Fiqh kəlməsinin lüğəti mənası: Anlama, başa düşülmə deməkdir.
İstilahi (şəriət baxımından) mənası: Quran və Peyğəmbərin (s.ə.s) sünnəsindəki (hədislərindəki) dəlillərdən çıxarılan şəriət hökmləri ilə bağlı olan elm.
Mövzusu: Fiqh – ibadət və s. şəriət hökmləri haqqında bəhs edən elmdir.
Səmərəsi: Bu elm hər bir müsəlmana ibadətləri düzgün yerinə yetirməyə, bununla da dünya və axirətdə səadətə qovuşmağa kömək edir. Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun! – səlləllahu əleyhi və səlləm – s.ə.v.) demişdir: «Uca Allah xeyir istədiyi bəndəsini dində fəqih(Quran və hədislərə əsaslanaraq bir çox şəriət hökmlərindən anlayışı olan şəxs.) edir» (Müslim, 4933-cü hədis).
Hökmü: Bu elmə yiyələnmək fardu-l-kifayədir (Fardu-l-kifayə: bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir.) Uca Allah buyurur:
«[Ehtiyac olmadıqda] möminlərin hamısı birdən [cihada, döyüşə] çıxmamalıdır. Barı hər tayfadan bir dəstə [dini elmləri öyrənmək, sonra da din qardaşlarına öyrətmək üçün] qalsınlar ki, camaatı [döyüşdən] qayıtdığı zaman onları [Allahın əzabı ilə] qorxutsun. Bəlkə, onlar (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən, nalayiq hərəkətlərdən) çəkinsinlər!» (ət-Tövbə, 122).
ŞƏRIƏT HÖKMLƏRININ NÖVLƏRI
- Vacib: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olur. Bura namaz, oruc və s. kimi əməllər daxildir.
- Haram: Bunu tərk edən savab qazanır, əməl edən isə əzaba düçar olur. Bura zina, oğurluq və s. kimi əməllər daxildir.
- Müstəhəb: Buna əməl edən savab qazanır, onu tərk edən isə əzaba düçar olmur. Bura Aşura gününün orucu və s. kimi əməllər daxildir.
- Məkruh: Bunu tərk edən savaba nail olur, əməl edən isə əzaba düçar olmur. Bura məscidə sol ayaqla daxil olmaq və s. kimi əməllər daxildir.
- Mübah: Buna əməl edən və ya onu tərk edən nə savab qazanır, nə də ki əzaba düçar olur.