Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

[Maidə, 8]


Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!

[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]


Təqva, sevginin zirvəsidir

[Hikmətli sözlər]

HAMISI ZƏMANƏDƏNDİR?!

[ Ana səhifə / 1813 dəfə baxılıb ]   
|
 
Əsrimiz şəffaflıq, aşkarlıq əsridir. Elə bir aşkarlıq ki, sərhədləri dağıtmış, maneələri yıxmış, hüdudları qırmışdır. Süni peyklər və internet şəbəkəsi əsrindəyik. İnternet nə sərhəd tanıyır, nə də çərçivə bilir. Aşkarlıq deyərək çılpaqlaşmışıq. Meydana girməkdən başqa çıxış yolu yoxdur.
İnsanların münasibətlərində o qədər ziddiyyətlərə rast gəlinir ki, hamısı da əsrimizdə bol olan meyllər və müxtəlif ideyaların nəticəsidir. Cürbəcür fikirlər, rəylər, təəssüratlar, buna da səbəb insanların boşboğazlıqlarıdır. Etiqad etdiyini də, etmədiyini də, anladığı ya anlamadığı, nə varsa danışırlar.

Söhbət sadə insanların sadə danışıqlarından, gündəlik müzakirələri və mübahisələrindən getmir. Söhbət həqiqətən, çox ciddi məsələlərin müzakirəsindən, insanların bir-birinə dəstək olmasından, ciddi münasibətlərin qurulmasından, çətinliklərin və mübahisələrin həllindən gedir.
Münasibət qurmaq istəyən öz ideya və rəylərini qarşısındakına yeritmək istəyir. Müzakirə edən müzakirəni mübahisəyə çevirərək yalnız öz dediyinin doğru olduğunu düşünür. Kiməsə yardım etmək istəyən ya minnət edir, ya da qarşılığında mütləq nə isə gözləyir. Xüsusilə də din və şəriət baxımından görürsənki insanlar çox kobud davranır, insani və əxlaqi meyarları nəzərə almadan yalnız öz bildiyi, eşitdiyi məsələlərin haqq olduğunu sübut etmək istəyir. Qarşısındakı insanın hansı bilik səviyyəsində, hansı qavrama qabiliyyətində və hansı xasiyyətdə olduğunu araşdırmadan, bilmədən ona kömək etdiyini düşünərək, onun evini yıxır. Qrip xəstəliyinə tutulmuş insana sarılıq xəstəliyinin müalicəsini etməklə sağalarmı?! Sarılıq xəstəliyinə yoluxmuş insanı xərçəng xəstəliyinin ən bahalı dava-dərmanlarlıyla müalicə etsək canlanarmı?!

Son zamanlar xüsusilə internet və mediyada yayılmış, müsəlmanların bir-birlərinə qarşı münasibətləri, müraciət və rəftarları insanı çox məyus edir. Yalnız bir kitabdan yapışıb başqalarını haqsız çıxarmağa çalışanlar, yalnız bir-iki alimdən yapışıb başqalarını səhv yolda olduğunu sübut etmək istəyənlər, yalnız öz fikir və düşüncələrinin ən doğru olduğunu hesab edib hamıyla mübahisəyə girişənlər və bu kimi digər qəribə tipli insanlar həddindən ziyadə artmışlar. Bunu etməklə də onlar insanların haqlarını tapdayır, başqalarının çərçivələrini yıxıb keçirlər. Buna səbəb isə həmin insanlarda olan bir sıra əsas amillərdir, məsələn;

1. Mənimlə deyilsənsə, deməli mənə qarşısan.
Birisinin fikrinin, rə’yinin, düşüncələrinin fərqli olduğunu görən kimi ixtilaf etməyə çalışırıq. Bu fərqli fikir hətta ən adi və cüzi bir məsələ də olsa belə, onunla düşmən kəsilirik. Halbuki daha yaxın olmaq, dost və yoldaş olmaq ən doğrusudur. Rəvayətlərə görə İsa əleyhissəlam demişdir ki; “Kim mənə qarşı deyilsə, o mənimlədir”. Şəriətin məfhumu belə olmalıdır. Hətta həyatın belə anlamı, insanlıq əlaqələri bu cür əsaslar üzərində qurulmalıdır.

2. Mövzu ilə şəxsi qarışdırmaq.
Görürsən ki, bir çoxları mövzunu şəxsdən ayıra bilmir. Müzakirə etdiyi məsələ şəxsdirmi mövzudurmu, məhəl qoymadan bir-birinə qarışdırır. Ona görə də, əksər hallarda hər hansı bir məsələnin və ya mövzunun müzakirəsi gedərkən, başlayırıq başqalarına hücum etməyə və şəxslər üzərində mübahisə qurmağa. Şəxsləri ya ittiham edirik, ya böhtan atırıq, ya qiybətini aparırıq, ya da kor tənqid etməyə başlayırıq. Beləcə insanların şəxsiyyətinə də toxunuruq, məxfiliyini də qorumuruq, olub keçənlərə də bulaşırıq, zaman, məkan, əşya və sairə nə varsa hamısını mübahisəyə obyekt edib mütləq və mütləq insanların haqsız olduğunu üzə çıxarmağa çalışırıq.

3. Müzakirə dilini alçaq səviyyədə aparmaq.
Müzakirələrdə görürsən ki, qarşı tərəfə yaxşılıq etmək istərkən, nəyisə öyrətmək niyyəti olarkən, danışıq dili və rəftarı dəyişir. Ağır və kobud sözlərdən istifadə olunur, sərt və amansız müraciətlər edilir, hətta söyüş söymə səviyyəsinə qədər enir. Halbuki, gözəl söz və hikmətlə müzakirə etmək, xoş davranmaq gərəkdir. İmam Ğəzali, İmam İbn Teymiyə, İmam Şatibi və digərləri bu məsələ haqqında deyiblər ki, əgər müzakirə və ya mübahisələrdə haqlı çıxmaq qışqır-bağırla olursa, o zaman cahillər həmişə haqlı çıxarlar. Gözəl bir misal da var deyilir ki; “Boş araba, dolu arabadan daha çox səs-küy edər.”

4. İstehzalı və riqqətli davranış
Elə bilirik ki, düşmənlərimizi bu cür yenirik. Ağır səslənən istehzalı ifadələrdən istifadə edərək başqaları haqda danışır və ya yazırıq və bununla məsələni həll etmiş sayırıq. Bəzən görürsən biri deyir ki, filankəs çox güclü mövzu yazıb. Yaxud da – filankəs yaman baltaladı və cavabını yaxşı verdi. Düşünürsən ki, həmin cavab və ya mövzu hansısa məsələni həll etmiş, haqqın üzə çıxmasında rol oynamış və yaxud yeni bir çıxış yolu, fikir və rəy irəli sürmüşdür. Mövzuyla tanış olanda təəccüblənirsən ki, mövzudakı ifadələr hamısı cingiltili, səsli, istehzalı və ya təhqiramizdir. Hamısı da niyə görə? Çünki qarşı tərəf yazanın rəyindən və fikrindən fərqli olaraq, müxtəlif cür fikirləşir.
Bizim söhbətlərimizdə, yazdıqlarımızda və verilişlərimizdə çox vaxtı belə üslub işlənir. Bununla da güclü və qüvvətli olduğumuzu düşünürük.

5. Sonsuz və mənasız mübahisə

Bu da o zaman olur ki, düşüncəmizin haqq olduğunu zənn edərək, buna inanaraq və heç bir zaman dəyişə biləcəyimizi düşünməyərək, yalnız qarşımızdakına da həmin rəyi yürüdək. Biz qarşı tərəfin ne demək istədiyini anlamırıq, dinləmək istəmir və ya eşitmirik. Sanki şüşədən hazırlanmış, hər tərəfi bağlı bir qutunun içində oturub keçənləri görür və danışırıq, amma bir-birimizin səsini eşitmirik.


Bütün qeyd olunanlar nəticəsində insan qarşı tərəfə hörməti itirir, insanlıq hisslərinə diqqət etmir, gözləri çox zaman bağlanır. Nə olsun ki, hidayət yolunda olduğunu düşünür, mömin olub Allahın buyurqlarını etdiyini hesab edir? Yalnız və yalnız öz rəyinin doğru və dəyişilməz bir haqq olduğunu düşünərkən bu cür insan heç firondan geri qalmır. Necə ki, bir vaxtlar firon da (Qurani Kərimin bizə çatdırdığı kimi) demişdir; “Mən sizə ancaq öz düşündüyümü bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm”(Ğafir, 29). Bu cür insan hər zaman düzgün hərəkət etdiyini, başqalarının həmişə sehv etdiyini zənn edir. “Dediyim doğrudur yanlış ola bilməz, başqasının dediyi yanlışdır, doğru ola bilməz” düşüncəsiylə yaşayır. Halbuki bu fikri iddia edə biləcək varsa, o da yalnız Allahdır. Onun buyuruqları, halal-haram dedikləri mütləq doğrudur, başqalarının uydurduqları isə yanlışdır, amma bəzən düzgün də ola bilmə ehtimalı vardır.
Özünü ağıllı və bilikli sanan, başqalarının bir səhvinə görə onlara min cür ad qoyan insanlar heç olmasa Allahın buyuruğunu xatırlasınlar. Rəbbimiz buyurmuşdur ki; “De: “Hərə öz qabiliyyətinə (xislətinə) görə iş görər. Rəbbin kimin daha doğru yolda olduğunu daha yaxşı bilir!”” (İsra, 84). Əgər yalnız Rəbbimiz kimin ən doğru və hidayət yolunda olduğunu bilirsə, bizlər kim oluruq ki, filan alim səhvdir, filan yazıçı kafirdir, filankəs münafiqdir, filan müəllif agentdir deyə özümüzdən adlar kəşf etməyə. Bu adları damğalama möhürü Rəbbimiz bizə Cəbrail vasitəsiləmi göndəribdir? Rəbbimiz başqa bir ayədə də buyurur ki; “Həqiqətən, sənin Rəbbin öz yolundan çıxanları da, doğru yoldan olanları da ən gözəl tanıyandır!” (Qaləm, 7).

Təsəvvür edin ki, inkişaf etməkdə bir saniyə belə dayanmayan qərb ölkələrinin gülünc obyekti olubdur müsəlman aləmi. Bütün dünyanı insan ovucunun içində saxlayan, balaca bir cihaza yerləşdirən qərb aləminə baxın, bir də müsəlman aləminin nəyə vaxt və enerji səhv etdiyinə baxın. Özümüzə yalandan haqq qazandırmayaq ki, onlar dünya üçün çalışır və yaşayırlar, biz isə axirətimiz üçün. Onların etdikləri irəliləyişləri biz də edə bilər və hətta ən gözəl şəkildə insanlığa çatdırıb, axirətimiz üçün yaşaya bilərik. Amma insanları müzakirə edib, davaya və fitnəyə aparan mübahisələrlə guya axirətimiz üçün yaşayırıq.

Səhv və yanlış olduqlarını bəyan etmək, özümüzün ağıllı və doğru olduğunu göstərmək, başqalarını öz tərəfimizə çəkmək niyyətiylə insanların etdiklərini müzakirə etməklə inkişaf olmayacaq. İnsanlıq üçün hər birimiz bacardığımız qədər nə isə etməli, iş görməli, çatdırmalıyıq. Qoy biz edək, bizləri müzakirə etsinlər, etdiklərimizin doğru yanlış olduğunu danışsınlar. Çünki onsuz da bar verən meyvəli ağaca həmişə daş atılacaqdır.


Hazırladı: Şahmar Kərimov / Azerislam.com
Mənbə: www.onislam.net
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:48
GÜNƏŞ06:35
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:40
İŞA [ 4 rükət ]22:20
GECƏYARI00:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka