AZERIENGLISHARABICRUSSIAN
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم


Əlixan MUSAYEV
Mədinə Şəhəri Beynəlxalq
Islam Universitetinin mə'zunu


Q A D I N L A R A   M Ü N A S İ B Ə T

Rəhmli, Mərhəmətli Allahın adı ilə!

«Sizin üçün, onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır»

(«ər-Rum» surəsi, 21-ci ayə)

ÖN SÖZ

Cəmiyyətin ayrılmaz tərkib hissəsi olan qadınlara müxtəlif dövrlərdə və quruluşlarda çox fərqli münasibətlər olmuşdur. İslamaqədərki sivilizasiyalarda qadınların vəziyyəti çox acınacaqlı bir şəkil almışdı. «Şərqə mədəniyyət ixrac edən» qərb dövlətlərində bu günə qədər qadınların bir çoxu əyləncə aləti olmaqla yanaşı müxtəlif məhsulların reklam obyektinə çevrilib. Təəssüflər olsun ki, bu cür arzuolunmaz hallar fitnə-fəsad törədənlər tərəfindən düşünülmüş surətdə bizim məmləkətə də sirayə etdirilmiş və illərlə formalaşmış əxlaqımızın içindən parçalanmasında öz təsirini göstərmişdir. Lakin təmiz bir din olan İslam öz gəlişiylə bu zərif məxluqların mənəvi və fiziki cəhətdən əzilməsinin üstündən xətt çəkmiş, qadını öz layiq olduğu zirvəyə qaldırmışdır. Müsəlman qadınının bu zirvəni fəth etməsi bir çoxlarını daim narahat etmiş və bu gün də etməkdədir. Onlar müxtəlif səviyyəli konfranslarda, toplantılarda, kütləvi informasiya vasitələrindəki çıxışlarında haqsız olaraq İslam dinini qadın hüquq və azadlıqlarını məhdudlaşdıran bir din olması imicini yaradırlar. Onların bu mövqedə durmasına bəzi müsəlmanların ya bilərəkdən, ya da elmsizlikdən buraxdıqları səhvlər də əsas verir. Lakin bu gün yeganə səmavi din olan dəyişdirilmədən qalan İslam bu cür əsassız ittihamlardan uzaqdır. Və bu uzaqlığın insan idrakının dərk edə bilməyəcəyi məsafə qədər uzaq olması müqəddəs kitabımız olan Qurani-Kərimdən və Peyğəmbərimizin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun - səlləllahu əleyhi və səlləm - s.ə.s) sünnəsindən də açıqca görmək çətin deyil. Bunun üçün hər bir fərdin dini cəhətdən məlumatlı olması, İslam dinini, onun ərkanlarını və qanunlarını bilməsi bəyənilən haldır. Elə bu səbəbdən də bu risaləmiz vasitəsilə bəzi müsəlmanların xanımlara olan münasibətinə yenidən baxmasına və yol verdikləri səhvlərə son qoymasına və ümumən qadınlara münasibətdə mövcud olan boşluqların doldurulmasına nail olmaq niyyətindəyik. Qarşıya qoyulan məqsədə çatmaqda köməyi isə yalnız və yalnız buna qadir olan aləmlərin Rəbbi Allahdan diləyirik. O, hər şeyi Eşidən və Biləndir!

QADINLARA MÜNASİBƏT

Hörmətli bacı və qardaşlarım! Bu kainatın yaradıldığı zamandan etibarən nə qədər insana müvəqqəti yaşayış məskəni olduğunu yalnız hər şeyə qadir Allah bilir. Nə qədər insan burada dünyaya gəlmiş, yaşamış, çalışmış və gözlərini bu dünyaya əbədi olaraq yumub getmişdir. Əlbəttə, bu düzümün bu günə qədər pozulmamasında düşünən insanlar üçün çoxlu ibrətlər vardır. Hər bir insan bu yaradılışa öz prizmasından müxtəlif münasibətlər bildirə bilər. Lakin ən dəqiqini isə bu heyratamiz möcüzələrin Yaradıcısı bilir. O biz insanları yaratdı və nəfsimizin bizi nəyə təhrik edəcəyini də Öz əzəli elmi ilə bilib bizi tənha buraxmadı. O, hər qövmə, millətə daim doğru yol göstərən peyğəmbərlər göndərdi. Peyğəmbərlərimizin sonuncusu olan Məhəmmədi - səllallahu aleyhi və səlləm - isə O, bütün bəşəriyyətə rəhmət olaraq göndərdi. Bütün insanlara yollarını azmamaq üçün ona itaət etməyi vacib buyurdu. Məncə düşüncəsi olan hər bir insan Uca Allahın bu mərhəmətindən layiqincə faydalanmalıdır. O, insanları kişi və qadın olmaqla iki cinsə ayırdı və hər biri üçün hüquq və vəzifələr müəyyən etdi. O, bu hüquq və vəzifələri Qurani-Kərim və sonuncu peyğəmbəri Məhəmməd - səllallahu aleyhi və səlləm - vasitəsilə bizə çatdırdı. Bizim hər birimiz şahidik ki, İslam dinində qadına çox səlahiyyətlər verilmişdir. Təəssüf ki, qadınlarımızın böyük əksəriyyəti bu hüquqlardan layiqincə faydalana bilmirlər. Əslində onlarla xoşbəxtlik arasında elə bu qaydalara riayət etmək durur. Allah və Onun Rəsulu - səllallahu aleyhi və səlləm - kişilərə onların haqlarını tapdalamamağı əmr edir və bu məsələnin nə qədər ciddi olduğunu daim bizə xatırladır. Bu məsələnin nə dərəcədə önəmli olmasını Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - vida xütbəsində buna xüsusi yer ayırmasında görmək olar. Hər bir kişi övrətinin onun üzərində olan haqlarını qorumalı və başqalarını da buna sövq etdirməlidir. Bu haqların qısa xülasəsini qeyd etməklə məlumatlarınızı daha da artırmaq istərdim.
İlk öncə qeyd etmək lazımdır ki, hər bir kişi ailə qurduqda şəriət qaydalarını poza biləcək heç bir hərəkətə yol verməməlidir. Çünki ailə qurduqda ortaya çıxan problemlər, müxtəlif anlaşılmazlıqlar həmişə mövcud olub. Əgər bu məsələdə ən yüksək uğur əldə etmək istəyiriksə Allaha və Onun elçisinə - səllallahu aleyhi və səlləm - itaət etməliyik. Yalnız o halda kişi qurduğu ailədə öz səadətini tapar. Və yalnız o halda qadın da öz hüquqlarına tam təminat ala bilər. Ailə qurmaq qızın vəlisinin (ata, baba, əmi, qardaş və s.) icazəsi və razılığı olmadan həyata keçirilə bilməz. Qızı qaçırtmaq isə haramdır. Çünki peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - demişdir ki, vəlisiz nikah sayılmır (batildir). Həmçinin nikah bağlanan zaman qadınların mehrlərini könül xoşluğu ilə vermək də evlənmənin şərtlərindəndir. Bu xüsusda Uca Allah belə buyurur:

«Qadınlarınızın mehrlərini könül xoşluğuyla verin! Əgər onlar qəlbdən, öz razılıqları ilə bundan sizə bir şey bağışlasalar, onu halal olaraq nuşicanlıqla yeyin» («ən-Nisa» surəsi, 4)
Bundan başqa Allah onlara verilən mehri geri almağı da qəti qadağan edir:

«…[Ey kişilər!] Onlara [qadınlara] verdiyinizdən [kəbin haqqı, mehrdən] bir şey tələb etməyiniz sizə halal olmaz…» («əl-Bəqərə» surəsi, 229)
Həmçinin qadınları mirasdan məhrum etmək də şəriətə qarşı çıxmaqdır. Bu barədə Uca Allah belə buyurur:

«…Əgər sizin uşağınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və ya borcunuz ödənildikdən sonra qoyub getdiyiniz malın dörddə biri arvadlarınızın payına düşür. Övladınız olduqda isə mirasın səkkizdə biri onlara çatır…» («ən-Nisa» surəsi, 12)
Bütün bu sadaladığımız şəriət qanunları qadınların bu məsələdə hüquqlarının necə həssaslıqla qorunduğuna açıq-aydın sübutdur. Bu gün heç kəsə sirr deyil ki, İslam qadına mülkiyyətçi olmaq hüququnu vermişdir. Lakin çox böyük təəssüf hissi ilə qeyd etməliyik ki, bütün bunlara baxmayaraq bir çox cavanlar dinimizin və dövlətimizin mövcud qanunlarına məhəl qoymadan öz nəfslərinin tələblərinə uyur və bir çox ağıllı və namuslu qızları şirin dillə yoldan çıxarır, ehtiraslarını söndürdükdən sonra isə onları tərk edirlər. Bunun da acı nəticəsi olaraq cəmiyyətdə atasız uşaqların sayı artır. Məsələnin bu yerində bir problemə də öz münasibətimi bildirmək istərdim. Bu da əri vəfat etmiş və ya hansısa bir səbəbdən ərindən ayrılmış qadınların növbəti dəfə ərə getmək istəyi ortaya çıxdıqda onun müxtəlif psixoloci təziqlərlə qarşılaşmasıdır. Yəni bizim cəmiyyətdə qeyri-rəsmi olaraq belə bir fikir formalaşıb ki, əgər qadının əri vəfat edibsə, o daha ərə getmək barədə düşünməməli və ömrünü uşağını atasız böyütməyə həsr etməlidir. Təəssüf ki, bu cür fikirlər hələ də cəmiyyətdə mövcud olduğu üçün qadınların bir çoxu dinə zidd yollar axtarmaq məcburiyyətində qalırlar. Lakin qeyd etməliyik ki, dinimizdə bu məsələ ilə bağlı qadınlara heç bir məhdudiyyət qoyulmur. Yəni, hər hansısa bir qadının əri vəfat edibsə və ya qadın hansısa bir səbəbdən ərindən ayrılıbsa, o növbəti dəfə yenə də qanun çərçivəsində ərə gedə bilər. Lakin burada 4 ay 10 gün gözləmək mütləq lazımdır ki, bunun da səbəbi qadının keçmiş və ya vəfat etmiş ərindən hamilə olub olmamasının bilinməsi ilə izah olunur. Uca Allah buyurur:

«Sizdən ölənlərin qoyub getdiyi qadınlar dörd ay on gün (başqa ərə getməyib) gözləməlidirlər. Bu müddət tamam olduqda, artıq onların öz barələrində şəriətə müvafiq surətdə etdikləri işdən sizə heç bir günah gəlməz. Allah etdiklərinizin hamısından xəbərdardır!» («əl-Bəqərə» surəsi, 234)
Yolunu azmış oğlanlara isə bunları deyərdim: «Şübhəsiz ki, sən heç vaxt razı olmazsan ki, sənin bacını kimsə aldadıb əylənsin və sonra ondan imtina etsin. Elə isə sən də bu çirkin əməldən çəkin. Özünə rəva bilmədiyini başqasına da rəva bilmə. Ürəklərin haldan-hala düşəcəyi qiyamət günündən qorx. O gün mütləq olacaqdır». Bu məsələni daha yaxşı başa düşmək üçün Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - və səhabələrin həyat tərzinə nəzər salmaq kifayətdir.
Bu gün aktual olan digər bir problem də bəzi kişilərin ailə qurduqdan sonra öz həyat yoldaşlarının sirrini başqaları üçün aşkar etməsidir. Bəzi mənəviyyatsız kişilər həyat yoldaşları barəsində cəmiyyət içində danışmaqdan belə çəkinmirlər. Bu murdar işdən çəkinmək vacibdir. Əbu Səid əl-Xudri (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Qiyamət günü Allahın hüzurunda insanların ən pisi o kəsdir ki, qadını ilə etdiyi yaxınlıq barəsində qeyrilərinə danışsın» (Səhih Müslim, 3527)
İslam alimi Nəvəvi bu hədisi şərh etdikdən sonra demişdir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Kim Allaha və Axirət gününə inanırsa ya xeyir danışsın, ya da sussun» (Səhih Müslim, 171)
Cəmiyyətdəki digər bir arzuolunmaz hal da bəzi kişilərin öz həyat yoldaşlarının bu və ya digər səbəbdən ehtiyacı olduqda evdən bayıra çıxmasına mane olması üzündən doğan qalmaqaldır. Sözsüz ki, bu məsələdə qadın həyat yoldaşına tabe olmalıdır. Bu ən gözəl seçimdir. Çünki qadın baş verə biləcək xoşagəlməz hadisələrin qarşısını kompromisə getməklə alır və həyat yoldaşının daha çox məhəbbətini qazanır. Lakin eyni zamanda ərlər da bilməlidir ki, ehtiyac üzündən yarana bilən hər hansı bir zərurət halında bayıra çıxmaq xanımların hüquqlarına daxildir. Qadın da öz növbəsində unutmamalıdır ki, nəfsin təhrik etdiyi hər bir şey zərurət hesab oluna bilməz. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - Səudə bint Zəmaya (r.a) dedi: «Allah sizə ehtiyacınız olduğu zaman bayıra çıxmağa izin vermişdir» (Səhih Müslim, 5633)
Hədisdən göründüyü kimi, Peyğəmbər - səllallahu aleyhi və səlləm - bu məsələdə Allahın razılığı olduğunu qeyd edir. Elə isə Allahın razılığı olduğu bir məsələnin əleyhinə çıxmağa heç kəs cürət etməməlidir. Qadınlarımız isə öz növbəsində evdən bayıra çıxdıqda müəyyən şərtlərə riayət etməlidir ki, bunlar da şəriətə müvafiq şəkildə libas geyinmək, yad kişilərlə ünsiyyətdə olmamaq, kişiləri cəlb edəcək şəkildə bəzənməmək və bu kimi məsələlərdir. Bundan başqa qadınların məscidə getməsini də məhdudlaşdırmaq olmaz. Çünki İbn Ömər (r.a.) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: «Qadınlarınız sizdən məscidə getmək üçün izn istədikdə onlara mane olmayın» (Səhih Müslim, 988)
Qeyd etmək lazımdır ki, ümumən qadının evdən bayıra yalnız məhrəmilə çıxması vacibdir.
Bu gün bizdə təəccüb və təəssüf doğuran digər bir hal da bəzi kişilərin həyat yoldaşlarını və qızlarını günah işlər görməyə sövq etmələri və yaxud ən azı onların işlədiyi günahlara göz yummalarıdır. Onlar zövcələrinə, qızlarına, bacılarına və s. namaz qılmağa, oruc tutmağa, şəriətə müvafiq şəkildə geyinməyə və bu kimi tərbiyəvi əhəmiyyətə malik olan əməlləri yerinə yetirməyə mane olur və bununla da Allaha, Onun rəsuluna - səllallahu aleyhi və səlləm - və ən nəhayət dövlətimizin qanunlarına müxalif hərəkət edirlər. Bunların əksinə olaraq isə onlar xanımlarının, qızlarının, bacılarının İslam əxlaqına, milli mentalitetimiz və keyfiyyətlərimizə uyğun olmayan şəkildə ifrat geyinmələrinə, onların qadın incəliyinə xas olmayan şəkildə rəftarına çox asanlıqla göz yumurlar. Bəzi xanımlarımız isə bu gün özlərini əxlaqsızlara oxşatmağa çalışır, onlar kimi geyinir, əxlaqsız filmlərə və kino keyfiyyətlərindən uzaq seriallara baxır, anlamadıqları musiqini böyük həvəslə dinləyir və bununla da vaxtlarını səmərəsiz keçirirlər. Ən dəhşətlisi isə bəzi xanımlar dinimizə və dilimizə etinasız münasibət bildirir və bunu «inkişaf», «irəliləyiş» kimi başa düşürlər. Çox şükürlər olsun ki, bu gün cəmiyyətimizdə bu cür neqativ hallara qarşı çıxan sağlam fikirli insanlar var. Bu gün artıq öz dinimizə qayıdış, milli dilimiz və əxlaqımıza müsbət münasibət kimi xüsusiyyətlər çiçəklənməkdədir. Elə isə gəlin həddimizi aşmayaq və müqəddəs kitabımız Qurani-Kərimin buyurduğu kimi, Allahın və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - əmrinə tabe olaq.:

«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (rəhbərlərə) itaət edin» («ən-Nisa» surəsi, 59)
Mühüm problemlərdən biri də bu gün keçid dövrünün iqtisadi çətinlikləri ilə bağlıdır. Əslində hər bir mömin insan səbrli olmalı və daima düşdüyü vəziyyətə şükr etməlidir. Bu məsələ Quranda bir çox yerdə qeyd edilir. Unutmaq olmaz ki, sənin düşdüyün vəziyyət nə qədər acınacaqlıdırsa, səndən də pis vəziyyətdə olanlar var. Odur ki, möminin sifətlərindən olan «səbr» və «şükr» məsələlərinə diqqət yetirməliyik. Ancaq təəssüflər olsun ki, bəzi kişilər öz səhvlərini görməyə-görməyə Allahın onları imtahana çəkməsinə səbr edə bilmir və öz hirslərini qadınların üstünə tökürlər. Bəzən isə bu məsələdə qadının tamamilə günahı olmur. Uca Allah bizi bu vəziyyətdən çəkindirərək buyurur:

«Mömin kişiləri və qadınları etmədikləri bir işdən ötrü incidənlər, şübhəsiz ki, öz üzərilərinə böhtan və açıq-aydın bir günah götürmüşlər» («əl-Əhzab» surəsi, 58)
Bəzi kişilər daha da kəskin hərəkət edərək bilərəkdən qadını incidirlər. Allah onların üzdə nəyisə bəhanə gətirərək etdikləri hərəkəti də, qəlblərində gizlətdikləri niyyəti də bilir. Çünki O, Eşidən, Görən və Biləndir. Bu xüsusda Uca Allah belə buyurur:

«Ey iman gətirənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir! [Qadınlar] açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin [mehrin] bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl [Allahın buyurduğu kimi] rəftar edin. Əgər onlara nifrət etsəniz [dözün]. Ola bilsin ki, sizdə nifrət doğuran hər hansı bir şeydə Allah sizdən ötrü çoxlu xeyir nəzərdə tutmuş olsun» («ən-Nisa» surəsi, 19) Qadınların hüquqlarından biri də onları gücləri çatmayan işə vadar etməməkdir. Bu xüsusda Uca Allah belə buyurur:

«Allah heç kəsi qüvvəsi çatmayan işə vadar etməz» («əl-Bəqərə» surəsi, 286)
Bu gün qadınlara qarşı olan məcburiyyət formasını iki aspektdən təhlil etmək olar: Dini və dünyəvi. Dini məsələlərə biz kişilər qadınları Allahın yoluna hikmətlə dəvət etməliyik. Çünki məcburi görülən işdə bərəkət olmaz. Bundan başqa da Allah bunu bizə qadağan edərək buyurur:

«Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) aydın fərqlənir» («əl-Bəqərə» surəsi, 256)
Digər bir ayədə isə Uca Allah belə buyurur:

«Allahın yoluna hikmətlə və gözəl sözlərlə dəvət edin» («ən-Nəhl» surəsi, 125)
Demək, onları məcburi olaraq bəzi dini hökmləri yerinə yetirməyə vadar etmək xoşagəlməz haldır. Lakin bu o demək deyil ki, kişilər tam səhlənkar olmalı və qadınlarının etdikləri günah işlərə göz yummalıdırlar, əksinə bu işlərə görə onları Quranda buyurulan şəkildə əncam çəkməlidirlər.
Dünyəvi məsələlərdə məcburiyyət formasına gəlincə isə burada çox mətləblərə toxuna bilərik. İlk növbədə gəlin unutmayaq ki, qadınlar təbiət etibarilə çox mürəkkəb yaradılışdır. Onlara münasibətdə həddindən artıq diqqətli olmalıyıq. Bu barədə peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - tövsiyyəsi əvəzsizdir: «Qadınla diqqətli olun. Onlar qabırğadan yaradılıblar. Qabırğanın əyri tərəfi yuxarı hissəsidir. Düzəltmək istəsəniz sındırarsınız. Düzəltməsəniz əyilməkdə davam edəcəkdir. Onlara qarşı diqqətli olun» (Səhihu-l-Buxari, 3331)
Çox təəssüflər olsun ki, bəşəriyyətin ən xeyirlisi olan peyğəmbərimizin bu məsləhətinə lazımınca riayət olunmur. Əgər olunsaydı biz bir çox qadınların sorağını uzaq ölkələrdəki əxlaqsızlıq yuvalarından eşitməz, bir çoxlarının isə göz yaşları içərisində ümidsiz həyat sürdüyünün şahidi olmazdıq. Bəzi pis niyyətli insanlar isə dünyanı guya gözəllik vasitəsilə xilas etmək kimi boş xülyanın ətrafında öz çirkin əməlləri ilə məşğuldurlar. Onlar qızlarımızı müxtəlif cür dünya nemətləri ilə şirnikləndirərək onları müxtəlif səviyyəli gözəllik müsabiqələrinə çəkir. Əslində hamıya gün kimi aydındır ki, o qadınnların sonrakı taleyi çox acınacaqlı olur. Dünyanı gözəllik deyil yalnız insanların Allaha itaət etməklə əldə etdikləri sülh, əmin-amanlıq xilas edə bilər. Bəs görəsən buna müxalif mövqe tutanlar heç düşünürlərmi ki, hər keçən bir gün onları qəbrə, axirətə yaxınlaşdırır və onlar Uca Allahın qarşısında dayanacaqlar? Bəs Allahın əmrinə məhəl qoymayan xanımlar heç düşünürlərmi ki, onlar bu cür hərəkətlərilə çox böyük günah qazanırlar? Şübhəsiz ki, Allah istədiyi insanı düz yola yönəldər. Bunun üçün hər bir insan həmin düz yolu axtarmalıdır. Bir şey də şübhə doğurmur ki, hər bir düz yol axtaran insan bu yolun Quran və peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsi üzərində qurulduğuna bir daha şahid olacaqdır.
Bu gün qadınlara olan təzyiqin müxtəlif formaları olduğunu artıq qeyd etdik. Gəlin qadınları gücləri çatmadığı və ya öhdəsindən əziyyətlə gəldikləri işlərə cəlb etməyək.
Həqiqətən də, bütün problemlərin kökünü elmsizlik təşkil edir. Elə bu səbəbdən də biz qızlarımızın təhsilinə nəinki mane olmamalı, əksinə bu işdə onları daha da ruhlandırmalı və onlara kömək etməliyik. Çünki məhz elm öyrənib ona riayət etməklə insan dünyada və axirətdə səadətə qovuşa bilər. Bu barədə aləmlərin Rəbbi Uca Allah belə buyurur:

«Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı cəhənnəm odundan qoruyun!» («ət-Təhrim» surəsi, 6)
Əli ibn Əbu Talib (r.a) bu ayənin təfsirində belə demişdir: «Yəni özünüzü və ailənizi xeyirli işlərə sövq edin və onları tərbiyələndirin»( «əd-Dürru-l-mənsur», 6/244)
Qadınlarımız isə öz növbəsində evdən bayıra çıxıb təhsil ocaqlarına getdikdə müəyyən şərtlərə riayət etməlidir ki, bunlar da şəriətə müvafiq şəkildə libas geyinmək, yad kişilərlə ünsiyyətdə olmamaq, kişiləri cəlb edəcək şəkildə bəzənməmək və s.-dir. Bu məsələdə yəqin ki, bütün kişilər öz məsuliyyətlərini xüsusilə dərk edirlər. İbn Ömər (r.a) rəvayət edir ki, peyğəmbər - səllallahu aleyhi və səlləm - belə dedi: «Hər biriniz himayəçisiniz və himayəniz altında olanlara görə məsuliyyət daşıyırsınız» (Səhih Müslim, 4701)
Bu gün ailələrdə söz-söhbətə səbəb olan bir məsələ də qadınların öz qohum-əqrabası ilə əlaqə saxlamaq istəyi və bu istəyə qarşı çıxan həyat yoldaşının inadkarlığıdır. İslam şəriətində heç bir boşluq olmadığı kimi bu məsələ də diqqətdən kənarda qalmayıb. Uca Allah Quranda bu məsələyə toxunaraq buyurur:

«Qohum-əqrabanın haqqını ver» («əl-İsra» surəsi, 26)
Qohumların üzərinizdə olan haqları içərisində ən vacibi onları vaxtaşırı ziyarət etmək və İslama dəvət etməkdir. Bu fikir özünü Qurani-Kərimində təsdiqləyir:

«Elə isə Allahla yanaşı başqa bir tanrıya ibadət etməkdən çəkin, yoxsa əzaba düçar edilənlərdən olarsan! Və ən yaxın qohumlarını qorxut!» («əş-Şüəra» surəsi, 213-214)
Qohumluq əlaqələrini möhkəmləndirmək məsələsinə Peyğəmbər - səllallahu aleyhi və səlləm - də toxunub. Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - demişdir: «Ruzisinin çoxalmasını, ömrünün uzanmasını istəyən şəxs qohumluq əlaqəsini möhkəmləndirsin» (Səhihu-l-Buxari, 585)
Və ya Cübeyr bin Mutimin (r.a) rəvayət etdiyi hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - deimşdir: «Qohumluq əlaqəsini kəsən Cənnətə daxil olmaz» (Səhihu-l-Buxari, 5984)
Zikr olunan bu ayə və hədislər bu məsələnin vacibliyinə dəlalət edir. Yaxşı olar ki, bu məsələ müsəlmanlarıın diqqətindən kənarda qalmasın və onlar öz xanımlarının bu istəyini bacardıqları qədər yerinə yetirsinlər. Qızlarımız da öz növbəsində bilməlidirlər ki, onlar öz qohumları ilə telefonda danışarkən, onları ziyarət və ya dəvət edərkən bu qohumların onlar üçün naməhrəm olub-olmamasını nəzərə almalıdırlar. Çünki qadınlara verilən bu imtiyazdan istifadə etdikləri an ona naməhrəm olanlar istisna təşkil edir. Həmçinin, ailəyə fitnə-fəsad salmaq istəyənlərin dediklərinə məhəl qoymamalıdırlar.
Növbəti toxunmaq istədiyim məsələ kişilərlə qadınlar arasında sonuncunun pəncərədən ətrafı seyr etməsi, televizora baxmaq, radioya qulaq asmaq, kütləvi informasiya vasitələrindən və dövri mətbuatdan istifadəsinə əvvəlincinin münasibəti ilə yaranan anlaşılmazlıqlardır. Ümumən bu məsələdə həm kişilər, həm də qadınlar müəyyən xətalara yol verirlər. Əslində qadınların pəncərədən ətrafı seyr etməsi və ya kütləvi informasiya vasitələrindən istifadə etməsində heç bir qəbahət yoxdur. Təki müşahidə olunan predmet və hadisələrdə haram buyurulan şeylər olmasın. Aişə (r.a) rəvayət edir ki, «Mən həbəşilərin (bayram günü) məharət göstərmələrinə tamaşa edirdim. Peyğəmbər - səllallahu aleyhi və səlləm - də əbasını qapının önündən asmışdı ki, onlar məni görməsin» (Səhih Müslim, 2060)
Ən-Nəvəvi bu hədisin şərhində demişdir:

Ən-Nəvəvi bu hədisin şərhində demişdir: «Bu hədis qadına kişilərə baxmağa rüxsət verir. Lakin qadının şəhvət hissi ilə onların bədəninə baxması haramdır». Bu qadağa öz əksini Uca Allahın Quranda buyurduğu ayəsində də tapır.
«Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çəkinslər…» («ən-Nur» surəsi, 3)
Uca Allah kişilərə hicab geyinməyi əmr etməyib. Odur ki, qadınların kişilərə baxması caizdir, bir şərtlə ki, bu baxışda şəhvət hissi olmasın. Xalqın mənəviyyatının təmizlənməsinə, milli soykökünə, dininə məhəbbət aşılamasına xidmət etmək üçün televiziya, radio və başqa bu kimi kütləvi informasiya vasitələrindən istifadə etmək də məqsədəuyğun sayılır. Lakin təəssüflər olsun ki, bəzi hallarda biz bunun tam əksini görürük. İnsanlar onlara verilən göz və qulaq kimi nemətdən səmərəli istifadə etməlidirlər. Uca Allah bu barədə buyurmuşdur:

«(Ey insan!) Bilmədiyin bir şeyin ardınca getmə (bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə). Çünki qulaq, göz və ürək - bunların hamısı (sahibinin etdiyi əməl, dediyi söz barəsində) sorğu-sual olunacaqdır» («əl-İsra» surəsi, 36)
Əxlaqsız verilişlərin tamaşaçısı olub onların əsirinə çevrilməkdən Allaha sığınırıq!
Qadınların kişilər üzərində haqları olduğu kimi, kişilərin də qadınlar üzərində müəyyən haqları vardır. Bu barədə Uca Allah belə buyurur:

«…Kişilərin qadınlar üzərində şəriətə görə hüquqları olduğu kimi, qadınların da onlar (kişilər) üzərində hüquqları vardır. Ancaq kişilər daha artıq əziyyətə qatlaşdıqları üçün onlardan bir dərəcə üstündürlər» («əl-Bəqərə» surəsi, 228)
Bu ayədən görünür ki, hər bir qadın bilməlidir ki, kişi (ər, ata və bu kimi qadına görə məsuliyyət daşıyan) onun üzərində ixtiyar sahibidir. Bu ayə bəzi savadsız insanların başa düşdüyü kimi heç də qadın hüquqlarının tapdalanmasına dəlalət etmir. Qadın, həmçinin, bilməlidir ki, o günah sayılan işləri tərk etməzsə əri onu tənbeh edə bilər. Lakin bu tənbeh onu kiminsə qarşısında alçaltmaq məqsədilə deyil, tərbiyə məqsədilə olmalıdır. Həmçinin, nəzərə almaq lazımdır ki, bu zaman qadına ağır bədən xəsarəti yetirmək, sifətə vurmaq, hər hansısa bir əzanı sındırmaq və s. bu kimi əməllər haram sayılır. Bu barədə Uca Allah belə buyurur:

«[Ey kişilər!] Özbaşınalıq etməsindən qorxduğunuz qadınlara nəsihət edin; [Yola gəlməzlərsə] onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara əziyyət vermək üçün başqa yol axtarmayın. Əlbəttə Allah Uca və Böyükdür» («ən-Nisa» surəsi, 34)
Bundan başqa qadın ərin icazəsi olmadan evinə heç kəsi dəvət etməməlidir. Əbu Hüreyrədən (r.a) rəvayət olunan hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - buyurub: «Qadına ərinn izni olmadan evinə kimi isə dəvət etməsi haramdır» (Səhihu-l-Buxari, 5195)
Qadın ərə getdikdən sonra valideynlərindən çox ərinə itəat etməlidir. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Allahdan qeyrisinə səcdə etmək caiz olsaydı, qadına ərinə səcdə etməsini əmr edərdim» (İbn Macə, 2/1852)
Qadın üzrsüz səbəbə görə əri ilə yaxınlıq etməkdən imtina etməməlidir. Çünki bu çox pis əhval-ruhiyyə ilə müşayiət olunur. Ər ilə arvad arasında daima qarşılıqlı hörmət və anlaşma hökm sürməlidir. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Nəfsim əlində Olana and olsun ki, kişi qadını yatağına dəvət etdikdə o, imtina edərsə göydə Olan (Allah) əri ondan razı qalana qədər həmin qadına qəzəblənər» (Səhih Müslim, 3525)
Qadın həmçinin kişinin malını və namusunu qorumalıdır. Əbu Umənə əl-Bahili (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Qadın ərinin evindən onun icazəsi olmadan heç nə verməməlidir» (Əbu Davud, 3565)
Qadın ərinə daim məhəbbət bəsləməlidir. Bu xüsusda Cəfər Sadiq belə buyurub: «Hər kəsin öz həyat yoldaşına məhəbbəti çox olarsa Allaha imanı da çox olar» («Vəsailüş-şiə», 7-ci cild, səh.9)
Qadın həmçinin ərinə yaxşı qulluq etməli, onu incitməməlidir. Əli ibn Əbu Talib (r.a) belə demişdir: «Uca Allah cihadı həm kişilər, həm də qadınlar üçün vacib etmişdir. Kişilərin cihadı Allah yolunda ölüm həddinə qədər can və mallarını fəda etməkdirsə, qadınların cihadı ərinə yaxşı qulluq etməkdir» («Vəsailüş-şiə», 11-ci cild, səh.15)
Qadın ehtiyacından əlavə və ya kişinin gücü çatmadığı hər hansı bir şeyi ondan tələb etməklə ona əziyyət verməməlidir. Müaz bin Cəbəl (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Bu dünyada qadın ərinə əziyyət verdiyi zaman (qeyb aləmindəki) hurilərdən biri deyir: "Ona əziyyət vermə…"» («Səhih hədislər silsiləsi», 173-cü hədis)
Qadın ərinin ona etdiyi yaxşılıqlara görə minnətdarlığını bildirməli və ona qarşı nankor olmamalıdır. Abdullah ibn Ömər (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Uca Allah ərinə minnətdar olmayan qadına tərəf baxmaz» («Səhih hədislər silsiləsi», 289-cu hədis)
Əbu Səid əl-Xudrinin (r.a) rəvayət etdiyi başqa bir hədisdə Peyğəmbər - səllallahu aleyhi və səlləm - bayram (Qurban və ya Fitrə) günü qadınların yanına gəlib dedi: «Ey qadınlar! Allah yolunda sədəqə verin! Cəhənnəm əhlinin əksəriyyətinin qadınlar olduğu mənə göstərildi». Onlar: «Nə üçün, ey Allahın elçisi?» - deyə soruşduqda, o «Bu sizin çox lənət etdiyinizə və ərlərinizə qarşı nankor olduğunuza (ərin əziyyətini heçə endirdiyinizə) görədir» deyə buyurdu. (Səhihu-l-Buxari, 304)
Qadın öhdəsinə düşən məişət işlərini layiqincə yerinə yetirməlidir. Əli ibn Əbu Talib (r.a) rəvayət edir ki, bir gün Fatimə (r.a) məsləhət almaq üçün atasının yanına getdi. (Fatimə (r.a) ev işlərində çox yorulduğu üçün qulluqçu saxlamaq barəsində atasından məsləhət almaq istəyirdi). Peyğəmbər - səllallahu aleyhi və səlləm - evdə olmadığı üçün Aişədən (r.a) atası evə gəldikdə onun gəldiyini xəbər verməsini xahiş etdi. Bu xəbər Peyğəmbərə - səllallahu aleyhi və səlləm - çatdıqdan sonra o bizə gəlib dedi: «Sizə soruşduğunuzdan da xeyirlisini öyrədimmi? Yatağınıza uzandığınız zaman 33 dəfə «sübhənallah»(Allah bütün nöqsanlardan uzaqdır!), 33 dəfə «əlhəmdülillah»(Bütün həmdlər Allaha məxsusdur!) və 34 dəfə «Allahu əkbər»(Allah böyükdür) deməyiniz sizin üçün xidmətçidən daha xeyirlidir» (Səhih Müslim, 6853)
Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - ən xeyirli qadın haqqında soruşduqda o dedi: «Ən xeyirli o qadındır ki, əri ona nəzər saldıqda o sevinsin, əmr etdikdə itaət etsin, ərinin xoşuna gəlməyən işləri görməklə və onun malını lazımsız yerə xərcləməklə ona asi olmasın» («Səhih hədislər silsiləsi», 1838)
Qadın daim ərinin namusunu qorumalıdır. Əbu Ərinə əs-Sədəfi (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Qadınlarınızın ən xeyirlisi ərini sevən, ondan dünyaya uşaq gətirən, ona gözəl tərzdə təsəlli verən, Allahdan qorxan qadındır. Onların ən xeyirsizi isə əxlaqsız geyinən və xülyalara dalandır» («Səhih hədislər silsiləsi», 1849)
Fədalə bin Übeyd rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Üç şəxsin halı barədə soruşmağa dəyməz: camaatdan ayrılıb rəhbərə asi olaraq ölən şəxs, ağasından qaçıb ölən qul və ya kəniz, əxlaqsızlıq edən qadın» («Səhihu-l-ədəbi-l-mufrad», səh:220 - 458-ci hədis)
Qadın yalnız əri ona Allaha və Onun elçisinə - səllallahu aleyhi və səlləm - asi olmağı əmr edərsə ona itaət etməməlidir.
Əlbəttə ki, yuxarıda zikr etdiyimiz hədis və rəvayətlərin çox böyük hikməti vardır. Hər bir qadın bu hədislərdən mümkün qədər faydalanmalıdır ki, dünyada və axirətdə üzü ağ olsun. Qadınlar unutmamalıdırlar ki, onlar Allaha və Onun elçisinə itaət etdikcə daim sevilən və arzulanan bir insan olacaqdır. Mömin qadının digərlərindən üstünlüyü də məhz bundadır. Ailədə Allah qorxusu və sevgisi olmazsa orada günah və arzuolunmaz halların baş verməsi labüddür. Lakin burada qeyd olunması vacib olan bir məsələ də, bəzi mömin qadınların ya bilərəkdən, ya elm azlığından, ya da bilməməzlikdən buraxdıqları səhvlərə görə əri tərəfindən tərbiyə olunmasıdır. Bu məsələ şəriətə görə nə cür həyata keçirilməlidir?
İlk öncə hər bir kişi öz qadınına qarşı mülayim və hörmətcil olmalıdır. İslam alimi Cəfər Sadiq deyir ki, «Həyat yoldaşına məhəbbət bəsləmək peyğəmbərlərin əxlaqi sifətlərindəndir» («Vəsailüş-şiə», 7-ci cild, səh.9)
Lakin hər bir insan səhv edə bilər. Səhvsiz insan yoxdur. Hər bir kişi belə hallarla rastlaşdıqda buna bu və ya digər formada öz münasibətini bildirir. Bütün digər məsələlərdə olduğu kimi bu məsələdə də Allahın Rəsulu - səllallahu aleyhi və səlləm - bizə örnəkdir. Uca Allah Qurani-Kərimdə belə buyurur:

«Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl nümunədir!» («əl-Əhzab» surəsi, 21)
Lakin bəzi kişilər bu işdə xətalara yol verirlər ki, bu da son nəticədə ailənin dağılmasına gətirib çıxarır. Tərbiyə çox mürəkkəb bir prosesdir. Bu məsələyə girişən insan Allahın, Onun elçisinin və dövlətin qanunlarını nəzərə almaqla elə metod seçməlidir ki, bu ixtilafa səbəb olmasın və öz xeyirli bəhrəsini qısa zamanda versin. Kişilər bu məsələdə zülm etməkdən çəkinməlidirlər. Bu haqda Qurani-Kərimdə belə buyurulur:

«Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər. Bu Allahın onlardan birini digərindən üstün etməsi və kişilərin öz mallarından [qadınlar üçün] sərf etməsinə görədir. Əməlisaleh qadınlar [ərlərinə] itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri [ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini] qoruyub saxlayırlar. [Ey kişilər!] Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin; [yola gəlməzlərsə] onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara [əziyyət vermək üçün] başqa yol axtarmayın. Əlbəttə, Allah Uca və Böyükdür» («ən-Nisa» surəsi, 34)

Bu ayədən tərbiyənin 3 mərhələdən ibarət olduğu qənaətinə gəlmək olar:
Birincisi: Nəsihət etmək. Bu nəsihət mülayim tərzdə və hikmətlə olmalıdır. Çalışmaq lazımdır ki, qadının qəlbi qırılmasın.
İkincisi: Yataqdan ayırmaq. Bu bir neçə cür təfsir olunur. Bəzi alimlərin rəyinə görə, kişi qadından ayrı yatmalıdır. Bəzilərinin fikrincə isə bir yataqda yatıb onu danışdırmamalı və onunla yaxınlıq etməməlidir. Qeyd etmək lazımdır ki, sonuncu rəy daha mötəbər sayılır.
Üçüncü: Döymək. Kişi öz zövcəsini döydükdə, əvvəldə qeyd etdiyimiz kimi, iz qoymamalı, qadını zədələməməli, üzə vurmamalı və sairə.
Ola bilsin ki, tərbiyənin bu növü bəzilərində dinə qarşı mənfi rəy formalaşdırsın. Lakin bu fikri - yəni qadınların ehtiyac duyulduğu zaman yüngülcə tənbeh olunmasını bir çox psixoloqlar da dəstəkləyir və bu metodun müəyyən effekti olduğunu təsdiqləyirlər. Əslində bu məsələ Qurani-Kərimdə öz təsdiqini tapdığı üçün müzakirə obyekti ola bilməz. Çünki beyinləri yaradan Allah onun tələbatını da çox gözəl bildiyi üçün tənbehin bu növünün tətbiqinə qərar vermişdir.
Bilmək lazımdır ki, bu üsullar ardıcıl olaraq yerinə yetirilməlidir. Bu üsullar fayda vermədikdə qadını dərhal boşamaq da şəriətə ziddir. Uca Allah buyurur:

«[Ey möminlər!] Əgər ər-arvad arasında ixtilaf olacağından qorxsanız, o zaman kişinin adamlarından bir nəfər və qadının adamlarından da bir münsif (vasitəçi) təyin edib (onların yanına) göndərin. Əgər bu iki vasitəçi ər-arvadı barışdırmaq istəsə, Allah da onların köməyi olar. Həqiqətən, Allah hər şeyi bilən və (hər işdən) xəbərdardır!» («ən-Nisa» surəsi, 35)

İSLAMDA ÇOXARVADLILIQ

Bir çoxları dinimizdəki çoxarvadlılıq məsələsinə daim irad tutur, bunun etik normalara sığmayan, qadın hüquqlarının tapdalanması, müasir tələblərin ziddinə olan bir akt kimi qəbul edirlər. Onlar sonuncu peyğəmbəri - səllallahu aleyhi və səlləm - də gözdən salmaq üçün İslamın dörd qadınla evlənməyə icazə verdiyi halda onun dörddən artıq qadınla evlənməsini ona tənə edirlər. Çoxarvadlılığa dair olan dəlilləri nəzərdən keçirmək və onun hikmətlərini izah etmək yerinə düşərdi.
Birincisi. İslam şəriətinin kişiyə 4 qadınla evlənməyə icazə verməsi məcburi xarakter daşımır. Hər bir kişi bu işə könüllü olaraq maddi, mənəvi və fiziki qüvvəsi çatdığı zaman, həmçinin mövcud vəziyyəti nəzərə aldıqdan sonra qərar verə bilər. Bu zaman hər bir qadına qarşı ədalətli olmaq başlıca şərt kimi irəli sürülür. Bu barədə Qurani-Kərimdə Uca Allah belə buyurur:

«…Sizə halal olan qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər [onlarla] ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər azad qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu ədalətli olmağa [ədalətdən kənara çıxmamağa] daha yaxındır» («ən-Nisa» surəsi, 3)
Ayə artıq evlənmək istəyən kişi qarşısında bir neçə şərt qoyur.
Birincisi: kişinin evlənəcəyi qadın ona halal olmalıdır. Yaxşı, bəs kişiyə hansı qadınlarla evlənməyə icazə verilib? - İslam şəriətində heç bir boşluq olmadığı üçün bu məsələ Quranın digər ayəsi ilə tamamlanır:

«Sizə analarınız, qızlarınız, bacılarınız, bibiləriniz, xalalarınız, qardaş və bacılarınızın qızları, süd analarınız, süd bacılarınız, arvadlarınızın anaları və yaxınlıq etdiyiniz qadınlarınızın himayənizdə olan qızları [ögey qızlarınız] ilə evlənmək haram edildi. Cinsi əlaqədə olmadığınız qadınlarınızın qızları ilə evlənmək isə sizin üçün günah deyildir. Öz belinizdən gələn oğullarınızın arvadları ilə evlənmək və iki bacını birlikdə almaq da sizə haramdır. Yalnız keçmişdə [cahiliyyə dövründə] olan bu cür işlər müstəsnadır. Həqiqətən, Allah bağışlayan və rəhm edəndir» («ən-Nisa» surəsi, 23)
Bu məsələyə Peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - gəlib çatan hədisdə də toxunulur. Əbu Hüreyrə (r.a) rəvayət edir ki, Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi: «Qadınlarınızla yaşaya-yaşaya onların xalası və ya bibisi ilə evlənmək sizə haram edildi» (Səhihu-l-Buxari, 5109)
Bu ayə və hədis göstərir ki, kişi istədiyi qadınla evlənə bilər, bir şərtlə ki, o qadınlar Allahın evlənməyi haram buyurduğu qadınlar olmasın.
Ayədə diqqəti çəkən ikinci məsələ ədalət prinsipidir ki, bu da İslam əxlaqının əsasını təşkil edir. Uca Allah, hər bir kişiyə yalnız ədalətli ola biləcəyinə əmin olacağı təqdirdə birdən artıq arvad almağa icazə verir. Yəni kiminsə gözünü yumub dörd qadınla evlənməsi qəbul olunmur. Hər bir müsəlman bilməlidir ki, bir qadınla evlənmək elə özü böyük bir məsuliyyətdir. O ki qaldı birdən çox, bu məsələyə kortəbii formada, səhlənkarcasına yanaşmaq olmaz. Çünki nəzərdən qaçırmaq olmaz ki, ailənin rifahı uğrunda çalışan insanın yolu heç də həmişə hamar olmur. Burada təbii olaraq müəyyən çətinliklər yarana bilər ki, bunu da hər bir mömin Allah tərəfindən bir imtahan olaraq qəbul etməli və səbr etməlidir. Burada İslam alimi Cəfər Sadiqin bir fikrini xatırlatmaq yerinə düşərdi. O demişdir: «Ailəsinin rahatlığı və rifahını təmin etmək yolunda səy edən bir şəxs Allah yolunda düşmən ilə cihad edən şəxs kimidir» («Vəsailü-ş-şiə», 12-ci cild, səh.43)
Bu kəlamların doğurduğu məsuliyyəti dərk edən şəxs bu məsələnin nə qədər çətin olmasını başa düşə bilər. Lakin təəssüflər olsun ki, İslamdakı çoxarvadlılıq prinsipi nəinki digər inanc sahiblərinin, o cümlədən bəzi coğrafi müsəlmanların da tənqidinə məruz qalır. Bəzi dar düşüncəli insanlar bunu qadın şəxsiyyətinin alçaldılması, qadın hisslərinin nəzərə alınmaması kimi qiymətləndirirlər. Təbii ki heç bir qadın öz həyat yoldaşını digər bir qadınla bölüşməsini istəməz. Biz bu fikirdə olan qadınlarımızın hisslərinə böyük hörmətlə yanaşır və onu qiymətləndiririk. Lakin bəzi kişilərin qeyri-rəsmi olaraq bir neçə qadınla yaşaması da bizim bu günkü cəmiyyətin reallığıdır. Bu halda nəinki o kişinin həyat yoldaşı, həmçinin Allah da bu işdən narazı qalır. Və bilirik ki, həmin qadınların böyük əksəriyyəti həyat yoldaşlarını bu haram işdən çəkindirə bilmir. Bunun da nəticəsində cəmiyyətdə əxlaqsızlığın qarşısını almaq çətin məsələyə çevrilir. Bu gün bunları oxuyan hər hansı bir qadın bizi nədə isə günahlandıra bilər. Biz bunu da normal qəbul edirik. Lakin, gəlin unutmayaq ki, bu mənim, onun və yaxud bir başqasının deyil, məhz aləmlərin Rəbbinin qoyduğu bir hökmdür. Onun hökmləri müzakirə olunmur, Ona yalnız itaət olunur. Din təkcə ayrı-ayrı fərdlər üçün deyil, bütün bəşəriyyət üçün gəlib ki, hər bir fərd özü üçün lazımınca faydalansın. Əziz xanımlar, bu gün sizin təbiətinizdəki hisslər anlaşılandır. Bunu din də təsdiqləyir. Lakin bu gün bizim yaşadığımız cəmiyyətdə övladı olmadığı üçün məcburən küçəyə atılan qadının taleyini sən nəzərə almasan da, Allah Öz qüdrəti ilə bunu qabaqcadan bilib ona təsəlli verəcək bir yol qoymuşdur. Bu gün hər hansısa bir xəstəlik ucbatından öz qadınlıq borcunu yerinə yetirməyə qadir olmayan qadının, Allahın imtahanı olaraq bu və ya digər qəza nəticəsində bədəninin bir hissəsini itirən qadının, qədərində dünyaya yalnız qız uşağı gətirmək yazılmış və buna görə haqsız olaraq əri ,qayınanası və baldızları tərəfindən zorla boşanmağa məcbur edilən qadının, torpaqların azadlığı, dininin qorunması, Allah yolunda şəhid olaraq o böyük zirvəni fəth etmiş kişilərin qadınlarını, taleyinə yetim olmaq yazılan və buna görə də bir çox çətinliklərlə rastlaşan və bu çətinliklər qarşısında tab gətirə bilməyən qızların və s. xanımların taleyi barəsində sən düşünməsən də onları Yaradan düşünüb. Əslində sənin özün də bu halların heç birindən sığorta edilməmisən. Elə isə sənə sual edirəm: - Bu qadınların küçələrə atılması, pis yollara düşməsi yaxşıdır, yoxsa ailəsini dağıtmamaqla ömürlərini firavan sürməsi? Bax əsl İslam aləmində əxlaqsızlıq göstəricisinin sıfr səviyyəsində olması bununla bağlıdır. Nəyə görə isə müsəlmanlara çoxarvadlılığı irad tutan, bunu cəmiyyət üçün anormal hal sayanlar, kişilərin və qadınların rəsmi olaraq bir, qeyri-rəsmi olaraq isə bir neçə insanla yaşamasını normal qəbul edirlər. Nazil etdiyi hökmlərə görə Rəbbimizə həmd olsun!
Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dörddən artıq arvad almasına gəlincə isə, əlbəttə, burada da bir çox hikmətlər vardır. Bir çoxları bunu onun şəhvəti ilə əlaqələndirirlər. Lakin ən azı onun həyatını bilən insan bu fikirlərin nə qədər batil olduğuna əmin ola bilər. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - ilk zövcəsi Xədicə (r.a) ilə evlənəndə onun 25, Xədicənin (r.a) isə 40 yaşı vardı. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onunla düz 25 il birgə yaşamış və Xədicənin vəfatına qədər heç bir qadınla evlənməmişdi. Azca düşüncəsi olan insan anlaya bilər ki, əgər onun qadınlarla evlənməsi doğrudan da şəhvətlə bağlı idisə bəs o nə üçün bunu cavan yaşlarında etmirdi? Əgər doğrudan da bu məsələ bəyənməyənlərin iddia etdiyi kimidirsə, nə üçün o bakirə qadınlarla deyil, dul qadınlarla evlənirdi. Yalnız Aişə (r.a) istisna olmaqla Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - evləndiyi qadınların hamısı dul idi. Bu yaşda isə şəhvətdən söhbət gedə bilməz. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - o qadınların hamısını əslində himayəsinə götürməklə Allahın razılığını qazanırdı. Elə məhz bu səbəbdən Allah ona bu qadınları boşamağı haram etmişdi. Bu yalnız peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - xas bir xüsusiyyət olub yalnız ona aid edilə bilər. Digər insanların belə hərəkət etməsi qadağandır. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dörddən artıq qadınla evlənməsinin digər bir hikməti də bu idi ki, bəşəriyyət məhz bu xanımların verdiyi bilgilər əsasında qadın elmihalın yarada bilərdi. Məhz bu xanımların hesabına qadınlar bu və ya digər məsələlərdə necə hərəkət etməli olduqlarını öyrənə bilirdilər. Bu gün biz əlimizdə olan, qadınlarla bağlı şəriət hökmlərinə görə bu qadınlara minnətdar olmalıyıq. Elə bu səbəbdən də Allah onların hamısını Qurani-Kərimdə möminlərin anası adlandırır:

«Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır. Onun övrətləri möminlərin analarıdır…» («əl-Əhzab» surəsi, 6)
Bununla isə yalnız fəxr etmək olar. Bu qadınların Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - olan münasibətinə gəlincə isə əlbəttə ki, onlar hamısı ondan razı idilər. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - kimi həyat yoldaşına, mehriban insana, qayğıkeş ataya və nəhayət, bəşəriyyətə müəllim sayılacaq bir varlığa malik cəmiyyət nə xoşbəxtdir. Allah onun bütün xanımlarından razı olsun! Peyğəmbərimizə Allahın salamı və xeyir-duası olsun!

İSLAMDA HİCAB

Nədənsə dini məsələlər barəsində söhbət düşdükdə xanımların böyük əksəriyyətində dinimizin onlara hicab geyinməsini fərz buyurmasına çox vaxt düzgün münasibət olmaması faktı ortaya çıxır. Elə bunu nəzərə alaraq bu məsələnin üzərində bir qədər dayanmağı məsləhət bildik.
İlk öncə onu qeyd etməliyik ki, hicab islamaqədərki dinlərdə və svilizasiyalarda da mövcud olmuşdur. Tarixə nəzər salsaq görərik ki, islamdan öncə Avropa ölkələrinin bir çoxunda qadının hicab geyinməsi onun yüksək zümrəyə, zadəgan nəslinə mənsub olması və kölə qadınlardan seçilməsilə xarakterizə olunub. Zaman keçdikcə tarixi hadisələrin təsiri nəticəsində hicab tədricən unudulmaga başlanmışdır. İslam dini öz gəlişi ilə bu məsələyə yeni bir həyat verdi. Dinimiz qadına yüksək qiymət verərək onu yad nəzərlərdən qorumaq, cəmiyyətdə əxlaq balansının pozulmaması üçün hicabı bütün qadınlara vacib buyurdu. Bu barədə Uca Allah belə buyrur:

«Ya Peyğəmbər! Zövcələrinə, qızlarına və mömünlərin övrətlərinə de ki, (evdən çıxdıqda cariyələrə oxşamasınlar deyə, bədənlərini başdan ayağa gizlədən) çarşablarını örtsünlər. Bu onların tanınması (cariyə deyil, azad qadın olduqlarının bilinməsi) və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan və rəhm edəndir! » («əl- Əzhab» surəsi, 59)
Göründüyü kimi yenilməz güc və qüvvət sahibi olan Allah bu ayə vasitəsilə qadına nə üçün hicab geyinməsini əmr etməsini izah edir. Bu auə özündə bir cox hikmətləri daşıyır ki, onların da bir neçəsini nəzərdən keçirmək yerinə düşərdi.
Elə ayənin əvəlindən açıq aydın görünür ki, hicab geyinmək nəinki peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - zövcələri və qızlarına o cümlədən, bütün xanımlara vacibdir. Sonra isə Rəbbimiz bu əmrin hikmətini açıqlayaraq « onlara əziyyət verilməməsi ücün…» deməsi, qadının hicabdan imtina edəcəyi təqdirdə özünü əzaba və zülmə düçar edəcyinə bir dəlildir. Və ayənin sonunda Allah Özünün Bağışlayan və Rəhimli olmasını xatırlamaqla, tövbə edəcək, Allahın əmrinə tabe olacağı və hicab geyinəcəyi təqdirdə, qadının günahını bağışlayacağına əmin edir. Əmrlərinin kamilliyinə görə Rəbbimizə həmd olsun!
Uca Allah nə cür geyinmək, bədənin hansı nahiyəsini örtmək barəsində belə buyurur:

«Mömün qadınlara da de ki, gözlərini haram buyrulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri gorünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını yerə və ya bir-birinə vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə nicat tapasınız! (Mətləbinizə çatasınız!) » («ən-Nur» surəsi, 31)
Aişə (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - fəcr namazını (sübh namazı) qılarkən, hicablarına bürünmüş mömin qadınlar da ona qoşulardı. (Namazlarını qıldıqdan) sonra isə evlərinə qayıdar və qaranlıq olduğundan heç kəs onları tanımazdı» (Səhihu-l-Buxari, 578; Səhih Müslim, 1456)
Ummu Atiyyə (Adı: Nuseybətu bint Kəb əl-Ənsariyyə) (r.a) rəvayət edir ki, «Peyğəmbər - səllallahu aleyhi və səlləm - bakirə qızların, heyzli qadınların bayram namazlarına gəlməsini bizə əmr edərdi. Heyzli qadınlar namaz qılınan yerdən kənarda dayanar və o günün xeyir-bərəkətinə nail olmaq üçün camaatın arxasında (namaz qılınan yerdən aralı) oturar, təkbir və dua edərdilər. Mən dedim: "Ey Allahın elçisi! Bizdən birinin hicabı olmadıqda nə etsin?" O dedi: " Bacısı (Burada istənilən müsəlman qadın qəsd olunur) hicablarından birini ona versin!"» (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053) (Səhihu-l-Buxari, 980; Səhih Müslim, 2053)
Ayə və hədislərdən görünür ki, əl və üz istisna olmaqla bədənin bütün nahiyəsi örtülməlidir. Göründüyü kimi dinimizdə qaranlıq galan heç bir məsələ yoxdur. Ümumiyyətlə bu məsələyə Quranda bu cür yer ayrılması məsələnin ciddiliyindən xəbər verir. Allahın bu əmrinin əksinə hərəkət etməklə isə həm qadınlar həm də cəmiyyət müxtəlif problemlərlə qarşılaşır. Məsələyə psixoloci aspektdən yanaşdıqda görərik ki, hicab hər şeydən öncə elə məhz qadının özü üçün faydalıdır. Hər hansısa bir qadına məxsus görkəm, bədən quruluşu heç də hamıda eyni cür təsürat oyatmır. Digər tərəfdən də əgər qadının bədən quruluşunda hər hansı bir çatışmamazlıq varsa və bu qüsurlar qadının heç özünün xoşuna gəlmirsə o bunu ətrafdakılara nümayiş etdirməklə diqqəti özündə olan gözəl keyfiyyətlərdən, onun xasiyyətindən daha çox məhz bu qüsurların üzərinə yönəldir ki, bu da ailə qurmaq məqsədilə qadınla ünsiyət yaratmaq istəyən kişinin diqqətindən yayınmaz və kişi həmin qadının şəxsiyyətini, qabilliyətini bilmədən belə onunla ailə qurmaq fikrindən vaz keçir. Gəlin görək ən çox ziyanı kim çəkəcək? Əlbəttə ki, qadın. Elə bu səbəbdəndir ki, bir çox qadınlar uzun müddət bəzən də sonunacan ailə qura bilmir, belə olduqda da vəziyyətdən çıxmaq üçün müxtəlif yollara baş vurur və arzuolunmaz zərbələr alır ki, bu da cəmiyyətdə tarazlığı pozur, muxtəlif əxlaqımıza zidd halların yayılması çoxalır.
Hicabsız gəzmək gözəl qadınlar üçün də, məqbul deyil. Hər şeydən öncə həmin qadın öz keyfiyyətlərini adiləşdirir və son nəticədə tamamilə diqqətdən kənar da qalır. Digər bir tərəfdən də həmin qadınlar bir çoxlarının həsədinə, paxıllığına, nəzərinə səbəb olur, nəticədə də onlara göz dəyir və bu gözdəymə nəticəsində hər cür bəlalara düçar olurlar. Bundan başqa onların gözəlliyinə həsəd aparan digər paxıl qadınlar bu gözəlliyinə xələl gətirmək üçün hər cür şər əməllərə (cadu və s.) əl atırlar.
Məhşur islam alimi İbn Teymiyyənin dediyi kimi: "Həsədsiz insan olmur, lakin alicənab və əxlaqlı olan onu gizlədir, alçaq və əxlaqsız isə onu büruzə verir." («Fətvalar toplusu», 10/124-125)
Hər bir qadın anlamalıdır ki,onun malik olduğu keyfiyyətlər yalnız onun əri üçündür və onlar başqalarına nümayiş etdirilməməlidirlər. Bu barədə mövzunu daha da genişləndirmək olar lakin hesab edirik ki, düşünən qadın üçün elə bunlar da kifayət edər.
Gəlin Allahın əmrlərinə biganə qalaraq, oyun-oyuncaqdan başqa bir şey olmayan, bizim üçün imtahan olaraq yaradılan bu dünyanın fitnəsinə uymayaq. Gəlin «deyəcəklər ki, filankəsin qızı molla olub», «bircə mollamız əskikdi», «camaat nə deyər», «sən özünə iş tapa bilməyəcəksən», «indi biz hansı dövrdə yaşayırıq», «qəlbin təmiz və düz olsun», «bizim nəsildə başını bağlayan olmayıb» və sairə bu kimi sözlər soyləməklə hicab geyinmək istəyən qadınlara və qızlarımıza mane olmayaq. Gəlin bacardıqca Allahın əmirlərinə tabe olub sözün həqiqi mənasında ürəyimizi Allahla düz edək. Əsl təmizlik və düzlük Allaha itaət və Onun əmirlərini yerinə yetirməklə olur.
Hesab edirik ki, Allaha və Onunla qarşılaşağı günə inananlar bu mövzudan müəyyən nəticələr çıxaracaqlar. Allah köməyiniz olsun!

SON SÖZ

Bu kiçik risaləmiz vasitəsilə qadınlara olan münasibətə İslam nöqteyi-nəzərdən yanaşdıq. Hər bir düşünən qadın bu dünyanın keçici olduğunu dərk edib üzünü Yaradana tutmalı, İslam qanunları əsasında rəhbərlərinə itaət edərək öz həyatını qurmalıdır. İslam qadın hüquqlarının yeganə və əvəzsiz qoruyucusudur. Hər bir qadın istərsə elmini, istərsə də ibadətini artıraraq ən yaxşı müsəlman ola bilər. Elə buna görə də İslamiyyətdə «feminizm» yoxdur. Bu söz mənşə etibarilə fransız sözüdür və qadın hüququnu qoruyan cərəyanın adıdır. İslamiyyətdə qadının hüquqları daima qorunduğu üçün belə bir cərəyana ehtiyac duyulmamışdır. Amma «müasirləşmə» adı altında aparılan təbliğatdan sonra qadınların hüquqları pozulur və onlar da «feminizm» kimi cərəyanlara üz tuturlar.
Dinimizdə müsəlman kişi və müsəlman qadın bir-birilərindən yalnız İslama uyğun şeylər istəyə bilərlər. Diqqətlə baxdıqda çox asanlıqla görmək olar ki, əslində İslamda Allaha və Onun elçisinə - səllallahu aleyhi və səlləm - asi olaraq qadının kişiyə, kişinin də qadına itaəti yoxdur. Hər ikisi Allaha və Onun elçisinə - səllallahu aleyhi və səlləm - və öz aralarından seçilmiş ixtiyar sahiblərinə itaət etdikləri üçün bir-birilərinə itaət etmiş olurlar. Qadınların pis yola düşəcəyi təqdirdə kişilərin bu cür yola düşməyəcəyini sanmaq insanların İslamı dərk etməməsindən irəli gəlir. Namus insanın cinsi ilə bağlı məsələ deyil. Halbuki sözdə, əməldə, dünya malına münasibətdə, davranışda namuslu, əxlaqlı olmaq İslamın əmridir. Müsəlman keçirdiyi hər bir dəqiqədə layiqli hərəkət etməzsə, o imanın dadını da heç vaxt bilə bilməz. Odur ki, gəlin dinimizdən möhkəm yapışaq. Yad inanclarda, yad əxlaqlarda və radikal qruplaşmalarda yalnız ziyan tapacaqsınız. Bu gün dinindən ayrı düşən hər hansı bir coğrafi müsəlmanın etdiyi bəd əməllər İslamın və ya millətin adına yazıla bilməz. Bəzi müsəlman ailələrindəki ər-arvad, gəlin-qayınana qarşıdurması İslamiyyət deyildir.
Çünki Mərhəmətli və Rəhmli Allah məhz bu cür çatışmamazlıqları aradan qaldırmaq üçün İslamı bir nemət olaraq bizə bəxş etmişdir.. İslam bütün nöqsanlardan uzaq bir zirvədir. Bu zirvəni isə, bir daha qeyd edirəm ki, yalnız Allaha və Onun elçisinə - səllallahu aleyhi və səlləm - itaətlə fəth etmək olar. Mən hamıya bu zirvəni fəth etmək sevincini yaşamaq arzulayıram!
Hesab edirəm ki, bu risalədə xanımlar üçün faydalı ola biləcək ayə, hədis və rəvayətlərdən cəmiyyətin bu incə yarısı maksimum istifadə edərək faydalanacaq, Allahın və Onun elçisinin - səllallahu aleyhi və səlləm - hökmlərini həyatlarının hər sahəsinə tətbiq edəcək və bundan azca da olsa sıxıntı duymayacaqlar. Bu yeganə qurtuluşdur. Unutmayaq ki, hər ötən gün bizi axirətə yaxınlaşdırır. Biz özümüzə dayaq hesab etdiyimiz hər bir kəsi Allahın izni ilə itirə bilərik. Bu dünyada hər bir şey müvəqqətidir, elə bizim özümüz də. Daimi olan isə Allahdır. Gəlin nəyi itirsək də Ona olan inamı, sevgini və qorxunu itirməyək. Çünki, son qayıdış yalnız Onadır. O, həqiqətən Əzəmətli və Ucadır! O Uca və Əzəmətli Allahdan millətimizə hidayət diləyirik!
Son olaraq sözümüzü bu dua ilə bitiririk: əlhəmdulilləhi rabbi-l-aləmin - Aləmlərin Rəbbi Allaha həmd olsun!

Tərcümə və tərtib: Əlixan Musayev
İxtisas redaktoru: Qamət Süleymanov
Şaban Uluxanov
Redaktorlar: Əzim Hüseyn
Fikrət Allahverdiyev
Texniki redaktor: Elxan Rüstəmov

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111