AZERIENGLISHARABICRUSSIAN
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم


Əlixan MUSAYEV
Mədinə Şəhəri Beynəlxalq
Islam Universitetinin mə'zunu


VALİDEYNLƏRƏ MÜNASİBƏT

MÜQƏDDİMƏ

Şükr və tə‘rif Allaha məxsusdur. Biz Ona şükr edir, Onu tə‘rif edirik, Onu köməyə çağırırıq, Ondan bağış­lanma diləyirik, nəfslərimizdəki şərdən, əməlləri­mizdəki pis­liklərdən qorunmaq üçün Allaha sığınırıq. Allahın haqq yoluna yönəltdiyi şəxsi azdıran, azdır­dığı şəxsi isə haqq yoluna yönəldən tapılmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə haqqı olan tanrı yoxdur, Onun şəriki yoxdur və şəhadət edirəm ki, Məhəmməd (ona Allahın salavatı və salamı olsun! - səllallahu aleyhi və səlləm s.ə.s) Onun qulu və elçisidir.
«Ey iman gətirən kəslər! Allahdan lazımınca qorxun və yalnız müsəlman olduğunuz halda ölün!» («Ali İmran» surəsi, 102-ci ayə).
«Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər istədiyiniz) Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə nəzarətçidir!» («ən-Nisa» surəsi, 1).
«Ey iman gətirən kəslər! Allahdan qorxun və doğru söz söyləyin! (Əgər belə etsəniz) Allah əməllərinizi islah edər və günahlarınızı bağışlar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar» («əl-Əhzab» surəsi, 70-71).
Müsəlman qardaş və bacılarım! Bu müxtəsər və maraqlı risalə sizi lazımınca valideynlərin qayğısına qalmağa sövq edər və onların haqlarını ödəməyə vadar edər. Həqiqətən bu mövzu günümüzdə baş verən bir çox problemlərin qarşısını ala bilər və ata-anaya qayğı göstərmək üçün hər bir müsəlmana yol göstərər.
Əzəmətli Allahdan rica edirik ki, Allah subhənəhu təalənin kitabını və Rəsulullahın (s.ə.s.) sünnəsini öz həyatının bütün sahələrində rəhbər tutan müsəlman ümmətinə uğurlar bəxş etsin. O, doğrudan da Eşidən və cavab Verəndir. Sonuncu duamız budur: Əl-həmdu lilləhi rabbil-aləmin - Aləmlərin Rəbbi Allaha şükürlər olsun!

VALİDEYNLƏRİN İSLAMDA YERİ


Hər bir müsəlman ilk əvvəl onu yaradan Allahı, sonra ona doğru yolu (siratəl müstəqim) göstərən peyğəmbərini və daha sonra valideynlərini sevməli və onlara itaət etməlidir.
Allah təalə buyurur:

«İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki, iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir» («əl-Bəqərə», 165).

Ənəs bin Malikin (r.a.) rəvayət etdiyi hədisdə Peyğəmbər (s.ə.s.) demişdir: «Sizdən biriniz məni valideynindən, övladından və bütün insanlardan çox sevməyincə imanı (kamil) olmaz» (Müslim, 167).

Əbu Hureyrə (r.a.) rəvayət edir ki, bir kişi Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi: «Ey Allahın elçisi! Mən kimə daha çox qayğı göstərməliyəm!» O dedi: «Anana». Kişi soruşdu: «Sonra kimə?» Peyğəmbər (s.ə.s.) dedi: «Anana». Kişi təkrar soruşdu: «Sonra kimə?» O dedi: «Anana». Kişi bir daha soruşdu: «Bəs sonra kimə?» Peyğəmbər (s.ə.s.) bu dəfə «Atana» - deyə cavab verdi» (əl-Buxari, 5971).


ATA-ANAYA QARŞI İTAƏT VƏ NƏVAZİŞİN VACİBLİYİ


Müqəddəs Quranın ayələrinə, mötəbər hədislərə, səhabələrin və islam alimlərinin həmrəy olduqları fikirlərinə və Azərbaycan şairlərinin şerlərinə əsaslanaraq bu itaət və nəvazişin vacib olduğunu sübuta yetirmək olar.
Allah təala buyurur:

«Allaha ibadət edin, və Ona heç kəsi şərik qoşmayın! Ata-anaya da yaxşılıq edin» («ən-Nisa» surəsi, 36).
«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara itaət edib, nəvaziş göstərməyi və onlarla gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşgün çağına yetərsə, onlara: "uf" - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Pərvərdigara! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" - de» («əl-İsra» surəsi, 23-24).

«Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. Ey insan əgər valideynlərin bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, onlara itaət etmə» («əl-Ənkəbut» surəsi, 8).

«Biz insana ata-anasına yaxşılıq etməyi (valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. Anası onu (bədənində) çox zəif bir halda daşımışdı…» («Loğman» surəsi, 14).

Abdullah bin Məsud (r.a) rəvayət edir ki, mən Peyğəmbərdən (s.ə.s.) hansı əməlin Allaha daha sevimli olduğunu soruşduqda o dedi: «Vaxtında qılınan namaz». Mən: «Bəs sonra?» - deyə soruşduqda, o dedi: «Valideynlərə (onlara itaət edib, nəvaziş göstərməklə) yaxşılıq etmək…» (əl-Buxari, 5970).
Abdullah bin Ömər (r.a) rəvayət edir ki, bir kişi gəlib Peyğəmbərdən (s.ə.s.) cihada getmək üçün izn istədikdə o soruşdu: «Valideynlərin sağdırmı?» Kişi «bəli» deyə cavab verdi. Peyğəmbər (s.ə.s.) ona dedi: «Elə isə onlar üçün (onlara itaət etmək və nəvaziş göstərməklə) çalış». (Şeytanla, nəfslə mübarizə aparmaq özü də cihad hesab olunur) (əl-Buxari, 5972).

Əbu Hureyrə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s.) dedi: «Zəlil oldu! Zəlil oldu! Zəlil oldu! Səhabələr: «Kim, ey Allahın elçisi?» - deyə soruşduqda, o dedi: «O şəxs ki, valideynlərinin və ya onlardan birinin qocalığında onlarla birgə yaşayıb cənnətə daxil olmasın» (onlara itaət etməyib, nəvaziş göstərmədiyinə görə) (Muslim, 6557).

Abdullah bin Amr bin əl-As (r.a.) rəvayət edir ki; Peyğəmbər (s.ə.s.) dedi: «Allahın razılığı valideynin razılığı ilə, qəzəbi də onun qəzəbi ilə bağlıdır» («Səhih hədislər silsiləsi», 516-cı hədis).

Mənsur ibn Hazim hansı əməlin daha əfzəl oldugunu Cəfəri Sadiqdən soruşduqda o dedi: «Vaxtında namaz qılmaq, ata və ana ilə yaxşı rəftar etmək…» (Vəsailu-ş-şiə,15-ci cild səh.205)

İbrahim adlı bir şəxs Cəfəri Sadiqə dedi: «Atamız o qədər qocalmışdır ki, su başına çıxdıqda və digər işlərdə biz özümüz ona yardım edirik. Bunu eşidən Cəfəri Sadiq ona dedi: Ey İbrahim! Sənin özün bu işləri öhdənə götürsən və ona öz əlinlə çörək yedizdirsən daha yaxşıdır. Çünki bu cür əməllər insanı cəhənnəm odundan xilas edir». (Üsuli-Kafi 2-ci cild səh.162)

İmam Rza buyurmuşdur: «Hətta Allahı inkar edən kafir valideynlərə belə hörmət edilməlidir.Yalnız Allaha asi olub onlara itaət etmək olmaz.» (Biharul-Ənvar 74-cü cild səh.72)

Əbu Bəkr (r.a.), Ömər (r.a.), Osman (r.a.), Əli (r.a.) Həsən (r.a.), Hüseyn (r.a.), İbn Abbas (r.a.), İbn Ömər (r.a.), Əbu Hureyrə (r.a.), Cəfər əs-Sadiq, Əbu Hənifə, Malik, əş-Şafii, Əhməd, əl-Buxari, Muslim, Əbu-Davud, ən-Nəsai, ət-Tirmizi, ibn Macə, ət-Tabari, əl-Qurtubi, ibn Teymiyyə, ibn Kəsir, ibn Həcər, ən-Nəvəvi, əl-Albani, ibn Baz, Useymin və s. islam alimləri bu itaətin və nəvazişin vacib olduğunu təsdiqləmişlər.

Hər nə etsən, ana haqqın unutma
Anan edib sənə canını qurban.
Bu ananın xatirinə, düşməndən
Gələn dərdə dözsün gərək hər insan.
Qorx o gündən ki, səni də tək qoyub,
Əbədilik anan köçər dünyadan.
Xəqani Şirvani
«seçilmiş əsərləri» səh. 188

Ananın qəlbinə toxunmaq olmaz
Ana nəfsindən çiçək də solmaz
İnsanlıq süd əmmiş ana döşündən
Soyuq bir məzardır anasız vətən.
Səməd Vurğun
«İpə sapa düzülməmiş incilər» səh.108

VALİDEYNLƏRİN HAQLARI


1. Valideynlər üçün dua etmək və Allahdan onlara bağışlanma diləmək. Allah təalə Nuh (a.s.) haqqında demişdir:

«Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalimlərin isə ancaq həlakını artır!» («Nuh» surəsi, 28)
2. Valideynləri söydürməmək.
Abdullah bin Amr (r.a.) rəvayət edir ki; Peyğəmbər (s.ə.s.) demiş­dir: «Kişinin valideynlərini lənətləməsi (söyməsi) böyük günahlar­dandır» (Səhabələr): «Ey Allahın elçisi! Kişi də valideynlərini lənətləyərmi?» - deyə soruşduqda, o dedi: «Birinin ana-atasını söyür, o da qayıdıb onun ata-anasını söyür» (əl-Buxari, 5973).

3.Valideynləri İslama dəvət etmək.
Əbu Hureyrə (r.a.) belə rəvayət edir: «Mən müşrik olan anamı İslama dəvət edirdim. Bir gün yenə onu dəvət etdikdə, Peyğəmbər (s.ə.s.) haqqında nalayiq sözlər dedi. Mən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s.) yanına gəlib, dedim: «Ey Allahın elçisi! Mən anamı İslama dəvət edirdim, o da bunu inkar edib, sənin haqqında nalayiq sözlər dedi. Allaha dua et, Əbu Hureyrənin anasına hidayət versin». Peyğəmbər (s.ə.s) dedi: «Allahım, Əbu Hureyrənin anasına hidayət ver!» Mən Peyğəmbərin (s.ə.s) duasından sonra sevincək evə getdim. Qapıya çatdıqda anam ayaq səslərimi eşitdi və mənə yerimdə durmağı əmr etdi. Sonra çimib (qüsl edib) paltarını geyindi, qapını açıb mənə dedi: «Əbu Hureyrə! Şəhadət verirəm ki, Allahdan başqa məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir». Mən sevincimdən ağlaya-ağlaya Peyğəmbərin (s.ə.s) yanına gəlib ona dedim: «Ey Allahın elçisi! Gözün aydın, Allah sənin duanı qəbul etdi və Əbu Hureyrənin anasına hidayət verdi…» (Muslim, 6346)

4. Var-dövlətdən ilk əvvəl valideynlər üçün xərcləmək.
Allah təalə buyurur:

«(Ya Məhəmməd) Səndən (Allah yolunda) nə verəcəkləri haqqında soruşanlara söylə: «Malınızdan verəcəyiniz şey ata-anaya, (yoxsul) qohumlara, yetimlərə, miskinlərə, (yolda pulu qurtaran) müsafirlərə məxsusdur. Şübhəsiz ki, Allah etdiyiniz xeyirli işi biləndir» («əl-Bəqərə» surəsi, 215)
5.Valideynlərə hikmətlə, gözəl tərzdə nəsihət etmək.
Allah təalə buyurur:

«(Ya Məhəmməd) Quranda İbrahimi də yad et (onun hekayətini də ümmətinə söylə). Həqiqətən, o, büsbütün doğru danışan bir zat, bir peyğəmbər idi. O, bir zaman atasına belə demişdi: «Atacan! Nə üçün görməyən, eşitməyən, sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən. Atacan! Həqiqətən, sənə gəlməyən bir elm (peyğəmbərlik) mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə! Həqiqətən şeytan Rəhmana (Allaha) çox asi olmuşdur. Atacan! Qorxuram ki, (tövbə etməsən) Allahdan sənə bir əzab toxunsun və beləcə (Cəhənnəmdə) şeytana yoldaş olasan!» («Məryəm» surəsi, 41-45)

6. Valideynlər müşrik, kafir olsalar belə, onları tərk etməmək.
Allah təala buyurur:

«Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr (bu işdə) onlara itaət etmə. (Qalan) Dünya işlərində onlarla gözəl keçin (onlara itaət et) («Loğman» surəsi, 15)

Əsma bint Əbu Bəkr (r.a) rəvayət edir ki; «Mənim müşrik anam qohumluq əlaqəsini kəsməmək üçün məni ziyarət etdi. Mən Peyğəmbərdən (s.ə.s.) "Onunla qohumluq əlaqəsini kəsimmi?" - deyə soruşdum. O: "Xeyr" - deyə cavab verdi». İbn Uyeynə deyir ki, Allah təalə bu haqda ayə nazil etdi:

«Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər!» («əl-Mumtəhinə» surəsi, 8).

7. Övladın, valideynləri onun əleyhinə dua etməsi həddinə çatdır­maması.
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, peyğəmbər (s.ə.s.) dedi: «Üç şəxsin duası müstəcəbdir (Allah tərəfindən qəbul olunan): məzlumun, müsafirin və valideynin övladı əleyhinə etdiyi dua» («Səhihul-ədəbil-mufrad», 32)

8. Valideynlərə olan itaət və nəvazişin hədsiz olması. Yəni hər hansı bir şəxs valideynlərinə istənilən qədər yaxşılıq etsə belə onların haqqını lazımınca ödəyə bilməz.
Əbu Burdə rəvayət edir ki, bir Yəmənli kişi anasını kürəyinə götürüb Kəbəni təvaf etdikdən sonra gəlib İbn Ömərə (r.a) dedi: «Bunu etməklə mən anamın haqqını ödəmiş sayılırammı». İbn Ömər ona dedi: «Xeyr, bunu etməklə sən onun bir iniltisini (Burada doğuş zamanı qadının iniltisi nəzərdə tutulur) belə ödəmiş sayılmırsan» («Səhihul-ədəbil-mufrad», 11)

9. Başqa valideynlərə də hörmət etmək.
Allah təalə buyurur:

«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun zövcələri möminlərin analarıdır» («əl-Əhzab» surəsi, 6).
Ənəs bin Malik (r.a.) rəvayət edir ki, peyğəmbər (s.ə.s.) dedi: «Kiçiyimizə rəhm etməyən, böyüyümüzə hörmət etməyən bizdən deyil!» («Səhih hədislər silsiləsi», 2196).

10. Valideynlərlə sərt davranmamaq.
Allah-təalə valideynlərə «uf» deməyi belə qadağan etmişdir.

«…Əgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşgün çağına yetərsə, onlara: “uf!” - belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış!” («əl-İsra» surəsi, 23).

11. Valideynlərə təşəkkür etmək.
Hər bir insan bilməlidir ki, Allah onu yaradıb, ana bətnində olduğu müddətin 120-ci günündə ona ruh verib və valideynləri də onun yaranması üçün vasitəçi edib. Elə isə insan ilk əvvəl Allaha sonra da ana-ataya şükr etməlidir:

“Mənə və ana-atana şükr et. Axır dönüş Mənədir!” («Loğman» surəsi, 14).

12. Valideynlərin izni olmadan fardul-kifayə (Bir və ya daha çox müsəlmanların yerinə yetirməsi ilə digərləri üçün vacib olmayan əmələ deyilir) sayılan cihada (müharibəyə) getməmək.
Talhə (r.a.) rəvayət edir ki; Cahimə (r.a.) Peyğəmbərə (s.ə.s.) dedi: “Ey Allahın elçisi! (Allah yolunda) vuruşmaq istəyirəm, ona görə də səndən məsləhət istəyirəm”. Peyğəmbər (s.ə.s.) dedi: “Sənin anan var?” O, “Bəli” - deyə cavab verdikdə, Peyğəmbər (s.ə.s.) ona əmr edib dedi: “Ananın qayğısına qal!” (Müsnəd, 3/429; «İrvaul-Ğalil», 5/21)

Əbu Səid əl-Xudri (r.a.) rəvayət edir ki; bir kişi Yəməndən Peyğəmbərin (s.ə.s.) yanına hicrət (səfər) etdi. Peyğəmbər (s.ə.s.) ondan: “Yəməndə doğmaların varmı?” deyə soruşduqda o, “Valideynlərim var” deyə cavab verdi. O bir daha: “Onlar sənə izn veriblərmi?” deyə soruşduqda, o “Xeyr” - deyə cavab verdi. Peyğəmbər (s.ə.s.) də ona əmr edib dedi: «Qayıt onlardan izn istə. İzn versələr (gəl Allah yolunda) vuruş, əks halda isə onların qayğısına qal» (Əbu Davud, 2527; «İrvaul-Ğalil», 5/21).

Abdullah ibn Ömər (r.a.) rəvayət edir ki; bir kişi (cihad etmək üçün) Peyğəmbərin (s.ə.s.) yanına gəlib dedi: «Mən valideynlərimi ağlar qoyub (cihada getməyə) sənə beyət (Ölənə qədər hər hansı bir əməli etməyə söz vermək) etmək üçün gəlmişəm» O dedi: «Qayıt onları ağlar qoyduğun kimi, güldür, sevindir!» (Əbu Davud, 2525; «İrvaul-Ğalil», 5/20).

Qeyd etmək lazımdır ki, rəhbər tərəfindən səfərbərlik elan olunduqda və ya vətənə düşmən soxulduqda artıq cihad fardul-ayn (Hər bir müsəlman şəxsin üzərinə düşən vacib əmələ deyilir) hesab olunur. Bu hallarda valideynlərdən izn istəmək vacib deyil.

13. Valideynlərin xətrinə dəydikdə, onlardan üzr istəmək və halallıq almaq.
Əbu Hureyrə (r.a.) rəvayət edir ki, Peyğəmbər (s.ə.s.) dedi: «Qar­daşına (Burada hər bir müsəlman nəzərdə tutulur) zülm (Acılamaq, haqsız olaraq malını mənimsəmək və s.) etmiş şəxs dinar və dirhəmin fayda verməyəcəyi gün (yəni qiyamət günü) gəlməmiş ondan (məzlumdan) halallıq alsın…» (əl-Buxari, 2449).

Peyğəmbər (s.ə.s.) Muaz bin Cəbəli (r.a.) Yəmənə göndərdikdə ona tövsiyə edib demişdir: «Məzlumun duasından (qarğışından) qorx! Həqiqətən onun duası ilə Allahın arasında hicab (maneə) mövcud deyil». (əl-Buxari, 2448).

Əl-Muğira bin Şöbə (r.a.) və Əbu-Bəkrətədən (r.a.) rəvaət olunan hədisdə Peyğəmbər (s.ə.s.) valideyni incitməyin haram və böyük günahlardan olduğunu vurğulamışdır (əl-Buxari, 5975, 5976).
Valideynlərini incidən şəxs dünyada ikən cəzasına çata bilər!!!

Haqların xülasəsi:


1. Valideynlər üçün dua etmək və Allahdan onlara bağışlanma diləmək.
2. Valideynləri söydürməmək.
3. Valideynləri İslama dəvət etmək.
4. Var-dövlətdən ilk əvvəl valideynlər üçün xərcləmək.
5. Valideynlərə hikmətlə, gözəl tərzdə nəsihət etmək.
6. Valideynlər müşrik, kafir olsalar belə, onları tərk etməmək.
7. Valideynləri övladın əleyhinə dua etmək həddinə çatdırmamaq.
8. Valideynlərə hədsiz itaət və nəvaziş göstərmək .
9. Başqa valideynlərə də hörmət etmək.
10. Valideynlərlə sərt davranmamaq.
11. Valideynlərə təşəkkür etmək.
12. Valideynlərin izni olmadan fardul-kifayə sayılan cihada (mü­haribəyə) getməmək.
13. Valideynlərin xətrinə dəydikdə onlardan üzr istəmək və halal­lıq almaq.


Valideynlərin qayğısına qalmaq üçün insana yardım edən amillər («Üququl valideyn», səh. 48-53):
1. Bu işdə Allaha sığınmaq və yalnız Ondan yardım istəmək.
2. Qayğıkeşliyin fəzilətini və nankorluğun aqibətini xatırlamaq.
3. Valideynlərin fəzilətlərini xatırlamaq.
4. Valideyn haqqını ödəməyi borc hesab etmək.
5. Valideynlərin saleh olması.
6. Allahdan qorxmaq.
7. Özünü valideynlərin yerinə qoymaq.
8. Övladı qayğıkeş böyütmək.
9. Valideynlərinin qayğısına qalmış insanların həyat tərzinə nəzər salmaq.
10. Qayğıkeş insanlardan məsləhət almaq.

VALİDEYNLƏRLƏ GÖZƏL RƏFTARA İBRƏTAMİZ NÜMUNƏLƏR


“(Yəhya) ata-anasına qarşı olduqca itaətkar və nəvazişkar idi; zalim [dikbaş] deyildi” («Məryəm» surəsi, 14).
“[Allahdan bir möcüzə olaraq körpə (İsa peyğəmbər (Allahın ona salamı olsun)) dilə gəlib] dedi: “Mən, həqiqətən, Allahın quluyam. O mənə kitab [İncil] verdi, özümü də peyğəmbər etdi. O, harada oluramsa olum, məni mübarək [həmişə hamıya xeyir verən, dini hökmləri öyrədən] etdi və mənə diri olduqca namaz qılıb zəkat verməyi tövsiyə buyurdu. O, həmçinin məni anama qarşı olduqca itaətkar və nəvazişkar etdi, [heç kəsə qarşı] zülmkar və asi [dikbaş] eləmədi!” («Məryəm» surəsi, 30-32).


«O (İsmail peyğəmbər (Allahın ona salamı olsun)), yüyürüb-qaçmaq və atasına kömək edə bilmək çağına çatdıqda [İbrahim] dedi: «Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör [bu barədə] nə fikirləşirsən! O dedi: «Atacan! Sənə nə əmr olunursa, onu da et! İnşallah, mənim səbrlilərdən olduğumu görəcəksən!» («əs-Saffat» surəsi, 102).

Aişə (r.a.) rəvayət edir ki; Peyğəmbər (s.ə.s.) dedi: «Cənnətə daxil oldum və orada mütaliə eşitdim. Mən "Bu kimdir?" - deyə soruşdum. Mənə dedilər ki "Bu Harisə bin Nomən və həmçinin sizin (içərinizdə olan) qayğıkeşlərdir"». [Aişə (r.a.) dedi]: «O, anasının qayğısına qalan səhabələrdən idi» (Əhməd, 6/151; «Səhihul-Cami əs-Sağir», 1/636, 3371-ci hədis).

Abdullah bin Dinar rəvayət edir ki; Abdullah bin Ömər (r.a.) Məkkəyə gedən yolda bir ərəblə rastlaşdı. Salam verdikdən sonra ona (özünə məxsus olan) uzunqulağının üzərinə əyləşməyə kömək etdi və başındakı əmmaməni də ona verdi» Biz ona dedik: «Allah səni islah etsin! Ərəblər az ilə də qane olurlar» Abdullah dedi: «O, Ömər bin əl-Xattabın (r.a.) sevimli dostlarından idi. Mən peyğəmbərin (s.ə.s.) belə dediyini eşitdim: «Həqiqətən ən qayğıkeş insan, atasının sevimli dostuna qayğı göstərən övladdır» (Muslim, 6460).

Zeynal-Abidin (Əbu-əl-Həsən Əli bin əl-Hüseyn bin Əli bin Əbu Talib) anasına qarşı olduqca itaətkar və nəvazişkar idi. Bir dəfə ondan soruşdular ki, sən anana qarşı olduğca itaətkar və nəvazişkarsan. Bəs nə üçün onunla birgə yemək yemirsən? O dedi: «Qorxuram ki, onun gözü düşdüyü loxmanı mən yeyim və bununla da ona əziyyət verim» («Siyəru ələmun-nubələ», 6/317).

İbn Aun rəvayət edir ki; «Bir kişi, anasının hüzurunda olan Məhəmməd bin Sirinin yanına gəlib onun səssiz, başıaşağı (müti şəkildə) dayandığını görüb soruşdu: «Məhəmmədə nə olub, xəstələnib?» Ona dedilər: «Xeyr, xəstələnməyib, lakin anasının hüzürunda bu hala düşür» («Siyəru ələmun-nubələ», 6/128).

Cəfər bin Suleyman rəvayət edir ki, Məhəmməd bin əl-Münkədir başını yerə qoyub anasına deyərdi: «Gəl ayağını qoy başımın üstünə» («Siyəru ələmun-nubələ», 4/620)

Saleh əl-Abbasi Mənsurun məclisində ikən söhbət edir və hər dəfə öz atasını xatırladıqda rahiməhullah (Allah ona rəhm etsin) deyirdi. Bunu görən ər-Rabi ona dedi: «Möminlərin əmirinin hüzurunda atana çox rəhmət oxuma. (Bir dəfə dedin kifayətdir). O dedi: «Səni qınamıram. Həqiqətən sən ata şirinliyini (ləzzətini) dadmamısan». Mənsur gülümsəyib dedi: «Bu, Haşim övladlarına etiraz edənin cəzasıdır» («Birrul-valideyn», səh.98).

Abdullah bin Cəfər bin Xaqan əl-Mərvazi rəvayət edir ki, Bundərin belə dediyini eşitdim: «Elm tələb etmək üçün səfərə çıxmaq istədim. Lakin anam bunu mənə qadağan etdi. Mən ona itaət etdim. (Əvəzində də) Allah mənə elm əta etdi» («Siyəru ələmun-nubələ», 1/145).

Zəhəbi Bundərin haqqında demişdir: «O yalnız Bəsrə şəhərində hədis toplayıb (elm alıb), anasına qarşı olduqca itaətkar və nəvazişkar olduğu üçün başqa şəhərlərə səfər etməyib» («Siyəru ələmun-nubələ», 1/144).

Amir bin Abdullah bin əz-Zubeyr dedi: «Atam vəfat etdikdən sonra bir il müddətində Allahdan yalnız onun bağışlanmasını istəmişəm» («Birrul-valideyn», səh.78).
Təlq ibn Həbib anasının başından öpər və anası evin aşağı mərtəbəsində olduğu zaman yuxarı mərtəbəyə qalxmazdı («Birrul-valideyn», səh.78).
NANKORLUQ

Aşağıda sadalanan əməllər nankorluğun zahiri əlamətlərindəndir:


1. Valideynləri hər hansı bir söz və ya hərəkətlə ağlatmaq, kədər­ləndirmək.
2. Onların üstünə qışqırıb acılamaq.
3. Onların buyruqlarına «uf» deyərək və s. etiraz etmək.
4. Onların hüzurunda qaşqabaq tökmək.
5. Onlara nifrətlə baxmaq.
6. Onlara nəyi isə əmr etmək.
7. Onların təqdim etdiyi ruzini və s. bəyənməmək, eyib etmək.
8. Ev işlərində onlara yardım etməmək.
9. Onlar danışdığı an üz çevirmək və danışdıqlarına məhəl qoy­mamaq.
10. Onların məsləhətinin (qocaldıqlarına və s. görə) faydasız oldu­ğunu hesab etmək.
11. Onların yanına (otağa və s.) icazəsiz daxil olmaq.
12. Onların önündə (həyat yoldaşı, dost, övlad və s. ilə) əxlaqsız mübahisə aparmaq.
13. Qeyrilərinin yanında onları pisləmək və eyiblərini xatırlamaq.
14. Onları söymək və onlara lənət etmək.
15. Onların xoşuna gəlməyən canlını və ya əşyanı evə gətirmək.
16. Onların önündə əxlaqsızlıq etmək (siqaret çəkmək, telefonda qızla (oğlanla) məhəbbətdən danışmaq, alt paltarda gəzmək və s.).
17. Onların hüzurunda əxlaqsız əməlləri xatırlamaq.
18. Onları çətin vəziyyətə salmaq (borca girmək, cinayət törət­mək, əxlaqsızlıqla onların adını ləkələmək və s.).
19. Günlərlə evdən didərgin düşmək və bununla da onları nara­hat etmək.
20. Onlara imkanları çatmadığı bir şeyi aldırmaq və ya tələb etmək.
21. Həyat yoldaşına (zövcəsinə) valideynlərindən artıq itaət etmək.
22. Qocalıq çağında onları tərk etmək.
23. Onları valideyn kimi təqdim etməkdən utanmaq.
24. Onları vurmaq.
25. Onların səhvlərini bağışlamamaq.
26. Onlara mal-dövlətdən xərcləməmək.
27. Onlara hər hansı bir əmələ görə minnət qoymaq.
28. Onların var-dövlətindən oğurlamaq.
29. Onların ölümünü təmənna etmək
30. Onlardan xilas olmaq üçün onları öldürmək

Övladın nankor olmasının əsas səbəbləri:
1. Cəhalət (elmsizlik).
2. Pis tərbiyə.
3. Ziddiyət (məsələn, valideyn övladına əmr etdiyinə özü əməl etmir).
4. Övladla sərt rəftar etmək.
5. Valideynlərin öz valideynlərinə qarşı nankor olması.
6. Allahdan qorxmamaq.
7. Övladın birini digərindən üstün tutmaq.
8. Həyat yoldaşının əxlaqsız olması.
9. Valideynin necə əziyyət çəkdiyinə məhəl qoymamaq.
10. Övladı yaxşı işlər görməyə həvəsləndirməmək.

SON SÖZ

Günümüzdə müalicəsi gecikən xəstəliklər çoxdur. Bunlardan ən mühümü isə haqqında söhbət açdığımız mövzudur.
Cəmiyyətin tərbiyəsi ailədən başlayır. Müasir dövrdə valideynlərin bir çoxu övladlarının tərbiyəsinə məktəb yaşından başlayırlar. Bu yaşa qədər onların heç bir şey anlamadıqlarını zənn edir, hətta uşaqların yanında mübahisə belə edirlər. İslamdan xəbərsiz bu tip valideynlər daha bilmirlər ki, övladın tərbiyəsinə hələ o, rüşeym halında, ana bətnində ikən başlamaq lazımdır. Gələcək ananın tez-tez Qurana qulaq asması, özünün bildiyi surələri və ayələri oxuması doğulacaq körpənin psixologiyasına müsbət təsir edən amillərdən ən başlıcasıdır. Eyni zamanda yeni doğulmuş körpəni də Quran sədaları altında yatızdırmaq, dil açmağa başlarkən ona şəhadət kəlmələrini öyrətmək lazımdır. Daha sonra ağlı kəsməyə başlarkən uşağa dinimizin əsaslarını, insan haqlarını və haqların önündə gedən valideyn haqlarını təlqin etmək lazımdır.
İndi bir anlıq düşünün. Mayası İslamla yoğrulmuş bir övlad valideynlərinin üzünə ağ olub onların haqlarını tapdalayarmı? Təəssüflər olsun ki, günümüzdə İslami tərbiyə metodunu seçən valideynlərə çox az rast gəlirik. Elə bunun nəticəsidir ki, ölkəmizdəki «Qocalar evi»nin biçarə sakinləri günü-gündən artırlar. Qəlbinə daş bağlamış övladlar ayda-ildə bir dəfə bu evə gələrək valideynlərini ziyarət edir və bununla da vəzifələrini bitmiş hesab edirlər. Daha düşünmürlər ki, sabah özləri də qocalıb atılmış valideynlərin yerində ola bilərlər. O valideynlərin ki, hər gün gözləri yolda, qulaqları səsdə, qəlbləri övlad, nəvə həsrətilə çırpınır. O valideynlərin ki, ianə yardım fondlarının etdikləri maddi yardımdan daha çox xoş bir övlad sözünə, nəvə-nəticə qayğısına ehtiyacları var. Maddi aclığı ödəmək asan, mənəvi aclığı ödəmək isə olduqca çətindir. Bunun üçün insan qəlbini doldura biləcək sevgi lazımdır. Sevgi insanları bir-birinə bağlayan ən qırılmaz teldir. Ən böyük sevgi isə Allah sevgisidir.Yəqin ki, qəlbində Allah qorxusu,Allah sevgisi, peyğəmbər məhəbbəti olan bir övlad heç vaxt onu illərlə böyüdüb boya-başa çatdırmış, bu yolda hər cəfaya dözmüş valideynlərinə əziyyət verərək onların haqlarını tapdalamağa razı olmaz. Çünki heç nə də olmasa bu qorxu, bu sevgi onların bəd əməllərinin qarşısını alar. İmansız qəlbdən isə nə desən gözləmək olar. Elə isə əziz valideynlər, gəlin,övladlarımızın qəlbində iman toxumu əkməyə,onlara haqqı-nahaqqı,halal-haramı ayırd etməyi öyrətməyə çalışaq. Nə qədər geciksək, özümüzə ziyan etmiş olarıq.
Əziz övladlar, sizə isə yalnız bir tövsiyyəmiz var. Allahdan qorxun! Valideyn haqları kimi uca haqlara laqeyd olmaqdan çəkinin. Çünki ölüm anidir. Boynunda haqq olaraq ölmək isə çox ağırdır. O ki, qala bu ata-ana haqqı ola!
İnanırıq ki, bu müxtəsər məcmuəmizdən sonra günümüzün ən aktual problemlərindən biri olan övlad-valideyn münasibətinə daha çox diqqət yetirəcək, valideynlərinizlə aranızda yaranmış ən kiçik anlaşılmazlıqları belə Allaha xoş gedən tərzdə çözməyə çalışacaqsınız. Mövzumuzu isə açıq saxlayırıq. Çünki bu mövzuya dönə-dönə qayıtmağa ehtiyac var.
…Son sözü də yazdıq. Əslində bütün son sözlər hələ ön sözdür. Nə qədər ki, hər şeyin sonu deyil, tövbə edib doğru yola qayıtmaq olar. Xoşbəxtdir o kəs ki, son sözü «LƏ İLƏHƏ İLLƏLLAH» olacaq. Bax əsl son söz budur!
Uca Rəbbimizdən arzu edirik ki, O,bizim qədəmlərimizi dinimiz İslamda möhkəm etsin, bizə elm və hidayət versin!



Əssələmu aleykum va rahmətullahi va bərəkətuhu

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111