Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

[Maidə, 8]


Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!

[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]


Təqva, sevginin zirvəsidir

[Hikmətli sözlər]

VALİDEYNLƏRƏ MÜNASİBƏT MÖVZUSUNDA HƏDİSLƏR

[ Ailə / 1816 dəfə baxılıb ]   
|
 

Mərhəmətli, Rəhmli Allahın adı ilə!



Uca Allahın kəlamı:



"Biz insana ata-anası ilə gözəl davranmağı buyurduq." (В«əl-ƏnkəbutВ», 8) 


   1. Əbu Amr  əş-Şeybani əli ilə Abdullah ibn Məsudun t evini göstərib dedi: "Bu evin sahibi bizə belə rəvayət etdi: 
   "Mən Peyğəmbərdən r soruşdum: "Qüdrətli və əzəmətli Allahın xoşuna gələn (ən yaxşı əməl) hansı əməldir?" O buyurdu: "Vaxtında qılınan namaz". Mən soruşdum: "Sonra hansıdır?" O buyurdu: "Valideyn­lərin qayğısına qalmaq". Mən soruşdum: "Bəs sonra hansıdır?" O buyurdu: "Allah yolunda cihad etmək". O mənə bunları söylədi. Əgər soruşsaydım, yenə əlavə edərdi.


   2. Abdullah ibn Ömər (r.a) dedi: "Rəbbin razılığı valideynin razılığına görə, qəzəbi də valideynin qəzəbinə görədir!"



Ananın qayğısına qalmaq 


   3. Bəhz ibn Həkim atasından, o da babasından (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən r soruşdum: "Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Ana­na!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdum: "Kimə qayğı göstərməliyəm?" Dedi: "Atana! Sonra da ən yaxın və ən yaxın olanlara". 
   4. İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi onun yanına gəlib dedi: "Mən bir qadına elçi göndərdim, o isə mənə ərə gəlməkdən imtina etdi. Lakin başqa birisi ona elçi göndərdi, ona ərə getməyə razılıq verdi. Mən də qısqanclıq üzündən qadını öldürdüm. Hərgah tövbə etsəm, qəbul olarmı?" İbn Abbas (r.a) soruşdu: "Anan sağdırmı?" O: "Xeyr!"- deyə cavab verdi. İbn Abbas (r.a) dedi: "Qüdrətli və əzəmətli Allaha tövbə et və bacardığın qədər Ona yaxınlaş!"


   (Əta ibn Yəsar deyir ki,) mən gedib ibn Abbasdan soruşdum: "Nə üçün ondan anasının sağ olub-olmadığını soruşdun?" O dedi: "Çünki mən qüdrətli və əzəmətli Allah yanında ana qayğısını çəkməkdən daha yaxşı bir əməl bilmirəm". 


Atanın qayğısına qalmaq 


   5. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərdən r soruşdular: "Ey Allahın elçisi! Mən kimə qayğı göstərməliyəm?" Dedi: "Anana!" Yenə soruşdular: "Sonra kimə?" Dedi: "Ana­na!" Bir də soruşdular: "Sonra kimə?" Dedi: "Anana!" (Dördüncü dəfə): "Sonra kimə?"- deyə təkrar edildikdə, dedi: "Atana!"
   6. Əbu Hureyra (r.a) rəvayət edir ki, bir kişi Allahın peyğəm­bərinin r yanına gəlib: "Mənə nə edərsən?"- dedi. Peyğəm­bər r: "Ananın qayğısına qal!"- dedi. O yenə soruşdu. Peyğəm­bər r: "Ananın qayğısına qal!"- dedi. O yenə soruşdu: Peyğəm­bər r: "Ananın qayğısına qal!"- dedi. O, dördüncü dəfə soruş­duqda Peyğəmbər r: "Atanın qayğısına qal!"- dedi. 


Valideynlərlə mülayim danışmaq 


7. Teysələ ibn Məyyas rəvayət edir ki, "Mən Nəcdatlarla (Nəcdat - hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır.) eyni fikirdə idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): "Nədir o?"- deyə soruşdu. Mən dedim: "Filan, filan işi görmüşəm". O dedi: "Bu ki, böyük günahlardan deyil. Böyük günahlar doqquzdur; Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə haqdan yayınmaq, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq". (Sonra) ibn Ömər (r.a) mənə dedi: "Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?" Mən: "Əlbəttə!"- deyə cavab verdim. O soruşdu: "Valideynin sağdırmı?" Dedim ki: "Bircə anam sağdır!" O dedi: "Allaha and olsun! Əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən."
Urva (r.a): 
   "Onların hər ikisinə rəhm edərək təvazö qanadının altına al." (əl-İsra surəsinin 24-cü) ayəsini izah edib demişdir: "Onların istədiyinə mane olma!" 


Valideynlərə etdiklərinin əvəzini vermək 


   8. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəm­bər r belə dedi: "Övlad valideynə onun üçün etdiklərinin əvəzini (heç nə ilə) qaytara bilməz. Yalnız onu kölə ikən alıb azad etməsi istisnadır.
   9. Əbu Burdə (r.a) deyir ki, mən ibn Ömərlə (r.a) bir yerdə idim. Yəmənli bir kişi öz anasını kürəyində daşıyaraq Kə'bəni təvaf edir və deyirdi:
                        Doğrusu, anamın müti dəvəsiyəm, 


Dəvə qorxudulsa da qorxan deyiləm
Sonra kişi dedi: "Ey ibn Ömər! Bir de görüm, anamın mənə elədiklərinin əvəzini verdimmi?" İbn Ömər (r.a) dedi: "Xeyr! (Bu elədiyin, heç doğuş zamanı olan) bir iniltini belə əvəz etmir


Bunun ardından ibn Ömər (r.a) təvaf etdi. (Kə'bəni təvaf edib bitirən kimi) İbrahim məqamına gəlib iki rükət namaz qıldı. Sonra da dedi: "Ey ibn Əbu Musa! Həqiqətən, iki rükət namaz onlardan öncəki günahları silir".


   10.  Abdullah ibn Amr (r.a) dedi: "Bir kişi ata-anasını gözüyaşlı qoyub Peyğəm­bərin r yanına gəldi ki, hicrət (cihad) etmək üçün ona bey'ət (Peyğəm­bərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) etsin. Peyğəm­bər r dedi: "Ata-ananın yanına qayıt! Onları necə ağlar qoydunsa, elə də güldür".
   11. Ummu Haninin (r.a) himayəsində olan Əbu Murra rəvayət edir ki, mən Əbu Hureyra (r.a) ilə birgə onun yaşadığı yerə zil-Huleyfəyə gəldim. O, yaşadığı yerə gəlib çatdıqda uca səslə çağırıb dedi: "Ay ana! Sənə salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetiş­sin)!" Anası dedi: "Sənə də salam olsun, Allahın mərhəməti və Onun bərəkəti (yetişsin)!" O dedi: "Sən məni körpəliyimdən tər­biyə edib bəslədiyin kimi Allah da sənə rəhm etsin!" Anası dedi: "Oğlum! Sən mənə qocalığın ən düşkün çağında qayğı göstərdiyin kimi Allah da səni xeyirlə mükafatlandırsın və səndən razı qalsın!" 


Valideynlərin üzünə ağ olmaq 


   12. Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəm­bər r üç dəfə dedi: "Sizə günahların ən böyükləri barədə xəbər verimmi?" (Əshabə­lər): "Əlbət­tə, ya Rəsulallah!"- deyə cavab verdilər. O: "(Ən böyük günah) Allaha şərik qoşmaq, valideynlərin üzünə ağ olmaqdır, - (deyib) söy­kəndiyi yerdən qalxıb oturdu (və) -, yalan söz danışmaqdır"- dedi. O bunu dalbadal o qədər təkrar etdi ki, mən öz-özümə dedim: "Nə olaydı o susaydı". 
   13. Vərrad deyir ki, Muaviyə (r.a) Muğiraya (r.a) belə bir məktub yazdı: "Mənə Peyğəm­bərdən r eşitdiyin hədislərdən birini yaz". Muğira (r.a) mənə diktə etdi, məndə bu əllərimlə yazdım: "Həqiqə­tən, mən ondan eşidim; çox sual verməyi, var-dövləti israf etməyi və söz gəzdirməyi qadağan etdi". 


Valideynlərinə lənət oxuyana Allah lənət eləsin  


   14. Əbu Tufeyl deyir ki, Əlidən (r.a) soruşdular: "Peyğəm­bər r sizə məxsusi olaraq elə bir şey ayırıb veribdirmi ki, onu başqa insanlara vermiş olmasın?" O dedi: "Peyğəm­bər r başqa insan­lara deyil, yalnız bizə məxsusi olaraq elə bir şey qoymamışdır. Yal­nız qılıncımın qınındakı istisnadır". Sonra o, (qılıncının qınından) bir vərəq çıxartdı. Orada yazılmışdı: "Allahdan başqasına qurban kəsənə Allah lənət eləsin. Yer üzündəki sərhədləri pozana Allah lənət eləsin. Valideynlərinə lənət oxuyana Allah lənət eləsin. Cinayətkara yardım edənə Allah lənət eləsin". 


Günah işlərdən başqa (hər bir işdə) valideynlərin qayğısına qalmaq 


   15. Əbud-Dərda (r.a) rəvayət edir ki, Peyğəm­bər r mənə doq­quz şeyi tövsiyə etdi: "Tikə-tikə edilsən yaxud yandırılsan belə heç nəyi Allaha şərik qoşma. Bilərəkdən vacib namazları tərk etmə. Belə ki, bilərəkdən onu tərk edən kimsə xata-baladan qorunmaz. Şərab içmə. Çünki o, hər bir şər əmələ açardır. Valideynlərinə itaət et. Əgər sənə dünya işlərindən əl çəkməyi əmr etsələr, onlara görə (bundan) əl çək. Özünün haqq olduğunu bilsən də ixtiyar sahibləri ilə mübahisə etmə. Həlak olsan da, yoldaşların cihaddan qaçmış olsa da sən qaç­ma. Varından öz ailənə xərclə, dəyənəyini onların üzərindən qaldırma və onları qüdrətli və əzəmətli Allahla qorxut".
   16.  Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəm­bərin r yanına gəlib dedi: "Mən ata-anamı gözüyaşlı qoyub gəlmişəm ki, hicrət (cihad) etmək üçün sənə bey'ət (Peyğəm­bərin (Ona Allahın salavatı və salamı olsun!) dəvətini qəbul edərək ona tabe və sadiq olma.) edim". Peyğəm­bər r dedi: "Ata-ananın yanına qayıt! Onları necə ağlar qoyubsansa, elə də gül­dür".
17. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, bir kişi Peyğəm­bərin r yanına gəlib cihada getmək istədiyini ona bildirdi. Peyğəm­bər r soruşdu: "Valideynlərin sağdırmı?" O: "Bəli!"- deyə cavab verdi. Peyğəm­bər r dedi: "Elə isə onlar üçün çalış".  


Valideynləri qocalanadək onlarla yaşayıb, sonra da Cənnətə daxil olmayan kəs 


18. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Zəlil oldu, zəlil oldu, zəlil oldu!" (Əshabə­lər) dedilər: "Kim, ya Rəsulallah?" O dedi: "Valideynləri yaxud ikisindən biri qocalanadək onlarla yaşayıb, sonra da (üzlərinə ağ olub) Cəhənnəmə girən kəs". 


Müşrik ata üçün bağışlanma diləməmək 


   19. İbn Abbas (r.a) demişdir: "Qüdrətli və əzəmətli Allahın 



  "Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara: "Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazö qanadının altına al və: "Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdük­ləri kimi, Sən də onlara rəhm et!"- de" ayəsi, (əl-İsra, 23-24.) Bəraə surəsindəki
   "Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara (iman gətirənlə­rə) bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və mömin­lərə onlar üçün  bağışlanma diləmək yaraşmaz." ayəsi(ət-Tovbə, 113.) ilə ləğv etmişdir.  


Müşrik valideynin qayğısına qalmaq 


   20. Sə'd ibn Əbi Vəqqas (r.a) demişdir: "Uca Allahın Kitabında mənim barəmdə dörd ayə nazil olmuşdur;


   (Birincisi) Anam and içdi ki, mən Muhəmməddən r ayrılmayın­ca yeməyəcək, içməyəcəkdir. Qüdrətli və əzəmətli Allah da bu ayəni nazil etdi:
   "Əgər (valideynlərin) bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səninlə mübarizə aparsalar, onlara itaət etmə. Dünyada onlarla gözəl davran." (Loğman, 15)
   İkincisi: Mən (qənimətdən) xoşuma gələn bir qılıncı götürüb: "Ey Allahın elçisi! Bunu mənə bağışla"- dedim. Bu vaxt ayə nazil oldu:
   "Səndən qənimətlər (onların bölünməsi) haqqında soruşurlar..." (əl-Ənfal, 1)
   Üçüncüsü: Mən xəstələnmişdim. Peyğəmbər r mənə baş çək­di və mən soruşdum: "Ey Allahın elçisi! Mən varımı bölmək istəyirəm. Yarısını vəsiyyət edə bilərəmmi?" O: "Xeyr!"- deyə cavab verdi. Mən yenə soruşdum: "Bəs üçdə birini?" O susdu. Bu hadisədən sonra malın üçdə birinin vəsiyyət edilməsinə izn verildi.
   Dördüncüsü: Mən ənsarla (Ənsar - Peyğəmbərə r və mühacirlərə sığınacaq verib kömək edən Mədinə sakinləridir.) birgə şərab içdim. Onlardan biri (Mədinə yaxınlığındakı) Luha-Cəməldə mənim burnuma vurdu. (Ertəsi gün) mən Peyğəmbərin r yanına gəldim. Bu vaxt qüdrətli və əzəmətli Allah şərabın haram olması barədə ayə (əl-Maidə, 90-91.) nazil etdi.
   21. Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki, Peyğəmbərin r dövründə anam mənimlə görüşmək üçün yanıma gəldi. Mən Peyğəm­bərdən r: "Onunla görüşümmü?"- deyə soruşdum. O: "Bəli!"- de­yə cavab verdi.


   (Hədisi danışan ravi) ibn Uyeynə deyir ki, qüdrətli və əzəmətli Allah onun barəsində ayə nazil etdi.


 


 


   "Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etmir. Həqiqətən, Allah ədalətli olanları sevir!" (əl-Mumtəhinə, 8)
   22.  İbn Ömər (r.a) rəvayət edir ki, Ömər (r.a) satılan siyra bürün­cəyini (Tərkibində ipək olan bir libasdır.


) görüncə dedi: "Ya Rəsulallah! Bunu al. Sən onu həm cümə günü, həm də yanına (qəbilələrdən) nümayəndələr gəldikdə geyərsən". O dedi: "Bunu ancaq (Axirətdə) heç bir payı olmayanlar geyər!" Sonra həmin bürün­cəkdən bir neçəsini Peyğəm­bərə r gətirdilər. O da Ömərə (r.a) bir bürüncək göndərdi. Ömər (r.a) dedi: "Mən onu necə geyə bilərəm ki, sən onun haqqında dediyini artıq demisən." O dedi: "Mən onu sənə verməmişəm ki, geyəsən. Vermişəm ki, onu satasan ya da başqasına bağışlayasan". Ömər (r.a) onu Məkkədə yaşayan doğma qardaşına göndərdi. Qardaşı isə hələ İslamı qəbul etməmişdi.


Valideynləri söyməmək 


23. Abdullah ibn Amr (r.a) rəvayət edir ki, Peyğəm­bər r buyurdu: "Kişinin öz valideynlərini söyməsi böyük günahlardandır". (Əshabə­lər) dedilər: "Heç (adamda öz valideynini) söyərmi?" O dedi: "Birisini söyür, o da onun ata-anasını söyür".
   24. Abdullah ibn Amr (r.a) deyir ki, kişinin öz valideynlərini söy­dürməsi Uca Allah yanında böyük günahlardandır". 


Valideynlərin üzünə ağ olmağın aqibəti 


   25. Əbu Bəkrə (r.a) rəvayət edir ki, Peyğəm­bər r buyurdu: "(Allah tərəfindən) günah sahibinə verilən cəzanın (Axirət gününə) saxlanılması ilə yanaşı (həmin cəzanın dünyada da) ona tezliklə veril­məsi üçün (ata-anaya qarşı) azğınlıq etmək və qohumluq əlaqələrini kəsmək kimi günahdan daha münasib bir günah yoxdur". 


Valideynlərin ağlaması 


   26. İbn Ömər (r.a) demişdir: "Valideynləri gözüyaşlı qoymaq nan­korluq və böyük günahdır". 


Valideynlərin duası 


   27. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbərin r belə dediyini eşitdim: "Üç növ dua var ki, onların qəbul olunmasına heç bir şəkk-şübhə yox­dur; məzlumun duası, müsafirin duası və valideynin övladına etdiyi dua".
   28. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r dedi: "Doğulan körpələrdən beşikdə ikən ancaq Məryəm oğlu İsa - Allahın ona salavatı və salamı olsun -, və Cureycin sahibi danışmışdır". (Əs­habələr) soruşdu: "Ey Allahın peyğəmbəri! Cureycin sahibi kimdir?" O dedi: "Cureyc rahib olub. Onun bir koması var idi. O vaxtlar mal-qara otaran naxırçı onun komasının aşağı tərəfinə gələr, kənd sakinlərindən olan (pozğun) bir qadın da həmin naxırçı ilə yaxınlıq edərdi. Günlərin bir günü (Cureycin) anası gəlib: "Ey Cureyc!" deyə onu çağırdı. Bu vaxt o, namaz qılırdı. Odur ki, namazda ikən öz-özünə: "Anammı ya namazmı?"- dedi, sonra da namazı (anasından) üstün tutmaq qərarına gəldi. Anası ikinci dəfə onu çağırdı. O yenə də öz-özünə: "Anammı ya namazmı?"- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Anası üçüncü dəfə onu çağırdı. O yenə də öz-özünə: "Anammı ya namazmı?"- dedi, sonra da namazı üstün tutmaq qərarına gəldi. Elə ki anasına cavab vermədi, anası: "Ey Cureyc! Zinakar qadınların üzünə baxmayınca Allah səni öldürməsin!"- dedi, sonra da çıxıb getdi. (Naxırçı ilə yaxınlıq etmiş) o qadını (zinadan doğulmuş) körpəsi ilə birgə padşahın yanına gətirdilər. Padşah soruşdu: "(Uşaq) kimdəndir?" Qadın: "Cureycdən­dir!"- deyə cavab verdi. Padşah yenə soruşdu: "Komanın sahibimi?" Qadın: "Bəli!"- deyə cavab verdi. Padşah dedi: "Onun komasını dağıdın, özünü də yanıma gətirin!" Onun komasını yerlə yeksan olana qədər balta ilə qırıq-qırıq etdilər. Əllərini iplə boynuna bağladılar. Sonra da onu (padşahın yanına) apardılar. Cureyc zinakar qadınların yanından keçərkən onları görüb gülümsədi. Onlar da camaatın arasında ona baxırdılar. Padşah dedi: "Bilirsənmi bu qadın nə iddia edir?" Cureyc soruşdu: "Nə iddia edir ki?" Padşah dedi: "İddia edir ki, uşağı sən­dəndir". Cureyc (qadına) dedi: "Doğrudanmı sən (belə) iddia edir­sən?" Qadın: "Bəli!"- deyə cavab verdi. Cureyc soruşdu: "O körpə haradadır?" Dedilər: "Budur, qadının otağında!" Cureyc ona yaxın­laşıb soruşdu: "Atan kimdir?" (Körpə): "Naxırçıdır!"- deyə cavab verdi. Padşah dedi: "Komanı qızıldan düzəldəkmi?" O: "Xeyr!"- deyə cavab verdi. Padşah dedi: "Bəs gümüşdən necə?" O yenə də: "Xeyr!"- deyə cavab verdi. Padşah dedi: "Bəs necə edək?" O dedi: "Onu əvvəl­ki şəklinə qaytarın!" Padşah dedi: "Bəs nə üçün gülümsədin?" O: "Bildiyim bir şeyə gülümsədim, anamın duası mənə yetişdi"- dedi, sonra da (başına gələni) onlara danışdı". 


Xristian anaya İslam dinini bəyan etmək 


   29. Əbu Hureyra (r.a) demişdir: "Mənim barəmdə eşidən elə bir yəhudi yaxud nəsrani yoxdur ki, məni sevməsin. Mən anamı İslam dininə dəvət edirdim, o isə bunu rədd edirdi. Günlərin birində yenə dəvətimi rədd etdikdə Peyğəmbərin r yanına gəlib dedim: "Onun üçün Allaha dua et". O da dua etdi. Sonra mən anamım yanına qayıtdım. O qapını açıb dedi: "Ey Əbu Hureyra! Mən müsəlman oldum". Bunu Peyğəmbərə r xəbər verdikdən sonra dedim: "Mənim üçün də anam üçün də Allaha dua et". O da dua etdi: "Allahım! Qulların Əbu Hureyra və onun anasını insanlara sevdir!" 


Valideynlər öldükdən sonra da onların qayğısına qalmaq 


   30. Əbu Hureyra (r.a) dedi: "Ölən adamın dərəcəsi onun vəfatından sonra bir qədər də qaldırılar. O da: "Ey Rəbbim! Bu nəyə görədir?" deyə soruşar". (Ona) "Övladın sənin üçün dua etmişdir"- deyilər". 
   31. Muhəmməd ibn Sirin rəvayət edir ki, bir gecə biz Əbu Hureyranın (r.a) yanında idik. O dedi: "Allahım! Əbu Hureyranı, onun anasını və onlar üçün bağışlanma diləyən kimsələri bağışla!" Biz onlar üçün bağışlanma dilədik ki, Əbu Hureyranın duası bizə də yetişsin.
32. Əbu Hureyra (r.a) rəvayət edir ki, Peyğəmbər r buyurdu: "Bəndə ölən kimi onun bütün əməlləri kəsilir. Yalnız üç şey istisnadır; Davamlı sədəqə yaxud fayda verən elm və ya onu üçün dua edən əməlisaleh övlad".
  33. İbn Abbas (r.a) rəvayət edir ki, bir kişi dedi: "Ey Allahın elçisi! Anam vəfat etmiş və heç nə vəsiyyət etməmişdir. Anamın əvəzinə sədəqə verməyim ona fayda verərmi?" Peyğəmbər r : "Bəli"- deyə cavab verdi. 


Atanın dostu olan kimsələrin qayğısına qalmaq 


   34. İbn Ömər rəvayət edir ki, Peyğəmbər dedi: "Həqiqətən də ən gözəl yaxşılıq adamın öz atası ilə dost olmuş insanlarla əlaqələri möhkəmləndirməsidir".


 


Tərcümə və tərtib: Əlixan Musayev

|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]05:10
GÜNƏŞ06:51
ZÖHR [ 4 rükət ]13:39
ƏSR [ 4 rükət ]17:27
MƏĞRİB [ 3 rükət ]20:28
İŞA [ 4 rükət ]22:03
GECƏYARI00:49
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka