Sual-Cavab

Mən "Üç nöqtə" qəzetinin 29 oktyabr tarixli sayında bir məqaləyə rast gəldim?

Sual: Salam. Mən "Üç nöqtə" qəzetinin 29 oktyabr tarixli sayında bir məqaləyə rast gəldim. Həmin məqaləni sizə təqdim edirəm və onun barəsində, xüsusilə də qeyd etdiyim yerlər barəsində fikirlərinizi bildirməyi xahiş edirəm. "Azərbaycanda təncim elmi həvəskar səviyyədə öyrənilir" F.QURBANSOY: "QÜDRƏTLİ ÖLKƏLƏRİN HƏR BİRİNDƏ BU ELMDƏN FAYDALANIRLAR Hazırda elə şəxs olmaz ki, astroloji proqnozla maraqlanmasın. Amma çox təəssüf ki, bu sahədə olan boşluqlar çoxlu yanlışlıqlara, müxtəlif problemlərin ortal

Cavab:

Və aleykumus-sələm. Biz sizin göndərdiyiniz məqaləni axıra qədər oxuduq. Amma sualınızı dəqiq anlaya bilmədik. Ona görə də xahiş edirik ki, sualınızı daha aydın tərzdə yazıb göndərəsiniz. Lakin biz sizə bir az da olsa ulduzlar barəsində xəbər vermək istərdik. Ulduz elmi iki qismə bölünür:

1. “Tə'sir” elmi; Yəni kainatda (göydə) baş verən bəzi hadisələrin yerdə baş verəcək hadisələrlə əlaqələndirmək. Məsələn: Bürclərin hərəkətləri ilə hər hansı bir hadisənin baş verəcəyini söyləmək, və ya hər hansı bir bürcdə anadan olan uşağın xoşbəxt və ya bədbəxt olacağını söyləmək, ya da yağışın yağmağını hər hansı bir ulduzla bağlamaq, yaxud da insanın başına gələcək bəzi şeyləri əvvəlcədən söyləmək. Bu cür elm öyrənmək küfrdür, haramdır və sanki qeyb aləmini bilməyi iddia etməkdir. Qeybi (gələcəkdə olacaqları) isə yalnız uca Allah bilir. Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə).

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).

Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Kim desə ki, yağış filan uldiza görə yağdı, o artıq Allaha küfr etmiş və ulduza iman gətirmiş olar. Kimdə desə ki, Allahın lütfü və rəhmi ilə yağış yağdı, o Allaha iman gətirmiş və ulduza küfr etmiş (yəni iman gətirməmiş) olur.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).

Başqa bir hədisdə isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim ulduz elmindən bir parça öyrənərsə sehr elmindən bir parça öyrənmiş olur. Bu nə qədər artarsa sehri də o qədər artar.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).

Bütün bu dəlillər onu göstərir ki, bu elmi öyrənən və öyrədən şəxs həmin elmə nə qədər gözəl don geyindirsə də belə küfr, sehr və falçılıqla məşğul olmuş olur.

2. “Təsyir” elmi; Yəni ulduzlar və bürclər vasitəsilə hər hansı bir cihəti (şimalı, cənubu və s.), qibləni fəsillərin vaxtını və bu kimi şeyləri öyrənmək. Bu elmi öyrənmək caizdir. Uca Allah buyurur: “(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).

Ümumiyyətlə uca Allah ulduzları (və bürcləri) üç şey üçün yaratmışdır:

- Hər hansı bir cihəti (şimalı, cənubu və s.) öyrənmək üçün; Uca Allah buyurur: “...(İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).

- Göy üzünü bəzəmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik...” (əl-Mulk surəsi 5-ci ayə).

- Şeytanları ulduzlar vasitəsilə daş-qalaq etmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.” (əl-Mulk surəsi 5-ci ayə).

Qeyd: Müəllif bu məqaləsində öz yalançı iddialarına dair Qurani Kərimdən bir neçə ayələr qeyd etmişdir. Bu ayələrə açıqlamalar verək:

1- Müəlli bu ayəni öz yalançı iddiaları üçün dəlil gətirmişdir. Uca Allah buyurur: “(İbrahim) ulduzlara bir nəzər saldı. Və (ətrafındakıları özündən uzaqlaşdıqmaq məqsədilə) dedi: "Mən xəstəyəm!” (əs-Saffat surəsi 88, 89-cu ayələr).

İzah: Bu surəni əvvəldən axıra qədər oxusaq görərik ki, İbrahim peyğəmbər öz qövmü ilə bayramı qeyd etməyə getməyib xəlvətdə bütləri sındırmaq üçün YALAN danışdı. O heç də ulduzlara baxıb cələcək barəsində bir söz söyləmədi. Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) də bu barədə belə demişdir: “İbrahim peyğəmbər yalnız üç dəfə yalan danışmışdır: (Öz qövmünə) mən xəstəyəm dedikdə, (bütləri) onların böyüyü sındırıb dedikdə (əl-Ənbiya surəsi 63-cü ayə) və öz həyat yoldaşı haqqında “Bu mənim bacımdır” dedikdə.”

2- Məqalənin müllifi iddia edir ki, uca Allah buyurur ki, “Allah ulduzları və əlamətləri yaratdı” Müəllif bu sözləri ilə uca Allahın bu ayəsini nəzərdə tutur: “(Allah yer kürəsi möhkəm olsun, titrəməsin, onun hərəkəti hiss olunmasın, beləliklə də) sizi yırğalamasın deyə, yer üzündə möhkəm dayanan dağlar və (istədiyiniz yerə) gedib çata biləsiniz deyə, çaylar və yollar yaratdı; (Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 15, 16-cı ayələr).

Bu ayələrdə (ərəbcədə) uca Allah “əlamətlər” sözünü “ulduzlar” sözündən öncə demişdir. Bu da onu göstərir ki, “əlamətlər” sözü özündən öncə gələn sözlə bağlıdır. Yəni əslində bu ayədə yer üzərində olan dərə, təpə və çuxur kimi əlamətlər nəzərdə tutulur. Bir sözlə insanlar öz yollarını həm göydə olan ulduzlar vasitəsi ilə təyin edirlər, həm də yer üzərindəki dərə, təpə və çuxur kimi əlamətlər vasitəsi ilə təyin edirlər.

Uca Allahdan diləyirik ki, xalqımıza hidayət versin! Amin!!!

288. Rəşad Rəsullu (Bakı)

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz