"Hər bir kəs ölümü dadacaqdır. Lakin Qiyamət günü mükafatlarınız sizə tam veriləcəkdir. Kim Oddan uzaqlaşdırılıb, Cənnətə daxil edilərsə, o uğur qazanmış olar. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir."
Al-i Imran, 185
Əbu Hureyra rəvayət edir ki, bir dəfə Peyğəmbər (s.a.s.) cümə gününü yada salıb dedi: "Bu gündə elə bir saat var ki, müsəlman olan hər kim (həmin vaxt) namaz qılıb Uca Allahdan bir şey istəsə, Allah ona istədiyini mütləq verər." Sonra o, əli ilə işarə edib həmin vaxtın olduqca az olduğunu göstərdi.
əl-Buxari, 935
Ölümlə həyat arasındakı məsafə sadəcə bir nəfəsdir.
"ANCAQ SAĞLAM BİR QƏLBLƏ..."
[ Ana səhifə / 1080 dəfə baxılıb ]
Onların dirildiləcəyi gün məni rüsvay etmə! O gün ki, nə var-dövlət, nə də oğul-uşaq bir fayda verməyəcək. Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələnlərdən başqa!” Allah-Təala əş-Şüəra surəsində İbrahimin (əleyhissalam) dilindən, Onun duasını bizlərə çatdıraraq həm də Qiyamət günü qurtulanların əsas vəsfini bizə bildirir. Həmin gün - hesab günü Allahın hüzuruna gələnlərdən yalnız kimlər nicat tapa bilərlər?! Ürək... Bir parça ət - insanın daxili orqanlarından biri, niyə bu qədər əhəmiyyətli olsun ki?! Niyə Peyğəmbər (s.a.s) buyurub ki; “İnsanın bədənində bir parça ət var, əgər o saleh olsa, bütün bədəni sağlam edər, əgər o, xarab olsa, bütün bədəni xarab edər (fəsada aparar).” Qəlb bizim aynamızdır, bizim əslimizdir, iç və həqiqət üzümüzdür, zahiri şəklimizlə uyğunlaşmaya da bilər və təəssüf çox zaman elə belə də olur. Qəlbimiz bizim ruhumuz, bizim mənəviyyatımızdır. Qəlblərimiz hər gün, hər zaman, hər an, səhər-axşam imtahan edilir, yoxlanılır. Biz bu imtahandan qafil olmuşuqmu?! Bəzən elə bir səhv və ya xəta ola bilər ki, o qəlbin həyatına son qoyar, bütün əməllərini puç edər. Bir anlığa da elə bir xeyir əməl olar ki, o qəlbin həyatını 180 dərəcə çevirib tam və həmişəlik xeyrə yönəldər. “...Allah sizin kökslərinizdə (ürəklərinizdə) olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün (belə etdi). Allah kökslərdə olanları bilir.” (əl-İmran, 154). Deməli, Rəbbimiz qəlblərimizi sınayır, içində olanların əslini üzə çıxarmaq istəyir. Allahın sınaq və imtahanlarından keçənlər də olur. Bu cür imtahanlardan keçə bilənləri Allah-Təala elə Qurani Kərimdə belə vəsf etmişdir; “...Allah onların qəlbini təqva üçün sınağa çəkmişdir. Onları bağışlanma və böyük mükafat gözləyir!” (əl-Hucurat, 3). Bəs görəsən bizlər nə haldayıq, hansı vəziyyətdəyik?! Bilmədən, xəbərimiz olmadan neçə-neçə imtahanlardan kəsilmişik, keçə bilməmişik?!
Bir daha başda qeyd etdiyimiz ayənin məzmununa qayıdaq, sağlam qəlbi bir daha araşdıraq. Sağlam qəlbdə bəzi illətlər, bəzi xəstəliklər ola bilər. Ən əsası odur ki, o xəstəliklər həmin qəlbi tam olaraq məhv etməsin. Çünki məhv olmuş qəlb daha heç bir şeyi hiss etmir, ən əsas xüsusiyyətləri belə itirir və təmamilə ümid kəsilir. Qəbin sağlamlığına ümid yeri qoyan əsas xüsusiyyətlərin bəziləri aşağıdakılardır; - O qəlb ki, daim sahibini Allaha tövbə etməyə çağırır, onu içdən tərpədir, tövbə etməyə ehtiyac duyduğunu ona hiss etdirir. - Rəbbini xatırlamaqdan, anmaqdan və zikr etməkdən bezmir, ibadət etməkdən əl çəkmir. - Əgər xeyir bir işi fövtə veribsə, yetişməyibsə, ona çox üzülür, kədərlənir. Hətta malını pulunu itirsə, bu qədər kədərlənməyəcəkmiş kimi. - Yemək-içməkdən çox ibadətdə hiss edər. - Namaza başlayanda fikir-düşüncələrindən və qəm-qüssəsindən rahatlar. - Bir iş gördükdə işin özünə deyil düzgünlüyünə daha çox önəm verər.
Amma qəlblərdə xəstəlik əlamətləri də vardır ki, o əlamətlər tapılsa qəlbi bədbəxtçiliyə və məhvə aparar, yaşamağına ümid kəsilər. - O qəlb ki, törətdiyi günahların yarasından və peşmançılığından ağrı-acı çəkməz. - Hər günah etdiyində heç tövbə etmək haqqında düşünməz. - Etdiyi günahdan sonra rahatlıq və ləzzət duyğusu keçirər. - Alçağı yüksəkdən üstün tutar, böyük işlərdənsə səfeh işləri önəmli sayar. - Haqqı, həqiqəti xoşlamaz, halı daralar, darıxar. - Həmçinin saleh kəslərlə bir arada olanda darıxar, yadlıq hiss edər, günahkarla bir yerdə oturanda isə içi açılar. - Mübahisə etməyi sevər və hər cür şübhəni qəbul edər, təsirlənər. - Allahdan başqalarından qorxar. - Haqq ədalət bilməz, pislikdən çəkindirməz, ona bir söz ya məsləhət batmaz.
Bu əlamətlərdən bir neçəsi və ya hər hansı qəlbdə müşahidə olunarsa artıq qəlbi ağır xəstəliyə düşürə bilər. Qəlbin xəstəliyə aparan əlamətlərindən başqa, qəlb xəstəlikləri də vardır. Əlamətlərdən vaxtında müalicə olunmazsa, sonradan baş verən xəstəlikdən qurtulmaq heç də asan olmur və hətta qeyri mümkündür demək də olar. Qəlb xəstəliklərindən bir neçə misal gətirək; - Nifaq, ikiüzlülük və riya. - Şəkk-şübhə və daimi zənnlər. - Həsəd, paxıllıq və qısqanclıq. - Təkəbbür, özündən razılıq və başqalarına yuxarıdan aşağı baxmaq. - Kin, nifrət və hikkə. - Allahın rəhmətindən məyus və ümidsiz olmaq. - Nəfsin havasıyla yaşamaq, Allahdan qeyrisinə daha çox məhəbbət bəsləmək. - Eynilə Allahdan qeyrisindən daha çox çəkinmək və qorxmaq. - Qəlbin daş olması. - Vəfazılıq və xəyanət. - Yalançılıq, aldatmaq, qeybət və söz gözdirənlik. - Dünyaya tam bağlanmaq və yalnız dünyadan ummaq. - İnsanlar haqqında daim pis və mənfi düşüncələr. - Başqalarına əhəmiyyət verməmək, saymamaq və onları hiss etməmək.
Qəlbi müalicə etmək, onu xəstəlik və viruslardan qorumaq üçün onu daim yeniləmək, işlətmək, məşğuliyyət vermək lazımdır. Bunun bir çox vasitələri var, ən əsasları isə aşağıdakılardır və yalnız o zaman qəlbdəki xəstəliklərə qarşı immunitetimizi möhkəmlədə bilərik; - Qəlbdə Allah sevgisi, Allaha məhəbbət daha böyük yer tutmalıdır. - Quranı araşdıraraq, düşünərək, təfəkkür edib mənalarını dərk etməyə çalışaraq oxumaq. - Əlavə ibadət, itaət və nafilələrlə Allaha yaxınlaşmağa çalışmaq. - Namazda bacardıqca huşu və itaətkarlıq hissi keçirmək. - Niyyəti daim təzələmək, ixlası hər an yoxlamaq. - Allah və Rəsulunun əmrinə uyğun etiqad və əməl etmək. - Nəfsi həmişə hesaba çəkmək və Allahın daim nəzarəti olduğunu xatırlamaq. - Elmlənmək, bilgilənmək, əxlaqlanmaq və ədəb, əxlaq, mədəniyyət qazanmaq. - Gecələri qalxıb Allahın qarşısında boynu bükük durmaq, Ona əyilmək, namaz qılmaq. - Həmişə, hər zaman və hər an Allahı çağırmaq, Ondan istəmək, Ona yönəlmək, Onun hüzurunda əzilmək, sınmaq, qırılmaq. - Çoxlu sədəqə vermək, əl tutmaq, yardım etmək, yemək-içmək və geyimdə təmizliyə fikir vermək. - Bəzən qəbrstanlığa getmək, qəbrlərə baxıb sonumuzu düşünmək. - Gözü həmişə günahlara baxmaqdan çəkindirmək. - Şükür etmək və qənaət içində olmaq. - Mülayim olmaq, insanlarla xoş rəftar etmək, yaxşı və düzgün insanlarla yaxınlıq qurmaq.
Allah-Təala qəlblərimizi sabit etsin, ağır sınaqlardan keçirərək bizi rüsvay etməsin!
Hazırladı: Şahmar Kərimov / Azerislam.com Mənbə : islamonline.com