Pirlərdən, seyidlərdən şəfa diləmək, onlara nəzir vermək nə dərəcədə düzgündür?
Azerislam.com Əs-sələmu aleykum!
Pirlərə gedib onlardan xəstəyə şəfa verməsini istəmək, övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəmək, onlar üçün qurban kəsmək, nəzir vermək və s. bu kimi əməllər etmək onları Allaha şərik qoşmaq deməkdir. Uca Allah əş-Şüəra surəsində belə buyurur:
78. “(İbrahim Peyğəmbər öz qövmünə belə dedi): Məni yaradan və məni doğru yola yönəldən Odur! (Allahdır!) 79. Məni yedirdən də, içirdən də Odur! 80. Xəstələndiyim zaman mənə yalnız O, şəfa verir. 81. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur. 82. Və qiyamət günü xətamı bağışlayacağına ümid etdiyim də Odur!”
Bu ayələr onu göstərir ki, bu kimi sifətlər yalnız Allaha məxsusdur. Odur ki, Allahdan qeyrisindən bunları istəmək şirkdir. Şirk də ən böyük günahdır. Uca Allah Ona şərik qoşanı əsla bağışlamaz. Bu xüsusda uca Allah buyurur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur” (ən-Nisa surəsi 48-ci ayə).
Uca Allah “Fatihə” surəsinin 5-ci ayəsində belə buyurur: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” Bu ayəni deyən şəxs ona əməl də etməlidir. Yəni həmin şəxs yalnız Allaha ibadət etməli və yalnız ondan yardım diləməlidir. Uca Allah bu ayə vasitəsi ilə sanki öz bəndələrinə bu iki əməli (yalnız Ona ibadət etməyi və yalnız Ondan yardım diləməyi) əmr edir. Başqa bir ayədə isə belə buyurur: “Allahdan başqa, sənə nə bir xeyir, nə də zərər verə bilən şeylərə dua etmə! Əgər belə etsən, şübhəsiz ki, özünə zülm edənlərdən olarsan!... Əgər Allah sənə bir zərər toxundursa (sıxıntı versə), onu Özündən başqa (səndən) heç kəs sovuşdura bilməz. Əgər Allah sənə bir xeyir diləsə, heç kəs Onun nemətini (lütfünü) geri qaytara bilməz...” (Yunus surəsi, 106, 107). Bu ayələr onu göstərir ki, yalnız dua edib Allahdan istəmək lazımdır.
Uca Allah digər ayədə də belə buyurur: “Siz Allahı qoyub ancaq bütlərə ibadət edir, (onlara tanrı deməklə) yalan uydurursunuz. Sizin Allahdan başqa ibadət etdikləriniz sizə ruzi verməyə qadir deyillər. Ruzini Allahdan diləyin. Ona tapının, Ona şükür edin. Siz (qiyamət günü) Onun hüzuruna qaytarılacaqsınız!” (əl-Ənkəbut surəsi 17-ci ayə).
Uca Allah “Fatir” surəsinin 13, 14-cü ayələrində isə belə buyurur: “...Sizin Ondan qeyri ibadət etdikləriniz bir çəyirdək qabığına belə sahib deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də cavab verə bilməzlər (çünki Allah onlara nitq qabiliyyəti verməmişdir). Özləri də qiyamət günü sizin (Onları Allaha) şərik qoşduğunuzu (onlara büt kimi ibadət etdiyinizi) danacaqlar...”
Uca Allah ölülər barəsində başqa bir ayədə də belə buyurur: “Kor ilə görən eyni olmaz. Zülmətlə nur da (eyni deyildir)! Kölgə (sərin) ilə isti (eyni olmaz). Dirilərlə ölülər də eyni deyillər! Şübhəsiz ki, Allah dilədiyinə (ayələrini) eşitdirər. Sən isə (ya Peyğəmbər!) qəbirlərdə olanlara (haqqı) eşitdirən deyilsən!” (Fatir surəsi 19; 20; 21; 22-ci ayələr). Bu ayə də onu göstərir ki, hətta Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) qəbirlərdə olanlara eşitdirə bilmir. Şübhəsiz ki, pirlərdə olanlar da ölüdürlər. Odur ki, pirlərdə olan ölülərə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) eşitdirə bilmədiyi bir şeyi kim eşitdirə bilər?!
Bəzi insanlara deyildikdə ki, “qəbirlərə ibadət etməyin, omlardan heç nə diləməyin” onlar belə cavab verirlər. Biz onlara ibadət etmirik. Biz yalnız onlar vasitəsi ilə Allaha yaxınlaşırıq ki, Allah onların vasitəsi ilə bizim əməllərimizi qəbul etsin. Lakin həmin insanlar düşünmürlər ki, elə bu əməlin özü o vaxtkı müşriklərin əməllərinə bənzəyir. Allaha ölülər və ya bütlər vasitəsi ilə yaxınlaşmalarını iddia edən müşriklərə, Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) “Bütlərə ibadət etməyin” - dedikdə belə cavab verdilər. Biz onlar vasitəsi ilə Allaha yaxınlaşırıq. Elə bu əməllərinə görə uca Allah onları müşrik adlandırdı. Uca Allah buyurur: “Bil ki, xalis din (sırf ibadət, təmiz itaət) ancaq Allaha məxsusdur. Allahı qoyub (bütləri) özlərinə dost tutanlar: "Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!" (deyirlər). Şübhəsiz ki, Allah ixtilafda olduqları məsələlər barəsində (qiyamət günü) onların arasında hökm edəcəkdir. Allah yalançı, nankor olan kimsəni doğru yola müvəffəq etməz!” (əz-Zumər surəsi 3-cü ayə). Bu da onu göstərir ki, onların etdikləri əməl şirkdir. Allah bizi şirkdən qorusun! Amin!!!
Seyidlərə gəlincə onların da hökmü elə pirlərin hökmü ilə eynidir. Onlardan da xəstəyə şəfa verməsini istəmək, övlad, ruzi, çətin vəziyyətə düşdükdə yardım və bu kimi şeylər istəmək, onlar üçün qurban kəsmək, nəzir vermək və s. bu kimi əməllər etmək onları Allaha şərik qoşmaq deməkdir.
Əslinə qalsa “Seyid” ərəb sözü olub cənab deməkdir və bunun İslam dini ilə heç bir əlaqəsi yoxdur. Odur ki, nə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm), nə də ondan sora gələn səhabələrin dövründə İslam dinində belə bir titul olmamışdır. Lakin hal hazırkı dövrdə özlərini seyid adlandıran bir qrup insanlar bu cür adlardan istifadə edib bəzi avam insanlardan pul qoparırlar. Həmin özlərini seyid adlandıran insanlar iddia edirlər ki, guya Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindəndir. Əgər biz kiçik Azərbaycan dövlətinə baxsaq görərik ki, əksər insanlar iddia edirlər ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) nəslindəndirlər.
Biz 6 il Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhəri olan Mədinə şəhərində qaldıq, lakin bir nəfər də olsun belə özünə seyid deyən və Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslindən olduğunu iddia edən şəxsə rast gəlmədik. Əgər Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) şəhərində belə bir insan tapmaq mümkün deyilsə, necə olur ki, Azərbaycanda belə insanlar doludur. Bir az düşünsək bunu daha yaxşı başa düşərik.
Bir şeyi də qeyd edək: Özlərini seyid adlandıran bu cür şəxslər, insanlardan nəzir yığmağa, dilənməyə və s. bu kimi Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) nəslinə yaraşmaz işlər görməyə başlayırlar. Axı Peyğəmbərimiz (səllallahu aleyhi və səlləm) öz hədislərində demişdir ki, “Onun Nəslinə sədəqə yemək haramdır.” Bəs onda nə üçün bu özlərini seyid adlandıran şəxslər belə edirlər. Əlbəttə ki, ağıl sahibləri başa düşürlər ki, bunların hamısı pula görədir.
Əli Şəriəti
| Bakı
Sualın ID: 97
Salam aleykum! Xahiş edirəm Allahın əl və ayağı olmağı haqqında hədislər deyəsiniz!
Azerislam.com Və aleykumus-sələm!
Uca Allahın əlinin olması barəsində çoxlu sayda ayə və hədislər vardır, lakin biz yalnız bir neçə ayə ilə kifayətlənəcəyik. Yəqin ki, dəlil üçün həmin ayələr yetər. Uca Allah buyurur: “Yəhudilər dedilər: «Allahın Əli bağlıdır!» Onların öz əlləri bağlandı və dedikləri sözə görə lənətə gəldilər. (Yaxud onların öz əlləri bağlansın və dedikləri sözə görə lənətə gəlsinlər!) Əksinə, Onun hər iki Əli açıqdır və O, (Öz lütfündən) istədiyi kimi sərf edir...” (əl-Maidə surəsi, 64).
Allah buyurdu: "Ey İblis! Sənə mənim Öz iki əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?” (Sad surəsi, 75).
Uca Allahın ayağının olması barəsində də ayə və hədislər var. Uca Allah buyurur: “O gün ki, baldır açılacaq və onlar səcdəyə dəvət olunacaqlar, amma bacarmayacaqlar. [Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: «Qiyamət günü Rəbbimiz baldırını açacaq, hər bir mömin kişi və qadın da Ona səcdə edəcəkdir. Qalanlar isə dünyada ikən riyakarlıqla, şan-şöhrət üçün səcdə edən münafiqlər olacaqdır. O münafiqlərdən hər biri səcdə etmək istəyəcək, amma bunu bacarmayacaqdır. Onun beli – onurğa sümüyü – bir bütöv sümük olacaqdır.]” (əl-Qələm surəsi, 42).
İnci
| Bakı
Sualın ID: 94
Salam! Cadu olunubsa onu pozmaq olarmı? Bu günahdırmı? Çox sağ olun!
Azerislam.com Və aleykumus-sələm!
Əgər kiməsə cadu olunubsa onu yalnız şəriət icazə verdiyi tərsdə batil etmək olar. Şəriətin buyurduğu şəkildə cadunu batil etmək heç də günah deyildir. Şəriətin buyurduğu bu halal yolları öyrənmək üçün Abdussələm Balinin “Cadu açmaları” kitabını oxuya bilərsiniz.
shebnem
| lenkeran
Sualın ID: 72
Allah-talanin 99 adin bilmek isteyirem.
Azerislam.com Və aleykumus-sələmu və rahmıtullahi və vərakətuhu. Siz buradaki keçiddən istifadə edərək sualınıza cavab tapa bilərsiniz.
AbdurRəhim
| Baki
Sualın ID: 44
Əssələmu aleykum əziz qardaşlar. Sizə bir sualım var. Qebir üstündə məscid tikmək olarmı? Allah razı olsun
Azerislam.com Və aleykumus-sələm. Xeyr, qəbir üzərində məscid tikmək olmaz. Bu əməl İslam dininə görə haramdır. Bu barədə saysız-hesabsız hədislər mövcuddur. Həmin hədislərin bəzisini qeyd edək:
Bir gün Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Ummu Sələmə (Allah ondan razı olsun) Peyğəmbərə (səllallahu aleyhi və səlləm), Həbəşistanda olarkən kilsələrdə gördüyü şəkilləri xatırladıqda Peyğəmbər (səllallahu aleyhi və səlləm) ona dedi: “Onlar (nəsranilər) elə bir qövmdür ki, onlardan bir nəfər saleh bir şəxs vəfat edən zaman onun qəbrinin üzərində məscid tikərlər və orada həmin şəkilləri də çəkərlər. Onlar Allah dərgahında ən şərr (pis) məxluqdurlar.” (Bu hədisi Buxari 1/155; və Muslim 1/375 rəvayət etmişdir). Bu hədis onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onları ən şər məxluq adlandırır.
Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) zövcəsi Aişə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) ölüm anında belə deyirdi: “Allah yəhudilərə və nəsranilərə lənət etsin! Onlar öz peyğəmbərlərinin qəbrlərini məscidə çevirdilər.” (Bu hədisi də Buxari 1/408; və Muslim 1/376 rəvayət etmişdir). Bu hədis də onu göstərir ki, qəbirlərin üzərində məscid tikmək xristianların əməlidir. Bu əməllərinə görə Peyğəmbər (səllallahu aleyhi və səlləm) onlara lənət oxumuşdur. Kim də bu cür əməl edərsə Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) lənəti həmin şəxslərə də gedir.
Peyğəmbər (səllallahu aleyhi və səlləm) demişdir: “Ən şərr (pis) insanlar o şəxslərdir ki, Qiyamət onların üzərində qopacaq və həmçinin (ən şərr insanlar) o şəxslərdir ki, qəbrləri məscidlərə çevirirlər.” (Bu hədisi Əhməd “Müsnəd” əsərində 1/435; İbn Əbi Şeybə “Musannaf” əsərində 3/345; İbn Xuzeymə; Əbu Hətim və başqaları rəvayət etmişlər). Bütün bu hədislər onu göstərir ki, qəbrlərin üzərində məscidlər tikmək haramdır.
Allah sizdən də razı olsun!
Zəki Əsgərov
| Bakı
Sualın ID: 42
Əssələmu aleykum. Gizli şirk haqqında nə deyə bilərsiniz?
Azerislam.com Və aleykumus-sələm. Gizli şirk riyadır. (Yəni, hər hansı bir ibadəti (və ya əməli) etdikdə onu Allah üçün deyil, əksinə özünü kiməsə göstərmək üçün edəsən.)