AZERI
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم

Əlixan MUSAYEV
Mədinə Şəhəri Beynəlxalq
Islam Universitetinin mə'zunu



ELMIN FƏZILƏTI




MÜQƏDDIMƏ

Şükr və tərif Allaha məxsusdur, biz Ona şükr edirik, Onu tərif edirik, Onu köməyə çağırırıq, Ondan bağışlanma diləyirik, nəfslərimizin şərindən və pis əməllərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdırdığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Mən şahidlik edirəm ki, Allahdan başqa ibadətə haqqı olan məbud yoxdur, Onun şəriki yoxdur və şahidlik edirəm ki, Məhəmməd Onun qulu və elçisidir.


"Ey iman gətirənlər! Allahdan lazımınca qorxun. Yalnız müsəlman olduğunuz halda ölün!" ("Ali Imran" surəsi, 102)

"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!" ("ən-Nisa" surəsi, 1.)

"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Onun elçisinə itaət etsə, böyük bir səadətə (cənnətə) nail olar". ("əl-Əhzab" surəsi, 70-71.)
Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım!
Sizə təqdim etdiyim bu risalədə cəmiyyətdə elmin rolu, elmin fəziləti və bu yolda qarşıya çıxan çətinliklər, elmi layiqincə qiymətləndirməyə gücü çatmayan və ya təhrifçiliyə meyl edən insanlara münasibət, ümumiyyətlə elmlə bağlı bir çox mətləblərə dini nöqteyi nəzərdən yanaşmanı diqqətinizə çatdırıram.
Elm çox çətinliklə əldə olunan nemət olduğu üçün, bu nemətə sahib çıxmağı qarşısına məqsəd qoyan gənclərimizin müəyyən tövsiyələrə ehtiyacı olacağı da şübhəsizdir. Bizim hər birimiz insanıq və elə buna görə də müəyyən dərəcədə səhvlər də edə bilərik. Lakin fikirlərin ən doğrusu Allahın dedikləri və yolların ən düzgünü və xeyrlisi Peyğəmbərimiz Məhəmmədin - səllallahu aleyhi və səlləm - yolu olduğu üçün bu kitabda onlara daha çox istinad olunur. Ümid edirəm ki,  Uca Allahın yeganə Yaradıcı, qəlbləri və nəfsləri bilən Ilahi olduğunu yəqin edən oxucum bu istinadlara da biganə qalmayacaq, elmə yiyələnmək kimi çətin bir vəzifəni üzərinə götürdüyü üçün onlardan faydalanacaq. Həqiqətən də elm Allahın nemətidir. Buna nail olmağı da ilk öncə Ondan istəmək, sonra isə bu yolda mücadiləyə qatılmaq lazımdır. Həqiqətən kimə elm verilibsə o çox şeyə nail olub. Bu barədə Uca Allah belə buyurur:

 "Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!" ("əl-Bəqərə" surəsi, 269.)
Elmsiz insan sükanı nasaz maşina bənzəyir. Sükansız maşını idarə etmək qeyri-mümkün olduğu kimi, elmsiz də bu dünyada yaşamaq çox çətindir. Elmsiz söylənilən fikir çox zəif və təsirsizdir. Uca Allah hətta peyğəmbərlərinə belə elmsiz fikir söyləməməyi tövsiyə etmiş və belə buyurmuşdur:

    "Həqiqi hökmdar olan Allah (hər şeydən) Ucadır! Həm də sənə tamam-kamal vəhy olunmadan əvvəl Quranı oxumağa tələsmə və: "Ey Rəbbim! Mənim elmimi artır!"- de". ("Ta Ha" surəsi, 114)
Bu kitabı yazmaqda digər bir məqsədim də Islamın elmə verdiyi qiyməti, alimə olan xüsusi münasibəti nəzərinizə çatdırmaqla yanaşı, həm də təmiz və saf dinimizin cahillikdən, xurafatdan, terrordan və s. bu kimi əsassız ittihamlardan uzaq olmasını ortaya qoymaqdır. Islam bütün gözəl keyfiyyətləri insanlara hələ bəşəriyyət onlar barəsində xəbərsizkən çatdıran bir dindir. Elmə yiyələnməyin vacibliyi Islamın əsas prinsiplərini təşkil edir. Dinimiz elmi bilgiləri iki böyük qrupa ayırır: Bunlardan birincisi fardul-ayn olan elmdir ki, bu elmi bütün insanlar bilməlidirlər. Bu məsələdən kiminsə qafil olması heç cürə qəbul edilməzdir və dinimiz belə insanları axirət əzabı ilə qorxudur. Bu elm də Allahın tanınması və qəbul edilməsidir. Bu barədə Uca Allah belə buyurur:

 "Bil ki, Allahdan başqa ilahi yoxdur"  ("Məhəmməd" surəsi, 19.)
     Bu çox əzəmətli ayədir və Islamın beş əsasından biri olmaqla bərabər həm də çoxşaxəli və bir neçə bölməni özündə birləşdirən bir prinisipdir. Bu prinsip özünün çox məntiqli ifadəsini bir cümlədə tapsada, bu bir cümləyə islam alimləri cild-cild kitablar yazmışlar. Ikinci növ elm isə fardul-kifayə adlanan elmdir ki, bu elmi hamının bilməsi bir o qədər də vacib deyildir. Yəni bu elmi həmin sahəyə aid bir qrup mütəxəssisin bilməsi kifayətdir. Bu elmi öyrənmək istədikdə mütləq həmin sahəyə aid mütəxəssisə müraciət edilməli və bu məsələdə də bilgisiz hərəkət edilməməlidir. Bu barədə Uca Allah belə buyurur:

 "Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!" ("əl-Ənbiya" surəsi, 7.)
Islam elmlərə yiyələnməyi təkcə tövsiyə etmir, bunu hətta insanlardan tələb edərək yollarını da izah edir. Bu səmavi din elmsiz, elm isə bu dinsiz təsəvvür edilməzdir. Elmli insanla cahil arasında çox böyük fərq olduğunu önə çəkən Uca Allah belə buyurur:

 "De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?" ("əz-Zumər" surəsi, 9.)
     Bu sualın cavabı əslində hamıya aydın olsa da Usa Allah insanı daim düşünməyə və elmə meyl etməyə səsləyir. Allahın elçisi olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm -  insanları bu yolda müxtəlif cür həvəsləndirər və onlarda elmə məhəbbət oyadardı. Başqa cür ola da bilməzdi. Çünki insanların ən xeyirlisi olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - gətirdiyi dinin elmsiz dərk olunmaz olduğunun fərqində idi. Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - bu barədə bizə gəlib çatan hədislər də bunu açıqca sübut edir. Əbu Hüreyrədən (r.ə.) rəvayət edilən hədisdə Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - belə buyurur: "Kim elm öyrənmək üçün yola düşərsə Allah da onun üçün Cənnətə gedən yolu asanlaşdırar. Və o qövm ki, Allahın evlərinin birində yığışıb Onun kitabını oxuyar və öz aralarında onu araşdırarsa onlara Allah tərəfindən sükunət nazil olar, Allahın rəhməti onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz dərgahında olanların yanında xatırlayar". (Muslimin "Səhih" əsəri 6793.) Əbu Hüreyrədən (r.a.) rəvayət olunan digər bir hədisdə isə Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - belə buyurur: "Adəm övladı vəfat etdikdən sonra əməl dəftəri bağlanır. Yalnız üç şeydən başqa: (Yəni vəfatından sonra da bu üç şey ona savab qazandırır) Ardı kəsilməyən sədəqə (yol çəkdirmək, su quyusu qazdırmaq, və s.), fayda verən elm və valideyn üçün dua edən əməlisaleh övlad". (Muslimin "Səhih" əsəri 1631.) Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - elmə olan ehtirası öz səhabələrinin də qəlbində oyadmışdır. Raşidi xəlifələrdən olan (Allah onların dördündən də razı olsun) Ömər ibnul-Xəttab (r.a.) deyir ki; "Həqiqətən hər bir kəs mənzilindən dağ boyda günahla çıxa bilər və elm aldıqdan sonra Allahdan qorxub günahlardan çəkinər və tövbə edər və beləliklə də mənzilinə günahsız qayıdar. Elm məclislərini tərk etməyin!" ("Miftahu-d-daru-s-səadə", 1/77.) Baxın görün Əli ibn Əbi Talibin (r.a.) elmə münasibəti necə gözəldir: "Elm var-dövlətdən daha xeyirlidir. Elm səni qoruyar, var-dövləti isə sən qoruyarsan, elm hakimdir, var-dövlət isə məhkumdur, var-dövlət yığanlar məhv oldu, elm öyrənənlər isə həmişə yaşayırlar, özləri ölüb getsələr də şəxsiyyətləri (adları) daima qəlblərdədir". ("Ədəbu-d-dünya vəd-din", səh48)
    Bu cür hədis və rəvayətlərin sayını hələ  çox uzatmaq olar. Bütün bunlar Islam cəmiyyətinin, Islam əxlaqının, digər inanclardan üstün olmasını bir daha sübut edir. Islam məhz elm sayəsində gənc nəslin ideya, mənəvi simasının formalaşacağını vurğulayır. Islam Peyğəmbərinin - səllallahu aleyhi və səlləm - bizə qoyub getdiyi zəngin əmanəti (elmi) ecazkar qüvvə sayılmaqla bərabər istər ailə, istərsə də ictimai tərbiyə üçün əvəzsiz bilgilər toplusudur. Bu bilgilər müstəqil Azərbaycanın yetişən nəslinin mənəvi simasının formalaşması, onlarda əqidə və dünya görüşünün dərinləşməsi üçün misilsiz vasitədir. Böyüyən balalarımızın gələcəyi üçün məktəb, ailə və ictimaiyyətin birgə işinin təşkilində Islam dəyərlərindən də istifadə edilməsi bu yolda yüksək təsirə malik olardı. Ailədə boya-başa çatan vətəndaşımızın tərbiyəsinə təsir edəcək amil kimi Islam qadının, ananın rolunu da xüsusi qeyd edir. Körpədə uşaq yaşlarından uzun müddətli  diqqətin formalaşması, ilkin elmi biliklərin (Lə iləhə illəllah, Muhəmmədən Rəsulullah kəliməsi ilə başlayan) təlqin edilməsi uşağın daimi yanında olan ananın üzərinə düşdüyü danılmazdır. Islam bu mənada qadının da elmli, savadlı olmasını vacib sayır. Çünki məhz ananın malik olduğu keyfiyyətlər gələcək körpədə, müstəqil dövlətimizin gələcək vətəndaşınıda onu bətnində gəzdirdiyi andan dünyaya gətirdikdən sonra qayğısına qalacağı günlərdə də öz təsirini göstərir. Bu gün cəmiyyətimizdə layiqli insan yetişdirmək üçün, onlarda ilk növbədə Allaha möhkəm inam, müsbət əxlaqi keyfiyyətlər və adətlər formalaşdırılması zəruridir. Bu baxımdan Islam qadının savadlı olmasına xüsusi önəm verir. Elə bu səbədən də dinimiz bəşəriyyəti maariflənməyə səsləyir. Kitabın giriş bölməsini Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabəsi olmuş Müaz ibn Cəbəlin (r.a.) elm haqqında dediyi fikirlərlə tamamlayıram: "Elm öyrənin! Həqiqətən elmi Allah xatirinə öyrənmək təqvadır, elm tələb etmək ibadətdir, elmi müzakirə etmək təsbihdir, (yəni Allahı zikr etməkdir) elmi axtarmaq cihaddır, bilməyənlərə elm öyrətmək sədəqədir. Çünki, məhz elm halal və haramın öyrənilməsi üçün səbəbdir, cənnət əhlinin yolunu işıqlandıran nurdur, vəhşilər arasında insandır, qəriblikdə isə dostdur, xəlvətdə sənə həmdəmdir, sevinc və kədərində sənə yol göstərən vasitə, düşmənlə mübarizədə silah, dostlar yanında zinətdir. Onunla Uca Allah bir qism insanlara xeyir nəsib edir, onları aparıcı qüvvəyə çevirir və digərləri də onların ardınca gedir, mələklər onları sevir və onları əhatə edir, hər bir canlı və cansız onlar üçün bağışlanma diləyir. Hətta dənizlərdəki balıqlar və qurudakı heyvanlar belə. Elm qəlbləri cəhalətdən oyadır, gözləri də zülmətdən nura açır. Bəndə, elmin fəziləti ilə ən xeyirli insanların dərəcəsinə çatır, dünya və axirətdə olan ən yüksək məqamlara nail olur. Elmdə təfəkkür orucu, müzakirə etmək isə qiyamı (gecə namazını) əvəz edir. Onun vasitəsilə qohumluq əlaqələri möhkəmlənir. Elm hər bir əməlin imamı hesab olunur və əməl də ona tabe olur. Elmə nail olan insan xoşbəxt, ondan məhrum olan isə bədbəxt olur". ("Cami bəyanul-elm və fədlihi", 1/52.)

 


Elmə yiyələnmək yolunda atacağımız ilk addımlar
 
Heç kəsə sirr deyil ki, elm şüura və nitqə malik olan varlığın onsuz keçinə bilməyəcəyi zəruri bir təlabatdır. Yəni hər bir insan dünyaya göz açdığı andan ona əbədi olaraq göz yumacağı ana qədər bu və ya digər məsələlərlə bağlı olan fəaliyyətini məhz görüb, duyub, dərk etdikdən sonra həyata keçirir. Əgər bu fəaliyyət körpəlik yaşlarında müəyyən vərdişlərin, davranış formalarının aşılanması ilə başlayırsa, artıq yetkinlik yaşından sonrakı dövr hər bir fərdin müəyyən biliklər sisteminə, dünya görüşünə, yüksək əxlaqa və davranışa malik fəaliyyət göstərməsini tələb edir. Yəni bu gün rastlaşdığımız hər hansı bir elmli, əxlaqlı, mömin bir insan dünənin Uca Allah tərəfindən hidayət olunduğu, valideynləri və cəmiyyət tərəfindən düzgün tərbiyələndirildiyi və istiqamətləndirildiyi uşaq olması məntiqini ortaya qoyur. Yəni gələcəkdə elmə həvəs göstərən, bu sahədə uğurlar əldə edəcək fərdin yetişdirilməsi onun düzgün tərbiyəsi, ifrat əyləncə atmosferindən uzaq mühitin yaradılması, uşaqda möhkəm iradənin formalaşdırılmasından birbaşa asılıdır. Problemin bu hissəsinin məsuliyyətini bilavasitə valideynlər daşıdığı üçün bir neçə məsləhəti qeyd etmək yerinə düşərdi. Hər bir valideyn ilk öncə uğurun və xeyirin məhz Allahın əlində olduğunu qəbul edib övladı üçün Ona dua etməlidir. Həm də bu duanın övlad hələ dünyaya gəlməmişdən öncə edilməsi daha səmərəlidir. Bu barədə Uca Allah belə buyurur:

 "Və o kəslər ki, "Ey Rəbbimiz bizə zövcələrimizdən və uşaqlarımızdan [sənə itaət etməklə bizi sevindirib] gözümüzün işığı [bəbəyi] olacaq övladlar ehsan buyur və bizi müttəqilərə imam [rəhbər] et!" - deyərlər" ("əl-Furqan" surəsi, 74.)
Bu ayədən sonrakı ayədə Uca Rəbbimiz bu cür insanların axirət həyatında ehtiramla, salamla qarşılanacağını qeyd edir. Övlad üçün dua etmək onun dünyaya gəlməsindən sonra da davam etdirilməli, ona gözəl nəsihətlər edilməlidir. Nəsihətlərin ən gözəli isə Allah kəlamıdır:

 "[Ya Məhəmməd!] Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: "Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! [Ağır günahdır]!" ("Loğman" surəsi, 13.);

 "Oğlum! Namaz qıl, [insanlara] yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. [Bu yolda] sənə üz verəcək müsibətlərə döz. Həqiqətən bu [dediklərim] vacib əməllərdəndir!" ("Loğman" surəsi, 17.)
Bu ayələrdə zikr olunan əməllər - Allaha şərik qoşmamaq, namaz qılmaq, yaxşı işlər görüb pis işlərdən çəkinmək və ən nəhayət, bu yolda çətinliklərə səbr etmək kimi keyfiyyətlər uşağa kiçik yaşlarından aşılanarsa, bu uşaqda tədricən gözəl əxlaq və möhkəm iradə formalaşdırmış olar ki, bu da gələcəkdə elm tələb edəcək insan üçün çox zəruridir. Həqiqətən də dərindən düşünsək görərik ki, elmi biliklərə mükəmməl yiyələnməyimiz iman, əxlaq və iradəmizin nə dərəcədə səfərbər etməyimizdən asılıdır. Bunların isə kökündə Allaha və Onun Rəsuluna - səllallahu aleyhi və səlləm - itaət durur. Yəni gələcək uğurlarımızı təmin etmək üçün təxirə salmadan yuxarıdakı keyfiyyətlərə malik olmağımız gərəkdir.
Elmə yiyələnmək yolunda atılması vacib olan digər bir amil də təmiz niyyət və məqsədin olmasıdır. Bu barədə Uca Allah belə buyurur:

"Halbuki onlara əmr edilmişdi ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgün din budur!" ("əl-Bəyyinə" surəsi, 5.)
Ömər ibnu-l-Xattab (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür". (Buxarinin "Səhih" əsəri 1; "Səhih Müslim" 4904.)
Niyyətin özü isə insanın əqidəsi ilə birbaşa bağlıdır. Yəni hər bir insanın sahib olduğu etiqada uyğun niyyətlərə malikdir. Məsələn, hər hansısa bir insan bu və ya digər bir xeyriyyəçiliklə məşğul olursa və bunu ixlasla, Allah rizasını qazanmaq üçün deyil, ətrafdakıların nəzərində "xeyriyəçi insan" imicini yaratmaq üçün edirsə bu onun əqidəsinin düzgün olmamasına dəlalət edir. Bu cür əqidə isə görüləcək işi elə niyyət mərhələsində korlayır. Yəni hər bir elm əhli ilk öncə Allaha itaətkar olmalı, Onun Rəsulunun - səllallahu aleyhi və səlləm - qoyduğu yolla hərəkət etməli, görəcəyi bütün işləri dini, yaşayışı, axirət üçün faydalı olan tərzdə həyata keçirərək vətəninə və millətinə xidmət etməli və heç bir zaman bu niyyəti başqası ilə əvəz etməməlidir. Bu barədə Mirzə Şəfi Vazehin bir fikrini də qeyd etmək yerinə düşərdi:

Gərək ola əvvəldən nəcib məqsədin,
Qarşıdakı amalını edəsən yəqin. (M. Cəfərin "Estetik tərbiyə-ailə və məktəb" əsəri, səh.43.)
 
Elmlə məşğul olan insanın işini yüngülləşdirəcək bir amil də onun nə dərəcədə zəhmətkeş olub-olmamasıdır. Tənbəllikdən uzaq olmaq, nəfsinin qulu olmamaq, onu iradəyə tabe etdirmək elm əhlinin gündəlik qayğılarını təşkil etməlidir. Tənbəllik və bekarlıq insanı son anda çox zəiflədir. Və ya Nizaminin təbirincə desək:

Bu nə tənbəllikdir, giriş tez işə,
Bekarlıq insanı sıxar həmişə.

başqa yerdə isə:

Həyatın mənası hünər deməkdir,
Nə şöhrət nə yuxu nə də yeməkdir.
Yatmağı yeməyi bu aləmdə sən,
Atda, öküzdə də görə bilərsən. (Nizami Gəncəvinin "Leyli və Məcnun" əsəri, səh.40.   )

Əlbəttə, elm əhli nəinki elm sahəsində, həmçinin fiziki işlərə münasibətdə də zəhmətkeş olmalıdır. Bu onun gələcək fəaliyyətinə müsbət təsir göstərir. Fiziki əməkdən söz açdıqda Həsən bəy Zərdabinin bir fikri yadıma düşür. O, yazırdı ki: "Fiziki əmək necə deyərlər, xəstəlikləri müalicə edir, şərə qalib gəlir, insanda əxlaqi intibah əmələ gətirir". (A. Mikayılovun "Əməyin estetikası" əsəri, səh.23.)
Bir məsələni də heç zaman unutmamalıyıq ki, elmə yiyələnməyə başladığımız andan etibarən müəyyən çətinliklərin ortaya çıxması təbiidir. Bu zaman görüləcək ilk tədbir bu amilləri tanımaq və onunla mübarizə aparmaqdır.

 

Elmə yiyələnmək yolunda qarşıya çıxan
maneə və çətinliklər

Elm hər şeydən öncə ibadətin bir növüdür. Ibadət isə niyyətsiz təsəvvür olunmur. Niyyət hər bir əməlin əsasıdır və buna görə də onsuz yerinə yetirilən istənilən ibadətin heç bir faydası yoxdur. Uca Allah buyurur:


"Halbuki onlara əmr edilmişdi ki, Allaha - dini yalnız Ona məxsus edərək, digər bütün batil dinlərdən islama dönərək - ibadət etsinlər, namaz qılıb zəkat versinlər. Doğru-düzgun din budur!" ("əl-Bəyyinə" surəsi, 5-ci ayə.)
Ömər ibnu-l-Xəttab (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Əməllər niyyətlərə görədir və hər bir kəsin etdiyi əməl niyyəti ilə ölçülür (Günah və ya savab qazanır.).Å" (Buxarinin "Səhih" əsəri 1; Muslimin "Səhih" əsəri 4904.)
Bu ayə və hədis niyyətin vacib olduğunu bəyan edir. Niyyətsiz əməl olmadığı kimi sonradan dəyişdirilmiş niyyət əmələ xələl gətirir. Daha dəqiq desək elmə yiyələnməyə mane olan başlıca amillərdən biri də niyyətin dəyişdirilməsidir. Insan daim niyyəti üzərində nəzarətçi olmalı, onun başqa istiqamətə (əmələ xələl gətirəcək və ya onu batil edəcək) yönəlməsinə yol verməməlidir. Bu çətinliyi nəzərə alan Süfyan əs-Səuri demişdir: "Ən çətin islah etdiyim şey niyyətimdir". ("Təzkiratu-s-sami vəl-mutəkəllim", səh.68.)
Elm öyrənməyə mane olan digər bir amil də şan-şöhrətə həris olmaqdır. Bu çox qorxulu bir bəladır. Çünki şan-şöhrətə hərislik insanı riyakara çevirir. Riyakarlıq isə kiçik şirkdir. Əbu Hureyrə (r.a.) rəvayət edir ki, mən Peyğəmbərin - səllallahu aleyhi və səlləm - belə dediyini eşitdim: "Qiyamət günü üç sinif insan ilk mühakimə olunan insanlardan olacaqlar. Şəhid Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deəyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin yolunda vuruşub şəhid olmuşam". Allah da ona deəyəcək ki; "Yalan deyirsən, sənə "qəhrəmandır" deyilsin deyə vuruşmusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq. Sonra elm öyrənmiş və onu insanlara öyrətmiş, çoxlu Quran oxumuş bir şəxs Allahın hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Sənin xatirinə elm öyərənib onu insanlara öyrətmişəm və Quran oxumuşam". Allah da ona deyəcək ki; "Yalan deyirsən, sənə "alimdir" deyilsin deyə elm öyrənmisən və sənə "qaridir" (gözəl Quran oxuyan) deyilsin deyə Quran oxumusan və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq. Sonra, Allah tərəfindən çoxlu var-dövlət verilmiş bir şəxs Onun hüzuruna gətiriləcək və Allah ona bəxş etdiyi nemətlər haqqında xəbər verib deyəcək: "Bu nemətlərin müqabilində nə etmisən?" O deyəcək: "Var-dövlətimi Sənin xatirinə, Sənin istədiyin yerlərə sərf etmişəm". Allah da ona deəyəcək ki; "Yalan deyirsən, sənə "necə səxavətli insandır" deyilsin deyə var-dövlətini sərf etmisən və ona da nail olmusan". Sonra əmr olunacaq və o üzü üstə sürüklənib cəhənnəmə atılacaq". (Muslimin "Səhih" əsəri 4900.) Bişr ibnu-l-Haris demişdir: "Şan-şöhrət sevən Allahdan qorxmaz". ("Siyəru aləmu-n-nubələ", 11/216.) Əhməd ibn Hənbəl demişdir: "Özünü tanıyan insana başqalarının tərifi fayda verməz". ("Siyəru aləmu-n-nubələ", 11/211.) Şan-şöhrətə aludə olmağın nə dərəcədə təhlükəli olması yuxarıdakı ayə, hədis və əsərlərin mətnindən açıq-aydın görünür. Şöhrətpərəst insanlar sırasına düşməkdən Allaha sığınıram!
Elm məclislərində iştirak etməyə səhlənkar yanaşmağın özü də insanı tədricən elmdən iraq salır. Uca Allah buyurur:

 "Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!" ("əl-Ənbiya" surəsi, 7.)
Bu barədə sələf (keçmişdə yaşamış islam) alimləri demişlər: "Elm özü gəlmir, elmə nail olmaq üçün ona tərəf getmək lazımdır!" ("Məalimu fi tariqi taləbi-l-elm" səh:23.)
Dünyəvi işləri, müxtəlif məişət problemlərini bəhanə gətirmək də elmə yiyələnməyə mane olan növbəti amillərdəndir. Dəyərli oxucum, bir şeyi tam yəqinliklə deyə bilərəm ki, problem, çətinlik heç zaman bitmir. Çünki biz bu dünyaya imtahan olunmaq üçün gəlmişik. Odur ki, nə vaxtsa problemin bitməsini, qarşıdakı maneələri birdəfəlik olaraq aradan qaldırılacağını düşünmək düzgün olmazdır. Əlbəttə ki, biz çalışmalıyıq ki, bütün maneələri dəf edək. Lakin unutmamalıyıq ki, hər bir işi öz vaxtında görməyimiz, hər bir kəsin üzərimizdə olan haqqlarını vaxtında ödəməyimiz lazımdır. Belə olduqda gündəlik planlarımızın tərkibində elmə də vaxt ayırmağımız istisna edilməməlidir. Çünki, dərs vaxtı başqa işlə məşğul olan və dərsdə iştirak etməyən şəxs tədris yerindən məhrum olduğu kimi, həyatını faydasız işlərə (əxlaqsız film və teleseriallara, qeybət etmək və s.) sərf edən insan da, nəticədə elmdən məhrum olur. Dünyaya imtahan olunmaq üçün gəlməyimizə çox ciddi yanaşmalı və buna laqeyid olmamalıyıq. Bu məsələ Qurani Kərimdə insanlara bir neçə dəfə xatırladılır. Biz aqibətimiz üçün nəyin faydalı nəyin zərərli olduğunu yalnız öyrənməklə, oxumaqla əldə edə bilərik. Yalnız oxumaqla, öyrənməklə, sözün həqiqi mənasında nəyin halal nəyin isə haram olduğunu bilmək olar. Hərdən məsələ o qədər mürəkkəb olur ki, insanın hətta ağlına belə gəlməz ki, onun gördüyü bu iş haramdır. Islamda bəzən halal buyrulmuş şeylərə belə ifrat dərəcədə meyl etmək bəyənilmir. Qaldırılan problemin anlaşılması üçün Qurani Kərimdən bir ayəni qeyd edək:

 "Qadınlar, uşaqlar, qızıl-gümüş yığınları, yaxşı cins atlar, mal-qara və əkin yerləri kimi nəfsin istədiyi və arzuladığı şeylər insanlara gözəl göstərilmişdir. Lakin bütün bunlar dünya həyatının keçici zövqüdür, gözəl dönüş yeri isə Allah yanındadır".  ("Ali Imran" surəsi, 14.)
Bacı və qardaşlarım, itirdiyiniz vaxtın qiymətini bilin! Onu heç nə ilə geri qaytarmaq mümkün olmadığı kimi, yaşanan hər bir günün bizi axirətə yaxınlaşdırmasının qarşısını almaq da mümkün deyil. Vaxtın dəyərini qiymətləndirən əs-Sənani öz şerində belə deyir:

Təcrübə etməyən bilmir vaxtın dəyərini fəqət,
Sınasan taparsan fikrimizə təsdiq əlbət.  (əs-Sən'aninin həcc mərasimindəki şerləri, səh:83.)

Uşaqlıq çağlarında oxumağa ciddi yanaşmamaq da, gələcəkdə bu sahədə problemlərin yaranmasına səbəb olan amillərdəndir. Əgər nəzərə alsaq ki, ən şərəfli elm Yaradanı tanımaq, Onun tələblərini öyrənmək və həyatda tətbiq etməkdir onda heç şübhəsiz ki, bu bilgilərin elə uşaqlıq yaşlarında mənimsənilməsinin daha səmərəli olması ortaya çıxır. Uca Allah insanın bilgiləri içərisində ən vacib olanına toxunaraq buyurur:

 "Bil ki, Allahdan başqa ilahi yoxdur". ("Məhəmməd" surəsi, 19.)
     Yəni hər bir elmin, hər bir məşğulluq sahəsindəki insan fəaliyyətinin, ümumiyyətlə insan yaşamının əsasını "Allahdan başqa ibadətə layiq haqq məbud olmaması" fikri təşkil etməlidir. Və son dönüşün də məhz Şəriksiz Yaradana olacağı üçün Onun nazil etdiyi birinci növbədə oxunmalı, öyrənilməli və hökümləri həyata keçirilməlidir. Çox təsüflər olsun ki, dövrümüzdə elə insanlara rast gəlirik ki, həyatı boyu bir çox kitablar oxumasına baxmayaraq Allahın nazil etdiyi kitabı - kitabların ən alisini ya hələ oxumamış, ya oxuyub yarımçıq qoymuş və ya heç oxumaq fikrinə belə düşməmişdir. Görəsən on illikləri arxada qoymuş, bir neçə ali məktəb bitirmiş, həyatda müxtəlif vəziyyətlərə düşmüş, bəzən səhv və bəzən də düzgün hərəkət etmiş kəsin bu müddət ərzində Allahın bu günə qədər təhrifsiz və toxunulmaz qalmış yeganə kitabı olan Quranı oxumamasını hansı məntiqlə izah etmək olar? Görəsən onlar Rəbbimizin hüzurunda duracaqları gün nə cavab verəcəklərinin, özlərinin bu hərəkətlərinə necə haqq qazandıracaqlarının fərqindədirlərmi? Mən hələ elmdən uzaq, bütün həyatını əyləncəyə, eyş-işrətə, çalıb-oxumağa həsr etmiş insaları gözləyən aqibət barəsində bir söz demirəm. Yaradanın onlara münasibəti Onun kitabında açıq-aydın göstərilib. Dinimiz bizə daim oxuyb öyrənməyi və ibadət etməyi tövsiyə edir. Bu barədə Uca Allah belə buyurur:

 "Və ölənəcən (əcəlin gəlib çatana qədər) Rəbbinə ibadət et!" ("əl-Hicr" surəsi, 99.)
Odur ki, oxumaq, öyrənmək üçün vərdişlərin əsasını elə uşaqlıqdan çox möhkəm qoymaq lazımdır ki, sonralar bu əsaslar üzərində qurulacaq elm də uzun ömürlü olsun. Həsən əl-Bəsri təsadüfən deməmişdir ki, "Uşaqlıq çağlarında öyrənilən elm daş üzərində oyulmuş naxışlara bənzəyir". ("Camiu bəyanu-l-elm və fadluhu", səh:99.) Həmçinin Ömər ibnu-l-Xəttab (r.a.) cavanlıqda elm öyrənməyi nəsihət edib demişdir: "Evlənməmişdən öncə elm öyrənin". ("Fəthu-l-Bari" 1/991.) Lakin Ömər (r.a.) özü və bir çox digər səhabələr, həmçinin bir çox islam alimləri yaşa dolduqdan sonra elmə yiyələnmişdilər. Bu o deməkdir ki, nə uşaqlıq çağlarında fürsəti əldən vermək lazımdır nə də yaşa dolduqdan sonra ümidi kəsmək. Oxumaq üçün yaş məhdudiyyəti olmamalıdır.
Insanı elmdən məhrum edən bir səbəb də onun elmə və elm əhlinə olan nifrətidir. Ən böyük elm peyğəmbərlərdə və sonra onların səhabələrində olub. Peyğəmbərləri yalançı sayanlar nəinki elmdən məhrum olub, hətta Allahın qəzəbinə də düçar olublar: Bu məsələnin aydın olması üçün bir ayəni nəzərdən keçirək:

 "[Ey Israil övladı!] Biz Musaya [Tövrat] verdik, ondan sonra da bir-birinin ardınca peyğəmbərlər göndərdik. Məryəm oğlu Isaya aşkar möcüzələr [dəlillər] bəxş etdik və onu müqəddəs ruhla qüvvətləndirdik. Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbür göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz [Zəkəriyya və ya Yəhya kimi]. Yəhudilər [Quranı anlamaq və qəbul etmək barəsində] dedilər: "Bizim qəlblərimiz örtülü və pərdəlidir". Lakin bu heç də belə deyildir. Əksinə, Allah onlara küfrlərinə görə lənət etmişdir. Buna görə də onların ancaq az bir hissəsi [Ibn Səlam və yoldaşları kimi] iman gətirər".  ("əl-Bəqərə" surəsi, 87-88.)
Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələrinə gəlincə isə onlar Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - sonra da dinə heç bir yenilik gətirməmiş, elmi insanlardan gizlətməmiş Islamın nurunu bir çox yerlərə yaymışlar. Elə bu səbəbdən də Allah Qurani Kərimdə belə buyurur:

 "(Islamı) ilk əvvəl qəbul edib (başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlər hazırlamışdır. Bu, ən böyük qurtuluş və uğurdur!" ("ət-Tövbə" surəsi, 100.)
Ona görə Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onların əməyini qiymətləndirərək demişdir: "Mənim səhabələrimi söyməyin! Həqiqətən, sizdən biriniz Uhud dağı boyda qızıl sədəqə versə belə, onlardan birinin verdiyi bir ovuca (sədəqəyə), hətta yarısına belə çata bilməz". (Buxarinin "Səhih" əsəri, 7/25, 3673-cü hədis.) Əli ibn Əbu Talib (r.a.) belə demişdir: "Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələrini söyməməyi sizə tövsiyə edirəm. Onlar Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - sonra dinə heç bir yenilik gətirməmişlər. Həqiqətən, Peyğəmbər - səllallahu aleyhi və səlləm - də belə vəsiyyət etmişdir". ("Biharu-l-Ənvar", 22/305-306.) Həqiqətən də Islam dünyası elmə və alimə daim yüksək qiymət verib və alimin şərəfini uca tutub. Məşhur şairlər, yazıçılar, ədiblər öz əsərlərində, şerlərində, məqalələrində alimləri və elm əhlini daim vəsf ediblər. Bunu biz Əhvədinin məşhur Islam alimi Şafei haqqında dediyi misralarda da görürük:
 
  Alim ədalətə meyl etsə özü,
  Baxmaz var-dövlətə heç zaman gözü.
  Tamah göstərsəydi Şafei vara,
  Malilə dolardı Dəclə, aşkara.
  Dini yaymaq idi ancaq arzusu,
  Odur, əbədidir adı, doğrusu. (Əhvədinin "Cami-cəm" əsəri, səh.115.)

Dahi Nizami isə Buxari, Təbəri kimi alimlərin əsərlərindən bəhrələndiyini gizlətmir. Bu isə dahi şairdə elmə və elm əhlinə, alimə hörmətini və onun təvazökar olmasını göstərən amillərdəndir.

  Dünyada nə qədər kitab var belə,
  Çalışıb əlləşib gətirdim ələ.
  Ərəbcə, dəricə yeri düşərkən,
  Buxari, Təbəri əsərlərindənÅ
  Izlədim yolunu səyyarələrin,
  Nə ki, elmlər var gizli və dərin,
  Oxudum xəbərdar oldum da vardım
  Varlıqlar sirrini yer-yer axtardım. (Nizami Gəncəvinin "Yeddi gözəl" əsəri, səh.26.)
 
Öyünmək və tərif olunmağı sevmək də elmə nail olmağı əngəlləyən amillərdəndir. Bu barədə Uca Allah buyurur:

 "Etdikləri əməllərə görə sevinən və görmədikləri işlərə görə tərif olunmağı sevən kimsələrin əzabdan xilas olacaqlarını güman etmə. Onları şiddətli bir əzab gözləyir!" ("Ali Imran" surəsi, 188.)

 "Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir!" ("ən-Nəcm" surəsi, 32.)

"Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr elə deyil. Allah istədiyini təmizə çıxardar və onlara xurma çərdəyindəki nazik tel qədər zülm olunmaz!" ("ən-Nisa" surəsi, 49.)
Bütün bu ayələr özündən razı olmağın, təkəbbürlü yaşamağın, lüzumsuz özünütərifin yasaq edilməsinə açıq aydın dəlildir. Lakin bununla belə qeyd etmək lazımdır ki, hər hansı bir yaxşı əməl sahibinin - Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - sözsüz itaət edən, elmli, əxlaqlı, qeyrətli, namuslu, vicdanlı, zəhmətkeş, tabeliyində olduğu rəhbərlərə qarşı itaətkar və sədaqətli olan, üzərinə düşən Allahın, Peyğəmbərin - səllallahu aleyhi və səlləm - valideyinin, həyat yoldaşın, övladın, qonşunun, qohumun və hətta kafirin belə haqqlarını lazımınca ödəyən və s. bu kimi həqiqi möminə layiq xüsusiyyətləri özündə cəmləşdirən bir kimsənin özündən aslı olmayaraq tərif olunması bu ayələrdə toxunulan tərifə aidiyyatı yoxdur. Bu iki tərif arasındakı fərqi aşağıdakı hədisdən də açıq aydın görmək olar:
Əbu Zər (r.a.) rəvayət edir ki, Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşdular: "Ey Allahın elçisi, bəs xeyirxah əməl edən və buna görə də insanlar tərəfindən təriflənən necə?" O dedi: "O möminin hal-hazırkı müjdəsidir!" (Muslimin "Səhih" əsəri 6663.)
Həmçinin qeyd etmək lazımdır ki, lazım gəldikdə kiminsə öhdəsindən gələ biləcəyi işin ona etibar edilməsi üçün özünün yaxşı keyfiyyətlərini mübaliğəsiz, ifrata varmadan qeyd etməsində heç bir qəbahət yoxdur. Bu barədə Uca Allah belə buyurur:

     "Yusif dedi: "Məni Misirin xəzinələrinə məmur təyin et (Misir xəzinələrini mənə tapşır), çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyan və (işləri idarə etməyi) billənəm!"" ("Yusif" surəsi, 55.)
Öyrənilən elmə əməl etməmək də son nəticədə mənimsənilən bilgilərin unudulmasına, bu da öz növbəsində kamil elm xadimi olmamasına səbəb olan amildir. Yəni elm təcrübədə möhkəmlənir, əks təqdirdə isə unudulur. Bu barədə Uca Allah belə buyurur:

 "And olsun axşam çağına ki, insan ziyan içndədir! Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa!" ("əl-Əsr" surəsi, 1-3.)
Əziz həmvətənlərim! Istərdim ki, bu surədə sadalanan əməllərin ardıcıllığına diqqət edəsiniz. Bu surədə iman gətirməyin yaxşı əməllər etməkdən əvvəl gəlməsi, "mənim heç kəsə pisliyim keçmir, ürəyim təmizdir odur ki, ibadət etməsəm də Allah məni bağışlayar" deyənlərin fikirlərinin əsassızlığına daha bir sübutdur. Yəni Uca Allah yaxşı əməli, xeyirxahlığı, səxavətli olmağı və s. digər əməlləri yalnız və yalnız iman gətirdikdən sonra qəbul edəcəyini vurğulayır. "Iman gətirdim" deyən şəxs isə 4 şərti özündə birləşdirməlidir: Birincisi - qəlbdə etiqad etmək (iman gətirmək), ikincisi - dillə təsdiq etmək, üçüncüsü - əməllə həyata keçirmək (və ya əməldə sübut etmək) və nəhayət dördüncüsü - bütün bunları həyata keçirdikdə, artıq qədərə yazılmış, olacaq çətinliklərə səbr etmək. Deməli əməl imandandır. Bu barədə Uca Allah belə buyurur:

 "Tövrata əməl etməyə mükəlləf oldüqdan sonra ona əməl etməyənlər (Tövrata iman gətirdikdən, onu oxuyub öyrəndikdən sonra hökmlərini lazımınca yerinə yetirməyənlər) belində çoxlu kitab daşıyan (lakin onların içində nə yazıldığını bilməyən, onlardan faydalanmağı bacarmayan) ulağa bənzərlər. (Məhəmmədin həqiqi peyğəmbər olmasına dair) Allahın ayələrini yalan sayanlar barədə çəkilən məsəl necə də pisdir! Allah zalim (kafir) qövmü doğru yola yönəltməz!" ("əl-Cumə" surəsi, 5.)

 "Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? Etməyəcəyiniz bir şeyi demək Allah yanında böyük qəzəbə səbəb olar". ("əs-Səff" surəsi, 2-3.)
Əməl etmək məsələsinə toxunan ibn Məsud (r.a.) rəvayət edir ki, "bizdən birimiz on ayə öyrəndikdən sonra onların mənasını dərk edib (hökmlərinə) əməl etməyincə başqa ayə öyrənməzdik". (Ibn Kəsirin təfsiri, səh:1/2.) Əli ibn Əbu Talib (r.a.) demişdir: "Elm əməl ilə cilovlanır, əks halda isə (elmə əməl etmədikdə) sahibini tərk edir". ("əl-Cami",2/11.)
Hicri tarixi ilə səkkizinci əsrdə yaşamış Zəhəbi əməlin azlığından narahat olaraq demişdir: "Artıq bu gün bizə əvvəllərdən məlum olan elmdən cüzi bir elm qalıb ki, bu elmin az bir hissəsi tək-tək adamlara məlumdur. Onların içərisində bu cüzi qalan elmə belə əməl edən nə qədər də azdır! Allah bizə bəs edər. O nə gözəl vəkildir!" ("Təzkiratu-l-huffaz" 2/1031.)
Elm öyrənməyə mane olan və ya onun yolunu çətinləşdirən amillərdən biri də ümüdi kəsmək günah işlərdən çəkinməməkdir. Elm öyrənməyi qarşısına məqsəd qoyan bacı və qardaşlarım! Unutmayın ki, biz də bu gün bəşəriyyətə məlum olan alimlər kimi bir insanıq və onlar kimi ola bilməyimiz Allahın izni ilə öz əlimizdədir. Bunun üçün bir neçə xüsusiyyətə malik olmaq lazımdırsa onlardan biri də etdiyimiz günahlara son qoymağımızdır. Digər bir xüsusiyyət də qulaq, göz, qəlb və s. kimi bizə verilən nemətləri xatırlayıb buna görə Allaha şükr etməli və onlardan səmərəli istifadə etməyimizdir. Uca Allah belə buyurur:

     "Allah sizi analarınızın bətnlərində heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) bəlkə şükr edəsiniz!" ("ən-Nəhl" surəsi, 78.)
Bu məsələ ilə bağlı bir neçə alimin dediklərinə nəzər yetirək:
Əbu Hilal əl-Askəri demişdir: "Mənim hafizəm çox zəif idi. Mən özümü o qədər öyrəşdirdim ki, artıq günlərin birində iki yüz beytə yaxın "rubə" qəsidəsini bir gecədə əzbərlədim". ("əl-Həssu alə taləbi-l-elm vəl-ictihadu fi təhsilihi" səh:71.)
Şafei öz şerində demişdir:

             Şikayət etdim Vakiyə hivzin zəyifliyindən,
             Tövsiyəsi bu oldu: "Əl çək asiliyindən".
             Sonra bəyan eylədi; "elm deyərlər nura",
             Bil ki, Allahın nuru verilməz asi qula. ("Məalimu fi tariqi taləbi-l-elm" səh:31.)
              
Buxaridən unutqanlığın əlacı haqqında soruşduqda o dedi: "Bunun əlacı kitablara daima nəzər salmaqdır". ("Məalimu fi tariqi taləbi-l-elm" səh:31.)
Bu günün işini sabaha qoymaq elm öyrənməkdə başlıca maneələrdən sayılır. Bu fikri özünə yaxın buraxmayan öyrənci heç şübhəsiz ki, Allahın köməyi ilə uğura yetişəcəkdir. Bu fikri bir də sabaha sağ çıxacağımıza zəmanətimiz olmadığımız üçün özümüzə yaxın qoymamalıyıq. Həqiqətən də bir dəqiqə sonra nə olacağını Allahdan başqa heç kəs bilə bilməz. Gələcəyi bilən yalnız Allahdır.
Abdullah ibn Ömər (r.a.) rəvayər edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - ona belə demişdir: "Dünyada sanki qərib və ya səyyah kimi ol!"
Abdullah ibn Ömər (r.a.) də (hər dəfə bu hədisi rəvayət etdikdən sonra öz sözlərini əlavə edib) deyərdi: "Axşam olduqda səhərə sağ qalacağına və səhər olduqda da axşama sağ qalacağına arxayın olma! Sağlamlığından xəstəlik gələnədək, həyatından da ölüm gələnədək istifadə et!" (Səhihu-l-Buxari, 6416.)
Ibn Məsud (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: "Qiyamət günü hər bir qul beş şey haqqında, ömrünü nəyə sərf etdiyini, cavanlığını necə keçirdiyini, var-dövləti haradan qazanıb, nəyə xərclədiyini və öyrəndiyi elmə necə əməl etdiyi barəsində soruşulmayınca ayağını Rəbbinin hüzurundan çəkməyəcək". ("əl-Musnəd" 2/254; "Sunənu-t-Tirmizi" 2/67; "Silsilətu-l-əhadisi-s-sahihə" 2/629 - 946-cı hədis.)
Odur ki, əziz bacı və qardaşlarım! Elm öyrənmək üçün xüsusi bir gün və ya həftə arama. Unutma ki, hər gün elmə yiyələnmək üçün əlverişlidir. Bu gün görməli olduğun işi ertəsi günə saxlama, çünki hər açılan sabah səni öz qayğıları və öz problemləri ilə salamlayır.
Hədəfimiz elmə yiyələnməyə mane olan digər bir amilədir. Bu da bütün dövrlər üçün aktual bir məsələ olan insanın dostu haqqındadır. Zaman-zaman bir çox mübahisələrin, anlaşılmazlıqların mövzusu olan dostluq məfhumunun dərk edilməsi insanın həyat təcrübəsi ilə bağlı bir problemdir. Bu gün cəmiyyətimizdə elə bir insan tapılmaz ki, bu problemin yükünü bircə dəfə də olsun öz çiynində daşımış olmasın. Bu bir insanın digər bir insanın qəlbindən keçənləri duya bilməməsinə görədir. Bu xüsusiyyət yalnız Allaha xas olduğu üçün insan burada acizdir. Bu barədə Uca Allah belə buyurur:

     "Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir". ("Hud" surəsi, 5.)
Elə bu səbəbdəndir ki, bəzən on illərlə oturub durduğumuz insanları tanıya bilmirik. Onların həqiqi sifətini anladıqda bəzən sarsılır, bəzən sevinir, bəzən isə onun bu halına sadəcə acıyaraq təəssüf hissləri keçiririk. Dost seçdiyimiz insanlarla nə cür münasibətdə olmağımız, onun ilk öncə hansı xüsusiyyətlərini nəzərə alıb dost qəbul etdiyimiz kimi vacib problemlərə, ümumiyyətlə həqiqi dost deyəndə nəyi başa düşməliyik kimi məsələlər cəmiyyətin ən ali yaradılışı olan insanın bir qaçılmaz təlabatı olduğu üçün kamil bir din olan Islamda öz əksini tapmaya bilməzdi. Bu problemin həllində qazanacağımızın itirəcəyimizdən çox olmasını istəyiriksə hər şeyi bilən Allahın qoyduğu qanunlara riayət etməkdən başqa çarəmiz qalmır. Bu məsələyə Qurani Kərimdə bir neçə dəfə toxunulur:

 "Qəlbini bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və [hər] işində ifrata varan bir kimsəyə itaət etmə!" ("əl-Kəhf" surəsi, 28.)

 "Artıq [Ya Peyğəmbər] Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər!" ("ən-Nəcm" surəsi, 29.)
Bu ayələr dost seçəndə onun hansı keyfiyyətlərinə fikir verməli olmağımızı bizə açıqca göstərir. Uca Allah bu məsələdə imanı əsas göstərərək nəfsinin tələblərinə uyan, nəfsinin qulu olan, dindən, elmdən uzaq, Onun endirdiyi kitaba inanmayan, göndərdiyi Peyğəmbərin - səllallahu aleyhi və səlləm - yolu ilə (sünnəsi ilə) getməyənlərdən uzaq olmağı əmr edir. Çünki belə insanlarla dostluq etmək səni də zəiflədə və imandan döndərə bilər. Bu insanlara sən təsir edə bilməsən onlar sənə mütləq təsir edəcəkdir. Bu işdə şeytan da onlara yardımçı olur. Insan cahil dostlarla oturub-durduqda tədricən elmdən uzaq düşür və bu onun zəifləməsi ilə nəticələnir. Ona görə də dinimiz bizə Allaha və Onun Rəsuluna - səllallahu aleyhi və səlləm - asi olan insanlarla çox yaxın olmağı məsləhət görmür. Əbu Musa (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - belə demişdir: "Yaxşı dostla pis dost misalı ətir satanla, körük vuranın misalına bənzəyir. Ətir satanla ünsiyyətdə olduqda ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan, körük vuranla bərabər olduqda isə paltarını yandırmasan da tüstüsündən əziyyət çəkəcəksən".  (Buxarinin "Səhih" əsəri, 2101; Muslimin "Səhih" əsəri, 6635.)
Bu həqiqətən də belədir. Əgər özünü dost adlandıran hər hansısa bir insan səni elm məclisinə, savab qazanmağa deyil, əyləncəyə, eyş-işrətə və ümumiyyətlə dinin qadağan etdiyi şeylərə dəvət edirsə bil ki, o artıq sənə düşmən kəsilib. Düzdür səndəki nəfs səni belə şeylərə çəkir və "dostun" da buna səbəb olur, bununla sənə həqiqi dost olmasını sübut etməyə çalışır. Bil ki, baxmayaraq ki, siz bu dünyada bir-birinizə haram işlərə görə dostsunuzsa heç şübhə yoxdur ki, qiyamət günü düşmən olacaqsınız. Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - asilik üzərində qurulan əməllərlə bir-birinə bağlı olan dostlar qiyamət günü bir-birilərinə düşmən olacaqlar. Onlardan olan biri digərini onu azdırmaqda ittiham edəcək, ona daha çox əziyyət verilməsini tələb edəcək, lakin onların heç birinin sözlərinə əhəmiyyət verilməyəcək. Çünki onlar verilmiş vaxtdan istifadə edə bilmədilər. Dünya həyatı onları aldatdı. Indi isə onların dostluğundan söhbət gedə bilməz. Bu barədə Uca Allah belə buyurur:

 "Müttəqilər müstəsna olmaqla, o gün dostlar bir-birinə düşmən kəsiləcəklər!" ("əz-Zuxruf" surəsi, 67.)
Əziz bacı və qardaşlarım! Mən sizə bu cür rəfiqə və dostlardan uzaq olmağı arzulayıram. Gəlin elə insanlarla dostluq edək ki, bizdə oxumağa, elmə həvəs oyatsın. Çünki məhz elmli insan Allahdan daha çox qorxur. Uca Allah belə buyurur:

 "Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar!" ("Fatir" surəsi, 28.)
Gəlin elə insanlarla dostluq edək ki, onları görəndə imanımız artsın. Unutmayaq ki, kimi sevirsənsə, kiminlə oturub-durursansa, kimə itaət edirsənsə qiyamət günü də onunla birlikdə olacaqsan. Elə buna görə də Islam Peyğəmbəri - səllallahu aleyhi və səlləm - insanların ən xeyirlisi, dostların ən yaxşısı, ideal tutulmağa layiq yeganə insan belə demişdir: "Kişi sevdiyi kəslə birgə olacaqdir". (Buxarinin "Səhih" əsəri, 6168.)
Sizə dinimizdə olub onun qanunları ilə yaşayan dostlar arzulayıram!

Davamı
www.azerislam.com

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111