Həyat yoldaşı ilə cinsi əlaqəyə girəndə 2 rükət namaz qılıb dua edirlər. Bunu bilirəm. Bəs bir gündə 2 dəfə cinsi əlaqədə olarkən yenidən qüsl alıb 2 rükət namaz qılınır?
Azerislam.com Əs-sələmu aleykum!
Xeyir, zövcə ilə yenidən (ikinci dəfə) əlaqədə olmaq üçün 2 rükət namaz lazım deyil. Lakin qüsl və ya dəstəmaz almaq müstəhəbdir. Qüsl alsanız daha əfzəldir. Amma bunların heç birini etməsəniz də belə yenidən 2-ci dəfə əlaqədə ola bilərsiniz. Dua etməyə gəlincə, hər dəfə cinsi əlaqəyə girərkən dua etmək sünnədəndir. Və aleykumus-sələm!
Elvüsal Məmmədov
| ZAQATALA
Sualın ID: 253
Salam aleykum hörmətli AZERİSLAM! Sizə belə bir sualla müraciət etmək istəyirəm: Nə üçün müsəlman aləminə qızıl və donuz əti haram buyurulmuşdur? Xahiş edirəm ətraflı cavab yazın! Allah razı olsun!!! Salam aleykum!
Azerislam.com Və aleykumus-sələm!
Qeyd edək ki, qızıl yalnız kişilərə haram buyurulmuşdur. Bunu hikmətini isə peyğəmbər (səllallahu aleyhi və səlləm) belə izah etmişdir ki, bu dünyada qızıl istifadə edən kişilər Axirətdə (Cənnətdə) bundan məhrum ediləcəklər.
Donuz ətinin haram olmasının hikmətini isə Uca Allah belə izah edir: “De: "Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə (bismillah deyilmədən) günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm”. (əl-Ənam surəsi, 145).
Allah sizdən də razı olsun!!! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Sara
| Sumqayıt
Sualın ID: 252
Əs-sələmu aleykum!
1. Bilmək istərdim ki, tərkibində spirt, konyak və bu kimi haram şeylər olan şokolad və ya konfetləri yemək olar, ya yox?
2. İslamda çıldaq deyilən şey varmı?
3. Qadınlar Quranı (ərəbcə və ya tərcüməsini) oxuyarkən başlarını örtməlidirlərmi? Ümumiyyətlə bu nə dərəcədə vacibdir? Çox sağ olun! Allah sizlərdən razı olsun! Amin!!!
Azerislam.com Və aleykumus-sələm!
1. Tərkibində spirt, konyak və bu kimi haram şeylər olan şokolad və ya konfetləri yemək haramdır. 2. Xeyir, çıldağın İslam dini ilə heç bir əlaqəsi yoxdur. 3. Xeyir, Qadınlara Quranı oxuyarkən başlarını örtmək vacib deyildir. Qadınlar yalnız namaz qıldıqda və ya özlərinə naməhrəm olan şəxslərin yanında (əl və üzdən başqa) bütün bədənlərini örtməlidirlər. Allah sizdən də razı olsun! Amin!!!
Abdurrahim
| Bakı
Sualın ID: 251
Əs-sələmu aleykum əziz qardaşlar. Sizə sualım belədir:
1. Dinimizdə məzhəb vacibdirmi? Mümkünsə ətraflı yazın!
2. Qadın cənabət qüslünü necə almalıdır? Mən eşitmişəm ki, cənabət qüslündə fərq var. Allah razı olsun! Əs-sələmu aleykum!
Azerislam.com Və aleykumus-sələm!
1. Əziz qardaşım, İslam dinində məzhəbçiliyə yol vermək düzgün deyildir. Çünki, məzhəbçiliyə yol vermək müsəlmanları parçalayır. Bizdən əvvəlki ümmətləri də parçalayan səbəb elə bu olmuşdur. Uca Allah buyurur: “(Ya Rəsulum!) Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (Qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (əl-Ənam surəsi 159-cu ayə).
Həmçinin Uca Allah bizi nə sünni, nə də şiyə adlandırmışdır. O bizi yalnız müsəlman adlandırmışdır. Uca Allah buyurur: “(Ey möminlər!) Allah yolunda layiqincə cihad edin. O (Öz dini üçün) sizi seçdi və dində sizin üçün heç bir çətinlik yeri qoymadı - atanız İbrahimin dini kimi. O sizi bundan əvvəl də, bunda da (əvvəl nazil etdiyi Kitablarda da, Quranda da) müsəlman adlandırdı ki, (qiyamət günü) Peyğəmbər sizə, siz də insanlara şahid olasınız. Elə isə (vaxtlı-vaxtında) namaz qılın, zəkat verin və Allaha sığının. (Allah) sizin ixtiyar sahibinizdir. O nə yaxşı ixtiyar sahibi, necə də gözəl imdada yetəndir!” (əl-Həcc surəsi 78-ci ayə). Əgər hamı özünü Allahın adlandırdığı kimi müsəlman adlandırarsa və bu adı layiqincə doğruldarsa onda bütün müsəlmanlar birləşər və onlara heç kəs bata bilməz.
Həmçinin Uca Allah bizə hər hansı bir məzhəbə tabe olmağı əmr etməmişdir. Allah bizə yalnız Özünə (yəni Qurani Kərimdəki əmrlərinə) və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) (yəni onun hədislərinə) tabe olmağı əmr etmişdir. Elə haqq yolu da budur. Bu barədə uca Allah Qurani Kərimdə bir çox ayələr nazil etmişdir. Uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edin. Əgər (itaətdən) boyun qaçırsanız, bilin ki, Peyğəmbərimizin vəzifəsi yalnız açıq bir təbliğdir (Quranı açıq-aydın təbliğ etməkdir).” (əl-Maidə surəsi 92-ci ayə). Başqa bir ayədə isə belə buyurur: “Ey iman gətirənlər! Allaha itaət edin, Peyğəmbərə itaət edin və (şəkk-şübhə, riya, küfr və nifaq kimi şeylərlə) əməllərinizi puça çıxartmayın!” (Muhəmməd surəsi 33-cü ayə).
Lakin qeyd etmək istəyirəm ki, İslamın düşmənləri müsəlmanları parçalamaq üçün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) adından bir çox yalan hədislər uydurmuşlar. Odur ki, kim Allaha və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhih hədislərinə tabe olarsa haqq yolunu tapmış olar və Cənnətdə Allahın nemət verdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və saleh insanlarla birgə olacaq. Bu barədə də uca Allah buyurur: “Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər (peyğəmbərlər), siddiqlər (tamamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbərləri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə (yaxşı əməl sahibləri ilə) bir yerdə olacaqlar. Onlar necə də gözəl yoldaşlardır!” (ən-Nisa surəsi 69-cu ayə).
Allahdan istəyirik ki, hamımızı Allaha və Peyğəmbərinə (səllallahu aleyhi və səlləm) itaət edənlərdən etsin. (Amin). Sizə də məsləhətimiz budur ki, istər ibadətdə, istər də dünya işlərində hər hansı bir əməli yerinə yetirmək istədikdə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) etdiyi kimi edin. Çünki, uca Allah Peyğəmbərimizi insanlar üçün bir nümunə, örnək olaraq göndərmişdir. Uca Allah buyurur: “Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər (Allahdan, qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!” (əl-Əhzab surəsi 21-ci ayə). Allah bütün müsəlmanları doğru yola yönəltsin! Amin!
2. Kişi cənabət qüslünü necə alırsa qadın da elə almalıdır. Qadının qüslü ilə kişinin qüslü arasında heç bir fərq yoxdur. Allah sizdən də razı olsun! Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Yusif
| Bakı
Sualın ID: 247
Əs-sələmu aleykum və rahmətullah! Dəstəmazsız Quran oxumaq olarmı (ərəb dilində)?
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Bəli, dəstəmazsız Quranı (ərəb dilində) oxumaq olar.
Mirqədir Furqani
| Bakı
Sualın ID: 235
Dostlar salam! Bəzi insanlar vardır ki, (təharət, dəstəmaz və ya qüsl zamanı) müəyyən şübhələrə düşürlər. Məsələn: Görəsən təharət zamanı (ayaq yolunda) üstümə və ya paltarıma nəcasət dəydi ya yox? Xahiş edirəm bu sualın cavabını ətraflı verin ki, biz miskin bəndələr üçün Allahın yardımı ilə aydın olsun!
Azerislam.com Və aleykumus-sələm!
İnsana təharət, dəstəmaz və ya qüsl zamanı şübhə gələrsə ümumi olaraq onun qaydası belədir. “Şübhə etdiyin şeyi tərk edirsən və yəqin bildiyinə qayıdırsan”. Dəstəmazda olan şübhəyə aid misal: Bunun iki vəziyyəti ola bilər:
1. Yəqin bilirsən ki, dəstəmazın var idi. Sonra isə onu pozub-pozmadığına şübhə etdin. Bu zaman şübhə etdiyin şeyi (yəni, dəstəmazını pozub-pozmadığını) tək edirsən və yəqin bildiyinə (dəstəmazın var idiyə) qayıdırsan. Deməli sənin dəstəmazın var. 2. Yəqin bilirsən ki, dəstəmazın yox idi. Sonra isə dəstəmaz alıb-almadığına şübhə etdin. Bu zaman da şübhə etdiyin şeyi (yəni, dəstəmaz alıb-almadığını) tərk edirsən və yəqin bildiyinə (dəstəmazın yox idiyə) qayıdırsan. Deməli sənin dəstəmazın yoxdur.
Təharət zamanı paltarın nəcis olub-olmamağına aid misal: Bunun da iki vəziyyəti ola bilər: 1. Yəqin bilirsən ki, paltarın pak iki. Sonra isə onun üzərinə nəcisin düşüb-düşməməyi barəsində şübhə etdin. Bu zaman şübhə etdiyin şeyi (yəni, nəcis düşüb yoxsa düşməyib) tək edirsən və yəqin bildiyinə (paltarının pak olmasına) qayıdırsan. Deməli sənin paltarın pakdır. 2. Yəqin bilirsən ki, paltarına nəcis düşdü. Sonra isə onu yuyub-yumadığın barəsində şübhə etdin. Bu zaman da şübhə etdiyin şeyi (yəni, paltarını yuyub-yumadığını) tərk edirsən və yəqin bildiyinə (yəni, paltarına nəcis düşmüşdü) qayıdırsan. Deməli sənin paltarında nəcis var. Yenə qeyd edirik ki, ümumiyyətlə təharətdə, dəstəmazda və ya qüsldə şübhə gəldiyi zaman həmin şübhələr tərk edilməlidir.
İbadov Famil
| Bakı
Sualın ID: 232
Salam aleykum! Zinanın cəzası nədir?
Azerislam.com Və aleykumus-sələm!
Zina ən böyük günahlardandır. Uca Allah buyurur: “Zinaya yaxınlaşmayın! Həqiqətən də bu iyrənc bir əməl və murdar bir yoldur”. (əl-İsra, 32). Zinanın bir çox fəsadları vardır. Bunlar aşağıdakılardır: Namusu ləkələyir. Zinakar, insanlar arasında gözü kölgəli (rüsvay) olur. Zina qəlbi qaraldır və onu sıxıntıya salır. Ailədə fəsad törədir, ərlə arvad arasında olan münasibətləri korlayır. Uşaqların tərbiyəsinə pis təsir edir. Əsil-nəcabətin bilinməməsi və soy kökünün itib batmasına səbəb olur. Bəzən zinakarlar qeyrətin qurbanına çevrilirlər. Əksər hallarda dünyaya gələn uşağın atasının kim olduğu bilinmir. Zinakarların əksəriyyəti narahatlıq hissi ilə yaşayır, yaxınlarının onların bu çirkin əməllərindən xəbər tutacağından qorxurlar. AİDS və s. kimi təhlükəli yoluxucu xəstəliklərin yaranmasına və onların yayılmasına səbəb olur. Zinanın çoxalması Qiyamətin yaxınlaşmasıdır. Zina malın israf olmasına səbəb olur. Bir nəfərin zina etməsi onun bütün xalqının adına xələl gətirir. Zina edən şəxs tez-tez yalan danışmaq məcburiyyətində olur. Zinanın yayılması cəmiyyətin xarab olmasına gətirib çıxardır, həmçinin cəmiyyətdə bir çox xəstəliklərin yayılmasına gətirib çıxarır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ey mühacirlər tayfası! Beş şey vardır ki, onunla imtahan oluna bilərsiniz. Bunların sizin başınıza gəlməsindən Allaha sığınıram. O camaat ki, zinakarlıq onlar arasında açıq-aşkar yayılacaq, onlara taun və ata-babalarının başına gəlməyən xəstəliklər üz verəcək....” (İbn Macə, 4019; Hakim, 4/583). Zinakara bu dünyada veriləcək cəzalar bunlardır: Əgər zina edən şəxs subaydırsa onda onun cəzası 100 çubuqdur. Yəni, subay olan şəxs zina edərsə ona 100 çubuq vurulur. Uca Allah buyurur: “Zinakar kişiyə və zinakar qadına yüz çubuq vurun. Allaha və axirət gününə inanırsınızsa, Allahın dini barəsində (bu işin icrasında) ürəyiniz onlara yumşalmasın və möminlərdən bir dəstə də onların əzabına şahid olsun. (Bu, subay kişiyə və ərsiz qadına aiddir).” (ən-Nur, 2).
Evli kişi və qadın zina etdikdə isə onların cəzası daşqalaq edilməkdir. Yəni onların hökmü daş-qalaq vasitəsi ilə ölüm hökmüdür. Zinakarın Axirətdə olan cəzası isə daha şiddətlidir. Bunların bəzilərini qeyd edək. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Qiyamət günü Allah üç sinif insanla danışmayacaq və onları təmizə çıxarmayacaq, – Əbu Muaviyə deyir ki, onlara baxmayacaq və onlar üçün əzab vardır – zinakar qoca, yalan danışan rəhbər və təkəbbürlü kasıb”. (Muslim, 1/27). Zinakar şəxsləri həmçinin qəbir əzabı da gözləyir.
Orxan Baxışov
| Bakı
Sualın ID: 218
Əs-sələmu aleykum! Biz bir evdə kirayə qalırıq. Bu evdə bizdən əvvəl bəzi xaricilər qalmışdı və onlar özlərindən sonra bəzi xırda şeylər saxladılar, qələmlər və sairə. Evin sahibi cahildir. Ona görə də deyir ki, həmin əşyaları özünüzə götürün. Lakin bu bizim deyil və biz də bilmirik ki, bu əşyalara nə edək. Çünki onları tapmaq çətin olacaq və həmin əşyaları da tullaya bilmirik, ya da istifadə edə bilmirik. Zəhmət olmasa bizə dəlillərlə məsləhət görərsiniz.
Azerislam.com Və aleykumus-sələm!
Əgər həmin əşyalar dəyərsizdirsə və güman varsa ki, həmin şəxslər bu əşyaları bilərəkdən orada tərk ediblər onda onlardan istifadə etmək olar. Əgər əşyalar dəyərlidirsə və güman var ki, həmin şəxslər onları unudublar onda həmin əşyaları ya evin sahibinə verin ki, özü onun sahibini tapsın, ya da siz özünüz həmin əşyaların sahibini bir il axtarmalısınız. Əgər bir il müddətində əşyaların sahibini tapa bilməsəniz onda həmin əşyaları istifadə edə bilərsiniz.
Zeyd ibn Xalid əl-Cuhəni (Allah ondan razı olsun) rəvayət edir ki, bir kişi peyğəmbərin (səllallahu aleyhi və səlləm) yanına gəldi və ondan tapılan əşyalar (pul kisəsi və sairə) barəsində soruşdu. Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “Onun kisəsini və bağını bil (yadında saxla) və sonra onu bir il elan et. Əgər sahibi gələrsə (onu qaytar) əks halda isə özün bilərsən (başqa bir rəvayətdə isə deyilir ki, “Əks halda isə onu xərclə.”) Həmin kişi dedi: “Bəs itmiş qoyun?” Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “O (götürsən) sənindir, və ya (götürməsən) qardaşınındır, yaxud da canavarındır.” Həmin kişi yenə dedi: “Bəs itmiş dəvə necə? Peyğəmbər (səllallahu aleyhi və səlləm) dedi: “İtmiş dəvədən sənə nə!? (Onlara dəymə!) Sahibi onu tapana qədər onun yanında suyu, ayağında da çarığı var. (İstədiyi vaxt) sudan içər və otdan yeyər.” (Buxari, 2372; Muslim, 4473).
Elmar Şabanov
| Bakı
Sualın ID: 187
Əs-sələmu aleykum! Aşağıdakı yazılanlara sizin məsləhətinizi istərdim. Mən sadəcə adları dəyişdirirəm:
Ramin Orxandan borca pul götürüb və Allaha and içib ki həmin pulu qaytarar. Lakin vaxt keçdikcə, Ramin bu pulu Orxana qaytarmaq istəyəndə, Orxan ona belə bir şeyi təklif etdi: "Mən sənin borcunu bağışlamaq istəyirəm, lakin mən məcburam bu borcu götürüm, çünki sən Allaha and içmisən ki, bu pulu qaytaracaqsan. Ona görə də gəl belə bir şey edək. Sən mənə borcu qaytar (və belə etməklə sən Allahın yanında andını yerinə yetirmiş olarsan), və mən sənə həmin dəqiqə həmin pulu sədəqə niyyəti ilə verim"
Burada məni maraqlandıran bu cür etməyin caizliyidir. Yəni burada Ramin borcunu qaytaranda qabaqcadan biləcək ki, Orxan bu pulu həmin dəqiqə lakin sədəqə niyyəti ilə qaytaracaqdır. Xahiş edirəm məsləhət görərdiniz. Allah razı olsun. Əs-sələmu aleykum!
Azerislam.com Və aleykumus-sələm!
Bu əməldə şəriətə müxalif heç bir şey yoxdur. Ona görə də bu cür əməl caizdir, hətta Ramin bunu əvvəlcədən bilsə də belə. Amma yaxşı olardı ki, Orxan Raminə əvvəlcədən heç bir söz deməsin. O bunu Ramin borcunu qaytardıqdan sonra etsin. Allah sizdən də razı olsun!
Anar
| Bakı
Sualın ID: 182
Əs-sələmu aleykum! Allah bu saytı yaradanlardan razı olsun. Bütün möminlərdən də razı olsun! Sizə bir sualım var: Qızıl kişiyə haramdırmı? Bəs qızıl diş necə? Allah razı olsun!
Azerislam.com Və aleykumus-sələm!
Bəli, qızıl kişilərə haramdır. Əli İbn Əbi Talib rəvayət edir ki, bir gün peyğəmbər (səllallahu aleyhi və səlləm) sağ əlinə ipəyi, sol əlinə isə qızılı alıb dedi: “Bunlar mənim ümmətimin kişilərinə haramdır”. (Bu hədisi Əhməd, Əbu Davud və ən-Nəsai rəvayət etmişdir). Qızıl dişə gəlincə, bu yalnız zəruri hallarda caizdir. Məsələn: Dişlər tökülərsə. Amma gözəllik üçün və sairə buna bənzər şeylər üçün isə haramdır. Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə döyüş zamanı bir kişinin burnu yaralanır. Sonra səhabələr onun burnunu gümüşdən düzəldirlər. Bir müddətdən sonra həmin gümüş iy verməyə başlayır. Həmin səhabə peyğəmbərə (səllallahu aleyhi və səlləm) bu barədə xəbər verir və peyğəmbər (səllallahu aleyhi və səlləm) ona burnunu qızıldan düzəltməyə icazə verir. Bu da onu göstərir ki, zəruri hal olarsa dişi də qızıldan düzəltmək olar. Allah sizdən də razı olsun!
Tural Əhmədov
| Yevlax
Sualın ID: 179
Salam. Mənim sualım budur ki, “fərz” nədir, “sünnət” nədir? Bir də sizdən xahiş edirəm ki, sualım olanda cavabını yazın.
Azerislam.com Və aleykumus-sələm!
Fərz vacib deməkdir. Fərz olan əməllər o əməllərdir ki, onları edən şəxs savab qazanır, etməyən şəxs isə mütləq günah qazanır.
Sünnət əməllər isə o əməllərdir ki, onları edən şəxs savab qazanır, etməyən isə günah qazanmır.
Aslan
| Bakı
Sualın ID: 178
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu! Sizə bir sualım olacaq: Kreditə texnika götürmək olarmı? Allah razı olsun! Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Xeyir, kreditlə texnika götürmək olmaz. Çünki həmin krediti qaytaran zaman siz əlavə faiz dəyərini də ödəyirsiniz. Bu isə haramdır. Kreditlə yalnız o vaxt bir şey almaq olar ki, onu qaytaran zaman heç bir əlavə faiz ödənilməsin və krediti götürdükdə onun dəyərinin müəyyən faizinin əvvəlcədən ödəniləcəyi şərti olmasın.
Paşayev Fuad
| Bakı
Sualın ID: 176
Salam! Oğlanla oğlanın zina etməyi haqqında öyrənmək istəyirəm! Bir də Allahdan etdiyim günaha görə bağışlanmağı çox-çox diləmişəm və bir də günahımı təkrarlamışam. Çox sağ olun!
Azerislam.com Və aleykumus-sələm!
Oğlanla oğlanın zina etməsi ən böyük günahlardandır. Uca Allah buyurur: “Lutu da (elçi göndərdik). O zaman o, öz qövmünə dedi: «Sizdən əvvəl aləmlərdən (məxluqatdan) heç kəsin etmədiyi iyrənc əməli sizmi edəcəksiniz? Siz, qadınları buraxıb şəhvani ehtirasla kişilərlə yaxınlıq edir¬siniz. Həqiqətən də, siz, həddi aşmış bir tayfasınız». Onun qövmünün cavabı: «Onları yurdunuzdan çıxarın. Axı onlar təmizliyə can atan adamlardır», – deməkdən başqa bir şey olmamışdı. Biz onu və arvadı istisna olmaqla ailəsini xilas etdik. O (arvadı) isə geridə qalanlardan (həlak olanlardan) oldu. Biz onların üzərinə (daşlardan) yağış yağdırdıq. Bir gör günahkarların aqibəti necə oldu.” (əl-Əraf surəsi, 80 – 84).
Əgər etdiyiniz günaha görə Allahdan bağışlanma diləyirsinizsə aşağıdakı şərtlərə riayət etməlisiniz:
Etdiyin günaha görə peşman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşmançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.)
Əgər siz bu dörd şərtə əməl etsəniz Uca allah sizin həmin günahınızı bağışlayacaq.
Aslan Tağıyev
| Bakı
Sualın ID: 172
Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu! Mənim sualım musiqiyə aiddir. Mən bilmək istərdim ki, musiqiyə aid Qurani Kərimdə və hansı hədisdə dəlillər vardır. Mən deyəndə ki, musiqi olmaz məndən səhih bir dəlillər istəyirlər. Əs-sələmu aleykum və rahmətullahi və bərakətuhu!
Azerislam.com Və aleykumus-sələmu və rahmətullahi və bərakətuhu!
Musiqinin haram olmasına aid həm Qurani Kərimdə, həm də Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) hədislərində bir çox dəlillər vardır. Biz yalnız bir neçə dəlilləri qeyd etməklə kifayətlənəcəyik. Uca Allah əl-İsra surəsinin 64-cü ayəsində şeytana belə deyir: “Onlardan kimi bacarırsansa, səsinlə yerindən oynat...”
Həmçinin musiqi barəsində uca Allah başqa bir ayədə belə buyurur: “İnsanlar içərisində eləsi də vardır ki, nadanlığı üzündən (xalqı) Allah yolundan döndərmək və bu minvalla onu məsxərəyə qoymaq üçün mənasız sözləri satın alarlar. Məhz belələrini alçaldıcı bir əzab gözləyir.” (Loğman surəsi 6-cı ayə).
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan İbn Məsud (Allah ondan razı olsun) bu ayələri izah etdikdə Allaha təkidlə and içərək belə demişdir: “Allaha and olsun ki uca Allah bu ayələrdə (şeytanın səsi və mənasız sözlər dedikdə) musiqini qəsd edir.”
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ümmətimdən elə bir qövm gələcəkdir ki, onlar ipəyi, sərxoşedici içkini və musiqi alətlərini halal sayacaqlar...” (Hədisi Buxari rəvayət etmişdir).
Rəhman Cek
| Bakı
Sualın ID: 170
Salam aleykum! Mənim sualım budur ki, saqqal saxlamaq günahdır? Xahiş edirəm ki, bunun haqda yazasınız.
Azerislam.com Və aleykumus-sələm!
Saqqal saxlamaq barəsində Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) belə demişdir: “Saqqallarınızı uzadın (əl vurmayın), bığlarınızı qısaldın ki, məcusilərə (oda sitayiş edənlərə) müxalif olun” Bu hədis onu göstərir ki, saqqal saxlamaq vacibdir. Çünki, bu Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmridir. Hər bir müsəlman da Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) əmrlərini yerinə yetirməlidir.
Uca Allah Qurani Kərimdə möminlərə əmr edərək belə buyurmuşdur: “Peyğəmbər sizə nə verirsə, onu götürün; nəyi qadağan edirsə, ondan əl çəkin” (əl-Həşr surəsi 7-ci ayə).
Başqa bir ayədə də belə demişdir: “...Onun (Allahın, yaxud Peyğəmbərin) əmrinə qarşı çıxanlar başlarına gələcək bir bəladan, yaxud düçar olacaqları şiddətli bir əzabdan həzər etsinlər!” (ən-Nur surəsi 63-cü ayə).
Saqqal saxlamağın hikməti odur ki, müsəlman özünü məcusilərə oxşatmasın. Kim də özünü bir qövmə oxşadarsa o onlardan sayılır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Kim özünü bir qövmə oxşadarsa, o, onlardandır” Həmçinin kişi saqqal saxlayır ki, qadınlardan fərqlənsin, özünü onlara oxşatmasın.
Elnur
| Bakı
Sualın ID: 169
Əs-sələmu aleykum! Mən bu yaxınlarda bir bankdan iş təklifi aldım. Amma eşitmişəm ki, bank işi haram sayılır. Sizdən soruşmaq istəyirəm ki, bankda işləmək haram sayılırmı?
Azerislam.com Və aleykumus-sələm!
Bəli, bankda işləmək haram sayılır. Çünki, sizin maaşınız faizdən verilir. Həmçinin sizin özünüz də həmin bankda işləməklə onların etdikləri haram əmələ, faizə, sələmə kömək etmiş olursunuz.
Axı Uca Allah faizi haram etmişdir. Bu barədə uca Allah belə buyurur: “Sələm (müamilə, faiz) yeyənlər (qiyamət günü) qəbirlərindən ancaq Şeytan toxunmuş (cin vurmuş dəli) kimi qalxarlar. Bunların belə olmaları: "Alış-veriş də sələm kimi bir şeydir!" - dedikləri üzündəndir. Halbuki, Allah alış-verişi halal, sələm (faiz) almağı isə haram (qadağan) etmişdir. İndi hər kəs Rəbbi tərəfindən gələn nəsihəti qəbul etməklə (bu işə) son qoyarsa, keçmişdə aldığı (sələmlər) onundur (ona bağışlanar). Onun işi Allaha aiddir. Amma (yenidən sələmçiliyə) qayıdanlar cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar! Allah sələmi (sələmlə qazanılan malın bərəkətini) məhv edər, sədəqələri (sədəqəsi verilmiş malın bərəkətini) isə artırar. Allah kafiri, günahkarı sevməz!” (əl-Bəqərə surəsi 275, 276-cı ayələr).
Başqa bir ayədə də Uca Allah belə buyurur: “Ey möminlər! Əgər, doğrudan da, iman gətirmişsinizsə, Allahdan qorxub sələmdən qalan məbləğdən (faizdən) vaz keçin! Əgər belə etməsəniz, o zaman Allaha və Onun peyğəmbərinə qarşı müharibəyə girişdiyinizi bilin! Yox, əgər tövbə etsəniz, sərmayəniz (mayanız) sizindir. Beləliklə, nə siz zülm edərsiniz, nə də sizə zülm olunar!” (əl-Bəqərə surəsi 278, 279-cu ayələr).
Başqa bir ayədə isə belə buyurur: “Və qadağan olunmasına baxmayaraq, sələm (faiz) aldıqlarından, haqsız yerə xalqın malını yediklərindən dolayı (halal olanı Yəhudilərə haram buyurduq). Biz onlardan olan kafirlər üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 161).
Həmçinin Uca Allah buyurur: “Günah iş görməkdə və düşmənçilikdə bir-birinizə kömək etməyin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.” (əl-Maidə surəsi, 2).
Əgər siz bankda işləsəniz həmin banka haram işdə kömək etmiş olursunuz. Bunun özü isə haramdır.
Məmmədova Gülşən
| Bakı
Sualın ID: 160
Əs-sələmu aleykum! İki aydır ki, namaz qılıram. Bu yaxınlarda isə bizə balaca 2 aylıq it bağışlayıblar. Sonra mənə dedilər ki, namaz qılan adam evdə it saxlaya bilməz. Səbəbini isə it olan evə mələklər girməz dedilər. Özümə ayrıca otaq ayırmışam ki, ora itin ayağı dəyməyib. Namaz geyimim isə tamam ayrıdır. Hər namazdan əvvəl çalışıram qüsl alım. Ayətul-kürsünü də hər namazda deyirəm. Anam itdən vaz keçməkdən imtina etmir. Qalmışam çıxılmaz vəziyyətdə. Xahiş edirəm kömək edəsiniz. Təşəkkürlər!
Azerislam.com Və aleykumus-sələm!
Namaz qılmağa başlamaqla Allah qatında çox gözəl bir əməl etmiş sayılırsınız. Allahdan diləyirik ki, sizə bu cür gözəl əməllər etməkdə daima yardım etsin və sizin qıldığınız namazları qəbul etsin! Amin!!!
Evdə it saxlamağa gəlincə onu deyə bilərik ki, it olan evə mələklər girmirlər. Hətta it başqa otaqda olsa da belə, həmin evə mələklər girmir. Həmçinin iti yalnız 3 şeyə görə saxlamaq olar. Evi qorumaq, heyvan sürüsünü otarmaq (çoban iti) və ov ovlamaq üçün. Lakin bu zaman da itlər evin içində saxlanılmır, həyətdə saxlanılır. Bu 3 səbəb olmadan evdə it saxlamaq haramdır. Əgər iti evdən çıxartdırmağa gücünüz çatmırsa onda özünüzün seçdiyiniz üsul daha münasibdir. Elə bu cür namaz qılmaqda davam edin. Lakin hər namazdan əvvəl qüsl yox, dəstəmaz almaq lazımdır. Həmçinin namazda başqa surələr də oxusanız daha yaxşı olardı. Allahdan istəyirik ki, daima sizin köməyinizdə olsun! Amin!!!
Səfərova Arzu
| Bakı
Sualın ID: 153
Quran bizə yeddinci əsrdə nazil olmuşdur. Bəs o dövrə qədər qurandan xəbəri olmayan insanlar, Cənnət və cəhənnəm anlayışı olmayan insanlar nəyə əsasən mühakimə olunacaqlar?
Azerislam.com Əs-sələmu aleykum!
Quran nazil olmamışdan öncə də insanlardan tək Allaha ibadət edən, Cənnət və Cəhənnəmə iman gətirənləri var idi. Onlar bütün bunları Qurandan öncə nazil olan kitablardan, Peyğəmbərlərdən və onların ardınca gedənlərdən öyrənmişdilər. Odur ki, İslam dinindən öncə olan ümmətlərin hamısı, Uca Allahın onlara nazil etdiyi dini ilə mühakimə ediləcəklər. Çünki Uca Allah hər bir ümmətə bir peyğəmbər göndərmişdir. Uca Allah buyurur: “...Elə bir ümmət yoxdur ki, onun içindən (kafirləri Allahın əzabı ilə) qorxudan (xəbərdar edən) bir peyğəmbər (yaxud alim) gəlib-getməsin!” (Fatir surəsi, 24)
Başqa bir ayədə isə belə deyilir: “And olsun ki, Biz peyğəmbərlərimizi açıq-aşkar dəlillərlə (möcüzələrlə) göndərdik. Biz onlarla birlikdə (Allahın hökmlərini bildirən səmavi) kitab və ədalət tərəzisi (şəriət) nazil etdik ki, insanlar (bir-biri ilə) ədalətlə rəftar etsinlər.” (əl-Hədid surəsi, 25)
Digər ayədə isə Uca Allah belə deyir: “(Biz) müjdə verən və qorxudan elçilər (göndərdik) ki, insanların elçilərdən sonra Allaha qarşı bir bəhanəsi olmasın. Allah Qüdrətlidir, Müdrikdir.” (ən-Nisa surəsi, 165)
Bu ayələrin hamısı onu göstərir ki, hər bir ümmətə peyğəmbər və kitab göndərilib və onlar da özlərinə göndərilənlərə görə mühakimə olunacaqlar. Lakin Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) göndərildikdən sonra hamı onun şəriətinə tabe olmalı və ona nazil olan Quranla mühakimə olunmalıdır. Çünki peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) sonuncu peyğəmbər olaraq bütün bəşəriyyət üçün göndərilmişdir.
Məmmədova Xədicə
| Sumqayıt
Sualın ID: 144
Əs-sələmu aleykum! Sizə öz sualımla müraciət etmək istərdim. Artıq 4 ilə yaxındır ki, namaz qılıram. Ansaq bu 4 il ərzində 2 dəfə , daha doğrusunu desək bir dəfə 2 ay, bir dəfə isə 3 ay yarıma yaxın qılmadım. Yenə də tövbə edib namazıma başladım. Əlhəmdulilləh. Məni narahat edən isə tövbəmin qəbul olub-olmamağıdır. Məni bu yaxınlarda çox qorxudublar. Deyirlər ki, sənin tövbən qəbul deyil. Mən isə cavabında Allah bilir dedim.
Azerislam.com Və aleykumus-sələm!
Tövbənin qəbul olunması üçün bir neçə şərtlər vardır. Bu şərtlər aşağıdakılardır:
Etdiyin günaha görə peşman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşmançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.) Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək: - Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə). - Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır: a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda; b) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə). Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə). Əgər sizdə tövbənin 1-ci, 2-ci və 3-cü şərtləri varsa onda sizin tövbəniz qəbul olunur. Odur ki, bəndə tövbə etdikdən sonra heç vaxt Allahın rəhmətindən ümidini üzməməlidir. Uca Allah buyurur: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: "Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O bağışlayandır, rəhm edəndir! (Tövbə edib) Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz!” (əz-Zumər surəsi 53, 54).
Joey
| Sumgayıt
Sualın ID: 124
Əs-sələmu aleykum əziz qardaşlar! Sizdən bir xahişim var. Mənə tövbə etmək barədə məlumat verərdiniz. Allah razı olsun!
Azerislam.com Və aleykumus-sələm!
Hər bir müsəlman etdiyi günahlara görə (onun böyüklüyündən və ya kiçikliyindən asılı olmayaraq) tövbə etməli və Allahın əmrlərini yerinə yetirib, qadağalarından çəkinməlidir. Tövbənin şərtləri bunlardır:
Etdiyin günaha görə peşman olmaq; Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Peşmançılıq tövbədir.” (Bu hədisi imam Əhməd rəvayət etmişdir).
Etdiyin günahdan bir dəfəlik əl çəkmək;
Bir daha həmin günaha qayıtmamağı niyyət etmək;
Əgər etdiyin günah hər hansı bir şəxsin haqqı ilə bağlıdırsa onun haqqını ödəmək; (Məsələn: Oğurluq etmisənsə onu sahibinə qaytarmalısan, qeybət etmisənsə həmin şəxsdən üzr istəməlisən və s.) Tövbə edən şəxs həmçinin bəzi şeylərə də riayət etməlidir. Bunların bəzilərini qeyd edək:
- Tövbə edən şəxs onu səmimi qəlbdən (ixlasla Allah üçün) etməlidir; Peyğəmbərimiz demişdir: “Allah yalnız ixlasla (səmimi qəlbdən), Onun razılığını qazanmaq üçün edilən əməlləri qəbul edir”. (Bu hədisi Nəsai rəvayət etmişdir). Həmçinin uca Allah belə buyurmuşdur: “Ey iman gətirənlər! Allaha səmimi-qəlbdən (bir daha günaha qayıtmamaq şərti ilə) tövbə edin...” (ət-Təhrim surəsi 8-ci ayə). - Tövbəni qəbul olunan vaxtda etmək lazımdır; Tövbənin qəbul olunmayan vaxtları bunlardır: a) Qiyamət günü günəş məğribdən (batdığı yerdən) çıxdıqda; b) Ölün anında; Uca Allah buyurur: “Günah işlər görməkdə davam edərək ölüm yetişən anda: "Mən indi tövbə etdim" - deyənlərin və kafir olaraq ölənlərin tövbəsi qəbul olunmaz. Biz onlar üçün şiddətli bir əzab hazırlamışıq!” (ən-Nisa surəsi 18-ci ayə). Bu da onu göstərir ki, tövbəni gecikdirmək olmaz. Elə ona görə də, əgər hər hansı bir şəxs günah edərsə bundan dərhal sonra tövbə etməlidir. Uca Allah buyurur: “Allah yanında yalnız o kəslərin tövbəsi qəbul olunar ki, onlar nadanlıq ucundan pis bir iş gördükdən sonra dərhal tövbə edərlər. Allah belələrinin tövbəsini qəbul edir! Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” (ən-Nisa surəsi 17-ci ayə). Tövbə edən zaman günahları sadalamağa ehtiyac yoxdur. Çünki tövbə edən şəxs bütün günahlara görə tövbə etməlidir. Əgər insan bütün günahlara görə tövbə edərsə onun qəsdən etdiyi günahları da bağışlanır. Odur ki, Hər bir müsəlman daima Allahdan bağışlanma diləməlidir. Həmçinin tövbə edən zaman iki rükət adi sünnət namazı qılıb sonra Allahdan bağışlanma diləmək də yaxşı olardı. Peyğəmbər (səllallahu aleyhi və səlləm) günah edən şəxsə iki rükət namaz qılıb sonra Allahdan bağışlanma diləməyini nəsihət etmişdir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Hər hansı bir günah edən şəxs (günah etdikdən sonra) dəstəmaz alıb iki rükət namaz qılarsa və sonra da Allahdan bağışlanma diləyərsə, Uca Allah onu mütləq bağışlayar.” Sonra Peyğəmbər (səllallahu aleyhi və səlləm) bu ayəni oxudu: “O kəslər [Müttəqilər] ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı yada salıb günahlarının bağışlanmasını istəyərlər – Axı günahları Allahdan başqa kim bağışlaya bilər? – və onlar bilə-bilə etdiklərinin üzərində israr etməzlər.” (Ali-İmran surəsi, 135).” (Hədisi İbn Hibban, Beyhaqi və başqaları rəvayət etmişlər). Bəzi günahlar vardır ki, tövbədən əlavə kəffarə də ödəmək lazımdır. Bu günahların bəzilərini qeyd edək: - Ramazan ayında günorta vaxtı həyat yoldaşı ilə cinsi əlaqədə olmaq; Bunun kəffarəsi ya qul azad etmək, ya altmış gün ardıcıl oruc tutmaq, ya da altmış kasıbı yedirtməkdir. - Bilə-bilə andı pozmaq; Bunun kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doydurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Allah həm sizin həm də bütün möminlərin tövbələrini qəbul etsin.