Geri Davamı
www.azerislam.com
Elm məclislərindən faydalanmağın yolları
Müxtəlif elmlərə, xüsusilə də elmlərin ən alisi olan Islam elminə yiyələnməyi qarşısına məqsəd qoyan bacı və qardaşlarımın qarşılaşacaqları ehtimal olunan müxtəlif maneə və çətinliklərə toxundum. Qeyd etməliyəm ki, bu çətinliklərlə mübarizənin daha səmərəli olması üçün elm məclislərində müntəzəm olaraq iştirak etmək və bu məclislərdən faydalanmağın yollarını bilmək lazımdır.
Bu gün cəmiyyətin həyatında elmin rolunun durmadan artması başlıca olaraq elmi-texniki tərəqqi, inkişaf etmiş ölkələrlə əlaqələrin genişlənməsi, insanın maddi təlabatının ödənilməsi üçün yeni texnalogiyaların yaradılması ilə bağlıdır. Azad bazar münasibətlərinin yaranması, rəqabətin güclənməsi, bacardıqca az işçi qüvvəsinin köməyi ilə daha çox məhsul əldə edilməsinə olan meylin artması təbii olaraq yüksək elmi kadr potensialının hazırlanmasını tələb edir. Bütün bu sadalanan amillərin fonunda elmin inkişafının qarşısı alınmazdır. Deməli şərait bizdən də bir fərd olaraq elmi cəhətdən inkişaf etməyi tələb edir. Belə olan halda fərqi yoxdur hansı sahə olursa-olsun həmin sahəni mükəmməl bilməyimiz lazımdır. Bu cür elmi inkişaf atmosferində "qoy desinlər ki, filankəsin oğlu filan məktəbdə oxuyur", və ya "qızımın cehizi üstünə bir ali məktəb diplomu da qoydum" kimi primitiv düşüncə tərzinə malik insanların övladlarının nəyin bahasına olursa olsun mütləq ali məktəbdə oxutmasına can atması da mənasız görünəcəkdir. Çünki mərkəzi dövlət iqtisadi idarəçiliyinin xüsusi mülkiyyətçilərə verilməsi, orta təbəqənin formalaşdırılması, daha çox gəlir götürməyə meylin artacağı şəraitdə savadsız, bacarıqsız lakin diplomlu kadr heç kəsə lazım olmayacaqdır. Belə olan təqdirdə təbii ki, elm ocaqlarına sözün həqiqi mənasında elm almağa gedənlərin sayı artacaqdır. Odur ki, gələcəyini düşünən və vaxtının qədrini bilən kəs ləngimədən elm məclislərindən möhkəm yapışmalıdır. Mən elm dedikdə həm dünyəvi, həm də dini elmləri nəzərdə tuturam. Çünki dini elmlərdən uzaq olan şəxs əldə etdiyi dünyəvi biliklərlə (əgər əldə edibsə) yalnız maddi tələbatını ödəyəcək, dünyası üçün çox işlər görsə də axirəti üçün heç bir hazırlıq görməyəcəkdir. Dini biliklər həm də bir stimul rolu oynayır. Din mənəviyyatdır. Mənəviyyatı zəngin, iradəsi güclü olan insan cəmiyyət üçün, vətəni və ailəsi üçün daha əzmlə çalışır və yüksək nailiyyətlər əldə edir. Elə isə vaxtı itirmədən elm məclislərinə tələsin. Allahın iradəsindən kənarda baş verə biləcək heç bir hadisə olmadığı üçün cəmiyyətin inkişafı və bu inkişafla bağlı qanunauyğynluqların həqiqi mahiyyətini anlamaq üçün dini bilgilər əvəzsizdir. Dahi Nizaminin oğlum Məhəmmədə nəsihət başlığı altında yazdığı beytlərə diqqətinizi yönəltməklə fikrimi əsaslandırardım:
Bilik kəsb etməklə dünyanı qazan.
Əsmanı oxu ki, məna alasan.
Qaç o sözlərdən ki, mənası boşdur,
Ilahi elmlər öyrənmək xoşdur. (Nizami Gəncəvinin "Xosrov və Şirin" əsəri, səh.348.)
Nizamiyə məxsus bu əvəzsiz sətirlərdə çoxlu hikmətlər vardır. Əvvəlcə biliyin rolunu yüksək qiymətləndirən ədib oğluna dünyanı dərk etmək, gündəlik yaşayışında qarşılaşdığın hadisələrin, təbiətdə baş verənlərin mahiyyətini anlamaq üçün əsmanı-yəni Allahın ad və sifətlərini öyrənməyini məsləhət görür. Təbii ki, Nizami bu məsələdə xəta etməyin nə dərəcədə təhlükəli olmasının fərqindəydi. Sonda ilahi elmlərin rolunu qiymətləndirməklə şair əslində özünün ilham mənbəyinin sirlərini açmış olur.
Mən Nizaminin bu fikirləri ilə tamamilə razıyam. Əlbəttə ki, yaradılışın həqiqi mahiyyətini yalnız dini bilgilərlə yəni, Qurani Kərim və Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsini öyrənməklə dərk etmək olar. Hesab edirəm ki, cəmiyyətin inkişaf qanunlarını Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - verdiyi bilgilər əsasında öyrənsək bu məsələdə səhv etmək ehtimalını da sıfra endirmiş olarıq. Bu işin də rahat yolu məhz elm məclislərində iştirak etmək və faydalanmaqdır. Bunun üçün hər bir insan özündə bir neçə xüsusiyyətləri birləşdirməlidir ki, bunlar da əsasən aşağıdakılardır.
- Ixlaslı (səmimi) olmaq;
Elm məclisindən səmərəli isdifadə etmək üçün ilk öncə elmə Allahın rizasını qazanmaq, xeyirxah işlər görmək üçün yiyələnmək lazımdır. Bütün bu gördüyün işlərin əvəzini yalnız Allahdan istəmək də başlıca amillərdəndir. Təəssüflər olsun ki, bir çox "elm öyrənmək istəyənlər" belə məclislərə tamam başqa məqsədlər üçün gedirlər. Bu cür insanlar bilməlidirlər ki, onlar istədiklərinə bu dünyada hətta çata bilsələr belə qiyamət günü bu "nailiyyətlərin" heç bir faydası olmayacaq. Uca Allah buyurur:
"[O gün] bir çox üzlər zəlil görkəm alacaq. Zəhmət çəkib yorulacaq. Yanar oda girəcəkdir. Və onlara qaynar bulaqdan [su] içirdiləcəkdir". ("əl-Ğaşiyə" surəsi, 2-5.)
Ibn Abbas (r.a.) və Qatadə bu ayəni izah edib demişlər: "Onlar çox əməllər etmiş və üzülüb əldən düşmüşlər, lakin nəticə də (bu əməllər Allah xatirinə olmadığından) qiyamət günü yanar oda düçar olacaqlar". (Ibn Kəsirin təfsiri, 4/648.)
- Elm məclislərində davamiyyətli iştirak etmək;
Tarixə nəzər salsaq görərik ki, müsəlman sözü daim elmlə yanaşı işlənib. Müsəlman elmsiz təsəvvür edilməzdir. Lakin acınacaqlı haldır ki, yabançı davranış və hadisələrin təsiri nəticəsində müsəlmanlar tədricən elmdən uzaqlaşmışlar. Əgər yeddinci əsrdə bu qövmə (müsəlmanlara) bildirilən elm yer kürəsinin sükunətdə deyil məhz hərəkətdə olduğunu nəzərə çatdırıbsa, bunun əksinə olaraq çox-çox əsrlər sonra bu fikrə düşən yabançı qövm alimləri tonqallarda yandırılırdı. Bəs necə ola bilər ki, bu gün alimə daim hörmət qoyan bir qövm, haqq sözü dediyi üçün alimi tonqalda yandıran qövmdən geri qalır? Necə ola bilər ki, bir zamanlar bütün dünyaya elm ixrac edən müsəlmanlar bu gün bir çox hallarda eyni adlı neməti idxal etmək məcburiyyətində qalır? Bütün bunlar bizim əbədi deyil müvəqqəti hisslərin dalınca qaçmağımız, dünyanın aldadıcı həzzinə uymağımız və ən başlıcası isə islamın bizdən tələb etdiklərindən uzaq düşməyimizə görədir. Islamın düşünən beyinləri bilərəkdən və ya bilməyərəkdən çox zaman faydasız sahələrə - keçmişdə baş verən ixtilafları araşdırıb, nəticə çıxarmaq üçün yox, aralarında olan birliyi pozmaq üçün yönəldilibdir. Əslində elə bu ixtilafların mütəmadi olaraq qabardılması müsəlmanları daim parçalanmış vəziyyətdə saxlamış və müsəlman ümmətini elm öyrənməkdən çox bu məsələlərdə kimin günahgar olmasının araşdırılmasına yönəltmişdir. Bu ixtilaflarda haqlı-günahgar axtaranlar bilməlidirlər ki, biz geriyə deyil irəliyə addımlayırıq. Bizi qarşılayan gələcək bizdən elmli olmağı, yüksək mədəniyyətə və əxlaqa malik olmağı tələb edir. Keçmişdəkilərə gəlincə isə arxayın olun ki, siz onlar barəsində soruşulmayacaqsınız. Necə ki, keçmiş qövmə münasibətdə Uca Allah buyurur:
"Onlar bir camaat idilər ki, keçib getdilər. Onların kəsb etdikləri [qazandıqları əməllər] özlərinə, sizin kəsb etdiyiniz isə sizə aiddir. Onların əməlləri barəsində sizdən sorğu-sual olunmaz". ("əl-Bəqərə" surəsi, 134-cü və 141-ci ayələr.)
Islam tarixində şanlı səhifələrin sayı həddən artıq çoxdur. Lakin bununla belə bu tarixdə hər bir müsəlmanın ürəyini ağrıdacaq hadisələr və çəkişmələr də olmuşdur. Lakin heç vaxt düşünməyin ki, bir-birinə qılınc qaldıran qardaşlar arasında əqidə ayrılığı olmuşdur. Onlarda əqidə ayrılığı heç zaman olmayıb. Çəkişmələrin əsas səbəbi isə vahid amala, ali məqsədə çatmaqda hər bir döyüşən tərəfin öz mövqeyi olmasında idi. Yəni problem dini-ideoloji ayrıseçkilik deyil, məhz siyasi xarakter daşıyıb. Bu onların Allah tərəfindən müəyyən etdiyi taleləri idi. Bizim qarşımızda duran vəzifə isə onların buraxdıqları səhvləri buraxıb ixtilafa düşməmək, dinimizin mənafeyi, millətimizin gələcəyi naminə elmin bütün sahələrində elə nailiyyətlər əldə etməkdir ki, bu, xalqımızı irəliyə apararaq tərəqqiyə qovuşdursun. Bu həm dinimizin tələbidir, həm də bu günün reallığıdır. Elmdə nəaliyyətlər əldə etmək üçün isə elm məclislərində davamlı iştirak etmək lazımdır. Hər bir insan dərslərdə davamiyyətli, müntəzəm olaraq iştirak edirsə Allah onun bərəkətini artırır, işlərini yüngülləşdirir və ona elmi mənimsəməyə kömək edir. Cəmiyyətdə maarifçilik işləri artdıqca cəhalətə artıq yer qalmır. Elə isə gəlin bu gözəl nemətdən özümüzü məhrum etməyək. Heç kəs zənn etməsin ki, elm irsən keçən bir nemətdir. Xeyr! Atası alim olanın övladının da bir gün mütləq alim olacağını düşünmək ən azı sadəlövhlük olardı. Elmə yalnız səy göstərməklə nail olmaq olar. Bu məsələyə toxunan Malik ibn Ənəs demişdir: "Elmi miras etməyən Allaha həmd olsun!" ("Məalimu fi tariqi taləbi-l-elm" səh:56.) Hər bir insan bu yolda var gücünü ortaya qoymalı, nəfsini xeyirxah işlərə yönəltməli və şər işlərdən çəkindirməlidir. Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, "Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: Elmə öyrənməklə, həlim olmağa isə mülayimliklə yiyələnmək olar. Xeyrə nail olmaq üçün səy göstərən onu əldə edər, şərə düşməmək üçün səy göstərən də ondan qorunar." ("Silsilətu-l-əhadisi-sahihə" 342, "Səhihu-l-cami" 2328. [Hədis həsəndir]) Zəhəbi rəvayət edir ki, "Ənəs ibn Malik (r.a.) məsciddə səhər-axşam dərs deyirdi. Onun tələbələri (Tabiinlər.) iki qismə bölünmüşdülər. Bir qismi səhər, digər qismi isə axşam bu dərslərdə iştirak edirdi. Qatadə ibn Dəamətə-s-Sədusi də Ənəsin (r.a.) tələbələrindən idi. O, kor idi, lakin buna baxmayaraq dərslərin hər ikisində (səhər və axşam) iştirak edirdi. Bir gün Ənəs ibn Malik (r.a.) axşamkı dərsə gecikdi və Qatadə səhər Ənəs ibn Malikdən (r.a.) eşitdiklərini əvvəldən axıra qədər onlara danışdı. O danışarkən Ənəs (r.a.) kənarda sakit durub ona tamaşa edirdi. Onun belə gözəl başa düşmə qabiliyyətinə və güclü hafizəyə malik olduğunu görən Ənəs (r.a.) ona yaxınlaşıb dedi: "Artıq sən mənim elmimə yiyələndin!" ("Siyəru aləmu-n-nubələ", 6/362.)
- Elm məclisinə vaxtında gəlmək;
Ümumiyyətlə hər bir müsəlman çalışmalıdır ki, xeyirxah işlər görməkdə birincilərdən olsun. Uca Allah buyurur:
"Yaxşı işlər görməkdə bir-birinizi ötməyə çalışın!" ("əl-Bəqərə" surəsi, 148.)
"Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə (başqalarından) öndə gedərlər." ("əl-Muminun" surəsi, 61.)
Yeri gəlmişkən nəzərinizə satdırım ki, həftəlik elm məclisi sayıla bilən Cümə namazı və onun xütbəsinə tələsmək lazımdır. Çünki Uca Allah Qurani Kərimdə belə buyurub:
"Ey iman gətirənlər! Cümə günü namaza çağırıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir! Namaz qılınıb qurtardıqdan sonra yer üzünə dağılıb Allahın kərəmindən ruzi diləyin! (yenə öz işinizə qayıdın!) Və Allahı çox zikr edin ki, bəlkə nicat tapıb səadətə qovuşasınız!" ("əl-Cumuə" surəsi, 9-10.)
Həmçinin qeyd etməliyəm ki, Cümə namazının özü bir elm məclisidir. Çünki, cümə günü məscidin imamı ötən həftə ərzində hazırladığı xütbə vasitəsilə müsəlmanlar qarşısında nitq söyləyir. Imamın hazırladığı bu çıxışa bir dərs kimi də baxılmalıdır. Hər dərs yeni bir mövzu ilə bağlı olduğu üçün hər bir müsəlman da, bu bilgilərdən faydalanmadan özünü məhrum etməməli, qüsl edib, təmiz və təzə paltarlarından geyinib bu məclisdə iştirak etməlidir. Cümə namazına Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - buyurduğu kimi hazırlaşıb iştirak etmək hər bir müsəlmana çox böyük savab qazandırır. Təsəvvür edin ki, cümə namazına getmək niyyəti ilə evdən çıxıb məscidə gedən müsəlman atacağı hər addıma görə savab qazanır. Bundan başqa Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında (Bu əlavəni müəllif imam Malikin "Muvatta" əsərindən götürüb.) məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş (Sədəqə vermiş.) kimidir. Imam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər". (Buxarinin "Səhih" əsəri 881; Muslimin "Səhih" əsəri 1961.)
Bu hədis Islam dininin elmə, öyrənməyə necə diqqət yetirdiyinə, Islam Peyğəmbərinin - səllallahu aleyhi və səlləm - elmə həvəsləndirməyinə bir dəlildir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - isə özündən heç nə uydurmamışdır. Onun dedikləri də vəhydir. Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - itaətin vacibliyinə toxunan Uca Allah belə buyurur:
"O, kefi istəyəni (havadan) danışmır. Bu ancaq (Allahın dərgahından) nazil olan bir vəhydir". ("ən-Nəcm" surəsi, 3-4.)
Odur ki:
"Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun! Həqiqətən, Allahın cəzası çox şiddətlidir". ("əl-Həşr" surəsi 7.)
Dinimiz elm məclisinə gecikməyi yaxşı hal kimi qəbul etmir. Əgər hər hansısa bir məclisdən insan özü üçün, ailəsi, dini, milləti, vətəni üçün faydalı ola biləcək nə isə öyrənəcəksə o bu məclisə bacardıqca tez təşrif buyurmalıdır. Fər'ani rəvayət edir ki: "Biz Abdu-s-Saməd ibnul-Fadldan hədis öyrənirdik. Bir gün dərs əsnasında qapı döyüldü və Abdu-s-Saməd bizdən birimizə dedi: "Dur bax gör kimdi! Əgər kəlam (Hər şeyi (xüsusəndə qeyb aləmində olanları) ağıl ilə ölçən cahil.) əhlindəndirsə qapını aç, yox hədis əhlindəndirsə qapını açma!" Biz: "Məgər hədis əhlindən olan, bu dərsdə iştirak etməyə daha çox layiq deyilmi?" deyə soruşduq. O dedi: "Xeyr! Kəlam əhlindən olan, bu dərsdə iştirak etməyə daha çox layiqir. Çünki, dərsə vaxtında gəlmək hədis əhlindən olanların üzərinə düşən haqdır. Kəlam əhlindən olanlar isə əksinə cahildirlər və üzrlü hesab olunurlar". ("ər-Rihlətu fi taləbi-l-hədis" səh:196.)
Odur ki, müsəlman bacı və qardaşlarım, sizi dünya və axirətdə nicat tapmaq üçün elm məclislərində iştirak etməyə çağırıram.
- Buraxılmış dərsləri əldə etmək;
Allahın müsəlman adını daşımağa layiq bildiyi bəndəsi, öyrəndiyi elmin məsuliyyətini də düzgün anlayır. Həqiqətən də elm öyrənmək çox böyük məsuliyyətdir. Təəssüflər olsun ki, bir çox insanlar buna səhlənkar yanaşır, elmi tam qavramaq üçün səy göstərmir. Yəni elmə yiyələnməyə çalışan şəxs bu və ya digər səbəb üzündən dərsdə iştirak edə bilməyibsə o bu dərsi mütləq əldə edib öyrənməlidir. Əslində mən belə bir tövsiyə ilə çıxış etməklə özümdən yeni bir şey kəşf etmirəm. Bu bizə peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - qalan mirasın (sünnənin) tərkib hissəsidir. O miras ki, onun - səllallahu aleyhi və səlləm - sələfləri bunu sonra gələn nəslə ötürməyə borcludurlar.
- Əldə edilən faydaları kitaba və s. qeyd etmək;
Əziz müsəlman qardaşım, bu qeyd olunan məsələdə də tənbəllik etməməyi sənə tövsiyə edirəm. Elm öyrənən hər bir kəs bu faydaları qeyd etdikdə oxuduqlarının hamısına yenidən qayıtmağa ehtiyac qalmır və hər hansı bir fakta, mənbəyə, dəlilə ehtiyac olduqda o bir dəfə oxuyub yazdığı qeydlərinə müraciət etməklə kifayətlənir. Qeydlərə mütəmadi olraq müraciət etmək isə mütləq lazımdır. Bu qeydlərin olduğu kitabı oxuduqda vaxtının xeyli bir hissəsinə qənaət edən qardaşım bu vaxtı digər bir səmərəli işə yönəltmək imkanını da qazanır. Unutmaq olmaz ki, bizə verilən vaxt çox məhduddur. Onun müddəti heç kəsə məlum olmadığı üçün vaxt itirməyə dəyməz. Dünya və axirətimiz üçün bacardıqca daha çox tədarük görməliyik. Bu tədarük elmə əsaslanarsa daha faydalı olar. Çünki elmsiz görülən işlə, bilib gördüyünüz iş eyni ola bilməz. Bu barədə Uca Allah belə buyurur:
"De ki: "Heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?". ("əz-Zumər" surəsi, 9.)
Bu məsələyə toxunduqda çox hörmət etdiyim müsəlman qardaşımın daim söylədiyi bir fikri də qeyd etmək istərdim: O, həmişə deyir ki; "Islam elmi sahili çox-çox uzaqlarda yerləşən bir dəryaya bənzər ki, sənin ömrün o sahilə üzüb çatmaq üçün kifayət deyildir. Bacardıqca elmi öyrənməyə tələs və bu işdə digərlərini ötməyə çalış".
- Elm məclislərində susmaq və başqa işlə məşğul olmamaq;
Elm məclislərində diqqətli olmaq da müsəlman əxlaqının tərkib hissəsidir. Xüsusən də Quran ayələri oxunduğu zaman onu dinləmək və susmaq olduqca vacibdir. Bu barədə Uca Allah belə buyurur:
"Quran oxunan zaman onu dinləyin və susun ki, bəlkə, [onun sayəsində] rəhm olunasınız! " ("əl-Ə'raf" surəsi, 204.)
Keçmiş sələflərimizin həyatına nəzər salsaq bu məsələyə necə ciddi riayət olunduğuna bir daha şahid olarıq. Məsələn, Əhməd ibn Sinan rəvayət edir ki: "Abdurrəhman ibn Məhdinin məclisində heç kəs danışmaz, qələm yonmaz, ayağa qalxıb dərsə mane olmaz və sanki namaz qıldıqları vəziyyətdə olardılar" ("Təzkiratu-l-huffaz" 1/331.)
Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələri onun yanında olduqda səslərini Allahın elçisinin - səllallahu aleyhi və səlləm - səsindən artıq qaldırmağa belə utanardılar. Bu gün çox təəssüflər olsun ki, bir çox şagirdlər və tələbələr bu məsələyə həddindən artıq məsuliyyətsiz yanaşır və özündən yaşlı müəllimlərə qarşı kobud hərəkətlərə belə yol verirlər.
- Elm məclislərindən mümkün olan qədər istifadə etmək;
Elm öyrənən şəxs vaxtının qədrini bilməli və onu səmərəsiz keçirməməlidir. O, Allahın insanlara bəxş etdiyi bu nemətindən lazımı qədər faydalı istifadə etməlidir. Artıq bu risalədə yuxarıda qeyd olunan məsələlərə bir neçə dəfə toxunmuşam. Bu da onunla bağlıdır ki, çoxları bu neməti itirdikdən sonra bir daha onu əldə edə bilməyəcəklərinin fərqində deyillər. Bir çoxları bunu, yalnız qocaldıqdan sonra dərk etsə də, itirilən vaxtı geri qaytara bilməyəcəklərini anlayıb, vaxtlarını səmərəsiz keçirdiklərinə görə peşman olurlar. Sonrakı peşmanlıq da, təbii olaraq fayda vermir. Hər bir işi vaxtında yerinə yetirmək hikmətdəndir. Islam alimi ən-Nəvəvi gün ərzində on iki elm məclisində iştirak edirdi. O rəvayət edir ki, "Mən dərs əsnasında olan bütün şərh və qeydləri, bəzi kəlmələrin düzgün oxunuşunu və izahını özümdə qeyd edirdim. Uca Allah da mənim vaxtımı bərəkətli etmişdir." ("Təzkiratu-l-huffaz" 4/1470.)
Qardaşlarıma bir məsələni də unutmamağı məsləhət görürəm: Bilin ki, elm məclisində iştirak edib faydalananla, bu mühazirəni başqalarından alıb oxuyanın və ya kasetdən dinləyənin savabı eyni dərəcədə deyildir. Çünki elm məclisində iştirak edənlərin üzərinə sükunət nazil olur, onları Allahın rəhməti bürüyür, mələklər də o məclisi əhatə edir və Uca Allah onları öz dərgahında yad edir. Uca Allah belə buyurur:
"Məni xatırlayın ki, Mən də sizi yada salım!" ("əl-Bəqərə" surəsi, 152.)
Əbu Hureyrənin (r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: "…Həqiqətən Allahın evlərindən birində yığışıb Onun kitabını oxuyan və onu müzakirə edən qövmün üzərinə sükunət nazil olar, onları rəhmət bürüyər, mələklər o məclisi əhatə edər və Uca Allah onları Öz dərgahında yad edər…" (Muslimin "Səhih" əsəri 6793.)
- Ümidsizliyə qapılmamaq;
Həqiqətən də elmə nail olmaq asan iş deyil. Lakin hər kəs bilməlidir ki, hər bir dərdin dərmanı olduğu kimi bu məsələnin də, həlli mövcuddur. Bu çətinliklərin öhdəsindən yalnız Uca Allaha ümid bəsləməklə, öyrənilən elmi səbr və təmkinlə təkrar etməklə, başa düşülməsi çətin olan məsələlərin izahını bilənlərdən soruşmaqla və öyüd nəsihət almaqla gəlmək mümkündür. Uca Allah buyurur:
"Rəbbiniz buyurdu: "Mənə dua edin, Mən də sizin dualarınızı qəbul edim!"" ("əl-Ğafir" surəsi, 60.)
"Əgər bilmirsinizsə, zikr əhlindən soruşun!" ("Ən-Nəhl" surəsi, 43.)
"And olsun ki, Biz Quranı [ondan] ibrət almaq, öyüd-nəsihət qəbul etmək üçün belə asanlaşdırdıq. Amma hanı ibrət alan, öyüd-nəsihət qəbul edən?!" ("əl-Qəmər" surəsi, 17, 22, 32, 40-cı ayələr.)
Bacı və qardaşlarım! Bu ayələrdən açıqca görünür ki, Rəbbimizin bizə bəxş etdiyi ağıldan onun buyurduğu şəkildə istifadə edilməlidir ki, insan muradına çatsın. Tələbə çətinlikdən qorxmamalı, elm öyrənməkdən yorulub usanmamalıdır. Əhməd ibn Hənbəl rəvayət edir ki, "Mən heyz fəslini doqquz il ərzində öyrənib başa düşdüm" ("Təbəqatu-l-hənabilə" 1/268.) Insan elmə qarşı qəlbində daim bir ehtiras hiss etməli, öyrənməyə daim can atmalıdır. Elə dahi Nizami kimi:
Nə qədər oxuyub öyrəndim, heyhat
Yenə də qəlbimi görmədim rahat. (Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri, səh.42.)
Bacı və qardaşlarım! Sizə bir məsləhətim də budur ki, elmi bilgilər öyrəndikdə nə utanın nə də təkəbbürlük göstərin. Həqiqətən insanlar içərisində bilmədiyi məsələləri özlərindən yaşca kiçik olanlardan soruşmaqda utancaqlıq nümayiş etdirənlər çoxdur. Bəziləri bunu təkəbbürlüyündən etmir. Lakin bu insanın özünün əleyhinə yönəlmiş hisslərdir. Mücahid demişdir: "Nə utanan, nə də təkəbbürlü olan şəxs elmə yiyələnə bilməz!" ("Fəthu-l-Bari" 1/276.)
Şübhəsiz ki, bu cür əməl insanın nadanlığına dəlalət edir. Başa düşmək lazımdır ki, Allah öz elmindən hər kəsə istədiyi qədər verir. Ümumiyyətlə, Allah istədiyinə elm bəxş edir və burada yaş fərqi və məhdudiyyəti qoymur. bu barədə hər şeyi görən və bilən Uca Allah belə buyurur:
"Allah istədiyi şəxsə hikmət [elm, mərifət, müdriklik] bəxş edir. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir [əbədi səadət] verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" ("əl-Bəqərə" surəsi, 269.)
- Alimin sözünü kəsməmək;
Hər bir şagird və ya tələbə bilməlidir ki, elm məclisində danışanın sözünü kəsmək və ya onu rədd etmək ədəbsizlikdir. Düzgün ədəb qaydalarına Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - sonra onun sələfləri daim riayət edib. Çünki müsəlman dedikdə ilk öncə onun elmli və əxlaqlı olması bir keyfiyyət kimi təsəvvürümüzdə canlanır. Mömin olan kəs bu keyfiyyətlərsiz təsəvvür edilməzdir. Əgər dərs əsnasında bir məsələyə etirazın varsa təmkinlə məclisin sona çatmasını gözlə, sonra isə öz iradlarını ehtiramla ona bildir. Hətta bu cür hərəkət edəndə belə vəziyyəti düzgün qiymətləndir və etirazını lazımı şəkildə, vəziyyətə uyğun olaraq et. Əgər bunu məclisdə elan etmək fitnə-fəsad törədəcəksə məsləhətdir ki, etirazını məclisdən kənarda bildirəsən. Bütün məsələlərdə bizə örnək olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - belə demişdir: "Böyüklərimizə hörmət etməyən, kiçiklərimizə rəhm etməyən, alimlərimizin haqqını ödəməyən bizdən deyildir!" ("əl-Musnəd" 5/323; "əl-Mu'cəmu-l-kəbir" 8/236; "əl-Mustədrək" 1/211; "Məcməu-z-zəvaid" 1/127. [Hədis həsəndir])
Bu məsələyə Imam Buxari də toxunmuş və elm fəslində "Nitq söyləyən şəxsə sual verdikdə o, nitqini tamamlamalı sonra suala cavab verməlidir" başlığı altında Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - hədis rəvayət etmişdir. Əbu Hureyrə (r.a.) rəvayət edir ki, "Peyğəmbər - səllallahu aleyhi və səlləm - səhabələrlə söhbət edirdi, bu vaxt bir ərəb gəlib ondan qiyamətin nə zaman vaqe olacağı barədə soruşdu. Peyğəmbər - səllallahu aleyhi və səlləm - cavab verməyib söhbətini davam etdi. Məclisdə iştirak edənlərin bir qismi onun suala cavab vermək istəmədiyini, digər qismi isə onun eşitmədiyini zənn etdilər. Peyğəmbər - səllallahu aleyhi və səlləm - söhbətini bitirdikdən sonra dedi: - Sual verən haradadır? Ərəb dedi: - Mən buradayam, ey Allahın elçisi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Əmanətə xəyanət olduğu zaman qiyamət qopacaq!..." (Buxarinin "Səhih" əsəri 59.)
- Sualı ədəb-ərkanla vermək;
Bu gün həqiqətən də bəzi tələbələrin elm məclislərində müsəlman əxlaqına yaraşmayan şəkildə davranış nümayiş etdirdiyinin, ədəbsiz hərəkətlərə yol verdiyinin və kobud şəkildə sual verdiyinin şahidi oluruq. Qurani Kərimdə də, Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünəsində də, bu məsələyə sərt münasibət bildirilir. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Sizə bəlli olunca qanınızı qaraldacaq şeylər barəsində soruşmayın." ("əl-Maidə" surəsi, 101.)
Zəhəbi rəvayət edir ki, elm məclislərindən birində Əndəlüsün islam alimlərindən olan Şəbətuna vərəqdə yazılmış "Qiyamət günü olan tərəzinin gözləri qızıldan olacaq, yoxsa gümüşdən?" sualı verildi. O, vərəqi büküb Peyğəmbərin - səllallahu aleyhi və səlləm - bu hədisini onun üzərinə yazdı: "Müsəlmanın islamının gözəlliyi ondadır ki, ona aid olmayanı tərk etsin. ("Sunənu-t-Tirmizi" 2317, "Sunən ibn Macə" 3976, [Hədis həsəndir].) " ("Siyəru aləmu-n-nubələ", 9/312.)
Müsəlman qardaşlarım! Unutmayın ki, sual kimisə rüsvay etmək, dini oyuncağa çevirmək, qarşındakının elmdə zəif olduğunu üzə çıxarmaq üçün deyil, yalnız elmi öyrənmək xatirinə verilməlidir.
- Alimin əxlaqından ibrət almaq.
Alimlərə tarixən böyük hörmət və ehtiram olub. Xüsusən də Islam dünyası, müsəlman icması alimi hər zaman qiymətləndirib. Insanlar müxtəlif sahələr üzrə alimlik dərəcəsinə yüksələ bilər. Mən bu yerdə insanların ən şərəflisi, ümumiyyətlə bütün bəşəriyyətin önündə duran, əxlaqı Quran olan Peyğəmbəri - səllallahu aleyhi və səlləm - xüsusi qeyd etməyi özümə borc bilirəm. Bu da təbiidir, çünki, o seçilmiş bir insandır. Bu insan Islam adlanan bir nuru bizə çatdıran alimdir. O alim ki, bütün canlılara qarşı diqqətli və rəhmli, o alim ki, bütün bəşəriyyətə rəhmət olaraq göndərilən, o alim ki, əxlaqı bütün insanlara nümunə edilən... Bu barədə Uca Allah belə buyurur:
"Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə, məşəqqətə düşməyiniz ona ağırdır, o [sizin iman gətirməyinizi] çox istəyir, möminlərə şəfqətli və mərhəmətlidir!" ("ət-Tövbə" surəsi, 128.)
"Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!" ("əl-Əhzab" surəsi, 21.)
"Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır." ("Yusif" surəsi, 111.)
Elm öyrənən şəxsin əsaslı danışması
Təmiz niyyət ilə elm öyrənən şəxsin uğurlar əldə edəcəyi şübhəsizdir. Yüksəliş yalnız elmlə mümkündür. Elmli insanın davranışı, əxlaqı, söylədiyi sözlərin mənası ilə cahil insanın eyni adlı hərəkətlərini heç cürə eyniləşdirmək olmaz. Təbii ki, elmli insan cahil insandan hər mənada üstündür. Burada müqaisə aparmaq gülünc görünərdi. Kitabın bu bölməsində toxunmaq istədiyim məsələ elmli insanın daha bir keyfiyyəti - onun adil olması və əsaslı danışması ilə bağlıdır. Bu məsələni qabartmağım bir neçə səbəblə bağlıdır. Günümüzdə özünü elm əhli kimi qələmə verib əsassız fikirlər söyləyən "ziyalılara" da rast gəlmək olar. Onların "xidmətləri" sayəsində yer kürəsində kifayət qədər münaqişəli ərazilər meydana çıxmışdır. Bilərəkdən təhrif etdikləri tarixi faktlar, dini dəlilləri vasitəsilə yaratdıqları qarşıdurmalarda minlərlə insanlar həyatlarını qurban vermişlər. Vaxtı ilə "dənizdən dənizə Ermənistan" kimi əsassız, qondarma bir ideologiyanın təsiri ilə millətini ruhlandıran "ziyalıların" "əməyi" sayəsində iki əsrə yaxındır ki, vətənimizin torpaqlarının qarış-qarış zəbt edilməsi buna ən bariz misaldır. Müsəlmanlara qarşı bu cür ədalətsizliklərə dünyanın bir çox yerlərində rast gəlinir. Əvvəlcə saxtalaşdırılmış tarixi faktlara söykənən müəyyən ideoloji təbliğat aparılır, sonra isə silahlı müdaxilə yolu ilə torpaqlar zəbt edilir, günahsız insanlar qırılır. Heç şübhəsiz ki, Allaha və axirət gününə inanan hər bir müsəlman onların mütləq Allah qarşısında cavab verəcəklərinə və layiqli cəzalarını alacaqlarına əmindir. Bu barədə aləmlərin Rəbbinin bizə vədi var. O isə vədinə xilaf çıxan deyil. Uca Allah belə buyurur:
"[Ya Məhəmməd!] Allahı zalimlərin etdikləri əməllərdən əsla qafil sanma! Allah onların cəzasını yubadıb elə bir günə saxlayır ki, həmin gün gözləri hədəqəsindən çıxar; Belə ki, onlar başlarını yuxarı qaldırıb durar, gözlərini də qırpa bilməzlər. Onların qəlbləri də boşdur". ("Ibrahim" surəsi, 42-43.)
"[Ya Məhəmməd!] Allahın peyğəmbərlərə verdiyi vədə xilaf çıxacağını sanma! Həqiqətən, Allah yenilməz qüvvət və intiqam sahibidir!" ("Ibrahim" surəsi, 47.)
Bəli, bu, Allahın peyğəmbərlərə və onların ardıcıllarına verdiyi vəddir. Biz isə bir müsəlman kimi öz üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Elm öyrəndikdə mütləq dəlillərə, faktlara əsaslanmalıyıq. Elm öyrənən şəxs bilməlidir ki, onun elminin səviyyəsi söylədiyi nitqin əsaslı olub-olmaması ilə bağlıdır. Heç şübhəsiz ki, yalnız əsaslı biliklərə söykənən nitq insanlarda inam yaradır. Tarix boyu o qədər natiqlər olub ki, bir əsassız fikrinə görə tamamilə qiymətdən düşüb. Əsassız fikir və ümumiyyətlə yalan barəsində həm Qurani Kərimdə həm də peyğəmbərimizin sünnəsində çoxlu dəlillər vardır. Uca Allah buyurur:
"Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə]. Çünki qulaq, göz və ürək - bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır." ("əl-Isra" surəsi, 36.)
"Elə isə bilmədiyin bir şeyi Məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm." ("Hud" surəsi, 46.)
"Bir baxın, siz o kimsələrsiniz ki, bildiyiniz şeylər barəsində mübahisə edirsiniz [bu aydındır]. Bəs bilmədiyiniz şeylər barəsində niyə mübahisəyə girişirsiniz. Əlbəttə, [həqiqəti] Allah bilir, siz bilməzsiniz!" ("Ali-Imran" surəsi, 66.)
"Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!" ("əl-Ənbiya" surəsi, 7.)
Abdullah ibn Amr (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Məndən öyrəndiyiniz bir ayə olsa belə, onu insanlara təbliğ edin. Israil övladlarından varid olan rəvayətlərdən də danışın, bu sizin üçün günah sayılmaz. Mənim adımdan bilərəkdən yalan danışan isə cəhənnəmdə oddan olan yerini hazırlasın!" (Buxarinin "Səhih" əsəri 3461.)
Əsassız danışmağın necə yasaqlandığı ayə və hədislərdən aydın görünür. Əsasla danışmağa gəldikdə isə Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - yuxarıdakı hədisi buna çox gözəl sübutdur. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - sünnənin insanlara çatdırmasını önə çəkərək, bununla yanaşı kitab əhlindən varid olan rəvayətlərin ixtiyari şəkildə insanlara çatdırılmasını da tövsiyə edir. Hədisdə öz əksini tapmış bu fikir bir tərəfdən Islam dinin necə demokratik bir din olmasına açıqca sübutdursa, digər tərəfdən də Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - ümmətinin, müsəlmanların hərtərəfli məlumatlı olmağa çağırışıdır. Kitab əhlindən olan rəvayətlər üç qismə ayrılır:
Birincisi: Quran və mötəbər hədislərə müvafiq olan və müsəlmanlar tərəfindən məqbul sayılan rəvayətlər.
Ikincisi: Quran və mötəbər hədislərə zidd olan və müsəlmanlar tərəfindən məqbul sayılmayan rəvayətlər.
Üçüncüsü: Quran və mötəbər hədislərdə nə təsdiqi, nə də inkarı olan rəvayətlər. Hədisdə qeyd olunan rəvayətlər də bu qismə aiddir.
Belə bir sual meydana çıxır: "Insanı əsassız fikirlər söyləməyə vadar edən nədir?" Cavab isə birmənalı olaraq belədir: Bu insanın əqidəsi ilə bağlı bir məsələdir. Insan belə bir hərəkətə yol vermək fikrinə düşdükdə ilk addımda o öz elmsizliyini ört-bastır etmək istəyir. Bu fikirlər Quran və sünnə ilə təsdiq olunmayanda bidətə, (Lüğəti mənası, yeni bir şeyin ixtira olunması deməkdir. Dində isə (istilahi mənada) Allahın və Onun rəsulunun qanuniləşdirmədiyi bir əməli ibadətə aid etməkdir.) faktlar gətirmədikdə isə böhtana çevrilir. Bidət əhli belə hərəkətlərə yol verməklə Allaha və Onun Rəsuluna - səllallahu aleyhi və səlləm - qarşı çıxmış olurlar. Uca Allah belə buyurur:
"Bu gün dininizi tamamlayıb mükəmməl etdim, sizə olan nemətimi başa çatdırdım və bir din kimi sizin üçün Islamı bəyənib seçdim". ("əl-Maidə" surəsi, 3.)
Bundan başqa Aişədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: "Bizim etdiyimiz əməllərə yenilik əlavə edən kimsənin əlavəsi rədd olunur" (Müslimin "Səhih" əsəri, 4467.)
Ayədən və hədisdən aydın görünür ki, dinimizə aid olan hökmlər artıq Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dövründə tamamlanıb. Allah Islamı kamil şəkildə Peyğəmbəri - səllallahu aleyhi və səlləm - vasitəsilə bizə çatdırıb. Bu hökmlərə nə isə yeni fikir əlavə edənin əlavəsi dinimizdə sanki boşluğun olduğunu və dinin həmin şəxsin əlavəsi ilə kamil olduğunu ortaya qoyur ki, bu yuxarıda qeyd olunan ay əvə hədisə ziddir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - başqa bir hədisi ilə belə bir fikir də insanlara çatdırıb. Irbad ibn Sariyə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - səhabələrə (r.a.) tövsiyə edərək demişdir: "Sizə Allahdan qorxmağı (təqvalı olmağı), üzərinizdə qəyyum olan rəhbəri dinləyib itaət etməyi tövsiəyə edirəm! Həqiqətən məndən sonra yaşayanlarınız çoxlu ixtilaflar görəcəklər. O zaman mənim və raşidi xəlifələrimin yolu ilə gedin. Bu yoldan azı dişlərinizlə bərk yapışın. (Burada Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu yoldan dönməməyin son dərəcədə vacib olduğunu vurğulamışdır.) Dinə əlavə olunmuş yeniliklərdən (bidətlərdən) çəkinin! Həqiqətən hər bir bidət insanı zəlalətə aparır!" (Əbu Davudun "Sünən" əsəri, 4607; Tirmizinin "Sünən" əsəri, 2676; Əhmədin "Müsnəd" əsəri, 4/126-127.)
Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - bu tövsiyyəsini nəzərə aldıqda bidət əhli ilə mübarizə aparmağın düşmənlə mübarizə aparmaqdan (cihaddan) əfzəl olması aydın olur. Çünki, düşmən yeri, yurdu xarabalığa çevirsədə onu sonradan bərpa etmək çox asandır. Bidət əhli isə qəlbləri xarab edir və onu isə bərpa etmək çox çətindir. Düşmənin fəsad törətməsi açq aydın hamıya bəlli olduğu üçün hamı ona qarşı mübarizəyə qalxır. Bidət gizli olduğundan hamı ona qarşı səfərbər ola bilmir və hətta bəziləri onun hədəfinə də keçir. Düşməni hamı tanıyır və onlarla mübarizə aparır. Bidət əhlini isə yalnız alimlər tanıyır və onlara qarşı mübarizə aparır.
Dini məsələlərdə bidət etməyin təhlükəsindən qorxan Əhvədi öz şerində belə buyurur:
Çevirmə bidətə, füzulluğa üz,
Allah və peyğəmbər nə deyib et düz.
Göyün kitabı da düzlüyü sevir,
Ey qafil bu yoldan tez ol üz çevir. (Əhvədinin "Cami-cəm" əsəri, səh.117.)
Bidət əhli fikirlərinə bir əsas tapmadıqda guya artıq zəmanənin dəyişməsini, cəmiyyətin artıq inkişaf etməsini əsas gətirməklə özlərinin hərəkətlərinə bəraət qazandırırlar. Bu həm savadsız həm də əsassız bir mövqedir. Birincisi sələf bidəti yalnız şəriətə münasibətdə haram sayır. Dünyavi məsələlərdə isə yenilik, inkişaf lazımdır və zəruridir. Ikincisi Uca Allah bu əsrarəngiz yaradılışın Xaliqi olaraq cəmiyyətin inkişafını da qabaqcadan bilib müəyyən etmişdir. Lakin bununla belə Rəbbimiz Öz hökmlərini bu günə kimi dəyişməz etdi. Göndərdiyi Peyğəmbər - səllallahu aleyhi və səlləm - və nazil etdiyi kitab da sonuncu oldu. Bu günə qədər bir-birini əvəz edən əsrlər boyu Allah və Rəsulunun - səllallahu aleyhi və səlləm - elə bir hökmü olmamışdır ki, o, hansısa bir zamana uyğun olmasın. Bu gələcəkdə də belə olacaqdır. Odur ki, bidətə yol verən insanın cəmiyyətin inkişafını əsas gətirməsi yersizdir. Allahın hökmləri bütün dövrlər üçün aktualdır, zamanından və məkanından aslı olmayaraq Ona təslim olub əmrlərinə itaət olunmalıdır. Dində bidət etmək insanın malik olduğu əqidə ilə də bağlıdır. Bu da Quran və sünnəyə düzgün yanaşma tərzinin olmaması ilə izah olunur. Quran və sünnə Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - izah etdiyi və səhabələrin (r.a.) başa düşüb əməl etdiyi kimi anlaşılmalıdır. Uca Allah bu barədə belə buyurur:
"Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni [hökmləri, halal-haramı] izah edəsən və, bəlkə, onlar da düşünüb dərk edələr!" ("ən-Nəhl" surəsi, 44.)
Bu ayə Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsinə riayət etməyə bir göstərişdir. Əgər Quranı sünnəsiz (mötəbər hədislərsiz) oxuyub anlamaq, başa düşmək mümkün olsaydı Allah onun izah etməsini Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - əmr etməzdi. Quran məlum olduğu kimi ərəb dilindədir və Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələrinin də böyük əksəriyyəti də ərəblər idi. Onlar Quranın dilini asanlıqla başa düşürdülər, çünki bu onların ana dili idi. Lakin Allahın Quranı izah etməyi əmr etməsi Qurana bu izahsız, yəni sünnəsiz yanaşmağın səhv olmasına bir dəlildir. Allahın hökmlərində naqislik, çatışmamazlıq olmaz. Onun hökmləri tam dəqiq və kamildir. Allah bütün nöqsanlardan uzaqdır. Onun əmrlərində, hökmlərində nöqsan axtaranlar isə düz yolda deyillər. Odur ki, hər bir kəs dediyi fikrin məsuliyyətini dərk etməlidir. Xüsusilə də əgər bu fikirlər şəriətə aiddirsə. Digər sahələrə gəlincə isə məsələn, məişət, ticarət, müxtəlif xidmət sahələri, yeni texnologiyaların tətbiqi və s. əvvəl qeyd etdiyim kimi burada insan azaddır. O, istədiyi yeniliyi tətbiq etmək ixtiyarındadır və bu bəyənilən əməldir. Çünki dinimiz insan yaşayışını yüngülləşdirə biləcək hər bir əməli dəstəkləyir. Buradakı yeniliyi alqışlamaq olar. Yeniliyə meyli olan insanlara da məsləhətim budur: Əgər doğrudanda ixtiraçısınızsa buyurun yuxarıda adları sadalanan sahələrdə öz bacarığınızı nümayiş etdirin. Dinə, şəriətə isə toxunmaq olmaz. O, elə məhz Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - çatdırdığı kimi gözəldir. Qiyamətə qədər bizə dəyişməz və kamil hökmlər nazil edən Rəbbimizə həmd olsun!
Insanı əsasız fikirlər söyləməyə vadar edən hisslərdən biri də həsəddir. Yəni kiminsə əldə etdiyinə, nail olduğuna həsəd aparmaq. Bu da çox təhlükəli günahdır. Bilirik ki, Uca Allah hər bir insanın anadan olandan ta ölənədək olacaq fəaliyyətini onun ruzisi də daxil olmaqla lövhi-məhfuzda yazmışdır. Insanın qədəri deyilən bu anlam öz əksini Quranda belə tapıb:
"Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə [lazım olduğu qədər] yaratdıq". ("əl-Qəmər" surəsi, 49.)
Yəni bu gün kiminsə nail olduğu nəticə onun Allah tərəfindən müəyyən olunan qədərinin tərkib hissəsidir. Kiminsə buna həsəd aparması Allahın müəyyən etdiyi (qədər) ilə razılaşmaması kimi qiymətləndirilə bilər. Belə olan halda, həsəd xəstəliyinə düçar olan şəxs elmli insanın nail olduqlarını kölgə altına almaq üçün əsassız fikirlərə əl atır. Uca Allah insanların bir-birinə həsəd aparacaqlarını əzəldən bilmiş və bu hallar baş verəcəyi təqdirdə Ona pənah aparmağı əmr etmişdir:
"De ki: "Pənah aparıram sübhün Rəbbinə!""…….."Və bir də paxılın şərindən" ("əl-Fələq" surəsi, 1-5.)
"Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeyə görə insanlara həsəd aparırlar? " ("ən-Nisa" surəsi, 54.)
"Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, nəfslərindəki həsəd ucundan sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər." ("əl-Bəqərə" surəsi, 109.)
Ənəs ibn Malik (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Bir-birinizə həsəd aparmayın, bir-birinizə nifrət etməyin, bir-birinizə arxa çevirməyin! Ey Allahın qulları, qardaş olun!" (Muslimin "Səhih" əsəri 6477.)
Məhşur islam alimi, Ibn Teymiyyə demişdir: "Həsədsiz insan olmur, lakin alicənab və əxlaqlı olan onu gizlədir, alçaq və əxlaqsız isə onu büruzə verir." ("Fətvalar toplusu", 10/124-125)
Həsəd elmin bərəkətini azaldır və elm əhlinin son aqibətinə təsir göstərir. Çünki insan Allahın və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - əmrlərinə asi olmaqla öz axirətini puç edir. Həsəd insanın qəlbini sərtləşdirərək onu insafsız edir ki, nəticədə o xeyirxah işlər görməkdən çəkinir. Dinimiz bu cür xəstəliyə düçar olmuş insanlardan qaçmaqdansa onlara nəsihət etməyi daha məqsədə uyğun hesab edir. Əhnəf ibn Qeys demişdir: "Tənbeh etmək nifrət etməkdən daha xeyirlidir". ("Siyəru aləmu-n-nubələ", 4/94.) Həsəd probleminə toxunduqda bir məsələni də qeyd etməyi özümə borc bilirəm. Istəyirəm ki, bacı və qardaşlarım bilsinlər ki, Islamın qadağan etdiyi həsəd olduğu kimi, dinimizin rüxsət verdiyi iki növ həsəd də mövcuddur ki, bu da qibtə hesab olunur. Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Yalnız iki şəxsə həsəd aparmaq (qibtə etmək) olar! O şəxsə ki, Allah ona elm (Quran, hikmət və s.) öyrədir və o da, bu elmə gecə-gündüz əməl edir. Bir də o şəxsə ki, Allah ona var-dövlət verir və o da, bu var-dövlətdən gecə-gündüz Onun yolunda sərf edir." (Muslimin "Səhih" əsəri 1891,1892,1893 .) Yəni elm və var-dövlətə malik şəxsə bir halda qibtə oluna bilər ki: "Nə olardı Allah mənə də bu cür elm öyrədəydi və mən də onun kimi gecə-gündüz o elmə əməl edəydim." - "Nə olardı Allah mənə də bu qədər var-dövlət verəydi və mən də onun kimi gecə-gündüz Allah yolunda sərf edəydim." ("Şərhu Səhih Muslim" 6/338.)
Baxın görün dinimiz insan hislərini və duyğularını necə tərbiyə edir. Dinimiz həsədin əlamətlərini də insanlara bəyan edir ki, bu əlamətlərdən hansınısa insan özündə hiss etdikdə qəlbini bu günahdan islah etsin. Beləliklə, insan öz din qardaşına qarşı aşağıdakı hisləri keçirirsə, deməli ona qarşı həsəd aparmış olur:
- Həmkarının (məsləkdaşının) xətasına sevinmək;
- Həmkarının hər hansı bir məclisdə iştirak etməməsinə sevinmək;
- Həmkarının tənə edilməsinə sevinmək və bununla Rahatlıq tapmaq;
- Həmkarının haqqında soruşulduqda onu məzəmmətlə xatırlamaq;
- Həmkarına hər hansı bir məsələyə görə müraciət edildikdə qəlbində sıxıntı keçirmək;
- Həmkarının elminin az və dediyinin faydasız olmasını iddia etmək;
- Həmkarının səhv etməsi üçün səy göstərmək və verdiyi cavabları tənqid etmək;
- Həmkarının xeyirxah işlərindən danışmamaq.
Bu əlamətlərin hər hansınınsa birinin daşıyıcısı olan qardaşım! Bunu dərhal müalicə etməyi sənə məsləhət görürəm. Çünki qeyd etdiyim kimi, həsəd insanı əsassız fikirlər söyləməyə sövq edən xəstəlikdir. Həsəd elm öyrənən hər bir kəsin niyyətinə təsir göstərə biləcək ən təhlükəli amillərdən hesab olunur. Şübhəsiz ki, bu məsələyə səhlənkar yanaşan şəxs sonradan həsədi özündən uzaqlaşdırmaq istəsə belə bu istəyinə asanlıqla nail ola bilmir. Bu xəstəliyə tutulmamaqdan isə heç kəs sığortalanmayıb. Quran və Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsi insan nəfsi, insan fəaliyyəti və ümumiyyətlə yaşayışın hər sferasında baş verə biləcək suallara cavab verdiyi üçün bu xəstəliyin müalicəsini də bizə çatdırıb. Bunlar aşağıdakılardır:
- Həmkarının xeyir-bərəkətə nail olması və tutduğu doğru yoldan dönməməsi üçün Allaha dua etmək. Uca Allah buyurur:
"Onlardan (mühacirlərdən və ənsardan) sonra gələnlər (tabiin) belə deyirlər: Ey Rəbbimiz! Bizi və bizdən əvvəl iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə, həsədə yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətli və mərhəmətlisən!" ("əl-Həşr" surəsi, 10.)
- Həmkarını sevməyə çalışmaq, ondan özü və ailəsi haqqında hal-əhval tutmaq. Uca Allah buyurur:
"Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!" ("Fussilət" surəsi, 34.)
- Həmkarını ziyarət etmək və onun xeyirxah işlərindən danışmaq.
Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Kim Allah xatirinə xəstəni və ya müsəlman qardaşını ziyarət edərsə, (qeyb aləmində olan) carçı onu çağırıb deyər: "Sən bu əməlinlə zövq verdin və Cənnətdə bir yer tutdun" (Carçının çağırışını eşitməyə lüzum yoxdur.) " ("Səhihu-l-cami" 6387. [Hədis həsəndir].)
Əbu Hüreyrə (r.a.) rəvayət edir ki, "Peyğəmbər - səllallahu aleyhi və səlləm - üzünü səhabələrə tutub soruşdu: "Hansı biriniz bu gün oruc tutub?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - yenə soruşdu: "Hansı biriniz bu gün cənazəni təqib edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - yenə soruşdu: "Hansı biriniz bu gün kasıbı yedizdirib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - yenə soruşdu: "Hansı biriniz bu gün xəstəni ziyarət edib?" Əbu Bəkr: "Mən" - deyə cavab verdi. Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Bu dörd gözəl xisləti özündə cəm edən cənnətə daxil olar"" ("Səhih Müslim", 6132.)
- Həmkarının tənə edilməsinə razı olmamaq və onun haqqında qeybət etməyi qadağan etmək. Uca Allah buyurur:
"Bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar [qeybət də belədir]" ("əl-Hucurat" surəsi, 12.)
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Bilirsinizmi qeybət nədir?" Onlar: "Allah və Onun Rəsulu daha yaxşı bilir!" - deyə cavab verdilər. Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Qardaşını, onda ikrah hissi oyadan bir xatirə ilə yad etmək!" - Peyğəmbər - səllallahu aleyhi və səlləm - "Əgər qardaşım haqqında dediklərim doğrudursa onda necə?" deyə soruşulduqda o dedi: "Əgər qardaşın haqqında dediklərin doğrudursa onun qeybətini qırmış, doğru deyilsə ona böhtan atmış hesab olunursan!" ("Səhih Müslim", 6536.)
- Həmkarını özündən üstün hesab etmək. Uca Allah buyurur:
"Mühacirlərdən əvvəl [Mədinədə] yurd salmış və iman gətirmiş kimsələr [ənsar] öz yanlarına [şəhərlərinə] mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd, qəzəb duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. [Allah tərəfindən] nəfsinin xəsisliyindən, tamahından qorunub saxlanılan kimsələr - məhz onlar nicat tapıb səadətə [Cənnətə] qovuşanlardır!" ("əl-Həşr" surəsi, 9.)
- Həmkarı ilə məsləhətləşmək və ondan öyüd-nəsihət istəmək. Uca Allah buyurur:
"Artıq sən onları əfv et, onlar üçün [Allahdan] bağışlanma dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah [Ona] təvəkkül edənləri sevər!" ("Ali Imran" surəsi, 159.)
"O kəslər üçün ki, Rəbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məsləhətlə-məşvərətlə görər, onlara verdiyimiz ruzidən [Allah yolunda] sərf edərlər." ("əş-Şura" surəsi, 38.)
Insanı əsassız danışmağa vadar edən amllərdən ikisinə - bidətə və həsədə ayrıca toxunsam da, toxunmadığım bir çox başqa amillər də mövcuddur ki, buna da gələcək yazılarımda inşaallah toxunacağam.
Kitabın bu bölməsində sizə çatdırmaq istədiyim fikirlərdən biri də elm əhlinin danışdığı fikirlərə daim dəlil göstərməli olmasıdır ki, buna bu gün bir çox hallarda riayət olunmur. Bu gün biz Allahın elmindən, Allahın dinindən danışmaq kimi çox ağır bir yükü çiyinlərimizə götürmüşüksə etdiyimiz əməllərin məsuliyyətini də düzgün anlamalıyıq. Bizdən əvvəl yaşamış sələfilər bu məsələyə çox ehtiyatla yanaşmış, dəlilsiz, sübutsuz heç bir fikir söyləməmişlər. Bu gün yeganə təhrifsiz səmavi din olan Islamı xurafata, mifalogiyaya çevirənlər dinimizin adına ləkə gətirməklə bərabər həm də özlərini həlaka sürükləyirlər. Onlar törətdikləri əməllərə, dindəki faktları təhrif etməyə cəhd etdiklərinə, xurafata aludə olduqlarına görə Allah qarşısında cavab verməli olacaqlar. Islam dini xurafatdan uzaq bir dindir. Həqiqi insan azadlığı məhz Islamda təcəssüm edir. Həqiqi vətəndaş cəmiyyətinin qurulmasının prinsip və mexanizmi də məhz Qurani Kərimdədir. Odur ki, gəlin dinimizin gözəlliyini, demokratikliyini qeyri inanc sahiblərinə də məhz dəlil və sübutlarla, elmi müddəalarla göstərək. Bunun üçün bütün din adından danışanları əfsanələr uydurmaqla deyil, milləti, xalqı firqələrə parçalamaqla deyil, məhz əsaslı dəlillərlə dinimizin gözəlliklərini xalqımıza tanıtmağa çağırıram. Bunun üçün sözün həqiqi mənasında elmli olmaq lazımdır. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - bizə qoyub getdiyi mirasdan bildiklərini dəqiqləşdirdikdən sonra xalqa çatdır, bilmədiklərinə isə "bilmirəm" de! Bunda heç bir qəbahət yoxdur. Əli ibn Əbu Talib (r.a.) demişdir: "Elmi olan hər bir kəs bilmədiyi bir şey haqqında - Allah daha yaxşı bilir! - deməlidir. Çünki Uca Allah Öz elçisinə - səllallahu aleyhi və səlləm - əmr edib demişdir:
"De ki: "Mən buna [risaləti, Allahın hökmlərini təbliğ etməyə] görə sizdən heç bir əcr, mükafat istəmirəm. Və mən özümdən bir şey uydurub deyənlərdən də deyiləm!" ("Sad" surəsi, 86.)
Yenə Əli ibn Əbu Talib (r.a.) beş gözəl xislət haqqında belə demişdir: "O bəndə ki yalnız Allahdan qorxur, etdiyi günahlara görə məsuliyyətini dərk edir, bilmədiyini öyrəndiyinə görə utanmır, həmçinin bilmədiyi şeylərə - Allah daha yaxşı bilir! - deməyə görə də utanmır və səbr edir, bütün bunlara görə savab qazanır. Və dində olan səbr, bədəndə olan başa bənzəyir. O da kəsilib atılarsa bədən məhv olar". Burada Əli ibn Əbu Talibin (r.a.) söylədiyi fikirlər necə də mənalıdır. Əlbəttə başqa cür ola da bilməzdi. Bu cür gözəl insan və əxlaq sahibi, hələ sağ ikən Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - tərəfindən cənnətlə müjdələnmişdir. Səid bin Zeyd (r.a.) demişdir: "Mən şəhadət verirəm ki, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - belə dediyini eşitdim: "On nəfər cənnətlikdir: Əbu Bəkr, Ömər, Osman, Əli, Talhə, Zubeyr ibnul-Əvvam, Sə'd bin Malik, Əbdürrəhman bin Auf, Səid bin Zeyd, Əbu Ubeydə ibnul-Cərrah"". (Əbu Davudun "Sünən" kitabı, 12/262, 3635-ci hədis; "Səhih hədislər silsiləsi", 3/879 - 3886-cı hədis.)
Lakin cəmiyyətimizdə hətta Əli ibn Əbu Talibin (r.a.) adından belə o qədər uydurma fikirlər və rəvayətlər söylənilib və söylənilir. Belə fikirləri söyləyənlər yəqin ki, Əli ibn Əbu Talibin (r.a.) bu söhbətlərdən çox-çox uzaq olmasından xəbərsizdilər. O, elmli bir şəxsiyyət və bütün mifaloji fikirlərdən uzaq bir insan idi. Bu gün ona ilahi xüsusiyyətlər aid edən o qədər savadsız insanlar mövcuddur ki, etdikləri bu cür günahın həcmindən çox güman ki, xəbərsizdilər. Onun haqqında o qədər əfsanələr uydurulur ki, heç antik mifoloqlar öz uydurma qəhrəmanlarını bu qədər ilahiləşdirmirlər. Unutmaq olmaz ki, biz artıq iyirmi birinci əsrdə yaşayırıq. Biz dinimizi başqasına mifologiyalar vasitəsilə deyil, real olan əlamətlərlə çatdırmalıyıq. Islamdan başqa bütün dinlərdə kifayət qədər əfsanə və mif mövcuddur. lakin Islam mifsiz, dəqiq və həqiqi səmavi dindir. Əsassız danışmaq bütün dövrlərdə qəbahət sayılıb. Əbu Bəkrə (r.a.), Ömərə (r.a.), Osmana (r.a.) və Əliyə (r.a.) gəlincə isə bunu deyə bilərəm: Onları sevən onlar kimi Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - və onun sünnəsinə sadiq olmalı, onlar kimi elmə həvəs göstərməli və onlar kimi qardaş olmağı öyrənməlidir. Elə Nizaminininin söylədiyi kimi:
Əlinin eşqinidə sabitqədəməm,
Ömər sevgisindən uzaq deyiləm.
Hər ikisi nur ilə nurlanır dimaq:
Əbu Bəkr bir şamdır, Osman bir çıraq.
Bu dərviş sifətli dörd böyük soltan,
Dünyaya olmuş dörd təkbir oxuyan.
(Nizami Gəncəvi, "Iskəndərnamə", səh.28)
Bilmədiyiniz şeylər haqqında susmağa gəlincə bu həm də Peyğəmbərlərin əxlaqı olub. Malik demişdir: Peyğəmbər - səllallahu aleyhi və səlləm - müsəlmanların imamı və bütün aləmlərin ən əfzəl məxluqu idi. Lakin buna baxmayaraq o, bilmədiyi bir şey haqqında soruşulduqda səmadan vəhy gələnə qədər suala cavab verməzdi. Yenə o, alimi tərifləyib demişdir: Elmi olan hər bir kəs (bilmədiyi məsələlərə) - bilmirəm - deməlidir ki, bəlkə bunula xeyir əldə edə bilsin. Şabi demişdir: "Bilmirəm" - demək elmin yarısıdır. Mərvəzi deyir ki, mən Əhməd ibn Hənbəldən "insanların fikrincə hər şeyi bilən alim" barəsində soruşdum və o dedi: Ibn Məsud (r.a.) demişdir: "Insanların bütün suallarına cavab verən şəxs məcnundur!" Ibn Sirin demişdir: Insanın cahil kimi (savadsız) ölməsi, onun üçün bilmədiyini danışmasından daha xeyirlidir! Sufyan demişdir: Elmi olan şəxsin danışmağı susmaqdan üstün sayması, özünü təhlükəyə atması üçün səbəbdir! Səid ibn Cubeyr demişdir: Vay olsun bilmədiyinə "bilirəm" deyən hər bir kəsə!" (""əl-Ədabu-ş-şəriyyə" 2/64-69, Məalimu fi tariqi taləbi-l-elm" səh: 207-208.)
Elm öyrənən şəxsə yaraşmayan bir xüsusiyyət də heç bir dəlilə sübuta əsaslanmayan fikirləri eşitdikdə onu dəqiqləşdirməmiş nəticə çıxarmaq və bu xəbəri insanlar arasında yaymaqdır. Bu fikirlər bəzən böhtan həddinə qədər də çatdırılır. Yaddan çıxarmaq olmaz ki, belə hallar həm Allahı qəzəbləndirir, həm də insanların narazıçılığına səbəb olur. Tarixə nəzər salsaq o qədər insanın böhtan və cəfəngiüyyat danışıqları nəticəsində şəxsiyyət kimi heç bir şey əldə etməyib dünyadan köçdüklərinin şahidi olarıq. Elə insanlar çox qısa bir müddət ərzində hamı tərəfindən unudulmuş və etdikləri "əməllər" də insanların xatirindən silinmişdir. Allahın elçiləri olan Peyğəmbərlər - səllallahu aleyhim və səlləm - və sonra onların səhabələri haqqında oxusaq görərik ki, onlar əvvəllər sevildikləri kimi indi də sevilir və bundan sonra da seviləcəkdir. Onlar bəşəriyyətin unudulmaz bir hissəsidir. Gəlin cəmiyyətimizin saflığı naminə yalan, böhtan, insanlar arasında şayə yaymaq kimi bəd əməllərdən uzaq olaq və bu barədə olan ayə və hədislərdən ibrət alaq. Uca Allah buyurur:
"Ey iman gətirənlər! Əgər bir fasiq sizə pis bir xəbər gətirsə, dərhal onun doğruluğunu yoxlayın, yoxsa bilmədən bir qövmə pislik edər, sonra da etdiyinizə peşman olarsınız!" ("əl-Hucurat" surəsi, 6.)
"Bilin ki, Allah sizin qəlbinizdə olanı bilir." ("əl-Bəqərə" surəsi, 235.)
"Allah gözlərin xəyanətini və ürəklərin gizlətdiyini biləndir!" ("Ğafir" surəsi, 19.)
"Sizin üstünüzdə gözətçi mələklər, [əməllərinizi] yazan və [Allah dərgahında] çox hörmətli olan mələklər vardır. Onlar sizin nə etdiklərinizi bilirlər" ("əl-Infitar" surəsi, 10-12.)
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Kişinin yalançı sayılmasına, eşitdiyi hər bir şeyi danışması kifayət edər!" (Muslimin "Səhih" əsəri 7.) Iyas ibn Muaviyə, Sufyan ibn Həsənə tövsiyə edib demişdir: "Yadında saxla! Hədis elmində qarma-qarışıqlığa yol vermək qətiyyən qadağandır! Doğrudan da bir çoxları bu xətaya yol vermiş, nəticədə də yalan hədislər söyləmiş və özlərini rüsvay etmişlər." ("Muqaddimətu Səhih Muslim" 1/75-76.)
Insanlar arasında şayiələr yayan şəxsə aşağıdakı nəsihətləri etmək olar.
- Allahdan qorxmağı ona tövsiyə etmək və dediyi hər bir sözün, etdiyi hər bir əməlin Allahın nəzarəti altında olduğunu ona bildirmək;
- Hər bir sözünə və hər bir əməlinə görə Qiyamət günü Allahın hüzurunda haqq-hesab olunacağı barədə ona xəbər vermək;
- Yaydığı hər bir sözü əsaslandırmağı ondan tələb etmək;
- Yersiz danışmağın fəsadla nəticələnməsini, xüsusən də bəzi şəxsiyyətlər barəsində yəqin bilmədiyi müddəalarını yaymaqla ziyana uğrayacağını ona başa salmaq;
- Insanlar arasında şayiələr yayan şəxsə nəsihət etməyi ona tövsiyə etmək.
Geri Davamı
www.azerislam.com