EVDƏN ELƏ
Bir din düşünün mərkəzində ev olsun, bir din düşünün ki, ibadəti evə yönəlik olsun. Nəbisi vəhyi alınca elə deyil evə getsin. İlk dəvəti eşinə (zövcəsinə) olsun. Bütün əhli əyalı bir evin ətrafında birləşib, eli də o evin ətrafına birləşdirə bilsin.
Bir ev düşünün təməlini Adəm atsın, bünövrəsini İbrahim ucaltsın, örtüsünü Muhəmməd (sas) örtsün. Adəm tövbə edincə o evə yönəlsin, İbrahimin duası o ev ətrafında dönənlərə olsun, Muhəmməd (sas) ona yönəlmək üçün mücadilə versin.
Bir ev düşünün ki, ziyarəti Allahın insanlıq üzərindəki tək haqqı olsun.
Bir din düşünün mənsublarını bir evin ətrafında cəm edib üzlərini bir-birinə döndərsin. Eyni qiyafətdə eyni istiqamədə təvaf etdirsin. Ora gələnin kimliyin, nəliyin, necəliyin bilinməsin. İnsanı o evdə məqamı ilə deyil, məramı ilə birləşdirsin. Gecəni o yönləndirsin, gündüzünü o bəlli etsin. Ora gedincə vətənə getmiş kimi olsun insan, oradan gedincə özünü itirmiş kimi.
Bir ev düşünün dünyanın ən sadə evi olsun. İnsanlar axın-axın, min bir məşəqqətə sinə gərərək o evə getməyə can atsın. Gedən dönmək istəməsin, dönən bir də getməyi arzulasın. Bir ev ki, ata ocağından daha məhrəm, ana qucağından daha səmimi, doğma-bacı qardaşdan daha dəyərli. Bir ev düşünün ki, içində ancaq ibadət var. O evə getdincə ya başına dönəcəksən, ya qarşısında əyiləcəksən. Gözün ondan başqasını görməyəcək. İnsanın bu evə olan sevdası Məcnun Leylaya sevdasıdan da, Kərəmin Əsliyə sevdasından da daha baqi, daha dəyərlidir. Bu elə bir sevdadır ki, atəşi bir dəfə yanar və bir daha sönməz. İçində o sevda məşəlini yandıra bildinsə cümlə aləm gəlsə söndürə bilməz o atəşi. Bu elə sevdadır ki, getməyən bilməz, görməyən anlamaz. Gedən də, görən də analada bilməz. Sözlər düşüncəni ifadədə aciz qalar.
Bir ev düşünün. Heç nə etmədən, başqa heç nə düşünmədən o evi düşünün. Niyə Allahın bizi evə çağırdığını təfəkkür edin. Evinizə baxın. Evinizin mərkəzində, sizin həyatınızın mərkəzində nə var onu düşünün. Sizin mərkəzlə Kəbənin mərkəzi tərs mütənasibdirsə deməli evdən çox uzaqlaşmısınız. Evdən uzaqlaşdıqca məramdan uzaqlaşar insan. Evdə qoyub getdiklərini düşünməz, düşünə bilməz…
Bir ev və bir din düşünün. Düşünməkdən qorxmayın. Başınız şişsə də, fikirləriniz qarışsa da düşünün. Evinizi, evinizdəkiləri düşünün. Qəlbinizi, qəlbinizdəkiləri düşünün, Allahı, kitabını, nəbilərini düşünün. Amma… Adəmi Həvassız düşünməyin. İbrahimi Həcərsiz. Muhəmmədi (sas) Xədicəsiz. Ev bir ailə ocağıdır. Onu bir nəfər inşa edə bilməz. Bir eviniz olsun istəyirsinizsə öncə eşinizi seçin. Kiminlə bir evi paylaşmaq istərdiniz? Kimin səsi ilə namaza oyanmaq, kimi səsinizlə namaza oyatmağı xəyal edərdiniz? Ortaq eviniz yoxdursa ortaq ailəniz də yoxdur. Bir evdə iki yabançı «sən o yana, mən bu yana, birlikdə yan-yana» yaşamaq evə sahib olmaq deyil. Olsa – olsa müvəqqəti kirayəşinlikdir. Əvvəl-axır biri bezəcək və gedəcək.
Bir eviniz olsun. İçində KƏBƏsi olan. Bir eşiniz olsun Həcər misalı, İbrahim misalı. Amma öncə siz İbrahim olun. Öncə siz Həcər olun. Ən dəyərlinizi qurban verin, Allaha sözsüz təslim olun. Elə olduğu zaman çölün düzündə tikdiyiniz ən sadə eviniz milyonların qibtə edəcəyi evə dönüşər. Çölün tən ortasında «zəm-zəm» fışqırar. Sizi evə bağlayan, evi sizə bağlayan düşüncədir. Öncə düşünün…
Rüzgar Kəskin
|