Allaha tərəf çağıran, yaxşı iş görən və:
“Həqiqətən, mən müsəlmanlardanam!”
– deyən kəsdən daha gözəl söz deyən kim ola bilər?

Fussilət, 33

Şübhəsiz ki, bu açıq bir imtahandır və ona böyük bir qurbanı fidyə verdik.

(Saffat, 106-107)


Səhabələrdən bəziləri dedilər ki: "Ya Rəsulullah bu kəsilən qurbanlar nədir?" Rəsul cavab verdi ki: "Bu, atanız İbrahimin sünnətidir"

(Əl Hakim)


Qurban, insanlığa varlıq iyerarxiyasını anladan bir simvoldur

(Hikmətli sözlər)

KAFİRUN SURƏSİ

[ Təfsir / 11273 dəfə baxılıb ]   
|
 
Kafirun surəsinin Quranda özünəməxsus yeri və bəlağəti var. Bu surə kafirlərə meydan oxumaqla yanaşı, eyni zamanda möminlərin onlarla heç bir ortaq nöqtələrinin olmadığını da dilə gətirir. Allahla yanaşı başqa varlıqlara da ibadət etmək ibadət deyil, sirkdir ki, Qurani Kərim sirki ən böyük günahlardan biri hesab edir. Allaha da qulluq edim, öz arzu və həvəsim olan bütlərə də qulluq edim dediyiniz zaman Allahı itirmiş olursunuz. Çünki ibadətdə ortaqlıq olmaz, ola bilməz.
Rəsulullahla müqavilə bağlamağa gələn, onunla bazarlıq etmək istəyən, “bir il sən bizim ilahlara qulluq et, bir ömür biz sənin ilahına qulluq edərik” təklifindən ən son “bir gün sən bizim ilahlara qulluq et, bir ömür biz sənin ilahına” təklifinə enənə qədər bazarlıq edən, öz ibadətlərində belə ciddi olmayanlara Rəsulun: "Ayı sol əlimə, Günəşi sağ əlimə versəniz də mən davamdan vaz keçmərəm" cavabı hər bir möminin şüarı olmalıdır. Çünki “imanda bazarlıq olmaz, bazarlıq olan yerdə isə iman olmaz.”

6 ayədən ibarət olan Kafirun surəsi rəsmi sıralamada, yəni Musaf sıralamasında 109-cu surə olsa da nüzul sırasına görə 18-ci surədir. İxlas, Kövsər surələri ilə mövzu baxımından oxşardırlar.
İxlas surəsi “illallah”dan danışırsa, Kafirun surəsi də “lə ilah”dan danışır. Yəni yoxdur ilah (Kafirun) var yalnız Allah (İxlas)...
Kafirun və Kövsər surələrində Rəsulullah təriflənməkdə, ona həqarət edənlər isə tənqid edilməkdədirlər. Bundan başqa Kövsər surəsində Rəsulullahdan Allah üçün qulluq etməsi, yəni qulluğu Allaha xas qılması istənildiyi halda, Kafirun surəsində Allahdan başqasına ibadət qadağan olunur.

Surədə bütün zamanın kafirlərinə cahanşümül bir mesaj verilir. Rəsulullahın heç bir zaman bütlərə (arzu və həvəsinə) tapmadığı xüsusi vurğulanaraq, heç bir zaman da belə bir şey etməyəcəyi, yəni gələcəkdə də bunu etməyəcəyi dilə gətirilir.

Məal və Təfsiri
Rəhman və Rəhim Allahın adı ilə
1. De ki: Siz ey kafirlər!
2. Mən sizin qul olduğunuz şeylərə əsla qul olmayacağam.
3. Siz də mənim qul olduğuma qulluq edəcək deyilsiniz.
4. Mən əsla keçmişdə qulluq etmədim sizin qul olduqlarınıza.
5. Siz də mənim qul olduğuma qulluq etməzsiniz.
6. Sizin dininiz sizə, mənim dinim mənə.


Surə bir meydan oxuma ilə başlayır: "De ki".
Nüzul sırasında “De ki:” əmri ilə başlayan ilk surə Kafirun surəsidir. “De ki” demək bu söylədiyin sənin sözün deyil deməkdir.
Allah quluna əmr verir: onlara Mənim sözümü çatdır. Onlara de ki, əmri Mən vermişəm, niyə səninlə bazarlıq edirlər? Sözün sahibi sən deyilsən, Mənəm. Sən sadəcə risalət vəzifəni yerinə yetirirsən. “De ki” əmri ilə həm də Rəsulun bu vəhyə heç bir müdaxiləsi olmadığı da xüsusi vurğulanır.

Siz ey kafirlər! – Bütün dünyanın, bütün zamanın kafirlərini ehtiva edən bir səsləniş. Ayə bir insana, bəlli bir adı daşıyan insana xitab etmir. Ayə bir keyfiyyəti daşıyan bütün insanlara xitab edir. Nankorluğu həyat tərzi halına gətirən bütün insanları ehtiva edir.
İnkar nankorluğun zirvəsidir...
Allah hər bir insan tipini öz keyfiyyətləri ilə bizə tanıdır. Biz Quranı oxuyaraq bu tiplərlə tanış oluruq: “kimdir cahil, kimdir müşrik, kimdir fasiq, kimdir kafir...” bütün kimlikləri Qurandan öyrənincə kafirə münafiq, münafiqə müşrik deməkdən çəkinirsən.
Kafir olmaq haqdan xəbərdar olmaq deməkdir. Birinə haqqı təbliğ etmədən, onunun inkarı ilə qarşılaşmadan ona kafir deyə bilməzsiniz. Birinin kafir olması üçün dəvətdən xəbərdar olması və ona olunan haqq dəvəti inkar etməsi lazımdır. Yəni kafir olmaq haqqın üstünü küfrlə örtməkdir. Deməli Kafirun surəsinin muxatabları olan kafirlər haqqı çox yaxşı bilirdilər. Bilir və inkar edirdilər ki, Allah onlara “Kafir” damğasını vurdu.

Mən sizin qul olduğunuz şeylərə əsla qul olmayacağam,
Siz də mənim qul olduğuma qulluq edəcək deyilsiniz.

2 və 5-ci ayələdə sanki təkrarlanan fikirlə qarşı qarşıyayıq. Əslində isə təkrar yoxdur. Biri fel, digəri isim cümləsidir. Biri keşmişə, digəri indiki zamana və gələcəyə aiddir.

Bu ayələrlə həm Rəsulun, həm də inkar edən kafirlərin davranışı gözlər önündədir. Mən sizin qul olduqlarınıza əsla qul olmayacağam... Siz də “qulluq” etməyəcəksiniz mənim Rəbbimə. Məhəmmədə (s.a.s.) peyğəmbərlik verilmədən öncə də onun müşriklərdən olmadığını bilirik. Peyğəmbərlikdən sonra da heç bir zaman arzu və həvəsinə qul olmadı.
2 və 3-cü ayələrdə Peyğəmbərin peyğəmbər olduğu ilk dönəm və gələcəkdə bütlərə qul olmayacağı dilə gətirilir. 4 və 5-ci ayələrdə isə onun peyğəmbər olmadan öncəki həyatı və peyğəmbərlikdən öncə də heç bir zaman müşrik olmadığı vurğulanır.

Rəsullar yaşadıqları toplumun, yaşadıqları zamanın insanlarının içindən seçilərək peyğəmbərliklə görəvləndirilirlər. Onlar o toplumun ən seçkin, ən üstün insanları olmasalar qövmləri onlara iman etməz, keçmişdə yaşadıqlarını hər zaman xatırladardılar. Allah isə toplumun ən seçkin və ən təmiz (iman və əxlaq baxımından) insanını seçir və ona müqəddəs bir vəzifə verir.

Surənin son ayəsi: Hər kəs əməlinin girovundadır mesajını verir.
“Sizin dininiz sizə, mənim dinim mənə”
1. Din, dünyada yaşanan dəyərlər sistemidir. Hər kəs öz dəyərlərini doğru saya bilər. Bu bəlkə normal qarşılanmalıdır. Lakin dəyərini Allahın verdiyi bir həyat tərzi gerçək “DİN” ola bilər. Allahın bizdən hesab soracağı din də məhz budur.
2. Din bir həyat tərzidirsə hər kəs bir gün bu həyatın hesabını verəcək. Nə Rəsul, nə də digərləri başqasının əməllərindən hesaba çəkilməyəcəklər.

Sizin dininiz sizə deyərkən Allah hər kəsə azad seçim verdiyini bəyan edir. Hər kəs dünyada özünəməxsus bir həyat tərzini seçməkdə haqlıdır və təbii ki, nəticəsinə də qatlaşmalıdır. Fironun həyat tərzini seçən Musanın getdiyi yerə (Cənnətə) gedə bilməyəcək. Bu dünyada hər kəs seçim azadlığına sahib olsa da axirətdə belə bir seçimi artıq yoxur. İnsan bu dünyada axirətdəki yerini seçdiyi üçün nəticəsinə tabe olmağa məcburdur.

Çünki: “Biz insana doğru yolu göstərdik. İstər şakir (mömin) olar, istərsə də kafir (nankor)” ( İnsan, 3)
“De ki, haqq Rəbbinizdən (gələn)dir. Diləyən iman etsin, diləyən də inkar.” (Kəhf, 29)
Bu ayələr və bənzər ayələrdən də öyrənirik ki, Allah insana iradəsi ilə seçim haqqı vermişdir. Çünki inam, yalnız iradə azadlığı ilə məna qazanır.

Ayə “ey kafirlər!” deyə başlayır və hər kəsə özəl bir mesajla bitir: hər kəsin dini özünə aiddir. Küfrdə israr edənlər də, iman edənlər də hesab məhkəməsinə çıxarılacaq və seçdikləri dinə görə ya mühakimə olunacaqlar, ya da ki, mükafatlandırılacaqlar.

Rəbbimizin rizasını qazanan, tərifini Onun verdiyi DİNi yaşayanlardan olmaq arzusu ilə...



Azerislam.com




Hazırladı: Həvva Səlim / azerislam.com
|
  
 
 

 ayə(lər)

 nə axtarırsınız?

 
FƏCR [ 2 rükət ]06:16
GÜNƏŞ07:53
ZÖHR [ 4 rükət ]12:34
ƏSR [ 4 rükət ]14:57
MƏĞRİB [ 3 rükət ]17:15
İŞA [ 4 rükət ]18:47
GECƏYARI23:45
Aylıq təqvim

«Çünki namaz möminlərə müəyyən vaxtlarda fərz edilmişdir»
[ ən-Nisa, 103 ]
VideoTube
Audioteka