AZERI
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

Dostuna tövsiyə et     



Geri
www.azerislam.com

Elmi mübahisə

Tarix boyu elm əhli arasında müxtəlif formalarda və vəziyyətlərdə mübahisələr olub və bu indii də var. Əslində bu mübahisələr nəticəsində haqq ortaya çıxır desəm bəlkə də mənə etiraz etməzsiniz. Əgər mübahisə edən tərəflər yüksək əxlaqa və intellektə malikdirsə və söylədikləri fikirləri də tutarlı dəlillərlə sübuta yetirsə, belə mübahisələr həm maraqlı və həm də faydalı olur. Yəni qaldırılan problem üzərində bilavasitə iş getdiyi üçün bu məsələlər insanın yaddaşında uzun müddət qalır. Odur ki, hər bir elm öyrənən şəxs belə mübahisələrlə qarşılaşacağını yəqin bilməli və əvvəlcədən lazımı tədbirlər görməlidir. Elmi mübahisənin (xüsusən də dini məsələlərdədə) öz metod və prinsipləri mövcuddur ki, elm öyrənən hər bir şəxsin bunları bilməsi vacibdir. Elmi mübahisə bu prinsiplərə əsaslanarsa onda həqiqət tez üzə çıxar.

- Yalnız Allahın razılığını qazanmaq və həqiqəti üzə çıxarmaq məqsədilə mübahisə etmək;
Yəni bu o deməkdir ki, elmi mübahisə kiminsə elminin az olmasını və ya onun hörmətini insanlar arasında aşağı salmaq naminə deyil, məhz həqiqətin aşkar olması məqsədilə aparılmalıdır. Bu gün cəmiyyətdə kifayət qədər "elm xadiminə" rast gəlmək olar ki, onlar mübahisəni çirkin qaydalar və pis niyyət üzərində qurur. Hələ bu azmış kimi özünü daha savadlı göstərmək üçün müəyyən çətin terminlərdən də istifadə edir. Həqiqi elm xadimi bacardıqca səlis və insanların hamısına aydın olan tərzdə danışmalıdır. Bu həmin insanın sadəliyinə və sadəlik də öz növbəsində onun gözəlliyinə dəlalət edir. Allahın razı qalacağı mübahisə insana əlavə savab gətirir. Bunu heç vaxt unutmaq olmaz. Savabı itirməmək naminə də mübahisəni Allahın razılığı və həqiqətin aşkar olması üçün etmək lazımdır. Uca Allah buyurur:

 "And olsun ki, Biz Nuhu və Ibrahimi peyğəmbər göndərdik, peyğəmbərliyi və kitabı [Tövratı, Zəburu, Incili və Quranı] onların nəslinə verdik. Onlardan doğru yolda olan da vardır, çoxu isə [Allahın itaətindən çıxmış] fasiqlərdir. Sonra onların ardınca [Musa, Ilyas, Davud, Süleyman, Yunus və başqa] peyğəmbərləri yolladıq. [Onlardan sonra] Məryəm oğlu Isanı göndərib ona Incil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik [tərkidünyalıq] icad etdilər. Biz rahibliyi onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl [riayət] etmədilər [Incili təhrif edib Isanı Allah bildilər, Məhəmmədin peyğəmbərliyini dandılar]. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə [Allaha asi olan] fasiqlərdir." ("əl-Hədid" surəsi, 26-27.)
Ibnu-l-Cövzi demişdir: "Mübahisə etmək həqiqəti aşkara çıxarmaq üçündür! Bizdən əvvəl yaşamış alimlərin mübahisə etməkdə məqsədləri yalnız həqiqəti aşkara çıxarmaq və bir-birinə nəsihət etmək olmuşdur. Onlar dəlilləri lazımınca araşdırıb bir-birinə bilmədiklərini öyrədər və beləliklə də haqqı bəyan edərdilər." ("Təlbis Iblis" səh:120.)

- Mübahisəni ədəb-ərkanla, gözəl tərzdə etmək;
Uca Allah buyurur:

 "[Ya Məhəmməd!] Insanları hikmətlə [Quranla, tutarlı dəlillərlə], gözəl öyüd-nəsihət [moizə] ilə Rəbinin yoluna [Islama] dəvət et, onlarla ən gözəl surətdə [şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə] mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!" ("Ən-Nəhl" surəsi, 125.)
Ibn Qudamə həmişə mübahisə etdikdə üzündə təbəssüm olardı, hətta bəziləri deyərdilər ki, o, mübahisə etdiyi şəxsi öz təbəssümü ilə sarsıdır. ("Zeylu təbəqatu-l-hənabilə" 2/137.)
Mömin olan insan öz əxlaqı ilə həmişə digərlərindən seçilir və seçilməlidir də. Mübahisə zamanı isə o möminə layiq keyfiyyətləri ilə xüsusilə fərqlənməlidir. Yəni mübahisənin gedişində səbrli olub qarşı tərəfi dinləməyi bacarmalı, onun fikirlərinə də hörmətlə yanaşmalıdır. Əgər qarşı tərəfin söylədiyi xəta və ya küfrdürsə o bunu da gözəl tərzdə ona bildirməli və özünün tutarlı dəlillərini ortaya qoymalıdır. Ümumiyyətlə tarix boyu ən tutarlı dəlillər Peyğəmbərimizin - səllallahu aleyhim və səlləm - ardıcıllarında, yəni sələf əqidəsinin daşıyıcılarında olub. Bu toplumun istənilən mübahisələrdə haqqı sübut edərək qalib olacağı şübhəsizdir. Birinci ona görə ki, sələf bütün məsələlərdə Peyğəmbərdən - səllallahu aleyhim və səlləm - örnək götürür və hökümləri Peyğəmbərin - səllallahu aleyhim və səlləm - izah etdiyi və səhabələrin başa düşdüyü kimi qəbul edir, qeybi məsələlər barəsində susur və ən əsası bilmədiyi məsələlər barəsində "Allah və Rəsulu bilir!" deyə cavab verir. Onların mübahisələr zamanı üstünlüyünün ikinci səbəbi sələflərin məhz Peyğəmbərimiz - səllallahu aleyhim və səlləm - tərəfindən "taifatun mənsura", yəni "qalib tayfa" adlandırılmasıdır. Bəli "sələfu-s-saleh" qalib tayfadır. Çünki, şəriət məsələlərində Quran, sunnə (səhih hədislərə) və icma alimlərinin rəyinə əsaslanır.
 
- Bilmədiyi bir məsələni müzakirə etməmək;
Uca Allah buyurur:

 "Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə]. Çünki qulaq, göz və ürək - bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır." ("əl-Isra" surəsi, 36.)
Əbu Hüreyrədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: "Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir" ("Sunənu-t-Tirmizi" 2317.)
Doğrudan da, əgər hər bir kəs bacardığı işin qulpundan yapışsa cəmiyyətdə hərc-mərclik deyilən arzuolunmaz hallar da baş verməz. Məsələn, əgər kimsə həkim olmaq kimi çox məsuliyyətli bir sahədə işləmək istəyirsə, nə qədər çətinliklərlə üzləşəcəyini qabaqcadan ölçüb-biçməli, bunun üçün öz potensial imkanlarını yəni, ən azı o sahəyə aid orta məktəb bilgilərini nə dərəcə də bilib-bilmədiyini hesablayıb qərar verməlidir. Bunun əksinə olaraq dolayı yollar arayıb həkim olmaq, insanlara əlavə problemlər yaratmaq, müəyyən bir iş yerini tutub bir bilikli həkimi kənarda qoymaq istənilən halda günahdır. Belə insanlar, heç öz sahələri ilə bağlı məsələlərdə belə mübahisəyə girişməməlidirlər. Yuxarıdakı ayə və hədisdə qeyd olunduğu kimi.

- Mübahisə doğuran məsələni diqqətlə araşdırmaq;
Bəli, bu da vacibdir. Insan heç bir zaman arxayınçılıq nümayiş etdirməməlidir. Hətta bildiyin məsələni belə təkrar nəzərdən keçirmək məsləhətdir. Disputa girişən adam üçün isə bu mütləq lazımdır. Bu zaman əvvələr tərtib etdiyin qısa icmallar da sənin köməyinə gələ bilər. Mübahisə doğuran məsələləri iki qismə ayırmaq olar: Dini və dünyəvi. Dini məsələlər yalnız Quran, mötəbər hədislər və icma alimlərinin yekdil rəyi əsasında dəqiqləşdirilir. Bu barədə Uca Allah belə buyurur:

 "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! [Qurana və mötəbər hədislərə müraciət edin!] Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır." ("ən-Nisa" surəsi, 59.)
Dini məsələ ilə bağlı mübahisə etməmişdən öncə qarşı tərəfin mənsub olduğu etiqad və əqidə barəsində məlumatlı olmaq da, bu işdə yüngüllük gətirir. Əgər o, kitab əhli (yəhudi və xristian) və ya bidətçidirsə onun söykənəcəyi dəlilləri də qabaqcadan nəzərdən keçirmək faydalı olardı. Əgər bu imkan xaricində olsa belə narahatçılığa heç bir əsas yoxdur. Əvvəl qeyd etdiyim kimi bir daha bəyan edirəm ki, ən tutarlı dəlillər sələf əqidəsinin daşıyıcılarına yəni, Islam Peyğəmbərinin - səllallahu aleyhi və səlləm - ardıcıllarına mənsubdur. Çünki, sələf alimləri ayədə qeyd olunduğu kimi mübahisə doğuran məsələlərdə Allah və Onun Rəsuluna - səllallahu aleyhi və səlləm - istinad edir və bu məsələdə ağlına gələn fikirləri söyləməkdən çəkinir. Bu barədə sələf məktəbinin ən sadiq nümayəndələrindən biri olan Əli ibn Əbu Talibin (r.a.) fikri çox qiymətlidir. O deyir ki; "Əgər şəriət hökmləri ağıl ilə ölçülsəydi onda dəstəmaz aldıqda məshi ayağın üstünə deyil altına çəkmək lazım gələrdi" (Əbu Davudun "Sünən" əsəri, 9/142; Ibn Həcərin "Fəthul-Bari" əsəri, 13/289.)
Dünyəvi məsələlərlə bağlı mübahisəyə gəldikdə isə burada da bu işi həmin sahənin mütəxəssisinə həvalə etmək lazımdır. Bu barədə Uca Allah belə buyurur:

 "Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!" ("əl-Ənbiya" surəsi, 7.)
 
- Həqiqət bəyan olan kimi onu qəbul etmək;
Yəni haqq bəyan olduqda təkəbbürlük göstərib onu rədd etmək əsla düzgün deyildir. Qurani Kərimdə peyğəmbərlərin - səllallahu aleyhim və səlləm - aşkar dəlillərlə müxtəlif gövmlərə göndərildiyi və onların qəbul edilməməsi haqqında çoxlu ayələr vardır. Belə olan təqdirdə Uca Allah onlara çox şiddətli bəlalar göndərmişdər. Haqqa boyun əyməkdən insanı heçnə çəkindirməməlidir. Əgər vaxtı ilə müşrik olan bəzi səhabələr də Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - gətirdiyi dinə, onun bəyan etdiyi şəriətə tabe olmasaydılar şübhəsiz ki, ilk öncə özlərini həlak etmiş olardılar, sonrası isə biz Islamın bu gün bütün dünyaya yayılmasının şahidi olmazdıq. Haqqa tabe olmayanların, həqiqəti qəbul etməyənlərin barəsində Uca Allah belə buyurur:

 "[Ya Məhəmməd!] Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, "Biz xaçpərəstik", - deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların içində [bilikli, abid] keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmamalarına görədir. Peyğəmbərə nazil olanı dinlədikləri zaman haqqı bildikləri üçün onların gözlərinin yaşla dolduğunu görürsən. Onlar belə deyirlər: "Ey Rəbbimiz! Biz iman gətirdik, bizi [haqqa] şahid olanlarla bir yerdə yaz! Rəbbimizin bizi əməlisaleh camaatla birlikdə [Cənnətə] daxil etməsini umduğumuz halda, biz nə üçün Allaha və bizə haqdan gələnə inanmayaq?!" Allah da bu sözlərinə görə onlara [ağacları] altından çaylar axan Cənnətlər əta etdi. Onlar orada əbədi qalacaqlar. Yaxşı işlər görənlərin mükafatı budur!" ("əl-Maidə" surəsi, 82-85.)

- Mübahisə edən şəxs haqqı qəbul etdikdən sonra, onu düz yola qaytaran Allaha həmd etməli və adil olduğuna görə həmin şəxsə təşəkkür etməli;
Həqiqətən də insanları düz yola yönəldən Allahdır. Digər insanlar bu mənada yalnız səbəbdir. Uca Allah bu barədə belə buyurur:

 "[Ya Məhəmməd!] Şübşəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri [Öz əzəli elmi ilə] daha yaxşı O bilir! [Və buna görə də onları haqq yola müvəffəq edir! ] " ("əl-Qəsəs" surəsi, 56.)

 "Sən [Quranla insanları] düz yola yönəldirsən." ("əş-Şura" surəsi, 52.)
Əgər biz də haqqı qəbul edib Allaha və rəsuluna - səllallahu aleyhi və səlləm - itaət etməsəydik ya hansısa sonRadan uydurulmuş firqələrdən və ya Islamdan kənar dinlərin birində idik. Bizə haqq yolu göstərən və bizi bu yola yönəldən Allaha şükürlər və həmd olsun!

- Mübahisə edən şəxsin məğlub olduğunu camaat arasında yaymamaq;
Əlbəttə bu çox ucuz bir hərəkət, çirkin bir əməl olardı. Əgər kimsə haqqı görüb onu qəbul edirsə bu onun layiqli insan olması məntiqi ilə bağlıdır. Sonra da ki, deməli o buna layiq idi ki, Allah onun qarşısına haqqı çıxartdı və qəlbini bu haqqa yönəltdi. Əgər kimsə bu gün haqqı tapa bilmirsə bu onun imtahanıdır. Kimsə haqqı görüb ondan üz çevirirsə bu heç də onun çox bilməsinə dəlalət etmir. Bu onun hələ buna layiq olmadığı üçün Allah tərəfindən hidayət olunmaması həqiqətinə söykənir. Odur ki, haqqı qəbul edib ona tabe olan insanın əvvəlki hərəkətlərini camaat arasında yaymaq müsəlmana yaraşan hərəkət deyil.
Əbu Hüreyrədən (r.a.) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: "Åkim bir müsəlmanın eybini gizlədərsə, Allah da onun eyblərini dünya və axirətdə gizlədər!Å" (Muslimin "Səhih" əsəri 6793.)

- Mübahisə edən şəxs inadkarlığından haqqı qəbul etməyib bidətinə israr edərsə, camaatı çaşdırmasın deyə onun səhvlərini onlara bəyan etmək;
Islam dininin gözəlliyini bir daha sübut edən bu fakt cəmiyyətin başının üstünü ala biləcək fitnə-fəsadın qarşısını almaqdan ötrü onu hamıya bəyan etmək, hamını bu barədə məlumatlandırmaq kimi vəzifəni elm əhlinin üzərinə qoyur. Belə məsələləri cahil insanlara həvalə etmək olmaz. Fitnəkar, yalançı və bidətçilər vaxtında ifşa olunub xalqa çatdırılmalıdır. Ümmət uydurulmuş bidətin məzmununu bilməli və ondan imtina edərək üzərinə düşən həqiqi vəzifəni bilərək haqqa boyun əyməlidir.
Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - qəniməti bölərkən Abdullah ibn zil-Xueysirə ət-Təmimi gəlib dedi: "Ədalətlə böl ey Allahın elçisi!" O dedi: "Vay sənin halına! Mən ədalətlə bölməyəndən sonra kim ədalətlə bölə bilər?!" Bunu görən Ömər ibnul-Xattab (r.a.) onun boynunu vurmaq istədikdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - ona dedi: "Toxunma ona, doğrudanda onun məsləkdaşları olacaq ki, ox yayından çıxdığı kimi onlarda dindən çıxacaqlar!.." (Buxarinin "Səhih" əsəri 6933.)

- Mübahisə edən şəxsin inadkarlıq göstərdiyini və haqqa istehza etdiyini gördükdə dərhal mübahisəni dayandırmaq;
Islam bütün gözəl münasibətlərin həyata keçirilməsini insan qarşısında bir tələb kimi qoyur. Yaxşı ilə pis, xeyirlə-şər arasında seçim etmək insanın ixtiyarına verilir. Insan Allahın bizə təyin etdiyi şəriətlə yaşamağı seçərsə həm dünyada həm də axirətdə səadətə qovuşar. Insan əgər fərqli mövqe nümayiş etdirərsə dünyada nə isə əldə edə bilsə də (bu da Allahın əlindədirÅ) axirətdə əbədi olaraq əzaba düçar olur. Bu, səmanın, yerin və onların arasında olanların Yaradıcısı, qüdrət və qüvvət sahibinin qoyduğu rəbbani qaydalardır. Bu qayda-qanunlar, elmi ilə hər şeyi əhatə edən Uca Allah tərəfindən təyin edildiyi üçün onlarda heç bir boşluq, naqislik yoxdur. Bu hökmlər, qaydalar, qadağalar bunları dərk edə bilməyən insan təfəkküründən çox-çox yüksəkdə durduğu üçün onlara istehza edən insanla aparılan mübahisəyə mütləq son qoyulmalı və o insan tərk edilməlidir. Allahın, o insanın nəisə başa düşüb-düşməməsinə əsla ehtiyacı yoxdur. Əksinə insan özü daim nəyəsə möhtacdır. Uca Allah Qurani kərimdə belə buyurur:

 "[Ya Məhəmməd!] Allahın zatı və sifətləri səndən soruşan müşriklərə] de ki: "[mənim Rəbim olan] O Allah birdir. [heç bir şəriki yoxdur]; Allah [heç kəsə, heç nəyə] möhtac deyildir! [Hamı Ona möhtacdır, O əzəli və əbədidir!] O, nə doğmuş, nə də doğulmuşdur! Allah [Allah özünə heç bir övlad götürməmişdir!] Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!". ("əl-Ixlas" surəsi, 1-4.)

- Elmsiz (cahil) insanlara gəldikdə isə onlarla qəti mübahisə etməmək.
Uca Allah buyurur:

 "Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər!" ("əl-Əraf" surəsi, 199.)

 

Elm öyrənən şəxsin əməllərinə görə özünə
hesabat verməsi

Uca Allahın insanlara bəxş etdiyi xüsusiyyətlər içərisində düşünmək, fikirləşmək, nəticə çıxarmaq kimi keyfiyyətlər də mövcuddur ki, bunlar bir tərəfdən insanı başqa canlılardan fərqləndirir, digər tərəfdən isə insanın özü ilə bağlı məsələlərdə seçim etməsi üçün geniş imkanlar yaradır. Bu xüsusiyyətlər insanın atacağı hər bir addımı əvvəlcə düşünüb ölçüb-biçməsi və sonra isə qərar verməsinə xidmət edir. Bu üstünlüklərə malik canlı, atacağı hər bir addımın, görəcəyi hər bir əməlin Allahın, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - və ən nəhayət yaşadığı ərazidəki mövcud qanunların tələblərinə zidd olub-olmamasının fərqində olmalıdır. Bu barədə Uca Allah belə buyurur:

 "Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin!" ("ən-Nisa" surəsi, 59.)
Uca Allahın bu əmrinin təmin olunması üçün hər bir insan, xüsusilə də elm əhli əməllərinə görə daim özünə hesabat verməlidir. Bu səbəbdən o mütləq münasib vaxt seçməli və özünə qarşı bacardıqca tənqidi mövqe tutmalıdır. Münasib vaxt dedikdə mən gündəlik və illik hesabatın veriləcəyi və şəxsin özü tərəfindən təyin etdiyi vaxtı nəzərdə tuturam. Gündəlik hesabat məsələsinə toxunan məhşur Islam alimi ibn Teymiyyənin tələbəsi olmuş ibn Qeyyim demişdir: "Hər bir insan yatmazdan bir saat əvvəl Allah xatirinə oturub gün ərzində etidiyi yaxşı və pis əməllərinə görə özünə hesabsat verməli, sonra yenidən tövbə edib o halda da yatmalıdır". ("ər-Ruh", 1/345.) Illik hesabata gəldikdə bu elm əhlinin, insanın mövcud təqvimlə ilin tamam olduğu vaxt etdiyi əməllər barəsində öz vicdanı qarşısında verdiyi hesabatlardır. Lakin təssüflər olsun ki, soydaşlarımızın böyük əksəriyyəti təzə ilin astanasında özünə hesabat vermək əvəzinə yeni ilə elə ilk dəqiqələrdən günahla başlayırlar. "Ilin ilk dəqəqələri" Allahın içilməsini qadağan etdiyi şərabla açılır. Görəsən əlinə badə götürüb dostuna nəisə arzulayan soydaşım bu arzunun həyata keçəcəyinə özü inanırmı? Görəsən şərab içən həmvətənlərimin Allahın Qurani Kərimdə buyurduğu:

 "Ey iman gətirənlər! Şərab da (içkidə), qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, şeytan içki və qumarla aramıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?" ("əl-Maidə" surəsi, 90-91.) - əmrindən xəbərləri varmı? Xəbəri olan kəs heç şübhəsiz ki, əldə şərab Allahın adını çəkərək arzular və dualar etməz. Bu dualar istənilən halda qəbul deyildir və onu edənə çoxlu günahlar gətirir. Əslində dünyanın yaranma tarixini Allahdan başqa heç kəs bilməz. Bəs görəsən həmin gecə böyük həyacan və ehtirasla saniyələrin tamam olmasını gözləyən insan doğurdanmı ilin həmin anda dəyişdiyinə əmindir? Gülməlidir, elə deyilmi? Əgər ilin dəyişməsini təntənə ilə qeyd etmək lazım olsaydı bunu insanların ən xeyirlisi və ağıllısı olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - edərdi. Əgər ilin dəyişmə tarixinin bəşəriyyətə məlum olması vacib olsaydı bu barədə ilk xəbər tutan da heç şübhəsiz ki, Allahın elçiləri olardı. Təbii ki, gündəlik qayğılarımız və cəmiyyətin işlərinin tənzimlənməsi üçün müəyyən təqvimə ehtiyac var. Elə məhz zərurət ucbatından da müsəlman təqvimində məhərrəm ayı yeni il kimi tarixə düşdü və bu gün də belədir. Müsəlman təqviminə görə məhərrəm ayı yeni ilə başlanğıcdır. Təbii ki, bu da formaldır. Elə bu səbəbdən də müsəlmanlar bunu bayram etmir. Möminlər isə təbii ki, ötən ilin hesabatı ilə məşğul olur. Başını qaldırıb ulduzlu səmanı seyr edib və bunun boşuna yaradılmadığının fərqində olan insan başqa cür hərəkət edə də bilməz. Çünki yaşanan hər dəqiqənin onu bu ulduzlu səmanın Yaradıcısının hər bir kəs üçün hazırladığı haqq-hesab gününə yaxınlaşdırmasının məsuliyyətini dərk edir. Insanın əməllərinə özünə görə hesabat verməsi həm də arxayınçılıq yaratmamaq üçün bir vasitədir. Islam əqidəsini daşımaq kimi xoşbəxtliyi yaşayan kəs bu işdə tənbəllik etməməlidir. Həqiqi müsəlman daim orta mövqe tutur. Yəni o, nə tam arxayın olur ki, hər şey onun üçün qaydasında olacaq və cənnət əhlindəndir, nə də ki, ümidini üzür ki, nə etsəm də heç bir faydası yoxdur. Həqiqi müsəlman bütün məsələlərdə dəlilə əsaslandığı kimi bu məsələdə də dəlilə əsaslanır. Uca Allah buyurur:

 "Onlar ibadət üçün yataqlarından qalxar [gecələr az yatar], qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən [ehtiyacı olanlara] sərf edərlər". ("əs-Səcdə" surəsi, 16.)
Məni təəccübləndirən bir şey də insanların bəzilərinin "mənim qəlbim təmizdir", "ürəyim Allahla düzdür" ifadələrini çox tez-tez işlətmələridir. Allahın əmrlərini bacardığı qədər yerinə yetirməyən insanın ürəyi Allahla necə düz ola bilər? Əmrləri yerinə yetirmədən də ürəyin Allahla düz olacağını iddia edənlər görəsən hansı sübuta və dəlilə əsaslanırlar? Məgər Uca Allah bu barədə kiməsə vəd verib? Əlbəttə ki, yox. Allaha ən yaxın insan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - idi ki, gecələr namaz qılmaqdan dabanları şişiərdi. Əksinə, Uca Allah insanların bu cürə düşünmələrini yalnız zənn kimi qiymətləndirmiş və onlar üçün şiddətli bir əzab hazırladığını söz vermişdir. Əgər kimsə iddiasında özünü haqlı sayırsa buyursun Qurandan bircə ayə gətirsin. Allah insanlara Onun əmrinə bacardıqları qədər tabe olmağı əmr edib. Fərqli yanaşma olacağı təqdirdə şiddətli bir əzab verəcəyini isə demək olar ki, Quranın hər bir səhifəsində qeyd edib:

 "Məgər mömin kimsə ilə (Allahın ibadətindən çıxmış) fasiq eynidirmi?! Əlbəttə onlar eyni ola bilməzlər! Iman gətirib yaxşı işlər görənləri etdikləri əməl müqabilində qonaq qalacaqları (sakin olacaqları) Məva cənnətləri gözləyir (onlar orada Allahın əbədi qonaqları olacaqlar). Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: "Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!" - deyiləcəkdir. Biz ən böyük əzabdan (axirət əzabından) əvvəl onlara mütləq dünya əzabından daddıracağıq. Bəlkə, (tövbə edib düz yola) qayıdalar!".  ("əs-Səcdə" surəsi, 18-21.)
Qurandakı əs-Səcdə surəsindəki bu ayələrlə Uca Allah Onun əmrlərini yerinə yetirməyənlərə və ən qorxulusu isə axirəti - yəni cənnəti və cəhənnəmi yalan sayanlara şiddətli bir əzab verəcəyini insanlara söz verir. Allah verdiyi vədə xilaf çıxan deyil!
Dəyərli həmvətənlərim, bu ayələri oxuduqdan sonra bu günə qədər yaşadığınız həyatın hesabını aparın! Baxın görün bu sizi qane edirmi? Əgər qane edirsə bu nəticələri şəriətin qanunları ilə tutuşdurun. Unutmayın ki, bu yolda nə isə bir uyğunsuzluqla qarşılaşsanız Allahın razı qalacağı yolu seçin.     
Insanın həddən artıq tərif olunması da arxayınçılığa səbəb olan amillərdəndir. Insanın yaxşı işlərə görə təriflənməsi iki cür nəticə verə bilər. Ya bu tərif onu xeyirxah işlər görməyə sövq edər və beləliklə də Allahın rizasını qazanar, yaxud da arxayınçılıq yaradar, o şəxsi xeyirxah işlərdən yayındırar və beləliklə də Allahın qəzəbinə səbəb olar. Başqa sözlə desək tərif ya insanın imanını və təvəzökarlığını artırır, yaxud da onu azğınlığa, təkəbbürlü olmağa sövq edir. Əbu Bəkr (r.a.) insanların onu ifrat dərəcədə tərif etdiklərini eşitdikdən sonra Allaha yalvarıb demişdir: "Allahım! Sən məni daha yaxşı tanıyırsan və mən də özümü onlara nisbətdə daha yaxşı tanıyıram. Elə isə Sən məni, onların zənn etdiklərindən də yaxşı et, dediklərinə görə məni qınama və onlara məlum olmayan əməllərimə görə də məni bağışla!" ("əz-Zuhd" səh:14.)
Müsəlman bacı və qardaşlarım! Baxın, bu o Əbu Bəkrdir (r.a.) ki, Uca Allah Qurani Kərimdə onu Peyğəmbərin - səllallahu aleyhi və səlləm - dostu ("ət-Tövbə" surəsi, 40.) adlandırıb. Bu o Əbu Bəkrdir (r.a.) ki, hələ sağlığında Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - tərəfindən cənnətlə müjdələnib. Və, ən nəhayət, bu o şəxsdir ki, qədərinə Islamın birinci xəlifəsi olmaq kimi şərəfli bir tale yazılmışdır. Bütün bu sadalanan və sadalamadığımız gözəl xüsusiyyətləri ilə əbu Bəkr (r.a.) sonda hər şeyin yaxşı olacağına arxayın deyildi. Ümidini də üzməmişdi və yalnız Allaha təvəkkül edirdi. Bəs biz necə? Məgər biz onun etdiklərinin heç olmasa yüzdə birini etmişikmi ki, bu qədər arxayın dolanırıq? Yox əlbəttə. Elə isə arxayınçılığı qırağa qoy! Qurtuluş elmdə və yaxşı əməldədir. Bu cür arxayınçılıqdan yaxa qurtarmaq üçün isə aşağıdakılara əməl et;
- sidq-ürəklə Allaha dua et;
- bu mövzu ilə əlaqəli elmi əsərlər oxu;
- elm əhlindən nəsihət istə və onlardan ibrət götür;
- nəsihətlərə laqeyd yanaşma;
- xeyirxah insanlarla yoldaşlıq et.


Quranı öyrənməyin fəziləti

Elmdən söhbət açdıqda bütün elmləri özündə birləşdirən, yeganə təhrifsiz səmavi kitab olan Qur'an haqqında ayrıca danışmamaq, bu ecazkar kitaba xüsusi münasibət ifadə etməmək əsla düz olmazdı. Bu kitab əsrləri aşaraq dövrümüzə qədər təhrifsiz gəlib çıxan və qiyamətə qədər də təhrifsiz qalacaq Ilahi kəlamdır. Quranın ecazkrlığı zaman-zaman minlərlə dahiləri valeh etmiş, bir çoxları onun kimi nə isə yaratmaq istəmiş lakin əziyyətləri boşa çıxmışdır. Bu da təbiidir, çünki Quran bayaq qeyd etdiyim kimi Ilahi kəlamlar toplusudur. Allahın sözünə bərabər söz gətirmək qeyri mümkündür. Bir çox elm sahibləri Qurandakı məlumatlardan faydalanaraq öz elmi fəaliyyətində uğurlar qazanmışlar. Bu səmavi kitabda keçmiş, indiki və gələcək zamanlarda olan hadisələrdən bəhs olunur və zaman keçdikcə, cəmiyyət inkişaf etdikcə bu faktlar öz təsdiqini tapır. Uca Allah bu barədə Öz qullarını hələ on dörd əsr bundan əvvəl xəbərdar etmişdir:

 "Elm verilmiş şəxslər Rəbbindən sənə nazil edilənin [Quranın] haqq olduğunu və onun [möminlərə] yenilməz qüvvət sahibi və hər cür şükrə, tərifə layiq olan Allahın yolunu göstərdiyini görürlər."( "Səba" surəsi, 6.)
Qurana müxtəlif quruluşlarda, siyasi rejimlərdə çox fərqli münasibətlər olub. Elə quruluş olub ki, o dövr alimləri əsərlərinə ön söz kimi məhz Quran ayələrini seçmiş və əksinə elə rejimlər də olub ki, Quranın qiymətini aşağı salmağa cəhdlər göstərib. Məsələn "qırmızı imperiya" dövründə insanların həqiqi Quran elmindən ayrı salınması bu əvəzsiz kitaba layiq olmayan münasibətlərin ortaya çıxması ilə nəticələndi. Millətin əvvəlki illərdə ateist ruhda tərbiyə olunması mənəviyyatımıza öz təsirini göstərmiş və bunun nəticəsində illər ötdükcə xalqımız bu ecazkar kitabdan tədricən uzaq düşməyə başlamışdır. Bunun da nəticəsində şəriətə aid olmayan normalar, bidətlər və bəzi el adətləri dini hökmlər kimi qəbul edilmişdir. Unutmamalıyıq ki, hər bir müsəlman digərlərinin adət-ənənələrinə hikmətlə yanaşmalı, lakin onların Allah tərəfindən təyin olunduğuna əsassız olaraq etiqad etməməlidir. Təbii ki, o dövrdə həqiqətən savadlı, millətini və dinini sevən insanlar da olmuşdur. Lakin onların sayca çox az olması bu mənada müsbət effekt yarada bilməmişdir. Qurandan baxıcılıq və falçılıq kimi Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - haram buyurduğu "peşələrdə" istifadə olunması, bu kitabı oxumaq əvəzinə ya qalın parçalara bükülüb çox gizli yerdə saxlanılması, ya da bəzək əşyası kimi istifadə olunması - bir sözlə onlarla hələ adını çəkmədiyim lüzümsuz hallar, bidətlər və haramların Qurana aid edilməsi kimi hallar - məhz bu dövrün təsiri nəticəsində baş vermişdir. Şükürlər olsun ki, Allahın köməyi və vətənimizin mərd oğullarının səbəbkar olması sayəsində Azərbaycanımız öz müstəqilliyini bərpa etdikdən sonra belə halların qarşısını almağa, milləti bu sahədə maarifləndirməyə də şərait yarandı. Quranı bircə dəfə tərcümədən mütaliə etmiş şəxs bilir ki, bu kitabda kiminsə itmiş inəyi, yoxa çıxmış qohum-əqrəbası və ya hansısa şəxsin keçmiş və ya gələcəkdə olacaq qədəri barəsində heç bir məlumat verilmir.
Qurani Kərim, nazil olmuş bütün səmavi kitabların içərisində ən kamili hesab olunur və öz üstünlükləri ilə digər kitablardan seçilir. Onun əsas məziyyətləri isə aşağıdakılardan ibarətdir:
- Quranın yeganə təhrif olunmamış kitab sayılması. Uca Allah buyurur:

 "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən] qoruyub saxlayacağıq!" ("əl-Hicr" surəsi, 9.)
- Qurana bənzər kitabın yazılmasının mümkün olmaması. Uca Allah buyurur:

 "Əgər bəndəmizə [Məhəmmədə] nazil etdiyimizə [Qurana] şəkkiniz varsa, siz də [fəsahətdə və bəlağətdə] ona bənzər bir surə gətirin və əgər sizin [bu, bəşər kəlamıdır] iddianız doğrudursa, Allahdan savayı bütün şahidlərinizi [bütlərinizi, şair və alimlərinizi] bu işdə köməyə çağırın! Madam ki, belə bir iş bacarmırsınız, heç bacara da bilməzsiniz, o halda kafirlər üçün hazırlanmış, yanacağı [günahkar] insanlardan və kibrit daşlarından ibarət olan oddan [Cəhənnəmdən] həzər edin!" ("əl-Bəqərə" surəsi, 23-24.)

- Quranın sonuncu kitab olması və özündən əvvəlki səmavi kitabları nəsx etməsi. Uca Allah buyurur:

 "Məhəmməd aranızdakı kişilərdən heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir!" ("Əl-Əhzab" surəsi, 40.)
Məhəmməd - səllallahu aleyhi və səlləm - peyğəmbərlərin sonuncusu olduğu üçün ondan sonra qiyamətə qədər ona nazil olanı nəsx edən və ya qüvvədən salan bir kitab olmayacaqdır.
- Bu səmavi kitabda keçmiş, indiki və gələcək zamanlarda olan hadisələrdən, xüsusəndə qeybi məsələlərdən bəhs olunur ki, buna bənzər heç bir kitab, heç bir məxluq (kahinlər, cinlər və s. qeybdən) dəqiq xəbər verə bilməz;
- Quran ən çox oxunan, əzbərlənən, çap olunan, hədiyyə edilən, izah olunan və ən nəhayət ehtiram göstərilən yeganə kitabdır.
Quranı özbaşına oxuyub dərk etmək mümkün deyil. Elə olsa idi Uca Allah Peyğəmbəri - səllallahu aleyhi və səlləm - onu insanlara başa salmaq üçün seçməzdi. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - hədislərini inkar edənlərə Allahın bu ayəsi kifayətdir:

 "Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni izah edəsən və, bəlkə, onlar da düşünüb dərk edələr!" ("ən-Nəhl" surəsi, 44.)
 
Təkcə Quran bizə kifayət etsəydi onu izah edən şəxsə ehtiyac olmazdı və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - onu izah etmədən yalnız təbliğ etmək əmr olunardı. Qeyd etmək lazımdır ki, Quranı lazımı şəkildə öyrənməyənlərin aqibəti çox pis olur.
Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Həqiqətən Allah bu kitabla bir qism insanları ucaldır, digərlərini isə alçaldır". (Muslimin "Səhih" əsəri 1894.)
Quranı başa düşmək, xüsusən də əzbərdən yadda saxlamaq böyük nemətdir və Uca Allah onu yalnız istədiyi bəndələrinə bəxş edir. Bu böyük neməti əldə etmək üçün ilk əvvəl onu sidq-ürəklə Allahdan istəmək, sonra Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - izahlarını diqqətlə oxumaq və başqa mühüm vasitələrdən də istifadə etmək lazımdır. Quranı əzbərləmək üçün mühüm vasitələrdən bəziləri aşağıdakılardır:
 
- bunun üçün müəyyən vaxt ayırmaq;
- əzbərlənən ayələrin oxunuşunu qaridən dinləmək;
- təkrarlamaq üçün müəyyən vaxt ayırmaq;
- ayələri eyni nüsxəli Qurandan əzbərləmək;
- fürsət əldə etdikcə ayələri təkrar etmək;
- günahlardan çəkinmək;
- Allahın mərhəmətindən ümidü üzməmək:
- yeni əzbərlənən ayələri namazlarda oxumaq;
- ayənin mənasını anlamaq üçün onun təfsirini oxumaq;
- ilk dəfədən çox əzbərləməklə beyni yormamaq;
Əbu Əbdürrəhman əs-Suləmi rəvayət edir ki, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - səhabələri Qurandan on ayə öyrənib ona əməl etməyincə növbəti ayələri öyrənməzdilər" ("ibn Kəsirin təfsiri" 1/2.)
- daima aşağıdakı hədis haqqında düşünmək.
Osman ibn Affan (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Sizin ən xeyirliniz Quranı öyrənən və (onu insanlara) öyrədəndir!" (Buxarinin "Səhih" əsəri 5027.)
Hər bir müsəlman Qurandan əzbərlədiyini gecə namazında təkrarlayarsa, Allahın izni ilə o ayələr onun yadından heç zaman çıxmaz. Doğrudan da gecə namazı fərz namazlarından sonra ən əfzəl namaz hesab olunur. Gecə namazı ilə əlaqəli neçə-neçə əsərlər yazılmış və onun fəziləti haqqında varid olan hədislər orada açıqlanmışdır ki, onlardan bəzilərini oxucularımıza təqdim edirik.

- Fərz namazlarından sonra ən əfzəl namaz hesab olunması;
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - " fərz namazlarından sonra hansı namazın ən əfzəl sayılması" barəsində soruşdular və o dedi: "Fərz namazlarından sonra ən əfzəl sayılan namaz gecə qılınan namazdır!" (Muslimin "Səhih" əsəri 2748.)
- Möminin şərəfi olması;
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Möminin şərəfi gecə namazını qılmasındadırÅ"  ("Silsilətu-l-əhadisi-sahihə" 1903, "Səhihu-l-cami" 3710. [Hədis həsəndir])
- Saleh insanların adətlərindən hesab olunması;
- Insanı Allaha yaxınlaşdıran vasitələrdən olması;
- Insanı pis əməllərdən çəkindirən amil olması;
- Kiçik günahları silən amil olması;
- Bədən xəstəliklərini (keylik, ölüvaylıq, tənbəllik və s.) aradan qaldıran amil olması;
Bilal (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Gecə namazı qılın! Həqiqətən o, sizdən əvvəlki saleh insanların adətlərindən, Allaha yaxınlaşdıran vasitələrdən, pis əməllərdən çəkindirən, kiçik günahları silən və bədən xəstəliklərini aradan qalldıran amillərdəndir!" ("Səhihu-l-cami" 4079; "Irvau-l--alil" 452.)
- Peyğəmbərin - səllallahu aleyhi və səlləm - Mədinə əhlinə tövsiyə etdiyi ilk nəsihətlərdən olması;
Abdullah ibn Salam (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Mədinəyə gəldikdə insanlar "Allahın elçisi gəlib, Allahın elçisi gəlib!" - deyə tələm-tələsik onun yanına getdilər. Mən də onlarla bərabər Peyğəmbərin - səllallahu aleyhi və səlləm - yanına getdim. Mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - üzünə baxan kimi onun yalançı olmadığını başa düşdüm. Onun Mədinə əhlinə tövsiyə etdiyi ilk nəsihəti belə oldu: "Ey insanlar! Salamı yayın, kasıbları yedizdirin, insanlar yatan zaman namaz qılın və beləliklə də Cənnətə daxil olun!" ("Sünənu-t-Tirmizi" 2490.) 
- Gizlində qılındığı üçün savabının daha çox olması;
Suheyb (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Kişinin (və ya qadının) gizlində qıldığı nafilə namazının savabı, insanlar arasında qıldığı nafilə namazından iyirmi beş dəfə artıqdır."  ("Səhihu-l-cami" 3821.)
- Bu namazın, Allahın dünya səmasına (keyfiyyəti bizə məlum olmayan halda) nüzul etdiyi zaman qılınması;
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Uca Rəbbimiz gecənin axır üçdə birində dünya səmasına nüzul edir və deyir: Mənə dua edənin duasını qəbul edərəm, istədiyini verərəm, bağışlanma diləyəni də bağışlayaram!" (Buxarinin "Səhih" əsəri 1145.)
- Dərəcələrin (savabların) artmasına səbəb olması;
- Xeyir qapılarından bir qapı olması;
Muaz ibn Cəbəl (r.a.) rəvayət edir: "Mən Peyğəmbərə - səllallahu aleyhi və səlləm - dedim: Ey Allahın elçisi! Cənnətə daxil edən, Cəhənnəmdən uzaqlaşdıran bir əməli mənə öyrət! O dedi: Sən çətin şey haqqında soruşdun, lakin o, Allahın istədiyi bəndəsi üçün sadələşdirdiyi asan əməldir. Allaha ibadət et və ona heç kəsi şərik qoşma! Namaz qıl, zəkat ver, oruc tut və Allahın evini ziyarət et! Istəyirsən sənə xeyir qapılarını göstərim? Oruc (pis əməllərə qarşı müqavimət göstərən bir) qaladır. Sədəqə su odu söndürdüyü kimi, günahları silir. Həmçinin kişinin (və ya qadının) gecə qıldığı nafilə namazı da (bu qapılardandır) deyib bu ayələri oxudu:

"Onlar ibadət üçün yataqlarından qalxar, qorxu və ümid içində [Allahın əzabından qorxaraq, mərhəmətinə ümid bəsləyərək] Rəbbinə dua edər və onlara verdiyimiz ruzilərdən [ehtiyacı olanlara] sərf edərlər. Etdikləri əməllərin mükafatı olaraq [Allah dərgahında] möminlər üçün göz oxşayan [onları sevindirəcək] nə cür nemətlər gizlənib saxlandığını heç kəs bilməz!" ("əs-Səcdə" surəsi, 16-17.) Å" ("Müsnəd" 5/230, "Sünənu-t-Tirmizi" 2616.)
Lakin qeyd etmək lazımdır ki, gecə namazını qılmaq üçün şirin yuxudan oyanmaq çox çətindir. Elə isə nəfsimizlə mübarizə aparmaq üçün aşağıdakı amillərdən istifadə edək:
- Gecə namazını qılmaq üçün səmimi qəlbdən Allaha dua etmək;
- Fərz namazlarını vaxtında qılmaq;
- Işa namazından sonra məşğuliyyət olmadığı halda vaxtında yatmaq;
- Günortalar dincəlmək;
- Pis əməllərdən çəkinmək;
- Nəfslə mübarizə aparmaq və bu gözəl əməli sonraya saxlamamaq;
- Zəngli saat və s. bu kimi vasitələrdən istifadə etmək.
- Daima aşağıdakı hədis haqqında düşünmək.
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Uca Rəbbimiz gecənin axır üçdə birində dünya səmasına nüzul edir və deyir: Mənə dua edənin duasını qəbul edərəm, istədiyini verərəm, bağışlanma diləyəni də bağışlayaram!" (Buxarinin "Səhih" əsəri 1145.)
Gecə namazını qılmağın əsas faydaları bunlardır:
- hafizənin qüvvətlənməsi;
- Fəcr namazının vaxtında qılınmasına səbəb olması;
- gecə namazı qılanın əvvəlki saleh insanlara oxşaması.

 

Elm əhlindən nümunələr və sələfin (keçmiş nəslin) bir-birinə olan münasibəti

Müsəlman bacı və qardaşlarım! Kitabın bu bölməsində elm əhlindən bizə gəlib çatan və onlara aid bəzi xüsusiyyətləri, bizdən öncə yaşamış və Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsinə (yoluna) daim sadiq olmuş sələflərimizə (keçmiş nəslə) aid misalları nəzərinizə çatdırmaq istəyirəm. Onların bir-birinə olan münasibəti Islam mühitinin insana təsirinin bariz nümunəsidir. Onların təvəzökarlığına, mərdliyinə və mədəniyyətinə qibtə etməmək mümkün deyil. Başqa cür ola da bilməzdi. Çünki, onlar Islam kimi əzəmətli dinin təmsilçiləri idi. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - gətirdiyi şəriətə daim diqqət və ehtiram göstərən bu sələflər tarixdə iz qoymuş, Allahın razılığını və iman sahiblərinin məhəbbətini qazanmış insanlar kimi bu gün də xatırlanılır. Yaranmışların ən şərəflisi, Allahın seçdiyi, insanların böyük əksəriyyətinin seçdiyi və hamıya nümunə Məhəmməd Peyğəmbərin - səllallahu aleyhi və səlləm - olması Quran və mötəbər hədislərlə sabitdir. Həmçinin onun ümməti, insanlar arasına çıxarılmış ən xeyirli ümmətdir. Uca Allah buyurur:

 "Siz insanlar üçün çıxarılmış ən yaxşı ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha inanırsınz. Əgər kitab əhli də [sizin kimi] iman gətirsəydi, əlbəttə, onlar üçün yaxşı olardı." ("Ali Imran" surəsi, 110.)
- Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri otuz min səhifədən ibarət təfsir (və ya tarix) kitabı yazmış, tələbələrinin narazıçılığından sonra isə onu üç min səhifəyə qədər azaltmış və demişdir: "Allahu Əkbər! Məhv oldu elm öyrənmək üçün göstərilən səy!" ("Təzkiratu-l-huffaz" 2/712.)
- Ibn Teymiyyə demişdir: "Həqiqətən səhabələr Allahın sifətləri ilə əlaqəli olan ayə və hədislərə istədikləri kimi məna verməmişlər. Onlardan rəvayət olunan hədislərə və təfsirlərə baxdım, yüzdən çox təfsir kitablarını araşdırdım və onlardan hər birinin Allahın sifətləri ilə əlaqəli olan ayə və hədislərə istədiyi kimi məna vermədiyinin şahidi oldum". ("ən-Nur" surəsinin təfsiri, səh: 210.)
- Zəhəbi rəvayət edir ki, əl-Bərzali mənim xəttimi görüb dedi: "Həqiqətən sənin xəttin mühəddislərin (hədis alimlərinin) xəttinə oxşayır". Bununla da Allah hədis elmini mənə sevdirdi. ("Siyəru aləmu-n-nubələ", 1/36.)

Doğrudan da, Zəhəbi böyük hədis alimlərindən sayılır.
- Hədis elmində şeyxu-l-islam sayılan Əhməd ibn Həcər əl-Əsqalani qiymətli əsərlərin müəllifidir. Ən məhşur kitabı isə "Fəthu-l-Bari" adlı Səhihu-l-Buxarinin şərhidir. Ibn Xaldun demişdir: "Səhihu-l-Buxarini şərh etmək ümmətin boynunda qalan haqdır". Əbu-l-Xeyr əs-Səxavi demişdir: "Əgər ibn Xaldun, ibn Həcərin şərhini görsə idi gözləri yaşla dolardı və görərdi ki, həqiqətən ümmətin haqqı lazımınca ödəndi". ("Siratu-l-imamu-l-Buxari" səh:123.)
- əl-Muzəni üsuli fiqh elminə aid Şafeinin "Risalə" kitabını əlli dəfə oxmuşdur. ("Muqəddimətu-r-risalə" səh:4.)
- Əbu-l-Huseyn əl-Əsədi əlli il insanlara elm öyrətmişdir. ("Təhzibu-t-təhzib" 7/127.)
- Həmədan ibn Hani rəvayət edir ki; "Mən qrammatikadan başa düşmədiyim bir fəsli başa düşmək üçün səkkiz min dirhəm xərclədim".
- Zəhəbi rəvayət edir ki, Zeyd ibnu-l-Həsən əl-Kindi on yaşında on növ qiraətlə əzbərdən Quran oxuyurdu. ("Mərifətu-l-qurrau-l-kibar" 2/468.)
- Nueym əl-Mucmir iyirmi il ardıcıl olaraq Əbu Hureyrənin yanında dərs alıb. ("Siyəru aləmu-n-nubələ", 5/227.)
- Abdullah ibn Nafi otuz beş il imam Malikin yanında dərs alıb. ("Siyəru aləmu-n-nubələ", 8/108.)
- Ismail əl-Curcani hər gecə diqqətlə doxsan səhifə yazardı. Zəhəbi deyir ki; "O, bu minvalla bir həftə ərzində "Səhih Muslimi" yaza bilərdi. ("Siyəru aləmu-n-nubələ", 13/54.)
- ibn Əbdürrəhman rəvayət edir ki; "Mən Quranın erabını (qrammatik təhlilini) qırx və ya qırx beş ilə öyrəndim. ("ət-Tarixu-l-kəbir" 3/82.)
- Malik rəvayət edir ki, "Əbu Bəkrin (r.a.) xilafəti dövründə bir kişi yuxuda görür ki, artıq qiyamət qopub, insanlar məhşərə toplanıblar və Ömər ibnu-l-Xattab (r.a.) da onların arasında fəzilət və şərəflə seçilir. O deyir ki, "Mən soruşdum: Nəyə görə Ömər ibnu-l-Xattab (r.a.) onların arasında fəzilət və şərəflə seçilir? Mənə deyildi ki, bu fəzilət onun xəlifə və şəhid olmasına, həmçinin Allah xatirinə heç bir tənə və məzəmmətdən qorxmadığına görədir." Yuxudan oyandıqdan sonra kişi gedib yuxusunu Ömərə (r.a.) danışdı. Bu vaxt Ömər (r.a.) Əbu Bəkr (r.a.) ilə bir məclisdə idi. O, kişinin röyasını dinlədikdən sonra ona məclisi tərk etməyi əmr etdi. Əbu Bəkrin (r.a.) vəfatından sonra xilafətə gəldikdə isə onu çağırıb röyasını təkrar danışmağı ona əmr etdi. Kişi təəccüblə dedi: "Məgər sən o zaman mənim dedikilərimi rədd etmədinmi?" Ömər (r.a.) dedi: "Məgər sən, Əbu Bəkr (r.a.) iştirak edən məclisdə mənim fəzilətimdən danışmağa utanmadınmı?!" ("əl-Mudəvvənətu-l-kubra" 1/304-305.)
- Əli bin Əbu Talib (r.a.) Kufə məscidində xütbə verdiyi zaman demişdir: "Ey insanlar! Osmanın əleyhinə danışırsınız, lakin həqiqətən, mən və Osman Allahın müjdələdiyi müsəlmanlardanıq" - deyib bu ayəni oxudu:

 "Biz onların ürəklərindəki kin-küdurəti çıxarıb atdıq. Onlar qardaş olub taxt üstündə qarşı-qarşıya əyləşərlər."( "əl-Hicr" surəsi, 47-ci ayə.)
- Ibn Əbi-d-Dunya rəvayət edir ki, Səd (r.a.) və Xalidin (r.a.) arasına ixtilaf düşür. Bir nəfər Sədin (r.a.) yanına gəlib Xalidi (r.a.) məzəmmət edir. Bunu eşidən Səd (r.a.) ona susmağı əmr edir və deyir: "Bizim aramıza düşən ixtilafın dinimizə heç bir aidiyyəti yoxdur." ("əs-Samt və hifzu-l-lisan" səh:137.)
- Yunus əs-Sədəfi rəvayət edir ki, "Bir məsələdə mənimlə imam Şafei arasında fikir ayrılığı var idi. Bir gün biz rastlaşdıq və o mənim əlimdən tutub dedi: "Ey Yunus! Məgər bizim aramızda olan fikir ayrılığı qardaş olmağımıza mane ola bilərmi?" Doğrudan da mən ondan ağıllısını görmədim." ("Siyəru aləmu-n-nubələ", 10/16.)
- Əhməd ibn Hənbəl məclislərin birində Şafeinin fəzilətini, əxlaqını xüsusən vurğuladı, onu təriflədi və onun üçün dua etdi. Məclisdə iştirak edənlirin bəziləri ona xəbər verdi ki, bir neçə alim Şafeini məzəmmət edir. Əhməd ibn Hənbəl dərhal məsələnin nə yerdə olduğunu başa düşüb dedi: "Bilin ki, Uca Allah hər hansı bir şəxsə elm bəxş edib həmkarlarını bundan məhrum etdikdə onlar ona həsəd aparar və onun haqqında olmayan şeylər danışarlar. Elm əhlində olan bu xislət nə pisdir!" ("Siyəru aləmu-n-nubələ", 10/45-58.)
- Bir nəfər ibn Teymiyyəni sevindirmək üçün düşmənlərindən birinin ölüm xəbərini müjdə olaraq ona xəbər verdi. Lakin ibn Teymiyyə qəzəbləndi və onu məzəmmət edərək buyurdu: "Müsəlmanın ölümünə sevinirsən?! Buna nə Allah, nə də qəlbində islama və müsəlmanlara məhəbbət olan şəxs sevinməz!" Sonra ibn Teymiyyə ölən şəxsin əhli-əyalının yanına getdi və dedi: "Bu gündən etibarən mən sizin valideyninizəm!" ("Məalimu fi tariqi taləbi-l-elm" səh:107.) - (yəni, hər bir ehtiyacınızı ödəməyə hazıram.)
- Zəhəbi rəvayət edir ki, Məhəmməd ibn Səlləm və Əbu Həfsin arasında olan fikir ayrılığına baxmayaraq onlar bir-birini çox sevir və çox mehriban münasibətdə idilər." ("Siyəru aləmu-n-nubələ", 10/630.)
- Süfyan ibn Uyeynə Misirin şeyxi ibn Vahb ilə bir məclisdə ikən ondan bir məsələ barəsində soruşdular. O, bu məsələ barəsində məclisdə iştirak edən ibn Vahbdan soruşmağı məsləhət bilib dedi: "Bu şeyx Misir alimidir və sizin sualınıza da lazımi cavabı o verəcək." ("Siyəru aləmu-n-nubələ", 9/233.)
- Qrammatika üzrə böyük alimlərdən sayılan əl-Əxfəş, Siybaveyhdən yaşlı olmağına baxmayaraq uzun müddət ondan dərs almışdır ki, bu da onun təvəzökarlığına və elmə olan hərisliyinə dəlalət edir. ("Siyəru aləmu-n-nubələ", 10/206.)
- Sələmə deyir ki, "Mən Fərraya təəccüb edirəm ki, o, Kisaidən yaşda böyük, elmdə də üstün olmağına baxmayaraq onu çox tərifləyib ucaldır" ("Məalimu fi tariqi taləbi-l-elm" səh:107.)
- Məkkə alimlərindən olan Vakiy ibnu-l-Cərrah Peyğəmbərin - səllallahu aleyhi və səlləm - vəfatı ilə bağlı hədis rəvayət edir və bu hədis bir çoxlarının, xüsusən də Haşimilərin ona qarşı çıxmağına səbəb olur. Onlar Məkkənin əmirinə şikayət edirlər və o da Vakiy ibnu-l-Cərrahı zindana salır. Onun haqqında yayılan şayiələr Süfyan əs-Səuriyə də gəlib çatır. Onunla Vakiy ibnu-l-Cərrah arsında mövcud olan fikir ayrılığına məhəl qoymayan Süfyan əs-Səuri əmirin yanına gəlib ona Vakiy ibnu-l-Cərrahın insanlar arasında olan hörmətini xatırladır və onu azad etməsini nəsihət edir. Əmir də öz növbəsində Süfyan əs-Səurinin nəsihətini qəbul edir və onu azad edir. ("Siyəru aləmu-n-nubələ", 9/159.)
- Əhməd ibn Hənbəl, Ishaq ibn Rahaveyhi tərifləyib demişdir: "Ishaqın mislində Xorasana qədər körpü salınmamışdır (onun kimisi gəlməmişdir.) Onunla bizim aramızda olan fikir ayrılığı isə, insanlar (alimlər) arsında hər zaman mövcud olan fikir ayrılığı kimidir. ("Siyəru aləmu-n-nubələ", 11/371.)
- Əhməd ibn Hənbəl və ustadı Ismail ibn Uleyyə elm məclisində iştirak edirdilər. Ismail ibn Uleyyə öz tələbəsinin elmini yüksək qiymətləndirdiyi üçün, camata namaz qıldırmağı ona təklif etdi. ("Siyəru aləmu-n-nubələ", 11/194.)
Yuxarıda qeyd olunan misallardan açıq aydın görünür ki, sələf bir-birinə qarşı çox mehriban və alicənab olmuşlar. Doğrudan da, bu xislət həqiqi müsəlmana yaraşan bir xislətdir. Uca Allah buyurur:

 "Yaxşılıqla pislik eyni ola bilməz! Sən pisliyi yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən!" ("Fussilət" surəsi, 34.)

 "Məhəmməd Allahın elçisidir. Onunla birlikdə olanlar [möminlər] kafirlərə qarşı sərt, bir-birinə [öz aralarında] isə mərhəmətlidirlər." ("əl-Fəth" surəsi, 29.)

Tövsiyələr

Müsəlman sözü dilə gələn kimi əxlaq anlayışının da ondan uzaq olmaması fikri, o an təsəvvürümüzdə canlanır. Əgər hansısa bir müsəlman adlandırılan şəxs bu anlayışdan uzaqdırsa bu onun sadəcə coğrafi müsəlman olması ilə bağlıdır. Əlbəttə ki, mən coğrafi müsəlman anlayışını bəzi həmvətənlərimə aid etmək istəməzdim. Lakin hər şey mənim istəyim ilə bağlı deyildir. Uca Allah insanları həm ruzi, həm əxlaq, həm davranış və s. baxımdan fərqli yaradıb. Bütün insanlar dünya imtahanlarının tərkib hissəsidir. Əxlaqın tərkibinə aid bir məsələ də nəsihətdir. Nəsihətə qulaq asmaq isə məhz müsəlmana xas xüsusiyyətdir. Bu məsələlərə əvvəlki bölmələrdə toxunmuşam. Indi isə kitabın bu sonuncu bölməsində bəzi tövsiyələri sizin nəzərinizə çatdırmaq istərdim. Inanıram ki, təvəzökarlıq nümayiş etdirərək onları qiymətləndirəcək və həyatınıza tətbiq edəcəksiniz.

* Oxumaqla əlaqəli faydalı məsələlər;

- Elm öyrənməyə rəğbətləndirən kitablar oxumaq;
- Elm əhlinin tərcümeyi-halını oxumaq;
- Kitabın içndəki faydaları ayrıca kitabın arxasına qeyd etmək;
- Kitablarda olan mühüm faydaları müəyyən bir yerə qeyd etmək;
- Mərasimlərdən (oruc, qurban və s.) bir müddət əvvəl onlarla əlaqəli mövzuları oxumaq;
- Mühüm məsələlərlə əlaqəli kitablar almağa daha çox səy göstərmək;
- Çətin başa düşülən kitabları və ya mövzuları başa düşmək üçün bir neçə dəfə təkrar oxumaq;
- Oxumaq üçün ayrıca vaxt təyin etmək;
- Kitab aldıqda onu vərəqləyib naqis olub-olmadığını yoxlamaq;
- Kitabı diqqəti yayındıran şeylərdən kənarda oxumaq.

* Elm öyrənən şəxsin kitab aldıqda və verdikdə riayət edəcəyi qaydalar;

Hər bir işin qayda-qanunu olduğu kimi, bu işin də öz prinsipləri mövcuddur. Elə isə hər bir elm öyrənən şəxs bilməlidir ki, kitab alıb-vermək özü də bir elmdir və bunun da öz əsasları vardır. Bu əsasları lazımınca yerinə yetirməmək isə kitablardan düzgün istifadə etməmək və onları itirməklə nəticələnir. Elə buna görə də oxucuların kitablardan düzgün istifadə etməsi üçün bu kitabda həmin qaydaları qeyd etmək münasibdir. Bu qaydalar aşağıdakılardır:
- kitabı, şkafın rəflərini doldurmaq və bunula da fəxr etmək niyyəti ilə almamaq;
- kitab aldıqda, onu oxumuş və ya kitab haqqında məlumatı olan şəxslə məsləhətləşmək;
- kitabın bir neçə şərhi varsa, bu şərhlər barəsində məlumatı olan şəxslə məsləhətləşib ən yaxşı şərhi almaq;
- kitab bir neçə dəfə çap olunubsa axırıncı dəfə çap olunmuş nüsxəni almaq;
- kitabın tədqiq olunmuş nüsxəsi varsa yalnız onu almaq;
- alınan kitabı dərhal vərəqləmək və onun naqis olub olmadığını yoxlamaq;
- alınan kitabın müqəddiməsinə və mündəricatına nəzər salıb içində olan mövzularla tanış olmaq;
- kitabı sərfəli qiymətə almaq üçün, satılan bütün yerlərdən onun qiymətini öyrənmək;
- alınan kitabı bəyənmədikdə onu yerinə qoymaq və hara gəldi atmamaq;
- alınan kitabı bəyənmədikdə onu başqalarına pisləməmək (bidət olan kitablardan başqa);
- yalnız kitabın həqiqi naqisliyini həm satana, həm də alana bəyan etmək;
- kitabı yalnız oxuyub faydalanmaq və ondan lazımi qədər məlumat əldə etmək istəyən şəxsə vermək;
- kitabın sahibinin ona ehtiyacı olduğu zaman, ondan kitabı istəməmək;
- kitabı yalnız onun qədrini bilən, öz kitabı kimi qoruyub saxlayan layiqli şəxsə vermək;
- kitab verilən şəxsə, onu qorumağı tövsiyə etmək;
- kitab iki nüsxədən ibarətdirsə, onun yaxşı nüsxəsini verməmək;
- kitabın içində olan lazımi məlumatları qeyd etməmiş onu başqasına verməmək;
- verilmiş kitabları unutmamaq üçün onların adlarını bir yerə qeyd etmək;
- kitabı qorumayan və ya vaxtından gec qaytaran şəxsə bir daha kitab verməmək.
- kitabı qaytardıqda onun sahibinə təşəkkür etmək;

* Ümumi tövsiyələr

Hər bir elm öyrənən şəxs bilməlidir ki, öyrəndiyi elmə əməl etməsə gec-tez öyrəndiklərini unudacaq və çəkdiyi əziyyətlər puç olacaq. Elə buna görə də o ilk əvvəl bizi yaradan Uca Allahın bu barədə buyuruqlarına nəzər salmalı sonra da, bu sahədə təcrübəsi olan alimlərə müraciət etməlidir. Bütün bunları araşdıran şəxs görər ki, Uca Allah öyrəndiyimiz faydalı elmi tətbiq etməyi və bu sahədə təcrübəsi olan alimlərə müraciət etməyi bizə əmr etmişdir. Lakin, O, bundan başqa həmdə onu tövsiyə edərək (məcbur etmədən) insanlara öyrətməyimizi də bizə buyurmuşdur. Biz yalnız bizi özümüzdən də yaxşı tanıyan Yaradanmızın əmrlərini yerinə yetirməklə müvəffəqiyyətlər əldə edə bilərik. Uca Allah buyurur:

 "And olsun axşam çağına [ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə] ki, insan [ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla] ziyan içindədir! Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! [Belələri Cənnətə nail olub əbədi səadətə qovuşanlardır!]" ("əl-Əsr" surəsi.)
Ayədən göründüyü kimi, hər bir faydalı elm öyrənən şəxs, öyrəndiyi elmə əməl etdikdən sonra mütləq onu (o elmə marağı olanlara) öyrətməlidir ki, həmən elm sahəsində təcrübəsi artsın. Xüsusən də, o, din sahəsində öyrənilən ayə və mötəbər hədisləri başqalarına hikmətlə təbliğ etməklə Allahın əmrini yerinə yetirmiş və Cənnətə nail olub əbədi səadətə qovuşmuş insanlardan ola bilər. Aşağıdakı tövsiyələri oxuyub onlara əməl etməkdə Uca Allah bizə yardım etsin!
- elmi, səmimi qəlblə, Allah xatirinə öyrənmək;
- elmlə və onun fəziləti ilə əlaqəli kitablar oxumaq;
- elmə ömürlərini sərf etmiş alimlərin tərcümeyi-halını oxuyub onların həyat tərzi ilə tanış olmaq;
- elm öyrənməyə təzə qədəm qoymuş və ya başqa elmi sahə ilə məşğul olmaq istəyən hər bir şəxsə, öyrənilən sahənin ilk mərhələsindən başlamaq;
- özünü başqalarından üstün sayıb hər şeyi bilən kimi göstərməmək.
- Allahı xatırlamazdan öncə Ona həmd-səna etmək və şəninə təriflər demək;
- Məhəmməd Peyğəmbəri xatırladıqda "səllallahu əleyhi (və alə alihi) və səlləm" (Allahın salamı və xeyir-bərəkəti onun (və ailəsinin) üzərinə olsun!) demək;
- digər Peyğəmbəri xatırladıqda "əleyhissəlam" (Allahın salamı onun üzərinə olsun!) demək;
- səhabəni xatırladıqda "radıyallahu anhu (anhə)" (Allah ondan razı olsun!) demək;
- vəfat etmiş müsəlman alimini xatırladıqda "rahiməhullah" (Allah ona rəhmət etsin!) demək;
- sağ olan (kafir, müşrik olmayan) müsəlman alimini xatırladıqda "hafizəhullah" (Allah onu qorusun!) demək;
- hər hansı bir məlumatı qeyd etdikdə onun mənbəyini dəqiqləşdirib sonra qəti söz demək və əsassız (havadan) danışmamaq;
- istənilən məlumatın doğru olub-olmadığını tədqiq etmək;
- hörmət qazanmaq üçün başqa alimin dediyini öz adından insanlar arasında yaymamaq;
- başqalarının dediklərində fayda azda olsa belə onlara qarşı əxlaqsızlıq göstərməmək;
- həqiqəti gizlətməmək;
- haqqa batil donu geyindirmək üçün zəif və ya uydurma xəbərlərdən sitat gətirməmək;
- yalnız tədqiq edib araşdırdıqdan sonra hər hansı bir məlumatı zəif və ya uydurma hesab etmək;
- soruşulan məsələlərə səhlənkar yanaşmamaq və imkan daxilində araşdırıb suallara cavab tapmaq;
- mühüm məsələləri və sairə faydalı söhbətləri qeyd etmək üçün balaca dəftərçə götürmək;
- çox vaxt insanların təlabətı ilə əlaqəli şəriət və qeyri şəriət məsələlərini araşdırmaq;
- faydasız işlərlə (haram olmasa da belə) vaxtı bihudə keçirməmək;
- ikinci planda olan işləri sonraya saxlamaqla ən əfzəl işlərlə məşğul olmaq;
- kitabxanaları gəzmək və nadir kitablardan maksimum istifadə emək;
- danışıq zamanı bir-birinə oxşar elmi, istilahi kəlmələr istifadə etməklə dinləyiciləri çaşdırmamaq;
- qəliz kəlmələrin mənasını, dinləyiciləri başa salmaq üçün araşdırıb öyrənmək;
- məsələni tez-tələsik başa düşməyə və ya başa salmağa çalışmamaq;
- hər hansı bir hökmü inkar etməyə tələsməmək;
- Quran ayələrini və Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hədislərini ərəbcə əzbərdən dedikdə xətalara yol verməmək;
- Peyğəmbərin - səllallahu aleyhi və səlləm - hədislərini məna ilə rəvayət etdikdə onu bəyan etmək;
- nitq söylədikdə şirkə və ya küfrə gətirib çıxaran kəlmələr istifadə etməmək;
- başqalarının verdiyi ağıllı nəsihətləri səmimiyyətlə qəbul etmək və onları təhqir etməmək;
- tövsiyələri qəbul edənlərin sayının az olmasına görə məyus olmamaq və yalnız Allaha təvəkkül etmək;
- elm öyrəndikdə, diqqəti yayındıran başqa işlərlə məşğul olmamaq;
- dini işlərdə şəriət tərəfindən qadağan olunmuş, dünyəvi işlərdə isə dövlət tərəfindən qadağan olunmuş işlərdən çəkinmək;
- eyni vaxtda bir neçə kitab oxumamaq;
- əsassız danışmaqdan həzər etmək;
- cahil, savadsız insanların dediyi əsassız böhtənlara idtihamlara məhəl qoymamaq;
- Allahdan ümidi üzməmək və elm öyrənməyin artıq gec olduğunu zənn etməmək;
- hər dəfə hər hansı bir məsələni araşdırmağa başlamazdan əvvəl Uca Allaha dua edib haqqı ona göstərməsini Ondan istəmək.

 

SON SÖZ

     Bu risaləni yalnız şəriksiz Allahın köməyi ilə bitirdim. Ümidvaram ki, gənclərimiz buradakı ayə, hədis və rəvayətlərə laqeyid olmayacaq, kitabda Quran ayələri isitifadə olunduğu üçün onu natəmiz yerə atmayacaqlar və ən nəhayət Allah və Onun Rəsulunun - səllallahu aleyhi və səlləm - əmr və tövsiyələrini heç bir sıxıntı duymadan həyatlarına tətbiq edəcəklər. Inanıram ki, bu kitabı oxuyan müsəlman bacı və qardaşlarım elmə daim can atacaq və yalnız xeyirli işlər görməyə çalışacaqdır. Lakin cəmiyyətdə yanlış olaraq belə bir fikir yayılıb ki, guya Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - bizə gəlib çatan hansısa bir hədisdə o - səllallahu aleyhi və səlləm - bir gün elm öyrənməyi altmış il ibadətdən üstün olduğunu bildirib. Qeyd edim ki, bu da uydurma hədisdir. Çünki bu "hədis" Qurani kərimdəki yüzlərlə ayələrə və Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - rəvayət olunan mötəbər hədislərə bir başa ziddir. Unutmayaq ki, Uca Allahın heç nəyə ehtiyacı olmadığı halda biz Ona daim möhtacıq. Son dönüş isə heç şübhəsiz ki, aləmlərin Rəbbi və yenilməz qüdərət və qüvvət sahibi olan Allahadır. Kitabı Uca Allahın kəlamı ilə başladığım üçün Onun kəlamı ilə də bitirirəm:

    "Biz bu məsəllləri insanlar üçün çəkirik. Onları yalnız haqqı bilənlər anlayarlar". ("əl-Ənkəbut" surəsi, 43.)

 

KITABDA ISTIFADƏ OLUNAN ƏDƏBIYYAT

əl-Qur'anu-l-Kərim;
Qur'an. [Z.Bünyadov; V.Məmmədəliyevin tərcüməsində];
Albani. "Irvau-l-Ğalil";
Albani. "Səhihu-l-cami";
Albani. "Silsilətu-l-əhadisi-sahihə";
Buxari. "Səhih";
Əbdül-Əziz. "Məalim fi tariq taləbil-elm";
Əbu Davud. "Sünən";
Əhvədi. "Cami-cəm";
Əhməd. "Müsnəd";
Ibn Abdi-l-Bər. "Cami bəyanul-elm və fədlihi";
Ibn Həcər. "Təhzibu-t-təhzib";
Ibn Həcər. "Fəthu-l-Bari"; 
Ibn Kəsir. "Təfsir ibn Kəsir";
Ibnu-l-Qeyyim. "Ruh";
Ibnu-l-Qeyyim. "Miftahu-d-daru-s-səadə";
Ibnu-l-Mübarək. "Zuhd";
Nəvəvi. "Şərhu Səhih-Muslim";
Nəvəvi. "əl-Məcmu şərhul-muhəzzəb";
Nizami Gəncəvi. "Iskəndərnamə";
Nizami Gəncəvi. "Xosrov və Şirin";
Nizami Gəncəvi. "Leyli və Məcnun";
Nizami Gəncəvi. "Yeddi gözəl";
Şafei. "Risalə";
Muslim. "Səhih";
Tirmizi. "Sünən";
Zəhəbi. "Siyəru aləmu-n-nubələ";
Zəhəbi. "Təzkiratu-l-huffaz";
Zəhəbi. "Mərifətu-l-qurrau-l-kibar";

 

Geri
www.azerislam.com

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111