Bu oruc batil olurmu ya yox?
Sual: RAMAZAN AYININ 2-Cİ GÜNÜ MƏN BİLİRDİM, LAKIN YADIMDAN ÇIXDI VƏ MƏN OĞLANI ÖPDÜM. BU ORUC BATİL OLURMU YA YOX. BIR DƏ XAHİŞ EDİRƏM SİZDƏN, MƏNƏ ORUCUN BATİL OLMA SƏBƏBLƏRİNİ YAZIN.
Cavab:
Öpmək və ya öpüşmək orucu pozmur. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər səllallahu aleyhi və səlləm oruclu ola-ola zövcələrini öpərdi. Orucu pozan amillər aşağıdakılardır:
- cinsi əlaqə;
- yemək və içmək;
- bədəni qüvvətləndirən iynələr, buruna damızdırılan dərmanlar və başqa bu kimi yemək-içməyə bənzər şeylər;
Uca Allah buyurur: “İndi isə onlara [qadınlara] yaxınlaşın və Allahın sizin üçün müəyyən etdiyini istəyin [övlada və s. nail olmağa çalışın]. Dan yeri söküləndə ağ sap [şəfəq] qara sapdan [gecənin qaranlığından] seçilənə qədər yeyin-için. Sonra gecəyə qədər [gün batana kimi] orucunuzu tamamlayın.” (əl-Bəqərə surəsi 187-ci ayə).
- şəhvətlə bilərəkdən məni (sperma) ifraz etmək;
Uca Allah qüdsi hədisdə buyurur: “Oruc tutan kəs yemək-içməyini və şəhvətini Mənə görə tərk edir.” (Bu hədisi Buxari rəvayət etmişdir).
- özünü qusdurmaq;
Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Hər kim qəsdən özünü qusdursa, bunun qəzasını tutsun.” (Bu hədisi imam Əhməd, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişlər).
- heyz və nifas qanı.
Aişə (r.a) rəvayət edir: “Biz heyzli olarkən orucu və namazı tərk edərdik. Sonra isə bizə yalnız orucun qəzasını tutmaq əmr olunardı.” (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir).
Qeyd etmək lazımdır ki, bunlar orucu yalnız üç şərtlə pozur. Şərtlər isə aşağıdakılardır:
1. Oruc tutan şəxs onu pozan şeylər barədə məlumatlı olmalıdır;
2. Oruc tutmaq onun xatirində olmalıdır;
3. O, orucu qəsdən pozmalıdır.
Bundan belə nəticə çıxır ki, elmsiz olaraq, yaxud unudaraq, yaxud da zorla vadar edilərək orucu pozan şəxsin orucu səhih sayılır və həmin günün qəzasını tutmaq lazım gəlmir. Bu xüsusda Peyğəmbər səllallahu aleyhi və səlləm demişdir: “Həqiqətən, Allah mənim ümmətimə bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiklərini bağışlamışdır.” (Bu hədisi İbn Macə rəvayət etmişdir).
Yuxarıda qeyd olunanlardan - cinsi əlaqə müstəsna olmaqla - hər hansı bir yolla orucu pozan şəxs bunun əvəzinə yalnız bir gün oruc tutmalıdır. Cinsi əlaqəyə gəlincə, qeyd etmək lazımdır ki, onun cəzası fərqlidir. Belə ki, bu günaha görə hər ikisi həm tövbə etməli, həm bir gün onun qəzasını tutmalı, həm də kəffarə olaraq ya qul azad etməli, ya altmış gün ardıcıl olaraq oruc tutmalı, ya da altmış kasıbı yedirtməlidir. Peyğəmbər səllallahu aleyhi və səlləm Ramazan orucunda cinsi əlaqəyə girən şəxsə bunları əmr etmişdir. (Bu hədisi Buxari və Muslim rəvayət etmişdir). Lakin qeyd etmək lazımdır ki, onlardan biri digərini buna məcbur etsə məcbur olunan tərəfin orucu pozulmur.
97. fuad azizov (BAKI)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz