Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

...Allahdan qorxun və bilin ki, Onun hüzuruna toplanılacaqsınız.

[Bəqərə, 203]


İki göz vardır ki, cəhənnəm atəşi onlara toxunmaz; Allah qorxusundan ağlayan göz, bir də gecələri Allah yolunda növbətçilik edən göz.

[Tirmizi, Fədailul-Cihad, 12]


Dünyada nəfsini təmizləməyənləri axirətdə cəhənnəm təmizləyər.

[Hikmətli sözlər]

CƏNNƏT VƏ CƏHƏNNƏM

[ əqidə / 9206 dəfə baxılıb ]   
|
 
Rəhmli və mərhəmətli Allahın adı ilə.
Həmd olsun Allaha, aləmlərin Rəbbinə! Uca Allahın insanlara haqq dinlə göndərdiyi müqəddəs peyğəmbərə – Məhəmmədə Allahın salavatı və salamı olsun! Hər bir müsəlman Rəhmli və Mərhəmətli Allaha, kainatı və insanları Onun yaratdığına, bizi yedizdirib qayğımıza qaldığına və yalnız Onun tərifə və ibadətə layiq olduğuna inanmalıdır. Müsəlman Allahın mələklərinə – onların nurdan yaradıldığına və onların Yaradanın hər bir əmrini yerinə yetirmələrinə, Onun Kitablarına – Zəbura, Tövrata, İncilə və Qurana inanmalı və Allahın müqəddəs Quranda yazılan hökmlərinə tabe olmalıdır. O, Tanrının peyğəmbərlərinə və elçilərinə inanmalı, peyğəmbərlərin sonuncusu olan Məhəmmədin (S,ə.v.) göstərişlərinə əməl etməli, həmçinin xeyrin və şərin Allahdan olmasına və hər şeyin Onun iradəsi ilə baş verməsinə şübhə etməməlidir. Həmçinin o, Allahın insanları yenidən dirildəcəyi və öz əməllərinə görə Onun qarşısında cavab verəcəkləri və həqiqətin aşkara çıxacağı Axirət gününə də inanmalıdır. Bu böyük gündə möminlər Cənnətə girəcək, kafirlər isə Cəhənnəm odu üçün yanacaq olacaqlar.

Bu gün insanların çoxu Allaha və Məhəmməd Peyğəmbərə (s.ə.v.) inandıqlarını bildirərək: «Lə ilahə illə-llah, Muhəmmədən rəsulullah» şəhadətini gətirirlər, amma Axirətə inanmırlar. Onlar həmçinin Cəhənnəmə və Cənnətə də şübhə edirlər və buna görə də tez-tez belə sözlər işlədirlər: «Cəhənnəm də burdadır, Cənnət də».

Ey Allahın qulu! Sən insanların öz əməllərinin bəhrəsini görə bilməsi üçün yaradılmış Cəhənnəmə və Cənnətə inanmayana qədər sənin imanın düzgün olmayacaq. İnsan yerdə nə Cəhənnəmin dəhşətini, nə də Cənnətin nemətlərini görə bilməz, amma onların həqiqiliyini müqəddəs Quranın bir çox ayələri sübut edir. Cəhənnəmə və Cənnətə inanmayan – müqəddəs Quranı da inkar etmiş olur. Quranı inkar edən isə, Peyğəmbərləri də inkar etmiş sayılır…

Cəhənnəmdən qorunma

Uca Allah deyib: «Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar (daşdan düzəldilmiş bütlər), xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli (heç kəsə rəhm etməyən) və çox sərt təbiətli mələklərdir» (ət-Təhrim,6). Allahın bu sözlərini eşidən hər kəs fikirləşməli və özünü oddan qorumaq üçün yaxşı işlər görüb günahlardan çəkinməlidir.

Ey Allahın qulu! Nə qədər ki, nəfəsin gedib-gəlir, əllərin sözünə baxır və ağzın söz tutur, üzünü Tanrıya çevir və özünü Cəhənnəmin odundan heç olmasa xurma qabığı ilə, bunu da tapmasan, xoş sözlə qoru.

Uca Allah deyib: «Onların üstlərində və altlarında oddan sipər (kölgəlik) vardır. Allah Öz bəndələrini bununla (bu əzabla) qorxudur. Ey bəndələrim! Məndən qorxun!» (əz-Zumər,16). Həqiqətən, Cəhənnəmin siması dəhşətlidir! İbn Abbas rəvayət edirdi ki, Peyğəmbər (s.ə.v.) belə deyib: «Günəşin tutulması baş verəndə mən od gördüm. Mən, bundan dəhşətli mənzərə görməmişdim!» (Müslim). Peyğəmbər, həmçinin deyib: «Qiyamət günü yetmiş min səbəbi olan Od gətiriləcək. Hər səbəbi yetmiş min mələk sürükləyəcək» (Müslim).

Cəhənnəm hərarəti

Əbu Hüreyrə rəvayət edirdi ki, o, peyğəmbərin belə dediyini eşidib: «Adəm oğullarının yandırdığı od, cəhənnəm Odunun yetmişdə biri qədərdir» (Buxarı, Müslim). Bir dəfə Kab, Ömər ibn əl-Xəttaba deyib: «Əgər Cəhənnəmin qapıları bu dünyaya heç olmasa öküzün burnunun dəliyi qədər şərqdə açılsaydı, qərbdəki adamın beyni qaynayıb tökülərdi».

Peyğəmbər (S,ə.v.) həmçinin deyib: «Cəhənnəmin Odunu o ağ olana kimi min il qalayıblar, sonra qırmızı olana kimi daha min il və sonra qara olana kimi daha min il yandırmışlar. O – zülmət gecə kimi qaradır» (ət-Tirmizi, İbn Macə).

Uca Allah deyib: «…Onları zillət basar. … Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar Cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!» (Yunus,27).

Həqiqətən, insan Cəhənnəm odunu təsəvvür edə bilmir, amma ona, hər şeyi udmağa hazır olan bu dünyanın oduna baxmaq kifayət edər. Buna görə də mömin əcdadlarımız, ona baxdıqda, Allahdan qorxu hissi keçiriblər. Uca Allah deyib: «Bəs (yaş ağacdan) yandırdığınız oda nə deyirsiniz? Onun ağacını yaradan sizsiniz, yoxsa Biz?! Biz onu (sizi cəhənnəm odu ilə qorxutmaqdan ötrü) ibrət dərsi və səhrada olan müsfirlərin faydalanması üçün yaratdıq Əl-Vaqiə,71-73). Allah, bu dünyanın odunu, cəhənnəm Odu haqqında xəbərdarlıq etdi, o Od ki, qaradır, istidir…

Cəhənnəmin dərinliyi

Əbu Hüreyrə danışırdı: «Bir dəfə biz, Peyğəmbərin yanında oturanda düşən daşın küyünü eşitdik. Peyğəmbər soruşdu: «Siz bilirsiniz bu nədir?». Biz cavab verdik: «Allah və Rəsulu daha yaxşı bilər?» O dedi: «Bu – Cəhənnəmdə yetmiş il əvvəl atılan daşdır və yalnız indi o, onun dibinə çatdı» (Müslim).

Allahın Rəsulu (s.ə.v.) həmçinin deyib: «Həqiqətən, insan heç özü də bilmədən dediyi bircə sözə görə yetmiş il Oda düşlə bilər» (Əhməd).

Nə qədər də ciddi xəbərdarlıqdır! Cəhənnəm nə qədər də qorxuludur! Və Allahın vədinə soyuq yanaşmaq nə qədər də yanlışdır! Allaha həqiqətən inanan özünün borcunu və vəd olunan mükafatı və cəzanı yaddan çıxara bilməz. Əl-Həccac, imam Səid ibn Cubeyrə deyəndə ki: «Mənə deyiblər ki, sən heç vaxt gülmürsən», - o belə cavab verir: «Mən necə gülə bilərəm ki, Cəhənəmin odu artıq qalanıb, zəncirləri qurulub, əsgərləri isə hazır vəziyyətdədirlər?»

Cəhənnəmin qapıları

Uca Allah deyib: «Şübhəsiz ki, Cəhənnəm onların hamısına vəd olunmuş yerdir! (Cəhənnəmin) yeddi qapısı var. Hər qapıdan müəyyən bir dəstə girər! (əl-Hicr, 43-44). İbn Ömər Peyğəmbərin belə dediyini danışırdı: «Cəhənnəmin yeddi qapısı var və onlardan biri mənim ümmətimə əl qaldıranlar üçündür» (Əhməd). İbn Cüreyx deyib ki, birinci qapı Cəhənnəm adlanır, ikinci – Ləza (od), üçüncü – Hutamə (odlanmış), dördüncü – əs Səhr (cəhənnəm), beşinci – Saqar (alov), altıncı – Cahim (cəhənnəm), yeddinci – əl Haviya (uçurum). Qapılar nə qədər aşağıdırsa onların hərarətinin dəhşəti çoxalır. Muqatil rəvayət edirdi ki, Cəhənnəmin qapıları ora keçənlərin arxasınca bağlanacaq və onlar dəmir bizlərlə oda doğru qovulacaqlar.

Cəhənnəm əhlinin yeməyi

Uca Allah deyib: «Onların yeməyi (zəhərdən də acı) zəridən başqa bir şey olmayacaqdır. (o yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar» (əl-Faşiyə,6-7). Bu zərilər nə qədər də iyrəncdir! Onların dadı zəqqumdan acı, qoxusu isə gildən gələndən də pisdir. Onları kimsə yesə, onlar nə mədəyə düşər, nə də ağıza qayıdar, iksinin arasında ilişib qalar. Bir dəfə Abdur-Rəhman bin Auf iftar etmək istəyirdi və ona şam yeməyi gətirəndə o, bunu oxudu: «Dərgahımızda qandallar və Cəhənnəm; Boğaza tıxılıb qalan yemək (zəqqum) və şüddətli əzab vardır!» (əl-Muzzəmmil, 12-13). Sonra o ağlamağa başladı və iftarını da heç açmadı.

Uca Allah deyib: (Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlər üçün bir bəla etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (Cəhənnəm odunun içindən) çıxır. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar» (əs-Saffat,62-66). Allah kafirlər üçün əzablı cəza hazırlayıb.Bu cəza onlar üçün daha da ağır olacaq, ona görə ki, onlar bunu heç ağıllarına belə gətirə bilməzdilər. Cəhənnəmdə odlu dəryadan zəqqum ağacı bitir. Tanrının bu sözlərini eşidən azğınların inamsızlığı daha da artır, ona görə ki, fani dünyada alov ağacları yandırır. Amma zəqqum ağacını yox! Buna görə də Allah onu, günahkarları yoldan çıxaran adlandırıb. Eybəcərliyinə görə Allah bu ağacın meyvələrini şeytanların başlarına bənzətmişdir və Od əhli hər dəfə onları dişləmək istəyəndə onlar qayıdıb yemək istəyənləri dişləyəcəklər.

Uca Allah, həmçinin deyib: «İrindən başqa bir yeməyi də yoxdur. Onu ancaq günahkarlar yeyər» (əl-Haqqə,36-37).

Od əhlinin içkisi

Uca Allah deyib: «… (Məgər Cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!» (Məhəmməd,15). Həqiqətdə bu sadəcə qaynar su deyil, bu yanar sudur. Bir dəfə Abdullah ibn Ömər sərin su içir və ucadan ağlamağa başlayır. Ondan soruşurlar: «Sən nəyə görə ağlayırsan?» o deyib: «Allahın Kitabındakı ayə yadıma düşdü: «Artıq onlarla istədikləri şey (iman və tövbə) arasında əngəl törədilmişdir…» (Səba,54). Axı Cəhənnəmin sakinləri sərin suyun həsrətində olacaqlar…»

Uca Allah, deyib: «Onlar orada nə bir sərinlik, nə də içməyə bir şey tapacaqlar; qaynar sudan və irindən başqa» (ən-Nəbə,24-25). Uca Allah, həmçinin deyib: «Hələ qarşıda Cəhənnəm vardır. İrinli-qanlı (sədid) sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar. Ona hər tərəfdən ölüm gələr, lakin ölməz…» (İbrahim,16-17). Peyğəmbər (s.ə.v.) sədid suyu haqqında deyib: «O, ağıza yaxınlaşdırılacaq və o (Cəhənnəmdə əzab çəkən) onu, heyvan su içdiyi kimi içəcək. Su onun sifətinə yaxınlaşanda onu yandıracaq və içənin başının dərisi qopacaq, o, suyu içəndə isə onun bağırsaqları parça-parça olub arxa dəlikdən çıxacaq» (Əhməd).

Uca Allah deyib: «Onlar imdad istədikdə onlara qətran (yaxud yaradan axan irin-qan) kimi üzlərini büryan edən bir su ilə kömək ediləcəkdir. O, nə pis içki, o (Cəhənnəm) necə də pis bir məskəndir!» (əl-Kəhf,29). Bu içki qaynar yağdır. Bir dəfə İbn Məsud gümüşü əridib: «Kim sədid görmək istəyirsə buna baxsın» - deyərək adamları məscidə göndərir. Əbu Səid əl-Xudri danışırdı ki, bu su yağın çöküntüsünə oxşayır və onu üzə yaxınlaşdırdıqda başın dərisi onun üstünə düşür.

Od əhlinin geyimi

Uca Allah deyib: «Onu inkar edənlər üçün atəşdən paltar biçilmişdir; başlarına da qaynar su töküləcəkdir» (əl-Həcc,19) O, həmçinin deyib: «O gün günahkarları qandallanmış görəcəksən! Köynəkləri qətrandan olacaq, üz gözlərini də atəş bürüyəcəkdir!» (İbrahim,49-50). Günahkarların geyimi alovdan və qətrandan ibarət olacaq və bundan pis geyim ola bilməz! Qətran nəinki əzab çəkənləri oddan qorumayacaq, əksinə onu daha da artıracaq, ona görə ki, o, alovu daha da çoxaldır və iyrənc rəngə və qoxuya malik olur.

Günahkarların döşəkləri və örtükləri də, həmçinin atəşdən olacaq və Cəhənnəm onlar üçün həbsxanaya çevriləcək. Ey Allahın qulu, kaş ki, biləydin Cəhənnəm çoxları üçün əbədi zindan olacaq!

Onların yedikləri, içdikləri, geydikləri, döşəkləri… alovdandır. Uca Alah deyib: «Əməl dəftəri sol əlinə verilən isə deyəcəkdir: «Kaş əməl dəftərim mənə verilməyəydi! Hesabımın da nə olduğunu bilməyəydim! Kaş o (ölüm) qəti (əbədi) olaydı! Mal dövlətim mənə heç bir fayda vermədi» (əl-Haqqə,25-29). Bəs onların xəzləri və ipəkləri hanı?! Onların sarayları, qulluqçuları?! Bəs o təkəbbür və özündənrazılıq?! Allahın onlara bəxş etdiyi hər şey bu dünyada qaldı və yalnız öz əməlləri onları axıra qədər müşayiət edirdi. Və onların axırı acınacaqlı oldu!

Əzab çəkənlərin nalələri

Cəhənnəm əhli dəfələrlə Allahdan bağşılanma, möhlət və ölüm istəyəcək. Uca Allah deyib: «Onlar deyəcəklər: «Ey Rəbbimiz! Sən bizi iki dəfə öldürüb iki dəfə diriltdin. Biz öz günahlarımızı etiraf etdik. İndi çıxmağa bir yol varmıdır?» (Onlara belə cavab veriləcəkdir): «Bu ona görədir ki,(dünyada) yalnız Allah çağırıldığı zaman inkar edir. Ona şərik qoşulduqda isə inanırdınız. İndi isə hökm uca, böyük olan Allahındır!» (əl-Mumin,11-12). Uca Allah, həmçinin deyib: «İnsanları onlara əzab gələcəyi günlə qorxut. O gün zalimlər: «Ey Rəbbimiz bizə bir az möhlət ver. Biz sənin dəvətini qəbul edər və peyğəmbərlərə tabe olarıq!» - deyərlər. Bəs əvvəlcə sizə heç bir zaval toxunmayacağı barədə and içməmişdiniz?!» (İbrahim,44). O, həmçinin deyib: «Onlar orada fəryad edib deyəcəklər: «Ey Rəbbimiz bizi buradan çıxart ki, saleh əməllər edək. O əməlləri yox ki, (dünyada) edirik!» (Onlara belə deyəcəyik): «əgər orada sizə öyüd-nəsihət qəbul edəcək kimsənin öyüd-nəsihət qəbul edəcəyi qədər ömür vermədikmi?! Hələ sizə qorxudan peyğəmbər də gəlmişdi. Dadın (cəhənnəm əzabını) ! Zalimlərin imdadına çatan olmaz!» (Fatir,37).

Uca Allah yalvarış nalələrinə bir neçə dəfə cavab verəcək, amma onlar yenə də imdad diləyəcəklər. Amma bu əzabların arasında günahkarları heç təsəvvürlərinə belə gətirə bilmədiyi ən böyük iflas gözləyir. Uca Allah deyib: «Onlar deyərlər: «Ey Rəbbimiz! Rəzil taleyimiz bizə qələbə çaldı və biz haqq yoldan azan bir camaat olduq! Ey Rəbbimiz bizi oradan (cəhənnəm odundan) çıxart! Əgər bir də (pis işlərə) qayıtsaq, şübhəsiz ki, zalim olarıq» (əl-Muminun,106-108). Onlara Allahla danışmaq qadağan ediləcək və bu, əzabların ən böyüyü olacaq.

Cəhənnəm əzabının növləri

Uca Allah deyib: «Cəhənnəm odu onların üzünü yandırar. Onlar orada (üst dodaqları başlarının tən ortasında, alt dodaqları isə göbəklərinə qədər uzanaraq) dişləri ağarmış vəziyyətdə durarlar» (əl-Muminun,104). Peyğəmbər (s.ə.v.) deyib: «İkiüzlünün qiyamət günü iki yanar başı olacaq» (ət-Təbərani). Əbu Davuddan gələn rəvayətdə isə «iki yanar dil» deyilir. Allahın Cəhənnəmə sürüdükləri adamların boyu 60 dirsək olacaq ki, cəzaları daha əzablı olsun. Uca Alah deyib: «Onların dəriləri yanıb bişdikcə, əzabı (həmişə) dadsınlar deyə, o dəriləri başqası ilə əvəz edəcəyik…!» (ənNisa,56).

O, həmçinin deyib: «(Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis töküləcək) və siz bir-birinizə kömək edə bilməyəcəksiniz» (ər-Rəhman,35). Alov onların ürəklərini yandıracaq, başlarına isə ərinmiş mis töküləcək…

Uca Allah deyib: «Mən onu məşəqqətli bir əzaba düçar edəcəyəm!» (əl-Muddəssir,17). Bu məşəqqət necə də əzablıdır! Mələklər günahkarı barmaqları ilə vuracaq, onu Cəhənnəmin yüksəkliklərinə qaldırıb dibinə atacaqlar və onların bədənlərində ətdən əlamət qalmayacaq… Bu cəza əbədi davam edəcək.

«Əs-Səhih» də Usamənin rəvayət etdiyi hədisdə göstərilir: «bir adamı gətirib Oda atacaqlar. Onun tabutu od tutub yanacaq. Orada o, eşşək dəyirmanın ətrafına fırlanan kimi hərlənəcək. Cəhənnəm əhli onun ətrafına toplaşıb soruşacaq: «Ey filankəs, sənə nə olub? Məgər bizi günahlardan çəkinməyə və xeyirxah olmağa çağıran sən deyildin?». O deyəcək: «Bəli. Mən xeyirxahlığa çağırırdım, amma özüm buna əməl etmirdim; günahlardan çəkindirirdim, amma özüm pis işlər görürdüm».

Bəs Cəhənnəmdə ən yüngül cəza nə olacaq? Allahın Rəsulu (s.ə.v.) deyib: «Qiyamət günü insanlar üçün ən yüngül cəza – pəncənin orta hissəsində olan iki yanar köz olacaq ki, onların istisindən adamın beyni qazan kimi qaynayacaq».

Ən ağır cəza isə, insanların Allahı görə bilməməsi olacaq. Uca Allah bu barədə deyib: «Xeyir, o gün Rəbbindən məhrüm olacaqlar! Sonra Cəhənnəmə varid olacaqlar» (əl-Mutəffifin,15-16). Kafirlər Allahın gözəl camalını görə bilməyəcəklər və O – Ona həmd olsun! – onlara baxmayacaq belə ki, Qüdrətli Allahın bircə baxışı belə böyük mərhəmətdir, amma Onun qədirbilməz bəndələri bundan məhrum olacaqlar. Əgər Allah Cəhənnəmdə əzab çəkənlərə baxmış olsaydı, onlar bağışlanılardı, amma O, vəd edib ki, bunu etməyəcək.

Ey Allahın qulu! Öz taleyin barədə artıq bu gün fikirləş. Həqiqətən, Allaha inanan hər kəs Ona üz tutmalı və xeyirxah işlər görməlidir. İmanı hələ zəif olanlar isə, Allahın bütün bəşəriyyətə göndərdiyi müqəddəs Quranı öyrənməlidir. Bu, hər bir insanın həyatı üçün vacibdir və insan öz vaxtını itirməməlidir. Buna görə İbn Xəyan deyib: «Oddan qurtulub Cənnət arzulayanın yatması məni heyrətə gətirir».

Allah bizim əməllərimizi islah etsin və bizi Cənnətə düşənlərdən etsin!

Amin!

Təsvir edilməyən xoşbəxtlik

Uca Allah deyib: «Allah da onları o günün şərindən qoruyacaq, onlara gözəllik və sevinc bəxş edəcəkdir. Və onları etdikləri səbr müqabilində Cənnətlə və (geyəcəkləri) ipəklə mükafatlandıracaqdır. Onlar orada taxtlara söykənəcək, orada nə günəş (qızmar isti), nə də sərt soyuq görəcəklər. (Cənnət ağaclarının) kölgələri üstlərinə düşəcək, meyvələri də onların ixtiyarında olacaqdır. (Cənnətdəki xidmətçilər) onların ətrafında gümüş qablar və büllur qədəhlərlə dolanacaqlar. Gümüşdən olan elə büllur ki, onları (sahiblərinə) münasib ölçüdə etmişlər. Orada onlara zəncəfil qatılmış şərab da içirdiləcəkdir. (Zəncəfil) orada bir çeşmədir ki, Səlsəbil adlanır. Onların dövrəsində həmişəcavan (xidmətçi ) oğlanlar olacaqdır. Onları gördükdə sanki (ətrafa) səpilmiş inci olduqlarını zənn edərsən. Hara baxsan nemət və böyük bir mülk görərsən. Əyinlərində taftadan və atlasdan yaşıl libaclar olcaq, onlara gümüşdən bilərziklər taxılacaqdır. Rəbbi onlara çox pak bir şərab içirdəcəkdir. (Onlara belə deyiləcəkdir:) Bu sizin mükafatınızdır. Zəhmətiniz (Allah yanında) məqbuldur!» (əl-İnsan,11-22).

Əbu Hüreyrə danışırdı ki, Peyğəmbər (s.ə.v.) belə deyib: «Böyük və Qüdrətli Allah deyib: «Mən öz mömin bəndələrimə gözün görmədiyi, qulağın eşitmədiyi və ruhun hiss etmədiyini hazırlamışam». Əgər inanmırsınızsa oxuyun: «Etdikləri əməllərin mükafatı olaraq onlar üçün göz oxşayan nə cür nemətlər gizlənib saxlanıldığını heç kəs bilməz!» (əs-Səcdə,17) (Əl-Buxarı, Müslim).

Cənnətin qapıları

Səhl bin Səd, Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edir: «Cənnətin səkkiz qapısı var» (Buxari, Müslim). İbn əl-Qayyim deyib ki, Cənnətin qapıları bir-birinin üstündə yerləşirlər. Əbu Hüreyrənin hədislərinin birində deyilir: «Kim bir ailəyə Allah yolunda nə isə qurban edərsə, onu Cənnət qapılarından çağıracaqlar: «Ey Allahın qulu, səadət burdadır!». Daha çox dua edən dua (namaz) qapısından; müqəddəs mübarizə aparanlar cihad qapısından çağırılacaqlar». Allahın Rəsulu (s.ə.v.) deyib: «Cənnətin ər-Rəyyan adlanan qapısı var. Qiyamət günü deyəcəklər: «Hanı oruc tutanlar?» Və bu qapı ondan axırıncı oruc saxlayan keçəndən sonra bağlanacaq» (əl-Buxari, Müslim). Elə möminlər olacaq ki, Axirət günü Uca Allah onları bütün qapılardan çağıracaq və onlardan biri İslamın ilk xəlifəsi Əbu Bəkr Siddiq olacaq.

Cənnətin işığı və ağlığı

İbn Abbasdan soruşurlar: «Cənnətin torpağı necədir?». O deyib: «O, gümüşdən hazırlanmış ağ mərmərə bənzəyir. O, sanki güzgüdür». Ondan soruşurlar: «Bəs onun işığı nə cürdür?». O deyib: «Məgər sən sübh saatını görməmisən? Onun işığı belədir, amma orada nə bu qızmar günəş, nə də elə şaxta var». İbn Abbas deyib: «Ağ rəngə üstünlük verin, çünki Allah Cənnəti ağ yaradıb» (Əbu Nəim).

Cənnətin evləri

Əbu Hüreyrə rəvayət edir ki, bir dəfə bir dəstə əshabələr peyğəmbərdən belə xahiş edirlər: «Bizə Cənnətdən danış – orada nə cür evlər var?». O dedi: «Kərpiclərin biri qızıldan, o biri gümüşdəndir, gil isə – müşkdür. Çınqıl – mirvari və yaqut, toz – zəfərandır. Ora düşən səadətə çatacaq və ümidsiz olmayacaq, o əbədidir və ölməyəcək. Orada paltar köhnəlmir, gənclər isə ölmür» (Əhməd).

Uca Allah deyib: «lakin Rəbbindən qorxanları (Cənnətdə) bir-birinin üstündə tikilmiş otaqlar (behiştin yüksək məqamları) gözləyir. Onların altından çaylar axar…» (əz-Zümər,20). Əbu Səid əl-Xudri rəvayət edir ki, Allahın Rəsulu (s.ə.v.) deyib: «Həqiqətən, Cənnətin sakinləri öz üstlərində olan otaqların sakinlərini üfüqdə itən parlaq ulduz tək görəcəklər». Ona deyirlər: «Ey Allahın Rəsulu! Yəqin ki, peyğəmbərlərin mərtəbələrinə onlardan başqa heç kəs ucala bilməyəcək». O isə belə cavab verir: «Xeyr, xeyr! Ruhum əlində Olana and içirəm ki, bu – (məskən) Allaha və Onun elçilərinə inanan insanlar üçündür» (əl-Buxari, Müslim).

Aişə Cəbrailin Peyğəmbərə (s.ə.v.) belə dediyini rəvayət edir: «Xədicəyə onun Rəbbindən salam de». Mələk, həmçinin ona zövcəsini Cənnətdəki mirvaridən olan ev xəbəri ilə sevindirməyi tapşırdı (əl-buxari,Müslim).

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) belə deyib: «məni Cənnətə saldılar və mən qızıldan bir saray gördüm. Mən soruşdum: «Bu kimin sarayıdır?». Mənə dedilər: «Bir Qureyş gəncinindir». Fikirləşdim ki, bu mənəm və soruşdum: «O kimdir?». Dedilər: «Ömər ibn Xəttabın» (əl-Buxari, Müslim).

Cənnət bağları

Uca Allah deyib: (Ya Peyğəmbər!) İman gətirən və yaxşı işlər görən şəxslərə müjdə ver; onlar üçün (ağacları) altından çaylar axan cənnətlər (bağlar) vardır…» (əl-Bəqərə,25). Əbu Hüreyrə Peyğəmbərin (s.ə.v.) belə dediyini danışırdı: «Həqiqətən, Cənnətdə elə ağac var ki, süvari onun kölgəsində 100 il şapsa da o qurtarmaz…» (əl-Buxari, Müslim).

Cənnətin bağları haqqında Uca Allah deyib: «Müttəqilərə vəd olunmuş Cənnətin vəsfi belədir: orada dadı dəyişməyən (qoxumayan) sudan irmaqlar, təmi çönməyən süddən çaylar, içənlərə ləzzət verən şərabdan nəhrlər və təmiz baldan irmaqlar vardır. Orada onları hər cür meyvə və Rəbbi tərəfindən bağışlanma gözləyir» (Məhəmməd,15). İbn Qəyyum deyib: «Allah dörd cür çayın adını çəkir və onların hər birinin bu dünyada olan çatışmamazlıqlarını yox edir. Suyun çatışmamazlığı budur ki, o bir yerdə çox qalanda korlanır və çirklənir. Süd turşuyur və dadını itirir. Şərabın isə çatışmamazlığı onun acılığındadır və bu onu içənlərə ləzzət almağa mane olur. Balın çatışmamazlığı isə onun təmiz olmamasındadır».

Müqəddəs Məhəmməd Peyğəmbərə (s.ə.v.) Uca Allah Cənnətdə əl-Kövsər çayı bəxş edib ki, onun suyu baldan şirin, süddən ağdır. Ondan içən bir daha susamaz.

Cənnət çaylarının dibi müşklə örtülüdür, sahillərində isə çadırlar var. Bu çaylar öz başlanğıclarını Firdovs cənnətindən götürüb sarayların və evlərin altından keçir. Peyğəmbər deyib: «Həqiqətən, Böyük və Qüdrətli Allah özünü Onun yolunda fəda edənlər üçün Cənnətdə 100 mərtəbə hazırlayıb. Hər bir mərtəbənin arası, sanki göylə yerin arası kimidir. Siz hər dəfə Allaha yalvaranda Ondan Firdovs diləyirsiniz, ona görə ki, o, Cənnətin mərkəzi və Rəhmli Olanın Taxtı yerləşən – ən yüksək səviyyədədir. Cənnətin çayları buradan başlayır» (əl-Buxari).

Mərhəmətli Allah Özündən qorxan qulları üçün Firdovs, Məva, Ədn, Naim, Huld, Aliya bağlarını hazırlayıb. Onlar bir-birindən öz gözəllikləri, çeşmələri və ağacları ilə fərqlənirlər. Ər-Rəhman surəsində Uca Allah Cənnətin ən gözəl bağları haqqında belə deyib: «Orada iki axar bulaq vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Orada hər meyvədən iki növ vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (möminlər) orada astarları qalın ipəkdən olan döşəklərə söykənmiş olacaqlar. O iki cənnətin meyvələrini dərmək də asan olacaqdır» (ər-Rəhman,50-54).

Ey Allahın qulu! Təsəvvür et ki, əgər möminlərin döşəklərinin astarı qiymətli parçadandırsa onların üzü nədən tikilmişdir. Gözəlliyi nisbətən az olan bağlar barədə Uca Allah deyib: «Orada fəvvarə verib qaynayan iki bulaq vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Orada növbənöv meyvələr, xurma və nar vardır» (ər-Rəhman,66-68). Ən mömin qulları üçün Uca Allah axar çaylar olan bağlar hazırlayıb, Rəbbinin qarşısında mükafatı daha kiçik olan bəndələr isə suyun axmadığı, çeşmələri olan bağlar qazanacaqlar. Bağların birində hər bitki iki növdə, digərində isə bir növdə bar verəcək.Uca Allah Cənnət meyvələri haqqında deyib: «(Onlar) tikansız sidr ağacları, salxım-salxım sallanmış möüz (banan) ağacları altında; çəkilməyən ( daimi) kölgəliklərdə; axar su kənarında; bol meyvələr – tükənməz və qadağan edilməyən (meyvələr) içində; Və hündür döşəklər üstündə olacaqlar!» (əl-Vaqiə,28-34). O, həmçinin deyib: «Onlar orada (cənnət meyvələrinin tükənməzliyinə) arxayın olaraq hər meyvədən istəyəcəklər» (əd-Duxan,55).

Cənnətin yeməyi və içkisi

Uca Allah deyib: «Həqiqətən, müttəqilər (Allahdan qorxanlar) kölgəliklərdə və çeşmələr başıında, istədikləri meyvələr içində olacaqlar! (Onlara belə deyiləcək: ) «Etdiyiniz (yaxşı) əməllərə görə nuş-canlıqla yeyin-için!» (əl-Mursəlat, 41-43). O, həmçinin deyib: «Onları istədikləri meyvə və ətlə təmin edəcəyik. Onlar orada bir-birinə (şərab dolu) qədəh ötürəcəklər. Onda (cənnət şərabının xisnətində dünyadakından fərqli olaraq) nə lağlağılıq, nə də günah təhrik vardır» (ət-Tur, 22-23). Uca Allah həm də belə deyib: «Onlara (gözəl ətirli, təmiz) möhürlü (qablarda olan) şərab (rəhuz) içirdiləcəkdir. Onun möhürü müşkdür. Qoy yarışanlar onun üçün yarışsınlar!» (əl-Mutaffifin,25-26). Allah Öz mömin qullarına ən gözəl yeməklər və içkilər hazırlayıb. Müşklə möhürlənmiş içkilər dünyanın yaradılışından durur və öz saatını gözləyir.Onlar lağlağılıq etdirməz, günaha təhrik etdirməz və başı dumanlandırmaz. Cənnətin nemətləri insanın Allah naminə bu dünyada imtina etdiklərinin əvəzini tamamilə ödəyir.

Cabir Peyğəmbərin (s.ə.v.) belə dediyini rəvayət edirdi: «Cənnətin sakinləri yeyib-içər, amma heç nə ifraz etməzlər. Onların yedikləri gəyirməklə bədənlərindən xaric olar, ondan da mışk qoxusu gələr. Onların nəfəsi – sizin nəfəs aldığınız kimi, Allaha tərif və alqışdır» (Müslim).

Cənnət əhlinin libası

Allahın Rəsulu (s.ə.v.) deyib: «Möminun libası onun dəstəmaz alarkən yuduğu yerlərə qədər çatacaq» (əl-Buxari, Müslim). Uca Allah deyib: «Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər» (əd-Duxan,53). Atlaz-zərif ipəkdir, tafta isə nisbətən qalındır. İpəyin ən bahalı rəngi yaşıldır, buna görə Uca Allah deyib: «Əyinlərində taftadan və atlazdan (nazik və qalın ipəkdən) yaşıl libaslar olacaq, onlara gümüşdən bilərziklər taxılacaqdır…» (əl-İnsan,21). Bu libas həm göz üçün, həm də bədən üçün xoşagəlimlidir.

İmam əl-Buxari və Müslimin verdikləri hədisdə deyilir ki, bir dəfə Peyğəmbərə ipək paltar bağışlamışdılar və insanlar onun gözəlliyinə valeh olmuşdular. Rəsulullah (s.ə.v.) isə dedi: «Cənnətdə Səd bin Muazın əmmaməsi bundan daha gözəl olacaq».

Cənnət qadınları – Hurilər

Uca Allah deyib: «Onlardan ötrü orada (hər cəhətdən) pak (olan) zövcələr də var…» (əl-Bəqərə,25). Hurilər – ağ dərili və qara gözlü gözəllərdir. Onların nə bədənlərində, nə də ruhlarında bir nöqsan olar. İnsanlar öz gözəl döşəklərində uzanaraq Cənnət meyvələrindən və huriləri ilə ünsiyyətdən həzz alacaqlar.

Uca Allah deyib: «Orada gözlərini (yalnız ərlərinə) dikmiş, bundan əvvəl özlərinə heç bir ins-cins (insan və cin) toxunmamış qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Onlar (o qadınlar rəng və gözəllikcə) sanki yaqut və mərcandırlar» (ər-Rəhman,56-58). Uca Allah, həmçinin deyib: «Orada xoş xasiyyətli, gözəl üzlü qadınlar vardır. Belə olduqda Rəbbinizin hansı nemətlərini yalan saya bilərsiniz?! Çadırlarda gözlərini (yalnız öz ərlərinə) dikmiş hurilər vardır» (ər-Rəhman,70-72). O həm də deyib: «Şübhəsiz ki, Biz onları (huriləri) başqa cür (yeni bir yaradılışla, doğulmadan) yaradacağıq! Onları bakirə qızlar, ərlərini sevən, həmyaşıdlar edəcəyik» (əl-Vaqiə, 35-37).

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) deyib: «… Əgər cənnət qadınlarından biri bu dünyaya gəlsəydi, onun nuru bütün aləmə yayılar və hər şeydən onun xoş ətri gələrdi» (əl-Buxari, Müslim).

Cənnət bazarı

Ənəs rəvayət edir ki, Peyğəmbər (s.ə.v.) belə deyib: «Həqiqətən, Cənnətdə insanların hər cümə getdiyi bazar var. Orada insanların sifətlərinə və libaslarına vuraraq onları daha da gözəlləşdirən şimal küləyi əsir. Onların qohumları (evdə qalanlar) onlara deyirlər: «Allaha and olsun ki, biz sizinlə vidalaşdıqdan sonra siz daha da gözəlləşmisiniz!». Onlar isə belə deyəcəklər: «Biz də Allaha and olsun ki, sizdən ayrılandan sonra siz daha da gözəl olmusunuz!» (Müslim).

Allahın görünməsi

Uca Allah deyib: «O gün neçə-neçə üzlər sevinib baxacaqdır!» (əl-Qiyamə,22-23). O, həmçinin deyib: «Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı mövcüddür!» (Qaf,35). Əli bin Əbu Talib Və Ənəs bin Malik deyiblər ki, «artıq» - Qüdrəti və Uca Allahın cəmalını görmək olacaq.

Əbu Hüreyrə demişdir ki, Peyğəmbərdən soruşurlar: «Ey Allahın Rəsulu! Qiyamət günü biz öz Rəbbimizi görə biləcəyikmi?». Rəsulullah (s.ə.v.) deyir: «Sizə on dörd günlük Ayı görməyə nəsə mane olurmu? Adamlar dedilər: «Yox, ey Allah Rəsulu! O dedi: «Sizə Günəşin qarşısını heç nə kəsmirsə onu görməyə nəsə mane olurmu?». Onlar dedilər: «Yox!». Bu zaman o dedi: «Siz Onu da məhz bu cür görəcəksiniz» (əl-Buxari, Müslim).

İnsana ən böyük xoşbəxtlik onun öz Rəbbini - Mərhəmətli, Rəhmli… Yaradanını görəndə üz verəcək. Buna görə də Cənnətdə ən yaxşı gün – cümədir, ona görə ki, bu «artıq» gündür. Amma Allahın qulları arasında Ondan daha böyük mükafat alanlar da olacaq. Abdullah ibn Ömər deyib: «Sizlərdən ən yaxşıları səhər və axşam öz Tanrısını görənlər olacaq». Əbu Zeyd əl- Buxari deyib: «Allahın elə qulları var ki, əgər onları Allahdan bircə saatlığa ayırsan, onlar Tanrıdan Cənnətə görə imdad diləyəcəklər, necə ki, Cəhənnəm əhli Yaradana oddan xilas olmaq üçün yalvarır».

Cəhənnəmi tərk edib Cənnətə girən axırıncı insan barədə

İbn Məsud rəvayət edib ki, Peyğəmbər (s.ə.v.) belə deyib: «Mən Cəhənnəmi tərk edib Cənnətə girən axırıncı adamı tanıyıram. Bu adan oddan sürünə-sürünə çıxacaq və Allah ona deyəcək: «Get Cənnətə gir». O, Cənnətə yaxınlaşanda ona elə gələcək ki, ora artıq doludur». Onda o qayıdıb deyəcək: «Ey Rəbbim! Axı ora artıq doludur». Allah ona deyəcək: «Get Cənnətə gir». İnsan ora yaxınlaşanda ona yenə elə gələcək ki, ora doludur. Yenidən qayıdıb deyəcək: «Ey Rəbbim! Mən gördüm ki, ora doludur». O yenə deyəcək: Get Cənnətə gir, orada sənin üçün on dünya aləmi hazırlanıb». O zaman insan deyəcək: «Ola bilməz ki, Sən məni ələ salıb güləsən! Axı sən Hökmdarsan!». İbn Məsud dedi: «Mən Rəsulullahın güldüyünü gördüm, o elə güldü ki, onun böyük əng dişləri göründü. Sonra o dedi: «Bu adam Cənnətin ən aşağı mərtəbəsində yer tutacaq» (əl-Buxari, Müslim).

İmam Əhməd, Peyğəmbərdən bu hədisi rəvayət edib: «Mənim ümmətimdən olan insanlar öz günahlarına görə Oda girəcəklər və orada Allahın lazım bildiyi qədər qalacaqlar. Sonra çoxallahlılar onlara rişxənd edib deyəcəklər: «Biz sizin, Peyğəmbərlərə sadiqliyinizin və inamınızın sizə bir xeyir gətirdiyini görmürük». O zaman Uca Allah Özünə şərik qoşmayan bütün adamları oradan çıxaracaq». Sonra Rəsulullah bunu oxudu: «Kafirlər, yəqin ki, müsəlman olmalarını istərdilər!» (əl-Hicr,2).

Allah Özü bizi şərik qoşmaqdan qorusun və bizi Cənnətə düşənlərdən etsin!

Amin!
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:31
GÜNƏŞ08:00
ZÖHR [ 4 rükət ]13:25
ƏSR [ 4 rükət ]16:22
MƏĞRİB [ 3 rükət ]18:49
İŞA [ 4 rükət ]20:14
GECƏYARI00:40
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka