Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, (onlar) diridirlər, lakin siz (bunu) ayırd edə bilmirsiniz.
[Bəqərə, 154]
Hər kim İslam dini uğrunda öldürülürsə o şəhiddir.
[Əbu Davud 4772]
Həyatını imanına şahid qılan insan yatağında ölsə belə şəhiddir; Həyatını imanına şahid qılmamışsa cəbhədə vuruşaraq ölməsi onu şəhid etməz.
ŞEYTANIN HİYLƏLƏRİNDƏN
[ Aktual / 76 dəfə baxılıb ]
|
Bundan əvvəlki mövzuya müvafiq olaraq, şeytanın bəzi hiylələrini qələmə almaqla davam etmək istədik.Həqiqətən də şeytan öz hiylələrindən əl çəkmir, bezmir və yorulmur. Həmişə də yeni-yeni hiylələrlə insanların qanına işləyir və onlardan özü ilə Cəhənnəmə gedəcək qruppa yığır. Şeytanın əsas və ən tanınmış hiylələrindən:
Allahı xatırlamaqdan və Onu zikr etməkdən yayındırmaq. “Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər” (əl-Maidə, 91). İnsanları Allahın zikrindən yayındırmaq və öz əməlləri ilə onları çəkindirmək şeytanın əsas məqsədlərindən sayılır. Allahı zikr etmək isə şeytanı qovur.
Alimləri azdırmaq. Bu da şeytan üçün ən böyük əməllərdən sayılır. Çünki alimi azdırmaqla şeytan, həmin alimə inananları və tabe olanları azdırmış olur. “Onlara (yəhudilərə) ayələrimizi verdiyimiz kimsənin xəbərini də söylə (oxu). O, (ayələrimizi inkar edib) imandan döndü. Şeytan onu özünə tabe etdi və o, (haqq yoldan) azanlardan oldu” (əl-Əraf, 175). Alim daha diqqətli olmalıdır və özünü həmişə şeytandan qorumalıdır. Düşünməsin ki, elmi ilə şeytandan uzaq durmaq asan olacaq.
Vəsvəsə etmək və çaşdırmaq. “Əgər sənə Şeytandan (bu əmr olunduğun işləri yerinə yetirməmək məqsədilə) bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!” (əl-Əraf, 200). “Onlardan kimi bacarırsansa, səsinlə (vəsvəsənlə) yerindən oynat, atlı və piyadanı onlara qarşı səfərbər et, (onları harama, ziyana sövq etməklə) mallarına və övladlarına ortaq ol, onlara cürbəcür (yalan) və’dlər ver. Şeytan (ona uyanlara) yalnız yalan və’d verər!” (əl-İsra, 64) “Allahdan qorxanlara Şeytandan bir vəsvəsə (zərər) toxunduğu zaman onlar (Allahın əzabını, lütfünü və mərhəmətini) xatırlayıb düşünərlər və dərhal (gözləri açılıb) görən olarlar.” (əl-Əraf, 201) Həmçinin ən-Nas surəsində və bir çox surələrdə Allahu Təala şeytanın insanlara vəsvəsə etdiyini bildirib və yalnız Allaha sığınmağı əmr edib.
İnsanları tovlamaq və günah əməllərini onların gözlərində xoş göstərmək. “Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı).” (Muhəmməd, 25). Şeytan insanın qarşısında durur ki, haqq və hidayət yolunu görə bilməsin. Günah işlətdikdə də pis olmasın, peşmançılıq çəkməsin, günahının ləzzət damağında qalsın, yenə etməyə can atsın. Birdən ölümü xatırlayarsa, günahından qorxarsa, şeytan onu ümidləndirər və hələ ölümə çox qaldığını söyləyər.
Başqalarını incitmək, sıxmaq və üzmək üçün bəziləri arasında pıçıldaşma yaratmaq. “Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər!” (əl-Mücadələ, 10). Peyğəmbərimiz (s.a.s) buyurub ki: “Əgər 3 nəfər olarsınızsa, ikiniz çəkilib pıçıldaşmayın, bu yoldaşınızı kədərləndirər.” Bu cür davranmaq və özünü aparmaq çox yüksək mədəniyyət və ən ali əxlaq sayılır.
Cadugar və falabaxanlarla əlaqə saxlamaq. “Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya, günahkara nazil olarlar. (Şeytanlar mələklərdən oğrun-oğrun) eşitdikləri sözləri onlara təlqin edərlər. (Yaxud kahinlər şeytanların uydurmalarına qulaq asarlar). Onların əksəriyyəti yalançıdır!” (əş-Şüəra, 221). Allahu Təala bizə açıq-aydın buyurur ki, fala baxanlar günahkardırlar və onların sözlərində bir azacıq həqiqətlər var ki, insanları azdırsınlar. Beləcə insanlar Allahı unudur və fala baxanların hər şeyi bildiyini düşünürlər. Şeytan isə insanları məhz Allahan inamdan çəkindirmək istəyir.
Möminin əqidəsinə, inancına və qəlbinə şəkk-şübhə salmaq. “Mö’minlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz belələri (imanlarında) sadiq olanlardır!” (əl-Hücurat, 15). Peyğəmbərimiz (s.a.s) öz səhabələrinə bu şəkkdən necə uzaq olmaqlarını öyrədib və belə buyurub: “Şeytan birinizin yanına gəlib deyir ki, səni kim yaradıb? Deyir: Allahu Təala. Şeytan: Allahı kim yaratdı? Birinizə bu baş verərsə desin ki: “Allaha və Rəsuluna iman gətirdim” bu həmin şeyi yox edəcək.“
İsraf etmək və malı boş yerə dağıtmaq. “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (əl-İsra, 27). Çünki insan malını israf edərək başı qarışır, Allahın zikrindən uzaq olur və həmçinin xeyrə sərf oluna biləcək mal faydasız işlərə xərclənir. Bunların ikisi də şeytanın xeyrinədir.
Şeytan Allahın bəndələrini azdırmaq üçün çalışır və həmişə də çalışacaqdır. O, qiyamət gününə kimi, bacardığı qədər özünə qruppa yığacaq. Bu qruppada olanlar dünya həyatında şəhvət və ehtiraslarına uyanlar, çətinliklərdən qaçanlardır. Allahu Təala isə buyurur ki; “Lakin siz (ey insanlar!) dünyanı üstün tutursunuz! Halbuki axirət daha xeyirli və daha baqidir.”
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.