Mərhəmətli, Rəhimli, Allahın adı ilə
əlavə axtarış
  

XƏBƏRLƏRƏ YAZIL
 

DOST SAYTLAR

 

  

Hacı Xanım   |  Bakı  Sualın ID: 79
İlk öncə hər kəsi salamlayıram! Belə bir sayt hazırladığınız üçün sizə minnətdarlığımı bildirirəm. Sualım belə olacaq:
1. Kişilər namaz qılanda corab geyinməsələr də olar, bəs qadınlar belə edə bilərlərmi? Bəlkə də sualım çox adidir, amma mənə maraqlıdır. Aydınlaşdıra bilmirəm, çünki mənə də bu sualı verirlər. Yəni qadının topuqdan, yəni ayaqlarının görünməsi günah deyil? Eyni zamanda İslam aləmində bu cür qılınan namaz keçərlidirmi?
2. Qadınlar da cümə namazına gedə bilərmi?
Cavabınıza görə əvvəlcədən təşəkkürümü bildirirəm! Allah yar və yardımçınız olsun! Amin!!!

Azerislam.com
Və aleykumus-sələmu və rahmətullahi.
Bizə etimad edib sual verdiyiniz üçün biz də sizə dərin minnətdarlığımızı bildiririk! Suallarınızın cavabı belədir: Birinci sualın cavabı: Uca Allah buyurur: “Ey Adəm oğulları! Məscidlərə (ibadət etməyə gedərkən) gözəl geyimlərinizi geyinin!” (əl-Əraf surəsi, 31 ayə) Bu ayədə nəzərdə tutulan gözəl geyimin vəsfi aşağıdakı kimidir: 

  • Əzaları göstərən şəffaf və ya dar olmamalı; 
  • Natəmiz olmamalı;
  • Haram olmamalı; (İpək: yalnız kişilərə), kafirlərə məxsus olan geyim, qəsb edilmiş, oğurlanmış və s. geyimlər);
  • Narahat edən, zərərli olmamalı (bədəni dalayan, tikanlı və s.). Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: «Allah, hicabsız namaz qılan həddi-buluğa çatmış qadının namazını qəbul etməz!» (Əbu Davud, 2/243 – 637-ci hədis; İrvau-l-Ğalil, 1/214 – 196-cı hədis. Hədis səhihdir) Bu hədisdə qeyd olunan hicabın şərtləri isə belədir:
    1. Əl və üzdən başqa bütün bədən üzvlərini örtməli; Uca Allah buyurur: “Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin);..” (ən-Nur surəsi 31-ci ayə).
    2. Zinətli olmamalı;
    3. Dar olmamalı;
    4. Kişilərə və ya kafir qadınlara məxsus geyimlərə oxşama¬malı;
    5. Şəffaf olmamalı;
    6. Diqqəti cəlb edici olmamalı;
    7. Ətirlənmiş olmamalı.

Odur ki, qadın namaz qılarkən əl və üz istisna olmaqla bütün bədən üzvlərini, hətta ayaqlarını belə örtməlidir. Qeyd etmək lazımdır ki, yalnız birinci və beşinci bəndə riayət etmədikdə namaz batil olur. İkinci sualın cavabı: Bəli qadınlar da cümə namazına gedə bilərlər. Allah bütün müsəlmanlara yardımçı olsun! Amin!!!



Aleskerov Rashad   |  Baki  Sualın ID: 75
Əs-sələmu aleykum! Sizdən xahiş edirəm ki, mənə Xarkov (UKRAYNA) üçün namaz təqvimini verərdiniz.
Çox sağ olun!

Azerislam.com
Və aleykumus-sələmu və rahmətullahi.
Siz istədiyiniz şəhərin namaz təqvimini bu linkdən tapa bilərsiniz.



Arzu Muradova   |  Baki  Sualın ID: 74
Əs-sələmu aleykum! Namazın paltarı ayrı olmalıdır?

Azerislam.com
Və aleykumus-sələmu və rahmıtullahi və vərakətuhu.
Namaz qılmaq üçün xüsusi bir paltar yoxdur. Odur ki, namazı şərtləri aşağıda qeyd olunan paltarlarda qılmaq olar.

  • Əzaları göstərən şəffaf və ya dar olmamalı;
  • Natəmiz olmamalı;
  • Haram olmamalı ((İpək yalnız kişilərə), kafirlərə məxsus olan geyim, qəsb edilmiş, oğurlanmış və s. geyimlər); 
  • Narahat edən, zərərli olmamalı (bədəni dalayan, tikanlı və s.).

Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm -  dedi: «Allah, hicabsız namaz qılan həddi-büluğa çatmış qadının namazını qəbul etməz!» (Sünənu Əbi Davud» 2/243 – 637-ci hədis; İrvau-l-Ğalil, 1/214 – 196-cı hədis. Hədis səhihdir)

  • Hicabın şərtləri isə aşağıdakılardır:
    1. Əl və üzdən başqa bütün bədən üzvlərini örtməli;
    2. Zinətli olmamalı;
    3. Dar olmamalı;
    4. Kişilərə və ya kafir qadınlara məxsus geyimlərə oxşama­malı;
    5. Şəffaf olmamalı;

Qeyd etmək lazımdır ki, yalnız birinci və beşinci bəndə riayət etmədikdə namaz batil olur.



İlhame   |  Sumqayit  Sualın ID: 69
Salam. Mən də vaxtı ilə namaz qılır ULU TANRI-mıza sitayiş edirdim. Təəssüf ki, hamının dilində desək namazı atmişam ,amma əslində namaz məni atıb desək daha düzgün olar. Bunun da səbəbi ondan ibarətdir ki, kimisi mənə sünni, kimisi isə şiə namazı qılırsan deyirdi. Eləcə də sən möhürlə və ya möhürsüz qılmalısan sözlərini də eşitmişdim. Bundan əlavə sən namazı səhv qılırsan, əslində sən 5 və ya 3 dəfə qılmalısan da deyirdilər . Bu nə qədər düzgündür.Və əslində sözlərini mən dəqiq bilmək istərdim, yəni namaz belə qılınır və bunu deyişmək olmaz. Sual-AXI necə düzgündür? Əvvəlcədən təşəkkürmü bildirirəm. Allah sizdən razı olsun.


Azerislam.com
Və aleykumus-sələm.
Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.

Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə). Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərləri, siddiqləri, şəhidləri və saleh insanlarlı ilə birgə olacaq.

Bu barədə uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin! Amin!!! Sizə məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Odur ki, hər bir müsəlman da yalnız Allahın və Onun rəsulunun buyurduğu kimi etməlidir. Uca Allah da hər bir müsəlmana gün ərzində beş vaxt namaz qılmağı əmr etmişdir. Bu barədə Qurani Kərimdə açıq–aydın ayələr olmasa da belə bəzi ayələr vardır ki, beş vaxt namazlara işarədir. Uca Allah buyurur: “(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar. Bu, (Allahın mükafatını və cəzasını) yada salanlara öyüd-nəsihətdir (xatırlatmadır).” (Hud surəsi 114-cü ayə). Bu ayə Sübh, Məğrib və İşa namazlarına işarədir.

Başqa bir ayədə isə uca Allah belə buyurur: “(Fərz, vacib) namazlara, (xüsusilə) orta namaza (günortadan sonrakı əsr namazına, ikindi namazına) riayət (əməl) edin və Allaha itaət üçün ayağa qalxın (namaza durun).” (əl-Bəqərə surəsi 238-ci ayə). Bu ayə də Əsr namazına işarədir.
Digər bir ayədə isə uca Allah belə buyurur: “Gün batmağa meyl edəndən (günortadan) gecənin qaranlığınadək namaz (günorta, ikindi, axşam və gecə namazları) qıl. Sübh namazını da qıl. Çünki sübh namazı (gecə və gündüz mələkləri, həmçinin bir çox insan tərəfindən) müşahidə olunur.” (əl-İsra surəsi 78-ci ayə). Bu ayə isə namazların beşinə də işarədir. Əsasən də Zöhr və Sübh namazlarına işarədir. Çünki uca Allah bu ayədə buyurur ki, “Gün batmağa meyl edəndən” namaz qıl. Məlumdur ki, Zöhr namazının vaxtı da elə gün zenitdən meyl etdikdən sonradır.

Həmçinin Peyğəmbərin saysiz-hesabsız hədisləri vardır ki, həmin hədislərdə namazların beş vaxtda qılınması qeyd olunur. Bütün bunlar da onu göstərir ki, hər namazın öz vaxtı vardır. Ona görə də namazlarını öz vaxtlarında qılmayanları uca Allah hədələyərək belə demişdir: “Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər (səhlənkarlıqları üzündən namazlarını vaxtlı-vaxtında qılmazlar); Onlar (namazlarında) riyakarlıq edər.” (əl-Məun surəsi 4, 5, 6-cı ayələr).
Namazı yalnız səfərdə 3 vaxtda qılmaq olar. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə etmişdir.

Həmçinin biz ərəb dilində namazların adlarına nəzər salsaq görərik ki, hər namazın öz vaxtı vardır. Ərəb dilində namazın adları ardıcıl olaraq belədir: Fəcr namazı, Zöhr namazı, Əsr namazı, Məğrib namazı və İşa namazı. Namazlara bu adları Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) vermişdir. Bu adlar onların qılınma vaxtlarına dəlalət edir. İndi gəlin bunları bir-bir açıqlayaq:

1) Fəcr sübh çağı deməkdir. Bu namaz sübh vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
2) Zöhr günorta deməkdir. Bu namaz günorta vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
3) Əsr axşam çağı deməkdir. Bu namaz axşam çağı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
4) Məğrib günün batması deməkdir. Bu namaz günün batmasından sonra qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.
5) İşa isə gecə deməkdir. Bu namaz gecə vaxtı qılındığı üçün Peyğəmbər (səllallahu aleyhi və səlləm) (səllallahu aleyhi və səlləm) və səhabələr onu belə adlandırmışlar.

Göründüyü kimi Peyğəmbər (səllallahu aleyhi və səlləm) və səhabələr namazlara vaxtlarına görə ad vermişdilər.
Həmçinin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) və bütün səhabələr namazı əlləri bağlı (yəni, sağ əl sol əlin üzərində olmaqla sinə üzərində) qılmışlar. Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qılarkən sağ əli sol əlinin üzərində olmaqla sinəsi üzərinə qoyardı. Bu barədə saysız hesabsız hədislər mövcuddur. Bu hədislərdən birini qeyd edək: Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Vail ibn Həcər (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) namaz qıldıqda sağ əli sol əlinin üzərində olmaqla əllərini sinəsinin üzərinə qoyardı…” (Bu hədisi imam Əhməd “Müsnəd” əsərində 4/317-318 rəvayət etmişdir).

Həmçinin Səhl ibn Sə'd (Allah ondan razı olsun) rəvayət edir ki, “Bizə əmr olundu ki, namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoyaq.” (Bu hədisi də Buxari “Səhih” əsərində (2/262) rəvayət etmişdir, hədisin rəqəmi 740).
Namazda sağ əli sol əlin üzərində olmaqla sinə üzərinə qoymaq barəsində varid olan hədislərin hansı mənbələrdə rəvayət olunması:
- Əbu Davud “Sünən” əsəri (1/340), hədisin nömrəsi 1041;
- İbn Macə “Sünən” əsəri (1/266-300), hədisin nömrəsi 809, 929;
- Tirmizi “Sünən” əsəri “Namaz” fəsli “Namazda sağ əlin sol əl üzərində qoyulması” qismi, hədisin rəqəmi 252;
- Muslim “Səhih” əsəri (2/277);
- İbn Xuzeymə (1/243), hədisin nömrəsi 479;
- İbn Abdul Bərr “İstizkar” əsəri (6/194), hədisin nömrəsi 8574;
Ümumiyyətlə bu cür hədislər həddən artıq çoxdur.

Möhürlə namaz qılmağa gəlincə onu qeyd edə bilərik ki, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) möhürsüz namaz qılmışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...”
Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.
Namaz qılmağı (onun sözlərini) öyrənmək üçün saytımızın “NAMAZ” bölmünə baxa bilərsiniz. Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!!!
Allah sizdən də razı olsun!



Azad   |  Bakı  Sualın ID: 65
Əssələmu aleykum. Sizcə namaz qılan və digər vacib əməlləri yerinə yetirən ancaq elm ilə məşğul olmayan insanın Axirətdə halı necə olar, cənnətə daxil ola bilərmı Allahın izni ilə? Allah sizlərdən razı olsun!


Azerislam.com
Və aleykumus-sələm.
Bəli, həmin şəxs Cənnətə daxil ola bilər. Cabir ibn Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, “Bir kişi Peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəlib dedi: “Ey Allahın elçisi! Əgər mən Allahın vacib buyurduğu beş vaxt namazları qılsam, Ramazan orucunu tutsam, halalı halal bilsəm, haramı da haram bilsəm (yəni, haramlardan uzaq olsam) və bütün bunların üzərinə də heç bir şey əlavə etməsəm Cənnətə daxil olarammı?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bəli!” (Bu hədisi Muslim rəvayət etmişdir).



Cəmil Əliyev   |  Bakı  Sualın ID: 55
Əssələmu aleykum. Səfər namazları haqqında məlumat istəyirəm. Namazları birleşdirmək vacibdirmi?


Azerislam.com
Və aleykumus-sələm.
Uca Allah buyurur: “Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rükətli namazı iki rükət qılmaq) sizə günah hesab edilməz.” (ən-Nisa surəsi 101-ci ayə).
Səfərdə namazları qısaltmaq və cəm şəkildə qılmaq uca Allah tərəfindən verilmiş rüxsətdir. Bilərəkdən səfərdə namazları tam qılmaq məkruhdur (bəyənilmir), cəm şəkildə qılmaq isə sünnədir. Yalnız yerli sakinlərdən olan imamın arxasında namaz qılan müsafir imama tabe olaraq namazını tam qılmalıdır.

Abdullah ibn Abbas (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) səfərdə olduğu müddətdə Zöhrlə Əsr namazını, Məğriblə də İşa namazını cəm edərdi.” (Bu hədisi Buxari rəvayət etmişdir, 1107-ci hədis).
Zöhrlə Əsr namazını Zöhrün əvvəl vaxtından Əsrin axır vaxtınadək, Məğriblə də İşa namazını Məğribin əvvəl vaxtından İşanın axır vaxtınadək istənilən vaxtda qılmaq olar.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Mən Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Əbu Bəkrə (Allah ondan razı olsun), Ömərə (Allah ondan razı olsun) və Osmana (Allah ondan razı olsun) yol yoldaşı oldum. Onlar səfərdə olduqları müddətdə namazları iki rükətdən artıq qılmazdılar.” (Bu hədisi Buxari 1102Muslim 1577 rəvayət etmişlər).

Yalnız dörd rükətli namazlar iki rükət qısaldılmış şəkildə qılınır. Məğrib namazı isə tam üç rükət olaraq qılınır.
Abdullah ibn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, “Mən Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səfərdə Məğrib namazını üç rükət qıldığını və təxirə saldığını gördüm…” (Bu hədisi Buxari rəvayət etmişdir, 1092-ci hədis).
Peyğəmbərin (səllallahu aleyhi və səlləm) sünnəsini araşdırıb, onun (səllallahu aleyhi və səlləm), müsafirə iki rükət namaz qılmağı buyurduğunu, səfər üçün nə məkan nə də üç, ya dörd, ya on iki, ya da on beş gün məhdudlaşdırmadığını görən hər bir şəxs səfərdə namazı qəsr etməlidir (qısaltmalıdır). Necə ki sələfdən (keçmiş nəsildən) bunu edənlər olub. Müsəlmanlar “Nəhavənd” – də altı ay namazlarını qəsr ediblər. El arasında səfər hesab olunan məsafədə səfər namazı qılmaq caizdir.



Cavid   |  Bakı  Sualın ID: 53
Əssələmu aleykum, əvvəlki cavablara görə çox təşəkkür edirəm, Allah sizdən razı olsun! İndi sualın belədir. Doğrudur ki, namaz qilan kişilər prostatit, ya adenoma xəstəlikləri tutmurlar?

Azerislam.com
Və aleykumus-sələm.
Bu doğru deyildir.


Şaxmal   |  Bakı  Sualın ID: 52
Əssələmu aleykum. Sizə sualım var. Səfərdə bilirəm ki 4 rükətli namazların iki rükəti qısalır. Mən səfərə çıxsam, yəni hər bir nəqliyyət vasıtəsi ilə (tayyərə, avtobus, gəmi və s) və namazın vaxtı çatsa nəqliyyət vasitəsi hərəkət zamanı içində oturaraq namaz qilmaq olarmı və Qibləni necə tutaq, namaz batil olmasın?


Azerislam.com
Və aleykumus-sələm.
Minik vasitələrində fərqli olaraq səfər namazları müxtəlif formalarda qılınır.
Əgər avtobusla gedirsinizsə, onda namazlarınızı avtobus ara-bir fasilə verən zaman qılırsınız. Çünki, əksər avtobuslar bir neçə saat getdikdən sonra fasilə verirlər. Bu zaman da namazları ayaq üstə qılmaq lazımdır.
Əgər qatarla, təyyarə ilə və ya gəmi ilə gedirsinizsə və səfərin müddəti uzundursa, belə ki, namazların vaxtı çıxa bilər, onda həmin namazları həmin minik vasitələrində qılırsınız. Bu zaman qibləni təyin etmək mümkündürsə, onda namazı üzü qibləyə tərəf qılırsınız. Əgər qibləni təyin etmək mümkün deyilsə, onda üzünüzü minik gedən istiqamətə tutub namaz qılırsınız. Səfərin müddəti qısa olarsa, belə ki, namazların vaxtı çıxmayacaqsa, onda həmin namazları getdiyin yerdə qılmalısınız.



Samirə  Sualın ID: 45
Əssələmu aleykum. Əvvəla bu saytı açanlardan Allah razı olsun. Mən bir şey başa düşmürəm, bizim müsəlman bacı və qardaşlarımız niyə başa düşmək istərmirlərki bu sünni, şiə söhbətlərini etmək lazim deyi. Möhürsiz namaz qılan görən kimi, sən namazı
möhürsiz qılırsan deyib aranı qızışdırırlar. Mən belə hallarla çox rastlaşmışam və onların bu ağılsız hərəkələrinə tap gətirmək mənim üçün dözülməz hal olub. Amma çox şükürlər olsunki hər dəfə mən onların bu suallarına yerində cavab verə bilirəm və çox uzun çəksədə mübahisələrimiz mən onların fikirlərinin bu mübahisələrinin səhv olduğunu başa sala bilirəm. Hər dəfə mübahisə möhürlə bağlı olur, deyirlərki səcdə torpağa olunmalıdır və mübahisə başlanır. Sizdən isteyim budur ki bu mübahisəya qısa sözlə necə onlara başa salmaq olar. Mən onlara çox dəlillər gətirdikdən sonra haqsız olduqları bilib məndən əl çəkirlər. Qısa bir sözlə mən onlara nə deyim, bir daha belə bir halla rastlaşsam. Allah rizası üçün mənim sualıma tez bir zamanda cavablandırmağınızı xahiş edirəm.


Azerislam.com
Və aleykumus-sələm.
Bu cür şəxslərə qısa olaraq belə cavab verin:
Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir.
Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir)” (əl-Maidə surəsi 92-ci ayə).
Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Bu ayələr onu göstərir ki, biz hər bir əməli Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi etməliyik. Çünki, uca Allah Peyğəmbərimizi (səllallahu aleyhi və səlləm) insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir.

Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə).
Ona görə də namazları da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) qıldığı kimi qılmalıyıq. Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) isə heç vaxt möhürlə namaz qılmamışdır. Həmçinin Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) ardıcılları olan səhabələrin də heç biri möhürlə namaz qılmamışdır. Elə ona görə də möhürlə namaz qılmaq dində yenilikdir. Uca Allah bizim dinimizi tamamladıqdan sonra isə bu dinə edilən əlavələr rədd olunur. Uca Allah əl-Maidə surəsinin 3-cü ayəsində belə buyurur: “...Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi tamamladım və sizin üçün din olaraq islamı bəyənib seçdim...

Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə demişdir: “Bizim işimizə [dinimizə] müvafiq olmayan bir əməl edən kimsənin etdiyi əməl rədd edilir.” (Bu hədisi Muslim rəvayət etmişdir). Bu hədis onu göstərir ki, kim dinə yeni bir şey gətirərsə o əməl ondan qəbul olunmaz.



v.azer   |  baki  Sualın ID: 31
Salam aleykum ve rehmetullah.Evvelceden cavablara gore cox sag olun Allah razi olsun.
1Zeruret olsa mashinda namaz gilmag olarmi Ve nece?
2.dastemazda eleri yuyarken ashagidan veya yuxaridan ashagiya yumagin fergi varmi?.
3.destemazli corabi geyinib ne geder ora mess cekmek olar yeni 1saay,1gun ve saire ?
salam aleykum verehmetulla

Azerislam.com

Salamu aleykum!

1.Zərurəti dəqiqləşdirin.

2.Fərqi yoxdur.

3.Bir sutka.Səfər zamanı üç sutka



RUSLAN MIRZEYEV   |  BAKI  Sualın ID: 30
esselamu aleukum.menim atam meni namaz qilmaqa qoymuq bes men ne edim

Azerislam.com

Salamu aleykum!

Sən namazını qılmağa davam et! Bu Allah tərəfindən sənə göndərilən bir sınaqdır. Namazı tərk etmə!

Atan ilə isə çox səbrli rəftar et. Allaha daima dua et ki, atana hidayət versin. Sən səmimi qəlbdən ,ixlasla Allaha ibadət etsən Allah səni heç vaxt darda qoymaz. Səbrli ol! Allah səbr edənlərlədir!



Fərhad Əliyev   |  Bakı  Sualın ID: 22
Əssələmaleykum!!! Sizə iki sualım var!
1) Sizin saytdakı Məscid ədəbləri mövzusunu oxudum.Orda yazılıb kiç bes mescidde olarkən barmaqları bir-birinə keçirtmək olmaz. Amma Qamət qardaşın dərslərinin birində (bax: http://www.abubakr-mescidi.com/mp3/Megrib54.mp3 "ola bilsin 55 və ya 56-cı dərslər") bu hədisin zəif olduğunu qeyd etdiş Sizin buna münasibətinizi bilmək istərdim.
2)Əgər dəstəmaz pozulmadan corabın üstündən məsh çəkilibsə və bir müddət sonra corab ayaqdan çıxarılırsa bu zaman dəstəmaz pozulur ya yox. Qeyd edim ki, corab çıxana kimi dəstəmaz pozulmamışdı.

Əvvəlcədən təşəkkürümü bildirirəm. ALLAH razı olsun!!! Əssəlamaleykum və Rahmətullahi və Bərakatuh!!!

Azerislam.com
Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
1) Bəli, həmin hədis zəifdir. Bu barədə həmin kitabçada qeyd edilməli idi. Ola bilsin ki, unudulub.
2) Bu zaman dəstəmaz pozulmur.
Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.


Elmar Shabanov  Sualın ID: 12
Assalamu aleykum qardashlar. Menim bir neche sualim var
1. "Musulman qalasi"ndaki butun dualarmi sehihidir?
2 Rukuda edilen zikrlerden de biri "Subhanaka allahumma rabbana va bihamdika allahumma gfirli" dir. Tekce bu zikri rukuda, "Subhana rabbiyal azim demeden demek olar mi? Eger olar ve ya olmaz, onda subut?
3. Bu zikri, yeni "Subhanaka allahumma rabbana va bihamdika allahumma gfirli" 1 defeden chox demek olar mi, eger he ve ya yox, onda delil
4. Hemin zikri ayri zikrlerle bitishdirib hamsini biryerde demek olarmi, eger he ve ya yox, onda delil zehmet olmasa.
5. Hemchinin men eshidmishem ki, hemin zikri secdede de demek olar, bu dogrudurmu?


Azerislam.com
Və aleykumus-sələm.
1. Bəli, “Müsəlman qalası” kitabındakı bütün dualar səhihdir. Qeyd: Bu yaxınlarda həmin kitabın son variantının daha düzgün tərcüməsi çap olunacaqdır. Çünki əvvəlki tərcümədə Allahın ad və sifətləri ilə bağlı bir çox əqidə məsələlərində xəta edilmişdir. Həmçinin bu tərcümədə Alimlərin, o cümlədən də şeyx Əlbaninin həmin hədislərə verdiyi hökmləri də qeyd olunacaqdır.

2. Rukuda “Subhanə rabbiyəl-aziym” demək vacibdir. “Subhanəkə Allahummə rabbənə və bihəmdikə Allahummə-ğfir liy” – duasını demək isə müstəhəbdir. Odur ki, bilərəkdən rukuda “Subhanə rabbiyəl-aziym” deməmək həmin rükəti batil edir. Çünki Peyğəmbər bu zikri rukuda deməyi əmr etmişdir.
Uqbə ibn Amir (Allah ondan razı olsun) rəvayət edir ki, “...Əzəmətli olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!” (əl-Vaqiə surəsi 96) - ayəsi nazil olduqda, Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Bunu rukularınızda deyin”, “...Ən Uca olan Rəbbinin adını pak və müqəddəs tutub şəninə təriflər de!” (əl-Əla surəsi 1-ci ayə) - ayəsi nazil olduqda da belə dedi: “Bunu səcdələrinizdə deyin!” (Əbu Davud 3/85  № 864 ; əl-Məcmu 3/413. Hədis həsəndir).
Bu hədis, “Subhanə rabbiyəl-azıym” və “Subhanə rabbiyəl-əla” zikrlərinin ruku və səcdədə deyilməsinin vacib olmağına dəlildir. (Bax: “əş-Şərhul-Mumti alə Zadul-Mustəqnə” 3/436 - 438; “Aunul-Məbud” 3/85)

3. Bəli, “Subhanəkə Allahummə rabbənə və bihəmdikə Allahummə-ğfir liy” duasını bir dəfədən çox demək caizdir. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) də belə edərdi. Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, “Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu duanı həm rukuda, həm də səcdədə çoxaldardı....” (Bu hədisi Buxari № 817; və Muslim 1/350 rəvayət etmişdir).

4. Eyni bir rukuda bütün zikrlərin hamısını deməyin caiz olub-olmamağı barəsində alimlər ixtilaf etmişlər. Lakin ən doğru rəy odur ki, eyni rukuda bütün varid olan zikrlərin hamısını demək caiz deyildir. Odur ki, varid olan zikrləri müxtəlif rukularda demək daha əfzəldir. Çünki Peyğəmbər (səllallahu aleyhi və səlləm) rukuda gah bir zikri, gah da o biri zikri deyərdi. (Bu barədə daha geniş məlumat almaq üçün şeyx Əlbaninin “Peyğəmbər namazı...” kitabına səh. 134 baxa bilərsiniz).

5. Bəli, “Subhanəkə Allahummə rabbənə və bihəmdikə Allahummə-ğfir liy” duasını səcdədə də demək caizdir. 3-cü sualın cavabında qeyd olunan hədisə nəzər sala bilərsiniz.



Fərhad Əliyev  Sualın ID: 2
Əssələmaleykum!!! Azanla iqamə arasındakı nafile namaz haqqında məlumat vermeyinizi isterdim. Məs; ASR namazından MƏGRİB namazinadək nafilə namaz yoxsa bəs onda azandan sonra bu namazı qılmaq düzdürmü? Əvvəlcədən təşəkkürümü bildirirəm. ALLAH razı olsun! Əssələmualykum və Rahmetullahi və Bərakatuh!!!


Azerislam.com
Və aleykumus-sələm.
Azanla iqamə arasında 2 rükət namaz qılmaq barəsində Peyğəmbərimizdən (səllallahu aleyhi və səlləm) səhih hədis varid olmuşdur. Abdullah ibn əl-Muğəffəl rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Hər azanla iqamə arasında namaz vardır”. Bu sözü Peyğəmbər (səllallahu aleyhi və səlləm) üç dəfə təkrarlayır və üçüncüdə dəfədə qeyd edir ki, “Kim istəsə onun üçün!”  Bu hədisi Muslim № 1937.

Həmçinin Peyğəmbər (səllallahu aleyhi və səlləm) Əsr namazından Məğrib namazına qədər nafilə namazı qılmağı da qadağan etmişdir. Bu hədisi Bu hədisi Buxari və Muslim rəvayət etmişdir.

Lakin bu iki hədis arasında heç bir ziddiyyət yoxdur. Çünki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Əsr namazından sonra nafilə namazı qılmağı qadağan edib, ondan qabaq qılınan nafilə namazını isə qadağan etməmişdir. Odur ki, azanla-iqamə arasında olan iki rükət namaz Əsr namazından öncə qılındığı üçün qadağaya daxil olmur.

Allah sizdən də razı olsun. Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu.




  

1

SON YENİLƏMƏ

CARİ VAXT

NAİLİYYƏTLƏRİMİZ

STATİSTİKA

 
© Azerislam.com - Müstəqil İslam saytı. Sayt 1422-ci (2001) hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət göstərir.
Materiallardan istifadə etdikdə istinad vacibdir.
Bu bir "Gənc Reportyorlar Birliyi" layihəsidir.
Dizayn və host: NUR D şirkəti tərəfindən dəstəklənir.
Reklam materiallarına görə Azerislam məsuliyyət daşımır.