I'm MALALA

Kimdir Malala deyə soruşacaqsınız. Siz soruşmadan mən cavablandırım. Pakistanlı bir qız. 17 yaşında Nobel «barış mükafatı» almış bir xanım. «Bundan bizə nə?» deyəcəyinizi sanmıram. Çünki bir müsəlman olaraq hər kəsdən, hər şeydən bizə nəsə var. Çünki dünya bir məktəb, bizsə ömürlük tələbələrik. Hər gün öyrənəcəyimiz nələrsə olur, olmalıdır. Malaladan öyrəndiklərimiz kimi…

Muhəmmədə (sas) nəbilik vəzifəsi verilmədən 150 il öncə Ərəb toplumunda ağılasığmaz bir vəhşiliyin təməlləri atıldı: qız uşaqlarını diri-diri torpağa basdırmaq. Bu adətin məsum bir başlanğıc hekayəsi var: ya kasıbçılıq bəhanə gətirilərək, ya da düşmənə əsr düşüb namusları korlanmasın deyə öldürülürdü o qızlar. İslamın o torpaqlara gəlişi ilə bu vəhşətə son verildi, deyəcəm amma deyə bilmirəm. Bəlkə fiziki olaraq bu adət utancverici tarixə çevrilib, yaddaşlardan silinməyə başladı. Amma faktiki olaraq qız uşaqlarının öldürülmə ənənəsi şəklini dəyişdi. Çünki bu gün belə qız uşaqları ya öldürülür, ya da ölümə məhkum edilirlər.

Necəmi?
1. Doğulmaları əngəllənərək. Doğulacaq uşağın qız olacağını öyrənən valideynlərdən bu doğumu əngəlləyənlər təəssüf ki, hələ də var. Həm də Ərəblərin etdiyindən daha vəhşi bir yolla edirlər bunu. Orada torpağa basdırılan qızın qurtarılma şansı vardı. Günümüzdə qeysəriyyə əməliyyatına məruz qalmış heç bir uşağın sağ qalmaq şansı yoxdur. Çünki ana bətnində diri-diri doğranırlar. Bəhanələr yenə eyni: kasıbçılıq, namus…
2. Təhsil almaları əngəllənərək. Qız uşağı oxumaz deyə məktəbə, universitetə göndərilməyərək. Həyat yoldaşı doğum sancısı çəkərkən «qadın həkim» axtaran bir çox kişi söz öz qızından gedərkən onu oxutmaq istəmir. Bəhanə yenə eyni: kasıbçılıq, namus…
3. Düşünmələri yasaqlanaraq. Qadının ağlının kişininkindən az olduğuna inanır bəziləri. Amma unudur ki, oğlan uşaqları ağlı genetik olaraq anasından alır. Bu elmin isbat etdiyi, danılmaz bir fakdır.
4. Qadını bir meta (əşya) olaraq görərək. «Bir traktor reklam plakatı gördüyünüz zaman sizi ilk cəlb edən reklamdakı traktor olmaz. Onun yanında dayanmış yarıçılpaq qadın olar. Qadına kim baxır? Kişi. Traktoru kim sürür? Kişi. O zaman o kişinin diqqətini cəlb etmək üçün ən yaxşı vasitə nədir? Qadın» Reklam sektorlarının çoxu bu düşüncə ilə fəaliyyət göstərir. Qadın, onlar üçün bir reklam vasitəsidir. Bu qadının arzusu, ümidi, istəkləri varmı? Kimsə bunları düşünmür. Onlara qadının ruhu deyil, bədəni lazımdır və ondan da bəlli bir zaman dilimində istifadə edirlər. Sonra bu qadınlara nə olur? Həyatları məhv olur. Gəncliklərində bir qrup reklamçı tərəfindən ruhları çalınır, ömürləri əllərindən alınır.
5. …
Öldürmək şəkli dəyişsə də mahiyət dəyişmir. Qız uşaqları yenə də diri-diri TORPAĞA basdırılırlar.

Malalanın hekayəsi nədir?
2009-cu ildə Pakistanda qızların məktəbə getməsi rəsmi olaraq yasaqlanmasına rəğmən 11 yaşlı Malala bu yasağa etiraz edərək məktəbə getməyə davam edir. Sadəcə məktəbə getmir, eyni zamanda etirazını dünyaya çatdırmağa çalışır və bacarır. Haqqında çəkilən 13 dəqiqəlik sənədli filmin ekranlara çıxması oxumaq istəyən qızların etirazının səsi idi. 11 yaşlı bu qızın «böyük» arzusundan qorxanlar ona silah çəkib, ağır yaralasalar da susdura bilmirlər. Alnındakı güllə yarasına rəğmən o hələ də düşünür, o hələ də oxuyur və qızların qədərini dəyişməyə - diri-diri basdırılmalarını əngəlləməyə çalışır.

P.S. Sən də "I'm MALALA" deyə bilirsənsə qadının, insanın diri-diri basdırılmasına əngəl olmalısan. Oxu deyə başlayan KİTABI oxumalısan. Qələmə and içən KİTABA inanmalısan. Çünki sənin Allahın «məktəbi» sənə fərz qılıb. Oxuyub yazmazsan əgər öldürərlər, diri-diri basdırarlar. Yaşamaq istəyirsənsə oxuyacaqsan. Yaşatmaq istəyirsənsə oxudacaqsan.


Rüzgar Kəskin