SƏN DƏ ÖLDÜNMÜ, DOSTUM?
Yenidən dirilişin doğuluş halıdır ölmək. Ana bətnindəki kimi doğuluşunu gözləyirsən qəbrində. Tək fərqi istədiyin kimi təkmə-tokat ata bilməməyin... Amma ümidlə gözləyərsən doğulmağını, cənnəti xəyal edərsən. Səslər duyarsan ətrafdan, cavab verə bilməzsən. Ya da darıxasan kimlər üçünsə, sevdiklərinin səsini duymaq üçün gəlişlərini həsrətlə gözləyərsən qəbrdə... Ana bətnində hər yerdə ananla bərabərdin, artıq anan - torpaqdır! Orada sən yeyib bitirirdin ananı, indi torpaq səni yeməkdədir. Yaşayarkən ölümə sui-zənn etmişdin, indi dirilməyə hüsnü-zənn edirsən. Cənnət xəyalı ilə dirilməyi gözləyir, sevdiklərinə səsini duyurmaq istəyirsən… Amma nafilə, Sən ölmüsən. Ölü kimi davranmışlar səninlə yaxınların. Tərk edib getmişlər, öldüyün üçün. Zatən sən tərk edilməyə də yaşayarkən alışmışdın. İlk sevdiyin tərk edib getmişdi səni. O zaman da çəkilməz acılar yaşamışdın. Anan, atan son yolçuluğuna çıxmışdı sən yaşayarkən. Bəlkə övladların belə varlığını unutmuşdu sən həyatda ikən. Bəzən yaşadığını sanarkən ölmüş olur insan. Bəlkə də sən indi deyil, illər öncə ölmüşsündür, xəbərin indi duyulmuş.
Ölüm, nədir ki, dostum! Tərkedilmişlik incidir adamı. Öldüksən sonra dirilişi ümidlə gözlər, insan. Qiyamət həsrəti ilə “yaşayar” qəbirdə. Yaşarkən inanmadığı qiyamətin öldükdən sonra olmasını murad edər. Çünki bilər ki, "qiyamət torpağın doğuş sancısı"dır. İçindəkiləri boşaltmaq, boşaldıb rahatlamaq üçün torpaq da sancı çəkir. Ölülər qiyaməti həsrətlə gözləyər. Qiyamətin qopması, qopub yaxınlarını "öldürməsi" üçün bəlkə də dua edər. Sevdikləri ilə torpaqda birləşmək istəyər. "Ana torpaq" deyimini ölüncə anlayar.
Ölümü incitməz insanı, necə olsa bir gün öləcəkdi zatən. Onu incidən tərkedilmişlik acısıdır. Yaxınlarının ona “ölü” kimi davranmasıdır.
P.S. Sən heç öldünmü, dostum? Tərk etdimi səni sevdiklərin? Al əlinə kitabını özün üçün Yasini Şərif oxu. Quran “tapşır” ruhuna. Ehsan ver sevdiklərinə, sonra cənazə namazını qıl, boş bir qəbrə uzan və düşün. Ölüncə nə olacağını düşün. Dirilib hara gedəcəyini xəyalında canlandır. Sevdiklərinin səni “öldürmədən” öncə ölümü anla. Öləməkdən qorxma dostum, qorxulu olan qaranlıq dünyaya dirilməkdir. Doğuluş sancısını indidən çək. İndidən hamilə qal cənnətə. Cənnətdə görüşmək ümidi ilə dostum, cənnətdə görüşmək ümidi ilə!
Rüzgar Kəskin/azerislam.com Məqalələrdən istifadə edərkən istinad vacibdir.
|