Azərbaycanda fəaliyyət göstərən "MPRO" şirkətinin istehsal etdiyi "Kefir Osetinskiy" süd məhsulunun tərkibində alkoqol olduğu göstərilir. "Kefir Osetinskiy" qatıq paketinin üzərində, hər 100qr məhsulun tərkibində yağ və kalori olduğu kimi, 0.6 faiz alkoqol da olduğu yazılıb. Süd məhsullarında da alkoqol olmağı bizi çox maraqlandırdı. Bir müsəlman kimi, yeyinti məhsullarının tərkibində alkoqol olması adamı təəccübləndirməyə bilməz. Bəs onda müsəlman kəs normal qəbul etdiyi və həmişə istifadə etdiyi məhsullarda, təsadüfən alkoqol olduğunu aşkar etsə necə hərəkət etməlidir?
Bunu aydınlaşdırmaq üçün, "MPRO" şirkətinə zəng etdik. Texnoloq Hürü Ələsgərova məsələyə: "Kefir Osetinskiy qatıq məhsuluna, biz özümüz alkoqol əlavə etmirik. Bu məhsulun tərkibində, kefir göbələkləri var ki, bu da hər gün 0.01 artır. Bu məhsulun saxlama müddəti 14 gündur. Paketin üstündə qeyd olunan 0.6 alkoqol dərəcəsi isə, məhsulun istehsal olunan gündən 14-cü günə qədər yığıla bilən miqdarıdır. Bundan əlavə, məhsulumzda, dad vermək üçün başqa faydalı çubuqlar da var"- deyə münasibət bildirdi.
Mövzuya aydınlıq gətirmək üçün Azərislam teoloqu Əlixan Musayevlə əlaqə saxladıq və o, məsələyə bu cür münasibət bəslədi ki, problem deyil, bu cür qida məhsullarının qəbulunu şəriətimiz qadağan etmir.
Artıq siz şübhələnmədən "Kefir Osetinskiy" qatığını içə bilərsiniz. Başqa məhsullarda isə belə bir məlumata rast gəlsəniz, zəng edib aydınlaşdırmaqdan heç çəkinməyin.