Səhabələrin fəziləti:

Əli bin Əbu Talib (Allah ondan razı olsun!) fəziləti


1. Ənəs bin Malik (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) bazar ertəsi günü peyğəmbər göndərildi, Əli (Allah ondan razı olsun!) çərşənbə axşamı günü namaz qıldı" (ət-Tirmizi; Mənaqib, 3976, hədis qəribdir).
Bə’zi alimlər bu hədisə əsaslanaraq Əlinin (Allah ondan razı olsun!) gənclərdən ilk müsəlman olduğunu söyləyirlər.
2. Abdullah bin Ömər (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) səhabələri bir-biri ilə qardaşlaşdırılmışdı. Əli (Allah ondan razı olsun!) gəldi və dedi:
—Səhabələri bir-biri ilə qardaşlaşdırdın, amma məni heç kəslə qardaşlaşdırmadın. Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) dedi:
—Sən mənim həm bu dünyada, həm də axirətdə qardaşımsan" (ət-Tirmizi; Mənaqib, 3722).
3. Zeyd bin Ərqam (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) demişdir: "Mən kimin dostuyamsa, Əli də onun dostudur" (ət-Tirmizi; Mənaqib, 3714).
4. Sa’d bin Əbu Vaqqas (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Tabuk döyüşünə gedərkən Əlini arxada (Mədinədə) saxlamışdı. Əli (Allah ondan razı olsun!) soruşdu:
—Ey Allahın Rəsulu, məni qadın və uşaqların arasında saxlayırsan?
Rəsulullah cavab verdi:
—Sən, Harunun Musa yanında aldığı yeri mənim yanımda almaqdan razı deyilsən? Bu fərqlə ki, məndən sonra peyğəmbər yoxdur".
(Buxari; Kitabul-məğazi 80/409, Fədail-əshab 9/54, Müslim; Fədail-əshab, 31 (2404), ət-Tirmizi; Mənaqib, 3731).
5. Müslim və Tirmizinin rəvayətlərində deyilir:
"Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Xeybər günü dedi:
—Sabah bayrağı elə bir kimsəyə verəcəyəm ki, O, Allahı və Rəsulunu sevir, Allah və Rəsuluda onu sevir.


Bu sözə görə adamların çoxu boyunlarını uzadırdılar ki, Rəsulullaha görünsünlər. Amma o dedi:
—Əlini yanıma gətirin.
Əlini gətirdilər, amma gözləri ağrıyırdı. Peyğəmbər onun gözlərinə üfürdü və bayrağı ona verdi. Allah onun əliylə fəthi müyəssər etdi. Rəvayəti edən daha sonra deyir ki: "... gəlin biz də oğlanlarımızı, siz də oğlanlarınızı; biz də qadınlarımızı, siz də qadınlarınızı;..." (Ali-Imran, 61) ayəsi nazil olduğu zaman Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əlini, Fatiməni, Həsən və Hüseyni (Allah onlardan razı olsun!) çağırdı və: "Allahım bunlar mənim ailəmdir!" buyurdu" (Buxari; Kitabul- məğazi, 4/231, Müslim; Fədail- əshab 32, (2404), ət-Tirmizi; Mənaqib, 3726).
Hədisin birinci hissəsində Xeybərin fəthində Əlinin fəziləti qeyd edilir. Peyğəmbərin buyurduğu kimi Əli:
¨ Allah və Rəsulunu sevir
¨ Allah və Rəsulu da onu sevir. Bu böyük müjdədir.
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) belə məqamda şəhadəti insan üçün dünyada əldə edə biləcəyi bütün ne’mətlərdən ən xeyirlisidir.
¨ Xeybərin fəthi Əlinin (Allah ondan razı olsun!) əliylə müyəssər olmuşdur. Bu döyüş ərəfəsində bayrağın Əliyə verilməsi səhabələrin nəzərində mühüm hadisədir. Çünki bu, Allah və Rəsulunun o kimsəni sevdiyinə sübutdur və əvvəlcədən xəbər verilir. Minlərlə dünya səadətində xeyirli olan bu məqama çatmaq ümidi ilə hər kəs boynunu uzatmış və peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) görünmək istəmişlər. Hətta Ömər ibn Xəttab (Allah ondan razı olsun!) belə deyir: " Heç vaxt komandanlığı arzu etmədiyim halda, o gün "nə olardı bayrağı mənə verərdi" ümidi ilə Rəsulullaha (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) görünmək üçün başımı irəli uaztdım".
Hədisin ikinci hissəsində Əlinin başqa fəziləti göstərilir: Əli və ailəsi, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) ailəsidir.
6. Zirr bin Hübeyşi Əlidən (Allah ondan razı olsun!) belə eşitdiyini rəvayət edir: "Toxumu çatladan və canlıları yaradana and olsun ki, Ummi peyğəmbərim (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) mənə mö’minin məni sevəcəyinə, münafiqin məndən üz çevirəcəyini əhd etdi" (Müslim; Iman 131, (78); ət-Tirmizi; Mənaqib, 3737; Nəsai; Iman, 20, (8, 117).
"Toxumu çatladan" toxumları cücərdən deməkdir. Hər gün seyr etdiyimiz bu hadisə bizə təbii bir normal hal kimi görünür. Əslində bu bir mö’cüzədir. Bəsit bir dənə torpağa düşdükdə ondan gövdə, yarpaq, çiçək, meyvə, rəng, qoxu, dad və s. əmələ gəlir. Bunlar "dənənin açılması"nın nəticəsidir. Buna görə Əli (Allah ondan razı olsun!) hadisənin sahibi Allaha andla sözə başlayır. Çünki Allah əl-Ən’am surəsinin 95-ci ayəsində "Şübhəsiz ki, toxumu da, çərdəyi də cücərdib çatladan, ölüdən diri, diridən ölü çıxardan " kimi tanıdılır.
"Ummi"—anaya mənsubluğu bildirir. Bununla yazma və oxuma bacarmaq bildirilir. Çünki insan anadan olanda oxuma—yazma və başqa şey bacarmır. Bu Qur’anda belə bildirilir ki: "Analarınızın bətinlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı" (ən-Nəhl, 78).
Rəsulullahın (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) "ümmi" olmasına baxmayaraq Qur’an kimi kitab, keçmiş və gələcəkdən, kainatın mahiyyətində doğru, dəyişdirilməz, yalan olması isbat edilməz xəbərlər verməsi, onun ən böyük mö‘cüzələridir.
Hədis belə də rəvayət olunur: "Mö’min məni sevər, münafiq məni sevməz".
7. Cabir bin Abdullah (Allah ondan razı olsun!) rəvayət edir: "Taif günü Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əlini çağırdı və onunla xüsusi görüşdü. Görünüşün uzun çəkdiyinə görə adamlar: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) əmisi oğlu ilə görüşməsini uzatdı" dedilər. Bunu duyan peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) buyurdu:
—Onunla xüsusi görüşü mən (öz arzumla) etmədim, Allah etdi" (ət-Tirmizi; Mənaqib, 3728).
Taif səfəri zamanı peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Əli (Allah ondan razı olsun!) ilə görüşü o qədər uzandı ki, adamların bə’ziləri "Əmisi oğlu ilə söhbəti uzatdı" demişdilər. Bu sözlərin dedi-qodu niyyəti ilə və ya "düşüncələrini çəkinmədən səmimi şəkildə söyləmə tərbiyəsi" niyyəti ilə də deyildiyini izah etmək olar. Doğrusunu Allah bilir. Lakin hansı niyyətlə deyilməsindən asılı olmayaraq Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) məsələni aydınlaşdırmışdır. Bu zaman əl-Ənfal surəsinin 17-ci: —"Kafirləri siz öldürmədiniz, Allah öldürdü. Düşmənlərin gözünə bir ovuc (torpaq) atdığın zaman sən atmadın, Allah atdı" ayəsinə uyğun üslubdan istifadə etmişdir.
8. Ənəs (Allah ondan razı olsun!) rəvayət edir: "Rəsulullah (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) Bəraət (ə-Tövbə) surəsini (Ərafatda həcc ziyarətinə gələnlərə təbliğ etmək üçün) Əbu Bəkirə (Allah ondan razı olsun!) göndərmişdi. Sonra onu çağıraraq: "Bunun, ailəmdən olmayan bir kimsə ilə təbliğ edilməsi müvafiq deyil" buyurdu. Əlini (Allah ondan razı olsun!) çağıraraq surəni ona verdi" (ət-Tirmizi; Təfsir, ət-Tövbə, 3089).
Alimlərin fikrinə görə Əbu Bəkrdən (Alah ondan razı olsun!) sonra Əlinin (Allah ondan razı olsun!) göndərilməsindəki hikmət, ərəb adətindən irəli gəlir. Bu adətə görə, müqaviləni ancaq onu bağlayan kimsə və ya ailəsindən olan bir kimsə poza bilər. Buna görə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı salamı olsun!) o cür etmişdir.
Surənin ilk ayələrində müsəlmanların müşriklərlə müqavilə bağlamalarından söhbət getdiyini də nəzərə alsaq belə izahı vermək olar. Doğrusunu Allah bilir.
9. Əbu Həzim Sələmə bin Dinardan rəvayət edir: "Bir nəfər Səhl bin Sa’dın (Allah ondan razı olsun!) yanına gəlir və: "Mədinə əmiri filankəs minbərin yanında Əli haqqında danışır"—deyir. Səhl:


—Bu əmir Əli haqqında nə deyir?—soruşur.
Əbu Həzim:
—Əmir Əliyə Əbu Turab deyir—dedikdə, Səhl ibn Sə’d güldü və:
—Allaha and olsun Əliyə bu ləqəbi Peyğəmbər vermişdir və Əlinin ən çox bu ad xoşuna gəlirdi—dedi.
Əbu Həzim dedi: "Mən bu ləqəbi peyğəmbər Əliyə necə verdiyini öyrənməklə ləzzət almaq istədim və Səhl ibn Sə’ddən soruşdum:
—Ey Əbu Abbas, bu necə olub?
O dedi:
—Bir dəfə Əli Fatimənin yanına girmiş və sonra çıxaraq məsciddə yatmışdı. Bu vaxt Peyğəmbər gəlib: "Əmi oğlum hardadır?"—soruşdu. Fatimə: "Məsciddədir"—dedi. Peyğəmbər məscidə getdi və Əlinin kürəyi torpağa batmış halda yatdığını gördü.
Peyğəmbər Əlinin kürəyindən torpaqları təmizləyərək: "Otur ey, Əbu Turab! Otur ey Əbu Turab!" dedi. (Buxari; Kitabul- fadail əshab 9/51).
10. Sa’d bin Übeydə demişdir: "Ömərin oğlunun (ibn Ömərin) yanına bir adam gəldi və Osman haqqında soruşdu. Ibn Ömər Osmanın yaxşı xüsusiyyətlərindən danışdı və o adama:
—Bəlkə Osman haqqında xatırlatdığım şeylə sənə pis gəlir"—dedim. Dedi: "Bəli".
Ibn Ömər: "Allah sənin burnunu yerə sürtsün"—dedi.
Sonra o adam ibn Ömərdən Əli haqqında soruşdu. Ibn Ömər Əlinin gözəl əməllərindən xatırlatdı və: "Əli budur. Evi də peyğəmbərin evlərinin ən gözəlidir, ortasındadır."—dedi.
Sonra yenə: "Bəlkə Əli haqqında danışdıqlarım sənə pis gəlir"—dedim.
O adam: "Bəli" (pis gəlir)—dedi.
Ibn Ömər ona: "Allah sənin burnunu torpağa sürtsün. Get mənim barəmdə nə bacarırsan et"—dedi" (Buxari; Kitabul- fadail əshab 9/52).


Abbas ibn Abdul-Mutallibin (r.a) fəziləti