|
||||||||||||
- Ayların ən şərəflisi Ramazan ayı, günlərin ən şərəflisi isə Cümə günüdür. - İnsanlar Ramazan ayının üstünlüklərini bilsəydilər, bütün ilin Ramazan ayı olmasını istəyərdilər. - Ramazan ayı sizə bərəkət ayı olaraq gəlib. Allah Təala bu ayda sizi rəhməti ilə əhatə edər, məğfirət endirər, səhvləri silər, duaları qəbul edər. Uca Allah bu ayda xeyir işlərdəki yarışlarınıza baxaraq mələklərinə sizinlə iftixar edər. Allah üçün xeyirxah işlər edin. Çünki bədbəxt insan bu ayda Allahın rəhmətindən məhrum olan insandır. - Ramazan ayı gələndə cənnət qapıları açılar, cəhənnəm qapıları bağlanar, şeytanlar da zəncirlənər. - Ramazan gecələrində Allaha inanaraq və mükafatını Allahdan gözləyərək ibadət üçün yuxudan duran insanın əvvəlki günahları bağışlanar. - Ramazan ayının əvvəli rəhmət, ortası məğfirət, axırı cəhənnəm alovundan azad olmadır. - Allah buyurur ki; hər yaxşılığa on mislindən 700 mislinə qədər mükafat veriləcəkdir. Oruc bundan müstəsnadır. O, ancaq mənim üçündür, mükafatını da mən verəcəyəm. - Oruc tutanın ağız iyi Allah qatında müşk iyindən daha xoşdur. - Ramazan ayı səbr ayıdır. Səbrin savabı da cənnətdir. - Bu ayda oruc tutana iftar verənin günahları bağışlanar, cəhənnəmdən azad olar. Oruclunun savabından heç bir şey azalmadığı halda onun tutduğu orucun savabı qədər də savab yazılar. Peyğəmbərimizin səhabələri soruşdular: "Ey Rəsulallah! Bizlərdən hər birimizin oruc tutana iftar yeməyi gücümüz çatmır". Peyğəmbərimiz (s.ə.v.) belə buyurdu: "Allah bu savabı bir xurma yaxud bir qurtum su ya da bir miqdar süd ilə iftar verənlərə də verəcəkdir". - Bu ayda dörd şeyi çox edin! İkisi ilə Rəbbinizi razı edərsiniz, ikisi ilə də ehtiyacınızı təmin edərsiniz! Rəbbinizi razı edəcəyiniz iki şey bunlardır: Allahdan başqa tanrı olmadığına şəhadət etmək və Allahdan bağışlanmağınızı istəmək. Ehtiyacınız olanlar da bunlardır: Allahdan cənnəti istəmək, cəhənnəmdən Ona sığınmaq və oruc tutana su vermək. Kim oruc tutana su verərsə, Allah (c.c.) ona mənim hovuzumdan su içirdəcəkdir. Bu sudan içən cənnətə girənə qədər bir daha susamayacaqdır. 1. Bədr müharibəsi: Bədrdə tövhid, nizamlı bir həyat və əxlaqın simvolu olan İslam qalib gəldi. Geri qalmışlığın, əxlaqsızlığın və insan haqlarının ayaqlar altına atılmağının simvolu olan şirk və bütpərəstlik məğlub oldu. Bu müharibə hicrətin ikinci ili Ramazan ayının 27-sində (624-cü il) baş verib. Bu müsəlmanların ilk böyük savaşı və ilk qələbəsi idi. Savaşın ən canalıcı nöqtəsi İslamın ən böyük düşməni Əbu Cəhlin öldürülməsi olub. 2. Məkkənin fəthi: Məkkənin fəth edilməsi ən böyük zəfərlərdən biri qəbul edilir. Məkkə, Allahın tək olduğuqa dəvət etdiyi üçün 53 il yaşadığı torpaqlardan çıxardılmış İslamın mərhəmət Peyğəmbərinin (ə.s.) anadan olduğu, həyatının ən şirin və ən xoş anlarını keçirtdiyi bir yer idi. İslam ordusunun Məkkəni fəthi hicrətin 8-ci ilində Ramazan ayının 10-cu günü olub. Bu qələbə ilə Kəbənin ətrafındakı bütlərin dağıdılması sona çatdı. 3. Təbuk müharibəsi ilə əlaqəli bəzi hadisələr hicri təqvimlə 9-cu ilin Ramazan ayında baş verib. 4. İslamın Yəməndə yayılmağa başlaması hicrətin 10-cu ili Ramazan ayında olub. 5. Nəhlə adlanan yerdə "Uzza" adlı bütün yerləşdiyi ev və Xalid bin Vəlid tərəfindən hicrətin 8-ci ilində, ramazan ayında darmadağın edildi. Bu bütü evlə birlikdə dağıdan Xalid (r.a.) Rəsulullaha: "Uzza bütü budur. Ona əbədiyyən heç vaxt ibadət edilməyəcəkdir!" - dedi. 6. Hicrətin 9-cu ili Ramazan ayında Taifdən Saqifoğulları qəbiləsinə mənsub bir qrup elçi Peyğəmbərimizə (s.ə.v.) gələrək İslamı qəbul etmək istədiklərini bildirdilər. Bu il həm də Saqifoğullarının ibadət etdikləri Əlat bütü də dağıdıldı. 7. Hicrətin 479-cu ili Ramazan ayının 25-də cümə gününün səhəri Zəllağa (bugünkü Portuqaliya yaxınlığında bir vadidir) hadisəsi baş verib. Yusif bin Tasfinin başçılığı altındakı İslam ordusu Alfonsun rəhbərliyindəki 80.000 nəfərlik kafir ordusuna qalib gəlib. 8. Ayni Calut hadisəsi. Sentyabrın 3-ü 1260-cı ilə uyğun gələn hicrətin 658-ci ilində ramazan ayının 15-də Misir sultanı Sultan Kutuzun komandanlığındakı İslam ordusu monqollara qarşı böyük zəfər əldə etdi. Bu müharibədən sonra Misir ilə Dəməşqin birləşdirmə prosesi başa çatdı. 9. İspaniyanın alınması da məşhur sərkərdə Tariq bin Ziyadın başçılığı altında hicrətin 92-ci ili Ramazan ayının 28-də (19 iyul 711) olub. Böyük sərkərdənin adı ilə adlandırılan "Cəbəlüt-Tariq" boğazını alandan sonra gəmilərin hamısını yandırıb və "arxanızda dəniz, qarşınızda düşmən var" deyərək hücuma keçib. İslam ordusu qot komandiri Rodriqesin başçılığı altındakı böyük ordunu məğlub edərək İspan torpaqlarına çıxır. Oruc bağırsaq xəstəliklərinin dərmanı olduğu kimi, bəzi dəri xəstəliklərinin sağaldılması, mədənin müəyyən müddət ərzində istirahət etməsində də əvəzsiz müalicə üsuludur. Buna görə də bəzi ölkələrdə orucla müalicə edən xəstəxanalar inşa edilib. Bunlardan biri dr. Henri Lahmanın Almaniyanın Drezden şəhərindəki xəstəxanasıdır. Saçımızı kəsdirərək sağlam saçın çıxmasına, qan aldıraraq yeni qanın gəlməsinə, ağacların uzanmış budaqlarını budayaraq bol məhsul verməsinə vasitəçi olduğumuz kimi, oruc tutaraq da sağlam və gumrah bir vücuda sahib oluruq. Çünki oruc tutanda hüceyrələrimizin böyrək, mədə, qaraciyər, şəkər və ürək xəstəliklərinə qarşı müqaviməti artır. Vacib olan Ramazan orucundan başqa, nafilə, yəni məcburi olmayan oruclar insanın iş, idman kimi fiziki fəaliyyətlərində istifadə olunmayan enerjisini nizamlayaraq, dəliqanlılıq dövründə olan cavanları doğru istiqamətə yönəldir, ruhun azadlığını, inkişafını təmin edir. Amma bilmək lazımdır ki, hər kim sağlamlıq üçün oruc tutarsa, orucu məqbul olmaz. Oruc Allahın əmri olduğu üçün tutulmalıdır. Sağlamlığı verən isə Allahdır. İmtahana girən tələbələr üzərində aparılan tədqiqatlar nəticəsində məlum olub ki, orucun həyəcanlara, qorxulara, unutqanlıqlara qarşı da inkaredilməz müsbət yönləri var. Hamının bildiyi həqiqətdir ki, yarışlar, məhkəmələr, imtahanlar, müharibə anındakı qəfil hücumlar və s. nəticəsində meydana gələn həyəcanlar və qorxular ruhi dəyişikliklərə, şoklara gətirib çıxarır. Gözə qanın sızması, titrəmələrin meydana gəlməsi, dil tutulmalarının səbəbi də qəfil meydana gələn olaylardır. Hətta belə hadisələr şəkər xəstəliyinə də yol açır. Bu kimi xəstələrə düçar olmamaq, mənfi psixi vəziyyətlərə düşməmək üçün psixoloqların məsləhəti də "ac qarnına", yəni oruclu olmaqdır. Çünki tədqiqatlar orucun cəsarət hissini artırdığını, ruhu sakitləşdirdiyini təsbit edib. İslam ordularının özlərindən dəfələrlə güclü rəqiblərinə qalib gəlməsinin başlıca səbəbi, ən yüksək zirvə olan şəhidliyə çatmaq arzusunun yanında oruclu olmaları böyük rol oynayıb. Nemətlər şükr istəyir. Qurani-Kərimin bir çox ayəsində insanların az şükr etdiyi bildirilir. Əsasən də "Rəhman" surəsində "Rəbbinizin hansı nemətini yalan sayıb inkar edirsiniz?" mənasındakı ayə 31 dəfə təkrar edilərək, nankorluğumuz üzümüzə deyilir. Ramazan ayındakı oruc isə həqiqi, səmimi şükrün açarıdır. Çünki başqa vaxtlarda məcburiyyət altında olmayan insanların əksəriyyəti həqiqi aclıq hiss etmədikləri üçün nemətlərin qiymətini, bir tikə quru çörəyin dəyərini tox insanlar sözün əsl mənasında dərk edə bilməzlər. Halbuki iftar vaxtı quru çörəyin çox qiymətli ilahi nemət olduğuna oruclu insan şahiddir. Ən üst təbəqədən ən aşağı təbəqəyə qədər hər kəs orucluqda aclığın qiymətini çox gözəl anlayır. Günorta yeməyinin qadağan olması ilə: "bu nemətlər mənim mülküm deyil. İstədiyim kimi, istədiyim vaxt bunları yeyə bilmərəm. Demək ki, bunlar başqasının bizə bəxş etdiyi ehsandır. Onun əmrini gözləməliyəm", - deyər, nemətlərin həqiqətini bilərək mənəvi şükr edər. Oruc bu yönü ilə də insanın əsl vəzifəsi olan şükrün açarıdır. İctimai həyata nəzər salsaq, insanları maddi yöndən fərqli olduqlarını görərik. Uca Allah buna görə varlıları kasıblara kömək etməyə dəvət edir. Tox acın halını bilmədiyinə, bunu sözlə də başa salmaq mümkün olmadığına görə, ancaq ac qalaraq bunu bilmək mümkündür. Aclığın ən uyğun forması da orucdur. 1. Qurani-Kərim bu aydan etibarən Yer Kürəsinə enməyə başlayıb. Allah Təala buyurur: "Ramazan ayı insanlara düz yol göstəricisi, bu yolun və haqqı batildən ayırmağın aydın dəlilləri olan Quranın nazil edildiyi aydır" ("Bəqərə", 2/185). Bu ay Quran nazil olduğu üçün Ramazana "Quran ayı" da deyirlər. Quranı Hz.Peyğəmbərə gətirən Hz.Cəbrail (ə.s.) hər il Ramazan ayında Peyğəmbərin yanına gələrdi. Və həmin günə qədər gələn ayələri birlikdə oxuyardalar. Allah Rəsulunu vəfat etdiyi il Hz.Cəbrail Quranı əvvəlkilərdən fərqli olaraq bir yox, iki dəfə peyğəmbərlə oxuyub. Buna görə müsəlmanlar hər il evlərində və ya məscidlərdə Quran oxuyaraq savab qazanmağa çalışırlar. Rəsulullah: "Kim Allahın kitabı Qurandan bir hərf oxuyarsa, bir savab var. Hər savabın əvəzi isə on qat artıq veriləcək", buyurub. Bundan başqa Hz.Peyğəmbər Quranın və orucun Qiyamət günü şəfaət edəcəyini bildirib: "Qiyamət günü oruc və Quran bəndəyə şəfaətçi olacaq. Oruc: "Ey Rəbbim, mən günorta onu yeyib-içməkdən və müxtəlif zövqlərinə maneə oldum. İndi məni ona şəfaətçi qəbul et", - deyər. Quran: "Ey Rəbbim, mən onun gecə yuxusuna maneə oldum. Məni ona şəfatçi et" - deyər. Allahın icazəsiylə hər ikisi həmin bəndəyə şəfaət edərlər. Quran ilahi mesajdır. Quranı ancaq oxumaq kifayət deyil. Müsəlmanın əsl vəzifəsi Quranı oxuyub mənasını dərk edib, həyatına tətbiq etəkdən ibarətdir. 2. Hz.Muhəmmədə (s.ə.v.) peyğəmbərlik vəzifəsi bu ayda verilib. Məkkəyə yaxın ərazidə yerləşən "Hira" mağarasında Hz.Muhəmmədin yanına gələn Hz.Cəbrail adlı mələk ilk Quran ayəsini gətirib. İlk əmr isə "Oxu" ilə başlayır. Hz.Cəbrail Muhəmmədə: "Sən Allahın peyğəmbərisən, mən də Cəbrailəm",- deyə səslənərək onun insanlığını qurtuluşu üçün göndərilmiş peyğəmbər olduğunu bildirib. 3. Min aydan daha xeyirli olduğu Qurani-Kərimdə bildirilən "Qədr gecəsi" bu aydadır. 4. İslamın əsas beş şərtindən biri olan oruc ibadəti bu aya məxsusdur. 5. "Təravih" namazı da sadəcə Ramazan ayında qılınır. 6. Səhər yeməyi "sahur" və axşam oruc açmaq vaxtı olan "iftar" da orucla bağlıdır. Bu ayı "Əvvəli rəhmət, ortası məğfirət (günahların bağışlanması), axırı da cəhənnəmdən qurtuluş", olduğunu söyləyən Hz.Muhəmməd möminlərə bu müjdəni verir: "Ramazan ayı gələndə cənnətin qapıları açılır, cəhənnəmin qapıları bağlanır və şeytanlar zəncirlənir". İslam alimləri bu hədisin mənasını belə izah ediblər: "Ramazanda cənnətə aparacaq yaxşı işlər edən möminə cənnətin qapıları açılıb. Cəhənnəmə aparan pisliklərdən çəkindiyi üçün də cəhənnəmin qapıları ona bağlanıb", deməkdir. Oruc tutaraq nəfsinə hakim olub şeytana tabe olmadığı üçün də şeytanı təsirsiz hala gətirmiş sayılır. Bəzilərinin iddia etdiyi kimi bu ömrünü içkiylə, başqalarına zülm etməklə keçirənin bu ayda ölməsinin ona heç bir faydası var. Oruc ibadətini yerinə yetirənlər cənnətdə onlara ayrılan xüsusi qapıdan keçəcəklər. Bununla bağlı Hz.Peyğəmbər buyurub: "Cənnətdə "Rəyyan" deyilən qapı var. Bu qapıdan Qiyamət günü ancaq oruc tutanlar daxil olacaqlar. Başqası həmin qapıdan girə bilməyəcək", "Oruclu üçün iki sevinc var. Biri iftar zamanındakı sevinci, ikincisi də, orucunun mükafatını almaq üçün Rəbbinə qovuşduğu andakı sevincidir". Hər pisliyin mənbəyi Allahı unutmaqdır. Bu isə insanın məsuliyyətini yox edir. Halbuki oruc, həmişə bizə Allahı xatırladır. Bir ay davam edən bu mənəvi təlim-tərbiyə nəticəsində Allah sevgisi ürəklərə yerləşir. Bunun müsbət cəhətləriylə də insan davranışlarına fikir verərək hər cür mənfiliklərdən özünü qoruya bilir. 1. Sübhdən axşama qədər qidalardan və cinsi istəklərdən uzaq duraraq tutulan oruc. Bu oruc şərtləri yerinə yetirildikdə doğru qəbul edilir. Məqsədinə çatması üçün oruc tutan aşağıdakına diqqət etməlidir. 2. Birinci maddədəkilərlə yanaşı, qulaq, göz, dil, əl, ayaq və digər orqanları günahlardan uzaqlaşdıraraq tutulan oruc. 3. Birinci və ikinci maddələrlə birlikdə könlündə Allahdan başqasına yer verməmək, ürəyini Allahdan başqasıyla məşğul etməmək şəklində tutulan oruc. Ən yüksək səviyyəli oruc budur. Peyğəmbərlərin tutduqları oruclar bu üçüncüyə aiddir. Oruc tutan əvvəlcə halal yeyib-içkidən, cinsi arzularından müəyyən bir müddət uzaq dayanaraq iradəsini cilovlamağı öyrənir. Bu iradəylə orqanlarının hər cür pislikdən uzaqlaşdırır. Nəhayət ürəyini də pis hisslərdən təmizləyərək, sanki mələkləşir. Fani ehtiraslardan kənarlaşaraq Allaha qulluğun zirvəsinə çatır və Allaha yaxınlaşır. 1. Yolçuluq: Ramazan ayında 90 km və ya üç günlük səfərə çıxan adam oruc tutub-tutmamaqda sərbəstdir. Lakin dövrümüzdə təyyarələr, avtobuslar, qatarlar və s. rahat olduğuna görə oruc tutmaq çətin deyil. 2. Xəstəlik: Bir xəstə həlak olacağından, xəstəliyin çoxalacağından qorxarsa, oruc tutmaya bilər. Tutduğu orucu pozmağa da icazə verilir. Sağalandan sonra tutmadığı günlərin əvəzinə tutar. "Oruc tutsam xəstələnərəm" kimi qorxular yersizdir. Bu fikirdə olanlar müsəlman həkimin bildirməsi ilə oruc tutmaya bilər. 3. Müharibə dövrü: Ramazan ayında müharibədə düşmənlə qarşı-qarşıya gələn İslam mücahidi oruc tutmaqda sərbəstdir. Ancaq oruclu insanların savaşda daha gümrah olduğunu hərbçilərimiz daha yaxşı bilirlər. 4. Təhdit anında: Ölümlə təhdid edilən, bir üzvünə zərər veriləcəyi ilə qorxudulan oruc tutmaya bilər. 5. Şiddətli aclıq və susuzluq: Oruc tutan insan aclıqdan və ya susuzluqdan həlak olacaqsa, ağlına bir nöqsanlıq gələcəksə, bunu təcrübələrdən, müsəlman həkimin xəbər verməsi ilə bilərsə, orucunu sonra tutmaq şərti ilə poza bilər. 6. Hamiləlik: Ramazan ayında hamilə olan, uşağa süd verən qadın özünə yaxud uşağına zərər gələcəyindən qorxarsa, orucdan azaddır. 7. Qadının xəstə olması: Qadınlar onlara aid olan xəstəlik dövründə nə oruc tutarlar, nə də namaz qılarlar. Xəstəlikləri qurtaran qadınlar isə namazların qəzasını qılmaz, lakin orucun əvəzini tutarlar. Ramazan ayında sağalsalar qalan günlərin orucunu tutarlar. 8. Qonaqlıq: Qonaqlıq verən, qonaqlığa çağrılan kim olur-olsun Ramazan ayındakı orucunu heç bir bəhanə ilə poza bilməz. Lakin bu aydan başqa günlərdə tutulan orucu sonra tutmaq şərti ilə poza bilər. 9. Yetkinlik dövrünə çatmamaq: yetkinlik dövrünə çatmayan uşaqlara oruc tutmaq fərz deyil. Ancaq alışmaq üçün birinci dəfə günortaya qədər, sonra isə yavaş-yavaş çoxaldaraq tam oruc tutmalarına kömək edər. Bu onların həm iradələrinin möhkəmliyinə, həm də sağlamlığına səbəb olar. 10. Yaşın çoxluğu: Çox qoca insanlar oruc tutmaqda sərbəstdirlər. Ancaq Ramazan ayında tutmadığı hər orucun əvəzinə fidyə verilməlidir. Fidyə, kasıb bir adama səhər və axşam yeməyinə kifayət edəcək miqdarda verilən yemək, yaxud puldur. Orucdan azad olan insanlar din qardaşlarına hörmət məqsədi ilə yediklərini ictimai yerlərdə yeməməyə çalışmalıdırlar. 1. Müsəlman olmaq: Müsəlman olmayanlara oruc tutmaq fərz deyil. 2. Ağıllı olmaq: "Mən tam ağıllı deyiləm" deyərək orucdan qaçmaq olmaz. Burada əsas məqsəd dəli olmayan insandır. 3. Yetkinlik dövründə olmaq: Uşaqlar yetkinlik dövrünə qədəm qoyandan sonra onlara oruc tutmaq fərz olur. Bu həddə çatmayan uşaqların tutduqları oruc isə daha çox savabdır. 1. Fərz olan oruclar: Ramazan ayında oruc tutmaq, Ramazan ayında üzürlü səbəbə görə tutulmayan orucu başqa vaxtda əvəzini tutmaq fərzdir. 2. Vacib olan oruclar: Nəzir deyilən oruclarla, Ramazandan başqa savab məqsədilə tutulmuş orucun (nafilə orucun) əvəzini tutmaq vacibdir. 3. Sünnə oruclar: Məhərrəm ayının 9-yla onunda yaxud, onuyla on birində oruc tutmaq sünnədir (Peyğəmbərin davranışlarına "sünnə" deyilir). 4. Müstəhəb oruclar: Qəməri ayların 13,14 və 15-ci günləri ilə həftənin birinci və dördüncü günləri, Ramazan ayından sonra gələn Şəvval ayında altı gün oruc tutmaq müsətəhəbdir (eyni zamanda sünnədir). 5. Məkruh olan oruclar: Məkruh lüğətdə sevilməyən və xoş qarşılanmayan hal və hərəkətlər deməkdir. Məkruh olan oruclar iki yerə ayrılır. 1) Tənzihən məkruh olan oruclar: Məhərrəm ayının sadəcə 10-u günü, həftənin ancaq cümə və şənbə günləri oruc tutmaq, axşam iftarını açmadan bir günün orucunu ertəsi günə birləşdirirərək tutulan oruclar tənzihən məkruhdur. İlin bütün günlərini orcu tutmaq da məkruhdur. Peyğəmbərimiz Hz.Muhəməd müəyyən vaxtlarda əmr edilən və məsləhət bilinən oruclardan başqa ara vermədən oruc tutmağa icazə verməyib. Bununla bağlı belə bir hadisə baş verib. Peyğəmbərin səhabələrindən Salmani Farisi Əbud- Dərdanı ziyarətə getdi və tapa bilmədi. Xanımıqı isə köhnə paltarda və peşman oturduğunu görəndə - Bu nə vəziyyətdir?,- deyə soruşdu. Əbud-Dərdanın xanımı - Qardaşın Əbud-Dərda daha dünya işləriylə maraqlanmır, gündüz oruc tutur, gecə isə ancaq namaz qılır, deyə şikayət etdi. Bu əsnada Əbud-Dərda gəlib çıxdı. Salmanı görüb salam verdi və tez yemək hazırlayıb onun qarşısına qoydu. Salmana ona da yeməsini təklif etdi. - Sən də ye!,- dedi. Əbud-Dərda oruc olduğunu bildirəndə - Allaha and olsun, sən yeməsən mən də yeməyəcəyəm,- dedi. Məcbur qalan ev yiyəsi də orucunu pozub qonağıyla birlikdə yedi. Gecə yeni yatmağa hazırlaşırdılar ki, Əbud-Dərda namaz qılmaq üçün durmaq istəyəndə, Salman - Yat, deyib, ona maneə oldu. Bu dəfə də ev yiyəsi məcburiyyət qarşısında qalaraq yatdı. Gecədən xeyli keçəndən sonra Əbud-Dərda yenə durmaq istəyəndə bu dəfə də Salman ona maneə oldu. Səhər namazının vaxtının girdiyini görən Salman, Əbud-Dərdanı oyandırdı - İndi dur!, dedi. Və ikiksi də durub dəstəmaz alıb namazı birlikdə qıldılar. Namazdan sonra Salman din qardaşı Əbud-Dərdaya: - Qardaşım, əlbəttə ki, Rəbbinin sənin üstündə haqqı var - Vücudunun sənin üzərində haqqı var - Ailənin də sənin də sənin üzərində haqqı var. Buna görə də, hər haqq sahibini haqqını verməlisən,- dedi. Əbud-Dərda Salmanın dediklərinin doğruluğunu Hz.Peyğəmbərdən öyrənmək məqsədilə hadisəni Rəsulullaha danışdı. Allah Rəsulu: "Salman doğru söyləyib",- buyurdu. Bu hadisədən də aydın olur ki, bir müsəlmanın yerinə yetirməsi vacib olandan artıq tamamilə özünü ibadətə verərək, vücudunu zəif hala salmamalıdır. Ailəsinin hər cür ehtiyacını təmin etməlidir. Gözəl bir söz var: "Sabah öləcək kimi axirətə, heç ölməyəcək kimi də dünyaya çalış". 2) Təhrimən məkruh olan oruclar: Ramazan bayramının birinci günü və Qurnban bayramının dörd günü oruc tutmaq harama yaxın oruclardır. Hətta bəzi alimlər haram olduğunu bildiriblər. Bu günlər Allahın bəndələrinə bəxş etdiyi bayram günləridir. Oruc tutaraq həmin ziyafətlərdən qaçmaq yanlışdır. Orucun vaxtı əvvəllər hava ilə öyrənilir, bəzi yerlərdə isə xüsusi təyin edilmiş insanlar tərəfindən xəbər verilirdi. "Orucun vaxtı" ifadəsi səhər yeməyini nə vaxta qədər yemək mənasına gəlir. Texnologiya əsri olan XXI əsrdə isə hər işdə rahatlıq olduğu kimi, ibadətlərdə də bu asanlığı yaşayırıq. Təqvimlərə baxaraq asanlıqla oruc saatlarımızı təyin edir və nə vaxt iftar edəcəyimizi də öyrənirik. İndiki təqvimlər aşağıdakı kimidir: Rayonlar Sübh (İmsaq) Günəş Günorta Əsr Axşam (iftar) Yatsı Bakı 5:36 7:16 12:24 15:10 17:33 19:04 Yevlax 5:47 7:27 12:35 15:21 17:44 19:15 Astara 6:39 7:19 12:27 15:13 17:37 19:07 Səhər yeməyi olan sahuru imsaq, yəni 5:36-a qədər bitirməliyik. Bundan sonra yeyib-içmək olmaz. Digər vaxtlar isə namaz vaxtlarıdır. Axşam yeməyi olan iftara isə 17:33-dən etibarən başlamaq olar. İftarı axşam namazından əvvəl açmaq savabdır. Xatırladaq ki, imsaq və iftar vaxtları hər gün yaxud günaşırı bir-iki dəqiqə dəyişir. rayonlarda fərqli olur. Buna görə oruc tutanlar saatlarının düz işləyib-işləmədiyini nəzərdən keçirməlidirlər. Oruc niyyət ilə başlayır. Niyyəti ürəkdən də etmək olar. Səhər yeməyinə durmaq da niyyət yerinə keçir. - Bu ayda oruc tutana iftar verənə oruc tutanın savabı qədər savab yazılır. Oruclunun savabından da heç nə azalmır. İftar vaxtı oruc tutan sevinir. Bununla bağlı Allah Rəsulu hədislərinin birində belə buyurub: "Oruc tutanın iki sevinci var. Biri iftarın açdığı vaxt, ikincisi də, Allaha qovuşduğu vaxtdır". İftar vaxtı da duaların qəbul edildiyi anlardan sayılır. Hz.Peyğəmbər üç şəxsin duasının geri qaytarılmayacağını və qəbul ediləcəyini bildirib: 1 - Oruc tutanın iftar vaxtı etdiyi dua 2 - Ədalətli hökmdarın duası 3 - Məzlumun duası". Bu saydıqlarımızın heç biri orucu pozmur. |