Abdullah ibn Rəvahə
Ləqəbi əbu Məhəmməddir. Səhabələrin böyüklərindəndir. Mədinə şəhərində anadan olmuşdur. Həzrəc qəbiləsinə mənsubdur. Doğum tarixi dəqiq məlum deyil. Peyğəmbərin (s.ə.s) katiblərindən idi. Bədir, Uhud, Xəndək və Xeybər döyüşlərində iştirak etdi. Bədir döyüşünün zəfər xəbərini Zeyd ibn Harislə birlikdə Mədinəyə o çatdırdı. Peyğəmbərin (s.ə.s) Bəsrə hökmadarına göndərdiyi elçinin Şam valisi Şurahbil tərəfindən öldürülmasinə görə hicrətin 8-ci ilində bir ordu hazırlandı. Bu ordunun başçılığına aid Peyğəmbər (s.ə.s) belə buyurdu: "Cihada çıxan bu insanlara Zeyd bin Harisi sərkərdə təyin edirəm. Əgər o şəhid olsa onun yerinə Cəfər bin Əbu Talib keçsin, Cəfər ibn Əbu Talib də şəhid olsa onun yerinə Abdullah bin Rəvahə keçsin. O da şəhid olsa müsəlmanlar aralarında bir uyğunun seçib özlərinə sərkərdə etsinlər.¿ Müsəlmanlar bir müddət irəlilədilər. Düşmən ordusunun sayı və gücü çox idi. Zeyd bin Haris şəhid oldu. Ondan sonra sərkərdə olan Cəfər bin Əbu Talib də bir müddət sonra şəhid oldu. Sonra sərkərdəliyi Abdullah bin Rəvahə əlinə aldı. Bir az keçməmiş bədəninə batan ox və nizələrə tab gətirməyib o da şəhid oldu. Bu miladi tarixlə 629-cu ildə baş vermişdi. Abdullah bin Rəvahə evlənmiş, ancaq uşağı yox idi. Abdullah çox güclü xütbə deyən və şair idi. Peyğəmbərimizə (s.ə.s) şer yolu ilə sataşan kafirlərə qarşı şer yazmışdı. İbn Rəvahə, Kəb ibn Malik və Həssən bin Sabit müsəlman şairlərindən idilər. Onlar haqqında Allah Təala Quranda belə buyurmuşdu: "
Şairlərə [peyğəmbəri həcv edən müşrik və kafir şairlərə] gəlincə, onlara yalnız azğınlar uyar.
Məgər görmürsənmi ki, onlar hər bir vadidə sərgərdan gəzib dolaşırlar?
Və onlar etmədikləri şeyləri deyirlər! [Onların dediklərinin əksəriyyəti yalandır!]
Ancaq iman gətirib yaxşı işlər görən, Allahı çox zikr edən və zülmə uğradıqdan sonra intiqamını alanlardan [onları həcv edən müşrik, kafir şairlərə öz mənzumələri ilə qələbə çalan mömin şairlərdən] başqa! Zülm edənlər [Allaha şərik qoşanlar, küfr edənlər öləndən sonra] hara düşəcəklərini mütləq biləcəklər! [Onların məskəni Cəhənnəm, əzabları isə sonsuzdur!]"
(Şüəra 224-227) Peyğəmbər (s.ə.s) onun şerləri üçün "Qüreyş müşriklərinə ox yağdırmaqdan daha təsirlidir" demişdi.