بسم الله الر حمن الرحيم سلام عليكم Sual:Əhli-beyt dedikdə kimlər nəzərdə tutulur?
Sual: بسم الله الر حمن الرحيم سلام عليكم Sual:Əhli-beyt dedikdə kimlər nəzərdə tutulur? və bu barədə aşağdakı qaynaqlar mötəbər deyilmi? Tathir ayeti ve Kisa Hadisi: Tirmizi Sünen’inde (Hadis: 3129 ve 3719) Hakim Müstedrek’inde (c. 3 s. 146) ve Beyhaki Sünen’inde (c.2 s. 169) ve diğer bir çok muhaddis Ümm-ü Seleme’nin şöyle dediğini nakletmişlerdir: “Allah yalnız siz Ehl-i Beyt’ten her türlü kusur ve kötülüğü gidermeyi ve sizleri tertemiz kılmayı irade etmiştir…” ayeti benim evimde nazil oldu. O zaman
Cavab:
و عليكم السلام
Sizin sualınızdan elə nəticə çıxarmaq olur ki, siz haqqı öyrənmək üçün deyil, əksinə münaqişə üçün bu cür sual verirsiniz. Lakin buna baxmayaraq biz haqqı çatdıracağıq ki, oxucularımızın hamısı bundan xəbərdar olsunlar.
Odur ki, hər bir haqqı axtaran müsəlman hər hansı bir məsələni araşdırdıqda bütün ayə və hədislərə nəzər salmalıdır. Həmçinin həmin ayələrin Qurani Kərimi bizdən qat-qat yaxşı bilən səhabələr tərəfindən verilən təfsirinə də nəzər salmalıdır. Bunu eləcə də hədislərə şamil etmək olar. Haqqı axtaran şəxs yalnız özünə xeyir edən bir hədisi götürüb onunla hökm verməməlidir. O bütün hədislərə nəzər salmalıdır.
Ona görə də biz bütün ayə və hədislərə nəzər saldıqdan sonra bu qərara gəldik ki, “Əhli-beyt” (ev əhli) dedikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) bütün zövcələri, qızları, nəvələri və ən yaxın qohumları bura daxildirlər. Bu barədə ayə və bir çox hədislər mövcuddur.
Öncə sizin qeyd etdiyiniz ayəni izah edək: Uca Allah buyurur: “Siz ey Peyğəmbərin zövcələri! Allahdan qorxacağınız təqdirdə siz (başqa) qadınların heç biri kimi deyilsiniz. (Sizin qədir-qiymətiniz, məqamınız daha yüksəkdir. Allahdan qorxsanız, daha şərəfli olarsınız). Buna görə də (yad kişilərlə) yumşaq (əzilə-əzilə) danışmayın, yoxsa qəlbində mərəz (şəkk, nifaq və günah mərəzi) olan tamaha (özgə təmənnaya) düşər. (Danışdığınız zaman) gözəl danışın! Evlərinizdə qərar tutun. İlkin Cahiliyyat dövründəki kimi açıq-saçıq olmayın. Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin. Ey (Peyğəmbərin) ev əhli! Allah (bununla) sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” (əl-Əhzab surəsi 32, 33-cü ayələr).
Bu ayə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələri haqqında nazil olmuşdur. Ona görə də ayəni oxuyan ixtiyari bir şəxs başa düşər ki, burada söhbət Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələrindən gedir. Odur ki, bu ayədə uca Allah “ev əhli” dedikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələrini nəzərdə tutur.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabələri də elə bu ayəni belə izah etmişlər. Qurani Kərimin təfsirini əksər səhabələrdən daha yaxşı bilən və Peyğəmbərimizin əhli-beytindən sayılan İbn Abbas (Allah ondan razı olsun) bu ayənin təfsirində belə demişdir: “Bu ayə Peyğəmbərin zövcələri barəsində nazil olmuşdur.” İbn Abbas (Allah ondan razı olsun) başqa bir rəvayətdə də demişdir ki, “Uca Allah bu ayədə “Ev əhli” dedikdə Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcələrini nəzərdə tutur.”
Bu hədisi Əbu Hatim və başqaları rəvayət etmişdir. (Dəqiqləşdirmək üçün Təbarinin, Qurtubinin, İbn Kəsirin və başqalarının təfsir kitablarına nəzər sala bilərsiniz).
Ümumiyyətlə “əhli-beyt” (ev əhli) dedikdə ora həmin şəxsin zövcələri də daxildirlər. Uca Allah İbrahim peyğəmbər barəsində Qurani Kərimin Hud surəsində belə buyurur:
69. Həqiqətən, elçilərimiz (mələklər) İbrahimə müjdə (İshaqın anadan olacağı xəbərini) gətirib: "Salam!" - dedilər. (İbrahim də: ) "Salam!" - deyə cavab verdi və dərhal (gedib onlara) qızarmış bir buzov gətirdi.
70. (İbrahim qonaqların) əllərinin yeməyə uzanmadıqlarını gördükdə onların bu hərəkəti xoşuna gəlmədi və qorxuya düşdü. Onlar dedilər: "Qorxma (biz Allahın mələkləriyik), biz Lut tayfasına (onu məhv etmək üçün) göndərilmişik!"
71. (İbrahimin) arvadı (Sara pərdə arxasında) durmuşdu (və ya qonaqlara qulluq edirdi). O (bu sözləri eşidib Lut tayfasının başına gələcək müsibətdən qafil olduğuna sevinərək və ya qoca yaşında oğlu olacağına təəccüblənərək) güldü. Bundan sonra Biz onu İshaqla, İshaqın da ardınca Yəqubla (İshaqın, ondan sonra Yəqubun dünyaya gələcəyi ilə) müjdələdik.
72. (İbrahimin arvadı) dedi: "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda, mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!"
73. (Mələklər ona) dedilər: "Allahın əmrinə (əmr etdiyi bir şeyə) təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstünüzdə olsun. Allah təriflənib şükür olunmağa, öyülüb mədh edilməyə layiqdir!" (Allahın bütün işləri bəyənilmişdir. O, tükənməz və əvəzsiz nemət, ehsan və kərəm sahibidir!)
Məlum olduğu kimi o zaman İbrahim peyğəmbərin evində yalnız onun zövcəsi var idi. Uca Allah da onun zövcəsinə “əhli beyt” deyə müraciət edir. Bu ayə də açıq-aydın onu göstərir ki, əhli beyt dedikdə ora ən birinci həmin şəxsin zövcələri daxil olur. Elə buna görə də Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu ayə nazil olduqda Əli, Fatimə, Həsən və Huseyni (Allah onlardan razı olsun) öz əbası altına alaraq müsəlmanların yalnız zövcələrin əhli beytə aid olduğunu düşünməsinlər deyə onların da əhli beytdən olduqlarını bildirmişdir.
O ki qaldı qeyd etdiyiniz hədisə, bəli, bu hədis səhihdir. Lakin yaxşı olardı ki, haqqı axtaran şəxs hədisi axıra kimi rəvayət etsin. Ola bilsin ki, sizin Türk dilində oxuduğunuz kitablarda bu hədis qısa şəkildə verilsin. Ona görə də hədisin əslinə qayıtmaq üçün biz Ərəb dilidə olan mənbələrə müraciət etdik.
Nəzərinizə çatdıraq ki, Ummu Sələmə (Allah ondan razı olsun) həmən hədisi bu cür rəvayət etmişdir: “Ey (Peyğəmbərin) ev əhli! Allah (bununla) sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!” ayəsi nazil olduqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) mənim evimdə idi. Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) Əlini, Fatiməni, Həsəni və Huseyni bir yerə yığıb, onları öz əbası altına alaraq dedi: “Bunlar mənim ev əhlimdir. Allahım! Bunlardan (hır cür) çirkinliyi (günahı) yox et və onları tər-təmiz (pak) et!” Ummu Sələmə (Allah ondan razı olsun) dedi: “Ey Allahın elçisi! Mən də onlardanammı?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli, sən də mənim ev əhlimdənsən.” (Bu hədisi İmam Əhməd (6/292, 296, 304, 305); Təbarani (23/393); Tirmizi (3870); Tabari (28498); Əbu Ya'lə (6888); İbni Kəsir və əksər təfsir alimləri rəvayət etmişlər.)
Bu hədis də onu göstərir ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcələri də onun əhli-beytindəndir.
Həmçinin başqa hədislərdə də gəlmişdir ki, Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əhli beyti yalnız bu dörd nəfər deyildir. Həm sizə, həm də bütün haqqı axtaran müsəlmanlara nəsihətimiz budur ki, hər hansı bir ayəni və ya hədisi rəvayət etdikdə, onu sonunacan rəvayət etsin ki, insanlar həqiqəti bilmiş olsunlar. Yoxsa özünüz də bilmədən insanları haqq yoldan azdırmış olarsız.
Məsələn, əgər biz Quranın yalnız bir ayəsini götürüb ondan əvvəlki və sonrakı ayələrə nəzər salmasaq həmin ayədən düzgün nəticə çıxara bilmərik. Uca Allah əl-Məun surəsinin 4-cü ayəsində belə buyurur: “Vay halına o namaz qılanların.”
Əgər biz yalnız bu ayəni götürsək onda deyə bilərik ki, namaz qılmaq günahdır və kim namaz qılsa Allah onu cəzalandıracaq. Lakin biz bu ayəni daha doğru başa düşmək üçün bundan əvvəl və ya sonra gələn ayələrə də nəzər salmalıyıq. Bundan sonra gələn ayədə isə Uca Allah belə buyurur: “Onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 5-ci və 6-cı ayələr). Göründüyü kimi bu iki ayə öncəki ayəni izah edir. Hədislərə də eyni ilə bu cür yanaşmaq lazımdır.
Allah bizim hamımızı haqqı eşidib, dərhal ona tabe olanlardan etsin! Amin!!!
684. tural taqiyev (sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz