Ey iman edənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər Allaha ibadət edirsinizsə, Ona şükür edin!
[Bəqərə, 172]
"Haramdan çəkinmək üçün haramı bilmək lazımdır!..."
[Əhkamu’l-Cənaiz]
İnsanların yedikləri ilə əməlləri arasında qırılmaz bir bağ var.
[Hikmətli sözlər]
HİCRƏT - ALLAHIN İKRAH ETDİKLƏRİNİ TƏRK ETMƏKDİR
[ Islam tarixi / 6381 dəfə baxılıb ]
|
Məhərrəm ayının girməsi ilə Hicri-qəməri tarixinin yeni ili başlamış olur. Müsəlmanların günlərin, ayın və ilin hesablanmasında ayı əsas götürmələri daha doğrudur. Günəşlə hesablanan təqvim ay ilə hesablanan təqvimdən il ərzində 10-11 gün fərq edir. Bu da təqribən 33 il ərzində bir illik fərqin yaranmasına gətirib çıxarır. Müsəlmanların Günəşin öz oxu ətrafında fırlanması ilə deyil, Ayın Yer ətrafında dövr etməsi ilə hesablarını aparmasının doğruluğu Quran ayəsinə söykənir. Allah-Təala buyurur: “(Ya Rəsulum!) Yeni doğan aylar (hilal) barəsində səndən sual edildikdə, söylə ki, bunlar insanların istifadəsi və həcc üçün vaxt ölçüləridir” (Bəqərə, 189)
Müsəlmanların təqvimlə bağlı fikirləri Peyğəmbərdən (s) sonra müzakirə mövzusu oldu. Səhabələr İslama aid təqvimin haradan və necə başlaması məsələsində bir çox fikirlər önə çəkirlər. Nəticədə ortaq məxrəc Peyğəmbərin (s) miladın 622-ci ilində, iyul ayının 26-da Məkkədən Mədinəyə hicrət etməsini hicri-qəməri tarixinin başlanğıcı hesab olunur. Hicri-qəməri tarixinin Məkkədən Mədinəyə hicrətdən başlaması hicrətin əhəmiyyətinin nə qədər önəm daşıdığının açıq təzahürüdür. Doğrudur, İslamda əhəmiyyəti baxımından ondan heç də geri qalmayan bir çox hadisələr olmuşdur. Məsələn, ilk dəfə Peyğəmbərə (s) vəhyin nazil olması; ilk döyüşdə - Bədrdə müsəlmanların qələbə çalması; Hüdeybiyyə sülhü və ardınca Məkkənin fəthi və digər hadisələri misal gətirmək olar. Amma zənnimizcə, hicrət bunların hamısını özündə cəmləşdirən ən böyük hadisədir. Mübarək Peyğəmbərimizin (s) sirəsinə nəzər salsaq, görərik ki, o, hələ ona vəhy nazil olmamışdan Allahına doğru qəlbi ilə hicrət etmiş, bütün pisliklərdən uzaq durmuş, hələ gənc ikən cəmiyyətdə yaxşı insan imicini, “Əmin” ləqəbini qazanmışdı. Bundan başqa Bədr döyüşündə müsəlmanların qələbə çalması yenə də onların əvvəlcə öz qəlbləri ilə Allaha hicrət etmələrinin, sonra isə bu yolda canlarından, mallarından keçmələrinin göstəricisi idi. Əgər səhabələr hicrətin mahiyyətini anlamamış olsaydılar və onu yaşamasaydılar, əlbəttə ki, heç bir vəchlə qələbəyə nail ola bilməzdilər. Sonrakı müsəlmanların tarixdə üzləşdiyi məğlubiyyətlər məhz hicrətdən, onun mahiyyətini dərk etməməkdən irəli gəlirdi. Hicrətin zahiri tərəfini qısaca xatırladandan sonra onun batini tərəfini də açıqlamaq istərdik.
HİCRƏT, Allaha doğru qaçışdır. HİCRƏT, heç bir zaman batilə boyun əyməməni şərtləndirən bir yürüşdür. HİCRƏT, inancı hakim qılma düşüncəsidir. Müsəlman, başqalarına və dünyaya görə deyil, fitrəti üzrə ondan tələb olunan ilahi məramlar üçün hicrət edər. Peyğəmbərimiz (s) buyurmuşdur: “Ən fəzilətli hicrət Rəbbinin ikrah etdiyi şeyləri tərk etməkdir”. HİCRƏT, həm qəlb, həm də bədənlə olur. Mömin qəlbini boş və yanlış fikirlərdən hicrət etdirir, uzaqlaşdırır. Bədənini isə təmizlənmiş qəlbin ixtiyarına verərək onu batil və haramlardan çəkindirir. HİCRƏT, İlahi hesaba hazırlıqdır. Hicrətin həqiqi səbəbi Allaha qulluqdur və bu qulluq üçün gərəkən nə varsa, onu həyata keçirməkdir. “İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) – məhz onlar həqiqi möminlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!” (Ənfal, 74) HİCRƏT, haqqın batilə qalib gəlməsi və İslamı tamamilə yaşamanın əzmidir. HİCRƏT, tövhidin qəlblərdə kök salması, lazım olduğu halda mallarından və canlarından vaz keçmənin simvoludur. HİCRƏT, Ənsar və Mühacirlərin nümayiş etdirdikləri dostluq və qardaşlığın, milli birlik və həmrəyliyin ən gözəl nümunəsidir. Çünki onlar hicrət etdilər, yurdlarından çıxarıldılar, Allah yolunda əziyyətə uğradılar, döyüşdülər, öldürdülər və öldürüldülər. Allah da onlar haqqında bunları söylədi: “Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır!” (Ali İmran, 195) Əziz mömin bacı və qardaşlarım! İlk öncə özümə, sonra da Sizlərə günahların hər növündən uzaqlaşmağı, həqiqi gözəlliklərə istiqamət götürməyi tövsiyə edir, hər birimizə Allaha doğru gerçək hicrət etməyi arzu edirəm!
1433 Hicri ili İslam aləminə və insanlığa mübarək olsun!
Tərtib etdi: Məhəmmədəmin Lənkərani / Azerislam.com