AZERIENGLISHARABICRUSSIAN
AzerIslam.com
Home PageAbout ProjektLinksContacts

Dostuna tövsiyə et     

بسم الله الرحمن الرحيم

Əlixan MUSAYEV
Mədinə Şəhəri Beynəlxalq
Islam Universitetinin mə'zunu


...::: HİKMƏTLİ DƏVƏT :::...

www.azerislam.com
Ön söz
Allaha şükürlər olsun ki, bu gün mustəqil Azərbaycanımızda pak dinimiz İslama, onun ərkanlarına və başda Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - olmaqla görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətini öyrənməyə meyl artır. Bu da təbii ki, dövlətimizin və millətimizin tərəqqisi üçün çox faydalıdır. Dinimizə dönüş meylləri gücləndikcə insan təbiətinə xas olan xətalar ortaya çıxması müşahidə olunur. Bu xətalardan biri də hikmətsizlikdir. Hikmətsizlik bəzən gizli, bəzən də açıq şəkildə İslam dininə xələl gətirir ki, bundan da bir vasitə kimi yad inanc sahibləri faydalanaraq millətimizi öz dinindən məharətlə döndərməkdə istifadə edirlər. Elə bu səbəbdən də kiçik risaləmdə adı çəkilən xəstəliyə toxunacaq, onun xüsusiyyətlərini izah edəcək, Allah və Onun rəsulunun - səllallahu aleyhi və səlləm - bu məsələyə dair mövqeyi ilə tanış olacaq və bu bəladan çəkinməyin yollarını izah edəcəyəm. Sözlərin ən doğrusu Allahın, yolların ən xeyirlisi isə Peyğəmbərimiz Məhəmmədin - səllallahu aleyhi və səlləm - yoludur. Allahdan bizi bu yoldan döndərməməyi istəyirik!
İnsan sonsuz elm sahibi olan Uca Allahın yaratdığı məxluqlar içində xüsusi yeri olan bir varlıqdır. Bu varlıq Rəbbi tərəfindən çox gözəl biçimdə yaradılmaqla bərabər, həm də bir çox keyfiyyətləri ilə digər məxluqlardan fərqləndirilib. Bu varlıq, yəni insan müəyyən məqsəd üçün yaradıldığından qarşısında qoyulan tələbləri həyata keçirmək üçün bir çox nemətlərlə də mükafatlandırılıb. Bu nemətlərin sayı həddindən artıq olsa da onları iki qrupa bölmək olar:
Birinci qrupa insanların hamısına verilən nemətləri, yəni göz, qəlb, əl, ayaq, nitq, ağız və s. aid etmək olar. Bunlardan düzgün istifadə etməyi bacaran insan aqil, bacarmayan isə cahil olur. Uca Allah birinci qrupa aid etdiyimiz nemətlər haqqında belə buyurur:

«Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) bəlkə, şükr edəsiniz». («ən-Nəhl» surəsi, 78. ( tərcümə: Z. Bünyadov; V. Məmmədəliyev. ))

İkinci qrupa daxil olanlar isə Allahın yalnız istədiyi, Öz hikməti ilə rəva bildiyi şəxsə bəxş etdiyi nemətlərdir. Bunlara da Allahın hökmlərini düzgün anlamaq qabiliyyətini, hidayəti, elmi, hikməti və s. göstərmək olar. Uca Allah buyurur:

«Allah istədiyi şəxsə hikmət (elm, mərifət, müdriklik) bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir (əbədi səadət) verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!». («əl-Bəqərə» surəsi, 269.)


Artıq məlum olduğu kimi, risaləmdə məqsədim bu nemətlərdən birinə, yəni hikmətə toxunmaq, İslam kimi əzəmətli bir dinə dəvətdə hikmət məsələsini bir daha qardaşlarıma xatırlatmaqdır. İnsanın unutqan bir varlıq olduğunu Öz əzəli elmi ilə bilən Allah Qurani Kərimdə Öz elçisinə belə buyurur:

«Sən (onlara Quranla) öyüd-nəsihət ver. Çünki, öyüd-nəsihət möminlərə fayda verir». («əz-Zariyat» surəsi, 55.).

Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - bütün insanlara nümunə olaraq göndərildiyi üçün Uca Allahın bu əmri onun - səllallahu aleyhi və səlləm - yolunu gedən bütün insanlara da şamil edilir. Bu gün vətənimizin gələcəyi, onun parlaq sabahı, gözəlliklər diyarı olan Azərbaycanımızın yetişən nəslinin həm fiziki, həm də mənəvi baxımdan sağlam böyüməsi naminə hər bir soydaşımız öz imkanlarını ortaya qoymalıdır. Millətimiz və dövlətçiliyimiz üçün məsuliyyətli olan bu illər Uca Allahdan bir imtahan olmaqla yanaşı, xalqımız üçün həm də çox şərəfli bir anlar yaşamaq üçün əsl fürsətidir. Mən belə dedikdə, soykökümüzə və dinimizə qayıdışın şərəfini və qürurunu yaşamağı nəzərdə tuturam. Dinə qayıdışı millətimizin maarifpərvər qüvvələri həyata keçirdiyi üçün bu sahədə uğurlarımız da nəzərəçarpacaq dərəcədədir. Bu işdə biz müsəlmanlar bir-birimizə arxa olmalı, insanları ən gözəl əxlaq dini olan İslama dəvət etməli və bu işdə hikmət nümayiş etdirməliyik. İslama dəvət Uca Allah yanında bəyənilən əməl olmaqla bərabər, eyni zamanda çox ağır bir işdir. Bu iş dəvət edəndən yüksək elm, əxlaq, səbr, mülayimlik və hikmət tələb edir. Təsadüfi deyil ki, Uca Allah xeyir içində olan insanın xüsusiyyətlərini sayarkən haqqı tövsiyə edən insana da toxunaraq belə buyurub:

«And olsun axşam çağına (ikindi vaxtına, əsr namazına, zamana və ya Peyğəmbərin əsrinə) ki, insan (ömrünü bihudə işlərə sərf etməklə, dünyanı axirətdən üstün tutmaqla) ziyan içindədir! Yalnız iman gətirib yaxşı əməllər edən, bir-birinə haqqı tövsiyə edən və səbri tövsiyə edən kimsələrdən başqa! (Belələri cənnətə nail olub əbədi səadətə qovuşanlardır!)». («əlƏsr» surəsi, 1-3.)

Bəli, ayədən göründüyü kimi ziyandan uzaq olmaq üçün İslama dəvəti də daim gündəmdə saxlamalıyıq. Dəvət edən şəxsə lazım olan başlıca keyfiyyətlərdən biri də hikmətdir. Hikmət, dəvətçinin işinə təsir göstərən ən mühüm amillərdən biridir. Bəs hikmət özü nə deməkdir? Hikmət sözünün mənası - «hər bir işi (zamanında, vaxtında) öz yerinə qoymaq, istənilən məsələdə gecikməmək və ya həddi keçməmək» deməkdir. İnsana bəxş edilən nemətləri qruplaşdıranda hikmətin yalnız Allahın Özününün istədiyi və layiq bildiyi şəxsə verdiyini qeyd etdim və bunu da «əl-Bəqərə» surəsinin 269-cu ayəsi ilə əsaslandırdım.
Dəyərli müsəlman qardaşlarım, bu ayədə insana çoxlu ibrətlər vardır. Birincisi, Uca Allah hikməti yalnız istədiyinə bəxş etdiyini deyir. Demək, Allahın hikmət bəxş etmək istəmədiyi kəslər də vardır. Heç bir şəriki olmayan Rəbbimizin insanların bir qisminə hikmət verməsi, digərlərini isə bundan məhrum etməsinin özü də Allahın hikmətindən irəli gəlir. Hikmətdən məhrum olan insan isə problemi özündə axtarmalıdır. Bu ayədəki «kimə hikmət verilmişsə, ona çoxlu xeyir verilmişdir» cümləsinə də diqqət yetirin. Görün Allahın bu neməti insanı hansı səviyyəyə çatdırır ki, Rəbbimiz qızıl-gümüşü, oğul-uşağı, var-dövləti və s. deyil, məhz hikməti çoxlu xeyir adlandırır. Bunun əksinə fikirləşdikdə isə, yəni Uca Allahın kimi isə hikmətdən məhrum etdiyini düşündükdə, ayəyə görə o insanın ziyan içində olması təsdiqlənir. O insan hətta yüksək mənsəb, var-dövlət sahibi olsa belə hikmətdən məhrum edilibsə, deməli ziyan içindədir. Ayədəki «Allah kimə hikmət bəxş etmişsə» ifadəsi isə bu nemətin irsi, anadangəlmə deyil, yalnız Uca Allahın istəyi və sonra insanın düzgün həyat fəaliyyəti sayəsində qazanıldığı aydınlaşır. Belə olan təqdirdə hikməti ilk öncə Allaha dua etmək sonra elmə, elm əhlinə bağlı olmaq, gözəl əxlaq və s. keyfiyyətləri qazanmaqla əldə etmək olar. Ayənin sonundakı «bunu ancaq ağıllı adamlar dərk edərlər» cümləsinin şərhinə isə ehtiyac görmürəm. Ayədən bəlli oldu ki, hikmət bəxş edilmiş insan xeyir içindədir. Deməli, insanın bu cür xeyirlə mükafatlandırılması yeganə səmavi din olan İslama dəvətlə öz bəhrəsini verməlidir. İnsanların ən xeyirlisi Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - idi. Uca Allah hətta ona da dəvətdə hikmətli olmağı əmr edir:

«(Ya Məhəmməd!) İnsanları hikmətlə (Quranla, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət (moizə) ilə Rəbbinin yoluna (islama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır!». («ən-Nəhl» surəsi, 125)

Bu ayədə ardıcıllıqla üç gözəl xüsusiyyət zikr olunur. Düzdür ayə Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - müraciət formasında olsa da Uca Allah bu keyfiyyətləri hər bir möminə aid edir. İlk öncə Allah insanları Öz dininə hikmətlə dəvət etməyi tövsiyə edir. Yəni, dəvət vaxtında, dəqiq və şəraiti nəzərə almaqla olmalıdır. Tələsmək arzuolunmaz sonluqla nəticələnə bilər. Buna ən gözəl misal yenə Peyğəmbərimizdir - səllallahu aleyhi və səlləm. Dəvətçilərin ən əfzəli olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - 13 il təkcə lə iləhə illəllah (yəni Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur) kəlməsini təbliğ edib. Dəvətin 13 il bu kəlimə üzərində qurulması insan oğlunun bu kəlimənin həqiqi mənasını dərk etməmiş hər hansı bir günahdan çəkinməsinin mümkün olmaması ilə izah edilir. Bu illər, bir də insanın bu və ya digər günahı Allah xatirinə deyil, hansısa başqa bir səbəbə görə tərk edəcəyi təqdirdə heç bir savab qazanmayacağını ona anlatmaq üçün lazım gəlmişdir. Əgər insanların ən xeyirlisi və ağıllısı olan Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - təkcə bunu izah etməsi üçün 13 il tələb olunmuşsa bizim tələsməyimiz əsl hikmətsizlik olardı. Peyğəmbərimizlə - səllallahu aleyhi və səlləm - bizim yaşadığımız dövr arasında 14 əsrlik zaman fərqinin mövcud olmasına baxmayaraq, insanların o dövrdə etdiyi günahlarla hal-hazırda etdiyi günahları keyfiyyətcə araşdırdıqda, onların məzmunca eyni, lakin formaca dəyişdirildiyinin şahidi oluruq.
Bu ayədə toxunulan ikinci xüsusiyyət gözəl moizə, gözəl danışıqdır ki, bu məsələ Quranın bir çox yerində öz əksini tapıb. Uca Allah ayələrdə hətta kafirlə belə gözəl danışmağı bizə tövsiyə edir:

«Fironun yanına yollanın. O Allahlıq iddiasına düşməklə, həqiqətən, azğınlaşıb həddini aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud Rəbbindən qorxsun!». («Taha» surəsi, 43-44)

«Ən-Nəhl» surəsinin 125-ci ayəsi də diqqəti çəkən üçüncü xüsusiyyət gözəl tərzdə mübahisə etmək bacarığıdır. Çox zaman dəvət edən mübahisə zamanı əsəbiləşərək hikmətsizliyə yol verir ki, bu da sonda qarşı tərəfin onun dediklərini qəbul etməməsilə nəticələnir. Gözəl tərzdə danışmaq, moizə etmək, mübahisəyə qatılmaq asan iş deyildir. Burada insandan yüksək həssaslıq tələb olunur. Çünki sən özün də bilmədən qarşındakı insanın qəlbinə toxuna bilərsən. İnsanlar etiqadlarında və əqidələrində müxtəlif olduqları üçün onların həqiqi İslam əqidələrində dəvət üslubu da müxtəlif olur. Dəvət edən insanın cahil, bidətçi, kafir və ya müşrik (Allaha şərik qoşan) olmasını qətiyyən nəzərindən qaçırmamalıdır. Bu tip insanlarla mübahisə zamanı onların etiqad və əqidəsinə hörmətsizlik göstərib təhqir etmək isə sünnəyə ziddir. Əvvəla, hər bir müsəlman İslam kimi əzəmətli bir dini təmsil etdiyi üçün əxlaqına fikir verməlidir. İkincisi də biz Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - yolu ilə getdiyimizi unutmamalı, onun - səllallahu aleyhi və səlləm - yolunu böyük fəxrlə davam etdirdiyimiz üçün özümüzü Rəsulullahın - səllallahu aleyhi və səlləm - adına layiq şəkildə aparmalıyıq. Unutmayaq ki, nə vaxtsa biz də düz yolda deyildik və Uca Allaha asilik nümayiş etdirərək günah işlər görürdük. Rəbbimizin neməti olaraq haqla qarşılaşdıq və gözəl surətdə dəvət olunduğumuz üçün bu haqqa boyun əydik. Buna görə Allaha şükürlər və həmd səna olsun!
Əziz qardaşım, bundan sonra sən də kafirə, bidətçiyə, cahilə qarşı diqqətli ol! Çünki onlar malik olduqları etiqada və əqidəyə görə haqlı olduqlarını zənn edirlər. Onlara səhf yolda olduqlarını anlatmaq isə məhz hikmət tələb edir. Elə bu səbəbdəndir ki, Uca Allah hətta kafirin etiqadına belə səbrlə yanaşmağı, onu təhqir etməməyi əmr edərək buyurur:

«Allahdan başqalarına tapınanları söyməyin. Yoxsa onlar da (Allaha qarşı hörmət və ehtiram) bilmədikləri üzündən Allahı düşməncəsinə söyərlər». («əl-Ən'am» surəsi, 108)

«Ey iman gətirənlər! Allah qarşısında (borcunuzu yerinə yetirməkdə) sabitqədəm və ədalətli şahidlər olun. Hər hansı bir camaata qarşı olan kininiz sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun. Bu, təqvaya daha yaxındır. Allahdan qorxun. Allah etdiklərinizdən xəbərdardır!». («əl-Maidə» surəsi, 8.)

«Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır». («ət-Tövbə» surəsi, 6.)

Bu ayələrdən sonra belə bir sual meydana çıxır: bəs İslam kafirə, müşrikə qarşı çıxmağı nə zaman halal edir? cavabı yenə də Quran verir:

«Allah din yolunda sizinlə vuruşmayan və sizi yurdunuzdan çıxartmayan kimsələrə yaxşılıq etməyi və onlarla ədalətlə rəftar etməyi sizə qadağan etməz. Allah ədalətli olanları sevər! Allah sizə ancaq sizinlə din yolunda vuruşan, sizi yurdunuzdan çıxardan və çıxartmağa kömək edən kimsələrlə dostluq etmənizi qadağan edər. Onlarla dostluq edənlər əsl zalimlərdir!». («əl-Mumtəhinə» surəsi, 8-9)


Baxın, bu İslam dinidir. Bu din hətta kafirə, müşrikə qarşı bu cür diqqətli olmağı tələb edir. Çünki İslam elm və hikmət üzərində qurulub. Bəs görəsən bu cür saf bir dini zorakılıqda, terrorda ittiham edənlərin bu ayələrdən xəbərləri varmı?
Bu dinin kafirə münasibəti bu cür olduğu halda, bir çox qardaşlarımız bu cür təmiz bir dinin nümayəndələri olduqlarını unudaraq nəinki kafirə, müşrikə, bidətçiyə hətta öz yaxınlarına, xüsusən də valideynlərinə qarşı belə hikmətsizlik edirlər. Bu məndə çox böyük təəssüf hissi doğurur. Düzdür, mən onu da başa düşürəm ki, biz uzun illər dinimizdən uzaqlaşdırıldığımızdan, onlar da bu mühitdə yaşadıqlarından bir çox məsələlərə qarşı sərt münasibət ifadə edir, Allaha tabe olmaqdan çəkinir, çox zaman dinin qadağan etdiyi, lakin yad təsirlər nəticəsində «el adətlərinə» çevrilən tədbirlərə qatılmağa bizi təhrik edirlər, qəlbində Allah qorxusu və sevgisi olanlarımızın imtina edəcəyi təqdirdə bu valideyn-övlad konfliktinə çevrilir. Lakin hətta bu tip anlaşılmazlıqlar belə bizə əsas vermir ki, valideynlərimizə qarşı nalayiq hərəkətlərə yol verək. Belə vəziyyətlə üzləşən qardaşımız onlara hikmətlə dinin tələblərini izah etməli, bu cəhdlər nəticəsiz qaldıqda səbr edib onlar üçün Allahdan hidayət diləməlidirlər. Mən hətta deyərdim ki, bu cavanlarımız üçün ən böyük imtahanlardan biridir. Uca Allahın Qurani-Kərimdə Özünə münasibətdən sonra valideyni zikr etməsi fikri mənim dediklərimi bir daha təsdiq edir:

«Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: "Uf!" – belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de». («əl-İsra» surəsi, 23-24)

Odur ki, əziz qardaşım, düşün ki, valideynlər hətta kafir olsalar belə, sənin onlara qarşı hikmətsizlik etməyin müsəlmançılığımıza, xüsusən də Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - yoluna yaraşan hərəkət deyil. Təəssüf ki, insanların böyük əksəriyyəti qohumluq əlaqələrinin, valideyn-övlad bağlılığının bir imtahan olaraq yalnız bu dünyada mövcudluğundan, axirətdə isə belə bir bağlılığın olmayacağından xəbərsizdirlər. Əgər insanlar bu barədə məlumatlı olsaydılar və buna tam yəqinliklə inansaydılar, onda nə bir övlad valideynin üzünə ağ olardı, nə də bir valideyn öz övladını dinə bağlı olub şəriət hökmləri ilə yaşadığına və ya hər hansı başqa bir səbəbə görə haqsız yerə incidərdi. Bu bağlılığın müvəqqəti bir hal olduğuna toxunan Uca Allah Qurani-Kərimdə belə buyurur:

«Nəhayət, qulaqları kar edən (o dəhşətli səs) gələndə (sur çalınanda), o gün insan qaçacaq öz qardaşından, anasından, atasından zövcəsindən və oğullarından! O gün onlardan hər birinin istənilən qədər işi olacaqdır! (Hər kəs öz hayında olacaq, heç kəs heç kəsin halından xəbər tutmayacaqdır)». («Əbəsə» surəsi, 33-37)

Elə bu səbəbdəndir ki, göndərildiyi qövmlərə öz əxlaqı ilə nümunə olan peyğəmbərlər insanları bu məsələdə çaşmamağa çağırıblar. Onlara bir imtahan olaraq yaradılan dünya fitnəsinə uymamağı tövsiyə ediblər. İbrahim peyğəmbərin - aleyhissəlam -, atası Azəri dinə dəvət etməsi bu mənada hamınıza nümunə olmalıdır!

«O, bir zaman atasına belə demişdi: "Atacan! Nə üçün görməyən, eşitməyən və sənə heç bir fayda və zərər verə bilməyən bütlərə ibadət edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm peyğəmbərlik mənə gəlmişdir (sənə müyəssər olmayan bir şey mənə müyəssər olmuşdur). Ardımca gəl ki, səni (Allahın buyurduğu) doğru bir yola çıxardım! Atacan! Şeytana ibadət etmə, həqiqətən, Şeytan Rəhmana (Allaha) çox asi olmuşdur! Atacan! Qorxuram ki, (tövbə etməsən) Rəhmandan sənə bir əzab toxunsun və beləcə (cəhənnəmdə) Şeytana yoldaş olasan!" (Atası Azər İbrahimə) dedi: "Sən mənim tapındığım tanrılardan üzmü çevirirsən? Əgər (onlara qarşı pis hərəkətlərinə) son qoymasan, səni mütləq daşqalaq edəcəyəm (yaxud səni təhqir edib acı sözlər deyəcəyəm). Bir müddət məndən uzaq ol (gözlərim səni görməsin)!" (İbrahim) belə cavab verdi: "Sənə salam olsun! (Allah Özü sənə rəhm etsin. Məndən sənə heç bir pislik gəlməz!) Mən Rəbbimdən sənin bağışlanmağını diləyəcəyəm. O, mənə qarşı çox mehriban, lütfkardır (duamı qəbul edər)». («Məryəm» surəsi, 42-47)

Bax qardaşım! İbrahim peyğəmbərin - aleyhissəlam - atası kafir idi və kafir olaraq da öldü. Lakin onun kafir olmasına rəğmən peyğəmbər - aleyhissəlam - ona "atacan" deyə müraciət edir. Hətta atası onu qovduqda belə ona sülh, əmin-amanlıq arzulayır və onun üçün bağışlanma diləyəcəyini bildirir. Uca Allah müşrik, kafir üçün bağışlanma diləməyi qadağan edir.

«Müşriklərin cəhənnəmlik olduqları (müsəlmanlara) bəlli olduqdan sonra, onlarla qohum olsalar belə, Peyğəmbərə və iman gətirənlərə onlar üçün bağışlanma diləmək yaraşmaz! İbrahimin öz atası üçün bağışlanma diləməsi isə ancaq ona verdiyi bir və'də görə idi. Atasının Allaha düşmən olması İbrahimə aydın olduqda o öz atasından uzaqlaşdı. Həqiqətən, İbrahim (Allaha çox dua edərək) yalvarıb-yaxaran və həlim xasiyyətli bir zat idi». («ət-Tövbə» surəsi, 113-114)

Müsəlman qardaşım! Əsl hikmət bax elə budur ki, İbrahim peyğəmbərin - aleyhissəlam - timsalında Uca Allah onu bizə nümunə göstərir. Bu peyğəmbərin dəvətindəki hikmətə bu gün çoxlarının ehtiyacı olduğu şübhəsizdir. Doğru yolda olduğunu görən Allah onu mükafatlandıraraq məqamını yüksəldir. Uca Allah bu barədə belə buyurur:

«İbrahim müşrikləri və onların Allahdan başqa tapındıqları bütləri tərk edib (Şama) getdiyi zaman Biz ona (oğlu) İshaqla (nəvəsi) Yəqubu bəxş etdik və onların hər ikisini peyğəmbər etdik. (Onların üçünə də) Öz mərhəmətimizdən (ruzimizdən) ehsan buyurub təriflərini dillər əzbəri etdik. (Bütün din sahiblərinin, möminlərin yanında onların ehtiramını və mərtəbəsini ucaltdıq)». («Məryəm» surəsi, 49-50)

Bu ayədəki mücdə hikmətli olub, gözəl həyat tərzi yaşayan, insanların tənəsindən qorxmayıb Allahın adını uca tutan insanın Uca Allah tərəfindən bir gün mütləq ucaldılacağına əsl sübutdur. Sizi bir daha dünyaya gəlməyinizdə səbəbkar olan valideynlərinizə qarşı mülayim, itaətkar və hikmətli olmağa çağırıram. Allah köməyiniz olsun! Mömin olan şəxs bilməlidir ki, onun dəvətinin səmərəli olması üçün o müəyyən gözəl xüsusiyyətlərə malik olmalıdır. Bu xüsusiyyətlərin sayı ümumən çox olsa da onların içində beş xüsusiyyət xüsusilə seçilir. Bunlar təqva (Allah qorxusu), ixlas (hər işi yalnız Allah rizasını qazanmaq üçün etmək), elm, təvazökarlıq və mülayimlikdir. Bu xüsusiyyətlərin hər birinin üzərində ayrıca dayanmağı məsləhət bilirəm. Təqva - Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələrinə tez-tez etdiyi bir nəsihətdir. Bu məfhum əvvəl qeyd etdiyim kimi Allah qorxusu mənasını daşıyır. Allahdan qorxmaq, Onun qadağan etdiyi şeylərdən çəkinmək, Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - tabe olmaq, onun tövsiyələrinə daim riayət etmək təqvalı olmaq deməkdir. Biz bu gün özümüzü Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - ardıcılı sayırıqsa, onun - səllallahu aleyhi və səlləm - hər dəfə səhabələrin (r.a) qarşısındakı çıxışında «təqvalı olun!» tövsiyəsini də heç zaman unutmamalıyıq. Təqva barəsində istər Qurani-Kərimdə, istərsə də Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsində (səhih hədislərdə) kifayət qədər dəlillər vardır. Uca Allah Quranda belə buyurur:

«Kim Allahdan qorxarsa, Allah onun işini (dünyada və axirətdə) avand edər». («Talaq» surəsi, 4)

Ayənin bu hissəsində Uca Allah Ondan qorxan şəxsin işlərini asanlaşdıracağını vəd verir. Bunun əksi, yəni Allahdan qorxmamaq işlərin çətinləşəcəyi ilə nəticələnmək deməkdir. Deməli, bu gün çətinliklə üzləşən hər bir insan anlamalıdır ki, o, ola bilsin Allahdan lazımınca qorxmur və buna görə də problemlərlə üzləşir. Çətinliyin hardasa Uca Allahın imtahanı ola biləcəyi fikrinə gəlincə isə Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm – həyatını buna misal göstərmək olar. Allahdan ən çox qorxan Peyğəmbər - səllallahu aleyhi və səlləm - idisə də Rəbbimiz onu aclıq, çətinlik və nəhayət 3 oğul itkisi ilə imtahana çəkdi. O - səllallahu aleyhi və səlləm - nə yolundan döndü, nə də dəvətdən və ibadətdən yayındı. Ayədəki «işlərini asanlaşdırmaq» dedikdə burada həmçinin o şəxsin dəvəti də qəsd edilə bilər. Yəni Uca Allah dəvət edənin işini asanlaşdırar, İslama dəvət etdiyi şəxs onu düzgün anlayar, dediklərini qəbul edər və özünə qarşı insanlarda nifrət oyatmaz. Çünki dəvət edilən şəxs həqiqi müsəlman əxlaqını öz gözü ilə görəcək, aradan kin və anlaşılmazlıq qaldırılacaq. Təqvalı olmaq eyni zamanda Uca Allahın hörmətini qazanmaq deməkdir. Bizim hər birimiz ətrafdakıların hörmətini qazandıqda sevinirik və bu da təbiidir. İndi baxın görün Allahın hörmətini qazanmaq nə dərəcədə xöşbəxtlikdir. Bu barədə Uca Allah belə buyurur:

«Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır». («əl-Hucurat» surəsi, 13)

Təqvalı insanın dəvəti hikmətli olur. Yəni təqva dəvətçini ədalətli, niyyəti düz olmağa, qarşısındakına alçaq gözlə baxmamağa sövq edir. Unutmaq olmaz ki, bizim hamımız insanıq və elə bu səbəbdən də müəyyən səhvlər edirik. Məsum yalnız peyğəmbərlər olub. Əgər bu belədirsə səhvi olan, yolunu azan insanı bataqlıqda qoymaq əsla düzgün deyil. Biz bir müsəlman olaraq əl uzadıb onları o bataqlıqdan çıxarmalıyıq. O insan küfr, şirk, bidət etsə belə bizim borcumuz onu başa salmaqdır. Onların xətasına, etiqad və əqidəsinə gülüb istehza etmək də hikmətsizlikdir. Təqvalı insan Uca Allahın aşağıdakı ayəsində xəbərdar olmalıdır.

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar. Bir-birinizə tənə etməyin, ayıb tutmayın və bir-birinizi pis ləqəblərlə (ey kafir, et fasiq, ey münafiq və i.a) çağırmayın. İman gətirdikdən sonra fasiq adını qazanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalimlərdir! (Özlərinə zülm edənlərdir!)». («əl-Hucurat» surəsi, 11)

Müsəlmanın səhvini dərhal kəskin qəbul edib pis zənn etmək də təqvadan uzaq, hikmətsiz bir hərəkətdir. Sələf alimlərindən biri deyir ki, əgər müsəlman qardaşımın hər hansı bir səhvi barəsində mənə xəbər verilərsə, onun bu hərəkətinə 70 cür bəraət axtararam. Ola bilər o bunu bilmədən edib və ya ona səhv yol göstəriblər və s. Dəqiqləşdirmədən hökm verməyin özü də hikmətsizlikdir. Qeyd etdik ki möminə xas ikinci gözəl xüsusiyyət ixlasdır. Mömin olan insan daim niyyətinin təmizlənməsinə çalışmalıdır. Yəni insan ola bilər ki, axşam bir niyyətdə olsun, səhər isə tamam başqa niyyətlə günə başlasın. Şeytan hər addımda bizə vəsvəsə edir ki, niyyətimizi dəyişək, ixlasdan uzaqlaşaq. Sufyan əs-Səuri məhz bu səbəbdən deyib ki: «Ən çətin islah etdiyim şey niyyətimdir». («Təzkiratu-s-sami vəl-mutəkəllim» əsəri, səh. 68)

Mömin etdiyi bütün gözəl əməlləri ixlasla yalnız Allah xatirinə etməlidir. Bu məsələdə bəşər sevgisi, dünya mənfəəti düşünmək insanın ixlasını ortadan qaldırır. Əksinə gözəl əməli Allah xatirinə etdikdə Uca Allah o insana həm bəşər sevgisi, həm də dünya mənfəəti nəsib edir. Uca Allah ixlasla yaxşı əməl edən insanı aşağıdakı kimi vəsf edərək buyurur:

«(Xalqı) Allaha tərəf çağıran, yaxşı iş görən və: "Mən müsəlmanlardanam!"- deyən kəsdən daha gözəl danışan kim ola bilər?!». («Fussilət» surəsi, 33)

İxlasla bağlı fikri ümumiləşdirərək demək istəyirəm ki, ixlas əməllərin Allah yanında qəbul edilib edilməməsində rol oynayan başlıca şərtlərindəndir. Kasıbdır o kəs ki, ömrü boyu yaxşı əməllər etsin və haqq-hesab günü bu əməllərin qəbul edilməməsinin şahidi olsun. Bu cür vəziyyətə düşməkdən Allaha sığınırıq! Amin! İslam dəvəti ilə məşğul olan möminin növbəti gözəl xüsusiyyəti elmdir. Çünki dəvət elmsiz edilərsə bu arzuolunan nəticəni verməz. Bu din elm üzərində qurulduğu üçün onu kiməsə elmsiz anlatmaq gülünc görünə bilər. İslamda hər bir hökm, hər bir qayda dəlilə, sübuta əsaslanır. İslam Uca Allah yanında qəbul olunacaq yeganə dindir. Bu barədə Uca Allah belə buyurur:

«Kim islamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!». («Ali-İmran» surəsi, 85)

Əgər bu belədirsə onda bu dinin inkaredilməz dəlillərə söykənməsi də şübhəsiz görünməlidir. Uca Allah bu barədə belə buyurur:

«(Ya Məhəmməd!) De: "Bu mənim (təbliğ, dəvət) yolumdur. Mən və mənə tabe olan (möminlər) açıq-aşkar bir dəlillə (insanları) Allaha çağırırıq. Allah pak və müqəddəsdir (bütün eyb və nöqsanlardan xalidir, Onun heç bir şəriki yoxdur). Mən isə müşriklərdən deyiləm». («Yusif» surəsi, 108)

Ayədən göründüyü kimi Allahın yoluna yalnız elmlə, dəlillərlə və hikmətlə dəvət etmək lazımdır. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - özü və ondan sonra yaşamış səhabələri də bu qaydaya riayət etmişlər. Elə bu səbəbdən də peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onları elmə həvəsləndirərək demişdir: «Cənnət bağlarının yanından ötüb keçdikdə orada dincəlin və zövq alın». Səhabələr soruşdular: «Ey Allahın elçisi! Haradadır o Cənnət bağları? (Axı hələ qiyamət qopmayıb?)» O dedi: «Bu elm məclisləridir». («Silsilətul əhadisi səhihə», 2562-ci hədis. Bu hədis həsəndir)
Həqiqətən elm məclisindən sonra insan özündə bir rahatlıq hiss edir, yeni günə həvəs və tam yəqinliklə başlayır. Çünki belə məclislərdən sonra bir daha əmin olur ki, hər şey bu dünya ilə bitmir və axirət deyilən bir məqam da var ki, orada mömini heç bir sıxıntı və ya çətinlik gözləmir. İnsan bu dünyanın bütün naz-nemətinə sahib olsa belə yenə onun qəlbi rahatlıq tapmır. İnsanların da yalnız cüzi bir hissəsi bu dünyada istədiklərinə, arzu etdiklərinə çatır. Digərləri də bunları əldə etmək üçün o qədər çalışırlar ki, hətta öz istəklərinə nail olanlar belə bir müddət sonra sıxıntı duymağa, qəlb rahatsızlığı hiss etməyə başlayır. Çünki əldə etdikləri onun üçün adiləşir və o yenə də nə isə bir yenilik axtarışında başlayır. Nə isə yeni, daha maraqlı bir şey ortalığa çıxmayanda isə bu cür insanların həyatı iztirablarla dolur. Çünki çoxları hələ dərk edə bilmir ki, dünya həzzi müvəqqəti və ən başlıcası isə məhduddur. Deməli, hər iki halda: yəni kasıbçılıqda da, firavan həyatda da insan qəlbi rahat olmur. Əsl aqil insan isə yaradılışın mahiyyətini, mənasını insana həm yoxsulluqda, həm də firavanlıqda rahatlıq verməyən qəlbin hisslərini və digər bizə məlum olmayan halların mövcud olmasında bir məna, bir hikmət gizləndiyinin fərqindədir. Məxluqatın ən xeyirlisi və ağıllısı olan Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - öz ətrafındakı səhabələrini elm məclislərində iştirak edib qəlb rahatlığı tapmağa çağırmasını, onlara ancaq belə yerlərdə rahat olacaqlarını bildirməsi də onun - səllallahu aleyhi və səlləm - bu dünya zövqünün yalnız keçici bir hiss olmasına tam yəqinliklə inanması ilə izah etmək olar.
Dəyərli qardaşım, indi bax gör hansı daha yaxşıdır. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dəvəti bu cür hikmətli olduğuna görə onun ardıcıllarının sayı günü-gündən artırdı.
İslama dəvət edən möminə xas dördüncü gözəl xüsusiyyət təvazökarlıqdır. Təvazökarlıq insanı həm daxildən, həm də xaricdən gözəlləşdirən bir amildir. Heç şübhəsiz ki, sizin hər biriniz küçədə, avtobusda və ya ümumiyyətlə, ictimai yerlərdə özünü təkəbbürlü aparan insanla rastlaşmısınız və təkəbbürlə gəzən insanın kənardan necə gülünc və xoşagəlməz olduğunun da şahidi olmusunuz. Əgər bu hal sizdə ikrah hissi oyadırsa, deməli sizin də özünüzü belə aparmağınız ətrafınızdakılarda ikrah hissi oyadacaq. Uca Allah Quranda təkəbbürlü insana yaradılışı barədə düşünməyi tövsiyə edir. Həqiqətən də insan nədən yarandığını və hansı mərhələlərdən keçib dünyaya gəldiyini bir anlıq düşünsə heç vaxt təkəbbürlük etməz. Onun təkəbbürlülüyü çox vaxt var-dövləti, oğul-uşağı, cəmiyyətdəki mövqeyi və digər məsələlərlə bağlı olur. Lakin düşüncəsi olan insan çox gözəl bilir ki, onun malik olduğu bu nemətlər heç onun da deyildir. Bu nemətlərin hamısı Allaha məxsusdur. Çünki ölüm mələyi insanın gözünə görünən kimi o şəxs artıq bu nemətlərin sahibi olmaq qüvvəsini itirir. Ölüm mələyi isə hər dəqiqə insanın gözünə görünə bilər. Bu məsələni də insan deyil, bütün nemətləri ona verən Allah həll edir. Beş dəqiqə sonra sağ olacağınıza heç vaxt əmin ola bilməzsiniz. Uca Allah hətta peyğəmbərləri belə bu bəlaya yoluxmaqdan çəkindirib. Ayələrin birində belə buyurulur:

«Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbrli apar (nəfsini qoru). Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi (Quranı) xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə itaət etmə!». («əl-Kəhf» surəsi, 28)

Bir qədər elmi olan insan da təkəbbürlük etməməlidir. Xüsusən də dəvət zamanı bu hal bəyənilmir. Dəvətdə hikmətli olan insan tam yəqinliklə bilməlidir ki, ondan da böyük alimlər olub və olacaq. Məsələn, Buxari kimi böyük alimin Səhih əsəri 12 əsrdən artıq bir müddətdir ki, bütün nəsillər tərəfindən sevilə-sevilə oxunur. Allahın verdiyi nemətlərə görə təkəbbürlük edənləri Allah da sevməz. Çünki heç kəs Qurani-Kərimdən və ya peyğəmbərimizdən - səllallahu aleyhi və səlləm - bircə dənə də olsun dəlil gətirə bilməz ki, cəmiyyətdə puluna, imkanına, adamına, oğul-uşağının sayına görə sayılıb seçilən insan Allah yanında da eyni hörmətə malikdir. Əksinə, Uca Allah Öz yanında ən hörmətli insana toxunaraq deyir ki:

«Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır». («əl-Hucurat» surəsi, 13)

Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - də bu barədə deyir ki: «Kim Allahın rizasını qazanmaq üçün təvazökarlıq edərsə, Allah da onu ucaldar». (Əhmədin «Müsnəd» əsəri, 1/44; Albaninin «Səhihul camius-Sağir» əsəri, 6162)

Bir də unutmayın ki, Allahın sevimlisi olmaq yaşla bağlı deyil. Əbu Bəkr (r.a) deyib ki: «Ola bilər ki, Allah yanında az yaşlı olan çox yaşlı olanlardan daha hörmətli olsun». (Deyləminin «Firdovs» əsəri, 5/159) Möminə xas beşinci gözəl xüsusiyyət mülayimlikdir. Dəvət edən şəxs dəvət etdiyi insanla mülayim olmasa, onun dəvəti heç vaxt alınmayacaqdır. İnsanlar heç zaman onun ətrafında toplaşmayacaqlar. Belə bir vəziyyəti Öz elçisinə - səllallahu aleyhi və səlləm - xatırladan Uca Allah belə buyurur:

«(Ya Məhəmməd!) Allahın mərhəməti səbəbinə sən onlarla (döyüşdən qaçıb sonra yanına qayıdanlarla) yumşaq rəftar etdin. Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah (Ona) təvəkkül edənləri sevər!». («Ali-İmran» surəsi, 159)

İnsanlarla onların yaşlarına, baxışlarına, anlama dərəcəsinə müvafiq danışmaq da mülayimliyin əlamətlərindəndir. Möminlərin sevimlisi, Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - sünnəsinə daim sadiqlik nümayiş etdirən Əli ibn Əbu Talib (r.a) belə demişdir: «İnsalarla onların başa düşdüyü tərzdə danışın. Allah və onun rəsulunun - səllallahu aleyhi və səlləm - təkzib olunmasını istəyirsiniz?» (Buxarinin «Səhih» əsəri, 1/95)
Dəyərli qardaşlarım, İslama dəvət zamanı yuxarıda adlarını çəkdiyim gözəl insanların: Əbu Bəkr (r.a) və Əli ibn Əbu Talibin (r.a.) tövsiyələrini də unutmamağı arzu edirəm.
Onlar Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - səhabələri idi və xeyirdə bizdən də üstün idilər. Peyğəmbərimizə - səllallahu aleyhi və səlləm - gəlincə isə dəvətdə və hikmətdə onun kimisi nə ondan öncə, nə də ondan sonra olmayıb və bundan sonra da olmayacaq. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - Müaz ibn Cəbəli (r.a) Yəmənə göndərdikdə ona belə demişdir: «Sən kitab əhlindən olan bir qövmün yanına gedirsən, elə isə onları (tövhidə) "əşhədü ən lə iləhə illəllahu və əşhədü ənnə Mühəmmədən rəsulullah" kəlməsinə dəvət et. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara gün ərzində beş vaxt namaz qılmaqlarını fərz (Hər bir müsəlmana vacib olan əməl) buyurmuşdur. Buna itaət edərlərsə, o qövmə xəbər ver ki, Allah onlara varlılarından götürülüb kasıblarına paylanan sədəqənin (zəkatın) verilməsini fərz buyurmuşdur. Buna da itaət edərlərsə, onların ən qiymətli mallarını götürməkdən çəkin! Habelə məzlumun duasından qorx! Həqiqətən, onun duası ilə Allahın arasında heç bir maneə yoxdur» (Buxarinin «Səhih» əsəri, 1395; Müslimin «Səhih» əsəri, 121)
Baxın bu da Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dəvət üslubudur. O - səllallahu aleyhi və səlləm - məsələləri böyükdən kiçiyə qədər mərhələləyərək əvvəlkini qəbul edəcəkləri təqdirdə növbəti olana keçməyi tövsiyə edir. Bu da iki kəlməsindən biri «qılınc müsəlmanıyıq» deyənlərin fikirlərinin əsassız və böhtan olmasına bir dəlildir. İslam qılıncla deyil, təbliğ yolu ilə yayılıb. Tarixdə bu barədə çoxlu məlumatlar mövcuddur. Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - dəvətdə hikmətinə gəlincə isə bu gün dünyamızın hazırkı durumunda belə bir insana ehtiyac daha çoxdur. O peyğəmbərlərin sonuncusu oldu. Onun - səllallahu aleyhi və səlləm - yolunu gedən möminlərin başlıca vəzifəsi Rəsulullahın - səllallahu aleyhi və səlləm - risaləsini hikmət, əxlaq və mülayimliklə yaymaqdır ki, belə olacağı təqdirdə İslama zidd fikirlər öz-özlüyündə ortadan qalxacaq. Hətta inanın ki, gözəl, mülayim rəftar kafiri ilk anda belə mövqeyindən döndərib müsəlman edə bilər. İmranın (r.a) atası Hüseyn müşrik bir insan idi. Öz tayfasında çox hörmətli ağsaqqallardan biri sayılırdı. Qureyşlilər onun yanına gəlib ondan nəsihət istəyib deyirlər ki, bəs Məhəmməd - səllallahu aleyhi və səlləm - bizim bütləri təhqir edib deyir ki, onlar sizə nə bir xeyir, nə də bir zərər verə bilməz. Ondan xahiş edirlər ki, Məhəmmədin - səllallahu aleyhi və səlləm - yanına gedib ondan belə danışmamasını nəsihət etsin. Hüseyn onların xahişini nəzərə alıb Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - yanına yollanır. Peyğəmbər - səllallahu aleyhi və səlləm - onu çox gözəl qarşılayıb oturmaq üçün yer göstərir. O, ona göstərilən yerdə əyləşib Peyğəmbərdən - səllallahu aleyhi və səlləm - soruşur: "Ya Məhəmməd! Doğrudurmu ki, sən bizim bütləri təhqir edirsən?" Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun sualını çox gözəl şəkildə elə sualla cavablandıraraq soruşur: "Ya Hüseyn nə qədər ilahiyə ibadət edirsən?" O, isə cavabında : "Birinə göydə, yeddisinə yerdə" söyləyir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - onun bu cavabından sonra soruşur: "Yaxşı sənə qəflətən bəla gəldikdə kimə müraciət edirsən?" O deyir: "Yalnız göydəkinə". Onda Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - növbəti sualı verir: "Bəs nə üçün gələn bəladan səni qoruyana, sənə istədiklərini verənə yerdəkiləri şərik qoşursan?". Hüseyn fikirləşir ki, doğrudan da Məhəmməd - səllallahu aleyhi və səlləm - düz deyir. Doğrudan da göydə olan Allah kifayət etdiyi halda yerdəki bütləri, daşları vasitəçi etmək, şərik qoşmaq ağıla batan iş deyil. Lakin burada onun diqqətini çəkən və xoşuna gələn bir hal da Məhəmmədin - səllallahu aleyhi və səlləm - fikirlərində dünya mənfəətindən uzaq, sırf Allah qorxusu, ixlas, hikmət, mülayimlilik və insanpərvərliyin olması idi. O, dərhal şəhadət gətirərək müsəlman oldu. Yanında oturan Qureyşlilər isə Məhəmmədin - səllallahu aleyhi və səlləm - onu iki cümlə ilə yoluna gətirdiyindən heyrətlərini gizlədə bilmirdilər. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - səhabələrinə tapşırır ki, onu evinə qədər ötürsünlər. İmran ibn Hüseyn (r.a) qalxıb atasının başından və əllərindən öpür. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - isə onun ardınca baxıb deyir: «Baxın, kafir kimi gəldi, müsəlman olaraq getdi». (İbn Həcərin «İsabə» əsəri, 2/87)
Əziz qardaşlarım, Peyğəmbərimizin - səllallahu aleyhi və səlləm - bu cür davranması hamımıza bir örnəkdir. Axı biz özümüzü onun ardıcılı hesab edirik. Əgər siz də dəvət etməkdə ona - səllallahu aleyhi və səlləm - oxşasanız inanın ki, dəvət etdiyiniz insan heç vaxt deməyəcək ki, "siz düz demirsiniz", "mən dədə-babamdan belə görmüşəm" və s. bir daha vurğulamaq istəyirəm ki, hər şeydən öncə valideynlərinizlə bu cür hikmətlə davranasınız. Daim təqvalı olun, yalnız Allahdan qorxun və yalnız Ondan bağışlanma diləyin. O həqiqətən, Bağışlayan və Rəhmlidir. Peyğəmbərimiz - səllallahu aleyhi və səlləm - buyurub: «Həqiqətən Allah ümmətinin bilməyərəkdən, unutqanlıqdan və məcburiyyət qarşısında etdiyi xətalarını bağışlayıb». (Daraqutninin «Sunən» əsəri, 4/170; Albaninin «Səhihul Camius-Sağir» əsəri, 6162)
Allah hamınızın günahlarını bağışlasın və bizi qiyamət günü Peyğəmbərimizlə - səllallahu aleyhi və səlləm - birlikdə Kövsər hovuzu ətrafında toplananlardan etsin! Amin!
Əssəlamu-aleykum və rəhmətullahi və bərəkatuh!

www.azerislam.com

Mustəqil Islam saytı. Materiallardan istifadə etdikdə istinad vacibdir. Sayt 1422-ci hicri ilinin Ramazan ayının 1-dən fəaliyyət gostərir. e-mail: mail@azerislam.com ICQ # -99931111