Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır. Allahdan qorxun! Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır.

[Maidə, 8]


Harada olursansa ol, Allahdan qorx və təqva duyğusu içində ol! Bir günaha düşmüsənsə, dərhal ardından bir yaxşılıq et ki, o günahını silsin. İnsanlarla olan davranışlarında da gözəl əxlaqdan heç ayrılma!

[Tirmizi, Birr, 55; Müsnəd, 2/5, 5/153, 178, 228]


Təqva, sevginin zirvəsidir

[Hikmətli sözlər]

QOCA QARI VƏ XƏLİFƏ

[ Hekayə / 2726 dəfə baxılıb ]   
|
 
Bu hekayə İbn Abbas tərəfindən rəvayət edilmişdir:
"Qaranlıq bir gecə idi; soyuq və dondurucu bir qış gecəsi. Ayaz insanın iliklərinə işləyirdi. Xəlifə Hz. Öməri görüb onunla bir az danışmaq üçün evdən çıxdım. Hər tərəf kimsəsiz və səssiz, bütün şəhər dərin yuxuda idi. Yolun yarısına çatmışdım ki, gözümə bir qaraltı göründü. Bir az daha yaxınlaşdıqca onun bir insan olduğunu gördüm. Qarşımdakı da verdiyim salamı almaq üzrə başını qaldırıb üzünü mənə tərəf çevirdi, heyrətdən çaşıb qaldım. Çünki önümdə mənim ziyarətinə niyyətləndiyim Hz. Ömərdən başqası deyildi. Gecənin bu saatında hər kəs isti yatağında mışıl-mışıl yatarkən böyük bir xəlifənin tənha küçələrdə gəzməsini nə iləsə əlaqələndirə bilmədim .Həmçinin bu dondurucu qış gecəsində marağımı gizləyə bilməyib, dərhal sözə başladım; "Gecənin bu saatında nə üçün tək tənha gəzirsən?"
Hz. Ömər mənə yaxınlaşaraq qoluma girdi və işin yoxdursa birlikdə gedək deyə təklif etdi; "Həm sənə də gəzərkən nə üçün tək başıma gəzintiyə çıxdığımı izah edərəm" deyə əlavə etdi. Mən "Belə də, sənə ziyarətə gəlirdim; bir az görüşərik, söhbət edərik deyə düşünmüşdüm. Madam ki belə oldu; gəzişərkən danışarıq" cavabını verdim. İkimiz birlikdə gedirdik; mənim içim içimə sığmır, maraqdan çatlayırdım. Bir müddət sual dolu gözlərimi Xəlifənin üzünə dikdim; “hə, sözə başla; izah et baxaq nə üçün ayazlı bir gecənin bu saatında tək başına küçələrdə gəzdiyini" demək istəyirdim.

Xəlifə Hz. Ömər də hədsiz marağımı başa düşmüşdü. Amma başqa məsələlərdən danışır, heç cürə gecənin bu saatında nə üçün gəzməkdə olduğuna sözü gətirmirdi. Birlikdə gəzişərkən hər evin qapısı qarşısında uzun müddət dayanıb, qapıya söykəyərək içəridə danışılanı dinləyirdi.
Evlərin qapılarında dayanıb içəridən bir səs gəlirmi, gəlmirmi, deyə qulaq asa-asa küçə-küçə Məkkə məhəllələrini gəzdik. Heç bir tərəfdə səs yox idi, hər kəs bölünməz yuxularının yelləncəyində tənəffüs edirdi. Bəlkə də bu böyük şəhərdə gecənin bu saatında Xəlifə Hz. Ömər ilə məndən başqa oyaq qalan bir adam yox idi. Yavaş-yavaş Hz. Ömərin niyə gəzintiyə çıxdığını başa düşən kimi olurdum. Aydın oldu ki, şəhər xalqından hər hansı birinin bir dərdi, bir çətinliyi səbəbi ilə yuxusuz qalıb, qalmadığını bilmək istəyirdi. Buna görə küçə itlərinə qədər şəhərin bütün canlıları isti yuvalarında yatarkən müsəlmanların rəisi vəzifəsi ilə Hz. Ömər (r.a.) onlara gözətçilik edir; onların rahatlığı üçün yuxunu özünə haram edərək küçə-küçə bu ayazda gəzirdi.

Bütün məhəllələri qapı-qapı gəzərkən, şəhərdən kənara çıxdıq. Orda-burda tək-tük çadırlar vardı. Onların da qapıları qarşısında dayanıb ağlayan, sızlayan varmı deyə içərini dinlədikdən sonra yolun ən ucundakı bir çadıra sıra çatdı. Digərlərində olduğu kimi bu çadırın qapısında da dayanaraq içərini dinlədik; bir-birinə qarışmış səslərdən, ağlayan uşaq səsləri gəlirdi .Çox dinlədikdən sonra Hz. Ömərlə qapını döyüb, salam verərək içəri girdik. Evin içi qarışıq idi. Dayanmadan ağlayan uşaqların gözləri şişmiş; üzləri axan yaşların xətləri ilə xal-xal qaralmış idi. Yaşlı bir qadın ocağın başına oturmuş həm odun üzərində qaynayan qazanı qarışdırır, həm də halsızlıqdan dizinin dibinə sərilən körpələrini susdurmağa çalışırdı. Qadın da əldən düşmüş və halsız görünürdü. Bu halına baxmayaraq Hz. Ömərin salamına gülümsəməyə çalışdığı bir çöhrə ilə qarşılıq verdi. Aydın idi ki, evinə gələnin Xəlifə Ömər olduğunu bilmirdi. Kim bilir bəlkə də xəlifəni belə tanımırdı .Kim evinə gecənin bu vaxtında şəhərin xaricindəki bir çadırının qapısını Xəlifənin çalacağını düşünə bilərdi.
Hz. Ömər özünü tanıtmadan şirin bir dillə qadından soruşdu "ana, bu balalar niyə belə dayanmadan ağlayır?" Qadın içini çəkərək iki gündür ki, acdırlar - deyə cavab verdi və hıçqırıqlar birdən qadının boğazına düyünləndi. Dayanmadan axmağa başlayan göz yaşları arasında bizə içini tökmək üçün sözə başladı.

- Oğlum - dedi xəlifə Ömərə, sən bu odda qaynayanı yemək olduğunumu fikirləşdin; nə gəzir!.. Uşaqları yatızdıra bilmək üçün çınqıl qoydum qazana; dayanmadan qaynadıram. Bişiriləsi heç bir şey yoxdur. Bu gördüyün körpələr mənim, anasız-atasız yetim nəvələrimdir. Oğlum, ərim və qardaşlarımın hər biri müharibədə şəhid olubdur. Evin dolanışığını təmin etməyə bir kişim yoxdur. Mən də həm yaşlı, həm də qadın halımla qocalmışam. Bax belə ac və pərişan qalmışıq.Varlı bir ailədən olduğuma, yoxluq nədir heç bilmədiyimə görə kiməsə gedib, halımı izah etməyə, əl açıb bir şeylər istəməyə də üzüm gəlmir. Hər şeyi bilən uca Allah bir səbəbini yaradıb ruzimizi göndərənə qədər belə ağlayıb gözləməkdən başqa çarəmiz yoxdur."

Hz. Ömər qadını dinlərkən yanmaqda olan bir şam kimi əriyir, üzü rəngdən-rəngə girirdi. Qadının sözünü kəsərək kədərli bir səslə " ana, şəhərdə olan müsəlmanların əmrinə, xəlifə Ömərə niyə müraciət edib vəziyyətini izah etmirsən?" deyə bildi. O ana qədər kəsilməz olaraq gözyaşı tökən qadının dərin hüznü yerini izah edilməz bir kin və hirsə buraxdı. Hiddətdən qaralan baxışlarını Xəlifəyə dikərək bu sözləri dedi.
"İstəyirəm ki o Xəlifə Ömər daha dünyada ikən bəlasını görsün, Axirətdə də əlim yaxasından qopmasın." Hz. Ömər kəkələyə-kəkələyə:
-Nə üçün Ömərə belə qarğış edirsən ana! Onun bu işdə günahı nədir?.
Qadın eyni qəzəblə bu sözlərin cavabını verdi:
-Övladım!.. Mən bu qoca halımla iki gündür ki, gecə- gündüz deməyib, yetim ovudarkən o necə rahat yatağında yata bilir? O, müsəlmanların rəisi, başçısı deyilmi? Bizlər əvvəla Allaha sonra da onun əlinə əmanətik. Gəlib halımı niyə soruşmur? Müsəlmanların rəisi olmağı belə asanmı sanır?!.."
Hz. Ömər yavaş-yavaş dolmağa başlayan göz yaşını qadından saxlayaraq "ana haqlısan, doğru deyirsən; amma yazıq xəlifənin işi bir deyil, iki deyil. Kim bilir başını qaşıyacaq qədər belə boş vaxtı yoxdur. Həmçinin sən gedib dərdini izah etmədikdən sonra o sənin halını bilməz ki, deyə qadının hirsini sakitləşdirməyə çalışdı. Lakin qadın eyni əsəblə sözlərinə davam etdi.

"Madam ki dərdlilərin dərdini vaxtında xəbər alıb çarəsinə qalmayacaqdı, vaxtında niyə xəlifə olmağı, müsəlmanların başına keçməyi qəbul etdi? Belə çürük bir bəhanəni heç qəbul edərəm mi mən? Yazığın işi çoxdur!.. Nədir işi, yenə döyüşmü? Yanında inləyənlərin səsinə qulaq asmaz. Şəhərində aclıqla pəncələşən balalar yaşayır. Xəlifə bunlara göz yumaraq uzaq diyarlardakı şəhərlərə cihad, cihad deyərək əsgər göndərməklə; gənc cavanlarımızın qanını xarici torpaqlara axıdaraq, qadınları başsız qoymağı bacarıq mı sanır? Mənim atam, əmim, dayım və gənc oğlum hamısı onun ordularında şəhid olmadı mi? İndi kim bilir yenə nə qədər qadın və uşaqları ərsiz və atasız buraxıb, ac və çılpaq bir səfalətin qucağına atacaq. Belə dərdlərimizə yeni dərdlər əlavə etsin deyəmi biz onu başımıza keçirdik?"
Tam bu əsnada uşaqlar sözləşmişdilər kimi, hamısı bir ağızdan yanıq səsləri ilə ağlamağa başladı. Uşaqların qulaq batıran qışqırıqları qadının hirsini bir qat daha artırdı. Əllərini havaya qaldıraraq və səsinin çatdığı qədər qışqıraraq sözlərinə belə davam etdi:
"Bu evdəki canlıların sinələrindən boşalaraq yüksələn inilti və qışqırıqları şimşək və ildırım olaraq Ömər qulunun başına yağdırmasını arzu edirəm. O getsin dul bir qadınla yetim balaların qarğışlarını yağış hesab etsin .Yaxınlarda ona könlümün istədiyi bir bəla ver, qoy qıvrınarkən bizim nələr çəkdiyimizi bilsin. Sən işini bilirsən, uca Rəbbimiz."

Hz.Ömər artıq dözə bilmədi. Qəmlənmiş gözlərindən yaşlar damlamağa başladı. Hər kəsin dayanmadan gözyaşı tökdüyü bu kədərli evdə, göz yaşlarını görmələrini istəmədiyi üçün üzünü hər kəsdən gizlətməyə çalışırdı. Artıq orada otura bilməzdi. Dərhal yerindən götürüldü. Əldən düşmüş bir səslə "Ana, haqlısan sən yenə ovut uşaqlarını mən dərhal dönərəm" deyərək qapıya yönəldi. Arxasından mən də getdim . Çölə çıxan kimi dərin bir nəfəs çəkdi ciyərlərinə. Sözün əsl mənasında kədərli və əldən düşmüş halda idi. Yol boyunca ağzından tək söz çıxmadı. Var gücünü sərf edərək sürətlə şəhərə çatmağa çalışırdı. Ona çatmaqda çətinlik çəkirdim. Düz dövlət xəzinəsinə çatdıq. Xəlifə, bir un çuvalı seçərək bir tərəfə qoydu. Mənim əlimə də bir yağ qabı verdi.
Vaxt keçirmədən böyük un çuvalını kürəyinə qoymağa girişdi. Gözlərimə inana bilmirdim. Bəli bu İslam Dövlətinin böyük rəisi un çuvalını kürəyinə götürmək üzrə idi. Dərhal yanına gəldim; "aman ey, möminlərin əmiri!.. Nə edirsən? Heç olmasa icazə ver çuvalı mən kürəyimə götürüm." Hz.Ömər dərhal sözümü kəsərək, bəlkə bir saatdan bəri ilk dəfə ağzını açıb bu sözləri söylədi:

- "Xeyr, ey İbn Abbas, sevimli dostum!...Yorğunluqdan yerə yıxılsam , ölsəm belə burax; yükünü də öz kürəyində aparsın. Bu dünyada yükünə kömək etmək istəyəcək çox dostlar tapa bilər, lakin hər qoyunun öz qıçından asılacağı Axirət günündə kimsə onun cəzasını bölüşməyəcək. Qadın doğru demişdi. Ya vaxtı ilə xəlifə seçilməməli idim. Götürdüyümə görə idarəm altındakı tək-tək hər fərdin dinclik və təhlükəsizliyini düşünmək məcburiyyətindəyəm. Sevimli dostum, Dəclə kənarında otlayan bir qoyunu qurd parçalasa, ilahi ədalət onu Ömərdən soruşar. Bu yaşlı qadın kimsəsiz və ovutduğu balalar kimsəsiz qalıbsa; günahkar Ömərdir. Baxımsızlıq və səfalətdən bir ev çöksə, günahı Ömərin çiyinlərindədir. Talesizlik nəticəsində yerə bir tək damla qan axsa o qan damcısı çılğın bir dərya olub dalğaları ilə Öməri udar. Küskün könüllərin hirs şimşəkləri Ömərin başına boşalar. Bütün matəmlərin göz-gözü görməz tüstülərində boğulacaq olan da Ömərdən başqası deyil.

Ömər hər dərdin dərmanı, hər diləyin böyük qapısı və hər lənətin ana hədəfidir. Uca Rəbbim, aciz bir qul bu qədər ağır və müxtəlif məsuliyyət yükünün altından necə çıxa bilər? Ey Ömər, bu qədər yükün altına girməyi necə qəbul edə bildin vaxtı ilə... Sözünü bölüb bir qədər kədərini bölüşmək istədim və dedim ki:
- O qədər də üzmə özünü, ey möminlərin əmri... Xəlifəlik yükünü sən üzərinə almısan, kim bu vəzifəni sənin qədər dəqiqliklə yerinə yetirə bilərdi? Sən də bütün üstünlüklərinə və qabiliyyətlərinə baxmayaraq nəhayət bir insansan. Hər yerdə vaxt keçirmədən özünü göstərən və çaşmadan ən dəqiq ilahi ədalətə çata bilməzsən. Qullara verilən bütün mərhəmətlər bir araya gətirilərək təmiz könlünə dolsa belə, bütün varlıqları qanadları altına alan məşhur ilahi mərhəmətlə yarışa bilməzsən.

Ey gözəl qəlbli Xəlifə!... Sən şübhəsiz ki, bir mələk deyilsən, amma ədalət və mərhəmət karvanının ön səfindəki əldə bayraq tutanlardansan. Sənin bu əlçatmaz ədalətinə qiyamət günü, həm yer, həm göy, həm də bu kürəyindəki un çuvalı eyni zamanda mən şahidlik edəcəyəm. Şübhəsiz ki, ən böyük şahidin də qaranlıq gecədə quru daş üzərindəki qara qarışqaya qədər hər şeyi bilən uca Allahın özüdür. Nə xoşbəxtsən ki, fani həyatını beləcə ölməz dəyərlərin sahibi olmaq uğrunda xərcləyirsən. Nə xoşbəxt biz müsəlmanlara ki, dünyanın başqa millətlərini, padşah deyə qan içən canavarlar idarə edərkən, sənin kimi ipək ürəkli və geniş fikirli bir rəisin şanlı ədalət bayrağı altında kölgələnmənin tükənməz zövqünü dadır və bütün dünyaya qarşı səninlə haqlı bir iftixar duyuruq."

Bu sözlərim yəqin Xəlifənin kədərli könlünə bir az sevinc vermişdi. Ağır un çuvalının altında ikiqat olmuş bədəninə baxmayaraq, son gücünü istifadə edərək yoxuşu təngnəfəs çıxırdı. Damarlarındakı qanı belə donduracaq qədər iti ayaza baxmayaraq alnından və üzündən axıb heybətli sinəsinə süzülən tərləri vecinə almırdı belə. Nəhayət qoca arvadın çadırına çatdı ki, təngnəfəs içəri girib çuvalı yerə buraxdı və eyni vaxtda özü də yerə sərildi; yaxşıca yorulmuş, taqətinin son damcılarını istifadə edərək çadıra girə bilmişdi. Qısa bir müddət istirahət etdikdən sonra asqınlar kimi silkələnərək yerindən qalxdı; qazanda qaynamaqda olan çınqılları boşaltdı. Yerinə mənim daşıdığım qabdan yağ tökdü. Sonra əriyən yağa kürəyində gətirdiyi çuvaldan öz əli ilə un qoyaraq bişirməyə başladı. Sönən odu qadından kol çırpı istəyərək özü alovlandırdı. Beləcə bişirdiyi yeməyi ayazda tez soyudaraq yenə öz əli ilə qurduğu süfrəyə qoydu. Sonra isə ana, ata şəfqətini belə kölgədə buraxacaq gülümsəyən bir üz və bal kimi bir səslə iki gündən bəri boğazlarından aşağıya tək loxma keçirməmiş olan yetim balaları yeməyə oturtdu; əli tutmayanlara öz əli ilə yemək verdi. Günlərdən bəri ölü, yaslara qərq olmuş olan çadırı bir anda isti bir sevincin işıqları işıqlandırmışdı. Ağlamalar susmuş, yaşlar qurumuş; hirs qurtarmışdı. Yetim balaların gözləri sevincdən işım-işım parıldayırdı. Yaşlı qadın Hz. Ömər kürəyində un çuvalı ilə içəriyə girdiyi andan bəri çaşdığından, sanki dilini udmuşdu, ağzından tək bir söz belə çıxmadı. Lakin qarnı doyan yetim nəvələrinin sevinci otağı bürüdükcə, ağır bir yuxudan oyanan kimi diksindi; toplandı və sevinc göz yaşları içində kim olduğunu hələ bilmədiyi xəlifəyə bu sözləri dedi:
- Arzu edirəm ki, uca Allah tezliklə səni Hz.Ömərin xəlifəlik mövqeyinə oturtsun. Oraya Ömərdən çox sən layiqsən."
Yaşlı qadının o qarşısındakını tanımadığı üçün dediyi bu sözlərə içimdən güldüm; yan gözlə Ulu Xəlifəyə baxdım; bu axşam bəlkə ilk dəfə bu sözlər üzərinə o, da işıq sıçan bir çöhrə ilə gülürdü. Mənə yaxınlaşıb gedək artıq deyə işarə etdikdən sonra qadına döndü:

-Anacan... Sən sabah tezdən xəlifənin yanına gəl; məni orada tap, sənə təqaüdçü və yetim maaşı yazdırım. Hələlik sağ ol! - dedikdən sonra birlikdə çölə çıxdı. Gün ağarmışdı. Müəzzinin bütün möminləri səhər namazına çağıran gur səsi hardasa ortalığı əsdirəcəkdi. Ulu xəlifə yuxusuz qalaraq və tərlər tökərək vəzifəsini icra etmiş, insanların könül dincliyi içində rahat idi.
Mənə gəlincə yuxusuz gecəmdən tamlığı ilə məmnun idim. Çox şeylər görmüş, çox şeylər eşitmişdim və çox şeyləri öyrənmişdim. Gördüklərim, eşitdiklərim və öyrəndiklərim məndə ömür boyunca təzəlik və canlılığını itirməyəcək izlər buraxmışdı. Ümid dolu sevinclər içində Allah Rəsulunun bu sözlərini xatırladım. "Əshabələrimin hər biri tək-tək göydəki ulduzlar kimidir. Hansının arxasından getsəniz, hidayət yolunu taparsınız." "Ey uca Allah Elçisi!..” - dedim içimdən - "Sən Xəlifən Öməri görüb mü, dedin bu qızıl sözləri!..."

O gün qadın, günortaya doğru Xəlifəlik mövqeyinə gəldi. Xəlifə artıq daha əvvəl maaş verilməsi üçün lazım olan kəslərə dərhal əmr vermişdi. Qadın Hz. Öməri tanımışdı amma çaşqınlıqdan donub qaldığı üçün, dilini çevirib heç bir şey demirdi. Xəlifə onu hörmət ilə qarşılayıb bir yerə oturtduqdan sonra belə dedi:
"Validəm!.. Bundan sonra həm öz adına və həm də şəhid balası yetim nəvələrinin hər ay təqaüdçü maaşını alacaqsan. Götür, bu ilk maaşın..." deyərək bir gümüş kisəsini qadına uzatdı və "artıq Öməri bağışlayıb ona etdiyin qarğışları geri götürürsən, haqqını bağışlayırsan elə deyilmi?" deyə sözlərini qurtardı.
Axşamdan bəri olanların hamısını yaxşıca başa düşən qadın çox ciddi bir ifadə ilə Xəlifəyə bu son cavabı verdi; "Bax belə göstər ədalətini əlinə baxan bütün müsəlmanlara qarşı!"

AZERISLAM.COM
QAYNAQ: Osman Əfəndi, Seçmə Dini Hekayələr, Səda Nəşrləri
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]04:48
GÜNƏŞ06:35
ZÖHR [ 4 rükət ]13:38
ƏSR [ 4 rükət ]17:30
MƏĞRİB [ 3 rükət ]20:40
İŞA [ 4 rükət ]22:20
GECƏYARI00:44
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka