“Sizi tək bir candan xəlq edən, ünsiyyət qurub sükunət tapsın deyə ondan onun zövcəsini yaradan Odur...”
Əraf, 189]
"Qadınla dörd şey üçün evlənilir; Malı, nəsli, gözəlliyi və imanı. Sən imanlı olanını seç ki, evin bərəkətli olsun.
Buxari, [460]
Qadınla kişinin evli olması imanda qardaş olmalarına əngəl deyil.
[Hikmətli sözlər]
"GÜNƏŞ HARA GETDİ, EY ƏBU ZƏR?"
[ Oxu! / 216 dəfə baxılıb ]
|
Bu yazını ona həsr edirəm. O Gül üzlüdən bu qaranlıq çağa bir nəfəslik gül əsintisi daşımaq üçün başladım yazıya. Ağlım qəlbimə dedi ki, «Bu gün sən dayan, onu mən anladacağam. Onun tövhidi ruhuna hopdurmuş varlıq təsəvvürünü mən şərh edəcəyəm!»
Əbu Zərə «bax, ey Əbu Zər!» deyib, Günəşin batışını seyr etmələrini, bunun insanlığın mübarək ustadı tərəfindən verilən bir «oxuma dərsi» olduğunu, Əbu Zərə batan Günəşin ardından «Günəş hara getdi, ey Əbu Zər?» deməsini, Əbu Zərin «Allah və Rəsulu daha yaxşı bilir» cavabından sonra, bu hər gün yaşanan fəqət bir çoxumuzun heç fərq etmədiyi, hətta sıradan bir kosmik hadisə kimi qarşıladığı hadisəni bir ayəni təfsir edər kimi izah edərək «Günəş Allaha səcdə etməyə getdi!» deməsini anladacaqdım. Əslində bununla Günəşin tabe olduğu kosmik qanunu xatırlatdığını, Günəşin «bi-şüur» bir müsəlman qardaşımız olduğunu, onun təslimiyyətdə qüsur etmədiyini, onun üçün qoyulan qanunlara riayyət etməsinin «Günəşin səcdəsi» mənasına gəldiyini anladacaqdım.
Bununla da biz müsəlmanların mənsub olduğu hərakatın coğrafiya ilə, bölgəylə, qohum-qəbilə ilə və ya bir millətlə, insan nəsliylə sərhədlənmədiyini vurğulayacaq, yerlərin və göylərin, dağların və dənizlərin, atəşin və suyun da bu hərakatın təbii bir fərdi olduğunu dilləndirəcəkdim. «İnanmırsınızsa Həzrəti Nuhdan soruşun “müsəlman” (Allahın qanununa təslim olmuş) su, qardaşının başı dərdə düşdüyü an zi-şüur qardaşı Nuha necə yardım əlini uzatdığını özü danışsın» deyəcəkdim, yenə inanmasanız, Həzrəti İbrahimdən soruşun darda qaldıqda atəş qardaşının necə ona yardım etdiyini anlatsın» deyəcəkdim.
Daha sonra isə Sevimli Nəbinin bu yanaşmasının varlığı bir «ayət» (işarə) bilib oxumaq olduğunu, oxumağı bacarana ətrafımızda oxunmasını gözləyən hədsiz işarələrin oluduğunu, dərs ala bilənə ətrafdakı hər şeyin dərs verdiyini söyləyəcəkdim. «Həyatı bir məktəbə çevirək; “lə” silgimiz olsun, “illə” qələmimiz olsun!» deyəcəkdim. «Lə ilə silib, illə ilə yazaq, “Lə ilahə” deyib təmizləyək dağıntını, “illəllah” deyib yerində yepyeni bir həyat inşa edək» deyəcəkdim.
Birdən yanlış anlayarsınız qorxusu ilə bir xəbərdarlıq da edəcəkdim: Ya Muhammədin rolunu oyna, öyrədən ol! Topla küçələrdən Əbu Zərləri, uzat əllərini çağın yetimlərinə, kimsəsizlərinə, itib-batmışlarına. Onlara həyatı oxumağı, ölümü oxumağı, baharı və yayı, qışı və payızı oxumağı, yıxılmağı və yüksəlməyi, varlığı və yoxluğu, bolluğu və darlığı, kədəri və sevinci, Günəşi və Ayı, gecəni və gündüzü, buranı və oranı oxumağı öyrət.
Ya Əbu Zərin rolunu oyna, öyrənən ol! Oxu hər bir şeyi bir işarə kimi və söylə ki, «Mən də qeydsiz-şərtsiz təslim oldum aləmlərin Rəbbinə!» Mən də Günəş kimi olacağam, yalnız quzuların deyil, yırtıcıların da üzərinə doğacağam, yalnız güllərə deyil, gicitkənlərə də öz işığımdan paylayacağam. Fəqət yarasalardan qorxmayacağam, nə qədər çox olurlarsa olsunlar, yox edə bilməyəcəklər işığımı. Mən aydınlığı təmsil edəcəyəm. Qaranlığın qara üzlü, qara vicdanlı, qara qəlbli, qara ruhlu adamları mən doğduğum zaman gündüz gələrkən gecə hara gedirsə, oraya gedəcəklər!
Hə, ağlım bütün bunları söyləmək üçün qəlbimi dilə tutmağa çalışarkən, qəlbim də ağlıma dedi ki, «Amandır, sən dayan! Bu iş sənin çəkə bilməyəcəyin qədər ağırdır. Sözün bitdiyi yerdən danışdığını unutma. Onu anlatmaq iddiası bir az şişirdilmiş bir iddiadır. Həm də ki, onu anlatmaq balı izah etməyə bənzəməzmi? Həyatında heç bal görməmiş, dadına baxmamış birinə onu necə izah edə bilərsən ki? Sən ən yaxşısı onun damağına bir barmaq bal sürt. Günlərcə danışmaqla edə bilməyəcəyini ancaq bu şəkildə edə bilərsən.» Ağlım cavab vermək üzrəykən qəlbim yenə dilə gəldi: «Bir də ki, unutma, dedi, unutma, Muhamməd məhəbbətdir. Məhəbbət isə ağıl işi deyil, ürək işidir. İnsan ağlıyla deyil, qəlbiylə sevər. Onu hiss etmədən onu anlamaq mümkündürmü? Onu sevmədən onu hiss etmək mümkündürmü?»