ƏHLI-BEYTIN FƏZILƏTI
1. Abdullah bin Abbasdan (Allah ondan razı olsun!) rəvayət olunur: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur:
-Ne'mətləri ilə sizi bəslədiyi üçün Allahı sevin. Allahı sevdiyiniz üçün məni sevin. Məni sevdiyiniz üçün əhli-beytimi sevin" (ət-Tirmizi; Mənaqib, 4042, hədis həsən, qəribdir).
Hər cür ne'mət verdiyi üçün, xəlq etdiyi üçün Allah sevilir. Allahı seviriksə, istər-istəməz peyğəmbərini sevəcəyik, çünki o, həbibullahdır-Allahın dostudur. Dostun dostu sevilir. Peyğəmbərin ailəsinə sevgi isə peyğəmbərə olan sevgidən irəli gəlir.
2. Sa'd bin Əbu Vaqqas (Allah ondan razı olsun!) rəvayət edir: "Sənə göndərilən elmdən sonra buna dair səninlə mübahisə edənlər olsa, onlara de ki: "GƏLIN BIZ DƏ OĞLANLARIMIZI, SIZ DƏ OĞLANLARINIZI; BIZ DƏ QADINLARIMIZI, SIZ DƏ QADINLARINIZI; BIZ DƏ ÖZÜMÜZÜ, SIZ DƏ ÖZÜNÜZÜ ÇAĞIRAQ!" (Ali-Imran, 61) nazil olanda, Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım, bunlar da mənim ailəmdir" buyurdu" (ət-Tirmizi; Təfsir, Ali-Imran, 3002).
3. Ummu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) evinin qapısında oturduğum zaman bu ayə nazil oldu: "... SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ISTƏR!" (əl-Əhzab, 33).
Evdə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!), Əli, Fatimə, Həsən və Hüseyn vardı. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onları örtüklə bürüdü və: "Allahım, bunlar mənim əhli-beytimdir, bunlardan çirkinliyi yox et və bunları təmizlə"-dedi.
Mən dedim: "Ya Rəsulullah, mən əhli-beytdən deyiləmmi? Dedi: "Sən onsuzda (əslində, ümumiyyətlə) xeyirdəsən. Sən Peyğəmbərin arvadlarındansan" (ət-Tirmizi; Mənaqib, 3870).
Bu hədis əhli-beytin islam ümmətindəki ali dərəcəsini təsdiq edir.
Qur'anda buyrulan "əhli-beyt" kimdir məsələsində alimlər ixtilaf etmişlər:
1) Ibn Abbas, Ikrimə, Miqatil, Səid bin Cübeyr (Allah onlardan razı olsun!) kimi böyük səhabələrə görə əhli-beytə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları daxildir. Çünki əl-Əhzab surəsinin 28-34-cü ayələrində müraciət peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarına edilir: "YA PEYĞƏMBƏR! ARVADLARINA BELƏ DE: "ƏGƏR SIZ DÜNYA HƏYATINI VƏ ONUN DƏBDƏBƏSINI ISTƏYIRSINIZSƏ, GƏLIN SIZƏ TALAQ HAQQINIZI VERIM VƏ GÖZƏL BIR TƏRZDƏ BOŞAYIM! YOX, ƏGƏR ALLAHI, ONUN RƏSULUNU VƏ AXIRƏT YURDUNU ISTƏYIRSINIZSƏ, ALLAH IÇƏRINIZDƏN YAXŞI IŞLƏR GÖRƏNLƏR ÜÇÜN BÖYÜK BIR MÜKAFAT HAZIRLAMIŞDIR. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! SIZDƏN HANSI BIRINIZ AÇIQ-AŞKAR BIR ÇIRKIN IŞ GÖRSƏ, ONUN ƏZABI IKIQAT OLAR. BU, ALLAH ÜÇÜN ASANDIR! SIZDƏN HƏR KIM ALLAHA VƏ RƏSULUNA ITAƏT EDIB YAXŞI IŞLƏR GÖRSƏ, ONUN MÜKAFATINI IKIQAT VERƏRIK. BIZ ONUN ÜÇÜN TÜKƏNMƏZ GÖZƏL VƏ MINNƏTSIZ RUZI HAZIRLAMIŞIQ. SIZ EY PEYĞƏMBƏRIN ARVADLARI! ALLAHDAN QORXACAĞINIZ TƏQDIRDƏ SIZ (BAŞQA) QADINLARIN HEÇ BIRI KIMI DEYILSINIZ. BUNA GÖRƏ DƏ YAD KIŞILƏRLƏ YUMŞAQ DANIŞMAYIN, YOXSA QƏLBINDƏ MƏRƏZ (ŞƏKK, NIFAQ VƏ GÜNAH MƏRƏZI) OLAN TAMAHA (ÖZGƏ TƏMANANNAYA) DÜŞƏR. (DANIŞDIĞINIZ ZAMAN) GÖZƏL DANIŞIN. EVLƏRINIZDƏ QƏRAR TUTUN. ILKIN CAHILIYYƏT DÖVRÜNDƏKI KIMI AÇIQ-SAÇIQ OLMAYIN. NAMAZ QILIN, ZƏKAT VERIN, ALLAHA VƏ RƏSULUNA İTAƏT EDIN. SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ETMƏK ISTƏR! ALLAHIN EVLƏRINIZDƏ OXUNAN AYƏLƏRINI VƏ HIKMƏTI (PEYĞƏMBƏRIN QOYDUĞU QAYDA-QANUNU) XATIRLAYIN. ALLAH (MÖ'MINLƏRƏ) LÜTFKARDIR VƏ XƏBƏRDARDIR" (əl-Əhzab, 28-34).
Bu ayələrdən görünür ki, "ev" deyildikdə Peyğəmbər və arvadlarının yaşadığı məskənlər nəzərdə tutulur və müraciət arvadlaradır.
2) Səhabələrdən Əbu Səid əl-Xudri, Mücahid, Qatadə isə ev-əhlinin Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) olduğunu demişlər. Onların belə demələrinin dəlili "Siz ey ev əhli" ayəsində müraciət formasının ərəb dilinə görə zahirən qadınlara deyil, kişilərə olmasıdır.
Birinci rə'y tərəfdarları 2-ciyə belə münasibət bildirirlər ki, müraciətin qadınlara deyil, kişilərə olması dəlil ola bilməz, çünki bu ərəb dilinin bəlağətindən irəli gəlir. Bə'zən təkə cəm kimi, ikiliyə cəm kimi, qadınlara bir nəfər kişi kimi və s. formalarda müraciət edilir. Və Qur'anda bunlara sübutlar var. Məsələn əl-Maidə surəsinin 6-cı ayəsində dirsək və əlin iki olmasına baxmayaraq, "iki dirsəyi" və "iki əlinizi" deyil, cəm formada "dirsəkləriniz də daxil olmaqla əllərinizi" yuyun deyilir. Hansı ki, ərəb dilində "iki dirsəyi" və "dirsəklərinizi", "iki əlinizi" və "əllərinizi" sözlərinin müxtəlif deyiliş forması var. Eləcədə "topuqlar" sözü cəm formasında olmasına baxmayaraq, ayədə "iki topuq" kimi işlədilib. Həmçinin Qur'anda başqa yerdə-Hud surəsinin 72-73-cü ayəsində: "(Ibrahimin arvadı): "Vay halıma! Mən qoca bir qarı, bu ərim də ixtiyar bir kişi olduğu halda mən necə doğa bilərəm?! Bu çox təəccüblü bir şeydir!" (Mələklər ona) dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev əhli! Allahın bərəkəti və mərhəməti üstündə olsun..."-deóilir. Burada da müraciət edilərkən, qadınlara xas olan "sizə" şəxs əvəzliyi kimi, "aleykunnə" əvəzinə "aleykum"-kişilərə müraciət forması işlədilir. Hətta ərəb dilində "keyfə əhlukə" (arvadın, ailən necədir?) sualına "hum bixeyr" (onlar yaxşıdır) kimi cavab verilir. "Hum" isə kişi cinsinə aid şəxs əvəzliyidir.
Deməli, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları əhli-beytə daxildirlər. Əgər müraciət forması kişilərədirsə, bəs Fatimə? Onda gərək Fatimə ev əhlinə daxil edilməsin.Yox, əgər Fatimənin əhli-beytə daxil edilməsinə səbəb onu Peyğəmbər öz əbasının altına salmasıdırsa, onda yalnız əba altına salınan 4 nəfər-Əli,Fatimə,Həsən və Hüseyn (Allah onlardan razı olsun!) əhli-beytə daxildirlər. Bu da doğru deyil. Çünki əhli-beyt məfhumu geniş olub, ora çoxları daxildir.
Bu iki fikir arasındakı ixtilafların təfərruatını araşdırmamaq üçün 3-cü orta bir fikir var ki, o da budur:
3) Qurtubi və Ibn Kəsir kimi təfsir alimlərinə görə "Siz ey ev əhli" ayəsində zikr olunan "ev əhli"-nə həm Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları, həm də Əli, Fatimə, Həsən və Hüseyn (Allah onların hamısından razı olsun!) aiddir. Çünki, Ibn Abbas və başqalarının rəvayətləri də bildirir ki, Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) evində sakin olanlar onun arvadlarıdır və ayələrdə müraciət onlaradır. Digər tərəfdən Əli, Fatimə, Həsən və Hüseyn də (Allah onlardan razı olsun!) nəsəb və ailə baxımından əhli-beytə daxildirlər. Ayənin onların səbəbi ilə nazil olmasını bildirən rəvayətlər də bu fikirdə olmaq üçün dəlildir.
Hədisdə ikinci incə məsələ Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Ummu Sələməyə "sən (onsuzda, ümumiyyətlə) xeyirdəsən. Sən Peyğəmbərin arvadısan" deməsidir. Bunu iki cür yozmaq olar:
1-ci mə'na: "Sən onsuzda (əslində,ümumiyyətlə) xeyirdəsən. Mənim əhli-beytimdən olduğuna görə, bir də örtüyün altına girməyə ehtiyacı yoxdur". Onun örtüyün altına salınmasının qarşısını alan Əlinin (Allah ondan razı olsun!) örtüyün altında olmasıdır.
2-ci mə'na: "Sən əhli-beytimdən olmasan da xeyirdəsən". Çünki o, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarındandır.
Alimlərin fikrinə görə birinci mə'nada yozma daha mö'təbər sayılır. Çünki başqa rəvayətlər qadınlarını əhli-beytə aid edib. Doğrusunu Allah bilir.
4. Ənəs bin Malik (Allah ondan razı olsun!) rəvayət edir: "SIZ EY EV ƏHLI! ALLAH SIZDƏN ÇIRKINLIYI YOX ETMƏK VƏ SIZI TƏRTƏMIZ, PAK ETMƏK ISTƏR!" (əl-Əhzab, 33) ayəsi nazil olanda Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) namaza gedərkən 6 aya yaxın bir müddətdə Fatimənin (Allah ondan razı olsun!) qapısından keçərkən: "Namaza gəlin, ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər!"-deóərdi". (ət-Tirmizi; Təfsir, əl-Əhzab, 3204).
5. Aişə (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) üzərində qara naxışlı bir parça olduğu halda çıxdı. Bu zaman Həsən gəldi. Onu örtüyün altına saldı, sonra Hüseyn gəldi, onu da saldı, sonra Fatimə gəldi, onu da saldı. Sonra Əli gəldi, onu da saldı. Sonra dedi: "Siz ey ev əhli! Allah sizdən çirkinliyi yox etmək və sizi tərtəmiz, pak etmək istər" (əl-Əhzab, 33). (Müslim; Fadalius- səhabə, 61/2424).
6. Yezid bin Həyyan rəvayət edir: "Bir gün Hüseyn bin Səbrə və Amr bin Muslim ilə birlikdə Zeyd bin Ərqamın (Allah ondan razı olsun!) yanına getmişdik. Oturarkən Hüseyn, Zeyd bin Ərqama belə dedi: "Ey Zeyd, sən çox xeyirlə qarşılaşdın. Rəsulullahı (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) gördün, eşitdin, birlikdə döyüşlərdə oldun və arxasında namaz qıldın. Beləcə neçə xeyirli işlər sənə nəsib oldu. Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərindən danış. Dedi: "Ey qardaşımın oğlu, vallahi yaşlandım, aradan çox il keçib, Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdiklərimdən bə'zilərinin unutmuşam. Indi rəvayət edəcəklərimi qəbul edin, susanda məcbur etməyin:
-Məkkə və Mədinə arasında "Xum" adlanan yerdə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bir bulaq başında xütbə verdi. Allaha həmd-səna etdikdən sonra belə buyurdu: "Ey insanlar! Mən ancaq bir bəşər övladıyam. Rəbbimin elçisinin gəlib ona cavab verəcəyim, qayıdacağım gün yaxınlaşır. Sizə iki ağır şey tərk edirəm. Birinci Allahın hidayət və nur olan kitabı Qur'andır. Allahın kitabını tutun və ondan möhkəm yapışın". Qur'an haqqında rəğbətləndirici sözləri söylədikdən sonra dedi: "Ikinci əhli beytimdir. Əhli beytim haqqında Allahdan qorxmağınızı, xəta etməməyinizi yadınızda saxlayın"-deóərək bunu 3 dəfə təkrarları.
Hüseyn: "Ey Zeyd, əhli beyti kimdir? Arvadları əhli beytdən deyilmi?"-deóərək soruşdu.
Zeyd dedi: "Qadınları da əhli beytdəndir. Lakin, əhli-beyt özündən sonra sədəqə almaları haram olan kəslərdir" dedi. Onlar kimdir?-deóəndə:
Zeyd dedi: "Əlinin ailəsi, Aqilin ailəsi, Cə'fərin ailəsi, Abbasın ailəsidir".
Hüseyn: "Onların hamısına sədəqə haramdır" soruşanda, Zeyd: "Bəli" dedi" (Müslim; Kitabul- fadail, 2408).
Hədisi rəvayət edən Yezid bin Həyyan güvənilmiş rəvayətçidir. Orta yaşlı tabiinlərdən-səhabələri görənlərdəndir.
Zeyd bin Ərqam Rəsulullahla (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) 17 döyüşdə iştirak edib. Peyğəmbərdən 70 hədis rəvayət edib, hicrətin 56-cı ilində Kufədə vəfat edib.
Hədisdəki "sədəqə" sözündən məqsəd zəkatdır. Bu hədis başqa rəvayətdə belədir:
7. Yezid bin Həyyan, Zeyd bin Ərqamdan (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah buyurmuşdur ki: "Xəbəriniz olsun! Mən sizə iki ağır şey tərk edirəm ki, birincisi Allah-Təalanın Kitabıdır. O, Allahın ipidir. Kim ona bərk yapışsa, tabe olsa, o , hidayət üzrədir (doğru yoldadır), kimdə onu tərk etsə zəlalət üzrədir (yolunu azar). Ikinci itrətim, əhli beytimdir". Biz dedik: "Qadınları əhli-beytdəndirmi?" Dedi: "Xeyir. Allaha and olsun ki, qadın əri ilə bir müddət bərabər olur. Boşandıqda o atasının yanına, öz qövmünə qayıdır. Rəsulullahın əhli-beyti, nəslindən olub özündən sonra sədəqə haram olan, ata tərəfdən olanlardır". (Müslim; Fadail- səhabə, 2408).
Yuxarıda, 3 nömrəli hədisin şərhində "əhli-beyt kimlərdir?" ixtilafını azacıq araşdırdıq.
6-cı və 7-ci hədisdə zahirən görünən ziddiyyət Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadlarının ümumən, Əli, Aqil, Cəfər və Abbasın ailələrinin (Allah onlardan razı olsun!) isə xüsusi olaraq əhli-beytə daxil olmasından irəli gəlir.
Sual yarana bilər ki, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbası ilə Əli, Fatimə, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) örtmüşsə, sonrakı nəsil peyğəmbərin vaxtında yaşamadığı halda həmin hadisədə (əba altına salınma) olmayıblarsa, əhli-beytə necə daxil edildilər? Belə izah etmək olar ki, peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) öz əbasının altına yalnız Əli, Fatimə, Həsən və Hüseynin (Allah onlardan razı olsun!) salınmasına baxmayaraq sonrakı nəsillərində əhli beytə aid edilməsinə səbəb onların Əlinin ailəsi və ata tərəfdən yaxın olmalarıdır. Bu onu göstərir ki, əhli-beytə yalnız Əli, Fatimə, Həsən və Hüseyn (Allah onlardan razı olsun!) daxil deyil.
Ixtilafın araşdırılmasını "sədəqə kimlərə verilməlidir" yönümündən də aparsaq müəyyən təzadları görmək olar.
Şübhə yoxdur ki, hər bir kişinin arvadı boşanmayıbsa o, onun ailəsinin üzvüdür. Lakin peyğəmbərin arvadları boşanmış olarsa başqa kişilərə onlarla evlənmək haramdır: (Əhzab 6)
Hədisdə peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) bizə tərk etdiyi ikinci əmanət əhli-beytidir. Əhli-beytinə yardım etmək, onları "zəkat malı alan" vəziyyətə salmamaq hədisin qayəsidir.
Bu hədislər və onların şərhləri göstərir ki, "ev əhlinə kimlər daxildir" sualının cavabı belədir: Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) arvadları, Əlinin, Aqilin, Cəfərin, Abbasın ailələri (Allah onlardan razı olsun!) onun ev əhlinə daxildir.
8. Ibn Ömər (Allah ondan razı olsun!) Əbu Bəkirin (Allah ondan razı olsun!) belə dediyini rəvayət edir: "Məhəmmədə əhli-beytinin içində hörmət edin".
(Buxari: Kitabul- fadail əshab 12/60, 24/91).
Əbu Bəkr (Allah ondan razı olsun!) bu cür müraciət edərək Rəsulullahın (Allah ondan razı olsun!) hörmətini əhli-beyt arasında saxlamağa çağırmışdır.
Hədisdə, Rəsulullahın əhli-beytinə hörmətə, sevgiyə, əhli-beytini ucaltmağa işarə vardır. Bu "əhli-beytə əziyyət verməyin, pis söz deməyin" deməkdir.
Ev sahibini sevən o evin ailə üzvlərini də sevməlidir. Ailə üzvlərinə edilən əziyyətin o ev sahibini narahat edəcəyini düşünmək lazımdır. Şübhə yoxdur ki, ailə üzvləri ilə yaxşı münasibətdə olmaq, ailə başçısını məmnun edər. Bunun kimi də peyğəmbər üçün əhli-beytini sevməli və yaxşılıqdan başqa bir şey onlar haqqında düşünməməlidir. Ilk müsəlmanların tövsiyyələri belə olmuşdur.
Allah bizi onların sevgisi ilə yaşatsın və öldürsün!
Allah bizi onlarla həşr etsin!
Amin!
Səhabələrin fəziləti:
Əli bin Əbu Talib (Allah ondan razı olsun!) fəziləti
1. Ənəs bin Malik (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Allah ondan razı olsun!) çərşənbə axşamı günü namaz qıldı" (ət-Tirmizi; Mənaqib, 3976, hədis qəribdir).
Bə’zi alimlər bu hədisə əsaslanaraq Əlinin (Allah ondan razı olsun!) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.
2. Abdullah bin Ömər (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) səhabələri bir-biri ilə qardaşlaşdırılmışdı. Əli (Allah ondan razı olsun!) gəldi və dedi:
-Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) dedi:
-Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (ət-Tirmizi; Mənaqib, 3722).
3. Zeyd bin Ərqam (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) demişdir: "Mən kimin dostuyamsa, Əli də onun dostudur" (ət-Tirmizi; Mənaqib, 3714).
4. Sa’d bin Əbu Vaqqas (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Tabuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Allah ondan razı olsun!) soruşdu:
-Eó Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan?
Rəsulullah cavab verdi:
-Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur".
(Buxari; Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54, Müslim; Fədail-əshab, 31 (2404), ət-Tirmizi; Mənaqib, 3731).
5. Müslim və Tirmizinin rəvayətlərində deyilir:
"Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Xeybər günü dedi:
-Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsuluda onu sevir.
Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha görünsünlər. Amma o dedi:
-Əlini yanıma gətirin.
Əlini gətirdilər, amma gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi. Rəvayəti edən daha sonra deyir ki: "... gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı;..." (Ali-Imran, 61) ayəsi nazil olduğu zaman Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım bunlar mənim ailəmdir!" buyurdu" (Buxari; Kitabul- məğazi, 4/231, Müslim; Fədail- əshab 32, (2404), ət-Tirmizi; Mənaqib, 3726).
Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli:
- Allah və Rəsulunu sevir
- Allah və Rəsulu da onu sevir. Bu böyük müjdədir.
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi bütün ne’mətlərdən ən xeyirlisidir.
- Xeybərin fəthi Əlinin (Allah ondan razı olsun!) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində mühüm hadisədir. Çünki bu, Allah və Rəsulunun o kimsəni sevdiyinə sübutdur və əvvəlcədən xəbər verilir. Minlərlə dünya səadətində xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) görünmək istəmişlər. Hətta Ömər ibn Xəttab (Allah ondan razı olsun!) belə deyir: " Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı bayrağı mənə verərdi" ümidi ilə Rəsulullaha (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) görünmək üçün başımı irəli uaztdım".
Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) ailəsidir.
6. Zirr bin Hübeyşi Əlidən (Allah ondan razı olsun!) belə eşitdiyini rəvayət edir: "Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi peyğəmbərim (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) mənə mö’minin məni sevəcəyinə, münafiqin məndən üz çevirəcəyini əhd etdi" (Müslim; Iman 131, (78); ət-Tirmizi; Mənaqib, 3737; Nəsai; Iman, 20, (8, 117).
"Toxumu çatladan" toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə təbii bir normal hal kimi görünür. Əslində bu bir mö’cüzədir. Bəsit bir dənə torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar "dənənin açılması"nın nəticəsidir. Buna görə Əli (Allah ondan razı olsun!) hadisənin sahibi Allaha andla sözə başlayır. Çünki Allah əl-Ən’am surəsinin 95-ci ayəsində "Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan " kimi tanıdılır.
"Ummi"-anaóa mənsubluğu bildirir. Bununla yazma və oxuma bacarmaq bildirilir. Çünki insan anadan olanda oxuma-óazma və başqa şey bacarmır. Bu Qur’anda belə bildirilir ki: "Analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı" (ən-Nəhl, 78).
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) "ümmi" olmasına baxmayaraq Qur’an kimi kitab, keçmiş və gələcəkdən, kainatın mahiyyətində doğru, dəyişdirilməz, yalan olması isbat edilməz xəbərlər verməsi, onun ən böyük möÑcüzələridir.
Hədis belə də rəvayət olunur: "Mö’min məni sevər, münafiq məni sevməz".
7. Cabir bin Abdullah (Allah ondan razı olsun!) rəvayət edir: "Taif günü Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görünüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) buyurdu:
-Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (ət-Tirmizi; Mənaqib, 3728).
Taif səfəri zamanı peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əli (Allah ondan razı olsun!) ilə görüşü o qədər uzandı ki, adamların bə’ziləri "Əmisi oğlu ilə söhbəti uzatdı" demişdilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya "düşüncələrini çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi" niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) məsələni aydınlaşdırmışdır. Bu zaman əl-Ənfal surəsinin 17-ci: -"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Düşmənlərin gözünə bir ovuc (torpaq) atdığın zaman sən atmadın, Allah atdı" ayəsinə uyğun üslubdan istifadə etmişdir.
8. Ənəs (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Bəraət (ə-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkirə (Allah ondan razı olsun!) göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (Allah ondan razı olsun!) çağıraraq surəni ona verdi" (ət-Tirmizi; Təfsir, ət-Tövbə, 3089).
Alimlərin fikrinə görə Əbu Bəkrdən (Alah ondan razı olsun!) sonra Əlinin (Allah ondan razı olsun!) göndərilməsindəki hikmət, ərəb adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan bir kimsə poza bilər. Buna görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) o cür etmişdir.
Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq belə izahı vermək olar. Doğrusunu Allah bilir.
9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir: "Bir nəfər Səhl bin Sa’dın (Allah ondan razı olsun!) yanına gəlir və: "Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır"-deóir. Səhl:
-Bu əmir Əli haqqında nə deyir?-soruşur.
Əbu Həzim:
-Əmir Əliyə Əbu Turab deóir-dedikdə, Səhl ibn Sə’d güldü və:
-Allaha and olsun Əliyə bu ləqəbi Peyğəmbər vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi-dedi.
Əbu Həzim dedi: "Mən bu ləqəbi peyğəmbər Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Sə’ddən soruşdum:
-Eó Əbu Abbas, bu necə olub?
O dedi:
-Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər gəlib: "Əmi oğlum hardadır?"-soruşdu. Fatimə: "Məsciddədir"-dedi. Peyğəmbər məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü.
Peyğəmbər Əlinin kürəyindən torpaqları təmizləyərək: "Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!" dedi. (Buxari; Kitabul- fadail əshab 9/51).
10. Sa’d bin Übeydə demişdir: "Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. Ibn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama:
-Bəlkə Osman haqqında xatırlatdığım şeylə sənə pis gəlir"-dedim. Dedi: "Bəli".
Ibn Ömər: "Allah sənin burnunu yerə sürtsün"-dedi.
Sonra o adam ibn Ömərdən Əli haqqında soruşdu. Ibn Ömər Əlinin gözəl əməllərindən xatırlatdı və: "Əli budur. Evi də peyğəmbərin evlərinin ən gözəlidir, ortasındadır."-dedi.
Sonra yenə: "Bəlkə Əli haqqında danışdıqlarım sənə pis gəlir"-dedim.
O adam: "Bəli" (pis gəlir)-dedi.
Ibn Ömər ona: "Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsan et"-dedi" (Buxari; Kitabul- fadail əshab 9/52).
Abbas bin Abdul-Muttalib (Allah ondan razı olsun!) fəziləti
1. Əli (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurdu ki:
-Kim əmimə əziyyət verirsə mənə əziyyət vermiş olur, çünki adamın əmisi ona atası yerindədir". (ət-Tirmizi; Mənaqib, 3764)
2. Abdullah bin Abbas (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Abbasa demişdir: "
-Eó əmi, bazar ertəsi sabahı sən və oğlun yanıma gəlin, sizə dua edim. Allah bu dua ilə sənə və oğluna xeyir versin.
Abbasla Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yanına getdik. O, bizi örtüyə bürüdü və dua etdi:
-Allahım! Abbası və oğlunu bağışla. Elə bağışla ki, zahiri və batini günahları təmizlənsin, heç bir günahı qalmasın! Allahım, onu oğlu səbəbiylə hifz et" (ət-Tirmizi; Mənaqib, 3766).
Bu hədislər Abbasın (Allah ondan razı olsun!) fəzilətinə dəlildir. Abbas (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) əmisi olub, ondan 2 və ya 3 yaş böyük idi. Ləqəbi Əbu Fadldır. Islamı qəbul etməsi məşhur bir rəvayətə görə Məkkənin fəthindən sonradır. Bə'ziləri hicrətdən əvvəl müsəlman olduğunu, ancaq bunu gizlətdiyini, Məkkədə qalıb müşriklərlə bağlı xəbərləri Rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yazdığını deyirlər. Arada hicrət etmək üçün icazə istəmiş və peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): "Sənin Məkkədə qalmağın daha xeyirlidir" deyərək icazə verməmiş və hətta Bədir döyüşündə "Abbasla rastlaşsanız onu öldürməkdən çəkinin" əmrini vermişdir. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Abbasa (Allah ondan razı olsun!): "Mən peyğəmbərlərin sonuncusu olduğum kimi, sən də mühacirlərin sonuncususan" demişdir.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) vəfat edəndə, təziyəni Abbasa (Allah ondan razı olsun!) vermişdilər.
Abbas (Allah ondan razı olsun!) Məkkənin varlılarından olub, 70 nəfər kölə azad etmişdir.
Qızlarından əlavə 10 oğlu olub. Hicrətin 32-ci ilində Mədinədə Osmanın (Allah ondan razı olsun!) şəhid edildiyindən iki il əvvəl 88 yaşında vəfat etdi. Namazını Osman (Allah ondan razı olsun!) qıldırdı.
3. Ənəs bin Malikdən (Allah ondan razı olsun!) rəvayət edilir: "Aclıq illərində Ömər ibni əl-Xəttab Abbas ibni Abdullmuttaliblə təvəssül edərək Allaha yağış yağdırmaq üçün belə dua edərdi: "Ey Allah, biz peyğəmbərin (Allah ondan razı olsun!) sağlığında onunla təvəssül edərək dua edirdik, indi isə peyğəmbərimizin əmisi ilə təvəssül edirik ki, bizə yağış yağdırasan!"
Ənəs (Allah ondan razı olsun!) deyir ki, Allah da insanlara yağmur verirdi.
(Buxari; Kitabul- fadail əshab, 11/58).
Abdullah bin Abbas (Allah onlardan razı olsun!) fəziləti
1. Ibn Abbas (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) məni qucaqladı və: "Allahım bunu dində fəqih (alim et)" deyə dua etdi". Bir rəvayətdə: "Allahım ona kitabı öyrət", başqa rəvayətdə: "Allahım ona hikməti öyrət" demişdir. (Buxari; Kitabul-fadail əshab, 26/96, 97, Kitabul-Elm 18/17, Müslim; Fadail- səhabə 138, (2477); ət-Tirmizi; Mənaqib, 3823, 3824).
Abdullah bin Abbas (Allah ondan razı olsun!) peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) əmisi oğludur. Hicrətdən 3 il əvvəl Məkkədə anadan olub. Hicrətin 68-cı ilində Taifdə vəfat etmiş, cənazə namazını Əlinin (Allah ondan razı olsun!) oğlu Məhəmməd bin Hənəfiyyə qaldırmış və: "Bu gün islam ümmətinin böyük tərbiyəçisi ölmüşdür" demişdir.
Peyğəmbərin etdiyi dua nəticəsində Abdullah bin Abbas (Allah ondan razı olsun!) islami elmlərin hamısında (təfsir, fiqh) ən yüksək zirvəyə qalxmış, "Rəisul Mufəssirin" (Təfsirçilərin rəisi), "Tərcumanul Qur'an", "Habrul-Ummə" kimi ləqəblərlə tanınmışdır.
Cə'fər bin Əbu Talib (Allah ondan razı olsun!) fəziləti
1. Əbu Hureyrə (Allah ondan razı olsun!!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir ki: "Cə'fəri Cənnətdə mələklərlə birlikdə uçan gördüm" (ət-Tirmizi; Mənaqib, 3767).
2. Əş-Şa’bi (Allah ondan razı olsun!) rəvayət edir: "Ibn Ömər (Allah ondan razı olsun!) Cə'fərin oğlu Abdullaha salam verərkən:
-Əs-Səlamu aleykə! (Sənə salam olsun!) ,Ey iki qanadlı adamın oğlu!, deyərdi. (Buxari; Kitabul- fadail əshab, 10-cu bab, hədis 57).
3. Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Insanlar: "Əbu Hureyrə çox hədis rəvayət edir" deyirlər. Halbuki mən qarnımın doyması müqabilində Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ayrılmazdım. Hətta mən maya vurulmuş çörək yeməzdim, təzə və gözəl paltar geyinməzdim. Mənə heç bir kişi və qadın xidmət etməmişdir. Mən aclıqdan qarnıma daş bağlayardım. Halımı başa düşərlər ümidi ilə mən əzbər bildiyim ayələri bir kimsəyə-o məni evinə aparsın, məni doyursun məqsədi ilə oxumaq istəyirdim. Fağırlar, miskinlər, kasıblar üçün insanların ən xeyirlisi Cə'fər ibni Əbu Talib idi. O bizi evinə aparar, evində olanlardan bizi yedirərdi. Hətta bə’zən içi boşalmış yağ qabını verirdi, biz də onu kəsər və içində qalan yağ qırıntılarını yalayardıq" (Buxari; kitabu Fadail Əshab, 10-cu bab, hədis 56; Tirmizi; Mənağib, 3770).
4. Əl-Bəra (Allah ondan razı olsun!) belə demişdir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Cə'fər bin Əbu Talibə (Allah ondan razı olsun) demişdir: "Əxlaq və yaradılış baxımından sən mənə oxşayırsan" (Buxari; Kitabu sülh, 6-cı bab, hədis 9, Kitabul-Məğazi 45/263, Müslim; Cihad 90 (178); ət-Tirmizi; Mənaqib, 37-69).
Bu hədislər Cə'fər bin Əbu Talibin (Allah ondan razı olsun!) fəzilətinə nümunələrdir.
Ilk müsəlmanlardan sayılan Cə'fər bin Əbu Talib (Allah ondan razı olsun!) Əlidən (Allah ondan razı olsun!) 10 yaş böyük olub, doğma qardaşıdır. Həbəşistana hicrət etmiş, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onunla kral Nəcasiyə məktub göndərmiş, onu mühacirlərə başçı və krala elçi tə’yin etmişdi. Iki dəfə hicrət edir. Xeybərin fəthi günü həbəşistandan Mədinəyə gəlir. Peyğəmbər onu qucaqlayır, alnından öpür və: "Bilmirəm Cə'fərin gəlişi, yoxsa Xeybərin fəthi səbəbi ilə daha çox sevinməliyəm" deyir.
Ləqəbi Əbu Abdullah ət-Təyyardır (Qanadlı Cə'fər). Bu ləqəbi hicrətin 8-ci ilində 41 yaşında şəhid olduğu Muta döyüşündə almışdır. Bu döyüş zamanı Zeyd ibni Harisdən sonra sərkərdə oldu və bayrağı ona verdilər. Döyüş zamanı əllərini itirmiş və şəhid olmuş Cə'fər (Allah ondan razı olsun!) haqqında Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!): "Qolları kəsildi, ancaq Allah onların əvəzinə iki qanad verdi, Cənnətdə uçur" müjdəsini verdi. Bədəninin 10 hissəsində 70-dən artıq yara sayırlar.
Əbu Hureyrə (Allah ondan razı olsun!) Cə'fərin (Allah ondan razı olsun!) kasıblara qarşı münasibətinə, comərdliyinə görə ona Əbu Məsakin (kasıbların atası) ləqəbini verir.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Məndən əvvəl hər peyğəmbərə 7 seçilmiş vəzir verilmişdir. Mənə 14 vəzir verildi: Həmzə, Cə'fər, Əli, Həsən, Hüseyn, Əbu Bəkr, Ömər, Miqdad, Huzeyfə, Səlman, Ammar və Bilal". Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Cə'fərin ölümünə üzülmüş, gözlərinin yaşını axıtmışdır. Aişə (Allah ondan razı olsun!) deyir: "Cə'fərin ölüm xəbəri gəlincə Rəsulullahın üzündən hüznü gördük".
Həsən və Hüseynin (Allah onlardan razı olsun!) fəziləti
1. Əl-Bəra (Allah ondan razı olsun!) rəvayət edir: "Mən gördüm ki, peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əlinin oğlu Həsəni çiyninə almış və: "Allahım, mən bunu sevirəm, bunu sən də sev!" buyurdu" (Buxari; Kitabu fədail əshab 24/89, Müslim; fədailus- səhabə, 58,59 (2422); ət-Tirmizi; Mənaqib, 3784).
2. Üsamə ibni Zeyddən (Allah ondan razı olsun!) rəvayət olunur ki: "Peyğəmbər Üsaməni Həsənlə bərabər qucağına alardı və: "Allahım, mən bunları sevirəm, sən də bunları sev", yaxud buna oxşar bir söz söylədi" (Buxari; Kitabul- fədail əshab, 24/87).
3. Tirmizinin bir rəvayətində: "Rəsulullah Həsən və Hüseynə baxıb: "Allahım mən bunları sevirəm, sən də sev!" deyərdi" buyurulur. (ət-Tirmizi; Mənaqib 3784).
4. Uqbə bin əl-Haris (Allah ondan razı olsun!) belə demişdir: "Əbu Bəkr (Allah ondan razı olsun!) ikindi (əsr) namazını qıldı, sonra Əli (Allah ondan razı olsun!) ilə getdilər. Yolda Həsəni uşaqlarla oynayan gördü. Çiyninə alıb:
-Peóğəmbərə oxşayan, Əliyə oxşamayan atam sənə fəda olsun, dedi. Əli də gülürdü" (Buxari; Kitabul- fədail əshab, 24/90).
5. Ənəs (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əhli-beytindən kimi daha çox sevirsən soruşanda dedi ki: "Həsən və Hüseyni". Fatiməyə (Allah ondan razı olsun!) "Mənim oğullarımı çağır" deyər, onları qucaqlayar və öpüb ətirlərini duyardı" (ət-Tirmizi; Mənaqib, 3774).
6. Y'ala bin Murrəh (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurdu: "Hüseyn məndəndir, mən də Hüseyndənəm. Allah Hüseyni sevəni sevər. Hüseyn "Əsbat"dan biridir" (ət-Tirmizi; Mənaqib, 3774; Ibni Macə; Muqəddimə, 144). Hədisdəki "əsbat" sözü 3 mə'na verir: nəvə, qəbilə, ümmət.
7. Əbu Səid (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Həsən və Hüseyn Cənnət əhlinin iki gəncidir" (ət-Tirmizi; Mənaqib, 3778).
8. Abdullah bin Şəddad (Allah ondan razı olsun!) atasından (Allah ondan razı olsun!) rəvayət edir: Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!)iki axşam (məğrib vəya i'şa) namazından birində yanımıza gəldi. Həsən və Hüseyn belində idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) qabağa keçib uşağı yerə qoydu, təkbir alıb (Allahu əkbər) namaza başladı. Namaz vaxtı səcdəsi çox uzun oldu".
Atam deyir ki: "Səcdə uzun çəkdiyi üçün başımı qaldırıb baxdım. Gördüm ki, səcdədə olan Peyğəmbərin belində uşaq oturub. Və mən tez səcdə halıma qayıtdım. Namaz qurtaranda Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!)soruşdular: "Ey Allahın Rəsulu! Namaz vaxtı elə uzun səcdə etdin ki, bir hadisə baş verdiyini və ya sənə vəhy endiyni zənn etdik!"
Cavab verdi:
-Xeóir, bunlardan heç biri olmadı. Lakin, oğlum belimə mindi. Mən özü düşənə qədər düşürməyi uyğun bilmədim" (ən-Nəsai; Iftitah, 83 (2, 229, 320).
9.Ənsardan Səlma adlı bir qadın rəvayət edir: "Ummu Sələmənin (Allah ondan razı olsun!) yanına girdim, gördüm ki, ağlayır. Soruşdum ki, niyə ağlayırsan? Cavab verdi ki: "Indicə Rəsulullahı (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) başı və saqqalı torpaqlı halda yuxumda gördüm. Səndə nə var, ya Rəsulullah?"-deóə soruşdum. O, dedi:
-Bir az əvvəl Hüseynin öldürüldüyünə şahid oldum" (ət-Tirmizi; Mənaqib, 3774).
10. Ənəs bin Malik (Allah ondan razı olsun!) rəvayət edir: "Übeydullah bin Ziyada Hüseynin (Allah ondan razı olsun!) başı gətirildiyi zaman, əlindəki süngü ilə kəllənin burnuna, gözlərinə vuraraq: "Bu qədər gözəlini görmədim" dedi. Mən də: "O, əhli-beytdə Rəsulullaha (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) ən çox oxşayanı idi" dedim. (Buxari; Kitabul-fədail əshab, 24/88,ət-Tirmizi; Mənaqib, 3780).
Übeydullah bin Ziyad bin Əbu Sufyan, Muaviyənin oğlu Yezidin xəlifəliyi dövründə Kufə valisi idi. Hüseyn bu dövrdə şəhid edilmişdi.
11. Ammar bin Uməyr (Allah ondan razı olsun!) rəvayət edir: "Übeydullah bin Ziyad və yoldaşlarının kəlləsini Kufəyə gətirəndə Rahəbə məscidində çoxlu adam toplaşmışdı. Mən də yaxınlaşdım.
"Gəldi! Gəldi" deyirdilər. Gələn nə idi?-marağı ilə bir az da yaxınlaşdım. Bir ilan kəllələr arasına girib yox olur, təkrar çıxırdı. Übeydullah ibni Ziyadın burun deşiyinə girdi və bir qədər qaldı. Sonra çıxıb getdi və qeyb oldu. Bir az sonra "Yenə gəldi! Yenə gəldi!" deyərək camaat qışqırdı. Bu hal 2 və ya 3 dəfə təkrarlandı".
(ət-Tirmizi; Mənaqib, 3782).
12. Əbu Musa (Allah ondan razı olsun!) Həsən əl-Bəsridən (Allah ondan razı olsun!) rəvayət edir ki: "O Əbu Bəkrdən (Allah ondan razı olsun!) eşitmişdir: "Mən peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) minbərdən bir dəfə insanlara, bir dəfə də yanındakı nəvəsi Həsənə (Allah ondan razı olsun!) baxaraq belə dediyini eşitdim:
-Mənim bu oğlum seyyiddir. Allah onun əliylə iki müsəlman kütlənin arasını islah (sülh) edəcək" (Buxari; Kitabu-fadail əshab, 24/86).
13. Ənəs bin Malik (Allah ondan razı olsun!) demişdir: "Heç bir kimsə Həsən bin Əli (Allah onların hər ikisindən razı olsun!) qədər Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) çox oxşamırdı" (Buxari; Kitabul-fadail əshab, 24/92).
14. Şu'bə, Məhəmməd bin Yaqubdan rəvayət edir: "Mən bin Əbu Nu'mdan eşitdim ki, ona Abdullah bin Ömər deyib: "Iraq əhlindən bir adam öldürülmüş milçəyin hökmü haqqında soruşanda cavab verib:
-Iraq əhalisi milçəyin öldürülməsi haqqında soruşur. Halbuki onlar Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) qızının oğlunu (Hüseyni) ödürmüşdülər. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və
salamı olsun!) isə, o iki nəvəsi haqqında: "Onlar mənim dünyada (ətrini duyduğum) iki reyhanımdır demişdir." (Buxari; Kitabul- fadail əshab, 24/93).
Bu hədislər Həsən və Hüseynin (Allah onlardan razı olsun!) fəzilətinə nümunədir.
Həsən və Hüseyn (Allah onlardan razı olsun!) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Əli və Fatimədən (Allah onlardan razı olsun!) olan nəvələridir.
Həsən (Allah ondan razı olsun!) hicrətin 3-cü ili Ramazan ayında Mədinədə anadan olmuşdur. Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) çox oxşayan həlim xasiyyətli və yüksək dərəcəli təqva sahibi olan Həsən (Allah ondan razı olsun!) hərtərəfli müsbət xüsusiyyətlərə malik olub, var-dövlətə və dünyaya bağlı deyildi. Atasının ölümündən sonra xəlifə Müaviyyənin (Allah ondan razı olsun!) ordusu ilə ona bağlı olan əsgərlərdən mütəşəkkil iki ordu qarşılaşıb, qan töküləcəyi anda Müaviyə (Allah ondan razı olsun!) ilə danışıqlar apararaq, bir ovuc qan hesabına belə olsa Məhəmməd ümmətinə xəlifə olmaq istəmirəm deyərək xilafəti ona vermiş, və beləliklə iki qardaş qanının tökülməsinin qarşısını almışdır.
49, 50 və ya 51 yaşında arvadı tərəfindən zəhərləndirilərək vəfat etmişdir.
Hüseyn (Allah ondan razı olsun!) hicrətin 4-cü ilində Şaban ayında anadan olmuş, 61 yaşında Kərbala adlanan yerdə Məhərrəm ayının 10-da (ona görə Aşura günü adlanır) şəhid olmuşdur.
Ümumiyyətlə istər Həsənin, istərsə də Hüseynin xəlifəliyi dövründə və daha sonralar xilafətdə fitnələr gündən-günə çoxalırdı. Islam tarixində hadisələr dəqiq bir mə'nalı göstərilməyib. Müxtəlif müəlliflər müxtəlif rəvayətlər edirlər. Daha ətraflı mə'lumat almaq üçün "Tarix-Təbəri" kitabına müraciət etmək olar.
Hüseynin (Allah ondan razı olsun!) şəhid edilməsinin tarixi haqqında mövcud rəvayətlərdən biri belədir:
Müaviyə (Allah ondan razı olsun!) oğlu Yezidi xəlifə tə'yin edərək öləndən sonra, Kufə əhalisi Hüseynə (Allah ondan razı olsun!) məktub yazaraq onu xəlifə görmək istədiklərini və ona itaət edəcəklərini bildirdilər. Hüseyn (Allah ondan razı olsun!) Müaviyə oğlu Yezidə bi'ət etmir və Məkkəyə gəlir. Kufəlilərin məktubunu Məkkədə alır və Kufəyə yollanmaq üçün hazırlaşır. Dövrün böyük səhabələrindən olan Ömərin oğlu Abdullah, Abbasın oğlu Abdullah və qardaşı Məhəmməd bin Hanəfiyyə (Əlinin (Allah ondan razı olsun!) digər arvadından olan oğlu) kimi bir çox hörmətli adamlar ona Kufəyə getməməsini tövsiyyə edirlər. Lakin Hüseyn (Allah ondan razı olsun!) yolundan qalmır. Yezid Kufəyə Ubeydulla bin Ziyadı vali tə'yin edir və Hüseyni (Allah ondan razı olsun!) qarşılamaq üçün qoşun hazırlayır. Qoşuna Ömər ibni Sə'd ibni Əbu Vaqqas başçılıq edir. Məqsəd heç də Hüseyni (Allah ondan razı olsun!) və onunla olanları öldürmək olmasa da bu qarşıdurma 72 nəfərin, o cümlədən Hüseyn (Allah ondan razı olsun!) və 19 nəfər əhli-beyt adamlarının şəhid olması ilə qurtarır.
Hüseynin (Allah ondan razı olsun!) kəsilmiş başını təhqir edən Ubeydullah bin Ziyadı, Allah Ibrahim bin əl-Əştər adlı şəxsin əli ilə öldürür. Ibrahimi Muxtar bin Əbu Ubeydə əs-Saqafi göndərir. Ubeydullahın və yoldaşlarının kəsilmiş kəllələrini gətirərkən nazik bir ilanın kəllələrin burun və ağız deşiklərindən girib-çıxması rəvayət olunur. Doğrusunu Allah bilir.
Fatimənin (Allah ondan razı olsun!) fəziləti
1. Cəmi' bin ət-Teymiyyi rəvayət edir: "Xalamla birlikdə Aişənin (Allah ondan razı olsun!) yanına getmişdim. Soruşdum ki: "Hansı qadını daha çox sevirdi?" Fatiməni-deóə cavab verdi. Bəs kişilərdən kimi?-deóə soruşanda:
"Fatimənin ərini! Bildiyimə görə o çox oruc tutur, çox namaz qılır" dedi.
(ət-Tirmizi; Mənaqib, 3873).
2. Ummu Sələmə (Allah ondan razı olsun!) rəvayət edir: "Fəth ilində Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) Fatiməni (Allah ondan razı olsun!) çağıraraq onunla xüsusi söhbətləşdi. Fatimə (Allah ondan razı olsun!) ağladı. Təkrar söhbət etdilər, bu dəfə Fatimə (Allah ondan razı olsun!) güldü. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) vəfat etdikdə Fatimədən ağlamağının və gülməyinin səbəbini soruşduqda dedi:
"Əvvəlcə Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) mənə öləcəyini xəbər verdi, ağladım. Sonrakı söhbətində mənim Məryəm bint Imrandan başqa Cənnət qadınlarının seyyidi (xanımı) olacağımı müjdələdi. Buna görə güldüm". (ət-Tirmizi; Mənaqib, 3872).
3. Misvər, ibn Məxrəmədən (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Fatimə məndən bir parçadır. Kim onu qəzəbləndirsə məni qəzəbləndirmiş olur" (Buxari; Kitabul-fadail əshab, 12/61, 31/107).
4. Aişədən (Allah ondan razı olsun!) rəvayət olunur: "Peyğəmbər vəfatından əvvəl xəstələndiyi zaman Fatiməni (Allah ondan razı olsun!) yanına çağırdı və ona gizli bir şey dedi. Fatimə ağladı. Sonra bir daha çağırıb Fatiməyə yenə gizli bir şey dedi. Bu dəfə Fatimə güldü.
Fatimədən bu ağlama və gülmənin səbəbini soruşduqda, Fatimə:
-Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) mənə gizlincə bu xəstələyinin sonunda ruhunun alınacağını xəbər verdi. Buna görə ağladım. Sonra mənə yenə gizlincə, mənim onun əhli-Beytindən ona ilk çatan kimsə olacağımı və ondan sonra gələcəyimi xəbər verdi. Buna görə də güldüm-dedi".
(Buxari; Kitabul-fadail əshab, 12/62).
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) qızlarından Fatiməni (Allah ondan razı olsun!) daha çox sevirdi. Hətta Əliyə (Allah ondan razı olsun!) Fatimə (Allah ondan razı olsun!) ilə eyni zamanda başqasıyla evlənməyə icazə verməmişdir.
5. Mistər əl-Məxrəmə rəvayət edir: "Haşim bin Muğirə oğulları qızlarını Əli bin Əbu Talibə vermək üçün məndən izin istədilər. Izin vermirəm! Izin vermirəm! Izin vermirəm! Əgər Əbu Talibin oğlu istəsə qızımı boşasın, sonra onların qızları ilə evlənsin. Çünki Fatimə məndən bir parçadır. Onu ikrah edən şey məni ikrah edir, ona əziyyət verən şey mənə də əziyyət verir" (Buxari; Kitabul-nigah, 110/159).
Xədicə bint Huveylid (Allah ondan razı olsun!) fəziləti
1. Əbu Hureyrə (Allah ondan razı olsun!) rəvayət edir: "Cəbrayıl (Allahın onea salamı olsun!) Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yanına gələrək:
-Eó Allahın Rəsulu! Xədicə içində qatıq, və yaxud yeyiləcək və ya içiləcək başqa bir şey olan qabla gəlir. O, yanına çatanda ona Rəbbindən salam söylə və onu təm-təraqlı və yorğunluq olmayan, incidən hazırlanmış bir evlə müjdələ". (Buxari; Kitabul- mənaqibul-ənsar 19, Kitabul tovhid 33/110, Müslim; fadailus-səhabə 71/2432).
Bu hədisə görə bə'zi alimlər Xədicənin (Allah ondan razı olsun!) Aişədən fəzilətli olması hökmünü vermişlər. Çünki Aişəni (Allah ondan razı olsun!) Cəbrayıl (Allahın ona salamı olsun!) öz adından salamlamışsa, Xədicəni (Allah ondan razı olsun!) Rəbbinin adından salamlamışdır.
2. Aişə (Allah ondan razı olsun!) rəvayət edir: "Mən Peyğəmbəri (Ona və ailəsinə Allaphın salavatı və salamı olsun!) arvadlarından heç birinə Xədicə (Allah ondan razı olsun!) qədər çox qısqanmadım. Halbuki mən Xədicəni (Allah ondan razı olsun!) dərk edəcək yaşımda görməmişdim. Fəqət Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) onu çox xatırlayırdı, hər dəfə qoyun kəsəndə Xədicənin (Allah ondan razı olsun!) dostlarına göndərirdi. Bə'zən mən: Sanki Xədicədən başqa bu dünyada qadın yoxdur"-deóərdim.
Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) da:
-Xədicə belə idi, Xədicə belə idi və ondan mənim övladlarım oldu" buyurdu.
(Buxari; Kitabul-mənaqibul ənsar 19/43, Müslim; fadailus-səhabə 73, 74, 77, 78 (2434: 2435, 2436, 2437), ət-Tirmizi; Mənaqib, (3885, 3886)).
Əhməd bin Hənbəlin bir rəvayətində deyilir: "Peyğəmbər demişdir: "Insanlar məni inkar edərkən, o inandı, hamı məni təkzib edəndə, o malını mənim üçün xərclədi. Allah onunla mənə uşaq nəsib etdi, digər arvadlarımdan uşağım olmadı".
3. Əli (Allah ondan razı olsun!) rəvayət edir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) demişdir: "Dövrünün ən xeyirli qadını Imranın qızı Məryəmdir, bu ümmətin ən xeyrili qadını Huveylidin qızı Xədicədir" (Buxari; Kitabus-səhabə 69/2430; ət-Tirmizi; Mənaqib, 3887).
4. Əbu Musa əl-Əş'ari (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Kişilərin çoxu kamala çatmışdır. Qadınlardan isə Imranın qızı Məryəm, Fir'onun arvadı Asiya, Huveylidin qızı Xədicə və Məhəmmədin qızı Fatimədən başqa heç kim kamala çatmadı. Aişənin qadınlardan üstünlüyü, tirid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-ənbiya, 48/105, Müslim; fadailus-səhabə, 70 (2431), ət-Tirmizi; Ət'imə 31/1835).
Xədicə (Allah ondan razı olsun!) Huveylid bin Əsədin qızı olub, peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bir neçə nəsəb əvvəl eyni nəsildəndirlər. Arvadları içərisində nəsəbi ən yaxın olan Xədicədir. Ibrahimdən başqa digər övladlarının (Qasım, Zeynəb, Ruqiyyə, Gülsüm, Fatimə və Abdullah) anası Xədicə olub. Hicrətdən 3 il əvvəl, Əbu Talibdən 3 gün sonra 65 yaşında ramazan ayında vəfat etmişdir.
Aişənin (Allah ondan razı olsun!) fəziləti
1. Aişə (Allah ondan razı olsun!) rəvayət edir: "Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) mənə: "Ey Aişə! Bu Cəbraildir. Sənə salam deyir!"-dedi. Mən də: "Və əleyhissəlamu və rəhmatullahi və bərəkətuhu (ona Allahın salamı, rəhməti və bərəkəti olsun!) dedim". Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) mənim görmədiyimi görürdü". (Buxari; Kitabul-fadail əshab 32/109, Müslim; fadailus-səhabə 91/2447; Əbu Davud, Ədəb 166/5232. Ət-Tirmizi, Mənaqib 3876, ən-Nəsai; Işretun Nisa 3/7, 69).
2. Əbu Musa (Allah ondan razı olsun!) rəvayət edir: "Biz, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) səhabələri hədislərdə çətinliklərlə qarşılaşdıqda Aişəyə müraciət edərdik ki, ondan elm öyrənək" (ət-Tirmizi; Mənaqib, 3877).
3. Əbu Vail rəvayət edir: "Əli (Allah ondan razı olsun!) əsgər toplamaq üçün Ammar bin Yasir və oğlu Həsəni Kufəyə göndərəndə Ammar xütbə edib dedi: "Qə'ti surətdə bilirəm ki, o, dünyada və axirətdə Peyğəmbərin arvadıdır. Lakin Allah sizi, Öz hökmünə (Imama itaət edəcəyinizi) yaxud Aişəyə tabe olacağınızı imtahan edir" (Buxari; Kitabul-fadail əshab, 32/112).
Bu rəvayət Cəməl (Dəvə) döyüşü ərəfəsində Əli (Allah ondan razı olsun!) və Aişə (Allah ondan razı olsun!) qarşıdurması ilə əlaqədar söylənilmişdir.
Əslində bu qarşıdurma düşmənçilikdən deyil, Aişədən başqa sağlığında Cənnətlə müjdələnmiş Təlha və Zubeyr kimi böyük səhabələrin, Osmanın (Allah ondan razı olsun!) qatillərinin tapılması və qisasının alınması
tələbindən yaranmışdı. Həm Əli (Allah ondan razı olsun!), həm də Aişə (Allah ondan razı olsun!) Islam dünyası üçün xeyir istəyirdilər.
4. Abdullah bin Abdurrəhman, Ənəs bin Malikdən (Allah ondan razı olsun!) belə eşitdiyini rəvayət edir: "Mən Rəsulullahdan (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) eşitdim ki: "Aişənin digər qadınlardan üstünlüyü tirit aşının digər yeməklərdən üstünlüyü kimidir" (Buxari; Kitabul-fadail əshab, 32/110).
5. Ibn Avn, əl-Qasim bin Məhəmməddən rəvayət edir: "Aişə (Alalh ondan razı olsun!) xəstələnmişdi. Abdullah bin Abbas (Allah ondan razı olsun!) onu ziyarət etməyə gəldi və:
-Ey mö'minlərin anası, sən Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) və Əbu Bəkrin (Allah ondan razı olsun!) səndən əvvəl Cənnətə girib hazırladıqarı gözəl bir məqama gedəcəksən"-dedi.
(Buxari; Kitabul-fadail, 32/111).
Abdullah bin Abbas (Allah ondan razı olsun!) dövrünün ən elmli şəxsiyyəti idi. Onun Aişəyə (Allah ondan razı olsun!) dediyi sözlər şübhəsiz ki, Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) bildiyidir.
6. Aişədən (Allah ondan razı olsun!) rəvayət edilir: "Aişə bacısı Əsmadan bir boyunbağı almışdı. Bu boyunmağı səfər zamanı itdi. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) səhabələrindən bə'zilərini hansı ki, Useyd ibn Hüdeyr da onların arasında idi-boóunbağını axtarmağa göndərdi. Onlar namaz vaxtı olduğundan və su tapmadıqları üçün dəstəmazsız namaz qılmalı oldular. Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) yanına gələndə vəziyyəti ona deyərkən təyəmmüm ayəsi (əl-Maidə, 6) nazil oldu. Bu zaman Useyd bin Hudeyr Aişəyə:
-Allah səni xeyirlə mükafatlandırsın. Vallahi sənin başına gələcək elə bir iş yoxdur ki, onda Allahdan sənin özün və müsəlmanlar üçün bir xeyir olmasın-dedi" (Buxari; Kitabul-fadail əshab 32/113).
Rəvayətin başqa variantları Buxarinin "Təyəmmüm kitabı"nda 1-ci və 3-cü hədislərdə verilmişdir.
Həqiqətən Aişənin boyunbağının itməsi müsəlmanlar üçün bir rəhmət olan təyəmmüm ayəsinin nazil olmasına vəsilə olmuşdur. Təyəmmüm ayələri əl-Maidə surəsinin 6-cı və ən-Nisa surəsinin 43-cü ayləridir.
7. Urva bin əz-Zubeyr belə demişdir: "Insanlar Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) hədiyyələri Aişənin növbəsi olanda verməyə çalışırdılar. Aişə dedi: "Qadın yoldaşlarım bundan qısqandıqda Ummu Sələmənin yanına toplaşdılar və: "Ey Ummu Sələmə, bilirsən ki, adamlar hədiyyələrini Peyğəmbərə Aişənin evində verməyə çalışırlar. Halbuki biz də Aişə kimi xeyir istəyirik. Nə olar, Rəsulullaha de, o insanlara hədiyyələrini hansı arvadının evində olsa orda verməyini tapşırsın"-dedilər. Ummu Sələmə bunu Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun!) xatırlatdı. Ummu Sələmə dedi:
-Mən bunu Peyğəmbərə xatırlatdım. O məndən üz çevirdi. Növbəti dəfə də xatırlatdım. O məndən üz çevirdi. Üçüncü dəfə xatırlatdım, bu dəfə mənə: "Ey Ummu Sələmə, Aişə barədə mənə əziyyət vermə. Bu bir həqiqətdir ki, vallahi Aişədən başqa sizdən heç bir qadının yanında olduğum zaman mənə vəhy enmədi"-buóurdu" (Buxari; Kitabul-fadail əshab, 32/115, Kitabul-Hibə, 6/15,16).
Bu hədislər Aişənin (Allah ondan razı olsun!) fəziləti üçün kifayət qədər dəlildir.
Qeyd etmək lazımdır ki, ən-Nur surəsinin 11- 20-ci ayələri, Aişəyə (Allah ondan razı olsun!) səfər zamanı itirdiyi boyunbağını axtarması ilə əlaqədər yaxılmış iftiralara cavabdır: "Həqiqətən (Aişə) barəsində yalan xəbər gətirənlər öz içərinizdə olan bir zümrədir (münafiqlərdir). Onu (o xəbəri) pis bir şey zənn etməyin. O, bəlkə də, sizin üçün xeyirlidir. O zümrədən olan hər bir şəxsin qazandığı günahın böyüyünü öz üstünə götürəni (Abdullah bin Ubeyyi) isə (qiyamət günü) çox şiddətli bir əzab gözləyir. Məgər o yalan sözü eşitdiyiniz zaman mö'min kişilər və qadınlar öz ürəklərində (özləri haqqında yaxşı fikirdə olduqları kimi, dostlarının da əhli-əyalı barəsində) yaxşı fikirdə olub: "Bu, açıq-aydın bir böhtandır!"-deməli deyildirmi? (Aişəyə iftira yaxanlar) nə üçün özlərinin doğru olduqlarını təsdiq edəcək doğru şahid gətirmədilər! Madam ki, şahid gətirmədilər, deməli, onlar Allah yanında əsl yalançıdırlar! Əgər Allahın dünyada və aixirətdə sizə ne'məti və mərhəməti olmasaydı, o yalan sözünüzə görə sizə şiddətli bir əzab toxunardı. O zaman ki, siz (münafiqlərin yaydığı) yalanı dilinizə gətirir, bilmədiyniz sözü ağzınıza alır və onu yüngül, asan (insana günah gətirməyən) bir şey sanırsınız. Halbuki bu (Peyğəmbərin əhli-əyalı haqqında nalayiq söz danışmaq) Allah yanında çox böyük günahdır! Məgər siz onu eşitdiyiniz zaman: "Bizə bunu (bu yalanı) danışmaq yaraşmaz. Aman Allah Bu, çox böyük bir böhtandır!"-deməli deyildinizmi? Allah sizə öyüd nəsihət verir ki, əgər mö'minsinizsə, bir daha belə şeylər etməyəsiniz. Və Allah sizin üçün ayələrini (belə ətraflı, açıq-aydın) izah edir. Allah (hər şeyi) biləndir və hikmət sahibidir.
Mö'minlər arasında (onları nüfuzdan, hörmətdən salmaq məqsədilə) pis söz yaymaq istəyənləri dünyada və axirətdə şiddətli bir əzab gözləyir. (Hamının əməlini, yayılan şayələrin, atılan böhtanların doğru olub olmadığını) ancaq Allah bilir, siz bilməzsiniz! Əgər Allahın sizə ne'məti və mərhəməti olmasaydı, Allah şəfqətli və rəhmli olmasaydı, (halınız necə olardı? Dediyiniz yalanlara, yaxdığınız iftiralara görə sizi dərhal məhv edərdi" (Qur'an: ən-Nur surəsi, 11-20).