Cox sag olun .Butun muselmanlari ramazan bayrami munasibeti ile tebrik edirem…
Sual: salamaleykum ve rehmetullah oluye quran oxutdurmag olarmi?cox sag olun .Butun muselmanlari ramazan bayrami munasibeti ile tebrik edirem salamaleykum va rehmetullah.
Cavab:
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
İslam dininə görə ölüyə quran oxumaq olmaz. Çünki belə bir əməl islam dinində varid olmamışdır. Nə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm), nə də onun ardıcılları olan səhabələri belə bir əməl etməmişlər. Bu da onu göstərir ki, ölüyə Quran oxumaq dində onlardan sonra yaranmışdır. Bir sözlə dinə sonradan əlavə edilmişdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra ona əlavələr etmək olmaz. Uca Allah buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...” (əl-Maidə surəsi 3-cü ayə).
Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) demişdir: “...Əməllərin ən şəri (dinə olan) yeniliklərdir. Şübhəsiz ki, hər bir yenilik bid'ətdir, hər bir bid'ət də zəlalətdir və hər bir zəlalət də Cəhənnəmdədir...” (Bu əhdisi Muslim, Əbu Davud, Nəsai, İbn Macə, Əhməd və başqaları rəvayət etmişlər).
Odur ki, sonradan bu dinə edilən bid'ətlər (yeniliklər) rədd olunur (qəbul olunmur). Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) bu xüsusda belə demişdir: “Bizim işimizə [dinimizə] ondan olmayan bir şeyi əlavə edənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir).
Eləcə də ölüyə Quran oxumaq yaxşı və xeyirli bir əməl olsa idi onu ilk növbədə Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) edərdi. Çünki elə bir yaxşı əməl yoxdur ki, onu Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməsin. Əgər bu əməli Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) etməyibsə biz də etməməliyik. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizim üçün bir nümunə, örnəkdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Lakin qeyd etmək istəyirik ki, İslamın düşmənləri müsəlmanları öz dinlərindən uzaqlaşdırmaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Ölüyə Quran oxumaq barəsində uydurduqları hədis də bu qəbildəndir.
Mühüm bir məsələni də nəzərinizə çatdırmaq istəyirik:
İndiki dövrdə ölülərə quran oxuyanların hamısı bunu müəyyən bir pulla oxuyurlar. Bu əməl öncə qeyd etdiyimiz əməldən daha da çox azğınlıqdır. Çünki həmin şəxs Quranı yalnız pula görə oxuyur. Yəni Quran ayələrini dəyərsiz dünya malına satır. Uca Allah buyurur: “...Mənim ayələrimi ucuz qiymətə (dəyərsiz dünya malına) satmayın və ancaq Məndən qorxun!” (əl-Bəqərə surəsi 41-ci ayə).
Əgər həmin şəxs Quranı pula görə oxuyursa onda buna görə heç bir savab qazanmır. Uca Allah buyurur: “Kim (axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada (dünyada) verərik. Onların dünyadakı mükafatları əsla azaldılmaz. Belələrini axirətdə atəşdən (cəhənnəm odundan) başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!” (Hud surəsi 15-ci və 16-cı ayələr).
Bu ayə onu göstərir ki, həmin şəxslər Quran oxumağı və bu kimi başqa əməlləri dünya malına görə etdikləri üçün Allah dərgahında heç bir savab qazanmırlar. Əgər onlar heç bir savab qazanmırlarsa onda hansı savabı ölüyə bağışlayırlar. Bu cür misallarda ağıl sahibləri üçün böyük ibrətlər vardır.
Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah bizi haqqı eşidib ona əməl edənlərdən etsin! Amin!!!
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.
449. Kemale (Sumqayit)
Şərhlər
Hələ şərh yoxdur. İlk şərhi siz yazın.
Şərh yaz