Hekayə

Uçuş qorxusu

Təyyarəyə ilk dəfə mindiyini yanımda oturar-oturmaz anlamışdım. Son dərəcə ürkək hərəkətlərlə sağa-sola boylanır və tez-tez pəncərədən aşağı baxırdı. Kəmərini bağlamağına yardım edərkən tanış olduq.
- Təyyarə ilə ilk dəfədir uçuram. Qar yağmasaydı heç addımımı da bura atmazdım.
- Niyə? – deyə soruşdum.
- İnsan ayağını sağlam yerə basmalıdır – dedi- əgər uçmağımız normal bir şey olsaydı Allah bizi qanadlı yaradardı.
Cavab verməzdən əvvəl arxaya söykəndim. Çünki təyyarəmiz zolaqda irəliləməyə başlamış və az müddət ərzində sürətini artırmışdı. Havaya qalxmağa başlayarkən sanki gizli bir qüvvə ilə geriyə doğru itələnirdik. Gözücü ona baxdım. Oturacağının kənarından yapışmış və gözlərini möhkəmcə yummuşdu. Təyyarənin yüksəlməsi sona çatandan sonra mənə tərəf dönərək:
- Aparılan araşdırmalara görə ən təhlükəsiz sərnişin daşıma vasitəsi təyyarələrmiş, - dedi. Yəni yolçu sayına görə ən az qəza təyyarələrdə olurmuş.
Onu qaranlıq bir küçədə qorxusundan mahnı zümzümə edən uşaqlara bənzədirdim. Gülümsəyərək:
- Bu doğru ola bilər, dedim. Ancaq əcəl birdir, dəyişməz. Ömründə bir dəfə təyyarəyə minərsən, əcəlin gələrsə elə həmin təyyarə də qəzaya uğrayar.
Düşünmədən söylədiyim bu sözlərlə onu çox qorxutmuşdum deyəsən. Rəngi sapsarı olmuş, səsi titrəməyə başlamışdı.
- İnsan ayağını sağlam, etibarlı yerə basmalıdır,- deyə təkrarladı - Boşluqda dolaşan bir şeyin içində nə işimiz var mən bilmirəm. İnşallah pilot təcrübəli biridir yaqin.
- Allaha təvəkkül et, dedim. O zaman rahat olarsan.
- İmanım qüvvətli olsaydı, bəlkə dediyini bacara bilərdim, dedi. Allaha inansam da varlığını və qüdrətini heç cür ağlıma yerləşdirə bilmirəm.
- Bu anormal bir şey deyil ki, dedim. Məsələn, gözlər müəyyən bir məsafədən uzağı görə bilməzlər. Qulaqlar isə müəyyən dalğaların xaricindəki səsləri eşitməzlər. Ağıl da bir nöqtədən sonra aciz qalmazmı?
Bir az düşündükdən sonra:
- Dediklərin deyəsən doğrudur, dedi. Ancaq aşağı enə bilsək yenə də torpağı öpəcəyəm.
Hava limanına endikdə təyyarədən birlikdə ayrıldıq. Balaca uşaqlar kimi sevincək olmuşdu.
- Bu təyyarəyə ilk və son minməyim olsun. Bir daha ayaq bassam adımı dəyişərəm.
Endiyimiz təyyarəni göstərərək:
- Bir az əvvəl bu təyyarədən qorxmurdun?- deyə soruşdum.
- Qorxduğumu çox yaxşı bilirsən, dedi.
- Yaxşı, amma indi ondan daha sürətli gedən başqa bir təyyarəyə, yəni dünyaya mindin, dedim. O da boşluqda uçmurmu?
Addımlarına ara verib sanki olduğu yerdə dondu. Başını qaldırıb göyüzünə baxır və dünyanı sanki ilk dəfə görürdü.
Bir müddət bu seyrinə davam edəndən sonra qulağıma tərəf əyilərək pıçıldadı:
- Təyyarədə “ağlıma yerləşdirə bilmirəm” dediyim şey var idi ha, dedi - artıq elə bir problemim qalmadı.

Hazırladı: Fani / Azerislam.com

Oxşar məqalələr

Hekayə

Qoca qarı və xəlifə

Bu hekayə İbn Abbas tərəfindən rəvayət edilmişdir: "Qaranlıq bir gecə idi; soyuq və dondurucu bir qış gecəsi. Ayaz insanın iliklərinə işləyirdi. Xəli…

12 dəq. oxunuş 1 389
Hekayə

Ocaqda yandirilmayan odun

Bir gün altı insanın yolu bir yol ayrıcında kəsişdi. Bir-birlərini əvvəllər heç görməmişdilər. İlk dəfə və məcbur olaraq bir yerdə idilər. Təhlükəli …

3 dəq. oxunuş 2 270
Hekayə

Heç kim cəzasız qalmaz

Abbasilərin beşinci xəlifəsi Harun ər-Rəşid sarayının bağçasındakı bir gül kolunu çox sevirmiş. Bu gülə xüsusi qulluq etməsi üçün bağbanına əmr verir…

2 dəq. oxunuş 3 041

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz