Namazda xuşu (8)
بسم الله الرحمن الرحيم
26.Ucadan oxuyaraq başqalarını narahat etmək
Namaz qılan insan özünü namazı pozan, xuşusunu aradan qaldıran amillərdən qoruduğu kimi başqasının namazını pozan davranışlardan da uzaq olmalıdır. Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Dinləyin! Sizin hər biriniz namaz qılarkən Allahla danışır. Buna görə də əsla bir-birinizi narahat etməyin. Qiraətdə bəziniz bəzinizə qarşı - bir rəvayətə görə isə namazda - səsini yüksəltməsin». İkinci rəvayət isə belədir:
«Quran oxuyarkən bir-birinizə qarşı səsinizi yüksəltməyin».
27.Namaz qılarkən tez-tez ətrafa baxmaq
Əbu Zər radıyallahu anh belə nəql edir: «Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurdu:
«Qul namaz qıldığı zaman sağa-sola baxmadığı müddətdə Allah ondan üz döndərməz. Əksinə, tez-tez ətrafa baxdıqda isə Allah ondan üz çevirər».
Namazda iki cür iltifat (meyl, diqqət, yönəlmək) var. Birincisi, qəlbin Allahdan başqalarına iltifatı, ikincisi, gözün ətrafa iltifatı. Bunların hər ikisi də namazın əcr və savabına zərər verdiyi üçün qadağan edilmişdir. Namaz qılarkən ətrafa yönəlmək haqqında Peyğəmbər salləllahu əleyhi və səlləmə sual verildiyi zaman o, belə cavab verdi:
«Bu, şeytanın namazın vaxtından oğurluq etməsidir».
Namaz əsnasında qəlbi və gözü ilə ətrafa nəzər yetirən insan şahın hüzuruna çağırılan və onunla danışdığı müddətdə ətrafa baxan və diqqətlə dinləmədiyi üçün şahın sözlərini anlamayan insana bənzəyər. Sizcə, şah həmin insana qarşı necə davranmalıdır? Həddindən artıq əsəbiləşən şah ən azı onu öz hüzurundan qovacaq. Bundan əlavə, bu insan şahın gözündən düşəcək.
Əlbəttə ki, bu şəkildə namaz qılan insanın namazı qəlbən Allaha yönələn, Allahın böyüklüyünü daxilən hiss edən bir insanın namaz qılması ilə eyni deyil. Bu insanların Allah dərgahındakı qiyməti də bərabər deyil. Allahın əzəmətini hiss edən insanın daxili Onun heybət və qorxusu ilə zəngindir. Həmin insan hər zaman Allah qarşısında boyun əyir. Və Rəbbindən hiss etdiyi həya səbəbilə nə gözünü, nə də qəlbini Allahdan başqasına çevirməz.
Hüseyn ibn Atiyyə rəhmətullahi aleyhi belə deyir: «İki insan bir vaxtda namaza başlayarsa, bu iki insanın arasında yerlə göy arasında fərq olur. Çünki biri sırf Allaha yönələrək namaz qılır, digəri isə namazı tam olaraq yerinə yetirməz».
Lakin hər hansı bir ehtiyac və zərurət anında ətrafa yönəlməyə gəldikdə isə bunda bir qəbahət yoxdur. Səhl ibn Hənzələ radıyallahu anh belə nəql edir: «Səhər namazını qılmaq üçün ayağa qalxdılar, Peyğəmbər salləllahu əleyhi və səlləm namazı qıldırmağa başladı. Hərdən vadiyə tərəf baxırdı». İmam Əbu Davud bunun səbəbini belə bəyan edir: «Peyğəmbər salləllahu əleyhi və səlləm həmin istiqamətdə bir növbətçi təyin etmişdi və onun gəlməsini gözləyirdi».
Həmçinin Peyğəmbər salləllahu əleyhi və səlləm namaz qılarkən nəvəsi Ümamə bint Əbil-Ası belinə mindirmişdi. Aişə radıyallahu anha üçün qapını açmış, insanları namaz göstərmək üçün minbər üzərinə çıxaraq namaz qılmış, daha sonra enərək səcdə etmiş, Kusuf namazında geri çəkilmiş, qarşısından keçmək istəyən şeytanı görərək boğazını sıxmış, ilan və əqrəb kimi heyvanları namazda da olsa öldürməyi əmr etmiş, namaz qılarkən qarşı sından keçənə izn verməmiş, inad etsə, onunla mübarizə aparmasına əmr vermiş, qadınlara imama xəbərdarlıq etmək məqsədilə əl çalmalarını əmr etmiş, namaz əsnasında əlilə işarə edərək salamı almışdır. Həmçinin bunun kimi ehtiyac halında olan insanlara da hərəkət etməyə icazə vermişdir. Lakin ehtiyac olmadığı halda hərəkət etmək xuşuya zidd və lüzumsüz bir işdir.
28.Namaz qılarkən səmaya doğru baxmaq
Namaz qılarkən başı yuxarı qaldırıb göyə doğru baxmaq qadağan edilmişdir. Buna qarşı sərt xəbərdarlıqlar edilmişdir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur: «Sizlərdən biri namaz qılarkən gözünü yuxarı qaldırıb göyə baxmasın. Əks təqdirdə gözləri ondan alınacaq».
«Görəsən nə üçün insanlar namaz qılarkən gözlərini səmaya dkirlər?».
İkinci rəvayət isə belədir:
«Görəsən insanlar nə üçün namazda dua edərkən gözlərini səmaya tərəf qaldırırlar?»
Yenə Peyğəmbər salləllahu əleyhi və səlləm insanlara xəbərdarlıq etmək üçün belə buyurdu: «Yaxşısı budur onlar bu hərəkətlərindən əl çəksinlər, yoxsa gözləri alınacaq».
29.Namaz qılarkən qarşı tərəfə tüpürmək
Bu hərəkət namaz qılarkən xuşuya olduqca ziddir. Həmçinin Allaha münasibətdəki ədəbə də ziddir. Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Sizlərdən biri namaz qılarkən qarşı tərəfinə tüpürməsin. Çünki namaz qılarkən Allah subhanəhu və təala onun qarşısındadır».
Başqa bir rəvayət isə belədir:
«Sizlərdən biri namaz qılarkən qarşısına tüpürməsin. Çünki namaz qılan insan namazda Rəbbi ilə danışır. Sağ tərəfinə də tüpürməsin. Çünki sağ tərəfində mələk vardır. Tüpürdükcə, sol tərəfinə və ya ayağının altına tüpürsün və sonra da üstünü örtsün».
Növbəti rəvayət isə belədir:
«Sizlərdən biri namaz qılarkən Rəbbi ilə danışır. Rəbbi subhanəhu və təala onunla qibləsi arasındadır. Elə isə heç biriniz qiblə tərəfinə tüpürməsin. Sol tərəfinə və ya ayağının altına tüpürməsin».
30.Namaz qılarkən əsnəmək
Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Sizlərdən biri namaz qılarkən əsnəməyi gəlsə, mümkün qədər bunun qarşısını almağa çalışsın. Çünki əsnəmə zamanı şeytan onun daxilinə keçir».
Əgər şeytan onun içinə daxil olsa, namaz qılanın namazı necə xuşulu ola bilər? Bundan əlavə, namaz qılan insan əsnədiyi zaman şeytan ona gülür.
31. Namaz qılarkən əlləri yana qoymaq
Əbu Hüreyrə radıyallahu anh belə nəql edir: «Rəsulullah salləllahu əleyhi və səlləm namaz qılarkən əlləri yana qoymağı qadağan etdi».
Ziyad ibn Sabih rəhmətullahi aleyh belə deyir: «Mən Abdullah ibn Ömərin yanında namaz qıldım. Əllərimi yana qoymuşdum. İbn Ömər əlimə vurdu. Namazı qıldıqdan sonra da belə dedi: «Namaz qılarkən belə dayanmağı Peyğəmbər salləllahu əleyhi və səlləm bizə qadağan etdi».
Səhih bir hədisdə cəhənnəm əhlinin bu əziyyətdən qurtarması üçün əllərini yanlarına qoyduqları bildirilir. Uca Allah bizi bu atəşdən qorusun.
32.Namaz qılarkən yerlə sürünən üzün paltar geyinmək
Rəsulullah salləllahu əleyhi və səlləm yerlə sürünən paltar geyinməyi və kişinin üzünü örtməsini qadağan etmişdir. İmam Həttabi rahmətullahi aleyhi deyir ki: «Buradakı məqsəd insanın yerə dəyəcək, yerlə sürünəcək şəkildə paltar geyinməsidir. Bu isə qəti olaraq qadağan edilmişdir. Çünki bu, bir təkəbbür (xudbinlik) əlamətidir. Bu hərəkəti namaz qılarkən etmək isə daha pisdir».
İbn Əsir rahmətullahi aleyh belə deyir: «Burada ifadə edllən mənadan məqsəd paltarı bədənə bürüyüb əllər içəridə qalmış şəkildə rükü və səcdə etməkdir».
Bu mövzudakı bəzi baxışlara görə, bu, yəhudilərin ibadət forması olmuşdur. Başqa bir təfsirə görə isə burada əsas məqsəd bir insanın paltarını başından və çiyinlərindən aşağı ya tərəf sallamasıdır ki, əyilib-qalxdığı zaman bunu düzəltməklə məşğul olur. Yuxarıda qeyd olunan formada namaz şübhəsiz ki, xuşunu pozur. Əgər paltar bağlı olsa, sürüşüb düşməyəcək şəkildə sarılsa və ya namaz qılanı məşğul etməsə, bu, xuşuya zidd deyil. Üzü örtməyə gəldikdə isə alimlərin bildirdiyinə görə, bu, qiraətə və sərbəst səcdə etməyə mane olduğu üçün qadağan edilmişdir.
33.Namaz qılarkən heyvanlara bənzər hərəkət etmək
Allah subhanəhu və taəla insanı izzətli yaratmış, ona şərəf və ən gözəl surəti vermişdir. Buna görə də bəzi heyvanlara bənzər hərəkət etmək çox pis haldır. Namaz qılarkən də heyvanlara bənzəmək və onlar kimi hərəkət etmək qadağan edilmişdir. Bu hərəkətlər həm xuşuya ziddir, həm də namaz qılan insana yaraşmır.
Məsələn, Peyğəmbər salləllahu əleyhi və səlləm bu üç hərəkəti qadağan etmişdir. «Qarğa kimi yeri dimdikləmək, ayaqlarını itin ayaqlarını uzatdığı kimi uzatmaq və dəvə kimi yer tutmaq».
Alimlərin bildirdiyinə görə, «Dəvə kimi yer tutmaq» ifadəsində əsas məqsəd məscid də müəyyən bir yeri təyin edib daim orada namaz qılmaqdır. Dəvə də təyin etdiyi hər hansı bir yeri dəyişdirmir.
İkinci bir rəvayətə görə isə: «Rəsulullah salləllahu əleyhi və səlləm mənə toyuq kimi yeri dimdikləməyimi, ayaqlarımı itin ayaqlarını uzatdığı kimi uzatmağımı, tülkü kimi ətrafa baxmağımı qadağan etdi».
Xuşu yaradan və onu gücləndirən amillərə əhəmiyyət vermək, xuşunu pozan amillərdən də uzaqlaşmaq lazımdır. Bu fəsillə bağlı deyəcəklərimiz bura qədər idi.
İslam hüququna görə xuşunun hökmü
Xuşunun əhəmiyyətini və yerini dərk etmək üçün aşağıda verilən suallara alimlərin cavablarını oxumaq kifayətdir.
Sual: Namaz qılarkən tez-tez vəsvəsə ilə qarşı-qarşıya qalan insanın namazı doğrudur yoxsa yenidən qılmalıdır?
Cavab: İmam ibn Qeyyim rəhmətullahi aleyh bu suala belə cavab vermişdir: «Əgər verilən bu sualdan məqsəd xuşuya əhəmiyyət verməyən insanın namazının sayılıb-sayılmamasıdırsa, əlbəttə ki, əcr və savab yönündən həmin insanın namazı doğru deyil. Çünki bir insanın namazı yalnız həmin namazı bilib dərk etdiyi zaman qəbul olunur və namaz sayılır. Abdullah ibn Abbas belə deyir: «Sənin namazından qazandıqların yalnız bilib dərk etdiklərindir». Bundan başqa, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurur: «Namaz qılan insanların bəzisinə yarım, bəzisinə üçdə bir, bəzisinə dörddə bir, hətta bəzisinə isə onda bir qədər savab yazılır».
Uca Allah namaz qılanların qurtuluşunu xuşuya bağlamışdır. Kim xuşu ilə namaz qılmasa, o, səadət və müvəffəqiyyətə nail olmayacaq. Əgər xuşusuz namaz qılan savab qazansaydı, onda o insan qurtuluşa nail olanlardan hesab edilərdi.
Bəs dini hökm cəhətdən həmin insanın namazı yerinə yetirmiş hesab edilirmi? Əgər bu insan çox vaxt namazını xuşu ilə qılırsa və çox vaxt namazını bilib dərk dərk edərək yerinə yetirirsə, bu zaman əksər alimlər belə namazın doğru olduğuna dair eyni fikirdədir. Bundan əlavə, fərzlərin ardında olan sünnələr və zikrlər də fərzlərdəki çatışmamazlığı tamamlayır. Yox, əgər belə insan əksər namazlarını xuşu ilə yerinə yetirmirsə, namazının nə vaxt başlayıb nə vaxt bitdiyini bilməyərək namazını unudursa, bu halda onun namazını yenidən qılıb-qılmaması mövzusunda alimlər arasında fikir ayrılığı var. Xuşunu namazın lazımlı bir rükət olaraq qəbul edənlərə görə, həmin insan namazını yenidən qılmalıdır. Xuşunu namazın vacib rükəti olaraq qəbul etməyənlərə görə isə namazı yenidən qılmamalıdır. Beləliklə, bu üsulla vəsvəsə məsələsi də aydın olur. İmam Əhməd rəhmətullahi aleyhin tələbələrindən biri olan ibn Həmidə görə, vəsvəsə olduğu zaman namaz yenidən qılınmalıdır. Alimlərin əksəriyyəti isə bu halda namazın qılınmasının əleyhinədir. Həmin alimlər namazda unudan birisinə Rəsulullah salləllahu əleyhi və səlləmin səcdə-i səhvi (unutduğu üçün səcdə etmək) əmr edəcəyi halda təkrarlamağı əmr etməsini dəlil olaraq qəbul edirlər. Belə ki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Siz namaz qılarkən şeytan sizə yaxınlaşır və heç yadınızda olmayan bəzi şeyləri, bunu, bunu xatırla» deyərək xatırladır. Hətta insana necə rükət qıldığını da unutdurur».
Əlbəttə, heç şübhəsiz ki, həmin insan qıldığı namazından yalnız qəlbən qıldığı hissə qədər savab qazanır. Belə ki, Peyğəmbər salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Namaz qılan insanların bəzisinə savabın yarısı, bəzisinə üçdə biri, bəzisinə dörddə biri, hətta bəzisinə onda biri qədər savab düşür».
Abdullah ibn Abbas da belə demişdir: «Sənin üçün namazdan yalnız bilib dərk etdiyin qədər savab vardır. Bütün bunlardan belə nəticə çıxarmaq olar ki, vəsvəsə ilə qılınan namaz savab və məqsəd baxımından doğru deyildir. Lakin dini hökm olaraq bu, namaz kimi qəbul edilir və təkrar qılınmaz».
Rəsulullah salləllahu əleyhi və səlləm belə buyurmuşdur:
«Müəzzin azanı oxumağa başladığı anda şeytan sürətlə həmin yerdən uzaqlaşaraq azanı eşitməyəcək qədər uzağa gedir. Azan bitdiyi zaman da yenidən həmin yerə gəlir. Namaza başlanan zaman yenidən qaçır. Bu, bitdikdən dərhal sonra yenə gəlir və insanla onun nəfsi arasına girir. «Filan hadisəni xatırla, filan hadisəni xatırla» deyərək namazdan əvvəl insanın heç ağlında olmayan şeyləri də yadına salır. İnsanı o qədər azdırır ki, hətta neçə rükət namaz qıldığını da unudur. Sizlərdən biri belə halla rastlaşsa, oturaraq iki səcdə etsin».
İslam hüququ ilə məşğul olan alimlər aşağıdakı hədislə belə bir dəlil gətirmişlər. Şeytanın vəsvəsəsi səbəbilə neçə rükət namaz qıldığını unudan insana Rəsulullah salləllahu əleyhi və səlləm təkrar namaz qılmağı yox, səcdə-i səhv (unutduğu üçün səcdə etmək) etməsini əmr etmişdir. Əgər həmin namaz batil olsaydı, namazı yenidən qılmağı əmr edərdi. Səcdəi səhvin faydası möminin qəlb rahatlığını pozan, onu vəsvəsəyə salan şeytanın burnunun yerə sürtülməsidir. Buna görə də Peyğəmbər salləllahu əleyhi və səlləm bu iki səcdənin adını «mirqaməteyni» (yəni burnu yerə sürtülən) qoymuşdur. Əgər namazın fayda və bəhrəsini görmək üçün o insan həmin namazı yenidən qılmaq istəsə, əlbəttə ki, bu, onun öz işidir. Belə halda o, istəsə namazını təkrar qılar, istəsə qılmaz. Əgər bu insana təkrar namaz qılmasını əmr etsək, o da bundan imtina etsə, bu zaman biz onu cəzaya sürükləmiş oluruq və həmin insan namazı tərk edənin hökmünə daxil olur desək, əlbəttə ki, doğru olmaz. Ən doğru olan isə belədir ki, vəsvəsə ilə namaz qılan insanın namazı əcr və savab baxımından nöqsanlı sayılsa da bu namaz yerinə yetirilmiş hesab edilir. Əlbəttə ki, ən doğrusunu Allah bilir.
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz