Ey insanlar! Sizi və sizdən əvvəlkiləri yaratmış Rəbbinizə ibadət edin ki, müttəqi olasınız!
[əl-Bəqərə, 21]
Qiyamət günü mizana ilk qoyulacaq şey gözəl əxlaqdır.
[Tabərani, əl-Mucəmul kəbir, 24/253]
Kamil insan, edə biləcəyini söyləyən və söylədiyini edən insandır
[Konfuçus]
QOVUŞMAQ ÜÇÜN TƏRK ET!
[ Aktual / 255 dəfə baxılıb ]
|
İbadət qulluqdur. Könüllü qulluq. Bir qulun yaradana təşəkkürü. Onu başqa yaradılmışlardan seçərək insan olaraq yaratdığı üçün, ona ağıl, idrak, vicdan verdiyi üçün Rəbbinə ödədiyi şükür borcudur.
Allah “Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım” [51:56] deyir. Deməli sənin yaradılış məqsədin yalnız ibadət etmək üçündür. Sən ancaq bunun üçün yaradılmısan. Bundan başqa hər şey yalandır. Allah səni niyə yaratdığını, səndən nə istədiyini sənə Öz Kitabında, - Qurani Kərim də, - bildirib. Sən də Allahdan nə istədiyini ona duanla, - namaz, - ibadətinlə bildirirsən. Beləcə qul və Rəbb arasında bir bağ qurulmuş olur. Qul qulluğunu icra etdikcə Allah ona yaxınlaşır, onun görən gözü, eşidən qulağı olur…
Allaha ibadət etmək qəlb işidir. Məcburi deyil. Sənə bir ağıl, iradə verilir və sən seçimini edirsən. İnsan olmağı, qulluq edib, “Əşrəfi məxluqat” olmağı seçirsənsə, Rəbbin bu seçiminə görə səni cənnətinə əbədi sakin olaraq yerləşdirir. “Sonu ölümlü dünyadır, qoy bir az kef edim, onsuz da cənnət də, cəhənnəm də bu dünyadadır” deyib “Əfsəli səfil” olmağı seçirsənsə, Rəbbim söz verdiyi kimi səni cəhənnəm atəşinə atacaq. Amma bununla hər şey bitməyəcək. Bunula hər şey başlayacaq. Orada ölüm yoxdur, əbədi yanmaq var. Orada peşimançılıq bir fayda verməyəcək.
Rəbbin, “qulum, namaz qıl!” demişdi. Sən qılmadın. Gün gələcək cənazə namazını qılacaqlar. Rəbbin, “təqva libasına bürün, örtünmək əxlaqdandır” demişdi. Sən örtünmədin. Gün gələcək kəfənlə bütün bədənini örtəcəklər. Rəbbin, “Quran oxu, o, sənin həyat kitabındır” demişdi. Sən oxumadın. Gün gələcək qohumların, dostların, tanışların sənin üçün Quran [Yasin!] oxuyacaqlar. Sənin könüllü qaçdığın bütün ibadətlər səndən sonra sənin üçün ediləcək. Amma bütün bunların sənə faydası olmayacaq. Bütün bunlar etmədiyin ibadətlərə əvəz olmayacaq. Sən etdiklərindən məsuliyyətlisən. Səni axirətdəki dünyana əməllərin aparacaq. Səni cənnətə Rəbbimin lütfü, cəhənnəmə Rəbbimin sevgisizliyi aparacaq. “O, səninlə danışmayacaq, səni təmizləməyəcək, səni sevməyəcək…”
Əslində sən ölümə hazır deyilsən. Ona görə də ölməkdən qorxursan. Ölümü heç düşünmürsən. Amma bununla belə sən yenə də öləcəksən. Hər kəs kimi… Çünki “hər canlı ölümü dadacaq...” [29; 57] “Ürəyin hər döyüntüsü ölümə doğru atılan bir addımdır.”
Allahı sevənlər ölümü aşiqlərin toy gününü gözlədikləri kimi həyəcanla, eşqlə gözləyirlər. Ölümü ayrılıq deyil, vüsal olaraq dərk edir, Ən Böyük Aşiqə qovuşmaq üçün dünyanı və dünyadakıları tərk edirlər…