"Və inkarda israr edənlərə gəldikdə... Onların etdikləri səhrada görülən ilğım kimidir: Susuzluqdan yanmış olan onu su sanar, fəqət ona yaxınlaşdıqda orada (sudan) heç bir iz tapa bilməz. Lakin Allahı öz vicdanında tapar və bilər ki, Allah haqq-hesabı layiqincə çəkəndir."
[Nur, 39]
İnsanınn haqsız yerə qan tökməsinə səbəb bir işə nəfsini qarışdırmasıdır.
[Buxari, 4888]
"Allahın hər mükafatı rəhmət, hər cəzası isə ədalətdir."
İbn Teymiyyə
ADƏMİN İKİ OĞLUNUN HEKAYƏSİ
[ Ana səhifə / 245 dəfə baxılıb ]
|
Lüğətlərdə ərəbcə "çit" sözünün qarşılığı: "bağ, bağça, bostan və s. kimi yerlərin ətrafına kol, qamış, ağac budağı və buna bənzər şeylərdən çəkilən divar, çəpər, barı…" mənasına gəlir. Lap yaxşı, deyəcəksiniz ki, bunun Habil-Qabil qissəsi ilə nə əlaqəsi var? İnanın ki, var! Əsas məsələ də elə budur. Görək necə…
*** Quranda "Adəmin iki oğlu" deyilərək adları çəkilməyən qissə belədir:
"Onlara Adəmin iki oğlunun hekayəsini danış. Onların ikisi də bir qurban vermişdilər, lakin bu qurban birindən qəbul edilmiş, digərindən qəbul edilməmişdir. Biri "Səni mütləq öldürəcəyəm" deyərkən, digəri "Allah ancaq təqva sahiblərindən qəbul edər" demişdi. Sən öldürmək üçün mənə əl uzatsan belə mən səni öldürmək üçün sənə əl uzatmayacağam. Çünki mən Aləmlərin Rəbbi olan Allahdan qorxaram. Ümid edirəm ki, həm mənim, həm də öz günahlarınla yüklənib cəhənnəmə gedərsən"‐ dedi. Nəfsi onu qardaşını öldürməyə sövq etdi və beləcə itirənlərdən oldu. Allah qardaşının cəsədini necə basdıracağını göstərmək üçün isə yeri qazan bir qarğa göndərdi. Bunun üzərinə "Yazıqlar olsun mənə, bu qarğa qədər də olub qardaşımın cəsədini basdıra bilmədim"‐ deyə vicdan əzabı çəkdi…" [Maidə; 27-31].
Gördüyümüz kimi bu hekayədə ana mövzu "cinayət" hadisəsidir. Yəni "yer üzündə qan töküb fəsad çıxaracaq olanın" konkretləşdirilməsi…
Ondan sonra gələn ayədə isə, bunun bütün insanlığı öldürməyə bərabər günah olacağına diqqət çəkilərək insanlıq tarixində ən böyük cinayətin "adam öldürmək" olduğunu görürük…
Bu gün dünya həbsxanalarında günahkarların hansı cinayətə görə məhkum olduqlarına baxdığımızda, ən çox "adam öldürmək və eləcə də yaralamaq" olduğunu və bunu bütün ölkələrin cəza qanunlarında ən ağır cinayət olaraq qəbul edildiyini görürük. İkinci sırada oğurluq, qəsb, üçüncü sırada təcavüzlə bağlı olan cinayətlər gəlir. Adam öldürməyin və ya yaralamağın səbəbini araşdırdığımızda isə bunu ən çox pul, mal, mülk və s. üstündə baş verdiyinə şahid oluruq.
Deməli "Adəmin iki oğlu" sən, mən, o; hamımızıq. Geniş zaman məhfumunda götürsək bu ifadə bütün insanlığı ehtiva edir. Yaşayan qissə məntiqi çərçivəsində düşünülərsə bunu anlamaq çox asandır. Bir-birini öldürən hər iki "Adam"ın hekayəsi "Adəmin iki oğlunun" hekayəsidir... *** Qissədən: "Nə etdi?" sualına "Cinayət etdi, adam öldürdü" cavabını alırıq. Lakin "Nə üçün öldürdü? Səbəb nə idi?" sualının cavabı orada verilmir. Bunun üçün Quranın digər qissələrinə baxmaq lazımdır.
Quran qissələrinin hamısı dərin bir sistem içində "Qissələrin anası" ilə əlaqəli olduğundan, "Adəmin iki oğlunda" keçən hadisənin səbəbini "Adəm qissəsinin" içində tapırıq. Məlumdur ki, Adəm qissəsi də birbaşa səni, məni, onu; hamımızı anladır...
Qissələrin anasında "ilk günah" nə idi? Mülkiyyət ehtirası… "Vəsvəsələrin anası" nə idi? Mülk sahibi olacaqsınız [ən təkunə mələkeyn] və yıxılmayacaq bir mülkə [mulku la yəbla] qovuşacaqsınız və beləcə ölümsüzləşəcəksiniz.
Adəmin iki oğlu kimi, Quranda ad verilmədən başqalarının hekayəsi də anladılır. Məsələn: Bağça sahiblərinin qissəsi… Burada da iki adamdan söz gedir. Lakin mübahisə cinayətlə nəticələnmir. Tövratda "Habil-Qabil" adı altında anladılan qissə də, Qurandakı kimi cinayətlə nəticələnir. Tövratda Qabilin Habili "bağçasına" apardığı, mübahisənin "orada" baş verdiyi, "orada" hücum edib öldürdüyü və yenə "orada" basdırdığından danışılır. [Yaradılış; 4/1-8].
Buradan, Adəmin iki oğlu arasında bir bağça [tarla/mal/mülk] mübahisəsinin yaşandığını anlayırıq. Bu da bizi birbaşa "Bağça sahibləri" qissəsinə aparır.
Deməli Qabil bir bağça sahibidir.
"Bağça sahibi" olmaq isə, məlumdur ki, Quran dilində "mülk ehtirasını" ifadə edir. Və "vəsvəsələrin anasını" konkretləşdirər. Şeytan dörd yoldan yaxınlaşaraq insanı mülk ehtirasına bağlayır: Soldan [sərvət], sağdan [siyasət], öndən [şəhvət] və arxadan [şöhrət]… Bunların hamısı mülk ehtirasını ifadə edər və bu biz Adəmoğullarının ayağının sürüşdüyü yerlərdir. Bunların hamısında da Adəmoğlu iqtidar həzzi yaşıyar.
Deməli, Qabil qardaşı Habilə "Bu bağça mənimdir, vermərəm" dedi. Bağçasının ətrafını "çit" ilə bağlayaraq xüsusi mülkiyyəti halına gətirdi. Habil isə buna qarşı çıxaraq, burada hər kəsin, xüsusilə də yoxsulların haqqının olduğunu söylədi. Yerlərin və göylərin mülkiyyətinin Allaha aid olduğunu, torpaqdan, sudan, atəşdən, ağaclardan, meyvələrdən bütün insanların bərabər faydalanmağa haqqı olduğunu söyləyərək bunları xüsusiləşdirməməli olduğunu söylədi.
Qabil əmək sərf etmədən, Allahın bütün insanlar üçün yaratdığı torpağa və onda bitən məhsula sahib olmağa cəhd etmişdi. Əməyi olsa belə ehtiyacından çoxuna da sahib olmağa cəhd edərək torpağın ətrafını çəpərləmişdi. Cəmiyyətin [insanlığın] mülkünə sahiblənərək xüsusi "bağça" halına gətirmişdi. Beləcə mülkiyyətçilik dönəmini başlatmışdı.
Halbuki ehtiyacından çox fərdi mülk yığmaq atəş demək idi. Allahın [ən-Nas/xalq/cəmiyyət] mülkünü öz bağçası halına gətirmək, tamamən qəsb etmək, oğurluq etmək deməkdir. İnsan Allahın torpağını əkər, biçər, əvəzində də əməyinin qarşılığını götürər. Daha artığına göz dikərək, torpağa sahib olmağa cəhd etmək Quran dilində tüğyan deməkdir. Quran belə "bağça sahibləri" üçün hər zaman tüğyan və zülm anlayışını istifadə edir. Belə ki, bağça sahiblərində olduğu kimi Adəmin iki oğlu qissəsində də Qabil üçün "nəfsinə uydu" [ehtirasına məğlub oldu və "zalımlardan oldu" deyilir.
İnsan maddəyə şəkil verə bilər; maddənin sahibi ola bilməz. "Maddəyə şəkil vermək" əməkdir. Maddə [mülk] Allahındır. Onun üçün şəkil verdiyiniz şeydə Allahın [yoxsulların] haqqı vardır. Qabilin verdiyinin [qurbanının/yaxınlaşma istəyinin] qəbul edilməməsinin səbəbi də məhz bu idi. Bağçasından gətirdiyi məhsul, maddəyə şəkil verdiyi deyil; maddəyə sahibləndiyi məhsul idi. Özünün yaratmadığı, başqalarının haqqından kəsərək öz mülkiyyətinə keçirdiyi məhsul idi. Ələ keçirmə, oğurluq və qəsbdən əldə edilmiş məhsul idi. "İnsanın əməyindən başqasında haqqı yoxdur" [Nəcm; 39] qanununa zidd şəkildə əldə edilmişdi.
Deməli, "Qabilin qurbanını rədd etmək", Adəmoğlunun, hər növdən torpağa/maddəyə sahiblənməsinin və mütləq mülkiyyət iddiasının rədd edilməsidir. Əsas olan qurban [nüsuq] deyil; mülklə əlaqənin olduğunun göstərilməsidir.
Bu gün də Adəmin iki oğulundan hər hansı biri olan bizlər, Allaha qurban, namaz, həcc kimi nüsuqlarla yaxınlaşmaq istəyirik, lakin mülklə əlaqəmiz pozularsa; torpağa, maddəyə, ruziyə sahiblənməyə cəhd edər, bunlarda Allahın [yoxsulların] haqqı olduğu qanununu qəbul etməsək bu nüsuqlar bizdən də qəbul olunmaz. Əksinə Habil kimi sahiblənməz, mülkiyyət iddiasında olmaz, Allahın torpağına, suyuna, atəşinə çəpər çəkməz, hər şeyi azad, öz təbii halında buraxıb yalnız "şəkil verməmizin" yəni əməyimizin qarşılığıyla kifayətlənsək, bizdən qəbul edilər. *** İllər əvvəl bir təfsir dərsində "İlk günah nə idi?" deyə soruşduğumda klassik dindar zehinə sahib biri "Zina etmişlər" dedi. Bu halda "qadağan ağac" cinsəlliklə əlaqədar olur. Ağac və alma simvolunun hər zaman cinsiliklə əlaqədar olduğu kimi... Bu barədə Xristian teologiyasının çox təsirli olduğunu müşahidə edirik. Həmin dərsdə, yaxşı bəs o zaman "Qabil Habili nə üçün öldürmüşdü?" deyə soruşdum. Klassik dindarın "zehin dünyasının maddəsi" cinsəllik olunca cavab da eyni oldu: "Qız üzündə öldürmüşdü!"
Adəm qissəsində "Ayıb yerləri göründü, cənnət yarpaqlarıyla örtdülər" ifadəsində çılpaqlıq və cinsəllik xatırladıldığındanmı, ya nədəndirsə dindarın zehnində bu məsələ həmişə cinsəllik olaraq özünə yer tapır. Halbuki bu şeytanın vəsvəsəsinə uyaraq "mülkiyyət ehtirası içinə girdiklərini daha sonra anlayaraq utandılar və etdiklərinə bəhanə axtardılar." Bu ifadələr qissənin hamısında olduğu kimi simvolik ifadələrdir.
Ya Adəmin, ya da ki, Adəmin iki oğulunun [Habil-Qabil] qissəsində cinsəlliklə əlaqədar heç bir mesaj tapa bilmirik. Əksinə Adəm qissəsində "mülk" ifadəsi istifadə edilir: Mülk sahibi/iki məlik olacaqsınız [ən təkunə mələkeyn] və yıxılmayacaq bir mülkə [mulku la yəbla] qovuşacaqsınız ifadələri açıq-aydındı…
Deməli, əsl məsələ mülk [iqtidar və mal] ilə əlaqədardır. Cinsəllik və onun xəbərçisi olan şəhvət, iqtidar [mülk] ehtirasının bir hissəsi ola bilər. Şəhvət, şöhrət, sərvət və siyasət "yıxılmayacaq bir mülk" ehtirasının vasitəsidirlər.
Bir şeyi satın aldıqca, çoxaldıb yığdıqca duyulan həzz [sərvət], bir kresloda əmr verərkən dadılan həzz [siyasət/iqtidar], rəğbətlə qarşılaşanda duyulan həzz [şöhrət], cinsi orgazm anındakı həzz [şəhvət] ilə eynidir. Belə ki, biz cinsi problemlərdən bəhs edərkən "iqtidarsız" deyirik. Hökumətlərdən bəhs edərkən "iqtidar oldu/iqtidara gəldi" deyirik.
Bunların hamısı sahib olmaq [mülkiyyət] ehtirasının ifadələridirlər. Bu həzlər dadılarkən insan, insan olmaqdan çıxar. Özündən çıxar və hər cür səhvi edə biləcək hala gələr.
Bunlara qarşı özünü saxlaya bilmək [savm/oruç] insanı "Adəm" edər.
Deməli, Adəmin iki oğlundan ilki [Qabil] mülk ehtirasını, ikincisi də [Habil] bundan təmizlənmiş olmağı simvollaşdırır. İlkindən nüsuq [ritual] qəbul edilmir, ikincisindən qəbul edilir…
Adəmin iki oğlunun qissəsi bu günümüzün bariz nümunəsi deyilmi?