Sual-Cavab

Mümkünsə bir az ətraflı.Neden sonra hansı qüslü tökmek lazımdır?

Sual: Bir daha salam! Xahiş edirem bir sualıma da cavab veresiniz : Evli bir qadin üçün mümkün olan qüsülləri bilmək istərdim. Mümkünsə bir az ətraflı.Neden sonra hansı qüslü tökmek lazımdır? Allah razı olsun !

Cavab:

Və aleykumus-sələm.

Qüslu vacib edən hallar aşağıdakılardır:

1. Cinsi əlaqədən sonra (əlaqədə olanların hər hansı birindən, yaxud hər ikisindən sperma xaric olmamışsa belə), şəhvət hissi keçirmək nəticəsində yuxulu və ya ayıq olarkən sperma xaric olmuşsa. Uca Allah buyurur: “Əgər cənabətli halda olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin).” (əl-Maidə surəsi 6-cı ayə).

Peyğəmbərin (səllallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (Allah ondan razı olsun) rəvayət edir ki, Əbu Təlhənin (Allah ondan razı olsun) zövcəsi Ummu Suleym (Allah ondan razı olsun) Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Həqiqətən, Allah haqqı soruşana utanmağı əmr etmir. Məgər qadın pollyusiya halında qüsl etməlidir?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli, əgər məninin əsər-əlamətini (paltarında və ya bədə­nində) görübsə qüsl etməlidir” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

2. Heyz (aybaşı) və nifasdan (doğuş qanından) təmizləndikdən sonra;

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Əbu Hübeyşin qızı Fatimə (Allah ondan razı olsun): “Mən davamlı istihazə oluram. Buna görə namazımı tərk edimmi?” - deyə Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) soruşdu. O dedi: “Xeyr, o bir damardır (yəni, qan həmin damardan qəlir) heyz deyil, lakin adətin üzrə heyz olduğun günlər namazları tərk et, sonra isə qüsl edib namazını qıl!” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Səhabələrin və islam alimlərinin rəyinə görə nifasla (doğuşdan sonra təqribən 40 gün müddətində gələn qanla) heyzin hökmü eynidir.

Qeyd etmək lazımdır ki, qadın heyz və ya nifas müddətdə buraxdığı namazların qəzasını qılmamalı, orucların isə əksinə qəzasını tutmalıdır.

Muazə bint Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, mən Aişədən (Allah ondan razı olsun): “Nə üçün heyzli qadın orucun qəzasını tutur, namazın qəzasını isə qılmır?” - deyə soruşdum. O məndən: “Sən Hərurisən?” - deyə soruşduqda, mən “Xeyr, Həruri deyiləm, lakin öyrənmək üçün soruşuram” - cavabını verdim. Aişə (Allah ondan razı olsun) dedi: “Biz heyzli olarkən oruc və namazı tərk edir, sonra isə yalnız orucun qəzasını tutmağa əmr olunardıq.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

3. Cümə gününün qüslü;

Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Cümə namazına gələn qüsl etməlidir.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Əbu Səid əl-Xudri (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Cümə gününün qüslü hər bir həddi buluğa çatana vacibdir.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

4. Ölüm: Vəfat etmiş müsəlmanın meyiti qüsl olunmalıdır (şəhidlər müstəsnadır);

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Bir kişi Ərafada mindiyi heyvanın üzərindən yerə düşdü və boynu sındı. (Vəfat etdikdən sonra) Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Onu sidr qatılmış su ilə yuyub iki sarğı (kəfən) ilə sarıyın. Onu ətirləməyin və başını da örtməyin həqiqətən, o, Qiyamət günü təlbiyə edərək həşr ediləcək.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Cabir (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: "Onları (Uhud döyüşündə şəhid olanları) qanlı-qanlı (qüsl etmədən) dəfn edin!..” (Bu hədisi Buxari rəvayət etmişdir).

5. İslam dininə daxil olmaq.

Qeys ibn Asim (Allah ondan razı olsun) rəvayət edir ki, “İslam dinini qəbul etmək istədikdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona qüsl etməyi əmr etdi.” (Bu hədisi Əhməd və Əbu Davud rəvayət etmişdir).

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com . ICQ #99931111

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz