bu sözləri oxumaq:
«Allahdan başqa ibadət ediləcək tanrı olmadığına şahidlik edirəm. O, təkdir və heç bir şəriki yoxdur. Və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və rəsuludur».
«Ey Allahım! Məni daim tövbə edənlərdən və daim öz təmizliklərinə, sağlamlıqlarına diqqət edənlərdən et».
-Misvaqdan (diş təmizləmək üçün kiçik ağac budağı) istifadə etməyə əhəmiyyət vermək. Beləliklə, ağzımız təmiz və gözəl qoxulu olacaq. Çünki bir azdan Quran oxuyacağıq. Bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Ağzınızı Quran üçün təmizləyin».
- Gözəl və təmiz bir paltar geyinərək bəzənməyə əhəmiyyət vermək. Belə ki, Allah Təala belə buyurmuşdur:
« Ey Adəm oğulları! Hər ibadət vaxtı ( namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızn geyin, yeyin-için, lakin israf etməyin, çünki Allah israf edənləri sevməz!» («Əraf» surəsi, 31).
Bəzənməyə ən layiq olan Allahdır. Bundan əlavə, gözəl və təmiz paltar geyinmək zehni rahatlıq üçün də imkan yaradır. İş, ev və ya yataq paltarı isə zehni qarışıqlığa səbəb olur - İslam adətinə görə, geyimin bədəni örtməsi, namaz qılınacaq yerin təmiz olması, vaxtında evdən çıxmaq, məscidə yavaş - yavaş və ciddi bir şəkildə getmək, barmaqları şaqqıldatmamaq, namazı gözləmək – bütün bunlar « namaza hazırlığa» daxildir.
- Namaz qılarkən cərgəyə diqqət yetirmək və aradakı boşluğu dolduraraq cərgəni tamamlamaq. Çünki cərgələrin arasındakı boşluqlarda şeytan gəzir.
2. Namazda tələsməmək və fasilə etmək
Peyğəmbər salləllahu əleyhi və səlləm namazı tam sükutla yerinə yetirirdi. Namaz qılarkən hər rüküdə oynaq hissələri tam bükülənə qədər ağır hərəkət edirdi. Namazında səhv edənə də diqqət və sükutu əmr edərək belə buyururdu:
«Bunları yerinə yetirməyənə qədər heç birinizin namazı tamam olmaz».
Əbu Qatadə radıyallahu anh da Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Oğurluğun ən pisi namazdan edilən oğurluqdur» deyildi ki: «Ya Rəsulullah, bir insan namazdan necə oğurluq edir». «Rüküsünü və səcdəsini tam olaraq yerinə yetirməyərək
Əbu Abdullah əl- Əşari radıyallahu anh Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Rüküsünü düzgün yerinə yetirməyən, səcdədə ikən yeri sanki dimdikləyən insan bir-iki xurma yeyib heç bir fayda almayan ac insana bənzəyir».
Təmkinlə namaz qılmayan bir insan xuşu əldə edə bilməz. Çünki tələsmək xuşunu aradan qaldırır. Yeri dimdikləməyə bənzər namaz qılmaq isə savabları heçə endirir.
3. Namazda ölümü xatırlamaq
Bu mövzuda Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Namaz qıldığınız zaman ölümü xatırlayın. Əbəttə ki, insan namazda ölümü xatırlayanda onun qıldığı namaz daha da gözəlləşir. Və növbəti namazı qılmağa heç bir ümidi ol mayan insan kimi namaz qılın».
Əbu Əyyub əl- Ənsari radıyallahu anh Peyğəmbər salləllahu əleyhi və səlləmdən belə bir hədis nəql edir:
«Namazı son dəfə namaz qılan kimi qıl». Yəni növbəti namaza yetməyəcəyəm» inancı ilə namaz qılın. Hər namaz qılan insan da bir gün öləcəyi üçün bizim də son namazımız bir gün yetişəcək. Hər namaz qılan insan belə düşünsə, namazındakı xuşuya əhəmiyyət verib onu əldə etmiş olar. Əslində insan haradan bilir, bəlkə də bu qıldığı namaz elə onun son namazıdır.
4. Quran ayələrinə və namazda deyilən sözlərə diqqət edib düşünmək və yeri gəldiyi zaman ayələrə cavab vermək
Qurani – Kərim dərk edilmək və düşünülmək üçün nazil edildi. Hər şeyə qadir olan Uca Allah belə buyurur:
«Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, insanlar onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də ondan ibrət alsınlar!» («Sad» surəsi, 29).
Oxucu mahiyyəti anlamaq və ondan ibrət almaq üçün oxuduğunu dərk etməlidir. Allah-Təala aşağıdakı kimi buyurur:
«O kəslər ki, Rəbbinin ayələri zikr olunduğu vaxt özünü onlara qarşı kar və kor kimi aparmaz (əksinə, onlara cani- dildən qulaq asar )…» (« Furqan» surəsi, 73).
Beləliklə, təfsirin əhəmiyyəti ortaya çıxır. İmam İbn Cərir ət-Təbəri deyir ki, «Mən Quranı dərk etmədən oxuyan insana təəccüb edirəm. O, Quranın zövqünü necə alsın».
Quran ayələrini təkrar-təkrar oxumaq düşünməyə, nəsihət və ibrət almağa çox kömək edir. Quranı təkrar-təkrar oxumaq Peyğəmbər salləllahu əleyhi və səlləmin əməli sünnəsidir. Bir hədisdə belə bildirildiyinə görə, Peyğəmbər salləllahu əleyhi və səlləm bir gecə namazda səhərə qədər eyni bir ayəni oxuyaraq namaz qılmışdır. Həmin ayə budur:
«Əgər onlara əzab versən, şübhə yoxdur ki, onlar sənin qullarındır. Əgər onları bağışlasan, yenə şübhə yoxdur ki, Sən yenilməz qüvvət və hikmət sahibisən! (İstədiyin bəndəyə əzab verməyə, istədiyini bağışlamağa və hər hansı bir məsələni hakimanə həll etməyə qadir olan ancaq Sənsən!)» («Maidə» surəsi, 118).
Bundan başqa, Quranı düşünüb nəticə çıxarmağa kömək edən ikinci amil yeri gələndə ayələrə cavab verməkdir. Hüzeyfə radıyallahu anh belə nəql edir: «Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Peyğəmbər salləllahu əleyhi və səlləm ayələrdən oxuyurdu. Təsbihlə (Allaha mənfi xüsusiyyətləri yaraşdırmamaq) bağlı ayələr gəldiyi zaman Allahı təsbih edir, dua ayəsi gəldiyi zaman Allaha dua edir sığınmaq lazım olan bir ayə gəldiyi yerdə isə Allaha sığınırdı». İkinci bir rəvayətdə isə belə bildirilir: «Bir gecə mən Peyğəmbər salləllahu əleyhi və səlləmlə birlikdə namaz qılırdım. Rəhmətlə bağlı bir ayə gəldiyi zaman Allahdan rəhmət diləyir, əzabdan danışıldığı zaman isə Allaha sığınırdı. Allahın böyüklüyündən bəhs edən ayələrdə isə Uca Allahı təsbih edirdi» Bu tərz də dua və qiraətin təəccüd namazında olduğu bildirilmişdir.
Qatadə ibn Numan radıyallahu anh məşhur səhabələrdəndir. Bu səhabə bütün gecəni başqa heç nə əlavə etmədən, yalnız «İxlas» surəsini oxuyaraq keçirmişdir.
Səid ibn Übeyd ət- Tai radıyallahu anh danışır: «Səid ibn Cübeyr radıyallhu anh Ramazan ayında bizə namazda imamlıq edirdi. Onun tez-tez aşağıdakı ayəni oxuduğunu eşitdim:
«Kitabı (Qurani) və peyğəmbərlərimizə göndərdiyimiz (vəhyi, möcüzələri və hökmləri) yalan hesab edənlər (bu hərəkətlərindən dolayı hansı cəzalara məruz qalacaqlarını) mütləq biləcəklər! O zaman ki, boyunlarında halqalar və zəncirlər olduğu halda sürüklənəcəklər. Cəhənnəmə (qaynar suya) tərəf, sonra odda yandırılacaqlar» (Mumin» surəsi, 70-72). Qasim radıyallahu anh belə danışır: «Bir gecə Səid ibn Cübeyr radıyallahu anh namaz qılmaq üçün ayağa qalxdı və namazda yalnız bir ayəni iyirmi dəfədən artıq oxudu. Bu ayə aşağıdakılardır:
«Allaha tərəf qayıdacağınız gündən qorxun! (O gün) hər kəsə gördüyü əməlin əvəzi veriləcək və ( haqsız yerə) zülm olunmayacaqdır!» («Bəqərə» surəsi, 281).
Əbu Abdullah əl- Qaysi belə danışır: «Bir gecə Həsən əl – Bəsri ilə birlikdə namaz qılmağa başladıq. Həsən əl-Bəsri səhərə qədər yalnız bir ayəni təkrar-təkrar oxudu:
«Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz» («İbrahim surəsi , 34). Səhər açıldığı zaman biz ondan soruşduq: «Ey Əbu Səid! Bütün gecəni yalnız bir ayəni oxudun, bunun səbəbi nədir?» Dedi ki, «Bundan alınacaq ibrətlər vardır. Bir dəfə gözü açıb-bağlaya bilmək iki ayrı nemətdir. Həm də sizin heç bilmədiyiniz nemətlər də vardır, onların da sayını düşünün». Harun ibn Rəbab əl-Üzeydi radıyallahu anh gecə namaz qılarkən bəzən bu ayəni səhərə qədər oxuyar və ağlayardı:
«Gətirilib od üstündə saxlandıqları zaman sən onların: «Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!» demələri ni görəydin!» (Ənam» surəsi, 27).
Bir insanın oxuduqlarını dərk etməsi üçün Qurandan müəyyən hissələri əzbərləyib namazın müxtəlif yerlərində oxunan zikr və duaları öyrənməsi Quranı düşünməyə imkan verən əsas şərtlərdəndir. Quranı düşünmək, təkrarlayaraq oxumaq və oxuduğu ayələrə müvafiq cavab vermək xuşu yaradan mühüm ünsürdür. Qadir və Uca Allah belə buyurur: «Onlar üzüqoylu səcdəyə qapanıb ağlayar, (Qurandakı öyüd-nəsihət isə) onların (Allaha) itaətini daha da artırar» («İsra» surəsi, 109).
İnsana olduqca təsir edən və üzərində düşündüyümüz zaman Peyğəmbər salləllahu əleyhi və səlləmin Quran ayələrindən nə qədər ibrət aldığını dərk edəcəyimiz bu heyrətamiz hadisədə Peyğəmbər salləllahu əleyhi və səlləmin həyatında xuşunun yeri və əhəmiyyətinə diqqət yetirək: «Ata İbn Əbu Rəbah danışır ki: «Mən və Übeyd ibn Amir möminlərin anası ilə Aişə radıyallahu anhanın yanına getdik. Übeyd ibn Amir «Peyğəmbər salləllahu əleyhi və səlləmin ən heyrətamiz vəziyyətlərindən birini danış» dediyimiz zaman Aişə (r.a) ağladı və belə dedi: «Bir gecə Peyğəmbər salləllahu əleyhi və səlləm namaz üçün ayağa durdu və belə buyurdu ki: «Ey Aişə! Bu gün mənə izn ver Rəbbimə ibadət edim». Mən isə: «Ey Allahın Rəsulu, sənə yaxın olmaq mənim üçün xoşdur. Və sənin xoşladığın mənim üçün də xoşdur» dedim. Peyğəmbər salləllahu əleyhi və səlləm də dəstmaz aldı və namaza qalxdı. Elə hey ağlayırdı, bundan saqqalı da islanmışdı. Hətta o qədər ağladı ki, paltarı və namaz qıldığı yer də islandı. Elə bu vaxt Bilal Peyğəmbər salləllahu əleyhi və səlləmi sübh namazı üçün oyatmağa gəldi. Peyğəmbər salləllahu əleyhi və səlləmi belə vəziyyətdə gördüyündə: «Ey Rəsulallah! Sən ağlayırsan? Axı Allah sənin keçmiş və gələcək günahlarını bağışlayıb» dedi. Peyğəmbər əleyhissəlam isə: «Allaha şükr edən bir qul olmayım? Bu gecə mənə elə ayələr nazil oldu ki, bu ayələri oxuyub düşünməyənlərin halına təəssüf edirəm!» «Yerin və göylərin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində düşünən insanlar üçün bir çox işarələr vardır».
«Fatihə» surəsindən sonra «amin» demək də «ayələrə yerinə görə cavab vermə»yə aiddir. Allahın Rəsulu salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Namaz qılarkən imam «amin» dedikdə siz də «amin» deyin. Belə ki, bir insanın «amin» deməsi mələklərin «amin» deməsi ilə üst-üstə düşərsə, onun bütün keçmiş günahları bağışlanır». Həmçinin imam: «Səmiallahu limən hamidəh» dediyi zaman imamın arxasında namaz qılan da: «Rabbənə valəkəl hamd» deməlidir. Bunun da böyük əcr və savabı vardır. Rifaa ibn Rafi radıyallahu anh belə nəql edir: «Bir gün Peyğəmbər salləllahu əleyhi və səlləmin arxa tərəfində namaz qılırdıq. Peyğəmbər salləllahu əleyhi və səlləm rüküdən başını qaldırıb: «Səmiallahu limən hamidəh» dedi. Bir nəfər bunun ardınca: « Rabbənə valəkəl hamd. Hamdən kəsiran tayyibən mubərakən fih» (mənası: «Ey Rəbbimiz! Bütün mədhlər yalnız sənin üçündür. Mədh və təriflərin ən çoxu, ən təmizi, ən mübarək olanı…») dedi. Peyğəmbər salləllahu əleyhi və səlləm namazı bitirdiyi zaman soruşdu: «Onu kim dedi?» Bir nəfər: « Mən» dedikdə Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu: « Otuzdan çox mələyin bu sözləri yazmaq üçün bir-biri ilə yarışdığını gördüm».
[1]
[2]
[3]
[4]
[5]
[6]
[7]
[8]
|