Cə’fər bin Əbu Talib (Allah ondan razı olsun!) fəziləti


1. Əbu Hureyrə (Allah ondan razı olsun!!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir ki: "Cə’fəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm" (ət-Tirmizi; Mənaqib, 3767).
2. Əş-Şa’bi (Allah ondan razı olsun!) rəvayət edir: "Ibn Ömər (Allah ondan razı olsun!) Cə’fərin oğlu Abdullaha salam verərkən:
—Əs-Səlamu aleykə! (Sənə salam olsun!) ,Ey iki qanadlı adamın oğlu!, deyərdi. (Buxari; Kitabul- fadail əshab, 10-cu bab, hədis 57).
3. Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Insanlar: "Əbu Hureyrə çox hədis rəvayət edir" deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə—o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cə’fər ibni Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bə’zən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq" (Buxari; kitabu Fadail Əshab, 10-cu bab, hədis 56; Tirmizi; Mənağib, 3770).
4. Əl-Bəra (Allah ondan razı olsun!) belə demişdir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Cə’fər bin Əbu Talibə (Allah ondan razı olsun) demişdir: "Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan" (Buxari; Kitabu sülh, 6-cı bab, hədis 9, Kitabul-Məğazi 45/263, Müslim; Cihad 90 (178); ət-Tirmizi; Mənaqib, 37-69).
Bu hədislər Cə’fər bin Əbu Talibin (Allah ondan razı olsun!) fəzilətinə nümunələrdir.
Ilk müsəlmanlardan sayılan Cə’fər bin Əbu Talib (Allah ondan razı olsun!) Əlidən (Allah ondan razı olsun!) 10 yaş böyük olub, doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onunla kral Nəcasiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi tə’yin etmişdi. Iki dəfə hicrət edir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlir. Peyğəmbər onu qucaqlayır, alnından öpür və: "Bilmirəm Cə’fərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm" deyir.
Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cə’fər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd ibni Harisdən sonra sərkərdə oldu və bayrağı ona verdilər. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cə’fər (Allah ondan razı olsun!) haqqında Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): "Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur" müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara sayırlar.
Əbu Hureyrə (Allah ondan razı olsun!) Cə’fərin (Allah ondan razı olsun!) kasıblara qarşı münasibətinə, comərdliyinə görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini verir.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Məndən əvvəl hər peyğəmbərə 7 seçilmiş vəzir verilmişdir. Mənə 14 vəzir verildi: Həmzə, Cə’fər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal". Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Cə’fərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (Allah ondan razı olsun!) deyir: "Cə’fərin ölüm xəbəri gəlincə Rəsulullahın üzündən hüznü gördük".
Həsən və Hüseynin (r.a) fəziləti