"Xatırla ki, (insanın sağında və solunda onun bütün əməllərini) yazan iki mələk oturmuşdur! Dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!" (Qaf, 17-18)
Göndərilib: B.e. Fev. 21, 2005 3:21 pm İsmarış mətni: Allah elçiləri
-b-
AsSalamu alaikum.
Hörmətli istifadəçilər, bu bölmədə Hənif qardaşımızın 3 Allah elçisi haqqında yazdığı (maşaAllah) bir-birindən maraqlı 3 hekayə yerləşdiriləcək. İnanıram ki, İslami biliklərimnzin artırılmasında bu hekayələrin əvəzedilməz rolu olacaqdır.
Salam.
Redaktə edən: Humeyra, son redaktə tarixi: Çər. Fev. 23, 2005 10:12 am, cəmi 2 dəfə
Göndərilib: B.e. Fev. 21, 2005 3:48 pm İsmarış mətni:
-b-
İbrahim əleyhissəlamın hekayəti.
Qədim zamanlarda, çox illər bundan öncə bir şəhərdə Azər adlı bir kişi yaşayırdı. Bu səhərdə Azəri hamı tanıyırdı. O, büt satmaqla məşğul idi. Şəhərdə içində çoxlu bütlər olan böyük bir ev də var idi. İnsanlar bu bütlərə ibadət edir, nə istəkləri olsa, onlardan istəyərdilər. Elə bilirdilər ki, həmin heykəllər onlara kömək edəcək. Azər də həmçinin bütlərə ibadət edirdi.
Azərin İbrahim adında çox ağıllı və doğru danışan bir oğlu var idi. İbrahim insanları bütlərə ibadət edən və onlara səcdə edən görürdü. İbrahim bilirdi ki, bütlər daşdandır və başa düşürdü ki, onlar nə danışa bilirlər, nə də eşidirlər. Həmçinin anlayırdı ki, bu heykəllər insana nə bir zərər, nə də bir xeyir verməyə qadir deyillər. Çünki o görürdü ki, adi bir milçək bütün üzərinə oturur, o isə milçəyi qova bilmir. Siçan büt üçün qoyulmuş əti yeyir, o isə siçana mane ola bilmir.
İbrahim özünə sual verdi ki, nə üçün insanlar bütlərə ibadət edirlər və nə üçün bütlərdən kömək diləyirlər? Bir gün İbrahim atasına dedi:
– Ata, niyə bütlərə ibadət edirsən, onlardan kömək diləyirsən? Axı bu bütlər nə eşidirlər, nə də danışa bilirlər. Onlar sənə nə bir xeyir, nə də bir zərər verə bilirlər. Onlara bir yemək və ya içmək gətirsən, onu nə yeyə, nə də içə bilirlər.
Azər isə oğluna qəzəbləndi və onun dediklərini başa düşmədi. İbrahim obasının camaatına nəsihət etdi. Onlar da heç nə başa düşmədilər və İbrahimə qəzəbləndilər. O zaman İbrahim dedi:
– Allaha and olsun ki, siz çıxıb getdikdən sonra bütlərinizə bir hiylə quracağam!(1)
Günlərin bir günü insanlar bayram etmək üçün evlərindən çıxmışdılar. Yaşlılar və uşaqlar, hamı bayram edirdi. İbrahimin valideynləri də bayram münasibəti ilə evdən çıxmağa hazırlaşırdılar. Onlar evdən çıxarkən İbrahimə dedilər:
– Sən bizimlə getmirsən?
İbrahim dedi:
– Xeyr, mən xəstəyəm.
Hamı getdi və İbrahim evdə tək qaldı. O bütlərin yanına gəlib onlara dedi:
– Danışmırsınız? Eşitmirsiniz? Baxın, bu yemək və içməkdir. Yeyə bilmirsiniz? İçə bilmirsiniz?
Bütlərdən səs çıxmadı. Çünki onlar daşdan idilər. İbrahim dedi:
– Sizə nə olub ki, danışmırsınız?(2)
Bütlər yenə danışmadılar. O zaman İbrahim qəzəbləndi və baltanı götürüb bütləri sındırmağa başladı. İbrahim bütlərin hamısını sındırdı, lakin ən böyüyünə toxunmadı. Baltanı o böyük bütün boynuna asıb çıxıb getdi. İnsanlar bayram münasibəti ilə bütlərə səcdə etmək üçün onların olduğu evə girdiklərində sındırılmış bütləri görüb dəhşətə gəldilər. Onlar bütlər üçün çox heyfsiləndilər və qəzəblənərək dedilər:
– «Bunu tanrılarımıza kim edibsə, o, şübhəsiz ki, zalimlərdəndir!»
(Müşriklərin bəziləri):
– «İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişdik!» – dedilər.
(Müşriklər İbrahimi tapıb gətirərək):
– «Ya İbrahim! Tanrılarımızı sənmi bu günə saldın?» – deyə soruşdular.
(İbrahim sındırmadığı iri bütü göstərib):
– «Bəlkə, onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə, özlərindən soruşun!» – deyə cavab verdi. (3)
İnsanlar bilirdilər ki, bütlər daşdandır, daşlar isə nə eşidirlər, nə də danışa bilirlər. Böyük büt də həmçinin daşdan olduğuna görə onlar başa düşürdülər ki, o, hərəkət etməyə və yeriməyə qadir deyil. Böyük büt bütləri sındıra bilməzdi. Odur ki, onlar İbrahimə dedilər:
– Axı sən bilirsən ki, bütlər danışmırlar.
İbrahim dedi:
– Onda nə üçün heç bir xeyir və heç bir zərər verə bilməyən bir şeyə ibadət edirsiniz? Nə üçün onlardan kömək diləyirsiniz? Bir halda ki, onlar eşitmirlər və danışmırlar. Məgər başa düşmürsünüz? Məgər anlamırsınız?
İnsanlar xəcalət çəkdilər və susdular. Sonra onlar bir yerə yığışıb dedilər:
– Nə edək? İbrahim bütləri sındırıb və tanrılarımızı təhqir edib! Onu necə cəzalandıraq?
İnsanların bəziləri dedilər ki:
– ...onu yandırın və tanrılarınıza kömək edin! (4)
Onlar belə də etmək qərarına gəldilər. Böyük bir tonqal qalayıb İbrahimi onun içinə atdılar. Lakin Allah İbrahimə kömək etdi və oda dedi:
– Ey atəş! İbrahimə qarşı sərin və zərərsiz ol! (5)
Beləliklə od İbrahimə heç bir zərər vermədi. İnsanlar İbrahimin sağ və salamat olduğunu görəndə heyrətlənərək dəhşətə gəldilər.
Günlərin bir günü, gecə İbrahim göydəki ulduzlardan birinin hamısından parlaq olduğunu görüb dedi:
– Bu mənim Rəbbimdir!
Səhər açılıb ulduzlar itdikdə dedi:
– Xeyr, mənim Rəbbim bu deyil.
Sonra o ayı gördü və dedi.
– Bu mənim Rəbbimdir!
Günəş çıxıb, ay batanda İbrahim dedi:
– Xeyr, bu da mənim Rəbbim deyil. Mənim Rəbbim günəşdir. O daha böyükdür!
Axşam günəş batanda İbrahim dedi:
– Xeyr, bu da mənim Rəbbim deyil. Mənim Allahım diridir, ölmür! Mənim Allahım qalıcıdır, qeyb olmur! Mənim Allahım güclüdür, Onu heç kim yox edə bilməz! Ulduzlar isə zəifdir, sübh onları itirir. Ay da zəifdir, günəş onu batırır. Günəş də zəifdir, gecə onu batırır. Ulduzlar mənə kömək edə bilməzlər, çünki onlar zəifdirlər. Ay da mənə kömək edə bilməz, çünki o zəifdir. Günəş də mənə kömək edə bilməz, çünki o da zəifdir. Mənə yalnız Allah kömək edə bilər. Axı Allah diridir, ölmür! Allah qalıcıdır, qeyb olmur! Allah güclüdür, Ona heç kəs qalib gələ bilməz!
İbrahim anladı ki, onun Rəbbi Allahdır. Həmçinin ulduzların da Rəbbi Allahdır, ayın da Rəbbi Allahdır, günəşin də Rəbbi Allahdır və aləmlərin Rəbbi Allahdır! Allah İbrahimə hidayət verdi və onu insanların sevimlisi və peyğəmbəri etdi. Allah İbrahimə əmr etdi ki, insanları doğru yola dəvət etsin və onları bütlərə ibadət etməkdən çəkindirsin. İbrahim insanları Allahın dininə dəvət etməyə başladı və insanları bütlərə ibadət etməkdən çəkindirməyə çalışdı. O, yurdunun insanlarına dedi:
– Nəyə ibadət edirsiniz?
Onlar:
– «Bütlərə ibadət edirik…» – dedilər. (6)
İbrahim dedi:
– Onları çağırdığınız (dua etdiyiniz) zaman sizi eşidirlərmi? Yaxud sizə bir xeyir və ya bir zərər verə bilərlərmi? (7) Onlar:
–«Xeyr, ancaq biz öz atalarımızın belə (ibadət) etdiklərini gördük!» – deyə cavab verdilər. (8)
İbrahim dedi:
– Mən isə bu bütlərə ibadət etmirəm. Əksinə mən onlara düşmənəm. Mən aləmlərin Rəbbi olan Allaha ibadət edirəm! Məni yaradan və doğru yola yönəldən Odur! Məni yedirdən də, içirdən də Odur! Xəstələndiyim zaman mənə yalnız O şəfa verir. Məni öldürəcək, sonra (yenidən) dirildəcək Odur! (9) Bütlər isə heç bir şey yaratmırlar və heç bir kəsi doğru yola yönəltmirlər. Onlar heç kəsi yedirtmirlər və içirtmirlər. Bir insan xəstələnsə ona şəfa vermirlər. Onlar nə öldürürlər, nə də dirildirlər.
İbrahimin yaşadığı elin çox zalım bir padşahı var idi. İnsanlar bu padşahın qarşısında səcdə edirdilər. Padşah bir gün eşidir ki, İbrahim yalnız Allaha ibadət edir və Allahdan başqa heç kəsə səcdə etmir. Bunu eşidən padşah çox qəzəbləndi və dərhal İbrahimi yanına gətirməyi əmr etdi. Allahdan başqa heç kəsdən qorxmayan İbrahim padşahın yanına gəldi.
Padşah ona dedi:
– Rəbbin kimdir ey İbrahim?
İbrahim dedi:
– Rəbbim Allahdır!
Padşah dedi:
– Allah kimdir?
İbrahim dedi:
– Mənim Rəbbim həm dirildir, həm də öldürür. (10)
Padşah ona dedi:
– Mən də həm dirildir, həm də öldürürəm. (11)
Padşah bir kişini gətirməyi əmr etdi və onu öldürdü. Sonra başqa bir kişini gətirtdi, onu isə azad buraxdı. Padşah çox ağılsız bir insan idi və o, öz ağlını Allaha şərik qoşurdu. İbrahim istəyirdi ki, həm padşahı, həm də insanları başa salsın. O padşaha belə dedi:
– Allah günəşi şərqdən doğdurur, bacarırsansa, sən onu qərbdən doğdur! (12)
Padşah çaşıb qaldı və xəcalətindən heç nə demədi. İbrahim istəyirdi ki, atasını da Haqqa dəvət etsin. O atasına dedi:
– Atacan! Nə üçün görməyən, eşitməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? (13) Atacan! Şeytana ibadət etmə. Rəhmana ibadət et!(14)
Atası İbrahimə acıqlandı və ona dedi:
– Məndən əl çək və mənə heç nə demə yoxsa səni təhqir edib acı sözlər deyəcəyəm!
İbrahim isə çox həlim insan idi. O atasına dedi:
– Sənə salam olsun! (15) Mən buradan gedəcəyəm.
İbrahim elinin camaatının və atasının onu başa düşməməyindən çox təəssüfləndi. O, Rəbbinə ibadət etmək üçün və insanları Haqqa dəvət etmək üçün başqa bir yerə getmək qərarına gəldi. İbrahimin obası, padşah və hətta atası ona qəzəblənmişdilər. Ona görə də İbrahim qərara gəldi ki, Allaha ibadət etmək üçün və insanları Allahın dininə dəvət etmək üçün başqa bir ölkəyə səfər etsin. O, həyat yoldaşı Həcəri və oğlu İsmaili götürüb atası ilə vidalaşdıqdan sonra Məkkəyə tərəf yollandı. Məkkə elə bir yer idi ki, orada nə bir ağac, nə də bir yaşıllıq var idi. Orada nə bir su quyusu, nə də bir çay var idi. Məkkədə heç heyvan və canlı da yox idi. İbrahim Məkkəyə çatdıqda miniyindən endi. Həyat yoldaşı Həcər ilə oğlu İsmaili orada qoyub getmək istədikdə Həcər ona dedi:
– Bizi bu susuz, yeməksiz çöldə qoyub haraya gedirsən? Məgər Rəbbin sənə belə əmr edib?
İbrahim dedi:
– Bəli.
Həcər dedi:
– Elə isə Allah bizə qıymaz.
Və İbrahim onları bu susuz çöldə qoyub getdi. İsmail bərk susamışdı. Anası ona su içirtmək istəyirdi, lakin tapa bilmirdi. Məkkədə nə bir çay, nə də bir quyu var idi. Həcər su axtara-axtara Səfa və Mərva dağları arasında gah o yana, gah da bu yana gedirdi. Allah Həcərə və İsmailə kömək etdi, onlar üçün yerdən su çıxartdı. İsmail və anası o sudan doyunca içdilər. Su çıxdığı yerdə quyu əmələ gəldi və Allah bu suya bərəkət verdi. Bu quyunun adı Zəmzəmdir. (Bu, o Zəmzəmdir ki, hər il dünyanın hər yerindən həcilər gəlib bu sudan içirlər, hətta öz ölkələrinə və ailələrinə də aparırlar.)
Bir müddətdən sonra İbrahim Məkkəyə qayıtdı. Həyat yoldaşı Həcər və oğlu İsmaillə görüşdü. İsmail artıq böyümüşdü. O yeriyir, oynayır və atası ilə gəzirdi. İbrahim oğlunu çox sevirdi. Bir gün İbrahim yuxuda gördü ki, oğlu İsmaili Allah yolunda qurban kəsir. İbrahim sadiq bir peyğəmbər idi və onun yuxuları da doğru idi. İbrahim həmçinin Allahı ən çox sevən bəndələrdən idi, ona görə də o Allahın ona yuxuda etdiyi əmrini yerinə yetirmək istəyirdi. İbrahim oğlu İsmailə dedi:
– Oğlum! Yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax gör (bu barədə) nə fikirləşirsən! (16)
O dedi:
– Atacan! Sənə nə əmr olunursa, onu da et. İnşAllah, mənim səbirlilərdən olduğumu görəcəksən! (17)
İbrahim bir bıçaq götürdü və İsmaili də özü ilə götürüb Mina dağına çıxdı. O, orada İsmaili Allah yolunda qurban kəsmək istəyirdi. İsmail yerə uzandı. İbrahim onu kəsmək üçün bıçağı onun boğazına dirədi. Lakin Allah Öz sevimli qulunun Onun əmrinə tabe olub olmayacağını görmək istəyirdi. Allah istəyirdi görsün ki, İbrahim Allahı çox sevir, yoxsa oğlunu. İbrahim bu imtahandan üzü ağ çıxdı. Allah İbrahimə bir qoyun göndərdi və dedi:
– Bunu kəs, İsmaili kəsmə.
İbrahimin bu əməli Allaha çox xoş getdi və bütün müsəlmanlara əmr etdi ki, qurban bayramında Allah üçün qurban kəssinlər. İbrahim Məkkədə Allah üçün bir ev tikmək qərarına gəldi. Evlər çox olsa da Allaha ibadət etmək üçün ev yox idi. İsmail də atasına kömək edirdi. Onlar dağdan daşları endirib öz əlləri ilə Kəbəni tikməyə başladılar. İbrahim və İsmail Kəbəni tikib qurtardılar və orada çoxlu-çoxlu Allahı yad edib, Ona ibadət etdilər. Onlar Allaha belə dua etdilər:
– Ey Rəbbimiz! (bu xeyirli işi) bizdən qəbul et, Sən doğrudan da (hər şeyi) Eşidən və Bilənsən! (18)
Allah Kəbəni onlardan qəbul etdi və oranı bərəkətli bir yer etdi. Biz hər namazda üzümüzü Kəbəyə tərəf tuturuq. Müsəlmanlar həcc günlərində Kəbəyə toplaşır, onun yanında namaz qılıb, ətrafında fırlanırlar. İbrahimə və İsmailə Allahın salavatı və salamı olsun.
İbrahimin Sara adında başqa bir həyat yoldaşı və ondan İshaq adında bir oğlu da var idi. Onlar Şamda yaşayırdılar. İshaq da qardaşı və atası kimi Allah üçün Şamda bir ev tikmişdi. Bu, Şamda Beytulməqdis adı ilə tanınan məsciddir. Allah bu məscidə və İshaqın övladlarına bərəkət vermişdir, necə ki, İbrahimə və İsmailə bərəkət vermişdir. İshaqın Yaqub adında bir oğlu var idi. O da atası və babası kimi peyğəmbər idi. Onun on iki oğlu var idi. Onlardan biri də Yusif idi. Yusifin hekayəti Qurani Kərimdə ən gözəl hekayətdir. Növbəti hekayəmiz də elə onun barəsindədir.
Allahın salamı olsun haqqı olduğu kimi qəbul edən Haqqsevərlərə
Allahın salamı olsun şərəfli islam Peyğəmbərinə və onun pak Əhli-Beytinə
Humeyra xanım mən sizin nəzərinizə çatdırmağı özümə borc bildim ki, yuxarıda yazdığınız nağıl yox, məhz Quranda keçən bir hekayədir. Yəni bir Quran hekayəsi. Nağılın isə hekayədən fərqi odur ki, nağıl həqiqət deyil. Nağıl ibrətamiz olsa belə o nağıldır, yəni o insan təxəyyülünün məhsuludur. Bunları sizə deməkdə isə məqsədim odur ki, Quran hekayələrinə nağıl adı vermək Onu ucuzlaşdırmaq deməkdir. Hətta siz bunu bilməyərək etsəniz belə.(inşəAllah ki, belədir)
Ümid edirəm ki, bunu bir forum iştirakçısının, ən önəmlisi isə bir müəlman qardaşınızın haqlı iradı olaraq qəbul edəcək və mövzunun adını onun mətninə uyğun şəkildə dəyişəcəksiniz. Bundan sonra isə mənim bu yazımı silməyinizi də məsləhət bilirəm. Bu yazımı iradlar mövzusunda yazmamağımın səbəbi isə məhz sizin birbaşa bu irada diqqət yetirmənizi və digər forumçuların bunu fərq etməmələrini istəməyimdir. Hər halda nəzarətçi və idarəçilər nə qədər az səhvlərə yol versələr o qədər saytinizin imicinə xeyirlidir.
Diqqətinizə görə təşəkkür edirəm. _________________ İslamdan yüksək şərəf yoxdur!!! (Hz. Əli (əleyhissalam))
Göndərilib: Çər. Fev. 23, 2005 10:11 am İsmarış mətni:
-b-
AsSalamu alaikum.
Yerində iradınız üçün çox sağ olun. Açığı, mövzunun adını "Nağıllar" qoymağımda niyyətim İslam barədə uşaq ədəbiyyatının demək olar ki, yox dərəcəsində olması və analari bu hekayələri uşaqlarına nağıl əvəzinə danışmalarına heveslendirmek idi. Amma doğrudan da İslami nöqteyi nəzərdən bu səhv idi. Və nəticə etibarilə mövzunun adı "Allah elçiləri" şəklində dəyişdirildi.
Balaca Yusif çox ağıllı və gözəl bir uşaq idi. Onun on bir qardaşı var idi. Atası Yaqub Yusifi oğlanlarının hamısından çox sevirdi. Bu isə Yusifin qardaşlarının xoşuna gəlmirdi.
Bir gün Yusif qəribə bir yuxu gördü. O yuxuda gördü ki, on bir ulduz, günəş və ay ona səcdə edirlər. Balaca Yusif yuxunun nə demək olduğunu başa düşmədi. On bir ulduzun, günəşin və ayın ona səcdə etməsi onu çox təəccübləndirdi. Yusif atası Yaqubun yanına gəlib ona dedi:
– Atacan! Mən yuxuda on bir ulduz və günəşlə ayı gördüm. Gördüm ki, onlar mənə səcdə (təzim) edirlər. (19)
Yaqub peyğəmbər idi. Ona görə də yuxunun nə demək olduğunu başa düşdü. O, Yusifə belə dedi:
– Allah sənə bərəkət versin ey Yusif! Bu yuxu sənin elmli bir peyğəmbər olacağına müjdədir. Səndən əvvəl Allah sənin babaların İshaqa və İbrahimə də Öz nemətini bəxş etmişdir. Artıq Allah sənə və Yaqubun ailəsinə nemət bəxş etdi.
Yaqub dünya görmüş adam idi. O, insanları yaxşı tanıyırdı və şeytanın insanları necə yoldan çıxarıb onlara qalib gəldiyini bilirdi. Ona görə də Yusifə dedi:
– Ey oğlum! Gördüyün yuxunu qardaşlarına danışma, ola bilsin ki, onlar həsəd aparıb, sənə bir pislik edərlər.
Yusifin Bin Yamin adında bir qardaşı var idi. Ataları Yaqub onların hər ikisini digər oğlanlarından çox sevirdi. Yusifin qalan qardaşları onlara həsəd aparırdılar. Onlar deyirdilər:
– Nə üçün biz gənc və qüvvətli olduğumuz halda atamız kiçik və zəif olan Yusif ilə Bin Yamini sevir?
Bir gün balaca Yusif yuxusunu qardaşlarına danışdı. Bunu eşidən qardaşların həsədi daha da artdı və onlar bərk qəzəbləndilər. Xəlvəti bir yerə toplaşıb dedilər:
– Gəlin Yusifi öldürək və ya uzaq bir yerə ataq. Bəlkə onda atamız ancaq bizi sevə.
Onlardan biri dedi:
– Xeyr, onu yolda olan quyuya atın yoldan keçənlərdən biri götürüb aparsın.
Bu fikri hamısı bəyəndi və belə etmək qərarına gəldilər. Onlar Yusifi özləri ilə uzağa aparmağa izn almaq üçün ataları Yaqubun yanına gəldilər. Yaqub bilirdi ki, oğlanları ögey qardaşları Yusifə həsəd apardıqlarına görə onu sevmirlər. Ona görə də Yusif üçün çox qorxurdu və onu gözündən uzaq qoymurdu. Qardaşlar da bunu çox yaxşı başa düşürdülər, lakin onlar artıq Yusifə pislik etmək qərarına gəlmişdilər. Onlar dedilər:
– Atacan! Nə üçün Yusifi bizimlə birgə gəzməyə buraxmırsan? Nədən qorxursan? Axı o bizim sevimli kiçik qardaşımızdı. Biz bir atanın övladlarıyıq. Qardaşlar daima bir yerdə oynamalıdır, nəyə görə biz bir yerdə oynamayaq? Sabah onu bizimlə birlikdə (çölə gəzməyə) göndər, qoy oynayıb-əylənsin, gözü-könlü açılsın. Biz onu mütləq qoruyacağıq! (20)
Yaqub ağıllı, lakin mülayim bir kişi idi. O, Yusifə bir şey ola biləcəyindən çox qorxurdu və istəmirdi ki, Yusif ondan uzaq düşsün. Ona görə də oğlanlarına dedi:
– Qorxuram ki, onu qurd yeyə, siz də xəbər tutmayasınız! (21)
Onlar dedilər:
– Bu əsla ola bilməz! Axı biz qüvvətli və gəncik. Biz orada ola-ola qurd onu necə yeyə bilər?
Nəhayət Yaqub onlara Yusifi özləri ilə meşəyə götürmələrinə icazə verdi.
Qardaşlar Yusifi özləri ilə meşəyə aparmaq üçün atalarından icazə aldıqlarına çox sevindilər. Yusifi də özləri ilə götürüb meşəyə getdilər. Orada onlar balaca Yusifi dərin bir quyuya atdılar. Onların nə balaca Yusifə, nə də yaşlı atalarına yazıqları gəlmədi. Yusif çox kiçik və incə qəlbli bir uşaq idi. Quyu isə dərin və qaranliqdı. Yusif bərk qorxurdu, lakin Allah Yusifin qəlbinə bir rahatlıq verdi və ona dedi:
– Qorxma və kədərlənmə! Allah səninlədir, O səni xilas edəcək!
Qardaşlar Yusifi quyuya atdıqdan və meşədə işlərini görüb qurtardıqdan sonra bir yerə toplaşıb dedilər:
– Atamıza nə deyəcəyik?
Onlardan biri dedi:
– Atamız deyirdi ki, qorxuram Yusifi qurd yeyə və sizin xəbəriniz olmaya. Biz də ona deyərik ki, sənin dediyin doğru oldu, onu qurd yedi.
Onlar dedilər:
– Doğrudur, atamıza elə bu cür deyərik. Deyərik ki, onu qurd yedi.
Qardaşlardan biri dedi:
– Bəs bunu nə ilə sübut edəcəyik?
Onlar dedilər:
– Bunu Yusifin qana bulaşmış köynəyi ilə sübut edəcəyik.
Onlar bir quzu gətirib onu kəsdilər. Sonra isə Yusifin köynəyini quzunun qanı ilə boyadılar. «İndi atamız bizə inanar!» – deyə sevindilər.
Onlar axşam üstü ağlaya-ağlaya atalarının yanına gəldilər. Və dedilər: «Ata! Biz qaçıb bir-birimizlə ötüşürdük (və ya ox atıb yarışırdıq), Yusifi şeylərimizin (libaslarımızın) yanında qoymuşduq. Bir də xəbər tutduq ki, qurd onu yemişdir.»
Onlar Yusifin köynəyinin üstünə yalandan bir qan (ləkəsi yaxıb) gətirmişdilər.(23) Və dedilər ki, bu Yusifin qanıdır.
Yaqub ağıllı və müdrik bir peyğəmbər idi. O bilirdi ki, qurd insanı yeyəndə onu parçalayır və paltarını cırır. O başa düşdü ki, qurd hadisəsi uydurmadır və köynəyin üstündəki qan da Yusifin qanı deyil. Çünki Yusifin köynəyi salamat idi. O oğlanlarına dedi:
– Bu sizin uydurduğunuz bir hekayədir. Mənə yalnız tükənməz, dözümlü səbr gərəkdir.(24)
Yaqub sevimli oğlu balaca Yusif üçün çox kədərləndi, lakin o, bu itkiyə gözəl bir tərzdə səbr edib dözdü.
Qardaşlar axşam yeməklərini yeyib, quyuya atdıqları Yusifi unudaraq öz rahat yataqlarında yatmağa getdilər. Yusif isə quyuda tək-tənha qalmışdı. Onun nə bir yeməyi, nə də yatmağa bir yeri var idi. Qaranlıq gecədə meşənin ortasındakı dərin quyuda tək qalan Yusif sabaha qədər atası Yaqubu və qardaşlarını düşündü. Yaqub da Yusifi bir an belə unuda bilmədi.
Səhəri gün meşənin içindən keçib gedən bir dəstə camaat su içmək üçün quyunun yanında dayandılar. Bir kişi quyudan su çıxartmaq üçün quyunun içərisinə bir qab sallayıb, sonra da onu yuxarı dartmağa başladı. Qab çox ağır idi. O qabı quyudan çıxardanda Yusifi görüb heyrətə gəldi və camaatı ora səsləyib: «Şad xəbər, şad xəbər! Bu bir oğlandır!» (25) – dedi. İnsanlar çox sevindilər və balaca Yusifi bir paltara büküb özləri ilə götürdülər. Onlar gəlib Misirə çatdıqda Yusifi bazara çıxardıb ucadan dedilər:
– Cavan bir oğlan satılır! Kim bu oğlanı almaq istəyir?!
Əziz adlı bir nəfər Yusifi satan tacirə bir neçə dirhəm verib onu satın aldı. O Yusifi evinə gətirib arvadına dedi:
– Yusifə yaxşı bax, o çox doğru danışan bir gəncdir.
Əzizin arvadının Yusifdən çox xoşu gəldi. O Yusifi xəyanətə təhrik etməyə çalışırdı. Yusif isə buna əsla razı olmurdu və deyirdi:
– Xeyr! Mən ağama xəyanət etmərəm, o mənə çox yaxşılıqlar edib. Mən Allahdan qorxuram.
Qəzəbli qadın Yusifə şər atıb, ondan ərinə şikayət etdi. Əziz Yusifin ona sadiq olduğunu bilirdi və arvadının haqsız olduğunu görüb ona dedi:
– Sən həqiqətən, günah edənlərdənsən. (26)
Yusif öz gözəlliyi ilə bütün Misirdə məşhur olmuşdu. Onu görən hər kəs:
– Bu, bəşər deyildir! Bu ancaq Allah yanında əziz olan bir mələkdir!(27) – deyirdi.
Əzizin arvadının Yusifə olan qəzəbi isə günü-gündən artırdı. Bir gün o Yusifə dedi:
– Mən səni zindana saldıracağam.
Yusif isə ona:
– Zindan mənim üçün daha yaxşıdır.(28) – deyə cavab verdi.
Beləliklə xəyanətkar qadın Yusifi zindana salmağa nail oldu. Lakin Əziz Yusifin günahsız olduğunu bilirdi.
Zindana atılan Yusif tez bir vaxtda zindan əhli arasında böyük rəğbət qazandı. Onlar Yusifin çox elmli, geniş ürəkli və mərhəmətli bir gənc olduğunu gördülər. Zindan əhli Yusifə hörmət və ehtiramla yanaşırdı. Yusiflə bərabər zindana iki gənc də girmişdi. Gənclər Yusifin çox gözəl yuxu yozduğunu bildikdə ona öz yuxularını danışdılar. Onlardan biri dedi:«Mən (yuxuda) gördüm ki, şərab üçün üzüm sıxıram». Digəri isə belə dedi:«Mən gördüm ki, başımın üstündə çörək aparıram, quşlar da ondan yeyir.» (29)
Onlar Yusifdən bu yuxunu yozmalarını istədilər. Yusif yuxu yozma elmindən xəbərdar olan bir peyğəmbər idi. Lakin onun zamanında insanlar Allahdan qeyri, özlərinin düzəltdikləri bütlərə ibadət edirdilər. Onlar deyirdilər:«Bu yer ilahıdır, bu dəniz ilahıdır, bu ruzi ilahıdır, bu yağış ilahıdır... ». Yusif isə bunları görüb gülürdü, lakin o, ağıllı insan olduğundan camaatın halına acıyırdı. O istəyirdi ki, insanları Allahın dininə dəvət etsin. Yusif özü-özünə dedi:«Ehtiyac bu insanları mənim yanıma gətirib. Ehtiyacı olan insan isə mülayim, itaətkar və öyüd-nəsihət dinləyən olur. Mən indi onlara nə desəm onlar mənim söhbətimi dinləyib, mənə qulaq asacaqlar».
Lakin Yusif tələsmirdi. O dedi:
– Yeyəcəyiniz təam gəlməmişdən əvvəl mən onun mənasını sizə xəbər verərəm. Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. (30)
Yusif fürsəti əldən verməyib, insanları Allahın dininə dəvət etmək üçün söhbətə başladı.
Yusif dedi:
– Bu, Rəbbimin mənə öyrətdiyi elmlərdəndir. Lakin Allah Öz elmini hər kəsə öyrətmir, xüsusən də Ona şərik qoşanlara. Heç bilirsiniz Allah bu elmi mənə nəyə görə verib? Ona görə ki, mən şirk əhlinin dinini tək etdim. Mən ata-babalarım İbrahim, İshaq və Yaqubun dininə tabe oldum. Bizə heç bir şeyi Allaha şərik qoşmaq yaraşmaz. (31) Lakin bu tövhid yalnız bizə aid deyildir, əksinə, o, bütün insanlara aiddir. Bu (tövhid), Allahın bizə (və bütün) insanlara bəxş etdiyi nemətdir, lakin insanların əksəriyyəti şükür etməz!
Yusif ayağa qalxıb o iki gəncə dedi:
– Siz deyirsiniz bu yer ilahıdır, bu dəniz ilahıdır, bu ruzi ilahıdır, bu yağış ilahıdır... Biz isə deyirik ki, Allah, aləmlərin Rəbbidir! Ayrı-ayrı tanrılar daha yaxşıdır, yoxsa hər şeyə qadir və qalib olan Allah?!(32) Haradadır yer ilahı, dəniz ilahı, ruzi ilahı, yağış ilahı? Mənə bir göstərin (deyin) görüm, Allahdan başqa ibadət etdikləriniz yer üzündə (yaxud yerdən və yerə bənzər şeylərdən) nəyi yaradıblar? Yoxsa onların göylərdə (Allahla) bir şərikliyi var?(33) Yerə, göyə və insana baxın. Bu (gördükləriniz) Allahın yaratdıqlarıdır. İndi siz də mənə Allahdan başqalarının nə yaratdığını göstərin(34). (Allahdan) qeyri ibadət etdikləriniz sizin və atalarınızın (özündən uydurub) qoyduğunuz (Allaha heç bir aidiyyəti olmayan) adlardan (bütlərdən) başqa bir şey deyildir. Allah isə onlara (ibadət edilməsinə dair) heç bir dəlil nazil etməmişdir. Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru (həqiqi) din budur, lakin insanların çoxu (bu həqiqəti) bilməz! (35)
Yusif tövhidin nə demək olduğunu başa saldıqdan sonra yuxularının mənasını onlara xəbər verib dedi:
– Ey iki zindan yoldaşım! (Yuxularınızın mənasına gəldikdə) sizin biriniz yenə ağasına şərab içirdəcək, digəriniz isə edam olunacaq, quşlar da onun başından (dimdikləyib) yeyəcəklər. Haqqında soruşduğunuz iş belə həll edilmişdir!
Yusif bu iki nəfərdən nicat tapacağını yəqin etdiyi şərabpaylayana dedi:
– Ağanın yanında məni də yada sal! (36)
Yusifin dediyi kimi bu iki nəfər zindandan çıxarıldı. Onlardan biri yenidən padşahın şərabpaylayanı oldu, digəri isə edam olundu. Şərabpaylayan padşahın yanında Yusifi yad etməyi unutdu və beləliklə Yusif bir neçə il zindanda qaldı.
Günlərin bir günü Misir padşahı qəribə bir yuxu gördü. O yuxuda yeddi arıq inəyin yeddi kök inəyi yediyini və yeddi yaşıl sünbüllə yeddi quru sünbül gördü. Padşah bu yuxuya çox təəccüb etdi və bunun nə demək olduğunu əhli-əyalındakı yuxu yozanlardan soruşdu. Onlar dedilər:
– Bu qorxulu bir şey deyildir. İnsan yuxuda çox şey görə bilər, lakin bunun hamısı həqiqət ola bilməz.
Bunu eşidən şərabpaylayan:
– Mən sizə bu yuxunun nə demək olduğunu söyləyərəm. – deyib padşahın izni ilə tez zindana, Yusifin yanına gəldi. O, padşahın yuxusunu Yusifə danışdı və onu yozmasını istədi.
Yusif bütün insanlara qarşı rəhmli, alicənab və mərd insan idi. O xəsisliyin və paxıllığın nə olduğunu bilməzdi. Yusif yuxunun yozumunu və baş verəcək bəlalardan qurtarmaq üçün nə etmək lazım olduğunu şərabpaylayana anlatdı. O dedi:
– Yeddi ilə adətiniz üzrə (həmişəki kimi) əkin. Yediyiniz az bir miqdar istisna olmaqla, qalan biçdiyinizi (artıq qalan məhsulu) isə sünbüldə saxlayın. Sonra bunun ardınca yeddi il quraqlıq (qıtlıq) olacaq. Onda əvvəlcədən həmin illər üçün tədarük etdiyinizi yeyər, yalnız az bir miqdar (toxumluq) saxlayarsınız. Daha sonra insanların bol yağış (bərəkət) görəcəyi bir il gələcək. Onda da adamlar (zeytun, üzüm, xurma və s. meyvələrin) şirəsini sıxacaqlar (onlardan bol-bol istifadə edib bəhrələnəcəklər).(37)
Şərabpaylayan padşahın yanına qayıdıb yuxunun yozumunu ona söylədi. Padşah yuxunun mənasını və ağıllı məsləhətləri eşitcək çox sevindi. O, yuxunu kimin yozduğunu soruşdu. Onlara dəyərli məsləhət verən alicənab insanın kim olduğunu bilmək istədi. Şərabpaylayan dedi:
– O, doğru danışan Yusifdir. Mənə də zindandan çıxıb padşahın şərabpaylayanı olacağımı o söyləmişdi.
Padşah böyük maraqla Yusifi görmək istədi və onun ardınca zindana adam göndərib dedi:
– (Yusifi) yanıma gətirin, onu özümə ən yaxın adam edəcəyəm! (38)
Padşahın göndərdiyi adam zindana gəlib, Padşahın Yusifi görmək istədiyini dedi. Lakin Yusif zindandan bu cür çıxmaq istəmirdi. İnsanlar Yusifi Əzizə xəyanət etmiş bir adam kimi tanıyırdılar. O isə adının təmizə çıxmasını istəyirdi. Odur ki, padşahın elçisinə dedi:
– İstəyirəm ki, mənim günahsız olduğum sübut olunsun və mənə bəraət verilsin.
Padşah öz əyanlarına Yusif barəsində hər şeyin bir daha öyrənilməsini əmr etdi. Yusifin günahsız olduğu məlum olduqdan sonra ona bəraət verildi və Yusif zindandan təmiz adla azad olundu.
Padşah Yusifə dedi:
– Sən bu gün yanımızda mövqe sahibisən və etibarlı bir şəxssən! (39) Məndən nə istəyirsən?
Yusif bilirdi ki, Misir torpağında həm indiki, həm də bundan əvvəlki padşahların çoxlu xəzinələri var. Lakin bu xəzinələrdən adi insanlar deyil, yalnız padşah və onun ətrafındakı saray zadəganları istifadə edə bilirlər. Kasıb camaata qarşı isə xəyanətlər və zülm olurdu. O, bu xəzinələri ədalətlə idarə edə biləcəyinə əmin idi. Hər kəsin haqqını ödəmək, hər kəsə layiq olduğunu vermək lazım idi. Odur ki, Yusif padşaha dedi:
– Məni Misirin xəzinələrinə məmur təyin et. Çünki mən (özümə etibar edilən mal-dövləti) qoruyan və (işləri idarə etməyi) bilənəm. (40)
Beləliklə Yusif Misirin xəzinədarı oldu və insanlar buna görə Allaha çoxlu həmd və şükürlər etdilər. Nəhayət Misir camaatı Yusifin xəzinəni ağılla və ədalətlə idarə etməsi nəticəsində asudə və ehtiyacsız yaşamağa başladı. Lakin Yusifin qabaqcadan xəbər verdiyi kimi camaata böyük bir aclıq üz verdi. Uca Allah Misir və Şam əhlini aclıqla imtahana çəkdi.
Misir xəzinədarı olan Yusifin ədalətli, alicənab və rəhmli olmağının sorağı Şam əhlinə və Yaquba gəlib çatdıqda, Yaqub oğlanlarını ərzaq və taxıl almaq üçün Misirə yolladı. Yusifin qardaşı Bin Yamini isə öz yanında saxladı. Çünki Yaqub onu çox sevirdi və onu da Yusifi itirdiyi kimi itirmək istəmirdi. Yusifin yanına gedən qardaşlar onun quyuya atdıqları doğma qardaşları Yusif olduğunu bilmirdilər. Çünki onlar qardaşları Yusifin öldüyünü zənn edirdilər. Axı onlar Yusifi qaranlıq bir gecədə meşənin ortasındakı dərin bir quyuya atmışdılar. O necə sağ qala bilərdi? Yusifin qardaşları gəlib onun hüzuruna daxil oldular. Onlar Yusifi tanımadıqları halda, Yusif onları dərhal tanıdı. (41) Yusif qardaşlarının onu öldürmək üçün quyuya atdıqlarını və Allahın, onu oradan necə xilas etdiyini xatırladı. Lakin o, bu barədə onlara bir söz deməyib, onları ifşa etmədi. Əksinə onlardan soruşdu:
– Siz haradansınız?
Onlar dedilər:
– Kən′əndən.
Yusif dedi:
– Atanız kimdir?
Onlar dedilər:
– Atamız İbrahimin oğlu İshaqın oğlu Yaqubdur.
Yusif dedi:
– Sizin başqa qardaşınız varmı?
Onlar dedilər:
– Bəli. Bizim Bin Yamin adında qardaşımız var.
Yusif dedi:
– Bəs nə üçün o sizinlə gəlməyib?
Onlar dedilər:
– Çünki atamız onu gözündən uzaq qoymur və ondan uzaq qalmağı xoşlamır.
Yusif dedi:
– Nə üçün atanız onu gözündən uzaq qoymur, o çoxmu balacadır?
Onlar dedilər
– Xeyr. Lakin bizim Yusif adında bir qardaşımız var idi. Bir gün onu özümüzlə meşəyə apardıq. Biz Yusifi yeməyimizin yanında qoyub, qaçıb bir-birimizlə ötüşdüyümüz zaman qurd gəlib onu yemişdi.
Yusif ürəyində onlara güldü, lakin onlara bir söz demədi. O qardaşı Bin Yamin üçün çox darıxırdı. Yusif onların (ərzaq) yüklərini hazırlayıb dedi:
– «Atabir qardaşınızı yanıma gətirin.(42) Əgər onu yanıma gətirməsəniz, məndən bir qab belə ərzaq gözləməyin və mənə də yaxınlaşmayın!» (43)
Onlar getdikdən sonra Yusif xidmətçilərinə dedi:
– «Onların (ərzaq əvəzinə verdikləri) mallarını da (xəlvətcə) yüklərinin içinə qoyun. Bəlkə, ailələrinə döndükdə onu başa düşsünlər və ola bilsin ki, qayıtsınlar!» (44)
Qardaşlar öz dəvələrinə minib atlarının yanına qayıtdılar. Başlarına gələni Yaquba söyləyib dedilər:
– Qardaşımız Bin Yamini bizimlə göndər. Yoxsa bizə ərzaq verilməyəcək.Biz, əlbəttə, onu qoruyacağıq! (45)
Yaqub dedi:
– Bundan əvvəl qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? (46)Yusifin başına gələni unutdunuzmu? Bin Yamini də Yusifi qoruduğunuz kimi qoruyacaqsınız? Allah Özü ən yaxşı qoruyandır və rəhmlilərin ən rəhmlisidir. (47)
Onlar dəvələrin yüklərini boşaltdıqda orada həm öz mallarının, həm də ərzağın olduğunun görüb dedilər:
– Həqiqətən Yusif çox alicənab insan imiş. O bizim dəvələrə ərzaq yükləyib, əvəzində isə bizdən heç nə götürməyib. Ey ata! Bin Yamini də bizimlə göndər onun payına da əlavə bir dəvə yükü ərzaq alaq.
Yaqub onlara dedi:
– Başınıza bir bəla gəlməyəcəyi təqdirdə Bin Yamini (sağ-salamat) qaytarıb yanıma gətirəcəyinizə dair Allaha ürəkdən and içib mənə söz verməyincə, onu sizinlə göndərməyəcəyəm!
Onlar and içib söz verdikdə Yaqub:
– Allah dediyimizə şahiddir ! – dedi. (48)
Sonra Yaqub oğlanlarına dedi:
– Oğullarım! (Misirə) eyni bir qapıdan girməyin, ayrı-ayrı qapılardan daxil olun.(49)
Yusifin qardaşları gəlib Misirə çatdıqda atalarının dediyi kimi ayrı-ayrı qapılardan girib Yusifin hüzuruna getdilər. Yusif qardaşı Bin Yamini görüb çox sevindi. Onu bağrına basıb dedi:
– Mən, həqiqətən, sənin qardaşınam. (50)
Onlar uzun illər idi ki, görüşmürdülər. Xeyli söhbət edib keçmişi xatırladılar. Atalarını, analarını və uşaqlıqlarını yada saldılar. Yusif istəyirdi ki, Bin Yamin onunla qalsın və onlar hər gün beləcə söhbət edib birlikdə yaşasınlar. Lakin Bin Yamin sabah Kən′ənə, atasının yanına qayıtmalı idi. Axı Bin Yaminin qardaşları Allaha and içmişdilər ki, onu atalarının yanına qaytaracaqlar. Bəs onu necə saxlamaq olardı? Əgər onu səbəbsiz saxlasa insanlar deyərdilər ki, Misir padşahı Kən′əndən olan bir gənci səbəbsiz yerə həbs edib. Bu isə haqsızlıqdır. Ağıllı və zəkalı Yusif bunun çarəsini tapdı. Onların yüklərini hazırladığı vaxt qardaşının yükünün içinə bir su qabı qoydu. (Karvan yola düşdükdən) sonra (arxalarınca) bir carçı:
– Ey karvan əhli! Siz, həqiqətən, oğrusunuz! – deyə haray çəkdi.
(Yaqubun oğlanları arxalarınca gələnlərə tərəf) dönüb:
– Nə itirmisiniz? – deyə soruşdular.
Onlar belə cavab verdilər:
– Hökmdarın (qızıl) su qabını itirmişik. Onu tapıb gətirənə bir dəvə yükü ərzaq veriləcək!
Carçı:
– Mən də buna zaminəm! – dedi.
(Yaqubun oğlanları) dedilər:
– Allaha and olsun! Siz də yəqin bilirsiniz ki, biz Misir torpağına fitnə-fəsad salmaq üçün gəlməmişik və biz oğru da deyilik!
Onlar soruşdular:
– Əgər yalan desəniz, onun cəzası nədir?
Qardaşlar:
– Onun cəzası yükündə (oğurluq şey) tapılan adamın kölə edilməsidir. Biz zalimləri belə cəzalandırırıq! – deyə cavab verdilər. (51)
Su qabı Bin Yaminin yükündən çıxdıqda qardaşlar xəcalət çəkdilər və dedilər:
– Əgər o oğurlamışdırsa, bundan qabaq onun bir qardaşı da (Yusif də) oğurluq etmişdi. (52)
Bu sözləri eşidən Yusif onlara qəzəblənmədi və onu ürəyində saxladı. O, mülayim və səbirli idi.
Qardaşlar dedilər:
– Ey vəzir! Bunun çox qoca bir atası vardır. Onun yerinə bizim birimizi tutub götür. Biz sənin yaxşılıq edən adamlardan olduğunu görürük.
(Yusif) dedi:
– Allah eləməsin! Malımızı kimdə tapmışıqsa, yalnız onu tutub saxlayacağıq. Yoxsa, sözsüz ki, haqsızlıq etmiş olarıq! (53)
Nəhayət Bin Yəminlə Yusif istədiklərinə nail oldular. Onlar bir yerdə qalacaqlarına çox sevindilər. Yusif uzun zamandan bəri tək-tənha idi. O, sevdiyi insanlardan heç kəsi görə bilmirdi. Allah da onu Bin Yaminlə görüşdürdü.
Bin Yaminin qardaşları atalarına nə deyəcəklərini bilmirdilər. Onlar çaşqınlıq içində qalmışdılar. Əvvəl Yusifin, sonra da Bin Yaminin itkisi atalarına dərd üstündən dərd gətirəcəkdi. Atalarının yanına qayıtmaq istəməyən böyük qardaş digərlərinə dedi:
– Atanızın yanına qayıdıb deyin:«Ata! Oğlun, həqiqətən, oğurluq etdi. Biz ancaq bildiyimiz şey barəsində şahidlik edirik. Biz qeybi mühafizə edən deyilik.»(54)
Bu sözləri eşidən Yaqub başa düşdü ki, bütün bunlar Allah tərəfindən bir imtahandır. Hələ dünənə qədər Yusifin itkisi, bu gün də Bin Yaminin. Allah ona iki oğul itkisi ilə bəla göndərməzdi. Burada Allahın gizli bir hikməti var. Allah bir bəndəsini imtahan etməyincə ona nemət bəxş edib, onu sevindirməz. Həmçinin böyük oğlunun Misirdə qalıb, atasının yanına qayıtmamağı da üçüncü imtahan idi. Bu fikirlər Yaquba bir az təsəlli verdi və o dedi:
– Ola bilsin ki, Allah onların hamısını mənə yetirsin! O, həqiqətən, (hər şeyi) biləndir, hikmət sahibidir.(55)
Lakin Yaqub adi bir insan idi. Onun qəlbi də daşdan deyildi. O hər dəfə Yusifi yadına salanda dərdi təzələnirdi. Yaqub oğlanlarından üz döndərdi. Və:«Heyf sənə, yazıq Yusif!» –dedi. O, (bütün dərdini) içində çəkirdi (oğlanlarına bildirmirdi).
(Oğlanları Yaquba) dedilər:
– Allaha and olsun ki, sən Yusif deyə-deyə xəstələnib əldən düşəcək, ya da öləcəksən!
Yaqub belə cavab verdi:
– mən dərd-sərimi yalnız Allaha ərz edirəm və Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! (56)
Yaqub, naümid olmağın günah olduğunu bilirdi, ona görə də onun Allaha böyük ümidi var idi. O, oğlanlarını Yusifin və Bin Yaminin ardınca bir daha Misirə yolladı və onlara Allahın rəhmətindən ümidlərini kəsməməklərini bərk-bərk tapşırdı. Bu minvalla qardaşlar üçüncü dəfə Misirə yollandılar. Onlar Yusifin hüzuruna gəlib, ona öz müsibətlərini və yoxsulluqlarını xəbər verib, ondan lütfkar olmasını istədilər. Yusifin hüznü bir az da artdı və ürəyi yumşaldı. Axı ondan kömək istəyənlər atasının oğlanları və peyğəmbərlərin nəvələri idi. O, daha özünü saxlaya bilməyib onlara dedi:
– Siz cahil olduğunuz zaman Yusifə və qardaşına nələr etdiklərinizi bilirsinizmi?(57)
Bu sirri onlardan və Yusifdən başqa heç kəs bilmirdi. Onlar başa düşdülər ki, Misirin xəzinədarı və padşahın vəziri olan Yusif onların quyuya atdıqları Yusifdir. Əlacsız qalan qardaşların bunu etiraf etməkdən başqa çarələri qalmamışdı. Onlar:
– Yoxsa sən Yusifin özüsən?! – dedilər.
O da:
– Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə lütf etdi. Kim Allahdan qorxub, pis əməllərdən çəkinsə və səbr etsə, (bilsin ki,) Allah yaxşı işlər görənlərin mükafatını əsla zay etməz! – deyə cavab verdi.
Onlar:
– Allaha and olsun ki, Allah səni bizdən üstün etmişdir. Biz isə sənin barəndə, sözsüz ki, günah etmişik! – dedilər.
Yusif dedi:
– Bu gün sizə heç bir məzəmmət yoxdur. Allah sizi bağışlasın! O rəhmlilərin ən rəhmlisidir. (58)
Yusif atası Yaqubu görmək üçün darıxmağa başladı. Onların ayrılığı artıq çox uzun olmuşdu. Artıq sirrin üstü açılmışdı və Allah Yaqubun gözlərini güldürəcəkdi. Yaqubun ağlamaqdan gözləri tutulmuşdu. Yusif qardaşlarına dedi:
– Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün, o (yenidən) görməyə başlayar. Bütün ailənizi də yığıb yanıma gəlin!
Karvan (Misirdən) ayrılanda ataları Yaqub (yanındakı övladlarına) dedi:
– Əgər məni səfeh hesab etməsəydiniz, deyərdim ki, Yusifin ətrini alıram!
Onlar:
– Allaha and olsun ki, sən yenə öz köhnə səhvində qalmaqdasan! – dedilər.
Muştuluqçu gəlib köynəyi Yaqubun üzünə sürtən kimi onun gözləri açıldı və o:
– Məgər sizə demədimmi ki, mən Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! – söylədi.
(Oğlanları ona):
– Ata! Bizim üçün günahlarımızın bağışlanmasını dilə. Biz, doğrudan da, günahkar olmuşuq! – dedilər.
Yaqub dedi
– Mən Rəbbimdən sizin bağışlanmanızı diləyəcəyəm. O, həqiqətən, bağışlayan, rəhm edəndir! (59)
Nəhayət Yaquba öz sevimli oğlunu bir daha görə bilmək nəsib oldu. O gəlib Misirə çatanda Yusif onu qarşıladı. Onların hər ikisinin sevincinin həddi-hüdudu yox idi. O gün Misir üçün əlamətdar bir gün idi. Yusif ata-anasını taxt üstünə qaldırdı. Onlar Yusifə təzim edib əyildilər. Yusif dedi:
– Bu əvvəl gördüyüm yuxunun yozumudur. Rəbbim o yuxunu həqiqətə çevirdi.(60)
Yusif çoxlu şükür edib, onun şəninə gözəl sözlər söylədi. Yaqub və onun ailəsi ömürlərinin sonunadək Misirdə sülh və əminamanlıq içində yaşadılar. Lakin bu əminamanlıq və səltənət Yusifi Allahı yad etməkdən bir an belə yayındırmadı. O daima Allaha ibadət edib, Onun əmrlərinə bacardığı qədər itaət edirdi. Yusif Allaha dua edib deyirdi:
– Ey Rəbbim! Sən mənə səltənətdən (istədiyimdən də artıq) bir pay verdin. Mənə yuxu yozmağı öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (61)
Göndərilib: Çər. Mar. 16, 2005 5:37 pm İsmarış mətni:
-b-
Nuh əleyhissəlamın gəmisi
Allah Adəmin övladlarına və ailəsinə Öz bərəkətini bəxş etdi. Adəmin övladları günü-gündən artırdılar. Onlar o qədər artmışdılar ki, hətta Adəm onların hamısını tanımırdı. Adəmin övladları çoxlu binalar tikmiş və kəndlər salmışdılar. Onlar torpağı əkib-becərir, atalarının yolu ilə gedirdilər. İnsanlar vahid bir ümmət idilər. Hamı tək olan Allaha ibadət edir, ona heç nəyi şərik qoşmurdu. Lakin insanların tək Allaha ibadət etmələri, onların sülh içində və biri-birlərinin haqqını tapdalamadan yaşamaqları İblisi narahat edirdi. Axı o Adəmə səcdə etmədiyinə görə Allah onu lənətləmiş və Öz Rəhmətindən qovmuşdu. Onun Cəhənnəmə atılacağı halda Adəmin öz övladlarıyla Cənnətə girəcəyi ilə İblis heç cür razılaşa bilmirdi. O mütləq Adəmdən və övladlarından buna görə intiqam almalı idi. Şeytan (İblis) çox yaxşı bilirdi ki, əgər insanlar Allahı qoyub bütlərə ibadət etsələr Cənnətə əsla girə bilməyəcəklər. O, Allahın şirki əsla bağışlamadığından, bundan başqa isə olan günahları istədiyinə bağışladığından xəbərdar idi. Elə buna görə də Şeytan istəyirdi ki, insanlar Allaha şərik qoşsunlar. O zaman onların Cənnətə daxil olmaları mümkün olmayacaqdı. Bəs şeytan bunu necə edə bilərdi. Axı insanlar tək Allaha ibadət edirdilər. Əgər o insanların yanına gedib «Allaha ibadət etməyin, bütlərə ibadət edin» desəydi, insanlar onu söyüb, qovardılar və deyərdilər:
– Allah bizi qorusun! Rəbbimizə şərik qoşaq? Bütlərə ibadət edək? Sən həqiqətən murdar və lənətə gəlmiş şeytansan!
Amma hiyləgər şeytan insanları yoldan çıxartmaq üçün yol tapa bildi.
İnsanların arasında Allahdan lazımınca qorxan, gecə və gündüz Allaha ibadət edən və Onu çox yad edən adamlar var idi. Onlar Allahı sevdikləri kimi Allah da onları sevirdi və onların dualarını qəbul edirdi. Camaat da bu saleh insanları çox sevirdilər və onlara hörmət edirdilər. Adəm övladlarından intiqam almağa çalışan şeytan bütün bunlardan xəbərdar idi. O saleh adamlar ölüb dünyalarını dəyişdikdən sonra şeytan insanların yanına gedib onlara dedi:
– Ölüb gedən bu kişilər necə adamlar idi?
Onlar dedilər:
– O kişilər Allahın sevimli bəndələri idilər, dua etsələr duaları qəbul olardı, Allahdan bir şey istəsələr, Allah onlara istədiklərini verərdi.
Şeytan dedi:
– Onlar üçün acıyırsınızmı?
İnsanlar dedilər:
– Əlbəttə, biz onlar üçün çox kədərlənirik.
Şeytan dedi:
– Bəs nə üçün onlara hər gün baxmırsınız?
İnsanlar dedilər:
– Biz bunu necə edə bilərik, axı onlar ölüblər?
Hiyləgər şeytan yavaş-yavaş öz məkrli niyyətini həyata keçirməyə başladı və onlara belə dedi:
– Onların şəkillərini çəkin və hər gün bu şəkillərə baxın.
Şeytanın bu fikri insanların xoşuna gəldi və onlar artıq ölüb getmiş sevimli Allah bəndələrinin şəkillərini çəkib hər gün bu şəkillərə baxmağa başladılar. İnsanlar bu şəkillərə baxmaqla o adamları, onların etdikləri gözəl əməlləri xatırlayırdılar. İnsanlardan bəziləri isə bu şəkillərdən heykəllər düzəltməyə başladı. Ölüb getmiş saleh insanların heykəllərini düzəltmək onların daha çox xoşlarına gəldi. Onlar çoxlu heykəllər düzəldib evləri və məscidləri bu heykəllərlə doldurdular. Lakin insanlar hələ də tək Allaha ibadət edirdilər və Ona heç bir şeyi şərik qoşmurdular. Onlar başa düşürdülər ki, bu heykəllər ölüb getmiş insanların heykəlləridir və onlar daşdan və ya taxtadan olduqları üçün heç bir fayda və zərər verə bilməzlər. İnsanı yaradan, ona ruzi verən, onu yaşadan və öldürən yalnız Allahdır. İnsanlar bu heykəllərdən yalnız bərəkət umurdular. Heykəllərin sayı artdıqca onlara olan ehtiram da artırdı. Bir yaxşı adam vəfat edən kimi, onun heykəli düzəldilir və onun adı ilə adlandırılırdı. Bütün bunlar yavaş-yavaş keçmişdə qaldıqca yeni gələn nəsil atalarının bu heykəllərə göstərdikləri hörmət və ehtiramı görüb onlara qarşı daha da ehtiramla davranırdılar. Əgər ataları bu heykəllərin önündə başlarını əyib təzim edirdilərsə, övladlar artıq bu heykəllərə səcdə etməyə başladılar. Onlar heykəlləri öpür, onların yanında dualar edirdilər. Hətta heykəllər üçün qurbanlar kəsir və onlardan kömək diləyirdilər. Beləliklə insanlar özlərinin daşdan və ya taxtadan düzəltdikləri bütləri özləri üçün ilahlar etməyə başladılar. Bütləri Vədd, Suva, Yəğus, Yəuq və Nəsr adları ilə çağırırdılar. Bu bütlərə sanki Allaha ibadət edirmişlər kimi ibadət edirdilər. Nəhayət Allahın insanlara qəzəbi tutdu və onları lənətlədi. Məgər Allah insanları bütlərə ibadət etsinlər deyə yaradıb, onlara ruzi vermişdir? Allahın yaratmış olduğu yerdə gəzib, Allahı inkar edirdilər, Allahın verdiyi ruzini yeyib, Allaha şərik qoşurdular. Bu isə çox böyük bir zülm idi. Ona görə də Allah insanlara qəzəbləndi. Allah onlar üçün yağış yağdırmadı, onların əkin sahələri qurudu və malları azaldı. Lakin onlar ağıllanmadılar və Allaha qarşı etdikləri pis əməllərindən tövbə etmədilər. Allah insanların arasından onlara doğru yolu göstərəcək və onlara nəsihət edəcək bir elçi göndərmək istədi. Çünki əgər Allah insanları tərbiyə etmək üçün mələk göndərsəydi insanlar deyərdilər: «Sən mələksən, yemirsən, içmirsən, xəstələnmirsən və ölmürsən. Sən Allahı daima yad edib, Ona ibadət edirsən. Biz isə insanıq, yeyirik, içirik, xəstələnirik və ölürük. Biz Allahı daima yada salıb, Ona ibadət edə bilmərik». Amma elçi onlar kimi bir insan olsaydı, o deyərdi: «Mən də sizin kimi bir insanam. Mən də yeyirəm, içirəm, xəstələnirəm və ölürəm. Lakin mən Allahı xatırlayıb, Ona ibadət edirəm. Bəs siz nə üçün Allaha ibadət etmirsiniz? Nə üçün Allahı yad etmirsiniz?» Və Allah insanlara ilk elçisini, Nuhu göndərdi. İnsanların arasında dövlətli adamlar və başçılar var idi, amma kimin Allahın elçisi ola biləcəyini və bu yükü daşıya biləcəyini Allah daha yaxşı bilir.
Nuh, saleh işlər görən, ağıllı, alicənab, mülayim və əmanətə sadiq olan bir kişi idi. Allah elçi olaraq Nuhu seçdikdən sonra ona belə vəhy etdi:
– Qövmünə şiddətli bir əzab gəlməmişdən əvvəl onları (Allahın əzabı ilə) qorxut! (62)
Nuh qalxıb öz tayfasının insanlarına dedi:
– Ey qövmüm! Həqiqətən mən sizi (Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! (63)
Nuhun tayfasının adamlarından bəziləri dedilər:
– Bu ki, dünənəcən bizim kimi bir insan idi. Bu gün isə deyir ki, o, Allah tərəfindən göndərilmiş elçidir.
Nuhun uşaqlıq dostları dedilər:
– Bu ki, uşaq vaxtı bizimlə qaçıb-oynayardı. Ona nə vaxt peyğəmbərlik verildi?
Varlı və təkəbbürlü olanlar isə dedilər:
– Məgər Allah bundan başqasını tapmadı? Varlılar dura-dura nəyə görə kasıbın birini bizə peyğəmbər göndərdi?
Cahillər isə belə dedilər:
– Bu sizin kimi yalnız adi bir insandır.(Peyğəmbərlik iddiası ilə) sizə böyüklük etmək istəyir. Əgər Allah (Ondan başqasına ibadət etməməyimizi) istəsəydi (bizə peyğəmbər olaraq insan deyil) mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik. (64)
İnsanlardan bəziləri də:
– Nuh bu yolla hörmət qazanıb, tayfanın başçılarından olmaq istəyir. – dedilər.
İnsanlar elə düşünürdülər ki, bütlərə ibadət etməkdə haqlıdırlar və bu doğru dindir. Bütlərə ibadət etməyənləri isə səfeh adlandırırdılar. Onlar deyirdilər:
– Nəyə görə Nuh ata-babalarımızın ibadət etdikləri bu bütlərə ibadət etmir?
Nuh isə bilirdi ki, bütlərə ibadət etmək zəlalət və səfehlikdir. O başa düşürdü ki, ata-babaları da zəlalət içində olublar. Çünki onların ulu babaları olan Adəm bütlərə ibadət etmirdi. Adəm, onları yaradan, Tək və şəriki olmayan Uca Allaha ibadət edirdi.
İnsanların açıq-aşkar zəlalət içində olduğunu görən Nuh tayfasının önünə çıxıb uca səslə dedi:
– Ey camaatım! Allaha ibadət edin. Sizin Ondan başqa heç bir tanrınız yoxdur. Mən (müsibəti) böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!
Tayfasının başçıları ona:
– Biz səni (haqq yoldan) açıq-aydın azmış görürük. – deyə cavab verdilər.
Nuh dedi:
– Mən (haqq yoldan) heç də azmamışam, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edir və öyüd-nəsihət verirəm. Allahdan (gələn vəhy ilə) sizin bilmədiklərinizi bilirəm! (65)
Nuh tayfasının bütləri tərk edib, Allaha ibadət etmələri üçün çox çalışdı. Lakin Nuha öz halal zəhməti ilə dolanan bir neçə insandan başqa heç kəs iman gətirmədi. Dövlətlilərə isə təkəbbürlü olmaları Nuha iman gətirmələrinə mane oldu. Onların var-dövləti və oğul-uşaqları başlarını qatıb axirət haqqında düşünməkdən çəkindirirdi. Onlar:
– Ey Nuh! Biz hörmətli insanlarıq, onlar isə rəzillərdir.Sənə ən rəzil (səfil, yoxsul) adamlar tabe olmuşkən, biz sənə imanmı gətirəcəyik? – dedilər (66)və Nuhdan bu miskinləri yanından qovmasını tələb etdilər.
Nuh onlara dedi:
– Mən iman gətirənləri qovan deyiləm! Mən yalnız (günahkarları Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm! (67)
Nuh bilirdi ki, bu yoxsullar Allaha səmimi qəlbdən iman gətiriblər və əgər onları qovsa Allah ona qəzəblənər. Sonra isə ona heç kəs kömək edə bilməz. Odur ki, o, camaatına dedi:
– Ey camaatım! Əgər mən onları qovsam, (bu hərəkətimə görə) məni Allahın əzabından kim qurtara bilər? Məgər (səhv etdiyinizi) düşünmürsünüz? (68)
Təkəbbürlü varlılar deyirdilər:
– Nuhun təbliğ etdiyi dində heç bir xeyir yoxdur və o haqq deyil. Çünki bu günədək biz hər cür xeyir işdə kasıbları qabaqlamışıq. Ən yaxşı yemək, ən gözəl paltar həmişə bizim olub. İnsanlar isə hər işdə bizə tabe olublar. Bu şəhərdə hər şeyin xeyirlisi bizim olmalıdır. Əgər (bu din) yaxşı bir şey olsaydı, (möminlər) bu işdə bizdən qabağa düşə bilməzdilər. (69)
Nuh yorulmadan öz tayfasına nəsihət edərək, onları Allahın dininə dəvət etməyə çalışırdı. O deyirdi:
– Allaha ibadət edin, Ondan qorxun və mənə də itaət edin! (Əgər belə etsəniz) O sizin günahlarınızdan keçər, sizə müəyyən vaxtadək (əcəliniz çatana qədər) möhlət verər. Allahın müəyyən etdiyi əcəl (ölüm) gəlib çatdıqda isə o əsla təxirə salınmaz. Kaş biləydiniz! (70)
Artıq Nuhun tayfasına Allahın qəzəbi tutmuşdu. Xeyli vaxt idi ki, Allah onlar üçün yağış yağdırmırdı. Onların əkin sahələri quruyur, malları günü-gündən azalırdı. Nuh onlara deyirdi:
– Ey camaatım! Siz bütlərdən üz döndərib, Allaha ibadət etməyincə Allah sizdən razı qalmayacaq və bu əzab da bitməyəcək. Məgər Allahı tanımırsınız? Bütün bu gördükləriniz Allahın ayətləridir. Məgər görmürsünüz ki, Allah yeddi göyü (bir-birinin üstündə) qat-qat necə yaratdı?! Orada ayı bir nur, günəşi də bir çıraq etdi. (71) Allah sizi yaratdı və yeri sizin üçün xalı etdi.
Nuhun tayfası isə onu başa düşmürdülər və iman gətirmədilər. Əksinə, Nuh hər dəfə onlara bir şey deyəndə onlar barmaqları ilə qulaqlarını yumurdular. Axı eşitməyən necə başa düşə bilər? Nuh uzun illər, düz doqquz yüz əlli il insanları haqqa dəvət etdi. İnsanlar isə əsla iman gətirmirdilər. Onlar bütlərə ibadət etməkdən əl çəkib, Allaha tərəf dönmürdülər. Allahın verdiyi ruzini yeyib daşlara ibadət edirdilər. Bütün bunlara Nuh heç kəsin edə bilməyəcəyi bir təmkinlə nə az, nə çox düz doqquz yüz əlli il səbr etdi. Nəhayət Nuha belə vəhy olundu:
– Əvvəlcə iman gətirənlərdən başqa, tayfandan daha heç kəs iman gətirməyəcək. Onların etdikləri əməllərə görə kədərlənmə! (72)
Nuh bir daha tayfasını Allahın dininə dəvət etmək istədikdə, onlar dedilər:
– Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək! (73)
Onların bu sözləri Nuhu çox qəzəbləndirdi və o, Allaha belə dua etdi:
– Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! (74)
Allah Nuhun duasını qəbul etdi və kafirlərin hamısını suda batırmağı hökm etdi. Lakin Nuhun və ona iman gətirənlərin bu bəlaya düçar olmamaqları üçün Allah Nuha böyük bir gəmi düzəltməyi əmr etdi. Nuh Allahın əmri ilə böyük bir gəminin inşasına başladı. Camaat Nuhun bu işlə bərk məşğul olduğunu görüb, onu məsxərəyə qoyub deyirdilər:
– Bu nədir ey Nuh! Nə vaxtdan dülgər oldun? Biz sənə deyəndə ki, bu miskinlərlə az otur, bizim sözümüzü eşitmədin. Bax, indi gəlib özün də dəmirçi və dülgər oldun. Sənin işlərinin hamısı qəribədir, ey Nuh! Yaxşı, bəs bu gəmi harada üzəcək? Dağa dırmanacaq, ya qumun üstündə gedəcək? Dəniz buradan çox uzaqdadır. Onu cinlər ora aparacaq, ya öküzlər dartacaq?
Nuh öz tayfasının camaatından bundan da ağır sözlər eşidirdi, lakin o Allah xatirinə səbr edir və hərdən onlara belə deyirdi:
– Əgər (indi) siz bizi məsxərəyə qoyursunuzsa, biz də (Allahın əzabı gəldikdə) sizi siz bizi məsxərəyə qoyduğunuz kimi məsxərəyə qoyacağıq. (75)
Nəhayət Allahın vəd etdiyi o dəhşətli gün gəlib çatdı. Səmadan yerə elə bil yağış yağdı ki, sanki səma su saxlamayan bir ələk idi. Yağışın suyu axıb insanları hər bir tərəfdən əhatə etdikdə Allah Nuha belə vəhy etdi:
– Hər heyvandan biri erkək, biri dişi olmaqla bir cüt, həmçinin əleyhinə (ölümünə) əvvəlcədən hökm verilmiş şəxslər istisna olmaqla, qalan ailə üzvlərini və iman gətirənləri gəmiyə mindir! (76)
Nuh Allahın əmr etdiyi kimi etdi. Çünki, tufan tək insanları deyil, heyvanları da məhv edəcəkdi. Beləliklə Nuhun gəmisində tayfasından ona iman gətirənlər və heyvanların və quşların hər növündən bir cüt olmaqla nicat tapdılar. Lakin Nuhun kafirlərlə dostluq edən və atasının peyğəmbər olduğuna inanmayan bir oğlu var idi. Gəmi onları dağlar kimi (yüksək) dalğaların içi ilə apardığı zaman Nuh gəmidən aralı olan oğlunu haraylayıb dedi:
– Oğlum! Bizimlə birlikdə gəmiyə min, kafirlərdən olma!
Oğlu ona belə cavab verdi:
– Mən bir dağa sığınaram, o da məni sudan qoruyar.
Nuh dedi:
– Allahın rəhm etdiklərindən başqa bu gün heç kəs (insanları) Onun əzabından qoruya bilməz!
Nəhayət, dalğa ata ilə oğulun arasına girib onları bir-birindən ayırdı və o da suda boğulanlardan oldu. (77)Nuh oğlu üçün çox kədərləndi. O oğlunun Qiyamət günü atəşə atılmasını istəmirdi. Axı atəşin əzabı suyun əzabından daha şiddətlidir. Həm də Allah Nuha onun ailəsini xilas edəcəyini vəd etmişdir. Odur ki, Nuh Rəbbinə (dua ilə) müraciət edib dedi:
– Ey Rəbbim! Oğlum mənim ailə üzvlərimdəndir. Sənin vədin, sözsüz ki, haqdır. Sən hakimlərin hakimisən!
Allah buyurdu:
– O sənin ailəndən deyildir. Çünki o (küfr etməklə) pis bir iş görmüşdür. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm. (78)
Əlbəttə, Allah müşrik üçün heç bir kəsin şəfaətini qəbul etməz. Allah insanın kim olduğuna və ya kimin övladı olduğuna deyil, onun nə əməl etdiyinə baxır. Odur ki, səhvini başa düşən Nuh Allaha tövbə edib dedi:
– Ey Rəbbim! Bilmədiyim bir şeyi Səndən istəməkdən (belə bir işə cürət etməkdən) Sənə sığınıram. Əgər məni bağışlamasan, rəhm etməsən, ziyana uğrayanlardan olaram! (79)
Allahın istəyi ilə kafirlərin hamısı suda boğulub öldükdən sonra Allahdan bir əmr olaraq:
– Ey yer! Suyunu ud! Ey göy! Yağışını saxla, açıl! – deyildi.
Su çəkildi. İş bitdi. Gəmi Cudi dağı üzərində oturdu və:
– Zalimlər məhv olsun! – deyildi. (80)
Sonra isə Nuha əmin-amanlıqla gəmidən enməsi buyuruldu. Nuh və onunla olanlar gəmidən enib yer üzərində sülh və yaxşılıq içində yaşamağa davam etdilər. Allah Nuhun ailəsinə Öz xeyir-bərəkətini bəxş etdi. Onlar artıb çoxlu-çoxlu ümmətlər oldular və Allah onların arasından yeni-yeni elçilər seçdi.
Bütün aləmlər (bəşər əhli) içərisində Nuha salam olsun! (81)
Bu forumda yeni mövzu aça bilməzsiniz. Bu forumdakı ismarışlara cavab verə bilməzsiniz. Bu forumdakı ismarışlarınızı redaktə edə biməzsiniz. Bu forumdakı ismarışlarınızı silə bilməzsiniz. Bu forumdakı sorğularda səs verə bilməzsiniz.