Sual-Cavab

Icinde alkol bulunana cikolatani yemek dinde Nasil karsilanir, yani harammi, gunahmi?

Sual: BISMILLAHIR-REHMANIR-REHIM! MERHABA, BENIM SIZE BIR KAC SORUM OLACAK, CEVAPLARSANIZ COK SEVINIRIM. 1. ICINDE ALKOL BULUNANA CIKOLATANI YEMEK DINDE NASIL KARSILANIR, YANI HARAMMI, GUNAHMI? 2. BIR MUSLUMAN NASIL KUSUL VERMELIDIR? (CENABET KUSULU) 3. BAZI KITAPLARDA BULUNUAN ISTEK DUALARINI OKUMAK GERCEKDEN HEDEFE ULASDIRIRMI? 4. SAYISAL LOTO GIBI SEYLER GUNAHMI, HARAMMI? 5. BURCLAR, ULDUZ FALLERI GUNAHMI? YANI ISLAM DINI BU KONUDA BIZE NELERI ONERIYOR? 6. HIPNOZ GUNAHMI, GUNAHSA HANGI ACIDAN? 7. B

Cavab:

Əs-sələmu aleykum.

1. İnində sərxoşedici (spirtli) içi olan şokalatı yemək haramdır. Çünki onun içində az miqdarda olsa da belə haram olan içki vardır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Çoxu (insanı) sərxoş edən şeyin azı da haramdır.” (Bu hədisi Əbu Davud “Sünən” əsərində (3681-ci hədis) və başqaları rəvayət etmişdir).

Ümumiyyətlə əgər Allah bir şeyi haram edərsə, onun azı da, çoxu da haramdır.

2. İstər cənabət qüslü, istər də digər qüsullar aşağıdakı qaydalarda alına bilər. Allah dərgahında qəbul olunan qüsl iki növdür:

a) Vacib qüsl. Yəni, niyyət edib bədənin hər yerinə su çatdırmaqla onu tərtibsiz (ardıcıllıq olmadan) yumaq. Bununla da bəndə boynunda olan vacibi ödəmiş hesab olunur.

b) Kamil qüsl. Yəni, niyyət etdikdən sonra [bismilləh] deyib əlləri yumaq. Sonra cinsiyyət üzvünü yumaq. Sonra dəstəmaz almaq. Sonra üç dəfə başa su töküb əl ilə onu saçların dibinə çatdırmaq. Sonra bədənin qalan yerini üç dəfə yumaq. Sonra isə ayaqları yumaq (Yəni, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) etdiyi kimi qüsl etmək).

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) cənabət qüslü etdikdə əllərini yudu. Sonra sağ əli ilə sol əlinin üzərinə su töküb övrət yerini yudu. Sonra dəstəmaz aldı. Sonra üç dəfə başına su töküb əlləri ilə onu saçlarının dibinə çatdırdı. Sonra bədəninin qalan yerini yudu. Sonra isə ayaqlarını yudu.” (Bu hədisi Muslim rəvayət etmişdir).

3. Yaxşı olardı ki, həmin duaları bizə yazıb göndərərdiniz, və biz də onun səhih olub-olmaması barəsində sizə dəqiq məlumat verərdik. İndi isə sizə bu barədə dəqiq heç bir söz deyə bilmərik.

4. Lato və ona bənzər oyunlar bir növ qumar sayılır. Odur ki, bu cür oyunlar haramdır. Hər bir müsəlman bu cür haram olan oyunlardan çəkinməlidir. Uca Allah qumarın haram olması barəsində belə buyurur: “Ey iman gətirənlər! Şübhəsiz ki, sərxoşedici [içgi və s.] də, qumar da, dikili daşlar da [bütlər və s.], fal oxları da şeytanın əməlindən olan murdar şeylərdir. Bunlardan çəkinin ki, bəlkə nicat tapasınız. Doğrusu, şeytan istər ki, sərxoşedici [içgi və s.] və qumarla sizin aranıza ədavət və kin salsın, sizi Allahı yad etməkdən və namazdan ayırsın. Siz [bu murdar əməllərə] son qoyacaqsınızmı?” (əl-Maidə surəsi 90, 91-ci ayələr).

5. Biz sizə bir az da olsa ulduzlar barəsində xəbər vermək istərdik. Ulduz elmi iki qismə bölünür:

Birinci: “Tə'sir” elmi; Yəni kainatda (göydə) baş verən bəzi hadisələri yerdə baş verəcək hadisələrlə əlaqələndirmək. Məsələn: Bürclərin hərəkətləri ilə hər hansı bir hadisənin baş verəcəyini söyləmək, və ya hər hansı bir bürcdə anadan olan uşağın xoşbəxt və ya bədbəxt olacağını söyləmək, ya da yağışın yağmağını hər hansı bir ulduzla bağlamaq, yaxud da insanın başına gələcək bəzi şeyləri əvvəlcədən söyləmək. Bu cür elm öyrənmək küfrdür, şirkdir və sanki qeyb aləmini bilməyi iddia etməkdir. Qeybi (gələcəkdə olacaqları) isə yalnız uca Allah bilir.

Uca Allah buyurur: “Qeybin açarları (Allahın) yanındadır. Onları ancaq O (Allah) bilir. (Allah) suda və quruda nə varsa bilir. Yerə düşən elə bir yarpaq yoxdur ki, (Allah) onu bilməsin. Yerin zülmətləri içində elə bir toxum, (kainatda) yaş-quru elə bir şey yoxdur ki, açıq-aydın kitabda (lövhi-məhfuzda) olmasın!” (əl-Ənam surəsi 59-cu ayə).

Hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) uca Allahının ona xəbər verdiyi bəzi qeyblərdən başqa heç bir qeybi bilmirdi. Əgər Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) qeybi bilsəydi özü üçün daha çox xeyir tədarük edərdi. Uca Allah buyurur: “(Ya Muhəmməd! Onlara belə) de: "Mən Allahın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim (savab qazanmaq üçün dünyada daha çox yaxşı işlər görərdim) və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı (pis əməlləri müqabilində Allahın əzabı ilə) ancaq qorxudan və (yaxşı əməlləri müqabilində isə Cənnətlə) müjdələyənəm!” (əl-Əraf surəsi 188-ci ayə).

Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “...Kim desə ki, yağış filan uldiza görə yağdı, o artıq Allaha küfr etmiş və ulduza iman gətirmiş olar. Kimdə desə ki, Allahın lütfü və rəhmi ilə yağış yağdı, o Allaha iman gətirmiş və ulduza küfr etmiş (yəni iman gətirməmiş) olur.” (Bu hədisi

Buxari və Muslim rəvayət etmişdir).

Başqa bir hədisdə isə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Kim ulduz elmindən bir parça öyrənərsə sehr elmindən bir parça öyrənmiş olur. Bu nə qədər artarsa sehri də o qədər artar.” (Bu hədisi Əbu Davud rəvayət etmişdir).

Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu cür kahinlərin və fala baxanların yanına gedən insanlar barəsində belə demişdir: “Kim kahinin yanına gedərsə və onun dediklərini təsdiq edərsə, artıq Muhəmmədə nazil edilmiş Qurana küfr etmiş (onu inkar etmiş) olur.” (Bu hədisi Əbu Davud, Tirmizi, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).

Başqa bir hədisdə də belə demişdir: “Kim kahinin (falçının) yanına gedib ondan ixtiyari bir şey barəsində şoruşarsa, onun 40 gün namazı qəbul olunmaz.” (Bu hədisi də Muslim və başqaları rəvayət etmişdir).

Bütün bu dəlillər onu göstərir ki, bu elmi öyrənən və öyrədən şəxs həmin elmə nə qədər gözəl don geyindirsə də belə şirk, küfr, sehr və falçılıqla məşğul olmuş olur. Uca Allah da ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).

İkinci: “Təsyir” elmi; Yəni ulduzlar və bürclər vasitəsilə hər hansı bir cihəti (şimalı, cənubu və s.), qibləni, fəsillərin vaxtını və bu kimi şeyləri öyrənmək. Bu elmi öyrənmək caizdir. Uca Allah buyurur: “(Yollarda dərə, təpə, çuxur kimi) əlamətlər də (müəyyən etdi). (İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).

Ümumiyyətlə uca Allah ulduzları (və bürcləri) üç şey üçün yaratmışdır:

- Hər hansı bir cihəti (şimalı, cənubu və s.) öyrənmək üçün; Uca Allah buyurur: “...(İnsanlar gecə vaxtı) yollarını (və qibləni) ulduzlar vasitəsilə taparlar.” (ən-Nəhl surəsi 16-cı ayə).

- Göy üzünü bəzəmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik...” (əl-Mulk surəsi 5-ci ayə).

- Şeytanları ulduzlar vasitəsilə daş-qalaq etmək üçün; Uca Allah buyurur: “And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq.” (əl-Mulk surəsi 5-ci ayə).

6. Bəli, Gipnoz haramdır. Çünki, bu əməl sehr vasitəsi ilə olur. Uca Allah da sehri haram etmiş və onunla məşğul olanları da kafir adlandırmışdır. Uca Allah buyurur: “(Yəhudilər) Süleymanın səltənətinə (şahlığına) dair şeytanların oxuduqlarına (sehr kitablara) uydular. Süleyman (bu kitablara uymadığı üçün) kafir olmadı, lakin şeytanlar (bildikləri) sehri və Babildə Harut və Marut adlı iki mələyə nazil olanları xalqa öyrədərək kafir oldular. Halbuki (o iki mələk): "Biz (Allah tətəfindən göndərilmiş) imtahanıq (sınağıq), sən gəl kafir olma!" - deməmiş heç kəsə sehr öyrətmirdilər. (Bununla belə yəhudilər) yenə də ər-arvad arasına nifaq salan işləri onlardan öyrənirdilər. Lakin onlar (sehrbazlar) Allahın izni olmadan heç kəsə zərər verə bilməzlər. Onlar (yəhudilər) ancaq özlərinə faydası olmayan, zərər verən şeyləri öyrənirdilər. Həqiqətən, onlar (yəhudilər) belə şeyləri satın alanların (Allahın kitabını şeytan əməlləri ilə mübadilə edənlərin) axirətdə payı olmadığını yaxşı bilirlər. Kaş ki, onlar özlərini nə qədər yaramaz bir şeyə satdıqlarını biləydilər!” (əl-Bəqərə surəsi 102-ci ayə).

7. Bir müsəlman kişi eyni zamanda dörd qadınla evlənə bilər. Uca Allah buyurur: “...Xoşunuza gələn [halal] qadınlardan ikisi, üçü və dördü ilə evlənin. Əgər [alacağınız qadınlarla] ədalətlə dolanmayacağınızdan qorxsanız, onda [həmin qadınlardan] biri ilə yaxud öz əllərinizin mənimsədiyi [cariyə] ilə [kifayətlənin]. Bu, haqsızdıq etməməyə daha yaxındır.” (ən-Nisa surəsi 3-cü ayə).

8. Bəndənin öldükdən sonra qiyamətədək qalacağı aləm bərzəx adlanır. Bərzəxdə hər bir şəxsdən “Rəbbin kimdir?”, “Dinin nədir?” və “Peyğəmbərin kimdir?” - deyə sorğu-sual olunacaqdır. Şübhəsiz ki, hər kəs bu sualların bərzəxdə soruşulacağının həqiqət olduğunu görəcəkdir. Öz Rəbbini, dinini və peyğəmbərini tanıyan şəxs necə də xoşbəxtdir! Belə ki, Allah onu bu dünyada saleh əməllər etməyə və bərzəxdə həmin üç suala cavab verməyə müvəffəq edəcəkdir.

“Allah iman gətirənləri dünyada da, axirətdə də [bərzəx aləmində də] möhkəm bir sözlə [kəlmeyi-şəhadətlə] sabitqədəm edər.” (İbrahim surəsi27-ci ayə).

Peyğəmbərimiz Muhəmməd (səllallahu aleyhi və səlləm) səhabələrdən hər hansı birini dəfn etdikdən sonra qəbrinin yanında dayanıb belə deyərdi: “(Allahdan) Qardaşınızın bağışlanmasını və onun sabitqədəm olmasını diləyin! Çünki indi o sorğu-sual olunur.” (Bu hədisi Əbu Davud və başqaları rəvayət etmişdir).

Başqa bir hədisdə isə hər kəsin öldükdən sonra: “Rəbbin kimdir?”, “Dinin nədir?” və “Peyğəmbərin kimdir?” - deyə sorğu-sual olunacağı və həmin suallara cavab verənin nicat tapacağı, cavab verə bilməyənin isə əzaba düçar olacağı xəbər verilir. (Bu hədisi də Əbu davud və başqaları rəvayət etmişlər).

9. Hər bir müsəlman etdiyi günahlara görə (onun böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq) tövbə etməli və Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidir. Tövbənin şərtləri bunlardır:

1 – Etdiyin günaha görə peşiman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşimançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).

2 – Etdiyin günahdan bir dəfəlik əl çəkmək;

3 – Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;

4 – Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)

Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:

- Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərtilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə).

- Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır: a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda; b) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" -deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə).

Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə).

Tövbə edən şəxs tövbəsini pozarsa yenidən üçün tövbə etməlidir. Yuxarıda da qeyd etdik ki, uca Allah tövbəni ölüm anına qədər qəbul edir.

10. Cin və şeytanlardan qorunmaq üçün bir çox vasitələr vardır. Onların bəzilərini qeyd edək:

1 – Səhər və axşam zikrlərini öz vaxtlarında etmək;

2 – Quran oxumaq, xüsusən də əl-Bəqərə surəsini oxumaq;

3 – Daima cin və şeytanlardan Allaha sığınmaq;

4 – Ayətul-kürsünü (əl-Bəqərə surəsinin 255-ci ayəsini) oxumaq;

5 – Əl-İxlas, əl-Fələq və ən-Nas surələrini oxumaq;

Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.

772. Mirqadir Furqani ()

Oxşar məqalələr

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz