"...Yaxşı işlər görməkdə bir-birinizlə yarışın..."
[Bəqərə, 148]
Xeyir işə vəsilə olan onu işləyən kimidir
[Tirmizi, Elm 14]
Vəhy, söz əxlaqına deyil, əməl əxlaqına dəvətdir.
[Hikmətli sözlər]
HAQQ SAVAŞI
[ Oxu! / 1833 dəfə baxılıb ]
|
Məhv etmək, həlak etmək, yox etmək, dağıdıb yıxmaq, hegemonluq göstərmək, istəniləni əldə etmək uğrunda deyil, sağlam yaşatmaq, mühafizə etmək, qorumaq, bir sözlə Allah naminə insanlıq uğrunda aparılan bir savaşdan söz açmaq istədik. Savaşıb güc göstərmək üçün savaşmaq, haqsızlıqla mübarizə aparmaq üçün döyüşməkdən çox fərqlidir. İnsanlığa nümunə ola biləcək savaşlardan birini misal gətirərək, oradan çıxan nəticələri sizinlə paylaşmağı özümüzə borc bildik. Bədr savaşından çox nəticələr çıxarmaq olar, xüsusilə də bu günümüzə və zamanımıza aid çox möhtəşəm nümunələr göstərmək mümkündür. Bədr savaşı əslində, müsəlmanların gözləmədikləri və planlaşdırmadıqları, ancaq Allahın hikmətiylə ortaya çıxan bir savaş olmuşdu. Əbu Sufyan bin Harbin başçılığı altında olan Qureyş qəbiləsinin ticarət karvanı, Şam diyarından çıxaraq Məkkəyə üz tutmuşdu. Mədinə (Yasrib) şəhərində olan müsəlmanlar da, bu fürsəti əldən verməmək üçün, karvanın qarşısını kəsməyi planlamışdılar. Belə ki, bir zamanlar Qureyş qəbiləsi də müsəlmanların mal-dövlətini talan edib, əllərindən almışdılar. İtirdikləri malların əvəzinə bu karvandan bir şeylər qoparmağı nəzərdə tutmuşdular müsəlmanlar. Amma hər şey onların planlaşdırdığı kimi, məhz Allahın əmriylə oldu. Əbu Sufyan baş verə biləcək hadisəni təxmin edərək, Qureyşi xəbərdar etmək üçün Məkkəyə elçi göndərdi. Məkkə müşrikləri çox qəzəbləndilər. Amma bu arada Əbu Sufyan da müsəlmanların qurduqları tələdən yan keçə bildi və karvanı salamat Məkkəyə çatdırdı. Məkkə müşrikləri 1000 savaşçı hazırlayıb elə yola çıxırdılar ki, Əbu Sufyan elçi göndərərək karvanın ziyana uğramadığını, müsəlmanların əlindən qurtulduğunu bildirdi. Əbu Sufyan, döyüşə ehtiyac qalmadığını bildirsə də, Əbu Cəhl etiraz edərək savaşın mütləq olmasına israr etdi. Savaş da bir əqidədir! Peyğəmbərimiz Muhamməd (Allahın salam və duası olsun Onun üzərinə) Bədr savaşına hazırlaşarkən, Xubeyb bin İsaf adlı şəxs özünü çatdırır və savaşda iştirak etmək arzusunu bildirir. Çox qüvvətli, cəsarətli, mərd və bacarıqlı bir insan idi. Amma hələ təslim olmamışdı (İslamı qəbul etməmişdi). Çıxmaqda məqsədi isə Xəzrəc qövmünə qarşı öz qövmünə yardım və həmçinin qənimətlər əldə etmək üçün idi. Səhabələr onu Rəsulullahın yanında görəndə sevinmişdilər. Gəlib Rəsulullaha dedi ki; “Gəldim səninlə gedim, səninlə mən də savaşım.” Rəsulullah da ona; “Allaha və Rəsuluna iman edirsənmi?” Dedi; “Xeyr”. Rəsulullah; “Dön, biz müşrikdən dəstək qəbul etməyəcəyik.” Xubeyb israrla Peyğəmbərdən getməsinə izin istədi, nə qədər istədisə də, Peyğəmbər ona icazə vermədi. Sonunda Xubeyb təslim oldu, İslamı qəbul etdi. Rəsulullah da buna sevindi və “Onda yürü!” – buyurdu. Eyni məqam başqa bir şəxslə də təkrarlanmışdı. Əbu Qeys ibnu Muharris müşrik idi və o da müsəlmanlarla savaşa qatılmaq istədi. İslamı qəbul etmək istəmədi, Rəsulullah da onu geri qaytardı. O da Mədinəyə döndü. Amma sonradan müsəlman olmuşdu. Müsəlman kapitan və lider məhz bu cür addım atmalıdır. Müşriki müşrikin əliylə öldürmək nə problemdir ki, - deməyin? Buradakı prinsip, müşriklə mübarizədə başqa bir müşrikdən yardım və dəstəkdən istifadə etməməkdir. Şərəfli, təmiz bir mübarizə olmalıdır, əgər bu mübarizə əqidə və dəyərlər uğrundadırsa. İman etmiş və Allaha təslim olmuş insan məhz bu cür ləyaqətli bir döyüş prinsipini qoruya bilər. Ləyaqətsiz insanların döyüşü isə əzmək, qırmaq, dağıtmaq, alçaltmaq, viran qoymaq, talan etmək və dünya mənfəətini əldə etmək məqsədilə olur. İslam prinsiplərinə görə olan müharibə isə, olacaqsa əqidənin qorunmasını əsas saxlayacaq. Ona görə də, əqidəsi uğrunda mübarizə aparan müsəlman, onun əqidəsinin düşməni olan bir müşriki yanında köməkçi kimi istifadə edə bilməz. İndiki zamanda olduğu kimi, elə o zamanlar da muzdlu döyüşçülər çox istifadə olunurdu. Əqidəsinə, milliyətinə, dininə və irqinə baxmadan, kim savaşda iştirak etmək istəyirsə, onu qəbul edərdilər. Müsəlman ordusu isə o zaman müşriklərə, savaşa girəndə belə öz mesajlarını bu vasitəylə çatdırmışdılar. Onlar əqidələri uğrunda savaşırdılar və bu savaşda iştirak edənlər hamısı əqidə uğrunda savaşanlar olmalıdır. Bir də müşrik ordusunun əsgərlərini bir düşünün, müsəlmanların onlara qarşı savaşda başqa bir müşrikdən istifdə etməmələrini duyarkən hansı hisslər keçiriblər. Savaşa hazırlıq anında, ilk addımlarda belə, İslam, savaş əxlaqı normativlərinin tarixə yazırdı. Döyüşdə belə əxlaq normativlərinə riayət edən bir ordu, bir millət, artıq kimin haqlı, kimin haqsız olduğunu fikirlərə çatdırırdı.
Çətinliklərdə də bölüşmək... Abdullah bin Məsud (Allah ondan razı olsun) rəvayət edir ki; Bədr günü hamımız elə bölüşmüşdük ki, hər 3 nəfərə bir dəvə düşürdü və növbə ilə ona minərdik. Bir dəfəyə də Əbu Lubabə, Əli bin Əbi Talib və Rəsulullah müştərək olmuşdu. Rəsulullahın dəvədən düşmə zamanı çatanda, hər ikisi: Biz yeriyərik ya Rasulallah – demişdilər. Rəsulullah da; “Nə siz məndən daha qüvvətli deyilsiniz, nə də mənim savaba ehtiyacım sizinkindən azdır.” Əsl lider və ordu generalı, müharibənin hər bir çətin və məşəqqətli anlarında əsgərlərindən özünü üstün tutmamalıdır. Onlarla çətinlikləri bölüşməli, özünə də bir pay götürməlidir. Əsgərlərə nümunə olmaq üçün bundan daha gözəl əxlaq olarmı?!
Şura “Vadi Zifran” məntəqəsinə çatanda Rəsulullah son dəfə əsgərlərinin düşmənlə üzləşməyə nə qədər hazır olub olmadıqlarından əmin olmaq istədi. Hamını bir araya toplayıb məslhətləşdi, məşvərə etdi. İki seçimləri olduğunu bir daha onlara bildirdi. Ya düşmənlə üzləşmək yaxud da üzləşmədən Mədinəyə dönmək. Heç kim savaşa məcburi sürüklənməsin. Dedi ki; “Rəyinizi bildirin mənə, ay camaat!” Bu xitabını dəfələrlə təkrarladı. Camaat da bir-bir qalxır və öz fikrini bildirirdi. Sonunda şuranın nəticəsi düşmənlə üzləşmək qərarı oldu. Müsəlman cəmiyyəti məhz bu cür idi o zamanlar. Şura və rəyləri öyrənmək cəmiyyətin əsaslarından sayılırdı. O zamanlar ki, Avropa kilsələrdən çıxan qərarlarla yaşayır, kilsədəki qərar vericilər də miras olaraq bir-birinə hökm ötürürdülər. Döyüşlərə girəndə əsgərləri zəncirləyirdilər ki, heç biri qaçmasın. Nə bir kəsin rəyinə qiymət, nə də başqasını fikir və düşüncəsinə yer verirdilər.
Zorakılıqla məlumat öyrənmək olmazdı. Bu da Peyğəmbər zamanında olan mədəniyyətin başqa bir təzahürü idi. İnsanlarda güc və zorluqla məlumat və ya xəbər öyrənməyi Rəsulullah qadağan etmişdi. Elə Bədr savaşı başlayan günün gecəsi Rəsulullah (Allahın salam və duası Onun üzərinə olsun) Əli bin Əbi Talibi bir dəstəylə Bədrdə su olan məntəqəyə göndərir ki, düşmən tərəfdən hər hansı bir məlumat toplasın. Elə su başına çatanda iki gənc oğlan tapırlar, o oğlanlar da müşriklər üçün su aparmaq üçün oraya gəlmişlərdi. İkisini də tutub gəlirlər öz ordularına, başlayırlar sorğu sual etməyə. Bu zaman Rəsulullah namaz qılırdı. Səhabələr də həmin iki oğlanı vururdular ki, sözün düzünü desinlər. Oğlanlar isə əvvəlcə düzünü demişdilərsə də, zorakılığa məcbur olduqlarından sözlərini dəyişdilər. Rəsulullah namazı bitirən kimi onlara üzünü tutub belə dedi; “Vallah onlar düz deyirlər, siz də onları vurursunuz. İndi onlar yalan dedilər və siz də onları buraxacaqsınız. Düz deyəndə vurursunuz, yalan deyəndə buraxırsınız?!” Vallah onlar düz demişdilər, onlar ikisi də Qureyş üçün su aparırdılar.” İslami generallıq bu cür idi o zamanlar. Məlumat toplama və cəsusluq bürosuna gətirilən düşmən tərəfin adamları ilə belə zorakılıqla davranmırdılar. Məlumat almaq üçün incitmək, işgəncə vermək, zorakılığa məruz qoymağa icazə verilmirdi. Bu mədəniyyət 1949-cu ildə Cenevrədə keçirilən 3-cü toplantıdakı qərardan çox çox əvvəllər olmuşdu. O toplantıda qərar verilmişdi ki, əsir düşən şəxsdən hər hansı bir məlumatı almaq üçün onu məcbur etmək olmaz. Rəsulullah dövründə riayət olunan bu qanunlar Avropada yalnız 20-ci əsrdə müzakirə mövzusu olmuşdur. Amma təəssüf ki, bu günə qədər də müzakirə olunan məsələlərə və ya qərarlara nə hörmət, nə də riayət edilir. Əfqanıstanda, İraqda Amerika əsgərlərinin törətdikləri, Fələstində, Afrikada və başqa ölkələrdə baş verən hadisələr hamısı buna açıq-aydın sübutdur.
Əsgərlərin rəylərinə hörmət Ordu savaşa doğru hərəkətə keçərkən, Bədrdə olan ən yaxın su quyusunun yanında özlərinə yer etdilər. Bu zaman Hubab bin əl-Munzir (Allah ondan razı olsun) Rəsulullahın yanına gələrək yeri dəyişib, düşmənlərin ən yaxınlığında olan quyunun ətrafına yıxılmağı məsləhət gördü. Rəsulullah da Onun fikrinə hörmət edib həm də həvəsləndirici bir şəkildə; “Çox tutarlı bir rəy söylədin!” – deyir. Hubabın dediyi kimi həmin yerə üz tuturlar. Özü kapitan və ordu başçısı, həm də vəhy nazil olan bir şəxs olmasına baxmayaraq Rəsulullah səhabəsinin rəyinə üstünlük verdi. Fikir doğrudursa, rəy düzgündürsə, hər bir insanda onu qəbul etmək lazımdır, hətta adi bir əsgərin rəyi generalın rəyini əvəz etməlidirsə də belə.
Kapitan və əsgər arasındakı hörmət Tarixdə əsgərləri incitmək, istənilən şəkildə onları alçaltmaq, əzmək, işlətmək, məcbur etmək kimi hadisələr və nümunələr çoxdur. İnsanlıq tarixində belə hekayələrə çox kitablarda rast gəlmək mümkündür. Amma Rəsulullahın həyatında əsgərə zülm olunması hadisəsini müşahidə etmək qeyri-mümkündür. Bir dəfə Rəsulullah əsgərlərin cərgələrini düzəldərkən Səvad bin Ğaziyyə adlı bir səhabə cərgədən bir az qabağa çıxdı, Rəsulullah da onu cərgədə düz dursun deyə qarnından bir az içəriyə itələdi və “düz dur, Səvad!” – dedi. Səvad da; “Ya Rəsulullah, ağrıtdın məni. Səni Allah təala haqq və ədalətlə göndərmişdir! Qoy əvəzini çıxım!” Rəsulullah qarnını bir az açır və “gəl çıx əvəzini!” deyir. O da gedib Rəsulullahı qucaqlayır və qarnından öpür. Rəsulullah Ona; “Niyə belə etdin ey Səvad?” Səvad cavabında; “Görürsən başımıza nə iş gəlib? Ən son olaraq başıma gələ biləcək bir şey olarsa dərimin dərinə toxunmasını istədim.” Rəsulullah da ona xeyr-dua etdi.
Döyüşdən əvvəl dialoq Rəsulullah həmişə sülh və əmin amanlıq tərəfdarı olmuşdur. Ona görə də savaşın başlanmasına saniyələr qalmış belə sülhü bərpa edə biləcək hər hansı bir vasitə varsa, onu axtarıb tapmağa çalışırdı. Çünki O (Allahın salam və duası olsun Onun üzərinə) aləmlərə rəhmət olaraq göndərilmişdir. Ona görə də, sülhün tərəfdarı olduğunu göstərmək üçün ilk addımı atır və bir daha sülh təklif edir ki, iki tərəfin əsgərləri də sağ-salamat diyarlarına qayıtsınlar. Rəsulullah Bədr savaşı sahəsində Ömər bin əl-Xəttabı Qureyş tərəfə göndərir. İki ordu üz üzə durmuş bir halda idi. Ömər Qureyşə gəlib, qan tökülməsin deyə hər iki tərəf də yerlərinə yurdlarına qayıtmasını məsləhət edir. Müşrik ağıllılarından biri sayılan Həkim bin Hizamın bu rəy xoşuna gəlir və qəbul edilməsinin tərəfdarı olduğunu bildirir. Əbu Cəhl isə israrla; “Allaha and olsun ki, Allah bizim əlimizə bu fürsəti verdikdən sonra heç bir yerə qayıdan deyilik.” Kim idi qan tökülməsinə susayan? Kim idi insanların qanlarını qorumaq üçün səy göstərən? Savaşdan öncə belə dialoq edilməsinin tərəfdarı idi rəhmət peyğəmbəri olan Muhamməd. Müharibələr tarixində deyil, insanlıq tarixində belə bu cür mədəniyyət və əxlaq normalarının misli görünməmişdi.
Müşriklərlə əhdi-vəfa Rəsulullah Bədr savaşında belə bir cümlə ifadə etmişdi; “Əgər Mut`im bin Udeyy sağ olsaydı və bu savaşda onlardan əl çəkək deyə mənə bir söz desəydi mən bu savaşdan əl çəkərdim.” Bilirsinizmi kimdir Mutim bin Udeyy? Rəsulullah ən ağır anlarında, Taifdən daşlanıb qovularkən Məkkəyə dönür və onu himayəyə götürəcək bir kəs tapılmır. Hamı Onu saxlamaqdan imtina edir. Çünki hamı Əbu Cəhlin zülmündən qorxurdu. Mutim bin Udeyy isə Rəsulullahı himayəsinə alaraq; “Ey Qureyş əhli, Muhammədi mən götürmüşəm himayəyə, sizdən heç kim Ona toxunmasın!” Belə bir insanlığın əhdi-vəfasını qoruyurdu Rəsulullah. Bədr savaşında Rəsulullah həmçinin demişdi ki; “Kim savaşda Əbul Buhtəriyy bin Hişam bin əl-Haris bin Əsədi görsə öldürməsin. Kim Abbas bin Əbdil Muttalibi görsə öldürməsin. Bilin ki, onlar bu savaşa çıxmaq üçün məcbur ediliblər.” Abbas bin Əbdil Muttalib Məkkədə qalaraq müsəlmanlar üçün lazımi məlumatları ötürürdü. Müsəlman olmuşdu, amma islamını gizləyirdi. Əbul Buhtəriyy isə müşriklər arasında müsəlmanlara ən az dəyib-dolaşan insan idi. Hətta bəzən müsəlmanlara işgəncə və zülm edilərkən, onlara yardım da göstərərdi. Hətta müşriklər müsəlmanlara baykot edərkən belə, o müqaviləyə razılığını bildirməmişdi. Rəsulullah da onun etdiklərinin qarşılığında ona gözəlliklə cavab vermək istəyirdi. Yaxşılığa yaxşılıq etmək mütləqdir və Rəsulullah da bu məsələyə çox önəm verirdi. Kim olur olsun, düşmən və ya müşrik tərəf olursa da belə, yaxşılıq etmişsə ona yaxşılıqla qarşılıq vermək lazımdır.
Əhdləri qorumaq Huzeyfə bin əl-Yəmən rəvayət edir ki; “Biz bu savaşda iştirak edə bilmədik, buna da səbəb, mən və atam Rəsulullahı görmək istədiyimiz idi. Qureyşin kafirləri bizi tutdular və Rəsulullahın yanına gedirsiniz dedilər. Biz də; “Yox, biz Mədinəyə getmək istəyirik” – deyə bildirdik. Bizdən söz aldılar və əhdimizi götürdülər ki, Mədinəyə gedirik amma Rəsulullaha qoşulub savaşmayacağıq. Ora çatanda bütün hadisəni, aramızda olan söhbəti və müşriklərə dediklərimizi Rəsulullaha danışdıq. Rəsulullah isə; “Onlarla mübarizədə Allahdan dəstək diləyirik, amma əhdimizə də vəfa göstərməliyik.” Bu da insanlıq tarixinin bir başqa örnəyidir. Müharibə əxlaqının başqa nümunəsidir. Ən acınacaqlı bir anda, savaş halında belə əhdə vəfa, sözü tutmaq müsəlmanlar üçün vaz keçilməz bir əxlaq norması idi. Heç bir tarixçi belə bir hadisəni müsəlmanlardan əvvəl başqa bir yerdən gətirə bilməz. Huzeyfə bin əl-Yəmən atasıyla Bədr savaşında məhz buna görə iştirak edə bilməmişdilər. Rəsulullah onlara sözlərini tutmağı buyurmuş və savaşa qatılmamağı məsləhət görmüşdü.
Əsirlərə hörmət Müsəlmanlar qazandılar, Allah zəfəri və qələbəni müsəlmanlara bəxş etdi. Müşrik tərəfdən əsirlər qaldı müsəlmanlarda. Rəsulullah da səhabələrinə tövsiyə etdi ki; “Əsirlərlə xoş davranın!” Əbu Əziz bin Umeyr də müşrik tərəfdən düşmüş əsirlərdən idi. O, Musab bin Umeyrin qardaşı idi. Əsirlikdə gördüyü şeyləri danışır; “Məni ənsar tərəf tutmuşdu, Bədrdən sonra Mədinəyə gətirmişdilər. Nahar və şam yeməyi zamanı gələndə, öz çörəklərini mənə verirdilər, özləri isə Rəsulullahın tövsiyəsinə riayət etmək üçün, yalnız xurma yeyirdilər. Kimin də əlinə bir tikə çörək düşsə mənə uzadırdı. Mən də utanır, çəkinirdim əlimlə geri qaytarırdım, başqasına verirdim, yenə mənə geri verirdilər.” Burada Allahın müsəlmanlar haqda etdiyi vəsfi haqq olaraq qalır; “Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər.” (İnsan, 8).
Hər pisliyə də pisliklə cavab verməmək Əsirlər arasında Suheyl bin Amr da var idi. Hansı ki, Məkkənin ən qəddar söz sahiblərindən, ən güclü sözü və şeri olan şəxs idi. Peyğəmbəri və İslamı daim pisləyərdi. Bir növ Qureyşin Məkkədəki media nümayəndələrindən biri idi. Ömər bin əl-Xəttab Rəsulullaha deyir ki; “Ya Rəsulullah qoy bu Suheyl bin Amrın qabaq dişlərini və dilini çıxarım, heç bir yerdə bir daha Sənin haqqında heç nə deyə bilməsin.” Rəsulullah da cavab verdi ki; “Mən onun üzərində belə bir oyun çıxarmaram, nə olsun ki, Peyğəmbərəm, Allah da mənim başıma belə oyun gətirər.” Baxın indiyə kimi olan başqa müharibələrə. Düşmən tərəf həmişə nələr etmiş? Əsirlərin də, ölülərin də üzərində min cür oyunlar çıxarmışlar. İslam tarixi isə insanlığa ən gözəl əxlaq normalarını qoymuşdür.
Bu, böyük bir müəllimin öyrətdiyi əxlaq normalarından bir neçəsi idi. O əxlaq ki, hətta döyüşdə belə qorunmalı və riayət olunmalıdır. O böyük müəllim rəhmət peyğəmbəri idi. Savaşda olsa da, müşriki öldürmək üçün müşrikdən dəstək ummazdı, əsgərləri ilə hər şeyi paylaşar, rəylərini soruşar, doğru fikir varsa qəbul edər, ədalətli davranar, haqları tapdalamaz, düşmənləri ilə dialoqa girər, sülh yolunu axtarar, əhdə vəfa edər, söz verərsə tutar, yaxşılığı qarşılıqsız buraxmaz, əsirlərinə xoş davranar və heç kimi incitməzdi.
Hazırladı: Şahmar Kərimov / Azerislam.com Mənbə: http://www.onislam.net