Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم


Elşad MİRİ
E-mail: elsadmiri@azerislam.com
Qafqaz univerisiteti
İlahiyyat fakultəsinin məzunu


PEYĞƏMBƏRİN AİLƏ HƏYATI

İslam peyğəmbəri bütün müsəlmanlara insan-ailə münasibətlərində ən gözəl yolu göstərib:

"Ən xeyirliniz ailəsi üçün xeyirli olandır"
İslam dini ailəni yaradılışın başlanğıcıyla birlikdə ortaya çıxan bəşəriyyətin ən qədim və ən köklü birliyi olaraq göstərib, bəşərin bu birlik sayəsində inkişaf edib çoxaldığını bildirib. Qurani-Kərimdə buyurulur: "Ey insanlar! Biz sizi bir kişi və bir qadından yaratdıq, sizi xalqlar və qəbilələr etdik ki, bir-birinizi tanıyasınız" ("Hucurat", 49/13). Müasir antropologiya da Qurani-Kərimin verdiyi bu bu məlumatı dəstəkləyir. Bu birliyə bütün bəşər tarixində rast gəlmək mümkündür.
Evlilik və ailə həyatının çoxtərəfli fayda və hikmətləri var. Bu ayədə də fərqli yönlərə işarə edilir: "...Ülfətə girib yaşamaq üçün sizə özünüzdən zövcələr yaratması, aranıza məhəbbət və mərhəmət salması Onun dəlillərindəndir. Həqiqətən, düşünən adamlar üçün bunda ibrətlər vardır" ("Rum", 30/21). Qurani-Kərim ailə həyatını qarşılıqlı anlayış və yetkinliklə insani bir müəssisə saydığına görə, ailə fərdlərinin öz haq və vəzifələrini tam olaraq yerinə yetirə bilmələri üçün onlarda insana yaraşan əxlaqlı davranışların inkişaf etməsini əvəzedilməz bir şərt olaraq tanıdıb. Ailəni sağlam bir cəmiyyətin əsası qəbul edən Hz.Muhəmməd evlənməyi asanlaşdıraraq, bu gün bilinən tərzin xaricindəki nigah formalarını ləğv edib, evliliyin xaricindəki əlaqələri yasaqlayıb. Ana-ata haqqları və ana-atanın uşaqla bağlı haq və vəzifələri bildirilib. Hz.Peyğəmbər qadınları kişilərin mülkiyyətində olan bir mal və ya kölə yox, eyni haqqlara sahib insanlar olaraq qəbul edib. Kişi ailənin rəisidir, ancaq qadın üzərində mütləq hakim, yaxud despot deyil. Əvvəllər qadın miras haqqından məhrum olduğu halda, İslamla bu haqqına qovuşdu. Əri xanımını haqqlarından məhrum edə bilməz, qadın da onun qarşısında aciz bir məhkum kimi dinməz dayanmağa borclu deyil. Nigah müqaviləsi təkcə kişinin iradəsiylə yox, iki tərəfli iradəylə meydana gələn bir müqavilə halına gətirildi. Bəli, İslamda ailə müəssəsəsi sevgi, şəfqət və mərhəmət üzərində inşa edilir.
Sevgili Peyğəmbərimiz əksər hədislərində ailənin əhəmiyyətinə işarə edib və onun səadət yeri olduğunu bildirib. O, ailə rəisi olaraq bir müsəlmanın ailə fərdləriylə necə davranılacağını əmr və tövsiyələriylə ifadə etdiyi kimi, öz həyatında da bunu göstərib, kişinin qadınla xoş rəftar etməsini çox açıq və qəti şəkildə hədislərində əks etdirib: "Ən xeyirliniz ailəsi üçün xeyirli olandır. İçinizdə ailəsinə qarşı ən xeyirli olanınız isə mənəm". "Ən xeyirliniz xanımlarına qarşı yaxşı davrananınızdır". Onun iman, əxlaq və ailə fərdlərilə yumşaq davranmaq haqda dediyi bu söz çox mənalıdır: "Möminlərin iman yönündən ən mükəmməl olanı əxlaq cəhətdən ən üstün olan və ailə fərdləriylə yumşaq rəftar edəndir". Hz.Peyğəmbər iyirmi beş yaşına qədər yaşadığı cəmiyyət arasında iffətli, şərəfli və namuslu bir şəxsiyyət olaraq tanınırdı. İyirmi beş yaşında ikən, özündən 15 yaş böyük və iki dəfə evlənib dul qalan Hz.Xədicəylə evləndi və onunla 25 il xoşbəxt həyat sürdü. Bu evlilikdə nəzərə çarpan mühüm məsələ sıcaq dostluq və yoldaşlıqdır. Allah Rəsulu Allahdan aldığı vəhyi ilk dəfə Xədicəyə anladıb və bu məsələdə onunlə məsləhətləşib. Xədicə anamız da artıq Peyğəmbər olan ərini anlayışla qarşılayıb.
Xədicənin vəfat etdiyi il Rəsulullahın ən çox kədərləndiyi il olaraq "hüzün ili" adlandırılıb. Hz.Peyğəmbər onun sağlığında başqa bir qadınla evlənməyib. Halbuki, o dövrün adətlərinə görə çox qadınla evlənmək mümkün idi, hətta kişilik simvolu sayılırdı. Hz.Xədicənin vəfatından sonra onun əziz xatirəsinə hörmət göstərərək təxminən iki il yarım yalqız və subay yaşayandan sonra Sevda binti Zəma ilə evlənib.
Hz.Peyğəmbər Xədicənin hörmətini və fədakarlığını onun sağlığında olduğu kimi, vəfatından sonra da unutmayaraq, hər fürsətdə onu sevgi və sayğıyla anıb. Yenə onun xatirəsini yad etdiyi bir gündə Hz.Aişə: "Niyə həmişə o yaşlı qadından danışırsan? Allah onun əvəzində sənə daha xeyirlisini verdi",- dedikdə Peyğəmbərimiz bu sözlərdən hiddətlənib və: "Allah mənə ondan daha xeyirlisini verməyib. O, heç kimin qəbul etmədiyi bir dövrdə mənə iman gətirdi, hər kəsin məni yalanladığı bir zamanda o, məni təsdiq etdi, heç kimin mənə kömək etmədiyi anlarda malını din yolunda xərclədi və mənə uşaq bəxş etdi",- deyə cavab verib (Əhməd ibn Hanbəl, Müsnəd, VI/117-118).
Başqa tərəfdən, Peyğəmbərə ən sevimli kimin olduğu sualına, "Aişə", kişilərdən də "Onun atası" (yəni Əbu Bəkr) şəklində cavab verməsi Allah Rəsulunun xanımlarına duyduğu sevgi və sayğını göstərən bir nümunədir.
İnsanın üzərində haqqı olan insanların başında ailə fərdləri gəlir. İnsanın sevincini və kədərini birinci növbədə paylaşdığı şəxslər də ailə fərdləridir. Hz.Peyğəmbər müxtəlif səbəblərlə kişilərin qadınlar üzərində, qadınların da kişilər üzərində haqları olduğunu bildirib. Qadınlar haqqında Allahdan qorxulmasını, onlara haqsızlıq edilməməsini istəyib. Ərindən şikayətə gələn qadınların sayı artınca, bu cür davranışı olanların yaxşı insanlar olmadığını söyləyib.
Hz.Peyğəmbər xanımlarını ədalətsizliyə və müxtəlif rəftarlara görə tənbeh edib. Bununla bağlı olaraq Onun bir səfərə çıxacağı zaman xanımları arasında püşk ataraq onları növbəylə yanında aparması, yenə hər xanımı üçün bir gün və bir gecə ayırması onların haqlarına göstərdiyi incəliyinin nümunələridir.
Allah Rəsulu xanımlarıyla həmişə xoş rəftar edib, onlara heç vaxt əl qaldırmayıb, xanımlarını döyənləri isə "necə olur ki, qadınlarınızı döyürsünüz, sonra da axşam birlikdə yatırsınız?",- deyərək qınayıb. Qadınların döyməmək, xüsusilə üzlərinə heç vaxt vurmamaq, pis sözlərlə təhqir etməmək və hirslənərək evi tərk etməmək mövzusunda tənbeh edib, "Qadınları ancaq pislər döyər",- deyərək bu cür hərəkət edənləri qınayıb.
Qurani-Kərimdə Peyğəmbərin xanımları və ailə həyatıyla bağlı məlumatlar verilir. Xanımları ilə bağlı baş verən məsələlərdə həm Peyğəmbərə, həm də xanımlarına məsləhətlər verilir və yol göstərilir: "Ey Peyğəmbər, öz zövcələrinə de: "Əgər siz bu dünyanı və onun bər-bəzəyini istəyirsinizsə, onda gəlin, sizə talaq haqlarınızı verib gözəl bir tərzdə azad buraxım. Yox, əgər siz Allahı, Onun peyğəmbərini və axirət evini istəyirsinizsə, onda Allah sizlərdən xeyir iş tutanlar üçün böyük bir mükafat hazırlamışdır" ("Əhzab", 33/28-29). Bundan başqa, Hz.Peyğəmbərin xanımlarının möminlərin anaları olduqları bildirilir və möminlərin Ondan sonra Onun xanımlarıyla heç vaxt evlənə bilməyəcəkləri qeyd edilir: "Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır, onun arvadları isə onların analarıdır..." ("Əhzab", 33/6).
Hz.Peyğəmbər ev adamlarıyla çox gözəl rəftar edir, hətta onlarla zarafatlaşırdı. Hz.Aişə Allah Rəsuluyla iki yarışmasını belə qeyd edir: "Bir səfərdən qayıdarkən Hz.Peyğəmbərlə yarışdım və onu keçdim. Bu yarışmadan bir müddət sonra mən bir az kökəlmişdim. Başqa bir səfərdə isə yenə yarışdıq. Bu yarışı isə Hz.Peyğəmbər qazandı".
Evdəki davranışları da Onun nə qədər təvəzökar olduğunu göstərir. Aişədən Peyğəmbərin evdəki davranışları soruşulanda bu məlumatları verərdi: "Hz.Peyğəmbər evinə girəndə özünü sadə adam kimi aparar, paltarının söküldüyü yerləri yamayar, qoyunları əliylə sağar, xanımlarına ev işlərində lazım gələndə kömək edərdi. Bazara alış-verişə özü gedər, aldıqlarını özü daşıyardı. Səhabələr "Ey Allahın Elçisi, icazə verin biz daşıyaq",- deyəndə, "Hamı öz yükünü özü daşısın",- buyurardı. O, xidmətçiləriylə yemək yeyər, oturub söhbət edərdi. "ələn qonaqlarına özü xidmət edərdi. Həbəş kralı tərəfindən bir heyət göndərilmişdi. Onlara şəxsən Peyğəmbərin xidmət etdiyini görən səhabələr: "Ey Allahın Rəsulu! Siz icazə verin biz xidmət edək",- dedilər. Hz.Peyğəmbər onlara bu cavabı verdi: "Bu insanlar bizim səhabələrə xidmət etdilər. İlk mühacirləri xoş qarşıladılar. Mən bunun əvəzini özüm vermək istəyirəm". O, belə vəfalı bir insan idi. Və həmişə də hamını yaxşı yönləriylə yad edərdi. Hz.Peyğəmbər ailə fərdlərinin dincəlmələri və əylənmələri üçün ehtiyaclarını təmin edər, halal əyləncələrdən istifadə etmələrinə icazə verərdi. Ramazan və Qurban bayramı mərasimlərinə qızlarını və xanımlarını da aparardı. Hətta bir bayram günü həbəşlilər tərəfindən oynanılan qalxan və mizraq oyununu xanımı Hz.Aişə Peyğəmbərin çiyninə söykənərək seyr edib. Peyğəmbər həmçinin Aişənin səadət xanalarında müğənni qızların bəzi mahnılar oxumasına bir söz deməyib.
Peyğəmbərimizə görə insanın ailəsiylə keçirdiyi vaxt boş yerə keçirilmiş vaxt deyil. Peyğəmbər buyurub ki, insanlar öz bildiklərini ilk öncə ailə fərdlərinə öyrətməlidir. Onun yanına gələnlərə: "Ailənizin yanına qayıdın və onlara öyrəndiklərinizi öyrədin",- deyərdi. Hədislərin birində o, "kişi ailəsinin çobanıdır və ailə fərdlərindən məsuldur", buyurandan sonra, "Hər biriniz çobansınız və qoruduqlarınızdan məsulsunuz", deyərək çərçivəni ən geniş şəkildə göstərib. Bu, ailə daxilində ədəb, əxlaq, fəzilət və elm yönündən təlimə işarə deməkdir. Bundan başqa, Allah Rəsulu özü uşaqlarını İslami tərbiyədə yetişdirib, ərə verəndən sonra da yenə onlarla sıx əlaqə saxlayıb. Bu əlaqə həm maddi, həm də mənəvi yönlərdən olub. Bu məsələdə öz doğma uşaqlarıyla daha sonra evləndiyi xanımların əvvəlki ərlərindən olan uşaqları arasında fərq qoymayıb. Onlara da eyni sevgi və şəfqəti göstərib, yeri gələndə tənbeh edib, yeri gələndə də məsləhət verib. Bir dəfə Hz.Peyğəmbər Ümmu Sələmənin əvvəlki əri Əbu Sələmədən olan oğlu ˆmərin yemək yeyərkən boşqabın hər tərəfindən yediyini gördükdə ona: "Oğul, Bismillah de, sağ əlinlə və həmişə öz qabağından ye",- deyərək ona tövsiyə edib. Mədinə dövründə qızı Fatimə ilə kürəkəni Əlinin evində hər gün səhər namazına duranda onları da durğuzması isə Peyğəmbərin uşaqlarının ərə getməsindən sonra da onların təlim-tərbiyəsinə əhəmiyyət verdiyini göstərir. Hz.Peyğəmbər bir ata olaraq uşaqlarının sevinciylə sevinib, kədərləriylə kədərlənib. Böyük qızı Zeynəbin əri Əbul-As, Bədr müharibəsində müşriklərlə birlikdə eyni cərgədə savaşıb və nəticədə müsəlmanlara əsir düşmüşdü. Fidyə (əsir əvəzində müəyyən edilmiş mal) əvəzində əsirlərin azad buraxılması əsnasında Əbul-As da yoldaşının bir boyunbağısını verərək azadlığına qovuşmaq istəyirdi. Peyğəmbər Xədicənin toy hədiyyəsi olaraq qızına verdiyi bu boyunbağını görəndə çox kədərlənib və səhabələrinə: "İstəyirsiniz bunu götürün, ya da sahibinə geri qaytarın",- demişdi. Peyğəmbərimizin çox kədərləndiyini görən səhabələr də boyunbağını təcili olaraq sahibinə qaytarmışdılar. Bundan sonra Hz.Peyğəmbər Əbul-Asdan qızını Mədinəyə gətirməsini istədi. Əbul-As da Peyğəmbərə verdiyi sözün üstündə duraraq Hz.Zeynəbi atasının yanına-Mədinəyə gətirdi. Qızının yanına gəlməsinə sevinən Hz.Peyğəmbər, buna görə Əbul-Asdan razı qaldı. Bundan başqa digər qızı Hz.Ruqiyyə əriylə Həbəşistana hicrət edəndən sonra Peyğəmbərimiz uzun müddət ondan xəbər ala bilmədiyinə görə üzülmüşdü, lakin bir qadının onları gördüyünü və yaxşı olduqlarını bildirməsindən sonra isə sevinmişdi. Hz.Peyğəmbər qızı Ummü "ülsümün vəfatından sonra onun qəbri başında dayanıb göz yaşı tökmüşdü. Sonuncu qızı Fatimə, kürəkəni Əliylə birlikdə nəvələri Həsən və Hüseyn haqqındakı bu cür davranışlarını tarix və hədis mənbələrində görmək mümkündür. Peyğəmbərimiz yaxınlarıyla əlaqə qurmağa, qonşularla yaxşı keçinməyə, imkanları daxilində hər kəsə kömək etməyə əhəmiyyət verirdi. Xüsusilə ana-ataya yaxşı davranmağın və onların ehtiyaclarını təmin etməyin ən müqəddəs vəzifələr arasında olduğunu təkidlə bildirərdi. Hz.Peyğəmbər özü kiçik yaşlarında ikən (6 yaşında) anasını itirmişdi. Buna görə də onu həmişə həsrətlə yad edərdi. Süd anası Həliməyə xüsusi yer göstərib oturtduğu kimi, maddi yöndən də korluq çəkməməsi üçün əlindən gələni edərdi. Yenə uşaq ikən ona süd əmizdirən Surəybəylə ölənə qədər maraqlanıb, həmişə məktub yazdıraraq göndərib, yanından gələnlərlə salam və pul göndərərək həmişə könlünü xoş edib. Allah Rəsuluna uşaqlıqda süd əmizdirdiyi zənn edilən Ummu Suleym və Ummu Harama da çox hörmət göstərib, süd qardaşı Səyma ilə də maraqlanmışdı. Uşaqlıq illərinin bir hissəsini evlərində keçirdiyi əmisi Əbu Talibin yoldaşı Fatimə xanıma da "Anam!, Anam!",- deyərək həmişə onunla yaxından maraqlanıb. Dayəsi Ummu Əymənə də "Anam!" deyə xitab edib və onun üçün "bu mənim ailəmdən geridə qalan yeganə insandır",- buyurub. Bütün bunlardan Hz.Peyğəmbərin analara, ana məqamında olan qadınlara və ümumi olaraq qadınlara nəzakət və sayğıyla davrandığını görmək olar.

Allahın salamı və xeyir-duası üzərinizə olsun!
Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111