"...Ona bir yol tapa bilən insanın həcc etməsi Allahın insanlar üzərindəki haqqıdır."
[Ali İmran, 97]
Qiyamət günü Allaha insanlardan ən sevimlisi və məkan olaraq da Allaha ən yaxın olanı ədalətli imamdır. Qiyamət günü Allaha insanlardan ən mənfuru və Ondan məkan olaraq ən uzaq olanı da zalım sultandır.
[Tirmizi, Əhkam, 4/1329]
Müsəlmanın iki bayramı var: Biri QURAN, O biri QURBAN!
[Özlü sözlər]
TƏQVA ƏLBİSƏSİNİN NAĞILI
[ Müxtəlif / 963 dəfə baxılıb ]
|
Biri varmış, biri yoxmuş. Olan Allahmış, başqa heç bir şey yoxmuş. Allah «Ol!» əmrini verərək yoxları yaratmağa başlamış. Günü var etmiş, zamanı yaratmış, yoxdan bir kainat, kainatda bir dünya var etmişdi. Havanı, torpağı, suyu, dağları, dərələri yaratmış, mələkləri, cinləri, heyvanları, insanları, bitkiləri, böcəkləri var etmişdi. Yaratmış, yaratdığını isə başıboş buraxmamışdı, hərəsinə bir iş, bir missiya yükləmişdi. Yaradılış mərhələləri sona çatınca yaradılmışları toplamış və elan etmişdi: «İnsanı (Adəmi) yer üzünə xəlifə təyin edirəm!». Torpaq susaraq təslim olmuş, su sakitcə axıb yoluna getmiş, dağlar məğrurca əmrə tabe olmuşlar. Bitkilər, böcəklər, heyvanlar təslimiyyət göstərib işlərinə geri dönmüşlər. İnsan qürürlanmış, Mələklər sormuş:«Biz Sənə şükür etdiyimiz, şəninə təriflər dediyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada (yer üzündə) fəsad törədəcək və qan tökəcək birinimi xəlifə təyin edəcəksən?» Allah sorulan sorunu cavabsız qoymamış. Mələklərin sorusunun cavabını bütün məxluqata duyurmuşdu: «Mən bildiyim şeyi siz bilmirsiniz!», demiş və sözünü isbat üçün mələklərlə insanoğlunu imtahan etmişdir. Bu imtahanda mələklər insana uduzmuş və Allahın üstünlüyünü bir daha dilə gətirərək işlərinin başına geri dönmüşlər. Cinlərdən biri bir kənarda oturub olan-bitəni izləyirdi. İçindəki atəşi söndürmək, kinini, nifrətini dilə gətirə bilmək üçün fürsət gözləyirdi. Mələklərin sualı da ürəyincə olmuşdu. Axır ki, biri etiraz etmiş, adəmi küçümsəmişdi. Mələklərin imtahandan sonra əmrə tabe olaraq işlərinin başına dönməsi bu cinin heç xoşuna gəlməmişdi. Cəsarətini toplayıb etiraz səsini o da ucaltmışdı: «Mən ondan üstünəm», demiş və üstünlüyünün materialından qaynaqlandığını da dilə gətirmişdi: «Çünki məni atəşdən yaratdın, onu isə palçıqdan yaratmısan». Atəşin torpaqdan üstün olduğunu düşünmüş, üstünlüyün təqvadan qaynaqlandığını isə unutmuşdu. Allah heç bir qulundan üz çevirmədiyi kimi bu inadkar qulundan da vaz keçməmiş, məqsədini, məramını ona da anlatmışdı. Bu inadkar cin isə Allahın dedikləri ilə razılaşmamış, inadından vaz keçməmişdi. Sonunda səhvini anlasa da təkəbbüründən bunu dilə gətirə bilməmişdi. İblisləşən (ümidsizləşən) bu qul başqaları kimi cinlərin də qiyamətə qədər yaşayacaqlarını bilirdi. Bunu bilməsinə rəğmən bir də dua edib o günə qədər möhlət istəmişdi... Allah: «zatən sən möhlət verilmişlərdən biri idin» deyərək duasını qəbul etmiş, amma əmrə uymayan bu qulunu olduğu məqamdan qovaraq cəzasını da vermişdi. Cin bu cəzaya da etiraz etmiş, Allaha iftira atmış, azmasının səbəbini özündə, kin-küdurətində deyil, Allahdan bilmişdi. Yaradılmış olmasını bilməsinə rəğmən təkəbbürü ona meydan oxutmuş, Yaradana savaş açdırmışdı: «Sən məni azdırdığın kimi mən də onları azdıracam», deyərək planını da açıqlamışdı: «Sənin doğru yolunun üstündə oturub insanlara mane olacam! Sonra onların yanına sürəti haqqa bürünərək bəzən gizli, bəzən açıq, bəzən dolayı, bəzən məkrli şəkildə qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm (soxulacağam) və Sən onların əksəriyyətinin nankor olduğunu görəcəksən». Allaha savaş açan İblis Adəmi düşmən olaraq qəbul etmiş, onun xəlifəliyə layiqli namizəd olmadığını isbat edərsə bu savaşdan qalib çıxacağına inanmışdı. Allah da Adəmi xəbərdar etmiş, ona düşmənini tanıtmış, silahını göstərmişdi. Bu savaş meydanında iblislə mücadilədə adəmoğlunın tək qalxanı təqva əlbisəsi idi. Əynində təqva libası olan heç bir qul İblisə uduzmayacaqdı. İblis savaşda qalib gələ bilməsi üçün öncə adəmoğlunun əynindən bu libası soyundurmalı idi. Sinsi planını həyata keçirmək üçün İblis Adəmlə zövcəsinin diqqətini yasaq ağaca yönəldi. Hər şeyin adəmoğluna sərbəst olduğu bu bağçada bir yasaq vardısa o da bu ağacın meyvəsi idi. İblis adəmoğlunun yasağı pozacaqları anda təqva libaslarının yırtılacağını bilirdi və nəyin hesabına olursa olsun bu planını həyata keçirməliydi. Gizlicə onlara yaxınlaşıb, dost qiyafətində bürünərək düşmənçilik etdi: «o meyvədən yesəniz mələklər kimi ölümsüz olacaqsınız», deyib fısıldadı «inanın ki, mən sadəcə sizin yaxşılığınızı istəyirəm». İblis toxumu atmış, adəmoğlunu maraqlandırmışdı. Adəm və zövcəsi Allahın «yaxınlaşmayın!» dediyi ağaca nəinki yaxınlaşmış, hətta meyvəsindən də dadmışdılar. Qadağanı pozmaq adəmoğluna bahabaşa gəlmişdi. Təqva libasları yırtılmış, eyibləri üzə çıxmışdı. Əllərinin altındakı malzəmələrlə təqva əlbisələrini yamamağa çalışsalar da cəzadan qurtula bilməmişlər və İblislə savaşı başdan uduzaraq hamısı birlikdə o cənnət məkan bağçadan qovulmuşlar. Adəmoğlu artıq əlbisəsini özü tikməli, iblislə savaşa özü hazırlanmalı idi. Babası Adəmin səhvindən dərs almalı yasaqlarına yaxınlaşmamalı idi. Yaxınlaşarsa Yusif kimi geri dönüb qaçamağı bacarmalıdır. Əgər bunu da edə bilməsə o zaman iynə-ipliyini əlində hazır tutub bəzən tövbə ilə, bəzən savablarla, bəzən saleh əməllə, bəzən istiqamət üzrə edilən ibadətlə libasında özünün açdığı dəlikləri yamamağı bacarmalıydı. Bu savaşda artıq hər kəs fərd olaraq nəfsi və iblisi ilə təkbətək savaşır. Sadəcə təqva libası olan güvəndədir.
P.S.Adəmin bir yasaq ağacı vardı. Ona yaxınlaşdı, imtahanını uduzdu, qalib gəlməyin yolunu öyrəndi: əlinin altındakı «əncir yarpağı» ilə söküyünü tikmək. Sənin yasaq ağacın və ya ağacların nələrdir ey adəmoğlu? İmtahanı başından uduzmamaq üçün öncə yasaqlarını tanımalısan. Yırtılan əlbisəni yamamağın yollarını özün tapmalısan. Əlinin altındakı malzəmələri yaxşı tanı. Söküyünü zamanında yamamasan sonradan peşman olacaqsan. Təqva libasını təmiz tutmağın yolu, Yaradana sözsüz təslimiyyətdir. Bu libasın zəkatı ibadət, sədəqəsi saleh əməldir. Libasını heç yırtmayanlar bu savaşın liderləri, yamaqlılarsa əsgərləridir. Unutma ki, vardığı yer cənnət olan qaliblər mühakimə olunmazlar.
Rüzgar Kəskin (G.Qafarova)
Məqalədən istifadə edildiyində istinad vacibdir. Əks halda lazımı tədbirlər görüləcək
«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir» [ ən-Nisa, 103 ]
Azerislam.com - Müstəqil islam saytı. Bu layihə 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir. Materiallardan istifadə etdikdə istinad vacibdir.